İçki düşkünü və
seyid
Hekayə
Bizim kənddə bir seyid vardı...
Dayanın görək, niyə bizim kənddə olur
ki? Elə sizin kənddə olsun. Yəni bu yazını oxuyan
hər kəsin... Belə baxanda bütün kəndlərdə
haqqında danışacağım bu seyiddən olub; elə
indi də var. Hekayənin xarakterinə uyğun deyim ki, bizim kənddə
bir seyid vardı və belə elədi, elə elədi, siz də
elə başa düşəsiniz ki, sizin kənd bu
mövzudan xalidir. Elə şey yoxdur.
Elə sizin kənddə bir seyid vardı...
Sizin kəndliniz olan dostum danışıb əhvalatı.
Gülüb qurtarandan sonra dedim ki, nə hekayəlik
mövzudur... Dostum and-aman elədi ki, bəs ayıbdır,
seyid sağdır, tanıyan-bilən olar, yaxşı
çıxmaz. İzah edə bilmədim ki, adlar şərti
olacaq, kəndinizin adını yazmayacağam. Dostum qəbul
etmədi ki, etmədi. Ona görə də nə yaza bilirəm,
nə unuda. Nə edim, yazmaq mənim peşəmdir axı,
neçə gündür, mövzu məni girinc qoyub. Lap təmsildəki
Əqrəb kimi bu da mənim peşəmdir, ay dost, dözə
bilmərəm, keç günahımdan... Yaza bilməməyimin
birinci səbəbi bu dediyim olsa da, ikinci səbəbi var: necə
yazım ki, günümüzün az oxuyan, kaprizli oxucusuna, yəni
sizə maraqlı gəlsin. Qısa və yığcam
yazmağa həm vicdanım əl vermir, həm də sizə
hörmətim. Deyəcəksiniz ki, nə yekəlikdə
kişidir, yazdığı hekayəyə bax. Hanı bunun məcazları,
təşbehləri, aforizmləri... Elə quru-quru yazıb
yola vermiş kimi olacaq. Uzun yazacağam, deyəcəksiniz ki,
müasir dünyada hekayələr yığcam olur.
Lazımsız təsvirlərlə uzatmağa gərək
yoxdur, keç mətləbə. Qısa cümlələrlə
yazılmış əsas fikir önəmlidir. Ay nə bilim, ədəbiyyat
belə dəyişib, elə dəyişib-filan.
Ona görə də "Süjeti necə qurum ki, sizə
də xoş gəlsin, mənim də ürəyimdən
olsun?" düşünə-düşünə
qalmışdım. Hə, bir də süni intellekt var ha-a, o
da başlayıb hekayə yazmağa. Aylarla
düşündüyümüz, yazmağa cəsarət etmədiyim
mövzunu bir dəqiqədə qaralayıb atır adamın
üstünə, heç vecinə də deyil, kimsə bəyənəcək,
ya yox. Duyğusuz rəqib... Amma bəzən yaxşı da
yazır, etiraf edim. Ona görə adam yazmağa qorxur ki, kimsə
deyəcək, süni intellekt yazıb.
Gələk Seyidə... Adam həyatın
ironiyasına heyran qalır; süni intellektdən
danışırıq, süni intellektlə əlləşirik,
min ilin tör-töküntüsü olan seyidlərin əllaməliyini
görürük. Bu seyid ki var, hamımız onu yaxşı
tanıyırıq, hamımızın hökmən
qonşuluğunda, kəndində, ya da rayonunda var. Bu Seyid
toyda, yasda əli cibində fırlanır, hamıya
gülümsəyir, dua edir, hal-əhval tutur, atasına rəhmət
oxuyur, anasına cansağlığı diləyir. Arada elə
qəşəng "Allah ananın canını sağ eləsin,
yaxşı arvaddır" deyir ki, adamın, az qala,
papağı yerindən oynayır. Amma Seyidi tanıyanlar bilir
ki, zərrə qədər pis şey ağlına gətirməz,
nə var, dilindədir. Kiminin kəndində ələm gəzdirər,
kiminin kəndində mollalıq edər, kiminin kəndində
müdrik qoca kimi təsərrüfatla məşğul olar,
kiminin kəndində qəbiristanlıqda fırlanıb
üç-beş manata əşr oxuyar. Amma adamın
Allahı var, elə bilərsiniz, bu seyid dilənçi-zaddır
ha-a. Qətiyyən yox, əsl seyidlər heç zaman kimdənsə
açıq-açığına pul istəməz, amma elə
şərait yaradar ki, özün cibinə pul basarsan, evinə
sovqat göndərərsən. Düzdür, sovqat işinə
qadınlar baxır, amma yenə də görürsən ki,
arada kişilər də edir.
