İri planda: Qulu Məhərrəmli
"Zərdabi" nəşrlər evi Vaqif Bəhmənlinin
istedadlı telejurnalist, publisist, dilçi, professor, pedaqoq Qulu
Məhərrəmlinin elmi-publisistik
yaradıcılığına və vətəndaşlıq
missiyasına həsr olunmuş "İri planda: Qulu Məhərrəmli"
kitabını nəşrə hazırlayıb. Yaxın
günlərdə işıq üzü görəcək
kitabdan bəzi parçaları oxucularımızın diqqətinə
çatdırırıq.
(Əvvəli ötən sayımızda)
Klassik milli mətbuatımıza mənsub olan
ziyalılarımızın həyat, yaradıcılıq təcrübəsi
və irsi yazı-pozu aləminə sonralar gələn
istedadlı publisistlərin parlamasına təkan verməklə
qalmır, bununla bahəm sənətkarda şəxsiyyəti,
həqiqi vətəndaşlığı oyadaraq
formalaşdırıb. Bu, hələ azdır, Qulu Məhərrəmlinin
mənsub olduğu məktəbin beşiyi başında duran
həmin klassik yaradıcı ziyalılar çağdaş
milli simamızın, azərbaycanlı-türk
düşüncə və məfkurəsinin də müəllifləridir.
Publisistik-analitik əsərlərində kifayət qədər
tutumlu və ciddi məsələlərin kontur xətlərini,
ayrıntılarını ictimailəşdirən Q.Məhərrəmli
uğurlu təsvir, bu və ya digər hadisənin təfsilatının
təqdimi, bədii dil ünsürlərindən istifadə,
bir sözlə, həyat detallarının ustalıqla
canlandırılması yoluyla elə məqamları qələmə
alır ki, oxucu bəzən mütəəssir olur, bəzən
sevinc duyğularına dalır, bəzən dərin qürur hissi
keçirir. Publisistikanın təsir gücünün belə
keyfiyyətini müşahidə etmək üçün
müəllifin "Qərib ölkədə əsgərin
ağrıları", "Qarabağda azan səsi",
"Barış Manço ilə samuray söhbəti",
"Ordun varsa, yurdun var" (xüsusilə Əliağa
Şıxlinskinin məzarının jurnalistin gözü
qarşısında təsadüfən, qəfil peyda
olduğu epizod) yazılarını, "Köhnə kişilər
haqqında hekayət" adlı çox uğurlu sənədli
hekayənin nəzərdən keçirilmək yerinə
düşür.
Cabbar ("Qərib
ölkədə əsgərin ağrıları") hər
necə olur-olsun hər il fevralın 26-da (Xocalı
soyqırımı günü) Qulu müəllimə telefon
açır. Bu dəfə də həmin gün yenə ondan
zəng gəlir. Hal-əhvaldan sonra Cabbar soruşur:
"- Hardasan?"
"- Düz Aqilin məzarının
yanındayam..."
Jurnalist yığcam tərzdə təfsilatı
oxucuya çatdırır:
"1991-ci ilin sonlarında Xocalıya gələndə
hansı odun içinə düşdüklərini gözəl
bilirdilər. Əvvəl on iki nəfər idilər, sonra
doqquz nəfər də əlavə olundu. Komandirləri Aqil
Quliyev (Azərbaycanın Milli Qəhrəmanı) Belarusda hərbi
məktəb bitirmişdi. Qarabağ hadisələri
başlayanda rus ordusunu tərk edib Azərbaycana gəlmişdi.
Ağıllı, bilikli, cəsur zabit idi".
..."Cabbar həmin əsgərlərdən biri idi.
Boylu-buxunlu, cüssəli, bir az qaradinməz, qorxunun nə
olduğunu bilmirdi. "Kalaşnikov" avtomatı onun uzun
barmaqları arasında balaca tapançaya
oxşayırdı... Ən çətin
tapşırıqları boynuna götürürdü...
...Fevralın 26-da, həmin qətliam gecəsində
Cabbar əsgər qardaşlarıyla birlikdə dinc əhaliyə
mümkün olan bütün yardımları edib. Əsgərlərin
çoxu, o cümlədən, hələ bu hücumdan əvvəl
yaralanmış tağım komandiri Aqil Quliyev həlak olub.
Cabbar yaralansa da, ölümdən qurtula bilib, amma mənəvi
əzablardan, ürək ağrılarından qurtula bilməyib.
