Naxçıvan Teatrı: yeni ilə
yeni tamaşayla
Yaradıcı kollektiv dekabrın son günlərində
"Herostratı unudun" tamaşasının
premyerasını təqdim edəcək
Cəlil Məmmədquluzadə adına
Naxçıvan Dövlət Milli Dram Teatrı
tamaşaçılarını daha bir maraqlı səhnə
əsəri ilə sevindirəcək. Bu, rus dramaturqu Qriqori
Qorinin dünyanın bir çox aparıcı teatr səhnələrində
oynanılan məşhur "Herostratı unudun" əsəridir.
Müəllifin eyniadlı əsəri əsasında
hazırlanan tamaşa bu dəfə istedadlı rejissor Mir Qabil
Əkbərovun quruluşunda səhnə təcəssümü
tapacaq.
Maraqlı süjet xətti və dolğun məzmunu
olan tamaşada hadisələr Efes şəhərində cərəyan
edir. Səhnə əsərində eramızdan əvvəl 356-cı
ildə dünyanın 7 möcüzəsindən biri
sayılan Artemida məbədini yandıran bazar alverçisi
Herostratın eşq macərasından, sərsəm
xülyalarından, cinayət əməlindən bəhs
olunur. O, insanların sitayiş ocağı olan məbədi
yandırır və bu hərəkətinə görə həbs
olunur. Şəhər əhalisi onun bu əməlindən qəzəblənir,
edam olunmasını istəyirlər. Herostrat isə bu əməli
diqqətləri üzərinə çəkmək,
şöhrətlənmək, məşhur olmaq naminə
etdiyini bəyan edir.
Bu məqsədlə o, müxtəlif vasitələrə
əl atır, şəhərin sərxoş, tüfeyli təbəqəsinə
gizli yolla içki pulu göndərir, papirus
kağızlarında yazdığı təsiredici mətnləri
yaymaqla çox sayda adamı öz tərəfinə çəkə
bilir. Əsərdə baş verən hadisələr, eyni
zamanda, o dövrdə cəmiyyətdə xaosun hökm
sürdüyünə, qanunların boşluğuna, hətta
terror hadisəsinə belə biganəliyə diqqət çəkir.
Belə ki, Efes hökmdarı Tissafernin "Herostratı
unudun" əmri əhali arasında yayılsa da, Herostrata rəğbət
bəslənilir, hamı onu görməyə can atır.
İnsanların bəziləri onun bu hadisəni məşhurlaşmaq
üçün etdiyini desə də, çoxları onun məhəbbət
macəralarına görə edam ediləcəyindən
danışır. Bu rəğbət hətta Efes
hökmdarının xanımı Klementinaya da sirayət edir.
Onun Herostrata heyranlığı tamaşada
dolğunluğu ilə əks olunub. Bundan ruhlanan Herostrat edam
olunmaqdan qorxmadığını iddia edir. Rahibə Erita
İsə Herostratın edam olunmasına mane olur, onun
tanrılar tərəfindən cəzalandırılacağına
inanır. Hökmdar Tissafern xanımı Klementinanın
Herostratla münasibətini bilən baş hakim Kleonu vəzifəsindən
uzaqlaşdırılır və zindana qapıçı qoyur.
Özü isə Herostratla görüşüb xanımı
ilə olan münasibəti yaymaması üçün ona xəncər
verərək zindandan qaçıb getməsinə şərait
yaradır.
Əhali tərəfindən baş hakim seçilən
Kleon qapıçı vəzifəsində olarkən də
Herostratı cəzalandırmaq üçün hər cür
vasitələrə əl atır və sonda özünə
qarşı sui-qəsdin qarşısını alarkən məhbus
Herostratı öldürür. Səhnə əsərində
Xalq artisti Rza Xudiyev Tissofern, Əməkdar artistlər
Əbülfəz İmanov, Behruz Haxverdiyev Kleon və
daşyonan, Naxçıvan Muxtar Respublikasının Əməkdar
artisti Səməd Canbaxşıyev Herostrat, Zəminə Məmmədova
rahibə Erita, Səkinə Məmmədova isə Klementina,
Zakir Fətəliyev Krisipp, Anar Eyvazov qapıçı
obrazlarını canlandırırlar. Aktyorlardan Saynur Babayev və
Xəlil Hüseynov gərgin situasiyalarla müşayiət
olunan əsərdə obrazları məharətlə ifa edir,
həyəcan dolu səhnələri dolğunluqla əks
etdirirlər. Tamaşanın quruluşçu rəssamı
Əməkdar rəssam Səyyad Bayramov, musiqi tərtibatçısı
Azər Cəfərlidir. "Herostratı unudun"
tamaşasının premyerası dekabrın son günlərində
gerçəkləşəcək.
Adilə SƏFƏROVA
Azərbaycanın Əməkdar mədəniyyət
işçisi, teatrşünas
525-ci qəzet .- 2024.- 17 dekabr(№231).-S.11.