İŞIQ YIĞIB, İŞIQ
YAYMAQ EHTİYACI BİTMƏYƏN YOLÇU
O, ölkə-ölkə, şəhər-şəhər
gəzib-dolaşırdı ki, dünyanı tanısın,
insanlara bir az da yaxından bələd olsun. Tanıdıqca,
dünya və insanlar haqda bilgiləri artdıqca da,
başqalarının da dünyanı və insanları
yaxşı yanıyıb-bilməsindən ötrü
görüb-eşitdiklərini qələmə alırdı,
müşahidələrini kitablaşdırırdı.
Ömrü boyu belə nəcib vəzifəni yerinə
yetirmiş insanı, əlbəttə, gərək dünya,
daha əvvəlsə öz nəvə-nəticələri -
azərbaycanlılar yaxşı tanıya və bilə.
Onun adı yalnız Azərbaycanın deyil, dünya
elmi, ədəbiyyatı və mədəniyyətinin nadir
simaları sırasında yaşamağa layiqdir. Hacı
Zeynalabdin Şirvani universal biliklər sahibi olan nadir bir şəxsiyyət
kimi ilk növbədə Azərbaycan
coğrafiyaşünaslıq elminin banisidir. 58 illik
ömrünün 40 ilədək müddətində 60 min
kilometrdən artıq yol qət edərək Asiya və
Afrikanın bir çox ölkələrini gəzib-dolaşmış
Zeynalabdin Şirvani səyahətlərini qiymətli kitablarda əks
etdirmişdir. Lakin onun qələmə aldığı
kitablar digər Qərb və Şərq səyyahlarının
yazdığı səyahətnamələrdən əsaslı
şəkildə fərqlənir. Onun "Riyaz üs-siyahə",
"Hədayiq üs-siyahə", "Bustan üs-siyahə",
"Kəşf ül-məarif" əsərlərinin hər
biri çoxsahəli biliklər sahibi müəllifin
özü kimi universal səciyyə daşımaqdadır. Bu əsərlərdə
coğrafiyaşünaslıq, tarix, etnoqrafiya, cəmiyyətşünaslıq
və kulturologiya kimi elm sahələri qovuşur və həmin
səbəbdən də Zeynalabdin Şirvaninin əsərləri
bütün digər məziyyətlərindən savayı
sadalanan istiqamətlərdən hər biri üçün
mötəbər məxəz vəzifəsini
daşıyır.
Onun ayrı-ayrı ölkələr və xalqlarla
bağlı qeydləri sadəcə təsvirdən ibarət
deyildir. Bunlar dərin, müfəssəl müşahidələr
əsasında aparılan təhlillərdən yaranmış
sanballı elmi araşdırmalardır. Elə həmin səbəbdən
də Zeynalabdin Şirvaninin əsərləri artıq XVIII
yüzilin sonları, XIX əsrin əvvəllərindən
etibarən hind, rus, polyak, ingilis, fransız, əfqan, türk,
çinli, iranlı alimlərin mütəmadi istinad etdiyi
mötəbər mənbələrə çevrilmişdir.
"Təmkin" təxəllüsü ilə
yazdığı şeirlərlə farsdilli klassik ədəbiyyatın
tarixində də özünəməxsus yer tutan bu
böyük alim və səyyahın poeziyası da elmi əsərləri
kimi çoxrənglidir. Onun şeirlərində də ənənəvi
lirika ilə yanaşı, elmi, fəlsəfi xətt
qabarıq görünməkdədir.
Zeynalabdin Şirvaninin haqqında indiyədək
müxtəlif araşdırmalar aparılsa, bir sıra əsərlərinin
elmi-tənqidi mətnlərinin nəşri və tərcüməsi
sahəsində işlər görülsə də, bu fəaliyyətlər
qənaətbəxş sayıla bilməz. Çünki indiyədək
onun zəngin irsi heç də tam halda nə nəşr, nə
də tədqiq edilib. Həllini gözləyən bu məsələlər
yalnız böyük coğrafiyaşünas, tarixçi,
etnoqraf və şair Zeynalabdin Şirvaninin özünü və
irsini daha yaxından və genişliyi ilə tanımaq
üçün əhəmiyyət kəsb etmir, həm də
onun səyahətlərinin, keçdiyi nəhəng ərazidəki
ölkələr və xalqlar haqqında bir çox gərəkli
biliklərin elmi dövriyyəyə daxil edilməsi
üçün də fövqəladə dəyər
daşıyır.
...Sığmazlıq insanın cövhərindədir
və insana həmişə içərisində olduğu
mühit dar gəlib. İnsan həmişə daha gen
üfüqlərə doğru can atıb. Bir dağın kənarında
yaşayan insan çalışıb ki, dağın o
tayındakı kənd-kəsəkdən xəbər tutsun.
