İsa Muğanna və Robert Lanza...
(XALQ YAZIÇISI İSA MUĞANNANIN "İDEAL"
ROMANI HAQQINDA QEYDLƏR)
(1-Cİ YAZI )
Xalq yazıçısı İsa
Muğannanın nəsrində
qloballıq və milli-tarixi erudisiyanın miqyası get-gedə
inkişaf etdi. Çoxları elə
düşünürdü ki, onun əsərləri mistik,
fantastik, romantik təxəyyül sərhədsizliyindən
yaranır. Hətta müəllifin özünün imtina
etdiyi birinci dövr yaradıcılığı (1949-1984) ədəbi
tənqid və oxucu auditoriyası üçün qəbul
edilən, ikinci dövr yaradıcılığı isə
"anlaşılmaz" kimi izah olundu. Halbuki birinci dövr,
"İdeal" romanına qədərki
yaradıcılığı da zamanında kəskin tənqidlərə,
hücumlara məruz qalmışdı. Maraqlıdır ki,
onun qəhrəmanlarını hələ 1950-ci illərin
sonundan etibarən "yad planetdən gələn adam" -
deyə tənqid edirdilər.
İ.Muğanna isə başqa dünya ilə və
daha böyük tarix, daha böyük zaman və məkan
haqqında düşünür, həmin Yer mühitinə
sığmayan dünyanın romanlarını yazmağa
hazırlaşırdı. Bu böyüklük və bəşərilik
yalnız mövzu-məzmun, fikir-ideya fundamentallığı
ilə deyil, həm də üslub, estetik baxış və nəsr
sənətkarlığında yenilik istəyi ilə
ölçülürdü.
Həqiqətən də yeni Azərbaycan nəsrinin
konturları ilk növbədə İ.Muğannanın bədii
təfəkküründə cızıldı. O,
şablonlardan imtina edərək yeni təfəkkür, yeni
baxış bucağı aramağa başladı.
İ.Muğannanın yaradıcılığının
ümumi xarakteristikasına toxunmadan onun "İdeal"
romanına diqqəti cəlb etmək istərdik. Romanın
2005-ci ildə çap olunan son variantı müəllifin uzun
illərdəki redaktələri əsasında hasilə gəlmişdir.
Lakin ilk dəfə 1980-ci illər nəsrində gözlənilməz
ədəbi hadisə kimi əks-səda verən əsərin
inqilabi, intibahi tezisləri əsas verir, deyək ki, bu əsərdə
bir müəllifin, bir xalqın ədəbi təfəkkürünün
deyil, ümumiyyətlə, böyük miqyaslı ədəbiyyatın
intonasiyasını dəyişə biləcək fərqli səs
eşidildi.
Stalinizm nəzəriyyəsi ilə idarə olunan
ölkədə müharibədən sonra da repressiya və
çuğulçuluq bitmirdi. Sürgün həyatı
insanları doğmalarından ayırır, yadlaşma faciəsi,
aclıq baş alıb gedirdi. İnsanlar qorxu və səfillik
içərisində ölürdü. Müəllif Cəbrayıl
obrazını Stalinin prototipi kimi yaratmışdı.
İ.Muğanna İ.Stalinin var gücü ilə Azərbaycanı
parçalamaq istəyini, Cənubi Azərbaycanın
farsın, Şimali Azərbaycanın isə rusun əlində
qalması siyasətini aydınca görürdü.
Borçalı və Başkeçidin gürcülərin,
İrəvan çökəyi, Zəngəzur, Göyçə,
Dilican dərəsinin isə ermənilərin adına
yazılması ideyası da İ.Stalin təşəbbüsünün
məhsulu hesab edilirdi. "İdeal" romanının mətnində zaman, məkan, hərəkət
dialektikası qeyri-adi miqyaslılığı ilə
seçilir. Burada həm konkret zaman var, həm də tarixi bəlli
olmayan mifoloji zaman. XX əsrin əvvəlləri, Cənubi Azərbaycan
və Şimali Azərbaycanda baş verən ictimai-siyasi,
sosial hadisələr, XX əsrin 40-cı, 50-ci illərində
Stalin repressiyalarının davamı real faktlarla təsvir
edilir. Bir də var mistik, qeyri-müəyyən zaman
ilğımı. OdƏrlərin keçmişi. Süleyman,
Nuh, İbrahim, İsa peyğəmbər tarixindən də qədim
zamanın "dli" ilə nəql edilən "tarix".