İndi o, səngər
dostlarının, bir çoxunun ruhunun qoxusunu o vaxtlar
Xocalıya ezam olunmuş, jurnalist kimi odun-alovun içinə
atılan, həmin qəhrəmanlarla bir sırada
dayanmağı bacaran Qulu Məhərrəmlidən almaqla təsəlli
tapır.
Jurnalist hekayətin
sonunda döyüşçü Cabbarın, "Allah komandirə
rəhmət eləsin, o yox, biz ölməliydik", - deyə
kövrələn Cabbarın səsini yalnız onun səsi
kimi deyil, həm də müqəddəs rəmz olaraq dəyərləndirib
yazır: "Təbii ki, bu, bir
döyüşçünün vicdan səsidir".
"Barış Manço ilə samuray söhbəti".
Publisistin bu əsərində türk dünyasının
böyük nəğməkarı, söz ustadı,
dünyanın həmrəyliyinin ən etibarlı
açarının təmiz, pak qəlbli uşaqlar
olduğunu teletamaşalar şəklində usanmadan təbliğ
edən Barış Manço ilə bir görüşdən
danışılır. Müəllif bir-iki gün sonra "Səhər"
proqramında qonağı olacaq müğənni ilə təmas
qurur, irəlicədən olan bilgilərlə yanaşı,
müsafirin hər bir hərəkətini,
danışığını, söylədiklərini izləməklə
Barış Mançonun publisistik portretini mükəmməl
cızır. Deyim ki, publisistik
formatda portret yazılar daha çevik və aktual mövzulara,
publisistik yazı formatına can atan müəllifin
yaradıcılığında say etibarı ilə çox
deyil. Onlardan bir neçəsi, "Məhəmməd Əmin
Rəsulzadə və Azərbaycan istiqlalı", "Millət
sizə minnətdardır", "Cümhuriyyətin
banisi", nəhayət "Məhəmməd Əmin Rəsulzadə"
adlı 360 səhifəlik ayrıca kitab, eləcə də bu
qəbildən olan digər yazılar demokratik Azərbaycan
dövlətinin, milli istiqlalın banisi olan dahi bir şəxsiyyətin
tarixi, siyasi, bioqrafik, publisistik simasını bütövləşdirir.
"Dəmir Ledi əfsanəsi"
İngiltərənin Baş naziri, ən yeni dünya tarixinin
parlaq isimlərindən olan Marqaret Tetçerdən
danışır. "Tarixə qovuşan tarixi şəxsiyyət"
adlı publisistik elegiyada canlandırılan obraz iki əsrin
qovuşağının dəyərli şəxsiyyətlərindən
olan publisist, alim, tədqiqatçı və adı
böyük hərflərlə yazılan pedaqoq Şirməmməd
Hüseynova həsr olunub. Sadə bir müəllim Muxtar Əfəndini
xatırladan "Köhnə kişilər haqqında hekayət"
isə əslində vicdan haqqında kövrək və ibrətamiz
bədii-publisistik saqadır və s.
Hə, "Barış
Manço ilə samuray söhbəti" yazısını vərəqləyirdik.
Burada Q.Məhərrəmlinin televiziya sənətinin,
oradakı peşəkarların necə bir dəyərə
malik olduğu ilk görünəndir. Barış
Mançonun Yaponiya televiziyasında samuray obrazını təcəssüm
etdirmək üçün ciddi hazırlıq
gördüyünü xatırladan müəllif hiss olunmadan
xalqın öz etnoqrafik, ənənəvi dəyərlərindən
necə yararlandığı mövzusuna keçid edir.
Yaponlar xarici görkəmi, tükənməz enerjisi və təbii
istedadı ilə milyonların qəlbinə yol tapan
Barış Mançoda qəhrəman babalarının, yenilməz
sülalənin izlərini axtardıqları halda, buna
çoxlu maliyyə sərf edib Barış Mançoya yapon
dilini öyrətdikləri məqamda yenə də bizim
televiziyaları, radioları, qəzetləri, tamaşa
salonlarını, məzlum Kosa və Keçəlin dingiş
hərəkətləri bürüyüb. Nə qədər
zəif obrazlar olsa da, Qulu müəllim onlara qarşı sərt
və barışmaz mövqe sərgiləyərək
yazır ki, "bax bu gün küçə
tamaşalarında və ekranlarda gördüyümüz
keçəl və kosa folklorumuzdakı qəhrəmanlar
deyil, qurama teatr personajlarıdır. Həm də kifayət qədər
ziyanlıdırlar. O səbəbdən də həvəslə
Novruz tamaşalarına gedən və ya gözünü
ekrana zilləyən uşaqlarımız bu personajlardan
heç bir feyz anlaya bilməzlər. Axı onların hər
ikisi qorxaq və yaltaqdır, qarınqulu və
yalançıdır, xüsusən vəzifəli adam görəndə
ikiqat əyilirlər. Üstəgəl, yumurta
döyüşündə heç vaxt udmur, həmişə
uduzurlar. Bəs onda biz niyə onları qəhrəmana
çevirməliyik və millətə belə zərərli
qəhrəmanlar sırımaq kimin ideyasıdır. Məgər
yaponlar bizdən az bilirlər ki, milli dəyərlərini qəhrəmanların
obrazları ilə təbliğ edirlər?
