Yamyaşıl poeziya çələngi
2024-cü il ölkəmizin həyatında bir
çox əlamətdar hadisələrlə yadda qaldı. Bu əlamətdar
hadisələrin ən böyüyü isə noyabr ayında
gerçəkləşən BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası, qısacası COP-29 tədbirləri
oldu. Azərbaycan Respublikası Prezidenti cənab İlham
Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il
ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik
ili" elan olundu. Bu çərçərvidə ilboyu
müxtəlif qurumlar tərəfindən yüzlərlə tədbirlər
keçirildi, konfranslar təşkil olundu, hər kəs, hər
bir idarə və müəssisə öz vətəndaşlıq
borcu kimi yaşıl dünya naminə həmrəy olmağa
çalışdı. Dünyamızın
yaşıllaşdırılması naminə həmrəy
olanlar arsında qələm sahibləri ən ön
sıralarda dayanmağa çalışdılar.
Şairin, yazıçının, rəssamın
ortaya qoyacağı həmrəylik nümunəsi
yazacağı əsərdə, çəkəcəyi rəsmdə
öz əksini tapır. Bu günlərdə nəşr
olunan "Yaşılım, yaşılım, hara gedirsən"
almanaxı da "Yaşıl dünya naminə həmrəylik
ili"nə dəyərli töhfələrdən biri
sayıla bilər.
Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə
"Regional Hüquq və İqtisadi Maarifləndirmə"
İctimai Birliyinin birgə layihəsi kimi ortaya çıxan
nəşrin ideya müəllifi Azərbaycan
Yazıçılar Birliyi sədrinin müavini, Azərbaycan
Mətbuat Şurasının sədri Rəşad Məcid, tərtib
edən AYB-nin əməkdaşı Xatirə Fərəcli,
redaktoru isə Əməkdar mədəniyyət
işçisi, şair Vaqif Bəhmənlidir.
Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı Anarın və "Regional
Hüquq və İqtisadi Maarifləndirmə" İctimai
Birliyinin sədri Arzu Bağırovanın iki fərqli ön
söz yazdığı almanaxda təbiətə həsr
olunmuş şeirlər toplanıb. "Dünyanın
yaşıllıq həsrəti" adlı ön
sözündə yazıçı Anarın bu fikirləri
almanaxın mahiyyətini daha dolğun şəkildə əks
etdirir: "Bu gün insanlığın, planetimizin həyatına
son qoyacaq nüvə savaşının qara kabusu
dünyanın başının üstünü
aldığı çağda gözümüzü, qəlbimizi,
yaddaşımızı sığallayıb oxşayan
yaşıllığa və bu yaşıllığın
şeir misralarında vəsfinə daha çox
ehtiyacımız var. Bu kitab da həmin ehtiyacdan yaranıb -
insanları təbiətin, həyatın, gözəlliyin qədrini
bilməyə çağırır".
Dədə Qorqud kəlamından bəhrələnərək
ön sözünə ad seçən Arzu Bağırova isə
"Köysü gözəl qaya dağlara gün dəyəndə"
yazısında Venera planetinin rəngi olan yaşılı təravətli,
incə, canlı, dolğun kimi görür, sevgini, mərhəməti,
barışı, sakitliyi bildirən rəng kimi xarakterizə
edir. Həmçinin bildirir ki, "Yaşıl - həmrəyliyin,
səxavət və bərəkətin rəmzidir,
yaşıl - ümid çeşməsidir. Bu rəngin sirrini
yozanlara görə Yaşıl - diqqəti cəmləşdirir,
özünə inamı artırır, özünüifadəyə
yardım edir. Məkan mənzərəsinin üfüqlərini
genişləndirir".
Eldar Baxışın şeirindən ad götürən
- "Yaşılım, yaşılım, hara gedirsən?"
almanaxının üz qabığında Xalq rəssamı Səttar
Bəhlulzadənin mavi fonda və yamyaşıl tonda çəkilmiş
peyzajının verilməsi də dünyaya və insanlara
subliminal mesaj kimi təqdirəlayiqdir. Bəri başdan onu da
deyim ki, kitabda Azərbaycanın görkəmli rəssamları
Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov,
Mikayıl Abdullayev, Arif Əziz, Sakit Məmmədov, Zahir Məlikli
və Yusif Mirzənin təbiət mənzərələrinin
əks olunduğu rəsm nümunələri də yer
alıb.
