Teatrlarımızın
2024-cü il təqvimi
2024-cü ilin bitməsinə sayılı günlər
qalıb. Bu il mədəni həyatımızda bir çox
yeniliklərlə yadda qaldı. Məni ən çox sevindirən
isə kino, film sektorunda görülən işlər oldu. Biz
az qala hər mövsüm ya hansısa filmi, ya da serialı
müzakirə etdik. Təbii ki, iş olan yerdə qüsur da
var. Birdən-birə bütün problemlərin həlli
mümkünsüzdür, ancaq inkişafa xidmət edən ən
xırda addım belə sevindiricidir. Hazırda film sektorumuzda
sözügedən tendensiyanı müşahidə edirik. Bəs
teatrlarımız necə? 2024-cü il teatr cameəmizə nə
verdi?
Bir yazıda bütün teatrlarımız haqqında
danışa bilmədiyimizə görə, bir neçəsinin
cavabı ilə kifayətlənməli olduq. Fikrimcə,
sözügedən teatrlar ölkəmizdə mövcud sahənin
fəaliyyətinə dair bizə çox şey deyir.
Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid
Zeynallı bildirdi ki, 2024-cü il önəmli hadisələrlə
yadda qalıb: "Bu il "Dantenin yubileyi", "Sənsiz"
"Əsrə bərabər gün", "Bir qalanın
sirri", "İblis", "Ledi Maqbet"
tamaşalarının premyerası keçirilib. Hazırda
Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanı əsasında
Bəhram Osmanovun səhnələşdirdiyi eyniadlı
tamaşanın məşqləri gedir. Bundan başqa,
Elçinin "Baş" romanı əsasında yeni bir
tamaşanın səhnələşdirmə işləri
yekunlaşıb. Bu yaxınlarda məşqlərə
başlanılacaq.
Bu il bir çox əhəmiyyətli hadisələrlə
də yadda qaldı. İyun ayında teatrımızın
kollektivi və bir qrup teatr mütəxəssisi Qazaxıstanda
keçirilən beşinci beynəlxalq teatr forumunda iştirak
etdi. Fikrimcə, bu ilin ən vacib hadisələrindən biri
Hüseyn Cavidin "İblis" əsəri əsasında
Mehriban Ələkbərzadənin quruluş verdiyi
"İblis və..." tamaşasının Sankt-Peterburq
şəhərində yerləşən Aleksandrinski
Teatrında premyerasının keçirilməsi oldu. Bu,
çağdaş Azərbaycan teatrı üçün əlamətdar
hadisədir. Bundan savayı, hazırda "Bölgə
teatrlarının Bakı premyerası" adlı layihə həyata
keçirilir. Layihə çərçivəsində
bölgə teatrlarımız yeni tamaşalarını bizim
teatrda təqdim edir. Gələn il mart ayının 10-da layihənin
bağlanış mərasimi keçiriləcək və ən
yaxşı tamaşa qiymətləndiriləcək".
C.Zeynallının sözlərinə görə,
hazırda Akademik Milli Dram Teatrının tamaşaçı
sayı ilə bağlı problem yoxdur: "Bizim bir neçə
tamaşamız var ki, onlara bilet satışı çox erkən
bitir. Hətta tamaşaçılar deyir ki, biletlərin nə
vaxt bitməsindən xəbərimiz olmur. Məsələn,
buna nümunə olaraq, "İblis", "Əsrə bərabər
gün", "Sənsiz", "Şükriyyə",
"Ölülər", "Ah bu uzun sevda yolu" və
başqa tamaşaları qeyd edə bilərik".
Azərbaycan Dövlət Milli Gənc
Tamaşaçılar Teatrının mətbuat katibi Samirə
Əşrəf də teatrın kifayət qədər
tamaşaçısı olduğunu vurğuladı:
"Uşaq tamaşalarımızın nümayişi
zamanı demək olar ki, zal dolu olur. Elə tamaşalar var ki,
ümumiyyətlə, bilet tapmaq mümkün olmur. Bir məqamı
da vurğulayım ki, valideynlər könüllü olaraq
uşaqlarını götürüb teatrımıza gəlirlər,
az hallarda siniflə, yaxud da kollektiv şəkildə gələnləri
görürük. Ancaq bizim böyük tamaşalarına da
maraq kifayət qədərdir. Məsələn, ötən həftə
"Xortdanın cəhənnəm məktubları"
böyük maraqla qarşılandı. "Fiqaronun toyu"
haqqında da eyni sözləri deyə bilərəm. Mono
tamaşalarımızın da izləyiciləri
çoxdur".
Azərbaycan Dövlət Pantomima Teatrının
aktyoru və direktoru Elman Rəfiyev bildirdi ki, 2024-cü il
qastrollarla zəngin olub: "Bu il bizim üçün
çox səmərəli keçdi. Fərqli-fərqli
festivallardan diplom və mükafatlarla qayıtdıq.
