Azadlığın
qara sevdalısı
NURƏNGIZ GÜNƏ MƏKTUB
İnsandır şeirimin ilki və qurtaracağı.
İnsandır şeirimin odu, ocağı.
İnsandır yer üzünün çiçəklərdən
əzəl bəzəyi.
İnsandır, insandır şeirimin rişəsi,
özəyi.
İnsanların hamısı-cavanı da, qocası da,
qarası da, sarısı da,
İnsanların azadı da, dustağı da,
narahat ömrümün döyüntüsüdür,
İnsandır düşüncəm də, nəfəsim
də.
İnsandır nəğməm də, titrəyən
səsim də...
İnsanlarsız nə dəniz, nə sahil, nə
qaya?
İnsanlarsız nəyə lazımsan, dünya?
İnsanlarsız dünyanı lazımsız, bir
heç sayan, İnsanı şeirinin ilki və sonu, odu,
ocağı sanan Şeir kimi Qadın! Sizə məktub
yazıram... Məncə, preambula olaraq şeirlərinizin
arasından seçdiyim, Yer üzünün əşrəfi
İnsanı anladan bu əsəriniz yerinə düşən
başlanğıc oldu, deyilmi? Sizin bu fani dünyadan
köçdüyünüz günün gəlməsinə
çox az bir zaman qalıb, Azadlıq sevdalım, vur-tut bircə
gün... Məhz Sizə yaraşan bu xitab - Azadlıq
sevdalım! - sevgilli qızınız Jalə xanımla
yayıma hazırladığımız "Seçilmiş əsərləri"nin
II cildinə yazdığım "Mənəviyyatın
ölümü fəlakətin
başlanğıcıdır..." başlıqlı ön
sözümdəki ilk sətirlər, elə bu yazıma da
düşünərək seçdiyim adı bir daha
xatırlatdı... Hə... o ön sözümə də
"Tanrı bəşər övladıdır" povestindən
Sizin azadlıq duyğularınızı, təlatümlü
ruhunuzu təcəssüm etdirən xatirə yüklü bir
hissə ilə başlamışdım. Axı, Siz mənəviyyatımızı
ölümün ağuşundan almaq, uca türk ruhunu xilas etmək
uğruna son nəfəsinizədək dirəndiniz, mübarizə
apardınız, qorxmadan savaşdınız...
Dostoyevskinin məşhur "Dünyanı gözəllik
xilas edəcək" kəlamına belə, azad ruhunuz,
öz düşüncələriniz prizmasından
yanaşaraq düzəliş də etdiniz və:
"Dünyanı gözəllik yox, vicdan və mərhəmət
xilas edəcək!" - hökmünü verdiniz, yazdıqca,
hey yazdınız...
Açıqcası, "qırmızı
qaranlıqlar" içində yaşadıqca
Azadlığa təşnəliyiniz artdı, öləsiyə
aşiq oldunuz bağımsızlığa... Və bu
aşiqlik lap uşaqlıq çağlarından ruhunuzda
pöhrələnib. İnanmırsız?! O zaman "Tanrı
bəşər övladıdır" povestindəki baş
qəhrəmanın - Nurəngiz Gün xanım, Sizin
prototipiniz Məryəmin uşaqlıq çağlarında
yaşadığı bir olayla ilgili epizodu - küçənin
ortasında, toz-torpağın içində asudəcə
uzanıb özünü günə verən pişiyin belə,
insandan azad olduğunu söylədiyiniz hissəyə bir
göz atsaq, o mənzərəni təsəvvür etsək,
yerinə düşməzmi?
"Qadın birdən lap irəliləri
düşündü. Düşündü ki, onun da
atası, anası vardı, onun da uşaqlıq illəri
vardı. Və bir dəfə Pirşağıda
bağlarında atasına demişdi ki:
- Ata, bilirsən ürəyim nə istəyir?
- Nə istəyirsən gülüm?
