"Əli və Nino" əsərindən
XXI əsrə baxış
Adətən hər hansı bir əsərdən
danışanda önündə əsərin müəllifini
qeyd edirlər. Mən sadəcə "Əli və Nino"
yazdım. Buna görə məni, yəqin qınamazlar. Müəllifinin
ətrafında çox dolaşdığımızdan sanki təhlilinə
tam vara bilməmişik.
"Əli və Nino" əsəri Azərbaycan ədəbiyyatının
ən məşhur nümunələrindən biri olaraq,
milli-mədəni dəyərlərimizi, Şərq və Qərb
mədəniyyətlərinin qarşılaşmasını və
fərqliliklərin harmoniyasını gözəl şəkildə
əks etdirir. Ən əsası isə Cənubi Qafqazın
ictimai-siyasi proseslərini təqdim edir. Bu əsər təkcə
tarixi bir sevgi romanı deyil, həm də çoxqatlı mənalarla
dolu ictimai və fəlsəfi bir manifestdir. Müasir
dövrümüzdə Əli xan və Nino vasitəsilə cəmiyyətimizin
dəyərləri və qloballaşma fonunda bu dəyərlərin
qorunması barədə düşünmək
mümkündür. Azərbaycan
tarixini, mədəniyyətini, siyasətini özündə
daşıyan roman ictimai-siyasi bir əsər kimi bu
günün də tarixi-siyasi proseslərini ehtiva edir.
Kitabın yetim qalan uşaq kimi qəribə bir taleyi
var. O dövrün acı hökmünü sanki bu kitab da
yaşayıb. Hüseyn Cavidin "Telli sazı" kimi,
Mirzə Şəfi Vazehin "Şərqiləri",
Almas İldırımın şeirləri kimi. Mühacirət
taleyindən də keçib. Ölkələr gəzib.
Dünyanı fəth edib və bestseller zirvəsinə
yüksələrək qəhrəman kimi öz ölkəsinə
qayıdıb. Tarixi yaddaşı özü ilə
qaytarıb. O əsərdən bu günümüzə
baxdıqda güzgü effekti görürsən. Sanki o
güzgüdən sənə baxan tarix elə səni bir əsr
sonra müasir bir donda əks etdirir. Bəzən tarix təkrarlanır
deyirlər. Əslində tarix təkrarlanırmı? Bəlkə
insan itirib təzədən qayıtmaq istədiyi
yaddaşının təkrarını yaşayır. Bəlkə
də, insan yaddaşının inikasıdır bu. Beləcə
əsərin karvan izi ilə bir əsr o taya qayıdıb ədəbi
qəhrəmanlar, tarixi hadisələr ilə bu günə
baxırsan.
"Əli və Nino" əsəri XX əsr
tarixinin bir şəxsiyyət prizmasından incələnməsidir.
Əsər bizi XX əsrin tarixi hadisələrınin
içində
çalxalayır. Rus imperiyası və onun
çöküşü, Cümhuriyyətin qurulması və
süqutu, Nuru paşanın gəlişi, Birinci Cahan
müharibəsi fonunda Azərbaycanımın,
Bakımın transformasiyası,
Asiya və Avropa
sivilizasiyalarının arasındakı çabası,
üç obrazın - Əli xan, Nino və Naxararyanın
timsalında Cənubi Qafqazda üç xalqın geosiyasi
mövqeyi və taleyi incələnir. Bir sözlə,
dünya dəyişikliyi çox maraqlı bir bədii həll
yolu ilə təqdim olunur.
Əsərdəki tarixi şəxsiyyətlər, əsasən
o dövrün sosial, siyasi və mədəni kontekstini daha
yaxşı başa düşməyimizə kömək edir.
Bu şəxsiyyətlər əsərdə həm tarixi hadisələrin
dərk olunmasına kömək edir, həm də bədii
obraz olaraq canlanır. Tarixi obrazlar əsas surətə
çevrilmir, tarixi hadisələrin dərkinə,
mesajların ötürülməsinə kömək edir.
Zeynalabdin ağa, Ağa Musa Nağı, Şəmsi Əsədulla,
Mirzə Əsədulla, Xoylu Fətəli xan və b. belə
obrazlardandır.
Əsərdəki regionun coğrafiyası, onun
arxasındakı siyasi proseslər də geniş təhlil və
ayrıca məqalə mövzusudur. Hadisələr Bakıda cərəyan
edir, şəhərin içəri və bayır hissəsini
özünəməxsus sivilizasiyaların müxtəlifliyi və
harmoniyası ilə verməklə
müəllif yaşadığımız coğrafiyanın
xalqın taleyinə və onun inkişafına təsirini təqdim
edir. Qəhrəmanları Şuşaya, Dağıstana, Gəncəyə,
Tiflisə, Cənubi Azərbaycana da təsadüfi gətirmir.