Bir çayın kənarında ömür sürmüş
insan çalışıb ki, bir qayıqla o çay boyu
üzsün, həmin çaya qovuşan başqa
çayları görsün, çayın böyründəki
ayrı-ayrı yurdları seyr eləsin, insanlarla təmasda
olsun. Dənizlərin sahilində dünyaya gələn insan
hökmən günlərin birində dəniz səyahətinə
çıxmağı arzulayıb və istəyib ki, dəniz
onu yeni dənizlərə doğru aparsın, yeni ölkələrə
sarı irəlilətsin. Gəzmək, görmək, öyrənmək,
daha çox bilmək insanın həmişə daxili
ehtiyacı olub və insanın gəzdiyi, gördüyü
yerlər çoxaldıqca, bilikləri artdıqca gözləri
daha geniş açılıb, dünyanı daha gözəl
görüb. Və gözləri daha geniş açılan,
dünyanı daha gözəl görən insan
çalışıb ki, bildiklərini başqaları ilə
də bölüşsün. Bunu sadə insanların əksəriyyəti
edib, ancaq onların arasından elə seçilmişləri
də çıxıb ki, istəyiblər başqaları da
qaibanə olsa belə onların gəzmiş olduğu yerlərdən
keçsinlər, onların gördüklərini
görmüş olsunlar, onların bildiklərindən xəbər
tutsunlar. Bəs necə? Oturub başlayıblar yazmağa və
gəzdiklərini, gördüklərini təsvir ediblər.
Beləcə, Azərbaycanda da, dünyanın dörd
bucağında da sıra-sıra səyahətnamələr,
səfərnamələr yaranıb. O səyahətnamələri,
o səfərnamələri yazanların neçəsi elə
məşhur ədiblər, şairlər olublar. XII yüzildə
Xaqani Şirvani "Töhfət ul-İraqeyn"
yazmışdı və bu, elə ilk mənzum səfərnamə
idi. Ancaq peşəkarcasına, bir coğrafiyaçı kimi,
bir səyyah olaraq bu işə başlayanlar da olub və Azərbaycan
xoşbəxtdir ki, dünya tarixində qalan ən məşhur
səyyahların sırasında bizim də məşhur bir səyyahın
adı var - Hacı Zeynalabdin Şirvaninin.
Hacı Zeynalabdin Şirvani Şamaxıda doğuldu. O
yerdə ki, oradan Azərbaycanın tarix boyu neçə-neçə
böyük şəxsiyyətləri, bir-birindən
üstün şairlər, elm adamları, mütəfəkkirlər
çıxıb. Hacı Zeynalabdin Şirvanini onların
hamısından seçdirən və müstəsna edən əsas
cəhət bundan ibarətdir ki, o, tarixdə Şirvandan, Azərbaycandan
çıxmış ən məşhur səyyah kimi
qaldı. Amma Hacı Zeynalabdin Şirvani yalnız səyyah da
deyildi. O həm də şair idi, "Təmkin" təxəllüsü
ilə gözəl şeirlər yazırdı. O həm də
alim idi. O həm də bir mütəfəkkir idi,
düşüncə adamı idi, filosof idi. Özündə
bu qədər parlaq istedadları qovuşduran Hacı
Zeynalabdin Şirvani yalnız özünü ədəbiyyata
həsr etsəydi, ömrü boyu şeirlər yazsaydı,
Şirvanın və Azərbaycanın, Yaxın-Orta Şərqin
ən məşhur şairləri sırasında mütləq
aparıcı yer alardı.
Əgər yeniyetməliyindən, ilk gəncliyindən
aludəsi olduğu elmin ardınca getsəydi, bir-birinin
ardınca yalnız elmi risalələr doğursaydı, əlbəttə
ki, elm aləmində imzası həmişə yaşayanlardan
olardı. Allahın ona bəxş etdiyi qabiliyyətlərin
hansı birini daha dərininə və eninə inkişaf
etdirmək istəsəydi, heç şübhəsiz, o sahədə
ən birincilərdən olardı. Ancaq Hacı Zeynalabdin
Şirvaninin üstünlüyü, fərqliliyi,
seçkinliyi ondan ibarət oldu ki, bu qədər qabiliyyətlərin
hamısını məhz səyyahlığına yönəltdi.
Bir-birindən gözəl səyahətnamələr
yazdı. Elə əsərlər ki, XIX yüzildə
yazılsalar da, o vaxtdan bəri dünya çox dəyişsə
də, həmin kitabların heç biri köhnəlməyib.
Hacı Zeynalabdin Şirvaninin bizlərə yadigar qoyub getdiyi
"Riyazü-s-siyahə" də, "Hədaiqü-s-siyahə"
də, "Bustanu-s-siyahə" də zamanlar keçdikcə
dönə-dönə vərəqlənəcək, oxunacaq,
seviləcək və insanları heç vaxt bitib-tükənməyən,
həmişə də yeni macəralar, yeni biliklərlə dolu
təzə səyahətlərə aparacaq.
Körpülərə həmişə insanların
ehtiyacı olub və insan sıra-sıra körpülər
yaradıb. Müxtəlif körpülər bir-birindən nə
qədər fərqlənsə də, onların
hamısını birləşdirən bir fəlsəfə
var: körpülər birləşdirir, qovuşdurur. Amma bir də
var körpü-insanlar. Azərbaycanın ən uca
övladlarından olmuş Abbasqulu ağa Bakıxanov
bütün məziyyətlərindən savayı həm də
körpü adam idi. O, böyük alim idi. Həm də elmin
yalnız bir sahəsində yox, ən müxtəlif sahələrində
yaradırdı və sübutları ortadadır. Tarixə
dair də əsər yazıb, coğrafiyaşünaslıq əsəri
də var, nücum elmindən də bəhs eləyən kitab
qələmə alıb, şair olub, "Divan"
bağlayıb və doğurduqlarını bir neçə
dildə yazıb-yaradıb. Ancaq bütün bunlardan daha əvvəl
və daha vacibi onun öz şəxsiyyəti və irsi ilə
körpü olmasıdır. Əlbəttə, hər bir
yaradıcı ortaya qoyduğu əsərlə, şübhəsiz
ki, istənilən halda körpüdür. Amma Abbasqulu ağa
Bakıxanovun başqa körpülüyü də olub.