Son vaxtlar "donqili" seyidlər peyda olub
orijinalları da gözdən salır. Dili ilə nəzir istəyənləri
nəzərdə tuturam; biz də seyid deyib yola salırıq.
Bağışlayın, hələ də mətləbə
keçə bilmirəm, elə bilməyin, yalandan mətləbi
uzadıb özümü yazıçı kimi göstərməyə
çalışıram. Yox, vallah. Sadəcə
söz-sözü gətirir deyə əsas mövzu qalır
sonraya.
Bizim kənddə - bax bu dediyim, həqiqətən,
bizim kənddə olub. Hə, bizim kənddə içki
düşkünü var. O qədər yaxşı adamdır
ki, ona "əyyaş" deməyə dil gəlmir. Siz
burada dilimizin gözəlliyinə, təvazökarlığına
da fikir verin hökmən. "İçki
düşkünü" kəlməsi "əyyaş"dan
nə qədər zərif, mədəni, pozitiv kəlmədir.
Adam sevdalısına düşkün olar, indi o müqəddəs
suya da düşkün olanda olurlar içki
düşkünü. "Əyyaş" ağır kəlmədir.
Ona görə də qəhrəmanımıza "içki
düşkünü" deyək. Hə, sözüm odur ki,
bu adam işləmir, ailəsindən ayrılıb, illərdir,
uçuq-sökük daxmada tək yaşayır. Günün
istənilən vaxtı içkili olur. Çox baməzə
adamdır, beş dəqiqəlik söhbəti ilə feyziyab
olar, gülər, özünüzü xoşbəxt hiss edərsiniz.
Elə bu da Seyid kimidir. Amma bununku artistlik deyil, düzünəqululuqdur.
Zarafatını da edər, ürəyi istəsə,
içkisinin vaxtı çatsa, "Oradan bir yüz al
görüm" də deyər. Sonra vəssalam, "sağ
ol" deyib "zakuskasız" içdiyinə görə
iki barmağı ilə burnunu tutub, iyləyib gedər. Amma
kişi adamdır, bilməzsən, onu görəndə
çıxarıb cibinə pul qoyarsan, sənə elə xəcalət
verər ki, üzünə baxa bilməzsən. Deyər,
"Bəyəm mən dilənçiyəm, mənə pul
verirsən? Lazım olsa, özüm istəyərəm".
Hətta o yüz qramlıq istəyibsə, sən iki yüz
qramlıq verirsənsə, onu da götürməz. Bir dəfə
məni də utandırdı. Dedi ki: "İndiyə qədər
bu kənddə hər gün içən təkcə mən
idim, indi üç-dörd nəfər peydə olub.
Arağı gözdən salırlar, içib orada-burada
yatırlar, hamıdan pul istəyirlər, biabırçılıq
edirlər... Belə olmaz axı, bunun da bir
"kultura"sı var, ya yox? Ona görə də mən
adıma xələl gətirə bilmərəm".
Yəni deməyim odur ki, seyidlər də belə olur,
gənc seyidlər sırtıqlıq edir, lap ağın
çıxarırlar. Helmləri yoxdur, ona görə belə
görünürlər. Sədəqə almağın da bir ədəbi,
ərkanı, necə deyərlər, marketinq üsulu
olmalıdır...
Ürəyiniz partlamasın, danışıram,
söz verirəm, bu dəfə hekayəyə müdaxilə
eləməyəcəm.
Bizim bu dostumuz Ələsgər deyir ki, bizim kənddə
bir seyid var, bir ara bələdiyyə sədri də
olmuşdu. Açığı, birinci dəfədir ki, bələdiyyə
sədri olan seyid eşidirdim deyə tez soruşdum ki, necə
yəni, seyiddir, özü də, bələdiyyə sədridir?
Dedi, vallah, hə. Sədrdir, amma savadsızın biridir. Sonra
da atdılar çölə. Nə isə, di qulaq asın.
Bir gün mənə zəng edib ki, Ələsgər, necəsən,
nə var, nə yox? Açığı, əlimdə
işim var, niyə zəng elədiyini də bilirəm,
çünki aylığının vaxtıdır. Arada
yubananda zəng vurub dua-filan edib xatırladır. Ona görə
də başımdan eləmək istəyirdim ki, pulunu
göndərəcəyəm, narahat olma. Dedi: "Ələsgər,
hələ bir dayan, gör nə deyirəm, dünən gecə
rəhmətlik kişini yuxuda görmüşəm. Rəhmətlik
elə nurlu görünürdü, gəl görəsən.