- Ata, gülməzsən ki?
- Yox...
- Ata, mən istəyirəm ki, bax, o pişiyi
görürsən? Hə, bax, mən elə lap o pişiyin
yanında, elə elənçiy, bax, o pişik uzanan kimi,
uzanım...
- Yox, göz bəbəyim! Sən mənim
gülümsən axı, laləm, nərgizim, bənövşəmsən.
Belə incə güllərin o toz-torpaqda nə işi var?
Görən nə deyər? Deyərlər ki, Tanrı dəlisovdur,
başdan o sözdür...
- Bəs pişiyə niyə deməzlər?
- Çünki o, pişikdir, sən isə insan.
- Deməli, pişik biz insanlardan azaddır?
- Sən nə çox danışırsan? Hələ
uşaqsan, belə şeylərə baş qoşmasan
yaxşıdır, - deyə ata bir vaxt cavab tapıb verə
bilməmişdi bu balaca "filosofuna..."
Bəli, o "balaca filosof" böyüdü, qələmdaşlarından
fərqli düşüncə sahibi, filosof şair, Vətənin
dərdlərini öz dərdi, ağrısı bilən bir Vətəndaş,
azadlıq aşiqi, əslində Qu quşu oldu... Axı,
adına Ana təbiət də dediyimiz Doğanın bir
möcüzəsi də var - əfsanəvi gözəlliyi və
bənzərsiz həyatı ilə dillərdə dastan olan Qu
quşu adında möcüzə... Ömründə
yalnız bircə dəfə, özü də dəlicəsinə-öləsiyə
sevən, o sevgi uğruna yaşayan və sevdiyi ölüncə,
ayrılıq dərdinə dözə bilməyib qüssədən
bağrı çatlayıb dünyadan köçünü
çəkən, ruhunu sevdiyinin ruhuna qovuşduran Qu
quşu...
Axı, Siz də fırtınalar qopan
könlünüzün sultanını bulmaq, onunla qu quşu
kimi, intəhasız eşqlə bir ömür qolboyun olmaq,
nağılabənzər bir həyat yaşamaq - mutlu qadın
olmaq arzusuyla yaşadınız!.. Hətta şeirlərinizin
birində: "Ən çox qısqandığım və
anlayıb, anlatdığım şey bir ulu Eşq!" deyib
hayqırdınız da... Və bu qutsal arzunuz digər
şeirlərinizin misraları arasından da boy verdi:
İkimizə bir yuva, ikimizə bircə dən…
bəs idi...
Qonşularımız idi yaşıl göllər.
Kimdən ki, qorunduq,
Günəşi çətir tutub başımız
üstə...
Biz ki, Qu
quşlarıydıq!..
Qu quşu ömrünüzün bitməsindən
düz 10 il ötür... Bu 10 ili bilirsinizmi dünyaya, insanlara
əmanət qoyub getdiyiniz qızınız necə
ağrılı və Sizə övladlıq borcunu
yoxluğunuzda da ödəmək üçün gecə-gündüz
çabalayaraq yaşayıb?! Sizin təbirinizcə: "Sən
mənim bitməyən
düşüncəm..." adlandırdığı ithaf
yazısında bu çabalar son dərəcə səmimi
sözlərlə, kövrək hisslərlə sətirlərdə
muncuqlandı: "Salam, ana! Bayramın mübarək. Bu
gün düz 11 gündür evimizdən getmisən. Yeni mənzilə
köçmüsən. Yeni evin necədir? İstidirmi,
soyuqdurmu? Bilmirəm. Hər gün gəlib evinin önündə
dursam da, qapısından içəri girə bilmirəm.
Qapını möhkəm-möhkəm bağlamısan.
Üstünü də betonlatdırmısan. Eləcə 11
gündür gəlib üstü yaşıl örpəkli mənzilinin
önündə dayanıb səni çağırıram.
