"Şavkat
Mirziyoyev fenomeni" Milli Kitabxanada təqdim olundu
Ötən gün M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan
Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı
ilə görkəmli özbək siyasətşünas
Qüdrətülla Rəfiqovun Azərbaycan dilinə tərcümə
edilmiş "Şavkat Mirziyoyev fenomeni" kitabının təqdimatı
keçirilib. Tədbiri açan Milli Kitabxananın direktoru,
professor Kərim Tahirov qonaqları salamlayaraq nəşrin
siyasi əhəmiyyətini vurğulayıb.
Tədbirin moderatoru Mətbuat Şurasının sədri,
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad
Məcid AYB-nin təşəbbüsü ilə ölkəmizdə
səfərdə olan özbək nümayəndə heyətini
səmimi salamlayıb. O, Azərbaycan və Özbəkistan
arasındakı son illərdə daha da rəvac tapan ədəbi-mədəni
əlaqələrdən söz açıb. Rəşad Məcid
"Təhsil" nəşriyyatında nəfis tərtibatla
işıq üzü görmüş "Şavkat Mirziyoyev
fenomeni" kitabı haqqında fikirlərini bölüşərək
nəşrin Azərbaycan dilinə tərcüməsini və
təqdimatını iki qardaş ölkə arasında ədəbi
körpülər qurulması baxımından mühüm
addım kimi dəyərləndirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə ön
söz müəllifi olduğu kitabın nəşri
münasibətilə təbrikini çatdırıb,
çıxışında Özbəkistanın zəngin ədəbiyyatı,
tarixi, mədəniyyəti, din xadimləri ilə bağlı
fikirlərini bölüşüb. Şeyxülislam siyasi
mövqeləri üst-üstə düşən Prezident
İlham Əliyevlə Şavkat Mirziyoyevin dostluğundan
danışıb və bu dostluğun ölkələrarası
bütün sferalarda əlaqələrə müsbət təsirini
vurğulayıb: "Allaha şükürlər olsun ki, hər
iki ölkənin prezidentlərinin xeyirxah səyləri və
şərəfli zəhmətləri sayəsində çoxəsrlik
Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq əlaqələri
özünün ən yüksək mərhələsinə
daxil olub. Kitabda Özbəkistanın yeni Prezidentinin
böyük islahatçılıq və yenilikçilik fəaliyyəti
müəllif tərəfindən dərin təhlillər əsasında
hərtərəfli işıqlandırılıb".
AYB-nin sədri, Xalq yazıçısı Anar
çıxışında bütöv türk
dünyası haqqında danışmağın xoşbəxtlik
olduğunu bildirib: "Prezident Şavkat Mirziyoyevə
xüsusi hörmətim var, o, Özbəkistanı türk ailəsinə
qaytarıb. Ədəbiyyata olan marağı da təqdirəlayiqdir.
Özbək yazıçı və şairlərin bədii
nümunələrinin ümumtürk ədəbiyyatında
xüsusi yeri var. İnanıram ki, Azərbaycan və Özbəkistanın
dostluğu əbədi olacaq, prezidentlərimizin dostluğu,
qardaşlığı sayəsində mədəniyyətimiz,
ədəbiyyatımız daha da inkişaf edəcək".
Anar 85 illik yubileyi münasibətilə Şavkat Mirziyoyevin onu
"Dostluq" ordeni ilə təltif etməsini xüsusi minnətdarlıqla
xatırladıb və bunu Özbəkistan Prezidentinin Azərbaycan
ədəbiyyatına yüksək diqqətinin örnəyi
kimi dəyərləndirib.
Azərbaycan Respublikası mədəniyyət nazirinin
müavini Murad Hüseynov Azərbaycan və Özbəkistan
arasında mədəni əlaqələrin ildən-ilə
inkişaf etdiyini deyib və mədəniyyət sahəsində
qarşılıqlı təbliğatın gücləndirilməsi
məqsədilə həyata keçirilən tədbirlərdən
söz açıb.
Özbəkistanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Baxrom Aşrafxanov qeyd edib ki,
"Şavkat Mirziyoyev fenomeni" kitabında Özbəkistanın
dövlət başçısının ölkənin
sosial-iqtisadi inkişafı və xarici siyasətindəki
müstəsna rolundan bəhs olunub. O, kitabda həmçinin
Özbəkistanın müasir dövrdəki dəyişikliklərinin
öz əksini tapdığını və bu dəyişikliklərin
Azərbaycan ilə əlaqələrə müsbət təsirindən
danışıb.
Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin
sədri Polad Bülbüloğlu Şavkat Mirziyoyevin öz
xanımı ilə birlikdə Bülbülün
Şuşadakı ev-muzeyini ziyarət etdiyini xatırladaraq həmin
vaxt onlara bələdçilik etməyin xoşbəxtlik və
qürur verdiyini ifadə edib. Millət vəkili bu ilin avqust
ayında "Özbəkistanın Xalq artisti" adına
layiq görülməsini Azərbaycan mədəniyyətinə
göstərilən diqqət kimi qiymətləndirib. Polad
Bülbüloğlu təqdim edilən kitabın Azərbaycan
oxucuları tərəfindən maraqla
qarşılanacağına inandığını deyib.
