Mətn kameradan
güclü olanda...
Esse
76-cı Kann Film Festivalında "Qızıl
Palma"ya layiq görülən və Fransada və
nümayiş olunduğu bütün festivallarda böyük təriflər
alan "Bir qəzanın anatomiyası" ("Anatomie d'une
chute") elə bu mükafatlar qədər (bəlkə daha
çox) də rejissor Castin Trietin festivaldakı nitqində
"dövlətdən heç bir dəstək
almadığını" və "dövlətin
yaşlılara tamamilə laqeyd qaldığını"
söyləməsi ilə gündəmə gəlmişdi.
Rejissor Trietin mükafat mərasimindəki mövqeyi,
haqlılıq dərəcəsi və filmin Fransanın
ABŞ-a göndərəcəyi "Oskar" namizədlərindən
biri olub-olmaması müzakirə oluna bilər. Lakin bir tənqid
yazısının incələmə obyektinin kino olduğunu
nəzərə alanda bu yazını yalnız film üzərində
cəmləməyin daha faydalı olacağını
düşünürəm.
"Bir qəzanın anatomiyası" filminin vizual
olaraq inkişaf edən bir ekran əsəri, yoxsa mətnlə
irəliləyən bir teatral film olduğu mövzusuna girmədən
əvvəl, aktyorluqlara, xüsusən də Sandra Hüllerin
performansına toxunaq.
Sandra Hüllerin istedadı ilə həm mən, həm
də əksər kinosevərlər ilk dəfə 2016-cı
ildə "Toni Erdmann" (Maren Ade) filmi ilə tanış
olmuşduq. "Toni Erdmann" kifayət qədər əyləncəli
bir film olsa da, Sandra Hüllerin təbii və ustalıqla etdiyi
ifa filmi tamam başqa bir səviyyəyə
qaldırmışdı. O ildən sonra bir neçə dəfə
daha Hüller qarşımıza çıxdı, amma
2023-cü ildə Sandra Hüller, şübhəsiz ki, ən
yaxşı illərindən birini yaşadı. Həmin il
üç filmə çəkildi və bu filmlərin hər
biri böyük festivallardan mükafatlarla qayıtdı.
"Bir qəzanın anatomiyası" filmində də
Sandra Hülleri izləmək böyük bir zövq idi. Filmin
bütün yükünü çiyninə alıb desək,
heç bir şişirtmə olmaz. Digər aktyorların da
işi uğurludur (Svann Arlaud və Milo Maçado Graner), amma
qalan performanslar adi olduğu üçün Hüllerin filmə
verdiyi töhfə çox böyükdür. Üstəlik,
başdan sona qədər ana dilinin (almanca) xaricində iki dildə
(ingilis və fransızca) danışan bir rolu uğurla
oynaması da heyranlıq oyandırır.
Filmin mövzusu, aktyor seçimi və performansı,
eyni zamanda izləyicini addım-addım (bəlkə də
qeyri-müəyyən olsa da) finala doğru aparması
uğurlu bir iş olduğunu deməyə imkan verir. Təkcə
Sandra Hüllerin performansı üçün izlənilməyə
layiqdir. Lakin film bu qədər "ilinin ən yaxşı
filmi" tərifləri aldıqda, istər-istəməz kino
sənəti haqqında da düşünməyə vadar
edir, çünki "Bir qəzanın anatomiyası" daha
çox mətn əsaslı inkişaf edən bir ekran
işidir. Vizual təsvirlər, kamera rakursları və ya
atmosfer qurma məsələlərində, demək olar ki,
heç bir yeni yanaşma yoxdur. Əlbəttə, bu nöqtədə
"filmin tərifi belədir, budur" kimi iddialı
çıxışlar etmək əvəzinə, mövzunu
tendensiyalar üzərindən müzakirə etmək daha məqsədəuyğun
olar.
Castin Triet əvvəlki işlərindən də
göründüyü kimi, daha çox vizuallığa yox, mətnə
bağlı qalan bir rejissordur. Rejissorun ilk çəkdiyi
qısametrajlı film "Yerində" ("Sur place",
2007) adlanır və 2006-cı ildəki tələbə
üsyanını ekran həllidir. Ardınca "Solferino"
(2009) filmi çəkildi, bu da Fransada baş verən prezident
seçkilərinə diqqət yetirirdi. Daha sonra "Evdəki
kölgələr" ("Des ombres dans la maison", 2010) sənədli
filmi ilə yaradıcılığa davam etdi, arxasınca da
"Solferino döyüşü" ("La bataille de
Solf?rino", 2013) adlı bir komediya təqdim etdi. Bir rejissoru sənədli
film çəkərək karyerasına başlamaqda
günahlandırmaq, əlbəttə ki, doğru olmaz, amma
"Bir qəzanın anatomiyası" filminin əsas xəttinin
(Hüllerdən başqa) mətnə bu qədər ifrat
bağlı olmasının kökləri bir az da rejissorun
keçmişinə bağlıdır.