Ana, salam deyirəm. Cavab vermirsən. Ana, necəsən deyirəm,
cavab vermirsən. Sonra sənə gün ərzində etdiklərimi
danışıram. Yenə cavab ala bilmirəm. Mənə bir
işarə ver deyirəm, susursan. Yaşıl örpəkli mənzilinin
önündə əyilirəm. Qulağımı beton qapıya
yaxınlaşdırıram. Bəlkə bir şey eşitdim
deyə... Amma... Bomboş bir səssizlik..."
Hə, əzizim, qızınız doğru deyir, yeni mənzilinizdə
səssizlikdir, amma qopub gəldiyiniz ədəbi cameədə
sakitlik deyil. Söz dünyasına hərəkətlilik
hakimdir...
Qələmdaşların öz ürək sözlərini
fərqli üslub və tərzdə dilə gətirdilər,
saysız-hesabsız məqalə, şeir, xatirə, esse, hətta
elmi-tədqiqat işi yazıb ruhuna ithaf etdilər...
Ədəbi tənqidimizin flaqmanı Vaqif Yusifli ötən
il Sizə bir kitab ünvanladı "Poeziyamızın
ağ çiçəyi: Nurəngiz
Gün" adında... və Sizi gözəlcə vəsf elədi,
yaradıcılığınızı incələdi. Və:
"O, "Tanrı" ilə ədəbiyyata gəldi,
şeirləri ilə Tanrısına üz tutdu,
ölümüylə də Tanrısına qovuşdu. O
"Tənha Ada", o Həzin Xəyal - Nurəngiz
Gün"ü həzin-həzin də anlatdı
oxucularına... "Əziz oxucu! XX-XXI əsrlərin görkəmli
Azərbaycan şairi Nurəngiz Gün haqqında
yazdığım bu kitab təkcə poeziyaya sevgimdən
deyil, həm də şairənin
yaradıcılığına böyük
sayğılarımdan yarandı. Daha doğrusu, müasir Azərbaycan
poeziyasında Nurəngiz Günün hansı missiyanı
daşıdığını təyin eləmək istəyiylə
işə başladım. Elə bilirəm, siz Nurəngiz
Günün ŞAİR obrazını bu əsərdə
görə biləcəksiniz. Nurəngiz Gün dillər əzbəri
olan bir şeirinin sonunda yazır ki: "Yol gedirəm, yol
olanadək" - əslində, Nurəngiz Günün
yaradıcılığı və onun Şair şəxsiyyəti
Azərbaycan ədəbiyyatında ayrıca YOLdur. Mən bu
YOLun izinə düşdüm. Pəncərəsindən
üzü Günəşə boylanan bir həməsrimin necə
günəşləndiyinin, dünyaya, insanlara necə nur
saçdığının şahidi oldum. Əsl şairlər
həmişə işıqdaşıyan-işıqpaylayan və
həm də işıqötürən olmuşlar. Nurəngiz
Günün insanların ürəyində şölələndirdiyi
işıqlar heç vaxt sönməyəcək!.. Yola
çevriləcək, Yol olacaq yeni nəfəslə, yeni səslə
özünün özü üçün
açdığı Cığırla irəliləməyə
başladı... və... Gün oldu!"
Şair Kamalə Abiyeva Sizi: "Nurəngiz Gün
üçün bütöv Azərbaycan vardı və bu xəyallarında
bütövləşdirdiyi Azərbaycan. Pərən-pərən
Vətən kimi ağrıyır bütün
varlığı... Xalqın, vətənin sevinciylə sevinən,
dərdiylə ağlayan şair həm də qorxmazdı, cəsarətlidi.
Soyuna-kökünə bağlı, ucalığına,
qüruruna bağlı əsl türk qızıdı.
Türk övladı..." kimi xarakterizə elədi.