Məkan məsələsi də romanda illüstirativ təsvirlər
və həm də tam dəqiq coğrafi eskizlər
(Qonaqlı, Tahirli, Qurbanlı kəndləri və s.) əsasında ifadəsini
tapır.
Yazıçı romanında dil, tarix və ədəbiyyat
kateqoriyalarının ortaq və yeni ifadə üslubunu
yaradır. "İdeal" dili" - anlayışı ilə
düşünmək, eşitmək zərurəti
yaranır. Məsələn, bu parçada bədii təfəkkürün
dil və tarix faktlarını öz məxrəcinə gətirib
yeni roman dili yaratması ustalığını
görürük. Bu cür misallar romanda
saysız-hesabsızdır: "OdƏr dilində üç
sözdən ibarət bir söz var: EyOdƏr. Uca Həqiqət
İşığı deməkdi. Kainatda ilk və ən
böyük planetin adıdı bu, həm də Kainatın
sahibi, yaşı məlum olmuyan əbədi Bağ EyOdƏr
Babamızın adıdı" (Muğanna İ. İdeal.
Bakı, "Lider nəşriyyat", 2005, s.64).
Bütün əsər boyu qorunacaq, hifz olunacaq bir sərvətin,
xəzinənin, mirasın davası gedir. Az qala bütün
dünya bu miras, sərvət üstündə mücadiləyə
qalxır. Hətta sirr yuvası olan Vatikan da. OdƏrlərin
kütləvi şəkildə məhv edilməsi siyasətinin
sirri, səbəbi də
"Süleyman padşahın xəzinəsi" - elmi ilə bağlıdır.
Bağdayda Bağ nəslinin, OdƏr xalqının,
Kainatın OdƏr bəşəriyyətinin sirr kimi
saxlanılmasını istəyən böyük güclər
onu məhv etmək niyyətindədir. "Süleyman
padşahın xəzinəsi" adlanan külliyyatı Məhəmməd
Əmirli və onun oğulları Şeyx Ağ Əmir,
Şeyx Boz Əmir və başqa fədailər yazır. Qonaqlıda "Dam direktor" deyilən
Ələsgər müəllim öz ikimərtəbəli
evinin çardağında uşaqlara bu Xəzinədən dərs
keçir. O xəzinə ki həm də "Vərəsə"
adlanırdı, onun üstündə ilan
yatdığını da deyirdilər. O "Vərəsə"nin
qoruyucuları (Məhərrəm Məhərrəmov, Saşa
Babayev, Qılınc Qurban, Lüt Cəfər, Təftiş
Abbas, Sultan Əmirli, Mədəd Əmirli, Xızr Abı)
daima əlbəyaxadadır. Və bu tayda o varidatın ən
sadiq qoruyucusu, o yolda özünü göz görəsi şəhid
kimi qurban verəni Mədəd Əmirli olur. Dostları, eləcə
də qardaşı Sultan Əmirli təklif edəndə ki,
"Bəlkə təhvil verək?" Mədəd deyib:
"Vərəsə qardaşlarımızın zindanda kəsilən
başlarıdı. Nəyi təhvil verək?
Qardaşlarımızın başlarını, ya
özümüzü?" Muğanna İ. İdeal. Bakı,
"Lider nəşriyyat", 2005, s. 536 s. s.192). Xəzinə
elmimiz, tariximizdir. Lakin onun açılmasına,
yayılmasına imkan vermirlər. Məsələn, Mir Cəfər
Bağırov Nərimanovun "Lenin və Şərq"
kitabını yığışdırıb gizlədir.