Hacı Zeynalabdin Şirvanini bu gün tanıyırıqsa, hələ
sağlığında məşhur bir səyyah kimi tanıdılarsa,
Rusiyada və Rusiyanın vasitəsilə oçağkı
Avropada belə bir səyyahın varlığından xəbər
tutuldusa, bunun əsas səbəbkarı o körpü-insan -
Abbasqulu ağa Bakıxanovdur.
"Gülüstan-i İrəm" Abbasqulu ağa
Bakıxanovun şah əsəridir. Ən əski əyyamlardan
özünün yaşadığı XIX yüzilin əvvəllərinə
qədərki Yaxın-Orta Şərqin, Qafqazın, Azərbaycanın
tarixi. Amma "Gülüstan-i İrəm" Abbasqulu ağa
Bakıxanova qədər yazılmış tarixi kitabların,
salnamələrin hamısından fərqlənirdi. Bu, elmi əsaslarla,
çoxsaylı mənbələrin müqayisəli təhlilləri
ilə yazılmış ilk tarixi əsər idi.
Çünki ən müxtəlif dillərdəki mənbələrdən
istifadə eləmişdi, onları bir-biri ilə müqayisə
edərək, faktları tutuşduraraq ən dəqiqlərinin
üstündə dayanmışdı və Abbasqulu ağa
Bakıxanov bu kitabında - "Gülüstan-i İrəm"ində
Hacı Zeynalabdin Şirvanidən də bəhs edir.
Abbasqulu ağa Bakıxanov "Gülüstan-i İrəm"i
farsca yazmışdı, amma özü də rus dilinə tərcümə
eləmişdi (Həmin kitab ilk dəfə 1926-cı ildə
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti
nəşriyyatı tərəfindən buraxılmışdı).
Elə həmin kitab yazıldığı zamanlarda artıq
Rusiyada, Polşada onun haqqında danışmağa
başlamışdılar və əsəri başqa dillərə
tərcümə etmək barədə də
düşünürdülər.
Hacı Zeynalabdin Şirvani haqqındakı ilk müfəssəl
bilgi məhz bu kitabda - "Gülüstan-i İrəm"dədir.
Abbasqulu ağa Bakıxanov "Gülüstan-i İrəm"ində
Hacı Zeynalabdin Şirvanidən yazmağı nəzərdə
tutarkən onun barəsində öncə ən müxtəlif
qaynaqlardan məlumatları toplamışdı, onun
haqqında söylənilən hekayətləri bir yerə cəmləmişdi.
Ancaq ən əvvəl "Riyazü-s-siyahə"yə
arxalanırdı. Çünki "Riyazü-s-siyahə"də
Hacı Zeynalabdin Şirvani öz əli ilə tərcümeyi-halını
yazır. Və Abbasqulu ağa Bakıxanov ilk dəfə olaraq
hələ həyatda olan, yaşayan bu səyyah, alim, şair
haqqında geniş bilgilər verir. Onun bütün əsərlərini
ayrıca təhlil edir. Keçdiyi yollardan, olduğu ölkələrdən
bəhs edir.
Abbasqulu ağa Bakıxanovun Hacı Zeynalabdin
Şirvani haqqında ürəklə, şövqlə
yazdıqlarının təsiri ilə o çağın məşhur
şərqşünasları - Nikolay Xanıkov, Bernhard Dorn bu
şəxsiyyətə maraq göstərməyə, onun əsərlərini
aramağa başladılar.
Hacı Zeynalabdin Şirvanini oçağkı mədəni
dünyanın, elm aləminin yaxşı
tanımasının, elə soydaşlarının,
yurddaşlarının da yaxşı bilməsinin əsas və
bəlkə də birinci səbəbkarlarından olmuş
Abbasqulu ağa Bakıxanovun ayrı bir nəcib xidməti də
var. Günlərin birində oturub Hacı Zeynalabdin
Şirvaninin "Riyazü-s-siyahə"sini öz xətti ilə
əvvəlindən-sonuna qədər köçürür.
Həm də bu, "Riyazü-s-siyahə"nin tam bir mətni
idi. 1852-ci ildə Abbasqulu ağa Bakıxanovun həyat yoldaşı
Səkinə xanım Qüdsinin öz əli ilə
köçürdüyü həmin kitabı -
"Riyazü-s-siyahə"nin əlyazmasının
orijinalını Sankt-Peterburqda İmperator Kitabxanasına hədiyyə
edir.
Bu da Abbasqulu ağa Bakıxanovun daha bir
körpülüyü olur. O məşhur kitab əlyazma xəzinəsinə
"Riyazü-s-siyahə" əlavə ediləndən sonra
bu qaynağı araşdırmağa başlayanların, demək,
bu vəsilə ilə də Hacı Zeynalabdin Şirvanini daha
yaxşı tanıyacaq və tanıdacaq elm, qələm
adamlarının sayı artmağa başladı.