Yazı haqlı səbəbdən məndə belə
bir sual da doğurdu: redaksiyaya dəvət olunan qonaq,
müsahib jurnalistin nəzərində kimdir, hansı dəyərin
daşıyıcısıdır. Jurnalist onun
qarşısına peşə mədəniyyətinə xas
hansı davranışlarla çıxmalıdır.
Yazının mövzusu, bildiyiniz kimi, başqadır. Di gəl,
Qulu Məhərrəmli Barış Manço ilə
görüşünün təəssüratını qələmə
alarkən jurnalist-qonaq (müsahib) məsələsinə də
toxunmuş olur. Çıxış üçün dəvət
olunan qonaq xüsusi dəyərdir. Onu nəzakətlə
qarşılamaq və həyəcanlı efir dəqiqəsinə
qədərincə hazırlamaq jurnalistin borcu, mədəniyyətidir.
Qulu Məhərrəmlinin
yaratdığı teleimperiyada
çıxışçının nə qədər əziz
tutulduğunu öz təcrübəmdən də bilirəm.
Bir dəfə 2005-ci ilə 50 yaşımın tamamında,
daha dəqiqi may ayının 23-də "Səhər" proqramının
rəhbəri "milli samuray" qismində məni də
efirə çağırmışdı. 2-3 gün öncədən
zəng vurub proqramda olacağımı bildirmişdi. Səhər
saat 8-9 arası bizim blokumuz idi. O zaman hər adama bu qədər
dəqiqə (40 dəqiqə) ayırmırdılar. Saat
7:30-da AzTV-də idim. Verilişi istedadlı telejurnalist Esmira
Çərkəzqızı aparırdı. Salam-kalamdan sonra
teleaparıcı bildirdi ki, Vaqif müəllim, "Səhər"in
sizə sürpriz və canlı telebağlantısı var, gəlin
qoşulaq. Boy, bizim mənzil, mənim kitab rəflərim,
yazı masamın üstündə gül topası, jurnalist Rəhilə
Gülgün (həyat yoldaşım) qırmızı
paltarda əlli yaşımı təbrik edir, TV-yə
yaradılan imkana görə təşəkkürünü
bildirir, xoş sözlər söyləyib, mənə uzun
ömür və möhkəm cansağlığı
arzulayır, kadr bitir. Telekörpü canlı idimi, irəlicədən
çəkmişdilərmi, xəbərim olmayıb. Sonra məni
saxlamaq olar, yaradıcılıq işi, ədəbi mühit,
milli ədəbiyyatımızın əvəzsiz örnəkləri,
mənəviyyat, həyat haqqında suallar, cavablar. Studiyadan dəhlizə
çıxanda möhtərəm
çıxışçını yola salmaq
üçün Qulu müəllimin özü ilə
qarşılaşdım:
- Necədi, Vaqif müəllim? Səmimiyyət
ayrı şeydi, qardaş...
- Əla idi, özümə də ləzzət elədi.
Əgər əvvəldən desəydin, telekörpü
üçün ayrı persona təklif edərdim. Onsuz da onu
hər gün evdə görürəm.
Güldük.
Sağollaşıb,
ayrılanda proqram rəhbəri yenə zarafatından
qalmadı:
- İndi əl telefonunu aça bilərsən. Bir
azdan mobilin zənglərdən dağılacaq. Bu saat
bütün Azərbaycan səndən danışır.
Bəli, "Səhər"in
belə cazibədar dövranı, həqiqətən də,
var idi.