İ.Stalinin əmri ilə saxta tarixçilər tutub
yalançı tarix yazdırır. Haqqın sahibsizliyi
ağrıdıcı fraqmentlərlə göstərilir. Yer
planeti haqqa sahib çıxa bilmir, onu qorumağı
bacarmır. SafAğdan az-çox başı
çıxanların hamısının sağ gicgahına
iti uclu çəkic çaxırlar. Mədədin bu barədə
qətiyyətli fikri ("Vərəsə nəsilbənəsil
"Muğ" yetirmək üçün deyilmi, dadaş?!
Əsrlərnən qırıla-qırıla
dağılışan Türk hələ də
dünyanın ən böyük xalqı deyilmi?! Mən bilirəm,
bundan sonra da çox qıracaqlar bizi. Yerdə qalanların
umudu nədi, dadaş?! "Vərəsə"ni versən,
Türk kar-kor qalıb tamam savadsızlaşmazmı?!
OdƏrliyimiz tamam unudulmazmı, dadaş?!" (Muğanna
İ. İdeal. Bakı, "Lider nəşriyyat", 2005, 536
s. s.193) bizi roman boyu "vərəsə"
haqqında ciddi düşünməyə vadar edir. Bu "vərəsə"nin
sirrini həm də "İdeal" dili" lüğətinin
sözləri vasitəsi ilə tapmaq olur. Təkcə fonetik
baxımdan deyil, həm də leksik-semantik baxımdan maraq
doğuran bu sözlərin lüğəti tərtib olunsa,
xüsusi leksikoqrafiya araşdırması obyekti ola bilər.
"Allah" - ƏlAğ, "OdƏr" - Həqiqət
işığı, "BağHəmOd" - Məhəmməd,
"EySar" - İsa -
İis+us, "Kalaktika" -
QalAğ, "ƏsƏlim" - Yaradan Əlim və s.
bu kimi yüzlərlə yeni ifadələr işlədilir.
"Ümumiyyətlə, Odər dili ideyasının
(və ya bu ideyanı formalaşdıran etimoloji materialın)
linqivistik baxımdan nə dərəcədə əsaslı
(elmi) olub-olmaması barədə mübahisə etmək
mümkündür, lakin məsələ burasındadır
ki, həmin ideya ədəbi-bədii fakt (obraz) kimi tamamilə
mübahisəsiz, hətta o qədər mükəmməldir
ki, ondan imtina olunsa (bir vaxtlar belə fikirlər də səslənirdi),
yazıçının ədəbi-fəlsəfi mövqeyinə
ciddi xələl gələr.
Bu yerdə və bu məsələ ilə
bağlı olaraq böyük tənqidçi ədəbiyyatşünas
Yaşar Qarayevin bir fikri yada
düşür. O deyirdi ki, elm Darvinin şəxsində
insanın meymun, ədəbiyyat, poeziya isə Nəsiminin
şəxsində Allah mənşəyini kəşf
etdi..." (Cəfərov N.
İsa Muğannanın həqiqəti, yaxud həqiqətin
İsa Muğannası. "525-ci qəzet", 2014, 01
sentyabr).
"İdeal" romanında müəllifin
oxucuları qorxudan ultimatum xarakterli narahatlığı isə
hələ də sual olaraq qalmaqdadır. İ.Hüseynov
mistika, yuxu, qeybdən gələn səs əsasında tarix
yazırdımı? Bu tarixin həqiqiliyinə inanmağa səbəb
vardırmı? Axı müəllif bütün bunları
ancaq bədii mətndə, roman məzmunu kontekstində deyil,
romana yazdığı "ön söz"də və
müsahibələrində, çıxışlarında da
deyirdi: "Mən sözün əsl mənasında ürək
ağrısı ilə, faciə içində bildirirəm
ki, əsrlər boyunca Vatikan casuslarının təlimatları
əsasında ("öz əlimizlə") gah
açıq, gah da gizlin məhv edilən "Muğ" -
Bağ nəslinin təhrif adı ("Muğanna" -
"Bizim Muğlar") altında çap etdirdiyim
ƏsƏrlərdəki Bağ həqiqəti - SafAğ Elmi hələ
də təhrif "izm"lərin müqavimət səddi
arxasındadır. Yeni Zaman - 2000-ci il ərəfəsində
sədd dağılmalıdır, təhrif insan məhz
SafAğ Elmi sayəsində maariflənməli,
saflaşmalı, hər cəhətdən ucalıb OdƏr bəşəriyyətinə
- əbədi həyat planetlərinə qovuşmalı, yəni
"Yer" - EyƏr (Uca İşıq) planetinə gizlin gəlib
gedən İşıq gəmilərinin düşdükləri
guşələrə buraxılası halda olmalıdır.