Amma ən əvvəl şair Maşallah Məftun
Sizin ruhunuza ehtiram duyğusu ilə "Güllərin
soyqırımı" poemasını yazdı. Prof. Vaqif
Yusifli vurğulayır ki, Nurəngiz
Günün obrazı, onun sənəti ilk dəfə poema
şəklində məhz Maşallah Məftunun qələmində
öz lirik təcəssümünü tapıb. Xalq şairi
Nəriman Həsənzadə isə bu poemanın maraqlı
bir kompozisiya əsasında qurulduğunu, kitabın I hissəsində hər iki şairin, yəni Sizinlə
Maşallah Məftun sanki qoşalaşdığını, cəmiyyət,
insan, həyat haqqında bəzən fərqli, bəzən də
oxşar fikirlər söylədiyinizi dilə gətirir və
bu cəhətin oxucu ilə həmsöhbət olmağın ən
yaxşı ədəbi vasitəsi hesab edir. Poemada Nurəngiz
Günün ölməz xatirəsinə həsr olunmuş
şeirdən bir parçanı xatırlayaq:
Sən oldun günəşin, güllərin dostu,
Sən oldun ayların, illərin dostu,
Sən oldun xınalı əllərin dostu,
Sən oldun, sən oldun, yenə sən oldun.
Söhbətlərinizdən bilirdim ki, Füzulini,
Sabiri, Hüseyn Cavidi, Nazim Hikməti, Rəsul Rzanı,
dünya ədəbiyyatı korifeylərindən Viktor
Hüqonu, Teodor Drayzeri çox sevirsiniz... Ancaq dəfələrlə
vurğulayırdınız ki, dahi Məhəmməd
Füzulinin, Nazim Hikmətin yeri ayrıca idi qəlbinizdə...
Bu iki söz ustadının əsrarəngiz poeziyası Sizi
bütün yaşlarınızda heyrətləndirdiyinə o
qədər əminəm ki...
Bizlərə "Əlvida!" deyib getdiyiniz gündən
dörd il sonra (2018-ci il) 80 illiyinizlə bağlı Musiqili
Teatrda şərəfinizə yubiley tədbiri düzənləndi.
Xalq yazıçısı Anar çıxışında
Sizin qiraət ustası olduğunuzu, klassik və
çağdaş Azərbaycan ədəbiyyatını
mükəmməl bildiyinizi və digər özəlliklərinizi
elə səmimi açıqladı ki, bilməyənlər də
agah oldular: "Nurəngiz həm də istedadlı qiraət
ustasıdır. Rəsul Rzanın şeirlərinin ən
yaxşı ifaçıları Əminə Yusifqızı
və Həsən Əbluc idi. Atam özü onları bəyənirdi.
Bir dəfə Nurəngiz də atamın bir şeirini oxudu,
özü də mətnin mənasına dərindən
vararaq, ruhunu və ritmini dəqiq tutaraq elə təsirli oxudu
ki, valeh olduq. Ona təşəkkürümüzü
bildirdik. Gördüm ki, Nurəngiz klassik və
çağdaş Azərbaycan ədəbiyyatını
mükəmməl bilir..."
Akademik İsa Həbibbəyli isə Sizi şairlərin
vəsf eləməkdən doymadığı ürkək və
gözəl bənövşəyə bənzətdi:
"Nurəngiz Günün şeirlərində bənövşə
rəngli misralar, poetik düşüncələr
üstünlük təşkil edir. Məlum olduğu kimi, bənövşə
çiçəyi boynu bükük olsa da, həmişə
Günəşə tərəf boylanır. Mən Nurəngiz
Günün yaradıcılığını Günəşə
boylanan bənövşə çiçəyinə bənzədərdim.
Çünki onun şeirlərində kifayət qədər
Günəş işığı
və Günəş obrazları vardır..."