"Köhnə kişilər haqqında hekayət"
əsərini götürün (mən onun janrını
müəyyən edə bilmədim - dürüst oçerk,
humanist esse, lap elə əsl insan haqqında povest. Publisist
yazır:
"Zahirən qaradinməz
adam kimi görünən Muxtar Əfəndi köhnə
kişilərdən idi, çalışdığı
universitetin nüfuzlu müəllimlərindən
sayılırdı. Şərqşünaslıq fakültəsində
ərəb dilindən dərs deyirdi, ara-sıra tərcümə
ilə də məşğul olurdu. Biliyinə, şəxsiyyətinə,
ləyaqətli bir ömür yaşadığına görə
ona az qala peyğəmbər kimi baxır, hər yerdə
hörmətini saxlayırdılar. M.Əfəndiyə dərin
rəğbətin gizli bir səbəbi də var idi. Kişi
Azərbaycan Cümhuriyyəti dövründə parlament
üzvü olmuş, Məclisi Məbusanda Əhrar
partiyasını təmsil etmişdi. 28 Aprel
işğalından sonra baslanmış bolşevik
repressiyasından onu nadir ixtisas sahibi olması xilas etmişdi,
amma uzun illər nəzarət altında saxlanmışdı...
İkinci Dünya
müharibəsindən sonrakı illər idi. Azərbaycan
Dövlət Universiteti adi günlərini
yaşadığı bir vaxtda M.Əfəndi rektorun qəbul
otağında görünür. Onda universitetin rektoru,
görkəmli fizioloq alim, cavanlığına baxmayaraq, elmi
dairələrdə böyük nüfuz qazanmış Abdulla
Qarayev idi. Onu 30 yaşında universitetə rektor təyin
etmişdilər, 35 yaşında isə artıq akademik
seçilmişdi. Muxtar müəllimin gəlişini xəbər
verəndə rektor otağında universitet qəzetinin gənc
əməkdaşı ilə çapa gedəcək səhifələri
nəzərdən keçirir, arada suallar verirdi. M.Əfəndinin
adını eşidən kimi ayağa qalxdı, müxbirdən
üzr istəyib dərhal qapıya tərəf
addımladı.
Muxtar Əfəndi kübar insanlara məxsus bir tərzdə
kresloya əyləşdi, nəzakətlə hal-əhval tutdu.
Otaqdakı işgüzar mühiti görüb tez də mətləbə
keçdi. Bildirdi ki, Şərqşünaslıq fakültəsində
oxuyan qızına təqaüd verilmir. Bunun səbəbilə
maraqlandı, mümkün olarsa, tələbə təqaüdünün
bərpa olunmasını xahiş etdi. Abdulla müəllim
telefonu qaldırıb baş mühasiblə
danışdı, tələbənin adını çəkdi,
"niyə təqaüd almır", deyə soruşdu.
Azacıq pauzadan sonra xəttin o başından əvvəlcə
kağız xışıltısı, sonra da baş
mühasibin aydın eşidilən səsi gəldi:
"Yoldaş rektor, dediyiniz tələbənin bir fəndən
"üçü" var, mövcud qaydaya görə, belə
olanda təqaüd düşmür".
Cavan rektorun üzünə
hiss olunacaq bir gərginlik çökdü, qaşları
çatıldı və ani fikirə getdi. Soruşdu ki, tələbənin
"üçü" hansı fəndəndir və əlavə
göndərişlə qiyməti düzəltmək
mümkündürmü?
Bir az keçdi və
telefonda yenə mühasibin aydın və soyuq səsi
canlandı:
- Abdulla müəllim, tələbə
"üç" qiyməti Muxtar Əfəndidən
alıb, amma problem yoxdur. Əsasnaməyə görə yenidən
imtahan verib qiymətini düzəldə bilər.
Bu dəfə rektorun
gözləri güldü, içində bir rahatlıq hiss
etdi, sanki üstündən ağır bir dağ
götürülmüşdü. Problem ona həll edilmiş
kimi görünürdü. Telefonun dəstəyini yerinə
qoyub ağsaqqal müəllimə və həm də indiki
halda təqaüdü kəsilmiş tələbənin
atasına baxdı. M.Əfəndi fikrə getmişdi, rektorun
"Hə, nə deyirsən" sualı ifadə edən
baxışlarına cavab verməyə tələsmirdi, sanki
tərəddüd içində nəyisə
ölçüb biçirdi. Amma bu qeyri-müəyyənlik
uzun sürmədi. Köhnə kişi yavaş-yavaş
ayağa qalxdı və çox qətiyyətlə:
- Abdulla müəllim, sizə çox minnətdaram,
amma mənim qızımın ərəb dilindən biliyi
bugünkü halda "üç"dən yuxarı deyil.
Ona görə də mən onun qiymətini düzəldə
bilməyəcəyəm, - dedi.
