İri planda: Qulu Məhərrəmli
"Zərdabi" nəşrlər evi Vaqif Bəhmənlinin
istedadlı telejurnalist, publisist, dilçi, professor, pedaqoq Qulu
Məhərrəmlinin elmi-publisistik
yaradıcılığına və vətəndaşlıq
missiyasına həsr olunmuş "İri planda: Qulu Məhərrəmli"
kitabını nəşrə hazırlayıb. Yaxın günlərdə
işıq üzü görəcək kitabdan bəzi
parçaları oxucularımızın diqqətinə
çatdırırıq.
...İndi budur, yayın qızmarında tələbə
yoldaşım, dostum, qardaşım Qulu Məhərrəmliyə,
indikilərin diliylə desək, telefon açıram. Məlum
olur ki, o, Bakıdan uzaqdadır. Rusiyanın Stavropol vilayətinin
mineral sular bölgəsində, Jeleznovodsk şəhərinin
adını öyrənməyə həvəs göstərmədiyim
hansısa sanatoriyasında müalicə alır (qüvvə
toplayır). Mən isə Qulu Məhərrəmli haqqında
qələmə alacacağım yazıya az-çox,
yaxından-uzaqdan dəxli olan, üst-üstə qalaqlanan,
yalan olmasın, əlli kitabın sonuncusu çənəmə
çatanacan qucağıma alıb bağımızın
harasına kölgə düşürsə, ora və ordan
kölgənin dəyisdiyi digər nöqtələrə
daşıyıram. Təsəvvür etmək olar ki,
Əncirli küçəsindəki 687A saylı bağın hər
qarışı yazı masasıdır.
Bu yazını ona
görə qələmə almıram ki, Qulu Məhərrəmli
ilə 51 ildir ki, eyni yolu gedirik. Hər ikimiz Qarabağ kökənli,
Araz qıraqlıyıq. Hər ikimiz 7 ay fərqlə (Qulunun
böyüklüyü xeyrinə) bu dünyaya göz
açmışıq, hər ikimiz eyni ildə Azərbaycan
Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul
olunub, eyni ildə, eyni radio-televiziya jurnalisti sektorunu başa
vurub, eyni ixtisas qrifli diplom almışıq.
Bu yazının cəfasına
ona görə qatlasmıram ki, Qulunun 50, 60 yaşa yetdiyi illərdə
onun ictimai varlığının xalqımıza ən
azı xatırladılması üçün qəlbimin dərinliklərindən
gələn, onun qaynar yara-dıcılığına söykənən
yazılar yazıb dərc etdirmişəm. Bəlkə bu,
yarana biləcək bosluğa fürsət verməmək istəyidir?
Əslində məndən
7 ay öncə 70 yaşına yetişən Qulu Məhərrəmlinin
yaradıcılığına üz tutmağımın əsas
səbəbi onun cəmiyyətdə örnək şəxsiyyət
kimi qəbul edilməsi, ictimai ölçülərlə
yaşaması, aydın məslək sahibi olması, ən
çətin anlarda belə öz həyat prinsiplərinə
sadiq qalması, çoxlarına nümunə olacaq ləyaqətli
bir ömür sürməsidir. O, son 40 ildə çox az
sayda azərbaycanlı jurnalistin, mətbuat xadiminin qazana biləcəyi
uğurlara nail olmuşdur.
Əmin ola bilərsiniz,
bu yazı onun şəxsiyyətinə,
yaradacılığına istinadən formalassa da, baş qəhrəman,
bədii-publisistik məna Qulu Məhərrəmlinin
timsalında Azərbaycan mətbuatının nail olduğu
praktik və nəzəri səviyyədir. Və məncə,
belə bir ciddi mövzunu ictimaiyyətə yetirmək
üçün onun yaradıcılığına öyrənməyə,
kitablarını qucağında qalaqlayıb avqustun
qızmarında hansısa kölgə düşən bucaqda
yazı masasına sinə gərməyə dəyər.
lll
Bəri başdan dayirəm, zəngin bioqrafiyaya sahib,
peşəkar jurnalist, ustad televiziya aparıcısı,
araşdırmaçı-alim, mətbuat nəzəriyyəçisi,
pedaqoq, jurnalistikanın bütün platformalarında (radio, TV,
sənədli kino, yazılı mətbuat) eyni dərəcədə
hünər göstərən bu şəxs göydən
düşməyib və yer-dən də çıxmayıb.
