"Naxışım gətirmədi
ki, gətirmədi..."
Əməkdar artist Pərviz Bağırov: "Bu sənətdə
o qədər haqsızlıqlar var ki..."
Müsahibimiz Əməkdar artist, aktyor Pərviz
Bağırovdur.
- Bir müddət öncə səhhətinizdə
ciddi problemlər yaranmışdı. İndi necəsiniz?
- Hə, əvvəlcə infarkt keçirdim, sonra
insult. Xeyli vaxt xəstəxanada yatdım. Hazırda ev şəraitində
müalicə olunuram.
- Yəqin ki, bu günlərdə səhnə
üçün lap çox darıxırsınız.
- Əlbəttə. Sudan qıraqda balıq necədirsə,
biz aktyorlar da səhnədən uzaq düşəndə elə
oluruq.
- Pərviz müəllim, belə dönəmlərin
bir yaxşı tərəfi də var ki, insan özü ilə
baş-başa qalıb keçmişi yaxşıca
götür-qoy edə bilir. Məsələn, bu gün
dönüb dünənə baxanda "kaş
oynayardım" dediyiniz hansısa rol varmı?
- Qızım, insan nəyisə arzulayanda sahib
olduğu imkanları da nəzərə almalıdır.
İstər yaradıcılıq, istərsə də fiziki
baxımından. Mən indi durub desəm ki, kaş
"Maqbet"i oynayardım, gülməli olar. Elə rollar
var ki, onu sadəcə arzulayırsan, ancaq bilirsən ki,
oynasan, yaxşı olmaz, camaatı özünə
güldürərsən. Çünki sənin xörəyin
deyil. Bu mənada ürəyimdə qalan rol arzusu olmayıb. Həmişə
gücümə görə rollar veriblər, mən də
oynamışam. Ancaq sizə deyim ki, sənətdəki amplua
məsələsi məndə olmayıb. Bu gün komediya
oynayırdım, sabahı gün faciə.
- İncəsənət İnstitutunun dram və kino
aktyorluğu fakültəsini bitirmisiniz. Həm də kinomuzun,
teatrımızın qızıl dövründə. Necə
xatırlayırsınız o illəri?
- Elədir. Mən Rza Təhmasibin kursuna qəbul
olmuşdum. Gör mənimlə kimlər oxuyub: Yaşar Nuri,
Zərnigar Atakişiyeva, Qabil Quliyev... O dövr tamam başqa
idi (düşünür). Yaşar Nuri, Fuad Poladov, mən - məhlə
uşaqları idik, Sovetskidə bir yerdə
böyümüşdük. Uşaqlığımız
bir-birimizin evində keçib. Həyətimizdə 161
nömrəli məktəb vardı, Fuadın atası orada
müdir idi, anası da müəllimə idi. Atam teatrda
işlədiyinə görə bizi teatra
tapşırmışdı, tez-tez məhlədəki
uşaqlarla yığışıb tamaşaya
baxırdıq. Biz teatrın içində
böyümüşdük.
- Yəqin ki, uşaqlıq dostlarınızla
maraqlı xatirələriniz də çoxdur. Ən
azından Yaşar Nurinin incə yumoru, məzəli söhbətləri
hamımıza məlumdur.
- Onlar elə xatirələrdir ki,
danışılası deyil, qızım. Allah hər ikisinə
rəhmət eləsin. Sizə deyim ki, Fuad həyatda
Yaşardan da pozitiv adam idi. Onun bir incə yumoru vardı ki. Hər
ikisi həm yaxşı sənətkar, həm də
yaxşı dost idilər.
- O dövrdə güclü sənətkarlar sanki
dalğa kimi gəlmişdi. Sizcə, bu gəlişi şərtləndirən
amillər hansılar idi?
- Həmin illər teatrın pik vaxtı idi. Mirzağa
Əliyev, Əjdər Sultanov, Mövsüm Sənanı,
Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov,
Ağadadaş Qurbanov kimi sənətkarların dövründən
söhbət gedir. Camaat onlar üçün əldən-ayaqdan
gedirdi. Biz də o vaxt uşaq idik, bunları
görürdük.
- Yəqin ki, atanızın sənətə gəlişinizdə
böyük rolu olub. Çünki Sadıq Bağırov da
dövrünün tanınmış aktyorlarından idi.
- Əksinə, o, mənim sənətə gəlməyimi
istəmirdi. Ailədə beş uşaqdan təkcə mən
aktyor oldum.
- Atanız niyə istəmirdi?
- Ümumiyyətlə, bir çox sənət
adamları deyir ki, övladım incəsənətə gəlməsin.
Çünki bu sənətdə o qədər
haqsızlıqlar var ki... Oqtay Eloğlunun monoluqundakı kimi,
"Biz zəhmətinə qarşı hər kəsdən təhqir
görən zavallı aktyorlarıq". Həqiqətən də
nə qədər əziyyət çəkirsən, ac-susuz səhərdən-axşama
səhnənin tozunu udursan, əvəzində isə bir dəqiqə
alqış, vəssalam. Bilirsiniz, nəinki aktyorluqda, elə
digər sahələrdə də hər şey bəxtə
bağlıdır. Fərqi yoxdur, hambal oldun, çəkməçi
oldun, ya sənətkar. Kiminin bəxti gətirir, evini də
alır, fəxri adını da, mükafatını da. Eləsi
də var ki, 50-60 il atlanıb-düşür, ancaq bəxti gətirmir.
- Siz bəxti gətirənlərdənsiniz?
- Deməzdim.
- Harda gətirmədi şansınız?
- Əlli ildən çoxdur sənətdəyəm.