Əks halda fəlakət baş verəcək" (Muğanna
İ. İdeal. Bakı, "Lider nəşriyyat", 2005, 536
s.5) İ.Hüseynovun fikrincə,
Odərlər sonradan sufiyə çevriliblər. Ərəblər
Saf Ağ elmini təhrif edib.
Romanda qoyulan sual və problem əsərin əvvəlində
təbii olaraq şübhə doğurur. On min illərin
arxasından inanılmaz tarix faktları göstərmək istəyən
müəllif nəyə istinad edəcək? Hansı
elmi-tarixi mənbəni əsas göstərəcək? Təkcə
yuxu, qeybdən gələn səs mülahizəsi
inandırıcı ola bilərmi? Müəllif inamla bildirir
ki, onun əsərlərinin yazılma səbəbi Ey Sarın
işıq gəmisi ilə səmadan gələrək onun
qulağına pıçıldadığı fikirlərlə
bağlıdır. "Qurani-Kərim"də
soruşulması qadağan edilən "ruh" haqqında
qeybdən eşitdiklərini qələmə alır. Bildirir
ki, insan ruhunun ölməzliyi və bədəni tərk edəndən
sonra İşıq Gəmisi ilə paralel dünyalara gedib
orada məskunlaşması əbədi həyat deməkdir.
Romanın sonuncu cümləsi qiyamət xəbəri
assosasiyası doğursa da ("İşıq gəmilərinin
"Yer"ə enməyinə lap az qalıb"),
yazıçı insanın bu dünyadakı sonunu müjdə
ilə qarşılayır. İşıq gəmiləri
xilasedici funksiyasındadır.
"1985-ci ildə ün eşitdim. Onda mən
"Yanar ürək" əsərini yeddinci dəfə
işləyirdim. Dünyada İisus adı ilə tanınan Ey
Sar (ey uca, Sar hökmdar deməkdir, ruslar çar demirlərmi)
mənimlə danışmağa başladı. O, məni
danladı ki, bir romanı nə qədər yazmaq olar? Sən
elə hesab edirsən ki, Azərbaycanın faciəsi
partiyanın siyasəti ilə bağlıdır. Amma səhv
edirsən. O vaxt qonşularınız olan yunanlar, dil, təfəkkür
baxımından vəhşi xalqları sizin dilinizi, göylərlə
bağlı təfəkkürünüzü əlinizdən
alıblar, sizin faciəniz də bundadır. Ey Sar dedi ki,
"Yanar ürək" əsəri üzərində
işləməkdən əl çək, mən sənə
müasir dövrə aid roman verəcəyəm. Hadisələr
danışacağam və sən onun əsasında roman
yazacaqsan. Mən də tabe oldum və 1985-ci ildən
"İdeal"ı yazmağa başladım. Bundan sonra mənim
şüurum, təfəkkürüm,
yaradıcılığım tamamilə dəyişdi.
Dostlarımdan, yazıçı kollektivindən
aralandım" (Muğanna İ. Düşmənlərim
üçün darıxıram
https://news.milli.az/culture/257340.html).