Qulu Məhərrəmli kimi jurnalistlərin
qidalandığı mənbələr çox qədimlərə
gedib çıxır, onlar mətbuat tarixi prosesinin
seçilmiş davamçıları, azad, gerçək,
vaxtında deyilmiş sözün vəkilləridirlər.
Mənə qalsa, Qulu müəllimin ad
gününü Amerika ixtiraçısı Tomas Alva Edisonun,
"səsin dəqiq yazılıb və yenidən, aydın
eşidilməsini kəşf etdiyi" gündən
hesablayardım (Emosional hissləri-mi sizinlə
bölüşərkən Qulu Məhərrəmlinin
"Radio dərsləri" kitabındakı əsaslandırılmış,
yoxlanılmış elmi məlumatlardan yararlanıram). Bəlkə
onun yaşını amerikalı rəssam, mühəndis
Samuel Morzenin 1843-cü ildə morze əlifbasını tərtib
edib bəşəriyyətə yeni bir inqilab bəxş
etdiyi ildən başlayaq? Bəlkə 1834-cü ildə
elektrik sahəsini kəşf edən Maykl Faradeydən, ya bəlkə
uzaq məsafəyə hava dalğaları ilə simsiz xəbərlər
göndərmək marağını təmin etmək
üçün Boloniyadakı evinin damında inadla təcrübələr
aparıb radionun "atası" olan italiyalı Qulyelmo
Markoninin düşüncə və inadkar ilhamından? Markoni
ilə eyni ildə rus alimi Aleksandr Popov da eyni işi
görmüşdü. Qoy onun da ruhu inciməsin; Qulu Məhərrəmli
A.Popovun da lap olsun, anbaan gecikmiş ixtira günüylə
yaşıddır.
1978-ci ilin təyinat gününə qədər elə
güman edirdim ki, qəzetçilik, nəsriyyat
redaktorluğu, tərcüməçilik yaxından
tanıdığım, 1975-ci ilin yayında tələbə
ikən təcrübə
keçdiyimiz "Şuşa" qəzetində birgə
"külüng çaldığım" Qulu müəllimin
boyuna biçilib. O, mənim kuluar - pərdəarxası, əslində
açıq-aşkar gümanımı
balanslaşdırdı və heç kimə sirr deyil ki, o bu
gün siyasi, mənəvi, intellektual publisistikanın, belə
deyək, qəzet jurnalistikasının ustadlarından biri, gərəkli
konyukturadan yararlanan dilçi-filoloq, pedaqoq, bütün
bunların hamısını özündə birləşdirən
vətəndaşdır, ziyalıdır. Bu, sadəcə
olaraq sıradan yekun deyil, bu, öz işinə qırılmaz
tellərlə bağlı olan bir şəxsiyyətin məslək
və əməlini təcəssüm etdirən
qanunauyğunluqdur!
Radio və televiziyanin ecazkar dünyasına
ömürlük bağlanmazdan öncə Qulu Məhərrəmli
milli mətbuatımızın "Əkinçi",
"Ziya" ("Ziyayi-Qafqaziyyə"), "Kəskül",
"Kaspi", "Şərqi-rus", "Həyat",
"İrşad", "Fiyuzat", "Molla Nəsrəddin",
"Azərbaycan" (Gəncə, 1918 - V.B.),
"Açıq söz" adlarıyla nəşr olunan, milli
mətbuat tarixinin sələfi sayılan qəzet və
jurnalların mövzu, mücadilə, söz bulağından
su içmiş, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli
Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə,
Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə,
Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Məhəmməd
Əmin Rəsulzadə... kimi mübariz, alovlu publisistlərin,
hərəsi bir cəhətdən mətbuat banisi olan vətənsevər,
yaradıcı şəxsiyyətlərin köynəyindən
keçmişdi.
