Böyük
alim Turxan Gənceyinin nəsil şəcərəsi
haqqında qeydlər
Azərbaycan şairi, jurnalist Əliqulu Ələkbər
oğlu Nəcəfovun (Qəmküsar) qızı Qəmər
Salamzadə 1990-cı ildə nəşr olunan "Kiçik
pəncərədən görünən dünya"
kitabında yazır: "1992-ci ildə Ağa Zeynal yenə də,
Tiflisdə bizim evin qonağı idi. Bu dəfə o, uzun zaman
Qafqazı tərk etməyə hazırlaşırdı. Ancaq
bir arzusu var idi ki, Təbrizə tək getməsin. Burada evlənsin.
Deyirdi ki, əslinə baxsan, ürəyimi burada qoyub gedirəm.
Sizdən, vətəndən ayrılmaq mənə çox
çətin gəlir.
Təsadüf elə gətirdi ki, Ağa Zeynal bizdə
olan günlərdə rəfiqəm Göhər, babası
Əşrəf ağa ilə Tiflisə gəlmiş və
birinci növbədə məni görmək üçün
bizim evə gəlmişdilər. Göhər Ağa
Zeynalın çox xoşuna gəldi və onlar evlənməyi
qərara aldılar. Əşrəf ağanın
razılığı alındı. Toy etmək
üçün onlar Naxçıvana yola düşdülər.
Bu hadisə əmimi (Rzaqulu Nəcəfovu - müəllif) bir
qədər sevindirdi. Onlar toydan sonra Təbrizə getdilər.
Əmim deyərdi: "Görərsiz... Göhər Ağa
Zeynalı Arazın bu tayına çəkib gətirəcək.
Lakin belə olmadı. Mən bir daha nə Ağa Zeynalı, nə
də rəfiqəm Göhəri gördüm. Bu gözəl
və səmimi adamın ancaq xatirəsi olaraq atam Qəmküsar,
əmim Rzaqulu, Əbdürrəhim bəy Haqverdiyev və
Salman Mümtazla birlikdə çəkdirdikləri şəkli
qalmışdır. İllər ötmüş, bu şəkildəki
simaların hamısı həyatı tərk etmişdir".
Daha sonra Qəmər xanım yazır: "İndi
1985-ci ilin payızıdır. Elimizin, obamızın
iftixarı olan bəstəkarımızın - Üzeyirimizin
yüz illiyini xalqımız bayram edir. Turxan Zeynal oğlu Gəncəlinin
də bu əziz bayramda iştirak etdiyini eşidirəm..."
Qəmər xanım Turxan Gənceyinin yubileydə
etdiyi çıxışı da olduğu kimi kitabına daxil
edib. Turxan bəy deyir: "Mən gəncəli bir atadan,
naxçıvanlı bir anadan Təbrizdə dünyaya gəlmişəm..."
Qeyd edək ki, Turxan Gənceyinin həyatı və fəaliyyəti
haqqında xeyli məqalələr yazılıb, kitablara
salınıb və sair. Ramiz Əsgərovun "Odlar
yurdu" qəzetində, Paşa Kərimovun
(Əlioğlunun), akademik Rafael Hüseynovun "525-ci qəzet"in
səhifələrində Turxan Gənceyinin həyatı və
fəaliyyəti ilə yazdıqları məqalələri
maraqla oxumuşuq. Bu səbəbdən yalnız onun
naxçıvanlı anası haqqında bildiyimiz faktları
(tapılan arxiv sənədlərinə görə) söyləmək
istəyirik.
Əvvəlcə onu deyək ki, Naxçıvan
"İnqilab Komitəsi"nin, yəni o vaxtkı kişilərin
dili ilə desək, "Revkom"un protokolları arasında
Gövhər xanımın bir ərizəsinə rast gəldik.
Ərizə rus dilində yazılıb.
Gövhər xanımın Naxçıvan Ölkə
İnqilab Komitəsinə yazdığı ərizəni
azacıq ixtisarla tərcüməsini veririk:
İnqilab Komitəsi sədrinin həyat yoldaşı
Gövhər Əsgərovanın
Ərizəsi
Mənim həyat yoldaşım Gəraf Əsgərov
bu ilin (1921-ci il - müəllif) fevral ayında İrəvanda
olarkən daşnakların qiyamında onların əlinə
keçdi və indi harada olduğunu bilmirik. Mən babam
Əşrəf ağa Kəngərlinin yanında
yaşayıram. Ancaq o, qocaldığından işləmir.
İndi maddi ehtiyac içindəyik.
Yuxarıdakıları bildirərək xahiş edirəm
ki, Əsgərovun İnqilab Komitəyə sədrlik etdiyi
zaman ala bilmədiyi pulunu mənə verəsiniz.
Eyni zamanda daşnakların qiyamı zamanı mən də
İrəvanda idim. O zaman böyük ziyana
düşmüşəm. Mənim qızıl və digər
əşyalarımı əlimdən alıblar. Həmin əşyaları
babam Əşrəf ağa Kəngərliyə verə bilərsiniz.
Mən ona etibar edirəm.
Gövhər xanım Əsgərova".
Ərizədən görünür ki, Gövhər
xanım ərizəni yazanda ərinin vəhşicəsinə
öldürüldüyündən xəbəri yoxmuş. Bir
müddətdən sonra onun qətlindən xəbər tutub və
Çeka tərəfindən təqib olunub. Təbrizli Zeynalla
ailə qurmuş və heç vaxt Naxçıvana gələ
bilməmişdi.
