Zamana sığmayan
alim ömrü
Böyük istiqlalçı alim, professor Şirməmməd
Hüseynov bir əsr öncə Azərbaycanın qədim mədəniyyət
beşiyi sayılan bölgələrin birində - tarixi şəxsiyyətlər,
ziyalılar, alimlər, şairlər yetirən Şəkidə
dünyaya göz açmışdır. Bu illərdə
xalqımız çətin sınaq qarşısında
qalmış, yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti
süquta uğradılmış və vətənimiz
imperiyanın müstəmləkəsinə
çevrilmişdir. Ancaq illər ötəcək, bu
işğal faktı xalqımızın bir çox demokratik
fikirli, azadlıqsevər ziyalıları kimi, Şirməmməd
Hüseynovun da qəlbində barışmazlıq hissi
oyadacaq. Sonralar bütün həyatını müstəqilliyimizi
əlimizdən alan imperialist qüvvələrə
qarşı mübarizəyə həsr edəcək.
Ömrünün yarım əsrindən çoxunu
milli mətbuatımızın araşdırılmasına sərf
edən Şirməmməd Hüseynov fəaliyyəti boyu
öz əqidəsinə sadiq qalmış, Azərbaycanın
azad, demokratik, müstəqil bir məmləkətə
çevrilməsi uğrunda mübarizənin ön
sıralarında addımlamışdır. Cəfakeş alim
milli mətbuatımızın hansı səhifəsini
araşdırmışsa, orada
mütləq obyektivlik, doğruluq, ədalətlilik
prinsipini uca tutmuş və xalqa, geniş oxucu auditoriyasına əsl
həqiqəti söyləməkdən çəkinməmişdir.
Professor Şirməmməd Hüseynov öz tədqiqatlarında
Azərbaycan tarixinin, milli mətbuatımızın
ictimai-siyasi hadisələrlə zəngin olan bir mərhələsinə
- XX əsrin əvvəllərinin araşdırılmasına
daha çox önəm vermişdir. Alim mətbuat səhifələrindən
seçib tədqiqat obyektinə daxil etdiyi publisist məqalələrdə
cəmiyyətin müxtəlif təbəqələrini təmsil
edən insanların, fərqli dünyagörüşə, məfkurəyə
məxsus olan vətənpərvər ziyalıların azərbaycançılıq,
türkçülük ideologiyası ətrafında birləşərək
bütövlükdə xalqımızı elmə, mədəniyyətə,
tərəqqiyə səsləməsi məsələlərini
diqqət mərkəzində saxlamışdır. Şirməmməd
Hüseynov sistemli şəkildə apardığı
araşdırmalarla Azərbaycan publisistikasının mövzu
və problematikasını, əsas qayəsini, ideya zənginliyini
müəyyənləşdirməyə nail olmuşdur. O, Azərbaycan
mətbuatının çətin və şərəfli
mübarizələrdən keçməsini, milliliyə
söykənərək xalqa təmənnasız xidmət
göstərməsini konkret faktlar əsasında şərh
edərək çoxsaylı oxuculara
çatdırmışdı. Tədqiqatçı
xalqının, millətinin taleyini, gələcəyini
düşünən böyük fikir adamlarının əsas
məqsədini, ideoloji mübarizələrinin mühüm məqamlarını
sərf-nəzər etmiş, məqalələrində
geniş şəkildə əks etdirərək milli mətbuatımızın
dəyərli və sanballı salnaməsini
yaratmışdır.
1991-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini
bərpa etdikdən sonra, ölkəmizdə ideoloji
qadağaların aradan
götürüldüyü bir dövrdə Şirməmməd
Hüseynov zamanın ictimai-siyasi axarından uğurla
yararlanaraq XX əsr mətbuat tariximizin ən maraqlı,
mükəmməl və eyni zamanda qaranlıq qalan səhifələrinə
müraciət etmiş, bugünümüz və gələcəyimiz
üçün vacib olan dərin qatları səbirlə, təmkinlə
açmış və geniş oxucu auditoriyasına
tanıtdırmağa müvəffəq olmuşdur.