Akad. Rafael Hüseynov haqqınızda
yazdığı "Qəliblərə sığmayanın
sığnağı" adlı esse-məqaləsində
Sizi tam tək və tam bənzərsiz qadın və şair
kimi sundu tamaşaçılara - şeirlərinizin pərəstişkarlarına:
"O, sanki hamıdan biri idi. Sadəliyi,
mehribanlığı, səmimiyyəti, gündəlik
davranışları, zahiri ilə hər gün
rastlaşdığımız neçə-neçə Azərbaycan
qadınından biri. Amma o, qətiyyən hər kəsdən
biri deyildi. Tam tək, tam bənzərsiz idi. O, şeir
yazırdı. Heç bir qadın şairimizin ona qədər
yazmadığı şeirlər. Heç kəsin o cürə
heç vəchlə oxuya bilməyəcəyi şeirlər.
Həmin şeirləri özü oxuyurdu. Şeirlərini
oxuyanda sanki o, misraları təzədən yaradırdı,
kağızdakı ayrı şeir olurdu, onun səsində o
şeirlərin rəngi, ətri, istisi dəyişirdi. O, bir
adam içində bir neçə adam, bir tale içində
bir neçə tale idi..."
Vaxtilə milli, elə o səviyyədə də
modern təfəkkür yansıyan qələm məhsullarınızı
anlamayanlar, yeni açdığınız
cığırı qəbul etməyənlər bu gün
haqqınızda elə ürəkdolusu danışır, həvəslə
çıxış edirlər ki... Axı, Siz Azərbaycan ədəbiyyatında
modern şeirin ilk nümunələrini yaradanlardan biri və
bir az da dəqiq desək, birincilərindən olan ədib, Jalə
xanımın da yana-yana etiraf etdiyi kimi, "modern şeir"
istilahını belə, söz sənətimizə gətirən
ilkin şair-nasir oldunuz... Təsadüfi deyil ki, iki povest və
iki də hekayənizdə Nurəngiz Günün
romantikası modernizm cərəyanının kriteriyalarına
tam uyğun şəkildə pərvaz edir.
Sevil Gültən "Susmuş gözəllik",
Dilarə Ağamusa "Unudulmazıma ad günü məktubu",
Ağanisə Sultanova "Yolunuza uğur çıxsın,
Nurəngiz xanım", Əli Rza Xələfli "Göylərdən
gələn səs", Südabə Sərvi
"Hökmü qayımmış zamanın", Kəbutər
"Tüstüsündən gözlər yaşardı o gecə",
Adilə Qocayeva "Mənalı ömürdən fraqmentlər",
Zərxanım Əhmədli "Yora bilməz yollar
Günü" yazılarında bənzərsiz
yaradıcılığınız, şəxsiyyətiniz,
milli kimliyinizlə bağlı düşüncələrini
böyük səmimiyyətlə ağ vərəqlərə
nəqş ediblər...
Şair Gülarə Munis "İtirdik səni" və
Azər-Türk qadınlar Birliyinin sədri Tənzilə
Rüstəmxanlı "Yollardan yorulmuşam, aşiyan
ol!" yazısını da Siz bizlərə vida deyəndən
sonra qələmə alıblar. Ailə dostluğundan
tutmuş əqidə, məslək birliyinə qədər
davam edən bu münasibətdə Sizin bir insan kimi kimliyinizi
Tənzilə xanım böyük sevgi ilə
aydınlaşdırır: "Təbriz, İrəvan, Kipr,
Qarabağ, Xocalı, Şərqi Türküstan, Araz
çayı, Ərdəbil onun məlhəmə ehtiyacı
olan yaralarıydı. Dərdini
səs-küysüz yaşayan biriydi. Ədalətliydi, haqdan və
haqlıdan yana olardı hər zaman. Haqq etdiyi haqqı bulmasa
belə, gileylənməzdi. Parada, pulda gözü olmazdı,
onları gerçəkdən əl çirki sayardı. Zənginliyi
şeirləri və mənəviyyatı idi..."