Onun səsində zərrəcə
inciklik duyulmurdu. Əksinə, rektorla övladı kimi
çox səmimiyyətlə xudafizləşib qapıya
üz tutdu. M.Əfəndini ötürüb geri qayıdandan
sonra rektor özünü sanki boşluqda hiss edirdi. Kreslosunda əyləşib
gözlərini məchul bir nöqtəyə zilləsə də,
ürəyində M.Əfəndinin belə
davranışını götür-qoy etməsi şübhəsiz
idi. Elə bu düşüncələr içərisində
o, əlini telefona atıb yenidən baş mühasibi
yığdı, tapşırığı çox qısa
oldu:
- Bu semestrin sonuna kimi tələbəyə təqaüdü
mənim maaşımdan kəsib yazarsınız.
Bu əhvalatın
baş verdiyi 40-cı illərin sonlarında bütün
ölkədə, o cümlədən, Bakıda iqtisadi vəziyyət
ağır idi. Müharibədən sonra dolanışıq
xeyli çətinləşmişdi, aclıq təhlükəsi
Domokl qılıncı kimi başlar üzərində yellənirdi,
amma buna baxmayaraq, ləyaqətli adamlar nə qanunu pozur, nə
də mənəvi sədləri keçirdi.
P.S.Bu hekayəti mənə
o böyük kişilərin söhbətinin canlı
şahidi olmuş universitet qəzetinin əməkdaşı
danışıb. Xatırladınızsa, M.Əfəndi
rektorun yanına girəndə otaqda universitet qəzetinin gənc
müxbiri də var idi.
...Həmin müxbir sonralar böyük alim və tədqiqatçı
kimi tanınmış, mətbuat tariximizi və mənəvi
irsimizi böyük sevgi ilə araşdıraraq bizlərə
çatdırmış, özü də indi klassik mənada
köhnə kişilərdən sayılan Şirməmməd
Hüseynov idi".
İndi sizə bir
söz deyim, onun yaradıcılığını mövzu
baxımından təsnifləşdirib, ictimai fikrə, həyat
faktına, hadisəyə publisistik məzmun verərkən
istifadə etdiyi sənətkarlıq vasitələrini dəyərləndirəndə
bir daha təsdiqlədim ki, telejurnalist Qulu Məhərrəmlinin
həyatdan gələn, özünün axtarıb
tapdığı mövzular paralel olaraq həm də publisist
Qulu Məhərrəmlinin mövzularıdır. Telejurnalist
Qulu Məhərrəmlinin ekran-efir işlərinin sənətkarlıq
səciyyəsi həm də publisist Qulu Məhərrəmlinin
yazıb çap etdirdiyi məqalə, esse, mətbu
düşüncələrinin məziyyəti deməkdir.
Növbəti iri plana
keçidə bir neçə abzas qalmış, mövzu, məzmun
və peşəkarlıq keyfiyyətləri nəzərə
alınmaqla apardığım ümumiləşdirmə
ayrı-ayrılıqda deyil, cəm halda telejurnalist və
publisist Qulu Məhərrəmlinin yaradıcılıq
manerasına aid edilə bilər. Biz düşüncə
özəlliyini istər ictimai olsun, istər elmi, predmetə
orijinal yanaşma, fikrin başadüşülən şəkildə,
səlis ifadə imkanlarını böyük alimin ümumən
kütləvi kommunikasiya sahəsinin tədqiqinə həsr
olunmuş elmi yaradıcılığında da izləyə
bilərik.
Qulu Məhərrəmli zaman, vətən və insan
haqqında yazır.
Bu yazılarda intellektual
dərinlik, xəlqilik, yüksək humanizm, ürək
yanğısı var.
Qulu Məhərrəmlinin
publisistikası milli jurnalistika ənənələrinə
qırılmaz tellərlə bağlıdır. Bu əsərlər
eyni zamanda XIX-XX əsr rus jurnalistikasının
(dünyanın bədii publisistik düşüncə
axarına yön verən möhtəşəm bir xəzinə),
"Ostankino" teledebatları, "Komsomolskaya pravda",
"Literaturnaya qazeta", "İzvestiya" ənənələrindən
də ruh və necə yazmaq dərsi almışdı.