Siz onun üzündə
xoş təbəssüm, qarşısına çıxan hər
kəsə iltifat göstərib insanlar arasında sakit-sakit
dolasmağına, müxtəlif səviyyəli tədbirlərə,
xeyir-şər məclislərinə hay-küysüz
qatılmağına baxmayın. Söz var, deyir, axmaq adam həmişə
öndə dayanmağa can atır ki, onu hamı görsün,
ağıllı adam nəzər tutmayan yerdə dayanır ki,
o özü hamını görsün...
Xalqımızın keçib gəldiyi tarixi mərhələləri,
milli mətbuat, habelə milli mənəviyyat laylarını
arasdıran, "hər yerə başını soxan jurnalisti
oliqarxlar, müftəxorlar, rüşvətxorlar, diletantlar necə
sevə bilər ki" deyən və əməldə
xalqın ən ağrılı əzalarına sığal
çəkən bu şəxs birmənalı olaraq, Vətənimizin
seçilmiş, qənimət insanıdır. Onun söykəndiyi
dayaqlar sarsılmaz, qidalandığı mənbə xəlqidir,
bəşəridir, safdır.
lll
Qulu Məhərrəmli 1978-ci ildə AzTV deyilən
informasiya məkanına, yaradıcılıq laboratoriyası
və efir-ekran dəryasına baş vurdu.
Nə qədər inandırıcı olmasa da, o, qəzet
jurnalistikasını - "Azərbaycan gəncləri",
"Sovet kəndi", "Bakı",
"Şuşa", "Kənd həyatı", "Jurnalist"
qəzetlərində dərc olunan tələbə məqalələrini,
sanki bir gənclik həvəsi kimi, ehmalca büküb-bürmələyib
bir qırağa qoydu. Əslində, bu, bir az fərqli,
funksional əvəzlənmə idi. Qənaətimə görə,
kütləvi kommunikasiyalar sahəsində böyük nəzəriyyəçi
alimin - Qulu Məhərrəmlinin elmi nailiyyətlərinin əsasında
da Azərbaycan milli mətbuatının tarixi irsi, ənənəvi
jurnalistikanın qan yaddaşı dayanır!
Fakt faktlığında qalır. Q.Məhərrəmli
televiziya mütəxəssisi kimi AzTV-dəki ilk
addımlarından (1978) parlamağa başladı.
Tədris baş
redaksiyasında görkəmli pedaqoqlarla təmasların, tədris
problemlərinin ən azı o vaxtkı fürsətlər
çərçivəsində
işıqlandırmağın onun həyatında rol oynaya
biləcəyi, gələcəkdə dilçi alim və
pedaqoq olmağa yol açacağı, deyəsən, Qulu Məhərrəmlinin
ağlının ucundan da keçmirdi. O, gənclik enerjisiylə
öz işini görürdü!..
Heç demə,
"Beynəlxalq həyat" redaksiyasında
çalışan, "Qitələr, hadisələr",
"Azərbaycan dünya meridianlarında", "Yer kürəsi:
müharibə yoxsa sülh!?" proqramlarında redaktorluq,
aparıcılıq eləyəndə, reportyor kimi efirə
qatılanda, ağıllı, intellektual, milli ruhlu şərhçi
olaraq yetişmiş Qulu Məhərrəmli belə bir
perspektivin peşində deyildi. O, yenə gənclik enerjisi ilə
öz işini görürdü...
Heç demə,
reallıqda "7 gün", "Təfsilat",
"Gerçəklik" və nəhayət ki, "Səhər"
proqramlarını hazırlayanda, bu proqramların ssenari müəllifi,
aparıcısı qismində əlahəzrət
tamaşaçı qarşısına çıxanda Qulu Məhərrəmli
uğurlu televiziya təqdimatlarının nəzəriyyəsini
yaratmağa platforma hazırlayırmış. Halbuki
bunların hamısı hələ ki, sirri-xuda idi. O, öz işini
görürdü!
Budur, indi bizim gözümüzün önündə
radio və televiziyanın təcrübəsi ilə bu sahənin
elmini, nəzəriyyəsini qovuşduran telejurnalist-alimin
varlığı gülümsəyir.