Nə qədər ki Hacı Zeynalabdin Şirvaninin səyahətnamələrinin
nüsxələri köçürülərək geniş
yayılmamışdı, onun haqqında bilgilər
almağın əsas qaynağı Abbasqulu ağa
Bakıxanovun "Gülüstan-i İrəm"i idi. Ancaq
indi Hacı Zeynalabdin Şirvaninin qələmindən
çıxmış "Riyazü-s-siyahə" də
qarşımızdadır, "Hədaiqü-s-siyahə"
də əlimizin altındadır, "Bustanu-s-siyahə"ni
də oxuya bilirik. Bundan əlavə, onun ömür yolunun
hansısa məqamlarının əks-sədalandığı
şeirləri də var. Beləcə, bu dayaqlar üzərində
yüksələrək, vaxtın hündürlüyündən
baxaraq Hacı Zeynalabdin Şirvaninin yaşadığı,
keçdiyi ömür yolunu da təsəvvür eləmək
mümkündür.
O, 1780-ci ildə Şamaxıda doğuldu. Atası
Axund İsgəndər o çağın Şamaxıda,
Şirvanda tanınan insanlarından biri idi.
Bir tərəfdən güzəran çətinlikləri,
yaşayış sıxıntıları, digər tərəfdən
il-il böyüyən övladına yaxşı təhsil
vermək arzusu Axund İsgəndəri sövq eləyir ki,
oralardan aralansın, İraq-i Ərəbə üz tutsun.
Hacı Zeynalabdin Şirvani bu köçün dəqiq
tarixini də verir. "Bustan üs-siyahə"də
yazır ki, mən beş yaşında olanda atam ailəmizi də
götürüb Kərbəlaya yola düşdü.
Bu, əslində gələcəyin böyük səyyahının,
böyük coğrafiyaşünasının ilk səyahəti,
ilk uzun səfəri idi. Gəlirlər Kərbəlaya və
Hacı Zeynalabdin Şirvani "Riyaz üs-siyahə"də
bunu da yazır ki, o gündən mənim təhsil həyatım
başladı. Mən düz 12 il atamın və digər
böyük alimlərin yanında rəsmi və ədəbi
elmləri öyrənməyə başladım.
Rəsmi və ədəbi elmləri deyəndə nəyi
nəzərdə tuturdu? O, yalnız ruhani təhsil
almırdı. Bu təhsilin içərisində fiqh də
vardı, yəni müsəlman hüququ. Bu təhsilin
içərisində nücum da vardı, yəni o
çağın təsəvvürləri ilə astronomiya. Bu
təhsil şəbəkəsinin içərisində musiqi
elmi də, riyaziyyat da, məntiq də, fəlsəfə də
vardı. Bu 12 il ərzində alınan təhsil, həm də
sadə müəllimlərdən deyil, o ətrafın ən
seçmə alimlərindən alınan savad 17 yaşına
çatanda artıq Zeynalabdini içəridən doldurur. Bunu
da yenə "Riyaz üs-siyahə"də özü
yazır və məxsusi olaraq vurğulayır ki, mənə
dərs deyən müəllimlərin hamısı alim adamlar
idilər, çox şeyləri bilirdilər. Ancaq onların
heç biri yaşadığı yerdən kənara
çıxmamışdı, dünyanı görməmişdi.
Mənimsə içərimdə bir həvəs yarandı,
bir şövq əmələ gəldi ki, buralardan
aralanım, səyahətə çıxım.
Dünyanı gəzim-görüm, o gəzdiklərim,
gördüklərim bu bildiklərimi, kitablardan
oxuduqlarımı bir az da zənginləşdirsin.
Və 17 yaşında ikən Zeynalabdin Şirvani ilk
böyük səfərinə çıxır. Əvvəlcə
İraq-i Ərəbin neçə-neçə şəhərlərini
gəzib dolaşır. Sonra üz tutur İraq-i Əcəm
sarı. Gəlib çatır Rəştə, Gilana, o yerin
insanları ilə təmasda olur, söhbətlər edir. Gəlib
yetişir haqqında çox eşitdiyi və görməyi
arzuladığı Təbrizə. Oradan baş alır Urmiyəyə,
oradan Xoya yollanır. Bu təfərrüatları da yenə
"Ruyaz üs-siyahə"də şatdırır.
Onun səfər etməsi, səyahəti başqa
adamların səfərindən fərqlənirdi. Bu, yalnız
gedib görmək səfəri deyildi. Harada olurdusa, can
atırdı ki, həmin yerin məşhur adamları,
tanınmış alimləri ilə görüşsün,
ünsiyyətə girsin. Gəzdiyi yerlərdə
gördüklərinin hamısının qeydiyyatını
aparır, təsvirini yazırdı ki, sonra bunları
kitabının səhifələrində əks etdirsin. Və
gəlib yetişir ata-baba yurduna - Şirvana. O, Şamaxıdan
ayrılanda vur-tut beş yaşında idi (Onların
Şamaxıdan köç tarixləri müxtəlif cür
nişan verilsə də, özü "Hədayiq üs-siyahə"sində
məhz beş yaşında köçdüklərini
bildirir). Onda, təbii ki, hələ dünyanı dərk edəcək
halda deyildi. Ancaq indi Şamaxıya 17 yaşında oxumuş,
bilgin bir cavan kimi qayıtmışdı. Şamaxı ona
büsbütün başqa çöhrədə
görünür və sonra "Riyazü-s-siyahə"sində
Şirvanda müşahidə etdiklərini, Şamaxıda seyr
olunanları başqa yerlər haqqında yazdıqlarından
daha məhəbbətlə qələmə alır.
Şirvanın gözəllikləri haqqında
yazdıqları öz yerində, amma Şirvanın
özünün gözəlliyindən az olmayan gözəlliyin
insanlarında olduğunu təsdiqləyir. Yazır ki,
buranın insanları çox nəvazişkar, mərd,
xeyirxahdırlar. Onların qapısı həmişə qonaq
üzünə açıqdır.