Özbəkistanın Əməkdar jurnalisti,
yazıçı Xurşid Dostmuhammad "Şavkat Mirziyoyev
fenomeni" kitabının məziyyətlərindən
danışarkən əsərdə Prezident Şavkat
Mirziyoyevin həyat və fəaliyyətinin dərin təhlilinin,
onun ölkənin müasir dövründəki
inkişafına, sosial-iqtisadi islahatlara və beynəlxalq
münasibətlərdəki uğurlu strateji yönlərinə
verdiyi töhfələrin öz dolğun əksini
tapdığını qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik İsa Həbibbəyli
çıxışında "Şavkat Mirziyoyev
fenomeni" kitabında yeni Özbəkistanın və onun
liderinin obrazının parlaq şəkildə təqdim
edildiyini önə çəkib: "Kitabın müəllifi
Qüdrətülla Rəfiqov əsərdə
keçmişi tənqid etmədən gələcəyi quran
Özbəkistan lideri Şavkat Mirziyoyevin dolğun siyasi
portretini yaradıb. Kitab siyasi-publisitika janrında yazılsa
da, ədəbi materiallardan da istifadə edilərək bədii
üslubda qələmə alınıb". O bildirib ki,
Şavkat Mirziyoyevin prezident seçildikdən sonra ilk səfərini
Azərbaycana etməsi iki ölkə arasında dostluq və
qardaşlığın ən bariz təcəssümüdür.
İsa Həbibbəyli həmçinin bu kitabın ilk tərcüməsinin
və təqdimatının Azərbaycanda
reallaşmasının mədəni əlaqələrin
möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət
kəsb etdiyini söyləyib.
Özbəkistanın Xalq şairi, Senat üzvü
Mahmud Toir bildirib ki, bu kitab Özbəkistanın müasir
tarixindəki ən mühüm dönəmi, Prezident Şavkat
Mirziyoyevin liderliyindəki böyük dəyişiklikləri
və islahatları ətraflı və dərindən əks
etdirən bir əsərdir.
Milli Məclisin deputatı, Azərbaycan-Özbəkistan
parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar
İbrahimov deyib ki, Özbəkistan Prezidenti Şavkat
Mirziyoyevin "Azərbaycan bizim üçün yaxın dost
və zamanın sınağından çıxmış
etibarlı strateji tərəfdaşdır" sözlərinin
təsdiqi olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy
adına 1 nömrəli tam orta məktəbin istifadəyə
verilməsi və Xankəndində iki ölkə şirkətlərinin
iştirakı ilə yaradılan tikiş fabriki həm də
iki qardaş ölkə arasındakı
qarşılıqlı münasibətlərin yüksək səviyyəsinin
göstəricisidir.
Özbəkistan Yazıçılar Birliyi sədrinin
müavini Qayrat Məcid son illərdə Azərbaycan və
Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin
daha da genişlənməsində Şavkat Mirziyoyevin
qardaş Azərbaycana rəğbətinin və Prezident
İlham Əliyevlə olan səmimi dostluq münasibətinin əsas
rol oynadığını dilə gətirib.
Milli Məclisin deputatı Anar İsgəndərov
kitabda yenilənən Özbəkistanla bağlı yer alan dərin
analitik yazıların oxucuların marağına səbəb
olacağına əminliyini ifadə edib.
"Şavkat Mirziyoyev fenomeni" kitabının tərcüməçiləri
- şair Akif Azalp və ədəbiyyatşünas Yaşar
Qasımbəyli nəşri "Yeni Özbəkistan zəfərnaməsi"
kimi səciyyələndiriblər: "Elmi təfəkkürdə
ən çətin nail olunan iki cəhətin biri dərin təhlil
bacarığıdırsa, ikincisi siqlətli nəzəri
ümumiləşdirmə məharətidir. Qüdrətülla
Rəfiqovun bu kitabında həmin iki cəhət müəllif
təfəkkürünün qoşa qanadı kimi bir-birini
tamamlayır. Məhz bu baxımdan bu bənzərsiz əsər
özünün publisistik təhkiyə tərzinə
baxmayaraq, eyni zamanda, sanballı siyasi-fəlsəfi traktat təsiri
bağışlayır".
Özbəkistan Senatının üzvü, "Vətən"
jurnalının baş redaktoru, kitabın özbək dilindəki
bədii redaktoru Hüsən Ermatov və digər qonaqlar
çıxışlarında sözügedən kitabı
siyasi publisistikanın mükəmməl örnəklərindən
biri kimi xarakterizə ediblər.
Kitabdakı publisistik mətnlər "Yenilənən
Özbəkistan: tarixi güclülər yaradır...",
"İlk və son sözümüz Vətən...",
"Mərkəzi Asiya: çoxəsrlik arzuların gerçəkləşməsi",
"Salam, Yeni Özbəkistan", "Vətən və
millət qayğısı", "Xeyirxahlıq və
quruculuq xəritəsi", "Milli mənliyə gedən
yol", "Dünya ilə yarışmaq istəyi",
"Millətpərvər", "Şavkat Mirziyoyev
fenomeni", "Təfəkkür köləliyi cismani
qulluqdan betərdir","Tarixdə şəxsiyyətin
rolu" kimi bölümlərdə oxuculara təqdim olunub. Nəşrin
redaktorları Mustafa Çəmənli və Qulu Kəngərlidir.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2024.- 19 dekabr(№233).-S.7.