Kitabda ilk olaraq ana dilimizin ata kitabı olan "Kitabi-Dədə
Qorqud"dan təbiətlə bağlı nümunələr
təqdim olunub. Bunun ardnca klassik poeziyamızın dahi söz sərraflarından
nümunələr müəlliflərin yaş senzinə
uyğun olaraq sıralanıb. Belə ki, XI-XII əsrlərdən
üzü bəri Məhsəti Gəncəvi, Xaqani
Şirvani, Nizami Gəncəvi, sonrakı mərhələlərdə
İmadəddin Nəsimi, Dirili Qurbani, Şah İsmayıl Xətai,
Məhəmməd Füzuli, Aşıq Abbas Tufarqanlı və
digərlərinin təbiətə həsr etdiyi şeirlər,
yaxud poemalardan parçaların yer aldığı topluda
günümüzün istedadlı qələm sahibləri də
öz şeirləri ilə təmsil olunub.
Almanaxda türk dünyasında da geniş şəkildə
tanınan Türkiyə şairlərinin şeirlərinə
də rast gəlmək mümkündür. Yunus İmrə,
Qaracaoğlan, Dadaloğlu, Seyrani, Məsləki, Tofiq Fikrət,
Yəhya Kamal, Əhməd Haşim, Nəcib Fazil
Qısakürək, Fazil Hüsnü Dağlarca, Orxan Vəli
şeirlərində təbiət mənzərələrinin,
təbiət gözəlliklərinin əksini görə
bilirik.
Azərbaycan poeziyasına öz möhürünü
vurmuş Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli,
Mirvarid Dilbazi, Məmməd Araz, Xəlil Rza, Musa Yaqub, Fikrət
Qoca, Hüseyn Arif, Nəbi Xəzri, Qabil, Söhrab Tahir,
Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı,
Ramiz Rövşən, Məmməd İsmayıl, Vahid
Əziz, Vaqif Bayatlı Ödər, Ramiz Qusarçaylı, Rəşad
Məcid, Əjdər Ol, Qulu Ağsəs, İlqar Fəhmi və
bir yazı tələblərinə görə adını
çəkə bilmədiyim onlarla söz adamının bədii
nümunələrində yaz sevgili, payız sevdalı, təbiət
ruhlu ovqata köklənirsən. Bu ovqata son dövrün
isteadlı gənc qələm sahiblərindən Aqşin
Yenisey, Leyla Əliyeva, Konül Arif, Emin Piri, Şəhriyar Del
Gerani, Ruslan Dostəli, Nadir Yalçın və
başqalarının şeirlərində də rast gəlmək
mümkündür.
Almanaxada ümumilikdə 286 müəllifin bəzilərinin
bir, bəzilərinin iki, bəzilərinin üç və
digər sayda nümunələri oxuculara təqdim olunub. 700 səhifəlik
almanaxda "Kitabi-Dədə Qorqud", "Koroğlu",
"Tahir və Zöhrə", "Aşıq Qərib"
kimi dastanlardan da təbiətlə bağlı şeirlər
özünə yer tapıb.
Dağlara, yağışa, payıza, çaylara, dənizə,
ağaclara, quşlara, küləyə, müxtəlif
çiçəklərə, bir sözlə, təbiəti
təmsil edən məfhumlara həsr olunmuş bu şeirlərin
hər biri oxucu qəlbində yaşıl ümidlər
göyərdir, oxucu yaddaşında yamyaşıl sevgi nəğmələri
kimi dilə gəlir, oxucu qulağına
yaşılımsı sirlər pıçıldayır.
"Yaşıl Dünya Naminə Həmrəylik
İli"nə Azərbaycan Yazıçılar Birliyinin,
eyni zamanda qələm sahiblərinin, sözümüzün, ədəbiyyatımızın
dəyərli töhfəsi olan bu almanax təbiət
sevdalı oxucular üçün də maraqlı bir nəşr
olacaqdır.
Bir sözlə, "Yaşılım,
Yaşılım, hara gedirsən?" adlı təbiətə
həsr olunmuş şeirlər toplusu özlüyündə
yamyaşıl poeziya çələngidir.
Sonda Hafiz Baxışın şeirindən dilimə gələn
bir bənd həm bu almanaxın, həm də ölkəmizin
yaşıl dünya naminə həmrəyliyinin poetikləşmiş
təqdimi kimi çıxış edir:
Coşğun çaylar nəğmə deyən
dilindir,
Şəlalələr ağ duvaqlı gəlindir.
Ağ günlüyəm, Azərbaycan elimdir,
Gül, ey vətən, dövran bizdə qəşəngdir,
Sən qəşəngsən, ömrümüz də
qəşəngdir.
Elxan YURDOĞLU
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
şair-publisist
525-ci qəzet .- 2024.- 20 dekabr(№234).-S.12.