Çağdaş heykəltaraşlığımızın
liderinə rəssam töhfəsi
Bu gün - dekabrın 21-də mənalı
ömrünün 97-ci ilini qeyd edən Xalq rəssamı, akademik
Ömər Eldarova maraqlı bir doğum günü hədiyyəsi
təqdim olunub. Kətan üzərində yağlı boya ilə
çəkilmiş bu portretin müəllifi Gəncə
şəhərində yaşayan 38 yaşlı rəssam Davud
Bayramovdur. Özünəməxsus bədii xüsusiyyətlərə
malik olan bu portretdə müəllif hiperrealizmin
estetikasından istifadə etməklə, onun rəng
qatını fərdi çalarlarla zənginləşdirə
bilib. Portretin təqdimatı zamanı bunu görkəmli sənətkarın
özü də xüsusi olaraq vurğulayıb, bu cür bədii
məziyyətin-ifadə tərzinin Azərbaycan rəngkarlığında
yeni olduğunu qeyd edib.
Doğrudan da, bədii tutumunda cəlbediciliklə
inandırıcılığı qovuşduran müəllifin
portreti səciyyələndirən xüsusiyyəti - əzaların
gözoxşayan bütövlüyünə nail ola bilməsi
heyrətamizdir. Bunu ilk növbədə əsərin
yığcam rəng qatı, onun bir-birinə yüksək sənətkarlıqla
uyuşdurulan rəng çalarları şərtləndirib.
Akademikin sözlərinə görə, bu əsər onun
yaradılmaqda olan muzey-emalatxanasında yer alacaqdır.
Qənaətimizcə, bu yerdə portretin müəllifi
barəsində oxuculara məlumat verməyimiz məntiqli olardı.
Belə ki, ulu Nizami yurdunda dünyaya göz açan Davud
Bayramov (1986) uşaqlıqdan rəssamlığa meyilli olsa da,
subyektiv səbəblərdən bu sahədə xüsusi təhsil
almayıb. Fitri istedada malik olduğu hamı tərəfindən
etiraf olunan yalnız ara-sıra şəhərdəki rəsmxətt
müəllimi işləyən Füzuli Fərəcidən
məsləhətlər alıb. Ruhunda
daşıdığı yaratmaq gücünü 2006-cı
ildən başlayaraq memorial abidələrin bəzədilməsində
tətbiq edən gənc rəssam, tez bir zamanda Gəncə və
onu əhatələyən yaşayış məntəqələrində
də duyulası dərəcədə məşhurlaşıb.
Ümumi sayı 500-ü keçən bu portretlərdə
dünyasını dəyişmiş insanların mərmər
üzərində bədii təqdimatı ilk növbədə
inandırıcılığı ilə diqqət çəkir.
Əksər hallarda ağ-qara, bəzən də rənglə
gerçəkləşdirilmiş həmin portretlər həm
də ovqat yaratmaq gücü ilə göz oxşayır.
2015-ci ildən başlayaraq portret
yaradıcılığını kətan üzərində
davam etdirməyə qərar verən gənc rəssam, bu
günə kimi 50-dən çox əsər ərsəyə
gətirib. Onların arasında ən müxtəlif peşə
adamlarının obrazlarına rast gəlmək
mümkündür. Qənaətimizcə, "Azərbaycan
Xalqının Ümummilli lideri Heydər Əliyevin
portreti", "Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev", "Türkiyə Respublikasının
qurucusi Mustafa Kamal Atatürk", "İlham Əliyev və
Rəcəb Tayyib Ərdoğanın Şuşada tarixi
görüşü", "Əməkdar rəssam Şaiq
Məmmədovun portreti", "Gəncəli qadın" və
"Oğlumun portreti" əsərlərində müəllifin
janrın məlum "estetik xəritəsi"ni daha da
genişləndirmək istəyi duyulur.
Zaman axarında o, digər janrlara da maraq göstərib.
Bu mənada rəssamın mənzərə və natürmort
janrında ərsəyə gətirdiyi tabloların
özünəməxsus bədii dəyər
daşıyıcısı kimi sənətsevərlərin və
sənət xiridarlarının diqqətini cəlb etdiyini
xüsusi vurğulamaq istərdik. Onları yerli və qonşu
Türkiyə Respublikasının şəxsi
kolleksiyalarında görmək mümkündür.
Müəllifin mənzərələrində məkanın
tanındırıcılığı ilə yanaşı,
onun vətənin bir guşəsini bədiiləşdirilmiş
obraz - qürurverici estetik qaynaq kimi təqdim etmək istəyi
güclüdür. Belə mənzərələrdə Gəncənin
və onun ətrafının, eləcə də Kəlbəcərin
ürəkaçan motivlərinin yaddaqalan təsvirini görmək
mümkündür. Onaların arasında "Cavad xan türbəsi"
və "Kəlbəcər" əsərləri estetik
tutumunun zənginliyinə görə diqqət çəkir.
Davudun natürmortları da bənzərsiz estetikaya
malikdirlər. Milli maddi-mədəniyyət nümunələrindən
təşkil olunmuş həmin kompozisiyalarda əşyaların
cismaniliyinə bütün dəqiqliyi ilə nail olan rəssam,
onların həm də cəlbediciliyini əldə etməklə,
bütünlükdə, əsərlərin yaddaqalan mənəvi
qaynağa çevrilməsinə yol açıb.
Sonda demək lazımdır ki, Davud Bayramov
yaradıcı potensialı zəngin olan
yaradıcılardandır. Odur ki, ondan yaxın vaxtlarda
dolğunluğu ilə seçilən yeni-yeni əsərlərlə
yanaşı, yüksək dəyərə malik olan bədii
irsinin fərdi sərgi şəklində təqdimatını
gözləyirik.
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2024.- 21 dekabr(№235).-S.23.