Hacı Zeynalabdin Şirvanini biz görməmişik. Nə
fotosu, nə çağının hansısa rəssamının
çəkdiyi surəti bizə gəlib çatıb. Ancaq
XX yüzildə bizim məşhur rəssamımız və sənətşünasımız
yaşadı - Əli Minayi. Onun 1960-cı illərin əvvəllərində
yaratdığı Hacı Zeynalabdin portretinin diqqətəlayiq
cəhəti bundan ibarətdir ki, farsdilli mənbələrə
yaxşı bələd olan Əli Minayi portreti
fırçaya alarkən görkəmli səyyahın zahirən
necə göründüyü haqda qaynaqlardan gələn
soraqlara arxalanmış, onları diqqətlə
saf-çürük etmiş, müasirlərinin
müşahidələrinə və sözlə təsvirlərinə
əsaslanaraq işləmişdir. Nəticədə həm rəssamlıq
- sənət baxımından, həm də elmi dəqiqlik
nöqteyi-nəzərindən təqdirlərlə
qarşılanan portret doğuldu və o vaxta qədər digər
məşhur rəssamımız Oqtay Sadıqzadənin
yaratdığı Hacı Zeynalabdin portretindən daha bəyənimli
alındı.
"Bustanu-s-siyahə"sində Hacı Zeynalabdin
Şirvani yazırdı ki, o insanlar ki millətin tarixində,
yurdun keçmişində iz qoyub gediblər, istəyirsən
ki, onların surəti də gözünün önündə
olsun, ürəyindən keçir onların həyat yolunu da
yaxşı biləsən. Ona görə də təxəyyüldən
yaransa belə, Hacı Zeynalabdin Şirvaninin Əli Minayi
yadigarı bu surəti insana çox doğma gəlir. Ancaq
Hacı Zeynalabdin Şirvaninin özünün başqa bir
tövsiyəsi də var. Deyir: "Kim ki məni yaxından
tanımaq istəyir, kim ki istəyir mənim həyat yoluma
yaxşı bələd olsun, "Bustan us-siyahə"ni
oxusun".
Yəni hər bir əsəri onun gördüyü
yerlərin tərcümeyi-halı olmaqdan savayı həm də
özünün keçdiyi həyat yolu haqqında bir hekayət
sayılmalıdır.
Gəlib çıxmışdı Bakıya,
yollanmışdı Salyana, Kürü, Arazı seyr eləmişdi.
Başqa bir çox səyyahlardan fərqli olaraq, Hacı
Zeynalabdin Şirvani həm də alim olduğundan
gördüyü yerlərin heç birini, o cümlədən
Bakını da, Kürü də, Arazı da, Salyanı da sadəcə
təsvir edib keçmir. Bakının, Kürün, Salyanın
keçmişi ilə bağlı tarixi qaynaqları
qaldırır. "Bakı", "Kür",
"Salyan" kəlmələrinin özlərinin haradan əmələ
gəlməsi ilə bağlı apardığı
araşdırmaların nəticəsini oxucu ilə
bölüşür.
Yəni gördüyü hər şeyə səyyahdan
daha artıq - bir alim kimi yanaşırdı.
Gedib çıxmışdı İranın qədim
Tus şəhərinə - Əbülqasım Firdovsinin - o
böyük "Şahnamə" müəllifinin vətəninə.
Yenə bu şəhər, o yerin insanları, onların
özünəməxsus xüsusiyyətləri ilə
bağlı elə bilgilər verir ki, üstündən
böyük zamanlar keçəndən sonra da o məlumatların
heç biri əhəmiyyətini, dəyərini itirməyib,
bu gün də insana, araşdırıcıya xüsusən
maraqlı gəlir.
Hacı Zeynalabdin Şirvani - bu cavan insan artıq
beş il idi ki, yollarda idi. İraq-i Ərəbin, İraq-i
Əcəmin və onun ətrafındakı çox yerlərin
mənzərəsi və tarixi onun üçün artıq
aydın idi, düşünürdü ki, bu, artıq elə
bir kitablıq bilgi deməkdir. Ancaq onu yeni, hələ görmədiyi
sərhədlər cəzb eləyirdi.
Səyahət belədir, aşiqlik kimi bir şeydir,
ürəyinə o sevda düşdümü, daha onun sehrindən
qurtula bilməyəcəksən və 22 yaşına
çatanda - 1802-ci ildə Hacı Zeynalabdin Şirvani yenə
uzun bir yola, çoxdan arzusunda olduğu səfərə
çıxır. Artıq beş ildi ki, yollardaydı, yollar
onu yormamışdı, əksinə, səyahətlərə
olan sevgisini artırmışdı və nağıllar, əfsanələr
diyarı Hindistana tərəf səmt götürür.
Hacı Zeynalabdin Şirvani Hindistanda səkkiz il olacaq.
Bu qədim diyarı başdan-sonacan gəzib dolaşacaq. O
yerin sıra-sıra insanları ilə görüşəcək.
Bu yurd onun üçün çox doğmalaşacaq və
illər boyu Hindistan xatirələrini unutmayacaq. Onun
yazdıqları da Hindistan haqqındakı ən qiymətli
Hindistannamələrdən biridir.