Şirməmməd Hüseynovun ən böyük xidmətlərindən
biri də ilk dəfə olaraq "Azərbaycan" qəzetinin
səhifələrindən parlamentin hesabatlarını
toplaması, transliterasiya prosesindən keçirərək nəşr
etdirməsidir. Alimin "Azərbaycan" qəzetində
parlament hesabatları və şərhlər (noyabr 1918-aprel
1920)" adlı üç cildlik kitabı AXC-nin ictimai-siyasi
və sosial həyatının geniş panoramını
özündə ehtiva edən çox qiymətli və
sanballı nəşrlərdir. Professor Şirməmməd
Hüseynov çox böyük əmək sərf edərək
ilk müstəqil dövlətimizin parlament hesabatlarını
arxivlərdən toplamış və transliterasiya edərək
çap etdirmişdir. Bu hesabatlarla tanış olan hər bir
Azərbaycan oxucusu dövrün ictimai-siyasi mənzərəsini
bütün reallığı ilə, aydın şəkildə
görə və təhlil süzgəcindən keçirə
bilir. Hesabatlarda qonşu dövlətlərlə münasibətlər,
yenicə qurulmuş demokratik bir dövlətin üzləşdiyi
problemlər, erməni vandallarının və rus imperialistlərinin
işğalçılıq siyasəti, dövlətçiliyimizə
qarşı məkrli planları həyata keçirməyə
yönələn mənfur niyyətləri, yenidən
imperiyanı bərpaya cəhd göstərmələri kimi
ciddi məsələlərdən bəhs olunmuşdur. Məlumdur
ki, sovet diktaturasının, totalitar rejimin hökm
sürdüyü o illərdə Azərbaycan xalqının
keçdiyi tarixi mərhələlərin mətbuat səhifələrinə
çıxarılmasına imkan verilməmiş, xüsusilə
AXC-nin fəaliyyəti, onun liderləri haqqında məlumatlar
gizlin saxlanılmış və geniş ictimaiyyətə
çatdırılmasına yasaqlar qoyulmuşdur. Şirməmməd
Hüseynov ciddi müqavimətlərə rast gəlsə də,
öz yolundan dönməmiş, parlamentin bütün
stenoqramlarını diqqətlə araşdırmış, ən
kiçik nüanslardan başlayaraq taleyüklü problemlərə
kimi hər bir məsələni diqqət mərkəzində
saxlamışdır. Tədqiqatçı XX əsrin əvvəllərində
erməni daşnaklarının böyük imperialist güclərin
dəstəyilə Azərbaycanda soyqırımlar, fəlakətlər
törətməsini, bu çətin situasiyada Türkiyə
xalqının qardaşlıq köməyini əsirgəmədiyini
tarixi faktların diliylə açıqlamışdır.
Görkəmli alim konkret tarixi faktlar və arxiv sənədləri
əsasında apardığı tədqiqatlarında hadisə
və problemlərə çox həssas, ciddi və tələbkarlıqla
yanaşmışdır.
Şirməmməd Hüseynov bu dəyərli,
sanballı üçcildliklə yanaşı,
"Əkinçi", "Təkamül", "Tərəqqi",
"İrşad", "Molla Nəsrəddin", "Azərbaycan",
"Bakinskaya jizn", "Həqiqət",
"İrani-nov", "Hilal-Əhmər",
"Açıq söz", "Yeni iqbal", "Yeni
Qafqasiya", "Qurtuluş", "Hümmət",
"Bakı həyatı" kimi mətbuat orqanlarından
M.Ə.Rəsulzadə, F.Xoyski, Ə.Ağayev,
Ə.Hüseynzadə, Ü.Hacıbəyli, C.Hacıbəyli,
C.Məmmədquluzadə, Ö.F.Nemanzadə və başqa
böyük mütəfəkkirlərin, ictimai-siyasi xadimlərin,
publisist və naşirlərin müxtəlif mövzularda qələmə
aldıqları yazılarını transliterasiya edərək
çoxmilyonlu Azərbaycan oxucularına
çatdırmışdır. Bu məqalələrin hər
biri ayrılıqda xalqımızın milli mətbuatının
araşdırılmasında və tarixi salnaməmizin
yaradılmasında mühüm əhəmiyyət kəsb
edir.