"İdeal" romanında "göylərlə
bağlı təfəkkür" işarəti yeni suallar
yaradır. Qədim və möhtəşəm dil, mədəniyyət
qalıqlarının xarabalıqları üzərində
dayanıb faciəmizin tarixini öyrənməyə
çalışırıq. İ.Hüseynov bu romanı ilə
bizim bir xalq kimi özümüzü özümüzə
tanıtmağa cəhd edir. "Malenkaya respublika" - həqarətinə
kitablarla, cildlərlə romanlar yazıb cavab verir. "Ölməz
xalq - ölməz ruh" - teoremi üzərində
yaddaşımızı təzələyir. Bu sufiyanə təfəkkürlə
müəllif "Məşhər"
romanını da yazır. Lakin onu da qeyd edir ki, sufilik SafAğ
elminin mahiyyətini daşıyır. Ərəblər
SafAğ elminin adını təhrif edib "Sufilik" kimi
tarixdə yaşadıblar. Dünyanın, kainatın insanlarla
Yer adlı məkandakı bağını müəyyənləşdirmək
məqsədi əsas ideyaya çevrilir. "Biz tarixdə
varıq və ya, tarix bizdən başlanır" -
iddiası roman boyunca SafAğ elmi nəzəriyyəsinin tezisləri
ilə düşüncəyə yeridilir. Özü də
"Qabusnamə" əsərindəki "Ey oğul!"
- nidası ilə. Romanda hər kəs Səmədə - Sim
Oda (Azərbaycana) "Ey oğul, özünü, əslini,
kökünü, dostunu, düşmənini tanı!" -
mesajını tövsiyə kimi
deyil, tale məsələsi kimi təlqin edir.
Ölümlər çoxdur əsərdə. Boz Əmir,
Ağ Əmir, Mədəd Əmirli. Sultan Əmirli, Heydər
Nəcəfoğlu Hüseynov, Saşa Babayev və onlarla fədai.
Eləcə də tarix, yaddaş kitabları məhv edilir,
lakin ölmürlər. Səməndər quşu kimi küldən
oda, oddan külə dönürlər, fəqət yox
olmurlar, başqa qalaktikalarda, kiminsə şüurunda, mənəviyyatında,
əxlaqında, dilində, dinində yaşayır, əbədi
ölməzlik qazanırlar.
İ.Muğannanın "İdeal" əsərindəki
"ölümsüzlük" fəlsəfəsi sadəcə
mistik, intiutiv diktələrlə izah edilmir.
Yazıçı elmi müddəalarını bədii dillə
də olsa, açıqlamağa çalışır. O
yazır ki, insan öləndə, bədəni tamam soyuyana qədər
və bir az da bədəni soyuyandan sonra beynindən
"ruh" - ƏrAğ (SafAğ İşıq)
çıxır. İnsanın ölmüş bədənində
diri və əbədi yaşamaq gücündə olan
hüceyrələrlə dolu işıq var. Meyitin təxminən
üç-dörd metrliyində, lap yaxında uzunsov şar
şəklində toplanır, ağappaq olsa da, açıq
havada qaraya çalır. Adi insan, yəni təhrif insan o
şarı görmür. SafAğ Elmini mənimsəyən,
beyni, gözləri SafAğ İşıqla zəngin olan
insan isə o ölən adamın silueti olan şarı
görür. Diri qalan "şüur" insanları
görür, onlara münasibətini də ifadə edə
bilir. Nifrət və ya rəğbətli
yanaşmasını hiss etdirir. Ölən adamın
bütün varlığının proqramı həmin
şarda gizlənib. Daş-divarı dələ biləcək
həmin "şar" ölümsüzlüyün və əbədiyyətin
gücü kimi simvollaşır. Və həmin
"şar" maneəsiz olaraq uçub, planetimizin atmosferindən
sürətlə çıxıb gedə bilir.
Bütün əsər boyu ölümsüzlük
istər insan, istər xalq, istərsə də dil və zaman
üçün məqbul hesab edilir. İ.Muğanna inamla
sübut etməyə çalışır ki, ölüm
Yer planeti üçün qanundur, lakin kainatda yox olma, itmə,
məhv edilmə mümkün deyil. Bədənin
ölümü ilə həyat sonlana bilməz. İnsan
öz zehni, şüuru ilə var olur. Şüur isə
yaşamağa davam edir.
Maraqlıdır ki, müasir dünya elmində də
ölümsüzlük və ölümdən sonrakı həyat
haqqında maraqlı nəzəriyyələr və kəşflər
yaranmaqdadır. Robert Lanza "Biomərkəzdən o tərəfə"
adlı əsərində ölümdən sonrakı
varolmanın səciyyəsini bu şəkildə izah edir.