İş ondadır ki, Hacı Zeynalabdin Şirvani
yalnız səyahətnamə yazmayıb, yalnız
gördüklərini təsvir eləməyib. O
çağlardakı Hindistanın ictimai-siyasi həyatının
çox düyünlü məqamını da öz səyahətnamələrində
əks etdirib. O çağlar idi ki, Hindistan ingilislərin
müstəmləkə siyasətindən çox əziyyət
çəkirdi və yaşının az olmasına baxmayaraq,
bir ağsaqqal kimi düşünən Hacı Zeynalabdin
Şirvani bu gözəl ölkənin həyatının alt
qatını bütün ağrıları ilə hiss edirdi. Yaxşını
da görürdü, yamanı da - bir tərəfdən seyr
edirdi ki, bu gəlmələr ölkəni istismar edir,
milyonlarla insan aclıq çəkir, əziyyət içərisində
dolanır, amma digər tərəfdən görürdü
ki, həmin gəlmələr yeni Hindistan quruculuğu,
dünya ilə qaynayıb-qarışacaq ayrı bir ölkə
yaratmaq istiqamətində səy göstərirlər və
bütün bunları "Bustan üs-siyahə"sində
yerli-yataqlı əks etdirirdi.
Yollanır Pəncaba, oradan gəlir Dehliyə. Üz
tutduğu hər yerdə olduğu kimi, burada da öz şakərinə
sadiq qalır. Ağlı ilə, zəkası ilə, istedadları
ilə seçilən insanları arayır, onlarla ünsiyyətə
girir və çox oxuduğundan, çox bildiyindən,
artıq arxada qalan illərdə də gəzib-dolaşdığı
yerlərdən yığdığı həyat təcrübəsindən
o, daxilən xeyli zənginləşmişdi. Həm də onun
gözəl natiqlik qabiliyyəti vardı, söhbətcil adam
idi. Onu görmüş müasirlərinin sözləridir bu.
Hindistanda hansı qapını açırsa, hansı məşhurla
görüşürsə, elə söhbətlərinin ilk dəqiqələrindən
ona heyran qalırlar.
Dehlidə olarkən o, Şah Aləmgir adlı
hökmdar və Şərifxan adlı həkimlə
görüşür. Bu görüşün təəssüratları
uzun zaman yadından çıxmayacaq, amma tarixin də
yadında qalsın deyə bu barədə "Bustan
üs-siyahə"sində qeydlər edəcək.
Hacı Zeynalabdin Şirvani ömrü boyu oxumağa,
öyrənməyə mail olmuşdu. Elə burada da Şərifxanla
görüşəndən sonra içərisində ayrı
bir istək yaranır. Şərifxan məşhur həkim idi
və onun yanında bir müddət qalaraq həkimliyin sirlərini
öyrənməyə başlayır.
Hacı Zeynalabdin Şirvanini Hacı Zeynalabdin
Şirvani edən, üstün edən elə bu keyfiyyəti
idi. O, mahiyyəti etibarilə narahat olan, yollarda keçən
ömrü boyu şəraitsizliyə rəğmən
heç vaxt oxumaqdan, öyrənməkdən usanmadı.
Ən dar macalda da həmişə əlində kitab oldu və
qazandığı biliklər, təcrübələr də
həmişə dadına yetdi. Elə burada - Hindistanda da məşhur
Şərifxanın yanında keçirdiyi aylar, ondan
yığdığı təcrübələr həm digər
insanlara ehtiyac duyulanda həkim olaraq yardımçıya
çevrilməsinə kömək etdi, həm də
yolların narahatlığında tez-tez üzləşdiyi
müəyyən səhhət böhranlarında artıq
bişkin həkim kimi özü-özünün müalici olmasına
imkan yaratdı.
Hindistanda səkkiz il qalandan sonra Hacı Zeynalabdin
Şirvani İrana qayıdacaq. İstəyəcək ki,
burada birdəfəlik məskən salsın, ailə qursun, həyatını
rahat bir şəkildə davam etdirsin. Ancaq İranda müxtəlif
şəhərlərdə onun başına elə müsibətlər
gətiriləcək ki, o, Hindistanda keçirdiyi səkkiz ilin
hər gününü sonra xiffətlə yad edəcək.
Orada görmüş olduğu hörmət-izzəti, diqqəti,
qayğını həmişə sayğı ilə anacaq.
Hindistanda hansı insanları görmüşdü,
hansı qayğılarla qarşılaşmışdı?
Bir-bir bunların ayrıntılarını açır.
Yetişmişdi Cinəgər şəhərinə. Əvvəl
o, Cinəgər şəhərini valehliklə təsvir edir
ki, buradakı bütün evlər, ellik binalar şahmat
qaydasında tikilib. Bu şəhərin xüsusi bir səliqəsi
var.
Zahirən oxucuya bu, adi təsir bağışlayacaq bir
məlumat kimi gələ bilər. Ancaq Hindistana o
çağlarda hər adamın yolu düşmürdü ki.
XIX əsr yenicə başlayırdı. İnsanlar məlumat
acı idilər. Hindistanın hər şəhəri, hər
kəndi, hər yaşayış məntəqəsi, o yerin
adət-ənənələri, geyim-kecimi, yeməkləri,
süfrəsi, insanlarının xasiyyətləri haqqında
Hacı Zeynalabdin Şirvaninin yazdığı, insanlara
kitabı vasitəsilə ötürdüyü hər bir
bilginin mənası çox böyük idi. Elə
çağlar idi ki, insanlar hələ Hindistanı
yaxşı tanımırdılar. Hacı Zeynalabdinin səyahətnaməsi
bir ekran idi ki, genişliyi ilə açılırdı və
insanlara hətta özləri buralara gələ bilsələr
belə, asanca görə bilməyəcəkləri
Hindistanı göstərirdi.