Yaradıcılığınızı doktorluq
işi üçün tədqiqat mövzusu seçən
Bahar Bərdəli isə "Nurəngiz Günün
poeziyasında təbiətin tərənnümü" məqaləsində
Sizin təbiət mövzusunda qələmə
aldığınız şeirləri məna və məzmununa
görə üç qismə
bölüb: 1. Yalnız sırf təbiət gözəllikləri
əks olunan şeirlər. 2. Təbiət Vətənləşir,
ülvi, solmaz, unudulmaz Vətənin təbiəti poetikləşir.
3. Təbiət insaniləşir, insan təbiətə, təbiətsə
insana təsir edir. Tənqidçi Vaqif Yusifli də bu
bölgünü tamamilə doğru sayır...
Firuzə Məmmədli, Telli Pənahqızı, Bahar
Bərdəli, Narıngül Nadir, Şəfəq Sahibli, Aləmzar
Sadıqqızı, Gülarə Munis, Azadə Taleh və daha
neçə-neçə qələmdaşınız Sizə
şeir həsr etdilər. Hüzn, kədər notları ilə
yoğurduqları əsərlərində bənzərsiz
şəxsiyyətinizə, özəlliyinizə sayğı
və ehtiramlarını ifadə etdilər...
Dünyamızı vaxtsız tərk edən, zərif,
incə duyğulu şair Fərqanə Mehdiyevanın
"Əziz Nurəngiz Günün xatirəsinə" həsr
etdiyi şeir isə onun kövrək qəlbinin həzin
çırpıntılarıdır:
Ruhun gəzsin küçələri...
Gündüzləri, gecələri...
Ovunduraq qönçələri...
Çiçəklər apardı səni...
Dilin şəkər, noğul idi...
Gəl təzədən doğul indi...
Bu dünya bir nağıl idi...
Gerçəklər apardı səni...
2020-ci ildə təsis edilən "Nurəngiz Gün
Uluslararası Şeir ödülü"nün laureatı
Gülsüm Cengizin "Nurəngiz
Gün şeirinə yolçuluq" adlı yazısı
Türkiyədə Sizin poeziyanıza münasibəti
dolğunluğu ilə əks etdirir. Məqalədə
yazılı ədəbiyyatdan öncə qadınların
türkü və bayatılarla öz duyğularını
ifadə etmələrindən söz açılır.
"Azərbaycan şeirində qadının səsi çox
əski dönəmlərdən bəri duyulmakdadır"
deyən müəllif 20-ci yüzilin ikinci yarısına aid
Azərbaycan ədəbiyyatında ən güclü şairlərdən
biri kimi, Sizin adınızı çəkir və
yaradıcılığınızda Nazim Hikmətin izlərini
görür.
Alimliyi ilə bərabər, mükəmməl esseist
kimi tanınan prof. Elçin İsgəndərzadə də
Sizin poeziyanızın və xarakterinizin-kimliyinizin vurğunu
olduğunu 2018-ci ildə haqqınızda yazdığı və
çox dəqiq ad seçdiyi "Günəşin
elçisi" esse-monoqrafiyasında etiraf elədi, başqa
bir yazısında "Cənnətin bütün sevgiləri
sənin olsun" söylədi, digər məqaləsində
isə "Günəşin işıq
daşıyıcısı", pərvanəsi kimi sundu
oxucularına...
Elmira Axundova "Nurəngiz Günün ağ
qanadları" məqaləsində Sizin
yaradıcılığınızı xarakterizə edir, bir
Azərbaycan aydını kimi mədəni-ictimai fəaliyyətinizdən,
həm bir yazar kimi ədəbiyyatımızda yerinizi,
mövqeyinizi bəlirləyərək "Qəfəs
bülbülü", "Xocalı simfoniyası", "Məni
özünlə apar, apar" yarımbaşlıqları
altında qələmə aldığı hissələrdə
bədii poetik tapıntılarınızdan söz
açıb...