O, Ağa Zeynal Məmmədovu Tiflisdən
tanıyırdı.
Gövhər xanım Naxçıvanın məşhur
Kəngərli tayfasının Bilici qolundandır. Onu Tiflisə
aparan Əşrəf ağanın oğlu Qılıc
(Qılınc) bəyin qızıdır. Arada qeyd edək ki,
bu Qılıc bəy (Qəmər xanımın
yazdığına əsasən) vaxtilə gəncikən Xəndan
xanımın pərəstişkarlarından olubmuş.
Qılıc bəy məşhur rəssam Bəhruz Kəngərlinin
doğmaca əmisi oğludur. Kameral siyahıya görə, II
Kərim Sultanın oğlanlarından biri də Məmmədqulu
Sultandır. Məmmədqulu sultanın oğlu Murtuza ağa
dövrünün tanınmış hərbçilərindən
olub.
Murtuza ağanın oğlanları Şirəli bəy,
Əşrəf ağa doğmaca qardaşdırlar.
Yeri gəlmişkən, elə Bəhruz Kəngərlini
də Tiflisə oxumağa aparan əmisi Əşrəf
ağa olub. 1926-cı ildən başlanan bolşevik
repressiyaları Murtuza ağanın da övladlarından yan
keçməyib. Onların da çoxu ailəliklə
sürgün olunub. Bu haqda yəqin ki, görkəmli rəssam
Bəhruz Kəngərlinin araşdırıcıları
yazmışlar, yaxud yazacaqlar.
Elə bu səbəbdən də, Gövhər
xanım heç zaman Naxçıvana gələ və
oğluna əyani olaraq Kəngərli qohumlarını
tanıda bilməmişdi.
Dövlət Arxivində saxlanan sənəddən, yəni
Gövhər xanımın ərizəsindən məlum olur
ki, o vaxtı ilə Naxçıvanda İnqilab Komitəsinin
sədri olmuş Gəraf Əsgərovun həyat yoldaşı
olub. Gövhər xanım ərizədə maddi durumunun
çətinliyindən söhbət açaraq hökumətin
yardım etməsini istəyib.
Gəraf Əsgərov əslən
şuşalıdır. Əsgərov Gəraf Mursəl
oğlu 1899-cu ilin fevral ayında Qarabağda, Şuşa şəhərində
anadan olmuşdu. 1919-cu ildən "Hümmət" təşkilatının
üzvü olmuş, Naxçıvana gəlmiş və erməni
daşnaklarına qarşı vuruşmuşdu.
Sovet hakimiyyəti qurulandan sonra Şuşa Qəza
İnqilab Komitəsinin üzvü olmuş və
Naxçıvan Qəza İnqilab Komitəsinə
başçılıq etmişdi. Bir müddət
Naxçıvan Xalq Komissarlar sovetinin sədri vəzifəsində
də işləmişdi.
1921-ci ilin fevralında ermənilərlə
danışıq üçün İrəvana göndərilir.
İrəvanda qiyamçı daşnaklar tərəfindən
həbs edilir və Gorusun Tatev monastırına
aparılır. Orada vəhşicəsinə
öldürülür (bəzi mənbələrə görə,
daşnaklar başını kəsmişlər). İrəvanda
sovet hakimiyyəti qurulandan sonra onun cəsədi
Naxçıvana gətirilmiş və Böyük Bağda
hümmətçi dostlarının - mərd mübarizlərin
yanında dəfn edilmişdi.
1984-cü ilin iyulunda Tatevə gedib çıxdım.
O vaxt da məlumatım var idi ki, Gərafı burada qətlə
yetiriblər. Zəngəzurun - qədimdən oğuz türk
yurdunun alban abidəsi olan Tatevi
daşnaklar ölüm ilgəyinə çevirmişdilər.
O, 1918-1920-ci illərdə çox vaxt Naxçıvanda
olmuş və erməni daşnaklara qarşı mərdliklə
döyüşmüşdü. Hətta G.Əsgərov
Əli Səbri Qasımovla birlikdə Tiflisə getmiş,
Naxçıvan əhalisinin heç vaxt erməni daşnak
hökumətinə tabe olmayacaqlarını Amerika nümayəndəliyinin
başçısı Haskelə qətiyyətlə
bildirmişlər.
Elə belə də olub, Naxçıvan
döyüşüb. Əli Səbri Qasımov və Gəraf
Əsgərov da həmçinin
Naxçıvanda müdafiəçilər arasında
olmuşlar.
Gövhər xanım (Naxçıvanda Göhər)
Kəngərlinin 1922-ci ilədək həyatının kədərli
səhifəsi belədir. Murtuza ağanın varisləri
Naxçıvanda, Göyçayda, Bakıda və Təbrizdə
yaşayırlar. Yəqin ki, gələcəkdə onlarla
bağlı maraqlı sənədlər və fotoşəkillər
də aşkar ediləcəkdir. Çünki görkəmli
alim Turxan Gənceyinin də şəxsi arxivi öyrənilməmiş
qalmaqdadır.
Musa QULİYEV (RƏHİMOĞLU)
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix
üzrə fəlsəfə doktoru
kuliyevm@yandex.ru
525-ci qəzet .- 2024.- 20 dekabr(№234).-S.13.