Həmin Cinəgər şəhərində Hacı
Zeynalabdin Şirvani o yerin hökmdarı Rac Portabçəndin
evində üç ay qonaq olur. Rac səyyah qonaqla
görüşəndən sonra anlayır ki, onun
qarşısında dayanan sadə bir adam deyil, xəzinə-adamdır
və onu üç ay öz malikanəsində saxlayır,
ona olmazın hörmətlər göstərir.
Hacı Zeynalabdin Şirvani İrana qayıdıb
burada başından qovğalar keçəndən sonra, insan
münasibətlərinin ən sərt, ən qaba üzləri
ilə qarşılaşandan sonra Hindistandakı o gözəl
camalları həsrətlə anırdı. Rac Portabçənd
haqqında yazırdı ki, evində, malikanəsində qonaq
olduğum üç ay ərzində mənə elə diqqətlər,
elə qayğılar göstərdi ki, hamısını yazsam,
iri bir kitab olar.
Ya Hindistanda olanda Nəsirüddövlə adlı
başqa bir əmirlə görüşmüşdü.
Əmir də onun biliklərinə, söhbətlərinə
heyran qalandan sonra bir xeyli müddət evində qonaq
qalmasını rica edir və hər axşam Hacı Zeynalabdin
Şirvanini məmnuniyyətlə dinləyirmiş. Bir var
Hacı Zeynalabdin Şirvaninin gəzdiyi, gördüyü yerlər
haqqındakı təəssüratlarını onun
kitablarından, əlyazmalarından oxuyasan, bir də var onun
öz dilindən eşidəsən. Ona görə Nəsirüddövlə
Zeynalabdini günlərlə özünə həmsöhbət
etməklə feyz alır, hər dəfə biliklərinə
heyran qalırmış.
Hacı Zeynalabdin Şirvani yazır ki, bu Nəsirüddövlənin
on iki min əlyazmadan ibarət çox zəngin bir
kitabxanası vardı.
Nəhayət ki, bir neçə gün əmirə
qonaq olandan sonra ayrılmaq məqamı yetişir və Nəsirüddövlə
heç ayrılmaq istəmədiyi bu əziz qonağa məhəbbətinin
ifadəsi olaraq pul, ənam, töhfələr təklif edir.
Ancaq Hacı Zeynalabdin Şirvani gözütox bir adam idi,
hamısından imtina edir. Nəsirüddövlə də aqil
adammış və Hacı Zeynalabdin Şirvani onun haqqında
yazır ki, Nəsirüddövlə kitabxanasında olan on iki
min əlyazmanın hamısını oxumuşdu. Əmir
göstəriş verir ki, kitabxanamda olan həmin əlyazmaların
siyahısını gətirin. Siyahını verirlər
Hacı Zeynalabdin Şirvaniyə. Əmir qayıdır ki,
tanış ol, buradakı hansı əlyazmaları istəyirsənsə,
bəyənirsənsə, sənə hədiyyə edirəm.
Bu, müdrik bir adamın elə hədiyyə təklifi idi ki,
Hacı Zeynalabdin Şirvani kimi kitab aşiqinin, bilik
vurğununun ondan vaz keçməsi mümkünsüz idi.
Hacı Zeynalabdin Şirvaninin "Riyaz üs-siyahə"si
də, "Hədaiq us-siyahə"si də, "Bustan
us-siyahə"si də hərəsi özünə görə
bir ensiklopediya idi. Elə bir ensiklopediya ki, insanlar
qarşısında gəzib-gördüyü yerlərin dəqiq,
gerçəkçi mənzərəsini yaradırdı. O
kitabları oxuyan insan Hindistanın ən ucqarlarından tutmuş
Mavərənnəhrə qədər, Qafqazlardan tutmuş
Yaxın-Orta Şərqin ən çeşidli ölkələrinə
qədər çox yerləri görmüş kimi olurdu. Amma
eyni zamanda Hacı Zeynalabdin Şirvaninin ustalığı
ondan ibarətdir ki, bu qiymətli əsərlərini
yarada-yarada həm də bir insanlıq ensiklopediyasını
ora əlavə etməyi bacarıb. O, verdiyi coğrafi məlumatların
arasında yeri düşdükcə rast gəldiyi insanlardan,
onların yüksək mənəvi keyfiyyətlərindən
də bəhs açıb.
Hindistanda daha bir dəyərli insanla, daha bir aqil əmirlə
- Kəriməli xanla qarşılaşmışdı. Kəriməli
xan da günlər boyu Hacı Zeynalabdin Şirvanini malikanəsindən
buraxmır, evində qonaq saxlayır.
Hər axşam Hacı Zeynalabdin Şirvaninin ətrafına
o yerin tanınmış insanlarını,
ziyalılarını, elm adamlarını toplayır ki, onun
söhbətlərindən feyziyab olsunlar, fikir mübadilələri
aparsınlar.
Axşamlardan birində ikiləri üzbəüz
qalanda Hacı Zeynalabdin Şirvani Kəriməli xandan bir
söz soruşur. Bu sözü axşamlardan birində ondan
soruşmağının izi də elə Hacı Zeynalabdin
Şirvaninin əsərində, qələmində yadigar
qalıb: "Soruşdum ki, axı nəyə görə mənə
ifrat görünəcək dərəcədə diqqət
göstərirsiniz? Kəriməli xan cavab verdi ki, ifrat deyil, sənə
diqqətimin ən azı səkkiz səbəbi var. Birinci səbəb
insanpərvərlikdi, insanlar gərək bir-birlərinə
diqqət göstərsinlər, qayğı göstərsinlər.