2011-ci ildən insan geninin kök hüceyrəsi testinə
başlayan Robert Lanza Kvant fizikasının nəzəriyyəsini
əsas götürərək sübut etməyə
çalışdı ki, ölüm əslində mövcud
deyil. Bu - ölüm sadəcə insan beynində bir
düşüncə modelidir. Zaman və məkan olmayan yerdə
ölümdən söhbət gedə bilməz. O bu nəzəriyyəsi
ilə əslində A.Eynşteyn tezislərini təsdiq
etmiş oldu. R.Lanza ölümsüzlüyün zamana
bağlı olmadığını iddia etdi. Yəni
ölümsüzlük məntiqlə zamansızlıq deməkdir.
R.Lanzanın qənaətinə görə ölüm və
ya ölümsüzlük sırf insan beyni ilə
bağlı məsələdir. Fiziki yoxolma hələ
ölüm demək deyil.
Dini kitablarda, eləcə də Quranda ölümdən
sonrakı həyatın mövcudluğu haqqında
yazılır. İkinci həyat, ölüb, yenidən dirilmə
və əbədi həyat məsələsi bəzən
xurafat kimi qəbul edilib. Elm, xüsusən də materialistlərin
təsəvvürü bu iddianı çox zaman ciddi qəbul
etməyib. Lanza ölümü bir həyatdan başqasına
keçid kimi qəbul edir. Göstərir ki, insan enerji kimi
mövcuddursa, bu enerji şəklini dəyişirsə, bunu
ölüm adlandırmaq olmaz. Dahi fizikin fikrincə, insan
beynində aşkar olunan enerji mənbəyi bədənin
ölümü ilə birlikdə yox olmur. Heç zaman
ölməyən enerji qaynağı insanın
mövcudluğunun, daimi, əbədi mövcudluğunun şərtidir.
Bədənin ölümündən sonra da var olan bu beyin
enerjisi əslində insanın ölməzliyi faktıdır.
Bizim düşüncəmizdə sərhədlədiyimiz
zaman içərisində hansısa insanın fiziki yoxluğu
onun ölməsi, bitməsi demək deyil. Beyin enerjisinin
köçməsi, hansısa planetə ötürülməsi
həyatın davamı deməkdir. Robert Lanza "Biomərkəzdən
o tərəfə" adlı əsərində ölümdən
sonrakı həyatı elmi dəlillərlə izah etməyə
çalışıb. Bədənin ölməsindən
sonra şüurun, beyin enerjisinin başqa planetə
köçməsi ölüm yox. Sadəcə bir
keçiddir.
"Yeni nəzəriyyə sonsuz sayda dünyaların
mövcudluğunu düşünür. Gələcəkdə
baş verə biləcək hər şey mütləq
onlardan birində baş verir və heç bir ssenaridə
heç bir real ölüm yoxdur. Bütün kainat eyni vaxtda
mövcuddur və hər birində nə baş verdiyindən
asılı olmayaraq ölüm yoxdur. "Mən kiməm?"
(Həyat mənbəyi) - sualının cavabı belədir:
yaşama gücü beyində hərəkət edən 20
vatt enerji mənbəyidir və bu enerji ölməz. Elm
aksiomlarından biri də enerjinin nə yaradılıb, nə
də məhv edilə bilməsi məsələsi ilə
bağlıdır. Biosentrizm isə deyir: ölənin
şüuru paralel bir kainatda oyanır. Yeni nəzəriyyə
daha çox alimlər, xüsusilə bioloqlar tərəfindən
tanınır" (Lanüa R. - uçenıy,
otkrıvşiy bessmertie ili Kto je mı na samom dele.
https://terratunguska.livejournal.com/61314.html). Daha sonra
yazıçı, yuxarıda da deyildiyi kimi, ölümün insan
varlığının sonu kimi yox, sadəcə olaraq
insanın fərqinə vara biləcəyi bir keçid
olduğunu əsaslandırmaq üçün İ.Nəsimi
ilə bağlı rəvayətlərə, salnamələrə
üz tutur. Sübut etməyə çalışır ki, bu
keçiddən sonra insan ruhu başqa bir qalaktikada məskunlaşır.