Muxtar Əfəndinin
hekayətindən də göründüyü kimi, onun
yazılarında vizuallıq, təfərrüatlı təsvir
ədəbi məziyyətdir və fakta bağlı canlı
detallar bədii nəsr səciyyəsi daşıyır. Həcmindən,
mövzusundan asılı olmayaraq, bu nümunələrin məxəzində
həmişə xəbər dayanır. Mənalı yumor
elementləri, yerində müdaxilə, vəziyyətin
reallığından işaran aforizm çalarları,
sitatlardan məqamında istifadə məziyyətləri,
obrazlı desək, publisistik mətnlərə mükəmməllik
və cazibədarlıq donu biçir. İrəlidə
müəllifin yığcamlığa məxsusi əhəmiyyət
verdiyini demişəm, o, uzunçuluğu nə həyatda, nə
də yazı prosesində yaxına buraxır. Elə buna
görə də Məhərrəmlinin yaradıcılıq
mətbəxində boşboğazlığa, suya, pafosa,
ritorikaya yer yoxdur.
Daha bir cəhət:
publisist Q.Məhərrəmlinin əsərlərində
intellektual amil həm birbaşa, hən də dolayısıyla
iştirak edərək mətni dolğunlaşdırır;
başqa sözlə, müəllifin mətbuatda,
kitablarında yer alan yazıları çox hallarda eşitmədiyimiz
nadir və ibrətamiz məlumatlarla zəngindir.
Onun yaxın-uzaq gələcəkdən bəhs edən
məqalələrinin özü belə tarix əsaslıdır,
bununla yanaşı, müəllifin tarix fakturalı publisistik
çalışmalarının ruhunda
çağdaşlığı görməmək
mümkün deyil. O, əksərən qələmə
aldığı mövzunun aktuallığı və
uzunömürlü olması şərtini prinsipial əsas
kimi nəzərə alır.
lll
Telejurnalistikada olduğu kimi, publisist Q.Məhərrəmli
həmişə səmimidir: tənqid edəndə də, tərifləyəndə
də, öyəndə də, qınayanda da, sevəndə də,
nifrət edəndə də...
Ən qınaqlı
yazısı belə oxucunun ayağını yerdən, əlini
göydən üzmür. Onun cümlələrində
ümid işığını görmək hər zaman
mümkündür. "Cəridə dolsun deyə mətləbi
uzatmaq" Q.Məhərrəmlinin yaradıcılıq
manerasına yaddır, kəsə söz sözlərin ən
təsirlisidir.
Şəksiz ki, digər
ustad jurnalistlərin yazıları təhlil edilərkən də
təməl meyarlardan (aktuallıq, elmilik, səmimiyyət,
lakonizm, bir sözlə, peşəkarlıq) istifadə edilib,
edilir və ediləcək. Onun
yaradıcılığından agah olanlar isə dərhal təsdiqləyəcəklər
ki, qeyd edilən təməl meyarlar jurnalistikanın tərkib
hissəsi olmaqla yanaşı, fərdi üslubun da komponentləridir
və belə bütövləşmənin izahını nəzəri
mənbələrdə deyil, Qulu müəllinin
publisistikasının kontekstində axtarmaq lazımdır.
Jurnalistin fərdi üslubu - dedik, bu, təkrarsız dəyərdir.
Hansısa bir sənətkarın, o cümlədən, Qulu Məhərrəmlinin
yaradıcılığı həm də onun üslubu deməkdir.
Fərdi üslub dərin elmi, təcrübi mənimsəmənin
bəhrəsi olsa da bəzən o, Allah vergisi kimi
görünür. Fərdi üslub başqa ifaçı səslərinə
bənzəməyən ifaçı səsi kimidir. Fərdi
üslub jurnalistin zəkası, xasiyyəti, qəlbinin
döyüntüləri ilə birbaşa bağlıdır.
Fərdi üslub müəllifi yıpranmış qəliblərdən,
pis standart və şablonlardan hifz edir. Fərdi uslub sənətkarın
özü deməkdir, o varsa, sənətkar var, yoxdursa, yox. Mənə
qalsa, fərdi üslub yaradıcı insanın xoşbəxliyidir,
o cümlədən, bizim Qulu Məhərrəmlinin...
Bu məqamda belə bir əminlik
ifadə etmək istərdim ki, Qulu müəllimin 2023-cü
ildə qələmə aldığı, "Altunkitab" nəşriyyatında
işıq üzü görən "Məhəmməd
Əmin Rəsulzadə" əsəri onun məhz fərdi
üslubunun, tarixçi alimin, siyasi xronoqrafın, kəskin qələmli
publisistin yaradıcı potensialının nümayişidir, həm
də iri planda nümayişidir.