Nə yazıq ki, bəzən jurnalist, televiziya personu
iş yerindən ayrılanda jurnalistikadan ayrılır. Qulu Məhərrəmlinin
timsalında Ana televiziyadan qopmaq yeni bir mərhələnin
başlanğıcı kimi görünür. İndi o digər
kanallarda verilişlər aparır (məsələn, Xəzər
TV-də "Dost məclisi" və "Gün-dəm",
GünAz TV-də "Mətbuat aynasında" verilişləri),
məqalələr yazır, publisistik kitablar çap etdirir və
əsasən monoqrafiyalar həcmində jurnalistika elminin (!) nəzəri
əsaslarını araşdırır, üstəlik, öz
biliklərini bəlli bir formaya salaraq yeni jurnalist nəslinə
ötürür. Halbuki bütün bunlar barədə, o,
heç düşünmür, öz işini
görürdü.
Qulu Məhərrəmlini deyilən istiqamətlərə
yönəldən içdən gələn
çağırışlardır. Professional jurnalistikaya,
bundan daha ötə, ömür və tale həqiqətinə
sadiqlik müqabilində onun bir qəpik də olsun təmənnası
yoxdur. O, öz işini görür. Məni bu kitabı
yazmağa sövq edən də elə bu sonuncu məqamdır:
təmənnasızlıq!
"Yeddi gün", "Təfsilat",
"Gerçəklik", "Səhər" - bu
verilişlər Qulu Məhərrəmlinin ekran möhürləridir.
Desəm ki, sözügedən televersiyaların
hamısına bircə-bircə baxmışam, yalan olar. Qəzet,
jurnal maddidir, fizikidir. Radio, televiziya isə havadır, efirdir
(Yutub platforması hələ indi-indi populyarlaşır). Qəzeti,
jurnalı ələ alıb təkrar-təkrar nəzərdən
keçirmək olur, televiziya, radio verilişlərinə
qoşulmaq az qala alın yazısına bənzəyir. Gərək
fürsət məqamında radionun, yaxud te-leviziyanın
pultunu sıxasan ki, virtual informasiya məmləkətinə səyahət
edə biləsən. Qulu Məhərrəmlinin izləmək
şansıma düşən verilişlərinə istinadən
deyə bilərəm ki, onun teletərzi sonradan meydana
çıxan bir çox efir versiyaları üçün əsas,
bünövrə olmuşdur, bu gün də əsas
olmaqdadır.
Telejurnalist Qulu Məhərrəmlinin
yaradıcılığının əsasında dayanan, təbii
ki, ilk sırada ictimaiyyət üçün, daha dəqiq desəm,
tamaşaçı üçün müstəsna əhəmiyyət
daşıyan amil faktdır, olaydır, problemdir.
Həyat təfsilatlar dəryasıdır, fəqət
orada elə müstəsna damlalar var ki, onu dənələyib
tamaşaçıya çatdıranda cəmiyyət gərəkli
informasiya ilə qidalanır, toplumun rəvan davranışlarına
əlavə enerji yüklənir. Bu mənada Qulu Məhərrəmli
faktı məqamında seçən, dəyərləndirən,
öz maraqlı təfəkkür süzgəcindən
keçirib izah edən ustad teleaparıcıdı. Bu prosesdə
həm də çox cazibədardır: səsinin tonu,
intonasiyası, məntiqi, mənanı çatdırma məharəti
ilə
Bu hələ azdır, o, faktı dilə gətirərkən,
qətiyyən pafosa, patetikaya varmadan tamaşaçını
həyəcanlandırmağa, düşünməyə
sövq edən sehrkardır, desəm, məni düz başa
düşün.
Sehrkarlıq, sözün bu məqamında
tamaşaçını veriliş boyunca ekran
qarşısında saxlamaq məharəti elə-belə
başa gəlmir. Burada bir çox şərtlər var. Bir,
verilişin (günün) mövzu seçimi, iki, telejurnalist tərəfindən
ideyanın dərindən dərk olunması; üç,
problemin həyatla əlaqələndirilməsi; dörd,
tamaşaçıya inanan və onun inandığı
doğma sima; beş, səmimiyyət; altı, ədəbi dil
qaydalarına əməl edərək
tamaşaçının öz dilində danışmaq;
yeddi, tamaşaçını səmimiyyətin həqiqiliyinə
inandıran doğma sərbəstlik...