Bu dövrdə əksər tamaşalarda ya birinci, ya da ikinci dərəcəli
rollar oynamışam. Desəm ki, rol verməyiblər, yalan
olar. Ancaq nəsə naxışım gətirmədi ki, gətirmədi.
- Sizcə, niyə?
- Mən hardan bilim axı. Bunu mənim adımı təltif
siyahılarından silənlər bilir.
- Kim sildirirdi?
- Mənə deyirdilər ki, adın siyahıda var.
Gözləyirdim, axırda adlar açıqlananda məlum
olurdu ki, yox imiş. Belə. Mən bilmirəm kim neyniyirdi.
Allah hamının etdiyi pisliyin əvəzini versin. Necə ki,
o vaxt mənə etdilər.
- Atanız yəqin bunları nəzərdə
tuturmuş.
- Hə. Atam "Əməkdar artist" adını
gec almışdı. Biri var ki, fəxri adı cavan vaxtı
alırsan, bu, aktyora stimul olur. Biri də var ki, gözləyirlər,
əlli yaşına gəlir, onda verirlər. Gərək
aktyoru gənc vaxtı qiymətləndirəsən. Adı
aktyora ölənə yaxın vermək lazım deyil. Atam mənə
bunların hamısından danışmışdı. Deyirdi
ki, mən gözünün qabağındayam, çəkdiyim
əziyyətləri görürsən. Atam da orta səviyyədə
yaşayıb, borc-xərclə ailəsini saxlayırdı.
Əgər çəkdiyin əziyyəti qiymətləndirməsələr,
bu, sənin bütün ömrünü puç edir.
- Pərviz müəllim, sizin bioqrafiyanızda bir
nüans diqqətimi çəkir. "Dədə
Qorqud"da Turalın, "Babək"də Buğdayın,
"Bizim Cəbiş müəllim"də Namiqin və digər
yaddaqalan obrazların dublyajı sizə məxsusdur. Ancaq nəzərə
alsaq ki, siz həm də aktyor idiniz, təkcə səsləndirə
yox, həm də filmlərə daha çox çəkilə
bilərdiniz.
- Bilirsiniz, o vaxt dublyaj maddi cəhətdən bizi qane
edirdi. Yaxşı pul alırdıq, səhərdən-axşama
kimi də işləyirdik deyə, çəkilməyə
vaxt qalmırdı. Elə olurdu ki, gecə on birdə
tamaşadan çıxıb dublyaja gedirdik. Xüsusilə də,
hind filmlərinin nümayişi sərfəli olduğu
üçün bizi məcbur edirdilər ki, səhərə
qədər səsi yazıb bitirək. Çünki rayon
kassalarında hind filmlərinə bilet çox yaxşı
satılırdı. Təsəvvür elə, belə
ağır rejimdə işləyən bir adam insult ola.
Əlli ilim belə keçib. Televiziyada da həmçinin.
"Səhər görüş"lərindən tutmuş,
"Kitablar aləm"i verilişinə kimi dəvət
edirdilər. Yaşar Nuri bir dəfə zarafatla dedi ki, evdə
televizoru hansı kanala çevirirsən Pərvizin səsi,
soyuducunu açırsan Pərvizin səsi... Hara baxırsan Pərvizdir.
Bir sözlə, bütün gün qaçaqaçda olurdum
deyə filmə çəkilməyə vaxt qalmırdı.
Ancaq sizə deyim ki, bir-iki dəfə sınaq çəkilişlərinə
getsəm də, filmə düşə bilməmişəm.
- Məsələn?
- Məsələn, "Qərib cinlər
diyarında" filminin sınağına getmişdim, ancaq məni
yox, Bəxtiyar Xanızadəni seçdilər. Sonradan isə
gəlib mənə dedilər ki, səsini sən yazarsan.
- Bu sizdə qısqanclıq yaratmadı ki?
- Bu nə sözdür? Qısqanclıq nədir? Sadəcə
təəssüf, vəssalam. Çünki adam istər-istəməz
düşünür ki, əgər mən bu obrazın səsini
oxuya bilirəmsə, deməli, oynaya da bilərdim.
Çünki rolun alınmağında səsin böyük əhəmiyyəti
var. Səs daxildən gəldiyi üçün obraza dair bir
çox xüsusiyyətləri tamaşaçıya
çatdıra bilir. Sizə bir nümunə deyim.
"İstintaq" filmində Səməndər Rzayev
Aleksandr Kalyagindən artıq səsi ilə o rolu göylərə
qalıdırıb. Düzdür, Kalyagin zəif aktyor deyil,
ancaq Səməndərin səsi bu rola çox şey
qatıb. Bayaq dediyiniz qısqanclıq məsələsinə
gəldikdə isə... O deyirlər e, yaxşı mənada
paxıllıq etmək. Bax, mən bunu qətiyyən qəbul
etmirəm. Qısqanclıq necə yaxşı mənada ola
bilər? Rəqabət başqadır, qısqanclıq
başqa. Necə ki, xəyanətin yaxşısı yoxdur,
paxıllığın da yaxşısı ola bilməz.
- Pərviz müəllim, olar müsahibə
üçün bir şəkil çəkdirək.
- Yox. İndi müalicə olunuram deyə bərbərə
getmək, özümü səliqəyə salmaq uzun
haqq-hesabdır. İstəmirəm
tamaşaçılarım məni bu cür görsünlər,
qoy həmişə səhnədəki Pərviz
Bağırovu xatırlasınlar. Köhnə şəkillərimdən
birini verərsiniz.
Aytac SAHƏD
525-ci qəzet .- 2024.- 21 dekabr(№235).-S.19.