Seyran Səxavətin E.İsgəndərzadənin
"Tanrı elçisi" esse-monoqrafiyasına
yazdığı ön sözdə şəxsiyyətinizə
və bədii irsinizə yanaşması özəldi, lap
ürəkdən tikan çıxarandı: "Nurəgiz həmişə
qürurludu; ona görə də harda, necə, nə
üçün yandığını hamıdan gizlədib,
istəməyib heç kəs onun halına yansın - ona
görə də yananda heç vaxt tüstülənməyib,
axı, tüstülənən tonqal gendən
çağırar... O, poeziyasında da, həyatında da beləcə
yanıb, yanıb... ancaq yanıq yeri qalmayıb. O,
poeziyasında da, həyatında da beləcə yanıb,
yanıb... ancaq yerində külü qalmayıb. Yanıq yeri
də, kül də o vaxt qalır ki, yanıb qurtarasan - Nurəngiz
Gün hələ yanır...
Yol istədim, at istədim,
bir bəyaz həyat istədim.
Yollarımı hördülər
məni məndən aldılar,
məni mənə vermədilər...
"Nə olsun ki, məni mənə vermədilər,
nə istədim vermədilər, - deyib sızlayan bir qəlbin
fəryadını ərşə qaldırır, bir fərdin
yaşadığı cəmiyyətdə nə qədər
haqsızlıqlarla üz-üzə gəldiyini bəyan edir,
amma Ruhun üsyanı başlananda fərdi duyğular arxa plana
keçir. Bu şeirlərdə geniş mənada Dünya
ağrısına, Qlobal ədalətsizliyə, böyük
anlamda haqsızlığa etiraz var. Məsələn,
"Xocalı simfoniyası"nda bunu o qədər dəqiq
hiss etmək olur ki..." yazan Nərgiz Cabbarlı da
ağrılarla qarsalanan ruhunuzu duymaq əzmi ilə
yanaşıb Sizin söz və öz dünyanıza... Amma
axı, sızıldamamısınız, əksinə, milli
ruhlu bütün əsərlərinizdə
hayqırmısınız, üsyan etmisiniz və heç bir
halda susmamısınız...
Tənqidçi-esseist, "Azərbaycan"
jurnalının baş redaktor müavini, Sizi, məncə, elə
özünüz qədər anlayan, mənəvi
ağrılarınızı dərindən dərk edən
Südabə Ağabalayevanın "Mənə
ağlamağı öyrətmə, zalım..." məqaləsi
də yaradıcılığınıza yeni bir
baxış, fərqli bir yanaşmadır. Necə? Bax, belə:
"...Onun gerçəyi - əlini uzadıb götürəcəyi
qədər yaxın tənhalıqlar - Günəş
yandıra-yandıra, Günəşdən yana-yana
üşüyür. Divarındakı sözlər,
tavanındakı gözlər dilək məzarlığına
dönmüş ürəyini oya-oya, ruhuna oyula-oyula bir təsəllisiz,
intəhasız həsrət yaşadır:
Unudulmaz Vətən dağı,
Yoxdu başqa xiffət Vətən sayağı!"
Möcüzə qadın! Sizə Sizsizlikdə
ünvanladığım bu essevari məktubu "Mənəviyyatın
ölümü fəlakətin
başlanğıcıdır..." başlıqlı ön
sözümdəki bu sətirlərlə bitirmək
keçdi ağlımdan... Siz qəhrəmanınızla
sevinib, onunla kədərlənib, acısını ruhunuzda
hiss edib, ürək ağrısı yaşayıb, dərdə,
çarəsizliyə biganə qala bilməmisiniz... Xar olan bir
gülün, bir quşun, bir böcəyin, bir çiçəyin
belə, çarəsiz halına, ölümünə
yanmısınız... Ancaq dünyanı, onun möcüzələrini
dəlicəsinə sevib, gözəlliklərinin
qarşısında heyrətlənənisiniz...