Görün, telepəncərədən bizləri kimlər
salamlayıb? Təkcənə adlar çəkilsə,
kitabımızın (Qulu Məhərrəmlinin
kitabının) çox sayda səhifəsini tutar və rəhmətlik
Seyfulla müəllim demişkən, siyahı yenə də
tam olmaz! Qulu Məhərrəmlinin bütün
telegörüntülərinin, bayaq dediyim kimi, daim bizim nəzərlərimiz
altında olduğunu iddia edə bilmərik. İndi bir qədər
tarix, ötən günlər kontekstində
danışırıq, vizuallıqda buz dolabı kara gəlmir,
yaddaşa çökən məlumatların da saxlanma
müddəti var. Əlbəttə, tutalqa mövcuddur; bu,
virtual məkanın arxividir. "Youtube"da,
"Facebook"da, "İnstagram"da Qulu Məhərrəmliyə
aid görüntülər, səslər zühur edəndə
dərhal barmağımı dişləyir və əminliklə
deyirəm, mən ki seyr etdiyim telekadrlar, audio mətnlərlə
onlar ilk dəfə yayımlandığı vaxtlarda
tanış olmuşam.
Budur, audiovizual məkanda Qulu Məhərrəmli
veriliş aparır. Onun xoş simasına, müsahiblərinə
olan əndazəli münasibətinə, verdiyi sualların və
cavabların yüksək əyarına, söhbət
zamanı baslanğıcla finalın sarsılmaz əlaqəsinə
valeh olmamaq mümkün deyil.
Axı, Qulu Məhərrəmlinin xüsusilə
televiziya yaradıcılığı, onsuz da birmənalı
olaraq, milli ekran-efir tariximizin qızıl fonduna aiddir. O,
hansısa televiziya qurumunda ştata bağlı, sıradan
infor-mator, tapşırıqlar icraçısı deyil,
ştatda var, yoxdu, təmsil olunduğu teleməkanı
özü formalasdıran, balaca, üfüqi ekranı
şaquli şəkilləndirən televirtiozdur! Ona görə
də 1991-ci ildən Azərbaycan televiziyasının tarixində
ilklər sırasında müəllif proqramlarıyla ekrana
çıxan, "7 gün", "Səhər"
proqramları kimi, Türkiyə, Rusiya, eləcə də
Avropa televiziyaları ilə rəqabətə girə bilən
verilişləri ərsəyə gətirən Qulu müəllimin
televiziya əsərləri unudulmaz və
uzunömürlüdür.
lll
Təbii, Qulu Məhərrəmlinin parlaq,
hamının etiraf etdiyi kimi, bənzərsiz, səmimi və
unudulmaz telejurnalistika fəaliyyətini daha geniş,
yaxşı telejurnalistikanın meydana gəlmə prosesinin
detallarına varmaqla təsvir etmək ən mükəmməl
yanaşmadır. Lakin haqqında bəhs olunan yaradıcı
şəxsin həyat vəsiqəsi verdiyi televerilislər,
telemüsahibələr, teleproqramlar kifayət qədər
çoxdur, başqa sözlə, Qulu müəllimin
telejurnalistika arsenalı digər televiziya jurnalistlərində
olduğundan qat-qat bəhrəli, çoxşaxəli, ekran
yozumu baxımından heyrətamiz dərəcədə
maraqlıdır. Və belə bir sərvətin toplanması
bir-iki ilin söhbəti deyil, düşüncəli,
yaradıcı şəxsin onilliklər boyunca yaratma-ğa
qadir olduğu xəzinə, artıq xalqa məxsus bir dəyərdir.
