Böyük coğrafi kəşflər
və onların yerli xalqlara gətirdiyi bədbəxtliklər
Dünyadakı yeni ərazilərin, hətta insan
yaşayan dörd qitənin kəşf edilməsində
avropalıların müstəsna rol oynadıqlarını
layiqincə qiymətləndirmək çətin olduğu
kimi, bu inqilabi fəaliyyəti inkar etmək heç cür
mümkün deyildir. Naməlum ölkələrə və
xalqlara onların marağı Orta əsrlərdən
böyüməyə başlamış və həmin ərazilərə
ayaq basmaq, onlarla yaxından tanış olmaq həvəsi daha
da güclənmişdir. Bu heç də o demək deyildir ki,
onlar kor-koranə hərəkət edir, qaranlığa
işıq salmaq üçün məqsədi bəlli olmayan
fədakarlıq göstərirdilər. Ən azı, onlar təxəyyüllərində
bu ölkələri və xalqları yaradır və onlara
xüsusi cazibədarlıq xüsusiyyətləri verirdilər.
Naməlum olanlar barədə yaranan təsəvvürlər
İnsana ona görə də bəzən fantastik mənzərələrin
bolluğu ilə seçilən bu torpaqları kəşf etmək
üçün həmin çağırış tipli
düşüncələr hakim kəsilir,
qığılcım rolunu oynamaqla, sonrakı gurlayan alovun yaranmasına səbəb olur.
Onlar haqqında azacıq eşitdiklərini sonra, bu ölkələri
və xalqlar barədə
uydurulmuş müxtəlif keyfiyyətlərlə
silahlandırmaqla böyüdürlər. Guya həmin ərazilərdə
boyu 28-30 fut hündürlüyündə olan nəhəng
insanlar yaşayır. Uzaq şimaldakı qadınları isə
onlar qəddar məxluqlar kimi təsəvvür edirdilər.
Bunları heç də təkcə özləri
uydurmamışdılar, onlara məlum olan qədim yunan mifləri
də qeyri-adi əhvalatlarla və varlıqlar barədəki
biliklərlə onların şüurunu doldurmuşdu.
Qədim yunan mifologiyası, antik dünyaya
tanışlıq başlandıqdan sonra, öz qeyri-adiliyi ilə
onlar avropalıların marağını daha da
qızışdırmışdı. Krit adasındakı
labirintdə saxlanan yarıöküz, yarıinsan olan
Minotavrın hər il çox sayda afinalı oğlan və
qızları yeməsi maraq kəsb etməklə
yanaşı, həm də onları qorxudurdu. Heraklın
igidliyi barədə rəvayətlər məlum olmayan hadisələrlə
və heyvanlarla dolu idi. Bu qəhrəman, dimdiyi, qanadı və
caynaqları misdən olan quşlarla da mübarizə
aparmış, Atlantı aldada bilmiş, çoxbaşlı
gidranı və Nemey şirini, kentavrları, ikibaşlı
kerber itini məğlub edə bilmişdi. Qədim yunanlar
xüsusən təəccüb doğuran, döyüşkən
və həm də qəddarlıqları ilə seçilən
qadın cəmiyyəti olan amazonkalar barədə əfsanələr
də uydurmuşlar. Dəniz səfərlərinin təhlükəli
olduğu, Odisseyin əhvalatlarında sirenaların xoş səslə
oxumasına heyran olan səyahətçilərin məhv
olmaqla üzləşdikləri şəklində təsvir
edilmişdi.
Avropalılar qədim yunanları elmin, fəlsəfənin,
incəsənətin, demokratiyanı da özündə əks
etdirən hüququn, arxitekturanın, ümumilikdə Avropa
sivilizasiyasının beşiyi saydıqları Afinada, yunan
torpaqlarında yaşayanların miflərinə də
şübhə ilə yanaşmaq istəmirdilər.
Mifologiyadakılar fantastikliyi ilə seçilsə də, qitə
sakinləri olan xalqların nağıl tipli, primitiv miflərindən
reallığa daha yaxın, həm də dramatik səhnələrlə
daha bol olduğuna görə fərqlənirdi və
avropalılar asanlıqla onun təsiri altına
düşürdülər.
Bunlara təəccüblənmək də
düzgün deyildir. Axı bir qayda olaraq insan həyatın
naməlum cəhətlərinə daha çox maraq göstərir,
onun real olaraq necə mümkün olduğunu bilməyə,
öyrənməyə, anlamağa can atır. Konqitiv
inqilabın başlanması ilə insan, öz təfəkkürünü
inkişaf etdirməyə, idrakını gücləndirməyə
çalışırdı. Bu isə bəşər cəmiyyətində
ardıcıl inkişafın bir generatoru rolunu
oynayırdı.