Əsəri tarixi,
siyasi, publisistik roman da adlandırmaq olar. İlk abzaslarından
son cümlələrinə qədər sürətlə və
birnəfəsə oxunan kitabda Azərbaycan, keçmiş
SSRİ, hətta deyərdim, ümumdünya tarixində,
köhnə münəqqidlərin dediyi kimi, cahanşümul
bir dövrün, təqribən yüz ilə yaxın zaman
aralığının panoramı vardır. Hamı kimi, mən
də ölkəmizin ürəyi sayılan Bakı şəhərinin
XIX əsrin ikinci yarısındakı 14 min nəfərlik
yaşayış məntəqəsindən milyonluq iri
yaşayış mərkəzinə çevrilməsi, XX əsrin
lap başlanğıcından öncə demokratik mətbuatın
və mütərəqqi düşüncəli
ziyalıların estafet kimi yeni əsrə ötürdükləri
azadlıq, müstəqillik ideyalarının 18 il ərzində
bütün xalqı, millətin düşünənlərini
səfərbərliyə alıb Şərqdə ilk demokratik
respublikanın yaradılması ılə sonuclanması,
ölkənin 1920-ci ilin aprel ayında sovet (rus) ordusu tərəfindən
qəti şəkildə işğalı, milli dövlətin
18 aylıq mövcudluqdan sonra boğulması, bir çox
qurucu babalarımızın qətlə yetirilməsi, yurddan
didərgin salınmaları, 1937-ci ilin qorxunc repressiya təqibləri,
ikinci dünya müharibəsi, Stalin kabusu barədə müəyyən
ədəbiyyatları oxumuş, xronikal, analitik, bədii lentlər
izləmişəm, şahidləri dinləmişəm.
Etiraf edirəm, "Məhəmməd
Əmin Rəsulzadə" kitabını oxuyub başa
vurandan sonra mənə elə gəldi ki, yaddaşımda həmin
qatmaqarışıq, mürəkkəb, ziddiyyətli epoxa
(dövr, tarixi hadisələr, siyasi və milli maraqlar, tarixi
şəxsiyyətlər) ilə əlaqədar daha aydın,
səliqə-səhmanlı təsəvvür formalaşdı.
Bu, onunla bağlıdır ki, müəllif tarixi, siyasi,
publisistik romanını dəqiq, yoxlanmış xronologiyaya,
süjet xəttinin sarsılmazlığına, mətndaxili məntiqi
ardıcıllığa söykənərək hasilə gətirib.
Dəstəyindən
eyni anda fars və rus imperializminin yapışdığı
qılıncla Azərbaycan xalqının və onun tarixi vətəninin
ikiyə bölünməsinə baxmayaraq, keçmişimiz
şərəf qoxuyan, milləti misqal-misqal azadlıq, istiqlal
məfkurəsinə yaxınlaşdıran səhifələrlə
doludur. Bəli, burada dalbadal işğallar da var, talanlar da,
repressiyalar da, iki Dünya müharibəsi də, susdurulan dillər,
kəsilən başlar da, aclıq və səfalət də,
on, yüz minlərlə insanın
alçaq, qeyri-qanuni ittihamlarla qəhr edilməsi də,
xalqların bir qoyun sürüsü, mal naxırı kimi kəsim
dəzgahlarına, baltaların ağzına sürüklənməsi...
də var. Orada neft bumu da var, Qori müəllimlər
seminariyası da, "Əkinçi" də, "Molla Nəsrəddin"
də, "Həyat" da, "Açıq söz" də.
Orada erməni cəlladları tərəfindən türk
soyuna qarşı törədilən qətliamlar, deportasiyalar
da var. Orada Şərqdə ilk dəfə demokratik
respublikanın yaradılması da var... Orada nə yoxdur, nələr
yoxdur?!
Q.Məhərrəmlinin
əsərinin arxa planı - tarixi, siyasi, ictimai, milli fonu belədir.
İri planda isə müəllifin tarixi həqiqətə ədalətli,
haqlı yanaşmanı təmin edən, heç kimlə
müqayisə olunmayan, bütün həyatı Azərbaycan
istiqlalı ilə bağlı olan Məhəmməd Əmin
Rəsulzadənin varlığı təcəlla etməkdə,
üfüqlərdən asılan günəşin
işığı kimi nur saçmaqdadır.
1884-cü ildə
Bakının balaca Novxanı kəndində dünyaya göz
açan, hörmət-izzətli ailədə boy atan, 16-17
yaşlarından şüurlu şəkildə (məhz
şüurlu şəkildə) məmləkətində gedən
tarixi-siyasi hadisələrin burulğanına baş vuran,
heç iki onillik ötməmiş - 1918-ci il may ayının
28-də, əqidə, məslək yoldaşları ilə
birlikdə Azərbaycan dövlətini yaradan Məhəmməd
Əmin Rəsulzadənin həyatı tarixi fakt olaraq, eyni
zamanda Qulu Məhərrəmlinin təfsirində ibrətamizdir.