Qulu müəllim uca məsləkini, peşə və vətəndaşlıq
yanğısını telejurnalist olaraq, bir vaxtlar hər kəsə
möcüzələr kimi görünən Azərbaycan
televiziyasının çəkiliş meydanından
(studiyadan) və məhz sənətkarın özünün
ölçüb biçib qurduğu: "Qitələr hadisələr"
"Azərbaycan dünya meridianlarında" "Yer kürəsi;
müharibə, yoxsa sülh", "7 gün" "Səhər
- musiqi-informasiya proqramı" "Təfsilat"
"Gerçəklik" adlı işıqlı, aydın
informasiya pəncərəsindən ifadə etmiş, fenomenal
məziyyətdə ortaya qoymusdur. Çəkiliş
meydançasının, yayım məkanının elə də
ciddi fərqi yoxdur, əgər bu və ya digər verilişi,
teleekran əsərini istedadlı, bilikli, peşəkar
telejurnalist təqdim edirsə. Bu mənada telejurnalistin "Xəzər"
televiziyasından tanınan "Dost məclisi",
"Gündəm", GünAz TV-də efirə getmiş
"Mətbuat aynasında" verilişlərini də əvvəlki
siyahıya əlavə etmək, məncə, ədalətli
olar.
Artıq Azərbaycan televiziyasının tarixi
faktı sayılan sözügedən veriliş və
proqramların şəriksiz siması şəxsən
özü olsa da, mən ədalət, şükranlıq,
minnətdarlıq hissinin Qulu Məhərrəmlinin təbiətində
az qala din kimi mövcudluğunu bilirəm. Axı o, hər
zaman çalışdığı kollektivin texniki
işçisi, müxbiri, ssenaristi, müəllifi, reportyoru,
kompüter tərtibatçısı,
işıqçısı, əlbəttə ki, rejissoru və
operatorunun meydana qoyulan televiziya əsərindəki zəhmətini,
hər bir mütəxəssisin əvəzolunmazlığını
nəzərə çarpdırmaqdan bezib yorulmurdu. Sanki
populyarlığın yüzdə-yüz onun payına
düşməyini heç də düzgün saymır və
heç olmasa, ictimai izahatlar yoluyla
çalışdığı kollektiv və həmkarlardan
halallıq alırdı.
Ona görə də mənim istəkli dostum Qulu demiskən,
valı dəyişək. Bəlkə, belə demək daha
uyğun olar, valı o biri üzünə çevirək.
Çünki Qulu Məhərrəmlinin telejurnalist fəaliyyəti
ilə publisistik çalışmaları
ayrı-ayrılıqda deyil, vəhdətdədir, eyni
valın iki üzü kimi...
Məsələ burasındadır ki, jurnalistin mətbuatda
zamanın çağırışına uyğun məqamlarda
qələmə aldığı publisistik düşüncələrdən,
qəlb çırpıntılarından ibarət 3 kitabı
oxucuların ixtiyarındadır. Bu kitablar sevgiylə, həyəcanla
oxunur, təsir edir, tarixi olayları yada salır, mənəvi
zənginlik, şəxsiyyət bütövlüyü, vətəndaslıq
borcu deyilən natural tamlığa hansı cizgilərisə əlavə
edir! Məhz bu yöndə onun publisist amalına işıq
tutmaq istəsək, həmin kitablardan yan keçmək
mümkünsüzdür. Budur o kitablar: "Zamanın rəngləri",
"Gələcəyə ön söz", "Məhəmməd
Əmin Rəsulzadə".
Mən bu kitabları Qulu müəllimdən öyrənərək,
ondan qidalanaraq oxumuşam. Yeri gəlsə, əlbəttə,
ondan da qanadlı və təsirli yazmaq olar. Məsələ
budur ki, fikri, mətləbi uzatmadan, lakonik ölçüdə
ifadə etmək, milli məsələyə bəşəri
kontekstdə baxmaq (Yer kürəsi vahiddir, biz də onun bir
parçası), ictimai-siyasi kataklizmi sadə bir faktın
içinə sığışdırmaq, damlada
bütövü ehtiva etmək, vətən, məslək, həqiqət
leksik anlayıslarını lüğətdən qoparıb həyat
içrə hərəkətə gətirmək Qulu Məhərrəmli
publisistikasının mahiyyətidir. Bu mahiyyətin etibarlı
qəlibi onun bir az kədər, bir az sevinc və bütün
hallarda səmimiyyət qatqılı fərdi publisist üslubudur.