Məhəbbət: fədakarlıq və faciəli
sonluq
Hətta ibtidai insan da öz maraq dairəsinin genişlənməsi,
həyat tərzinin dəyişilməsi ilə təkamülün
bünövrəsini qoymuşdu. İnsanın təbii hissi
olan məhəbbət, onun hakim kəsilməsindən xəbər
verən ehtiras təkcə şirinliyi ilə deyil, həm də
onun daşıyıcılarına əzab verməsi ilə,
ağla sığmayan hiss kataklizmlərinə cəlb etməsi
ilə seçilir. Təsadüfi deyildir ki, b.e.ə. VI əsrdə
Lesbos adasında yaşamış yunan şairəsi Sapfo insan
üçün çox təsirli və ali hiss olan məhəbbəti,
ondan müdafiəsi mümkün olmayan şirin-acı əjdaha
adlandırmışdı. İnsanın məhəbbət
dünyasında yaşaması üçün hər cür
fədakarlığa hazır olması, onu həyatdakı digər
qorxulu hadisələrdən də çəkinməməyə,
çaşmamağa səsləyir. İstər Şərqin,
istərsə də Avropa xalqlarının
nağıllarında təsvir olunan məhəbbət əhvalatları,
cismani hissiyyat, bir qayda olaraq, faciələr məkanına
çevrilir, sevənləri ağır bədbəxtliklər
öz ağuşunda boğmağa başlayır.
Lakin belə çox təkrar olunan sonluq, sonralar məhəbbət
dünyasının sakinləri olanları heç də
qorxutmur, onlar bu təhlükə dənizinə, hisslərinin
iradələrinə qalib gəlməsi nəticəsində,
məhəbbət naminə heç nəyi nəzərə
almadan baş vururlar.
Məhəbbətin qurbanları, onu müxtəlif
cür qiymətləndirilməsinə görə geniş
çeşiddə, ali hiss naminə ağla gəlməyən
faciəli sonluqlara sahib olurlar. Qadın, əslində
dünyanı gözəl etdiyinə görə, onun yolunda
qurban gedənlər daha çox olur. Qıza vurulan, onu ürəkdən
sevən oğlan və ya kişi coşqun sevgisinə görə
həyatını da qurban verməyə hazırdır,
çünki sevdiyinin də cavab hisslərinə qətiyyən
şübhə etmir, qızın da onun yolunda hər cür fədakarlığa
gedəcəyinə inanır. Lakin təəssüf ki, məhəbbəti,
ustalıqla qurulan tələ hesab edən bəzi qızlar, adətən
onları sevənləri öz sədaqətinə nəinki
inandırmağı və hətta ondan istədiyi kimi, öz
məkrli niyyətləri üçün istifadə etməyi
də bacarırlar.
Bibliyadakı yəhudi qəhrəmanı, filistinlilərin
çox qorxduğu Samson, düşmən tayfanın
qızı Dəlilə tərəfindən tələyə
salındığını ağlına da gətirmir.
Axı onların görüşləri Samsona olduqca
böyük həzz verir, axı Dəlilə ona
özünün eşq təyinatlı xəzinəsini
bağışlamışdır. Filistinlilər Samsonun əfsanəvi
gücünü yaradan səbəbi bilməyə
çalışır və bunu öyrənməyi Dəliləyə
tapşırırlar. Dəlilə hər cür nəvaziş
göstərərək, Samsondan bu sirri ona açmağı
xahiş edir. Bir neçə dəfə bu xahiş təkrar
olunduqdan sonra, Samson sevdiyi qızın ovsununa dözməyi
bacarmır və ona etiraf edir ki, onun gücü
saçlarındadır. Bir dəfə gur eşq səhnəsindən
sonra Samson yuxuya gedib yatanda, Dəlilə onun başını
qırxır və malik olduğu nəhəng güc Samsonu tərk
edir. Filistinlilər tam zəifləmiş Samsonu əsir
götürürlər və onu bir sütunlu binada
saxlayırlar. Samson başındakı saçın
uzandığını görüb, əvvəlki
gücünün bərpa olunmasına əmin olur. O, zəncirlə
bağlandığı daş sütunu dartıb yerə
salır, binanın tavanı dağılır və onun
altında çox sayda filistinli və Samsonun özü həlak
olur.
Dəlilə yüngül əxlaqlı qız
olduğuna görə, Samsona saxta məhəbbət bəsləməklə,
casusluq etmişdi. Sevginin adamı kor etməsi Samsonun nümunəsində
bir daha aydın görünür.
Avropada isə Orta əsrlərdəki Françeska da
Riminin məhəbbət macərası və sevgililərin
acı taleyi, onu qitə mədəniyyətinin ən məşhur
obrazlarından biri etmişdir. Onun cavan yaşında məhəbbətinə
görə həlak olması sonralar ədəbi, təsviri sənət,
musiqi əsərlərində, kinoda geniş istifadə
edilmişdir. Dante Aligyeri özünün "İlahi
komediyası"nda ilk dəfə bu məşhur və
gözəl qıza xeyli yüksək sətirlər həsr
etmişdi.