Hazırda yeni bir qastrol səfərinə
hazırlaşırıq. Qırğızıstanda iki
tamaşa ilə çıxış edəcəyik:
"Manqurt" və "İblis". Həmçinin yeni
tamaşalar üzərində iş gedir. İlin sonuna
doğru Pərviz Seyidlinin "Gil" tamaşası
hazırlanır. Repertuarda on altı tamaşamız var. Ən
çox oynanılan tamaşalar isə "Romeo və
Cülyetta", "İblis" və "Manqurt" olub.
İl ərzində teatrımıza 2361 tamaşaçı gəlib".
Azərbaycan Dövlət Kukla Teatrının mətbuat
katibi Həmidə Rüstəmovanın sözlərinə
görə, 93-cü teatr mövsümünda də tamaşa
və perspektiv planı yüksək səviyyədə icra
olunub: "2024-cü il teatrımız üçün
maraqlı, yaddaqalan, yaradıcılıq nöqteyi-nəzərdən
zəngin il oldu. Konkret faktlara əsaslansaq, biz bu il plan üzrə
dörd, plandan kənar isə iki tamaşa
hazırlamışıq.
Bu sırada Samuel Marşakın məşhur
"Pişiyin evi" əsərini bu dəfə rus bölməsi
üzrə təqdim etdik. Eyni zamanda Xanımana Əlibəylinin
"Dovşanın ad günü", eləcə də yerli
gənc müəlliflərdən Sevinc Elsevərin
"Lokomotiv və vaqonlar" əsəri əsasında
eyniadlı tamaşa və yazıçı-dramaturq Məhbubə
Hacıyevanın "Yalquzaq və Simurq quşunun
nağılı" hekayəsi əsasında birhissəli
uşaq tamaşası "Yalquzaq" adlı vətənpərvərlik
mövzulu nümunə təqdim olundu.
Hazırda teatrımız Yeni il və məktəblilərin
qış tətili günləri üçün
"Şaxta Baba haradadır?"
nağıl-tamaşasını bitirib və tamaşa tətil
günlərində hər gün 4 seans olmaqla nümayiş
olunacaq.
Demək olar ki, bütün yaş qrupları
üçün nəzərdə tutulan "Nənəmin
aş qazanı" adlı tamaşanı da
tamamlamışıq. Bildiyiniz kimi, yaradıcı heyət
olaraq mütəmadi festivallara da dəvət olunuruq. Bu mənada
çoxsaylı dəvətlər arasında üç beynəlxalq
festivala qatılıb, iki festivala ev sahibliyi etmişik.
Növbəti il balacalar bizim səhnədə
"Sirli dolça", "Qaraca qız", "Bir dəfə
Şamaxı xanlığında", "Aybolit" kimi nümunələri
fərqli və maraqlı yozumda izləyə biləcəklər".
Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının mətbuat katibi Fəridə Aslanova bildirdi ki,
ilin bitməsinə sayılı günlər qalsa da, teatr
repertuarını maraqlı səhnə əsərləri ilə
zənginləşdirməkdə davam edir: "Azərbaycan
Dövlət Akademik Musiqili Teatrı 2024-cü ildə də
bir çox uğurlu layihələrə imza atdı. Belə
ki, teatrın repertuarında özünəməxsus yeri olan
tamaşaların nümayişi ilə yanaşı, bu il
bir-birindən maraqlı yeni səhnə əsərləri də
teatrsevərlərin ixtiyarına verildi. Onlar "Adamın
adamı", "Palata", "Qadınım"
tamaşaları, "Aysedora", "Killerdən teleqram"
monotamaşalarıdır. Yeni tamaşalar sırasında
balaca teatrsevərlər üçün həm ana dilimizdə,
həm də rus dilində "İki küpəgirən
qarı" tamaşasının da adını çəkə
bilərəm.
İlin bitməsinə sayılı günlər qalsa
da, teatrımız yenə də öz ənənəsini
sadiqdir və repertuarını maraqlı səhnə əsərləri
ilə zənginləşdirməkdə davam edir.
Bu həftə "İnanıram"
monotamaşası və "Əliqulu bu gün evlənir"
komediyasının premyeraları olacaq. Teatrın yaradıcı heyəti
il boyu həm ölkədaxili, həm də xarici ölkələrə
qastrol səfərlərinə gedib, müxtəlif beynəlxalq
festivallara qatılıblar. Bir sözlə, yola
saldığımız il uğurlu oldu, növbəti ildə
də yeni-yeni layihələrlə, səhnə əsərləriylə
tamaşaçılarını sevindirəcəyik".
Biz də öz növbəmizdə teatrımıza
2025-ci ildə uğurlar arzulayırıq.
Aytac SAHƏD
525-ci qəzet .- 2024.- 19 dekabr(№233).-S.8.