Bəlkə də "Məhəmməd Əmin Rəsulzadə"
kimi irihəcmli, sanballı və monoqrafik kitabın digər
iki publisistik variasiyalardan ibarət toplularla eyni sırada qeyd
olunması, oxucu bir tərəfə, Qulu Məhərrəmlinin
özünə də qəribə gələ bilər. Təkcə
bunu deyirəm, onun publisistik yazılarındakı siyasi
kontekst, tarixin istirakı, milli ruh, keçmisdə və indi
buraxılan səhvlərdən doğan məyusluq, hansı
dövrdə baş verməsindən asılı olmayaraq,
meydana çıxan neqativlərə etiraz məfkurəsi məhz
"Məhəmməd Əmin Rəsulzadə" fundamental
tarixi, siyasi, elmi, publisistik tədqiqatında sistem səlahiyyəti
qazanır. Oxucuya (əsasən mənə) elə gəlir ki,
Qulu Məhərrəmli ötən əsrin 70-ci illərindən
üzübəri ona görə ənənəvi publisistika
ilə məşğul olub ki, sonda "Məhəmməd
Əmin Rəsulzadə" adlı siyasi, tarixi, xronoloji və
publisistik romanın son cümləsinə nöqtə qoya
bilsin.
Bəri başdan deyim ki, Qulu Məhərrəmlinin
bütün publisistik əsələrinin mərkəz oxunun
sancıldığı nöqtə tarixdən gəlib bu
günün platformasında qərarlaşan, insanın
üzünə gülümsəyən (irəlidə,
üfüqdən ya bir az bəri, ya bir az o yana) daha
yaxşı gələcəkdir. O, məqalələrində
anladır: insan ona görə yaşayır ki, gələcək
var, onun yaxşılığı uğrunda mübarizə
aparmağa, ömür sərf eləməyə dəyər.
Gələcəyin meyvələri fərdi yox, ümumidir.
Sağlam gələcəyə yol həqiqətin
etirafından deyil, həqiqətin icrasından, haqq yolunun
sıra nəfəri olmaqdan, qulpundan yapısdığın
işə qul olmaqdan, zəhmətdən, idrakdan keçir.
Yaxşı adamın bütün davranısları
iddiasız olur. İddialı yerin böyür-başında
eqo göyərir, təmənna boy göstərir.
İddiasız insan üçün həqiqəti söyləmək,
əl tutmaq adi vərdişdir, gündəlik iş, həyat
tərzidir. Yaxşı adam cəmiyyətin
xırıltısız, hiss olunmadan gedib-gələn nəfəsidir.
Heç insan nəfəs aldığına görə
qürrələnərmi? Qulu Məhərrəmli (müşahidəmə
görə) xeyir-şər məclislərinə, müxtəlif
rəngli tədbirlərə elə qatılır, oradan elə
ayrılır ki, sanki o, heç burda olmayıb (əlbəttə,
sərraf gözlər hər şeyi görür). Heç
vaxt karyeraya can atmayan, olan şöhrətinə belə məhəl
qoymayan, milli mücadilənin başlanğıcında
geniş meydanlarla yanaşı, hər küncdə-bucaqda dikələn
xitabət kürsülərinə sarı
şığımayan bu insan əslində şüurlu həyatının
bütün mərhələlərində qaynar qazanın
içində olub.
Bunu istedadlı publisistin "Zamanın rəngləri"
toplusu tam əminliklə sübut edir. Kitabda onun ötən əsrin
90-cı illərindən başlayaraq yeni əsrin 13-cü ilinə
qədər qələmə aldığı yazıları
yer alır. 23 ili əhatə edən bu dəyərli əsərlərin
bir kitab halında işıq üzü görməyinin
üstündən daha bir on il adlasa da, o mətnlər tarixə
şahidlik haqqını, zamanın hərarətini,
insanların psixoloji, intellektual, mənəvi halının mənzərəsini,
faktoloji uzunömürlüyünü hifz etməkdədir.
Belə bir yekun, yaşarı mətn aqibəti durduğu yerdə
yaranmayıb. Əsas şərt Qulu Məhərrəmlinin qələmə
aldığı hər bir mövzunu sənətkarlıqla təcəssüm
etdirməsi və sonralar daha da püxtələşən fərdi
jurnalist üslubunun sehriylə bağlıdır.