Françeska da Rimini (1258-1284-cü illər) 15
yaşında olanda, Ravennanın hökmdarı olan atası
onu Canqotto (Covanni) Malatestaya ərə vermişdi. Nikah siyasi məqsəd
naminə bağlanmışdı, belə füsunkar qız
axsaq oğlana ərə getmişdi. Lakin Françeska az sonra ərinin
kiçik qardaşı Paolo ilə sevişmiş, əri
onları cinayətlərində tutanda, hər ikisini
qılınc zərbəsi ilə
öldürmüşdü. Covanni anlamalı idi ki, şəhərdə
gözəlliyi ilə seçilən və mələyə
bənzər bu qız ona sədaqətli arvad olmayacaqdır və
ona görə də gənc xanımı onun daha
yaraşıqlı kiçik qardaşlına vurulmuşdu.
Françeska yeniyetmə ikən sevmədiyi adama ərə
getdiyindən, sonra onu cəlb edən əsl məhəbbət
həyatını yaşamış və birgə
yaşadıqları şirinliyin zəhər kimi acı
dadı hər iki sevgilinin həyatına son qoymuşdu. Bu
hadisədən səkkiz əsrə yaxın vaxt keçir,
lakin məhəbbət fədaisi olan Françeska da Rimini təkcə
müxtəlif növlü əsərlərdə deyil, həm
də məhəbbətin aliliyinə qiymət verən və
həyatını buna həsr etməklə fərqlənən
adamların xatirələrində yaşamaqda davam edir.
Məhəbbət dənizi ona baş vuranları, hətta
onun dərinliklərində boğulanları şərəf
zirvəsinə yüksəldib, onlara əlavə, əsrlərlə
ölçülən ömür verməyi ilə
seçilir. Françeska da Rimini və Paolo Malatesta
başlarında bu çələngi daşımağa layiq
olmuşlar. Onlar məhəbbətin qurbanı olsalar da,
ölməz şöhrətlərinə rəğmən, hələ
də sevən məxluqlara nümunəvi təsir göstərməyi
bacarırlar.
Françeska da Rimini ilə Dəlilə arasında məhəbbətə
münasibətdə qütbvari fərq vardır.
Françeska Paoloya sevgisinə görə öz həyatını
qurban verməklə yanaşı, həm də məhəbbət
bəslədiyi oğlanın da həyatını itirməsinə
səbəb olması ilə cəzalansa da, az müddətdə də olsa,
onlar bu ali hissin əbədi baharını da
yaşamış, Venera bağının bəxş etdiyi
imkandan bol istifadə etməklə, əsl insan həyatının
ən yüksək dəyərindən həzz
almışdılar.
Dəlilə isə Samsonu, əslində, sevmirdi, lakin
onu tələyə salmaq, ağlasığmaz qüvvətinin
sirrinə bələd olmaq üçün onunla fiziki
yaxınlıq edirdi. Onların ruhları isə tam müxtəlif
paralellərdə yaşayırdı. Samson öz dərin
hissi ilə bu qızı sevirdi və həmin onu qarsan bu
alovun da qurbanı oldu. Dəlilə isə məhəbbətin
nə olduğunu bilmirdi, öz saxta hisslərini işə
salmaqla, casusluq qabiliyyəti ilə öyünürdü.
Lakin sevən qadınların çoxu, onları yüksəldən hissə,
məhəbbət duyğusuna daimi sədaqətli qalırlar.
Elonza və Abelyar tarixçəsində Elonza ölənə
qədər özündən yaşca iki dəfə
böyük və müəllimi olan kişidə məhəbbət
alovunun daha gur yanmasına nail olmuşdu. İzolda Tristana olan
sevgisini ölənə qədər hifz etmişdi.
Yaxud başqa bir misal. Əfqanıstanda Payinda xanın
qızı olan Vəfa Bəyim Şah Şucaya ərə
getmişdi. Az sonra, 1803-cü ildə öz düşməni
olani digər sülalə ilə qanlı döyüşə
girən Şuca dustaq edilmişdi və arvadı onu Kaşmirdəki
məhbəsdən 1813-cü ildə azad etmək
üçün ərinin düşməni Rancit Sinqhə
çox qiymətli olan məşhur Köhi-Nur
almağını təklifı etmişdi və
Şucanın ikinci dəfə
də 1815-ci ildə Lahor dustaqxanasından azad olmasına
kömək etmişdi. Axırda britaniyalıları, ona
sığınacaq verməyə inandıra bilmişdi. 1838-ci
ildə əri Şucanın siyasəti xanımının məsləhətindən
məhrum olduğuna görə uğursuzluğa
uğramışdı. Vəfa
Bəyim bu vaxt artıq ölmüşdü.
Kohi-Nur almazı isə tarixdə öz növündən
olan daş-qaşların içərisində nadir nüsxə
olması ilə seçilir, onun sahibləri buna görə iftixar
hissləri yaşayırdılar. Xeyli əvvəl, XVIII əsrin
son rübündə hakimiyyətdə olan Teymur Şah öz
Timurid əcdadlarına bənzəmək istəyirdi. Bu cəhdi
bir fayda verməsə də, lakin o, daş-qaş aludəçisi
idi. Köhi-nur almazını sinəsinin döş tərəfində,
dirsəkdən yuxarı sancılmış şəkildə
gəzdirirdi, atının da qaşqasına qiymətli bəzəkli
sancaq vururdu.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2024.- 18 dekabr(№232).-S.14.