İkinci səbəb odur ki, siz qəribsiniz, ayrı bir
diyardan gəlmisiniz, bu diyarda olduğunuz müddətdə gərək
elə nəcibliklər, elə yaxşılıqlar görəsiniz
ki, qayıdıb gedəndən sonra da bu ölkə, bu
ölkənin insanları haqqında xoş sözlər
danışasınız. Üçüncü səbəb
odur ki, siz qonaqsınız. Qonaq hansı evə gəlsə, o
evin bəzəyidir. Qonağın həmişə
pişvazında durmaq lazımdır, ona diqqət göstərmək
vacibdir. Dördüncü səbəb odur ki, sizi bizim məmləkətə
məhəbbət gətirib. Bizim yurda, bizim insanlara məhəbbət
bəsləyənə məhəbbətlə cavab vermək
borcumuzdur. Beşinci səbəb odur ki, siz alim bir
adamsınız. Alimin qulluğunda durmaq hər bir insan
üçün şərəfdir. Altıncı səbəb
odur ki, siz arif adamsınız. Hər alim ariflik mərtəbəsinə
ucalmır. Yeddinci səbəb odur ki, siz elə bir təriqətin
yolunu tutub gedirsiniz ki, amalınız kasıblara, köməyə
ehtiyacı olanlara yardım etməkdir, insana dayaq durmaqdır.
Köməyə ehtiyacı olanlara dayaq durmağa
çalışan insanlara ehtiram, əlbəttə ki,
borcumuzdur. Səkkizinci səbəb odur ki, siz doyulmaz bir
insansınız. Sizin şirin söhbətlərinizin dadı
bizim damağımızdan hələ illər boyu getməyəcək".
Şəhər-şəhər, ölkə-ölkə
gəzdikcə o yerləri təsvir etməklə
yanaşı, Hacı Zeynalabdin Şirvani bu məqamlara,
insanların səciyyəvi keyfiyyətlərini qələmə
almağa da üstünlük verməyi unutmur. Həm də
bunu məqsədli şəkildə edir. Çünki o
insanlar həmin yerlərin mənzərəsini tamamlayan cizgilərdir.
O insanlarsız o yerlərin gözəlliyi bəlkə də
o cür tamlığı ilə görünməzdi.
Yollardan keçə-keçə Misirə gəlib
çatmışdı və Misirdə yolu bir gün
İbrahim bəy adlı əmirlə kəsişir.
İbrahim bəy zəki, həssas bir insan idi. Qısa
ünsiyyət əsnasında anlayır ki, Hacı Zeynalabdin
Şirvani həddən ziyadə qiymətli şəxsiyyətdir.
Təklif edir ki, qal mənim yanımda. Sənin
üçün nə şərait istəyirsən
yaradım. Onsuz da kifayət qədər səyahətlər
etmisən. Ardınca da deyir ki, mənim tabeliyimdə olan əyalətlərdən
biri Qamusdur. O Qamus əyalətində 70 kənd var. Həmin
70 kəndi, o Qamus əyalətini bağışlayıram sənə.
Bütün sərvəti, hər nəyi varsa səninki olsun.
Təki sən qal burada, mənim yanımda. Hacı Zeynalabdin
Şirvani imtina edir.
Tək burada yox ki, bundan əvvəl ayağı dəymiş
çox yerlərdə də ona təklif edilən hədiyyələrdən,
sərvətdən, naz-nemətdən həmişə imtina
eləmişdi. O, çoxdandı ki, bir pak dərviş, sufi
mərtəbəsinə ucalmış insan idi. Daxilən elə
zənginləşmişdi ki, dünya malının onun nəzərində
dəyəri yox idi. Onun üçün əziz olan insan
münasibətləri, insan mənəviyyatının saf tərəfləri
idi.
Gözümüzün önünə
oçağkı çətin keçilən yolları,
yurdlar arasındakı uzun məsafələri gətirincə
bunun da fikrini etməliyik ki, həmin əyyamlarda o məsafələr
məhz indiki kimi rahat qət edilən olmadığından
mahiyyətcə bugünkündən qat-qat uzunmuş. Bu məntəqədən
o məntəqəyə aparan nəqliyyat vasitələrinin
imkanları məhdudmuş, yüz cür əziyyətlə,
təhlükələrdən adlayaraq bir yerdən başqa bir
yerə gedib çatanda dincəlmək imkanları da məhdudmuş.
Ara-sıra gözə dəyən karvansaralar da yuyunmaq,
rahatlanmaq, ürəyin istəyən rahatlıq
tapmaqçün imkan verən deyildi, sadəcə, gecələmək
fürsəti idi.
Ancaq bütün bu əziyyətlərə rəğmən,
Hacı Zeynalabdin Şirvani içərisinin bütün
şövqü ilə yollara doğru həmişə can
atdı. Çünki bu təmin və təmiz mənəviyyatlı
insan gəzdiyi-gördüyü yerlərdən içərisinə
işıq toplayırdı və daxilində daim bu ehtiyac da
vardı ki, həmin işığı başqalarına da
yaysın.
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 18 dekabr(№232).-S.10-11.