Ad günündə aldığın boz kostyum vardı ha, onu
geyinmişdi, o məşhur kəmərini də
bağlamışdı. Ayaqqabıları par-par
yanırdı. Həyatda necə idi, elə
görünürdü". Nəsə hiss etdim ki, bu dəfə
vəziyyət ağırdır, çünki mövzu dərindir,
sən öl. Deyir: "Ələsgər, kişi durmuşdu
düz çayın qırağında, amma sən balaca idin.
Məni görəndə elə sevindi. Dedi: "Seyid, səni
Allah yetirib. Gəl bu uşağı çayın o tərəfinə
keçir, mənim üstüm təzədir. Sənə
üç yüz manat verəcəyəm". Soruşdum ki,
sən nə elədin, Seyid? "Nə edəsiyəm? - dedi,
- Ağsaqqal adamın sözün yerə salacağam? Uşaq
vaxtı da sən pota idin axı, yadındadır? Birtəhər
aldım dalıma, keçirdim o taya. Qayıdırdım ki,
pulu alım, dedi: "Ələsgərin özündən
alarsan". Qəfil də yox oldu. Mən də elə bu dəm
yuxudan ayıldım. Rəhmətlik gözümün
qabağından getmir. İndi istəməsin, səni də
çox istəyirdi axı. İndi, Ələsgər, o
kişi "şüğülzümmə" (xəcalətli,
günahkar - red.) qalmasın deyə səhər
açılan kimi sənə dedim. Adamın ruhu o dünyada
narahat olar. Ömrü boyu heç kimə borclu qalmayan adam
idi. "Ələsgərin özündən alarsan" demişdi
ha-a, yoxsa dilimə də gətirməzdim.
Ələsgər danışa-danışa gülməkdən
gözlərindən yaş gəlirdi. Dedim: "Məni
dolama, kartını at, işim-gücüm var". "Bu dəqiqə",
- deyib telefonu söndürdü. Xasiyyətini bildiyim
üçün tez göndərdim ki, əl çəksin,
yoxsa yenə zəng edəcəkdi. Kartına yüz əlli
manat atıb təzəcə işə
başlamışdım ki, yenə zəng elədi:
"Qardaş, bə bu yüz əlli manatdır axı,
kişinin borcu üç yüz idi".
Sizcə, Ələsgər nə desə,
yaxşıdır? Hazırcavab və şirin
zarafatlarından qalmayan dostumuzdan biz də soruşduq ki, nə
dedin? Deyir: "Day heç nə, dedim: "Yüz əlli də
özündən alarsan..."
Seyid telefonda bir müddət susdu. Elə bil onun da
zarafat üçün söz tapmağa həvəsi yox idi.
Sonra səsini bir az qalınlaşdırıb dedi: "Ay
Ələsgər, bəs o dünyada necə cavab verəcəyəm?
Soruşacaqlar ki, Seyid, Ələsgərin borcunu niyə
yarımçıq alıb keçdin? Qiyamət
günündə nə üzlə baxım rəhmətlik
kişiyə?"
Ələsgər də deyir, "Bunu eşidəndə
özümü saxlaya bilmədim, gülməkdən, az qala,
boğulurdum. Amma nə etmək olar, belə seyidi olan kənddə
yaşamaq özü nemətdir".
"Mən ölüm, sən nə dedin?" -
soruşdum. Artıq məclisdə hamı gülür,
söhbətin axırını gözləyirdi.
Dedim: "Ay Seyid, narahat olma, qiyamətə qədər
yüz əllini verə bilməsəm, o dünyada
üz-üzə gələndə kişinin özündən
istəyərsən. Onsuz, adımı çəkəndə
məni də yanınıza çağıracaqlar. Mən də
yüz əllini orada verərəm".
Bu dəfə Seyid də dayana bilməyib qəhqəhə
çəkdi: "Ay Ələsgər, sən Allah, zarafat etmə.
O dünyada işimiz çətin olar. Sən cənnətə
gedərsən, yəqin, amma mən cəhənnəmə-zada
düşərəm, gözüm qalar dalınca. Gəl elə
bu dünyada bir yolunu tapaq da".
Hamımız gülüşdük. Amma Ələsgər
deyir ki, o gün Seyidin zəngi mənə ibrət dərsi
verdi: kənddə seyid də lazımdır, içki
düşkünü də. Yoxsa həyat çox
darıxdırıcı olardı.
Şəmil SADİQ
525-ci qəzet .- 2024.- 21 dekabr(№235).-S.22.