Şirməmməd Hüseynovun tarixi məxəzlərdən,
qəzet və jurnal səhifələrindən, arxiv sənədlərindən
topladığı zəngin materiallarla tanış olduqca,
oxuyub fikir süzgəcindən keçirdikcə sözün
həqiqi mənasında heyrətlənirsən. Doğrudan
da, bir alim ömrü bu qədər mənbələri,
faktları araşdırmağa necə yetib? Lakin elə bu
sualın cavabını Şirməmməd müəllimin
şəxsi keyfiyyətlərində, səbir və təmkinində,
fədakarlığında, yüksək vətənpərvərliyində,
doğma xalqına təmmənnasız xidmətində, zəngin
mütaliəsində və dərin erudisiyaya malik olmasında tapırsan. Görkəmli
alimin XX əsrin dövri mətbuat orqanları və onun
yaradıcıları haqqında apardığı
çoxsaylı elmi araşdırmaları nəticədə
neçə-neçə sanballı kitabların,
monoqrafiyaların, dərsliklərin yazılmasında ilkin mənbə
rolunu oynamışdır. Professor Şirməmməd
Hüseynov "Həqiqət və ədalət
carçısı"(1988), "Məhəmməd Əmin Rəsulzadə,
Əsərləri, I cild (1992), "Müstəqilliyin çətin
yolu... Biz hara gedirik?" (1996), "Məhəmməd Əmin
Rəsulzadəyə qarşı böhtan kampaniyasının
arxasında kimlər durur?" (1998), "Məhəmməd
Əmin Rəsulzadə",
Əsərləri, II cild (1999),
"Mənəvi irsimiz və gerçəklik"
(2004), "Milli haqq və ədalət
axtarışında" (2004), "Mətbu irsimizdən səhifələr"
(2007), "Müstəqilliyin çətin yolu...
Reallıqlar, düşüncələr" (2009), "Məhəmməd
Əmin Rəsulzadə... Azərbaycanda milli hərəkat"
(2009), "Məhəmməd Əmin Rəsulzadə. Əsərləri"
(Beş cilddə, 2014), "Azərbaycan" qəzetində
parlament hesabatları və şərhlər" (Üç
cilddə, 2012, 2015, 2016, 2017) kimi çoxsaylı kitabları,
məqalələr toplusu, transliterasiya materialları, elmi-nəzəri
və publisistik yazıları, dərslik və dərs vəsaitləri,
eləcə də tərcümələri ilə Azərbaycan
mətbuatının, publisistikamızın böyük tarixi
salnaməsini yaradaraq bugünümüzə və gələcəyimizə
ərməğan etmişdir. Bu araşdırmaların ana xəttini
XX əsrin ilk onilliklərində, xüsusilə Azərbaycan
Xalq Cümhuriyyəti dövründə xalqımızın həyatında
baş verən böyük ictimai-siyasi hadisələr, erməni
daşnaklarının törətdiyi soyqırım və
faciələr, elm və təhsil məsələləri,
ölkənin daxili və xarici siyasəti ilə bağlı
problemlər, qonşu dövlətlərlə münasibətlər,
imperialist güclərlə qarşıdurma, mübarizə və
mücadilələr, eləcə də digər önəmli
məsələlər təşkil edir.
Şirməmməd Hüseynov fundamental tədqiqatlarında
Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə,
Üzeyir bəy Hacıbəyli, Əhməd bəy
Ağaoğlu, Əli bəy Hüseynzadə, Mirzə Bala Məmmədzadə,
Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və
başqalarının zəngin publisistik
yaradıcılığını, ədəbi fəaliyyətini,
milli istiqlal, Azərbaycan Demokratik Cümhuriyyətinin
qurulması uğrunda mücadilə və mübarizələrini
aşkarlayıb xalqa çatdırmağı həyatının
əsas fəaliyyət proqramına çevirmişdir.
Görkəmli tədqiqatçı öz
araşdırmalarında elə şəxsiyyətlərin həyat
və fəaliyyətinə üstünlük vermişdir ki,
onlar sözün həqiqi mənasında xalqımızın
tarixi salnaməsinə adlarını yazmış,
ictimai-siyasi hadisələrin əsas
iştirakçısı və öndəri olmuş,
böyük tarixi hadisələrin şahidi kimi
taleyüklü məsələlərin həllində
birbaşa iştirak etmişlər.