Bizim gizlin elm mərkəzlərimizdən biri olan Hələb
şəhərində baş verən möcüzəvi hadisəni
xatırladır:
"İdeal"da İslam dinində, "Qurani-Kərim"də
təsvir edilən əbədi məkan - cənnət və cəhənnəm
kateqoriyalılığına, əzablardan keçib təmizləndikdən
sonra işıqlı məkanda qərar tutma prosesinə
işarə edilir. Məlum olur ki, biz təhrif olunmuş,
yanlış dünyada yaşayırıq.
Ruhlarımızın buraları tərk edib üz tutduğu
başqa bir qalaktika var. O qalaktika bizdən xəbərsiz deyil.
Aramızda bağ, ün, əlaqəsi var.
"İşgəncələrdən keçib əbədiyyət
qazananlarımıza, yəni təhrif həyatı dərindən
dərk edənlərimizə icazə verilir ki, "Yer"ə,
öz vətənlərinə Ün göndərsinlər.
Belələri, lazım gələndə,
"İşıq gəmiləri" dediyimiz planetlərarası
gəmilərdə "Yer"ə gəlib, gizlin guşələrdə
gizlin yaşayırlar, Ey-Sarın tapşırığı
ilə iş görürlər" (Muğanna İ.
İdeal. Bakı, "Lider nəşriyyat", 2005, 536 s. s.64).
Kamil İnsan problemi İ.Muğanna nəsrinin daimi
mövzusudur. Hər addımda haqqı tapdalayan cahil insanlarla
mübarizəsini qələmi ilə icra edən
yazıçı İ.Nəsimi sufizmini, öz
yaratdığı "Allah" - ƏlAğ-SafAğ
İnsan Əli olan OdƏr düşüncəsindən
keçirir. SafAğ Elmini dəryaya bənzədir. Yalnız
SafAğ Elmini öyrənənlərə məlumdur ki,
"Firdovsi" niyə deyir: "Rüstəm Zal Simurğun
yuvasında böyüyüb". Naşı oxucu
çiynini çəkir: "Bu nə əfsanədi belə?!
Necə yəni Simurğun yuvasında böyüyüb?!"
Rəmzlərə bələd oxucu isə əvvəlcədən
bilir ki, "Simurğ" - SimƏrAğ gəmisinin
yuvası Kainatdı!" (Muğanna İ. İdeal. Bakı,
"Lider nəşriyyat", 2005, 536 s. s. 524).
Romanda hadisələrin zamanı və məkanı
böyük miqyasda əhatə olunur. Şimali və Cənubi
Azərbaycan tarixini parçalanmış bir ailənin -
Əmirlilər soyunun timsalında göstərir. Səməd
təkcə faciə qəhrəmanı deyil, gənc hesab edilən,
əslində isə min illərlə yaşı olan bir məmləkətin
- Azərbaycanın özüdür. Varisdir!
1904-cü ildən 1922-ci ilə qədər Cənubi Azərbaycanda Nərimanovun
fəaliyyətini İ.Stalin alt-üst edib. Məlum olur ki,
1922-ci və 1930-cu illərin kütləvi tutquları
olmasaydı, Cənubda Milli hökumət elə o zaman qurulardı. S.C.Pişəvəri "Zindan
xatirələri" əsərində də təsdiqləyibmiş
ki, 1945-ci ilin dekabrından 1946-cı ilin dekabrına qədər
Milli hökumət yüz ilin işini görübmüş.
"Yüz ilin işini" də İ.Stalin məhv edib.