Burada təbii olaraq "Filmin böyük hissəsində
dialoqların olması niyə problemdir?" deyə bilərsiniz.
Cavab olaraq, sadə dildə desək, kino teatr deyil. Kinoda hər
obrazın teatrda olduğu kimi uzun tiradlar verməsi, hadisə
skeletinin əsasən dialoq və monoloqlarla irəliləməsi
qeyri-adi bir haldır. Lakin bunu yaxşı edən filmlər də
mövcuddur. Məsələn, "12 əsəbi adam" (S.
Lumet, 1957) və əlbəttə ki, üç saatlıq
şah əsər olan "Nürnberqdə hökm" (S.
Kramer, 1960). Bu yazının mövzusu olan filmin də aktyorluq
baxımından bu tip əsərlərə
yaxınlaşması məqsədli olsaydı, prokuror və vəkil
rollarındakı Svann Arlaud və Antoni Reinartz yerinə daha
böyük adlar gətirilə bilərdi. "Nürnberqdə
hökm"də Maksimilian Şellin səsinin məhkəmə
zalında necə dəhşətli çıxması
heç vaxt unudulmaz.
Kinoya dair nəzəriyyəçilərdən
öyrəndiyimizə görə, kinematoqrafiyanı təyin
edərkən heç bir sənət növünü kənara
atmaq mümkün deyil. Kino, çoxlarına görə, ədəbiyyat,
rəsm, heykəl, teatr, musiqi və rəqs kimi sənət
növlərinin birləşməsidir. Hətta
memarlığı da əlavə etmək
mümkündür. Buna görə də mətn və ədəbiyyat,
şeir, tiradlar, qısaca yazıya aid hər şey kinoda hər
zaman mövcud olub və olmaqdadır. Lakin mətnin istifadəsi
bir kino əsərinə baxışımızı
köklü şəkildə dəyişdirə bilər.
Yerində və normasında istifadə edildikdə və ya
doğru kontekstdə, ustad aktyorluqlarla təqdim olunduqda bunun fərqinə
varmamaq mümkündür. Lakin "filmə baxdım"
düşüncəsi ilə evindən çıxan bir izləyici
vizual təsvirlərdən daha çox mətnlə
qarşılaşdıqda məyus ola bilər. Bu, simfoniyaya
gedib musiqi əvəzinə not oxumağa bənzəyir.
Hər şeydə olduğu kimi, bu da son dərəcə
subyektiv bir məsələyə çevrilir. Rejissor Triet, ərinin
şübhəli ölümündə bütün
günahın ona qalma ehtimalı olan bir həyat
yoldaşının həm şəxsi həyatında, həm
də məhkəmə salonlarında yaşadığı
hadisələrə fokuslanmış bir mətnin gücünə
inanaraq yola çıxıb. İzləyicinin hansı tərəfi
tutacağı məsələsi ilə oynayaraq, sənədli
film havası da qatıb.
Castin Triet Artur Harari ilə birlikdə yazdıqları
ssenarinin gücünə inanmaqda haqlıdır. Hekayə
çox güclüdür. Lakin mətnin kinoya
uyğunlaşdırılması mərhələsində
vizuallıq zəif qalıb. Filmi xilas edən ən
böyük amil Sandra Hüllerin ustalıqla ifa etdiyi aktyorluq və
sonlara doğru uşaqların rollarında yazılmış
qısa, amma təsirli bir neçə cümlədir. "Bir
qəzanın anatomiyası"na baxarkən kino sevgisi ilə
yoğrulmuş bir sənət əsəri deyil, insanların əsassız
mühakimələrinin nə qədər zərərverici ola
biləcəyi və bir qadının cinayətlə
günahlandırılmasının nə qədər asan
olduğunu göstərən bir sosial alətə
çevrilmiş film görürük.
Rəvan CAVİD
525-ci qəzet .- 2024.- 21 dekabr(№235).-S.20.