Ötən əsrin 90-cı illərinin təbəddülatları,
ictimai-siyasi və tarixi siqləti, məncə, unudulmayıb.
Qulu müəllimin bu dövr publisistik
yaradıcılığının əhəmiyyəti daha
çox ondan ibarətdir ki, həmin yazılar ən azı
ümumxalq proseslərinin bu və ya digər cəhətlərinə
şahidlik etmək səlahiyyətindədir. Yeri gəlsə,
onlar iyirmi ildən çox bir dövrün etibarlı məxəzləri
kimi də nəzərə alına bilər.
"Zamanın rəngləri"ndən altı il
sonra nəşr olunan "Gələcəyə ön
söz"ün ithaf ünvanı
milli və tarixi səciyyə daşıyır.
"Müsəlman Şərqində ilk parlamentli respublika -
demokratik cümhuriyyət qurmuş, insan hüquq və
azadlıqlarını önə çəkmiş, müasir
tipli universitet yaratmış, senzuranı ləğv edərək
mətbuat azadlığını demokratik dəyərə
çevirmiş Qurucu Babalarımızın müqəddəs
ruhuna dərin ehtiramla..."
Kitab 2013-2019-cu illərdə "Ayna" qəzetındə
və ayna.az saytında dərc olunan seçmə məqalələrdən
tərtib edilib. Orada annotasiya və "Ön söz"
("Ön söz"ün müəllifi Elçin
Şıxlı) daxil 90 yazı toplanıb. "Seçmə
məqalələr" söylədim, yəni nəşrdə
işıq üzü görən yazılar müəllifın
sözügedən zaman aralığında qələmə
aldığı publisistik əsərlərin külliyatı
deyil, seçmələrdir. Kəmiyyət, say
baxımından seçmə tərtibat "Zamanın rəngləri"
məqalələr toplusuna da aiddir.
Sözün düzü, təqribən 40 il ərzındə
jurnalistin bu kitablara düsməyən siyasi, mənəvi,
milli maraqlar, vətənin taleyi, tarixi məqamlar,
insanlarımızın halı, sülh, müharibə, beynəlxalq əlaqələr,
təhsil, media və s. və i. (bunlar publisistin davamlı
müraciət elədiyi təməl mövzulardır)
mündəricəli daha hansı publisistik əsərlərə
imza atdığını öyrənmək amacıyla
dövri mətbuatın müvafiq nüsxələrini
arasdırmadım. Qulu Məhərrəmlinin qələminə
məxsus, zamanında oxuduğum, mövzusu, üslubu, məramı
və təsir gücü ilə yaddaşımda iz salan bir
çox yazıların ovqatını yenidən hiss etdim və
bu qənaətə gəldim ki, vaxtilə oxuduğum həmin
publisistik örnəklərin də hər iki kitabda yeri
görünür.
Qaldığımız yerə dönək, hələlik
Azərbaycanın mədəniyyət, məfkurə
coğrafiyasından qırağa çıxmadan publisist Qulu
Məhərrəmli çeşməsinin baş alıb gəldiyi
mənbələri yada salmaq lazım gəlir. Demək olar ki,
hamı... milli mətbuatımızın, ədəbi
düşüncəmizin təməlində kimlər varsa,
onların hər birini onun ustadı, sələfi,
mürşidi saymaq olar: Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli
Axundov, Mir Möhsün Nəvvab, Həsən bəy Zərdabi,
Mirzə Cəlil Məmmədquluzadə, Ömər Faiq
Nemanzadə, Üzeyir Hacıbəyli, Əhməd bəy
Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd
Əmin Rəsulzadə... Hər biri Azərbaycan
insanının qürur mənbəyi olan, ədəbiyyat və
mətbuat xadimləri-nin, tarixi simaların yaratdıqları
milli mədəni-mənəvi sərvət özlərindən
sonra gələn digər dəyərli və peşəkar qələm
əhli kimi, Qulu Məhərrəmlinin də zəkasının
ziyalanmağında, ruhlanıb pərvazlanmağında
bilavasitə və müstəsna rol oynamışdır.
(Ardı gələn sayımızda)
Vaqif BƏHMƏNLİ
525-ci qəzet .- 2024.- 17 dekabr(№231).-S.12-13.