Şirməmməd Hüseynovun ömür yolunda onun
ləyaqətli və şərəfli müəllimlik fəaliyyəti
də xüsusi yer tutur. Uzun illər
çalışdığı Bakı Dövlət
Universitetində minlərlə tələbə ilk dəfə
Azərbaycan mətbuatının keçdiyi tarixi mərhələlər,
onun yaradıcıları, görkəmli şəxsiyyətləri
haqqında məlumatları Şirməmməd müəllimdən
eşitmiş və yaddaşlarında həkk etmişlər.
O, auditoriyalarda Azərbaycan xalqının mübarizə və
mücadilələrlə keçən tarixi inkişaf yoluna
işıq salmışdır. Şirməmməd müəllim
Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə,
Əli bəy Hüseynzadə, Üzeyir bəy Hacıbəyli,
Əhməd bəy Ağaoğlu və başqa görkəmli
ziyalıların vətən məhəbbəti ilə
süslənmiş publisistik yazılarından böyük
şövqlə söhbət açsa da, əksinə, Azərbaycanın
azadlığının əlindən alınması, müstəqilliyinin
itirilməsi ilə bağlı məlumatları tələbələrinə
acı təəssüf hissi, ürək ağrısı ilə
çatdırmışdır. Lakin bütün bunlar azad
fikirli, demokratik düşüncəli müəllimi ruhdan
salmamış, o, gələcəyə nikbin əhval-ruhiyyə
ilə baxmışdır. Şirməmməd müəllim
bu müqəddəs və əvəzolunmaz hissləri öz
yetirmələrinə aşılamış, onları da
öz sələfləri kimi mübariz olmağa
ruhlandırmışdır. Nəhayət, Azərbaycan
Respublikası öz müstəqilliyini bərpa etdikdə
Şirməmməd Hüseynov bu böyük tarixi hadisəni
haqqın, ədalətin qələbəsi və təntənəsi
kimi dəyərləndirmiş, gəncləri 70 ildən sonra
çox böyük qurbanlar bahasına əldə etdiyimiz
müstəqilliyi göz bəbəyi kimi qorumağa səsləmişdir.
Şərəfli ömür yolu keçən,
böyük bir məktəb yaradaraq kamillik, müdriklik zirvəsinə
ucalan, çağdaş jurnalistikamızın əsas
inkişaf yollarını müəyyənləşdirən
bu ensiklopedik şəxsiyyətin yazdığı kiçik
məqalədən başlayaraq iri həcmli kitablara,
monoqrafiyalara, televiziya və radio
çıxışlarına, verdiyi müsahibələrə
qədər hər birisi neçə-neçə qiymətli,
dəyərli tədqiqatın mövzusudur. Şirməmməd müəllimin
vaxtilə öz sələflərinə, böyük söz
sahiblərinə verdiyi yüksək dəyər
bugünkü gəncliyimiz üçün də əsl bir
nümunə və örnəkdir. Bu gün unudulmaz alim
Şirməmməd Hüseynovun adı ilə bağlı olan
o tarixi əhəmiyyətli ənənələr müasir gəncliyimizi
Azərbaycan mətbuatının neçə-neçə dəyərli
səhifələrini yazmağa ruhlandırır.
Bu bir həqiqətdir ki, vətəninin, millətinin,
xalqının dərdini öz dərdi hesab edənlər, o
müqəddəs ağırlığı çiyinlərində
daşıyan fədakar insanlar tarix səhnəsində daim
yaşayır və ən uca məqamda qərarlaşırlar.
Axı odlu-alovlu mübarizələrdən, dövrün
keşməkeşlərindən qalibiyyətlə
çıxan böyük şəxsiyyətlərin şərəfli
ömür yolu zəmanənin məhvərində çevrələnə
bilməz, əsrləri adlayıb sonsuzluğa qədər yol
alıb gedər, salnaməyə çevrilərək tarixləşər,
qəlblərdə, yaddaşlarda əbədiyyət qazanar.
Böyük insan, unudulmaz alim, cəfakeş tədqiqatçı
Şirməmməd Hüseynov kimi...
Gülbəniz BABAYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet .- 2024.- 19 dekabr(№233).-S.12.