Bu yerlərin Cənubi Qafqazın taleyindəki rolunu
vurğulayır.
Əsərin əvvəlindən dərs səhnəsi
ilk andan bizi əsas konflikti anlamağa və gələcək
həllə yönəldir. Bu səhnə əsərin mərkəzində
dayanan əsas fəlsəfi və mədəni məsələlərin
başlanğıc nöqtəsidir. Burada müəllim Saninin
coğrafiya dərsində verdiyi sual və ona şagirdlərin
cavabları, əslində, Şərq və Qərb
dünyalarının qarşıdurmasını və fərqli
dəyərləri əks etdirir. Həm də insanın
formalaşmasında təhsilin rolu "Anamın
kitabı"sayağı təqdim olunur. Saninin şagirdlərin
fikrini öyrənmədən Avropanı təbliğ etməsi,
onu Asiyadan üstün tutaraq
proqressiv, Asiyanın isə geri qaldığını təlqin
etməsi ötürmək istədiyi əsas fikirdir.
Əsərin ilk səhifəsi bizi artıq əsas
leytmotiv olan Şərq və Qərb qarşıdurmasına
hazırlayır. Müəllim Saninin sinfə müraciət
edərək dedikləri: "Avropa qitəsinin təbii sərhədləri
şimalda Şimal Buzlu okeanından, qərbdə Atlantik
okeanından və cənubda Aralıq dənizindən
keçir. Avropanın şərq hüdudları rus
imperiyasının içərisindən keçərək
Ural boyunca aşağı enir. Xəzər dənizini ikiyə
bölür və Zaqafqaziyadan keçib gedir. Bax bu məsələdə
elm hələ son sözünü deməmişdi. Məsələn,
bəzi alimlər Qafqaz dağlarının cənubundakı ərazini
Avropaya daxil edirlər, başqaları isə belə fikirdədirlər
ki, bu ərazi də, xüsusilə mədəni cəhətdən
inkişaf etdiyi üçün Avropaya aid olmalıdır.
Balalarım! Şəhərimizin qabaqcıl Avropaya, yaxud geridə
qalmış Asiyaya aid olduğunu müəyyən etmək
sizin mövqeyinizdən asılıdır".
Bu müraciət dərhal iki mədəniyyət
arasındakı sərhədi və eyni zamanda Azərbaycan
xalqının mənsubiyyət sualını gündəmə
gətirir. Azərbaycan coğrafi olaraq Asiya ilə Avropanın
qovşağında yerləşən bir ölkədir. Bu vəziyyət
xalqın tarixi, mədəniyyəti və düşüncə
tərzində də öz əksini tapır. Müəllimin
sualı əslində sadə coğrafi məsələ kimi
səslənsə də,
çox dərin və fəlsəfi xarakter
daşıyır.
Şagirdlər bu suala müxtəlif cavablar verirlər.
Bəziləri Avropa, bəziləri isə Asiya tərəfini
seçir. Bu cavablar, onların ailələrinin, tərbiyələrinin
və dünyagörüşlərinin təsiri ilə
formalaşmışdır. Bəziləri Avropanı
müasirlik, inkişaf və elm ilə eyniləşdirərək
avropalı olduqlarını irəli sürürlər. Digərləri
isə Şərqin mənəviyyatı, mədəniyyəti,
ənənələri və dini dəyərlərinə
bağlı olduqlarını bildirərək asiyalı
olduqlarını söyləyirlər.
Bu ziddiyyət əsərin əsas qəhrəmanı
Əli xanın daxili dünyasına və onun mədəni mənsubiyyət
məsələsinə də işıq tutur. Əli xan
özünü asiyalı hesab edir və bu seçim onun milli
kimliyinə və torpağa olan bağlılığına əsaslanır.
O, Şərq ənənələrinin, müsəlman dəyərlərinin
və ailə bağlarının
üstünlüyünü təmsil edir. Bu ziddiyyət əslində
əsərin konflikti olaraq Əli xanın daxili aləmində,
Əli və Ninonun harmoniyasında, Bakının
quruluşunda, mədəniyyətlərin toqquşmasında,
bir sözlə, hər yerdə təzahür edir.
Əsərdə Əli və Ninonun sevgi hekayəsi,
iki fərqli mədəniyyətin təmsilçiləri olan
müsəlman Əli ilə xristian Nino arasındakı əlaqə
üzərindən təsvir olunur. Şərq adət-ənənələri
ilə Qərbin açıqfikirliliyi arasındakı
tarazlıq, müasir dövrdə də
aktuallığını qoruyur. Azərbaycan bu gün də həm
Şərq, həm də Qərb mədəniyyətlərinin
kəsişmə nöqtəsində yerləşən
ölkə kimi çıxış edir. Əsərdəki
harmoniyanın qorunması və mədəni müxtəlifliklərin
dialoqu müasir dövrdə də dövlət siyasəti və
sosial münasibətlər üçün bir nümunədir.