Eşit, hürriyyət aşiqi, məşəqqət-iztirab
yarı, torpağın nəhəng qurbanı - köksü qubar olan şair! Sən
qayalar xilqəti, sən bir qızıl quş idin... Eşit, əsir
düşən günahsız -ziyansız bəşər,
qanadları qırılmış, könlü
qırıq-qırıq olmuş, rüzgarı tərs-avand
şair, şəhid şair! Quşlar… Hələ də pərişan,
lələklər şanə-şanədir… Qəhr olası
dünyadı bu, giryandı bütün məxluqat, büryan
olub şairi də. Heyf, heyf sənə, heyf sənin azad
küləklər dolu o gen-geniş köksünə! Heyf sənin
amalına, Xəlil Rza!"
"Heyf sənin azad küləklər dolu o
gen-geniş köksünə!" - əslində bu
vaysınma, hayqırış, xatırlatma bütün
haqsızlıqlara, ədalətsizliklərə üsyan edən
və vulkan tək şahə qalxan duyğularını
özünəməxsus tərzdə sətirlərə,
misralara çevirən Nurəngiz Günün içindəki
poetik "Mən"inin vəsfi idi həm də, daxili
azadlığının, özgürlüyünün tərənnümü
idi!..
Şöhrət, fəxri adlar, titullar əsiri olmayan,
öndə getməyi, hər kəsdən seçilməyi
önəmsəməyən, bütün yaşamı və
yaradıcılığı boyunca haqq-ədalət,
gerçəklər uğruna çarpışan xanım
yazar azad ruhunun diktəsi ilə qələmə
sarılmış, yaşamaq-ehtiyacdır, yaşamaq - su istəmək,
çörək dadmaq, sevmək- sevilməkdir! - inancı ilə
həyata tutunmuşdu... Amma tutunmanı da çox
görmüşdülər ona, doğmalar da, yadlar da...
"Əlimdə çörəyim vardı,
çırtıq vurub, çəpik çalıb, tutub,
çəkib aldılar, ələk-vələk eləyib
evimi dağıtdılar, o ki var ağlatdılar", -
etirafını etdi illər sonra...
Bu sətirlərinizsə Sizin ruhunuzu ən gözəl
anladan hissədir, deyə düşünürəm: "O
boyda Diogen, dövrünün məşhur Diogeni həmişə
ehtiyac içində yaşarmış, amma heç kimdən,
heç nəyi dilənməzmiş. Hə, deyir, həmin bu
Diogenin qalmağa damı da yoxmuş. Bir gün bu ilahi bəşəri
küçə itlərinin arasında yatan görüblərmiş.
Sən demə, soyuqdan ölməsin deyə, itlərin istisinə,
nəfəsinə möhtacmış... Hə, göyərçinlərim!
İnsanın ən böyük faciəsi onun səviyyəcə
özündən qat-qat aşağı olan adamlardan
asılı vəziyyətə düşməsindədir.
Görürsünüzmü, nə üçünsə, həmən
bu müdrik Diogen dördayaqlılara pənah aparıb, amma pis
ikiayaqlılara əyilməyib..."
Nə əzəmətli ki, özünüz də əyilmədiniz,
elə qədim yunan filosofu, Antisfenin çox da
başarılı tələbəsi, Kiniklər məktəbinin
nümayəndəsi Sinoplu Diogen kimi...
Nə gözəl ki, etiraflar şairi kimi, bu əyilməzliyinizi
beləcə poetikləşdirmisiniz...
Kölgəsində itmərəm heç kəsin,
Kölgə-sürünənlər məskəni!
Zərrəyəm, hər nəyəm,
Heç kimə əyilmərəm,
Heç kimə baş əymərəm.
Əgər səcdə edərsəm,
Qibləm atəşgah olacaq!
Təşəkkürüm buğda, çiçək,
Ana südü...
Su və könül atəşi,
Bir də Günəş olacaq...
Esmira FUAD
525-ci qəzet .- 2024.- 20 dekabr(№234).-S.10-11.