1950-1960-cı illərdə də İ.Muğanna rəsmi
ideologiya ilə daban-dabana zidd olan ideyalarını ədəbiyyata
gətirməklə məşğul idi. Onun qəhrəmanlarının
bir qismi stalinizmi, yaşamaqda olan Stalin nəzəriyyələrini
canında, əməlində, ruhunda gəzdirən kabuslar kimi
təsvir edilirdi. 1960-cı illərdə də
İ.Muğanna rəsmi ideologiyanın tənqid hədəfi
olaraq qalmaqda idi. Həmin illərdə
Xasay Vəzirov çıxışının böyük
bir hissəsini İsa Hüseynovun "Azərbaycan"
jurnalının 1963-cü il 3-cü nömrəsində
çap olunmuş "Kabus" povestinin kəskin tənqidinə
həsr etmişdir.
İ.Muğanna yaradıcılığının
sonrakı mərhələsi göstərdi ki, müəllif
artıq Yer qanunları, real zaman və məkan aurası
orbitindən çıxır. O daha nə Mərkəzi Komitə,
nə Azərbaycan Yazıçılar İttifaqı, nə
də ədəbi tənqidçiləri eşidirdi. Təbii
ki, Xasay Vəzirovun da "tövsiyələri" eşidilməz
oldu. Çünki artıq 1980-ci illərdə yazıçı
qeybdən səs - ün eşitməyə başladı. Həmin
fövqəl Ün sahibini tənqid etmək isə asan məsələ
deyildi. Lakin o da kədərli idi ki, "İdeal"
romanının sonunda yazıçı öz
anlaşılmaz durumunu etiraf edəcəkdi. Yer adlı planetdə
anlaşılmamaq faciəsi yaşayan yazıçı gecədən
səhərə qədər EySarın səsini dinləyə-dinləyə
yazdığı əsərin taleyindən
narahatlığını bildirəcək, insanları bu əsəri
oxumağa səsləyəcəkdi. "EySar (İsa) ilə
Muğanna (İ.Hüseynov) arasında əlaqə
yaranıbdır, ey insan, ayıl, oxu!" - nidası
yalvarışa bənzər səsə çevriləcəkdir.
Sübut etmək istəyəcəkdir ki, əbədiyyət əfsanə
deyil, insan əbədi yaşaya bilər, yaradan
İşığı, Odu dərk etmək, saflaşmaq, elmlənmək,
təhrif beyin, çürük bədənlə
vidalaşmaq lazımdır.
İ.Muğanna ağıl kəsən nə
vardırsa, hamısının cövhərinə,
rüşeyminə qədər enirdi. Hətta sözləri hərf-hərf,
səs-səs analiz edir, öz böyük həqiqətini
burada da kəşf edirdi.
Səməd - SimOd (Uca həqiqət) tarixin, əslində
süjetin və dramatizmin mərkəzinə çəkilir.
Ona qarşı olan haqsızlıqlar və ədavət istər
doğmaları, istərsə də yadlar tərəfindən
baş verir. Və bu məqamdan Səmədi Azərbaycanın
simvolu, rəmzi, işarəsi kimi xəyalımızda
canlandırırıq. Azərbaycan uca həqiqət məqamında
olan qədimlik, ilkinlikdir. Hər bəla onun başı üzərində
dövr edir və yazıçı bütün bu xronikanı
əsrlərin, minilliklərin sərhəddində analiz edir.
Roman boyu bütün vəsiyyətlər ancaq Səmədə
edilir, sirlər də ona açılır. Atası Mədəd
Əmirli, əmisi Sultan Əmirli, Çax-çux Xalıq,
Seyid, Xızr Abı - hamısı Səmədi hədəf kimi qəbul edir. Səməd
bu sirləri eşidən gündən "dəli-dolu"
cavanlığı ilə vidalaşır və nəinki sirr,
həm də dərd dağarcığı olur. Əmisi
Sultan Əmirli ona Süleyman peyğəmbərin xəzinəsinin
də onlarda olduğunu deyir. Yenə də Səmədi bir
şəxs, fərdtək deyil, məmləkət simvolu kimi
gözlərimiz önündə canlandırırıq. Sərvət
(Neft, qızıl yataqlarımı, yoxsa elm, sirr, hikmət
kitabları?) üstündə yatan, sərvəti
ucbatından başı bəlalar çəkən Azərbaycan!
İradə MUSAYEVA
525-ci qəzet .- 2024.- 19 dekabr(№233).-S.14-15.