Rəsulzadə fenomeni tükənməz ruh, enerji mənbəyidir,
ölməyən, itib-batmayan, əksinə, zaman keçdikcə
möhkəmlənib bərkiyən, yeni nəsillərə
ötürülən əmanət yaddaşdır. Bu fikirlər
"Məhəmməd Əmin Rəsulzadə" əsərindən
alınan təəssüratın ifadəsidir
Azərbaycan mühiti,
şəxsiyyətin doğuluşu, mübarizəsi, məğlubiyyəti,
qələbəsi, vətən yolunda fəda olmağın
qarşılığında fərdin qazandığı
"mükafat" - qürbət
acısı, vətən həsrəti, özündən əlavə
bütöv bir ailənin, nəslin itib-batmaq dərəcəsində
fəlakətə düçar olması... Lakin M.Ə.Rəsulzadə
bütün haqq-nahaq sınaqlardan, təzyiq və təsirlərdən
yuxarıdadır - xüsusən dərddən. Necə ki,
dağı yerindən qoparmaq olmaz, üstünə qoşun
çəkən fəlakətlər də onu əqidəsindən
qopara, məsləkindən döndərə bilmədi. Belə
şəxsiyyətlər Azərbaycanda çoxmu olub? Hər
cür şəxsi maraqdan, hansısa fərdi mövqe
düşüncəsindən, maddiyyat istəklərindən
peyğəmbərcəsinə azad olan neçə türk
övladının adını tuta bilər tarix?
Yekunda onu deyə bilərəm
ki, "Məhəmməd Əmin Rəsulzadə" əsəri
publisistik ifadə baxımından istedadlı yazarın bu
yöndəki axtarışlarının zirvəsidir... hələ ki!
lll
...Onun doğulduğu
Babaylı kəndindən üzü Bakıya tərəf
50-60 kilometr məsafədə, Böyük Mərcanlı kəndində
dünyaya və ədəbiyyata göz açan sevimli
şairim Vaqif Bayatlı Odərin (Cəbrayılzadə)
şeirlərindən birində belə misra var:
"Qardaşımın üzü köməyim olsun..."
Bütün ümidlərin
başında, şübhəsiz ki, Tanrı dayanır!
Bütün çin
olan diləklərin tək səbəbi Tanrıdır!
Hərəkət
insandan, bərəkət Tanrıdandır!
Bununla belə, seçmə
hissələrini oxuduğunuz bu yazının hər fəslini,
hər cümləsini, hər sözünü qələmə
alarkən... Qulu Məhərrəmlinin üzü köməyim
oldu! Onun hamıya sevimli olan siması bir an belə gözlərimin
önündən çəkilmədi - guya qəzet-jurnal
oxuyuram, guya radionu dinləyirəm, guya ekran
qarşısında əyləşib televizoru seyr edirəm.
Guya mən, həqiqətən, nələrisə öyrənmək
istəyən tələbəyəm, o isə bilikli və
alicənab müəllim!
Kaş zaman şərti
bir anlayış olaydı, kaş ötüb keçən
illər, gənclik yaşımız geri dönəydi, mən
tələbə olaydım, sən müəllim!
Zaman şərtiymiş,
heç demə, illərin ötüb-keçməyi yalan
söhbətmiş.
Zatən, mən deyən,
mən istəyən baş verdi, əziz dost!
Sənin
yaradıcılığını, şəxsiyyətini, məfkurə
və məramını ələk-vələk eləyərkən
(incələyərkən) bütöv bir ömür boyu
rahat, arın-arxayın yaşamağa yetə bilən dərslər
aldım...
Radio dərsləri,
televiziya dərsləri, qəzetçilik, dılçilik,
naşirlik... peşəkarlıq dərsləri, əxlaqlı
siyasət, tarixi yaddaş, milli düşüncə, mənəviyyat
dərsləri...
Və vicdan, həqiqətə
sədaqət, peşəyə mütləq
bağlılıq dərsi!
Sən, Qulu (bu dəfə
"müəllim"siz, epitetsiz, gəncliyimizdə
olduğu kimi), istedad və hünərin övladısan, mən
də sənin tələbən!..
Vaqif BƏHMƏNLİ
525-ci qəzet .- 2024.- 18 dekabr(№232).-S.12-13.