Əsərdə Şüşadan qayıdan Əlinin
dəvə karvanları ilə qatarı müqayisə etməsi
də düşündürür. Obrazın daxili təlatümünü
əks etdirir: "Qatar yanlış istiqamətə gedir. Mən
oraya, dəvələrə və onları aparan adamlara, qumlu
səhraya mənsubam... Qatar Qərbə gedə bilər. Amma
mən bütün ruhumla Şərqə məxsusam".
Əli obrazı vasitəsilə milli kimliyin
qorunması, torpağa bağlılıq və ənənələrə
sadiqlik ön plana çəkilir. Nino isə yeniliklərə
açıq, dəyişikliklərə uyğunlaşa bilən
bir obrazdır. Onun Dağıstanda mühitə
alışması, Cənubi Azərbaycanda isə
çırpıntısı daxili azadlığının
ifadəsidir. Müasir dövrdə qlobal inteqrasiya prosesləri,
texnologiyanın inkişafı və urbanizasiyanın təsiri
ilə insanlar daha çox kosmopolit düşüncəyə
sahib olmağa çalışır. Bununla belə, milli-mədəni
dəyərlərin qorunması və gələcək nəsillərə
ötürülməsi çox önəmlidir. Əsərin
mesajı, köklərimizə bağlı
qaldığımız halda, yeniliklərə açıq
olmağın vacibliyini vurğulamaqdır. Əli və Ninonun
harmoniyası da bunu ifadə edir.
Əsərdə Birinci Dünya müharibəsinin
başlanması və onun cəmiyyətə təsirləri
təsvir olunur. Müharibə, yalnız böyük dövlətlər
arasındakı qarşıdurma deyil, həm də fərqli
ideologiyaların, mədəniyyətlərin və dəyərlərin
bir-birinə toxunma nöqtəsidir. Azərbaycanın o
dövrdəki sosial vəziyyəti, insanların
düşüncələri və müharibənin fərdlərə
təsiri dərinliklə göstərilir.
Şuşa, Azərbaycanın mədəni mərkəzlərindən
biri olmaqla, Şərq mədəniyyətini təmsil edir.
Əli burada tətilini keçirir, lakin Birinci Dünya
müharibəsinin başlanması ilə o, öz doğma
şəhərinə - Bakıya qayıdır. Qatar səfəri
yalnız bir yol səyahəti deyil, həm də Əlinin mədəni
və emosional keçidini ifadə edir. Bu səyahət
zamanı Əli öz dərin düşüncələri ilə
Şərq və Qərb arasında olan müharibənin fərdi
və ictimai təsirlərini dərk edir. Səyahət
zamanı Əli bir qoçu ilə dialoq qurur. Bu dialoq iki fərqli
dünyagörüşünü, iki fərqli təbəqənin
həyat tərzini və müharibəyə münasibətini
əks etdirir:
Qoçu müharibəni yalnız qələbə və
məğlubiyyətlə ölçən bir obrazdır. O,
müharibəni bir növgüc nümayişi kimi
görür və bu, onun üçün qəhrəmanlıq
meydanıdır. Əli isə müharibəni daha dərindən
təhlil edir. Onun dünyagörüşü yalnız
güc və hakimiyyətlə deyil, həm də mənəvi
dəyərlərlə bağlıdır.
Əslində müəllif Əlinin timsalında yeni
gəncliyin fərqli baxışını təqdim edir.
Atasının: "Sənin babaların qəhrəman olublar,
savaşdan qaçmayıblar", - fikrinə
"Özümü
düşmənin vətənimizə, şəhərimizə
və torpağımıza ayaq basdığı günə
hazırlayıram... Mənim bu müharibədə heç
kimin qarşısında vəzifəm
və borcum yoxdur... mən öz qılıncımı
özüm istədiyim vaxt sıyıracam. Bizim vətənimizin mənim qılıncıma
ehtiyacı var" - kimi cavab verərək məsələyə
azad münasibətini bildirir.
Əlinin baxışı və düşüncəsi Azərbaycanın
müstəqilliyi ilə bağlıdır.
Ayrı-ayrı şəxslərin müharibəyə
münasibəti əsərin geniş ideoloji xəttinin bir
hissəsidir. Bu səhnə, cəmiyyətdəki təbəqələşməni,
fərqli ideoloji və mədəni yanaşmalar
arasındakı qarşıdurmanı simvollaşdırır.
Əlinin fikirləri, onun şəxsiyyətindəki daxili gərginliyi
və Azərbaycan cəmiyyətinin dəyişməkdə
olan xarakterini əks etdirir.
Müharibənin başlanması həm də
Əlinin şəxsi həyatına və emosional vəziyyətinə
bir dönüş nöqtəsi gətirir. O, yalnız sevgi
hekayəsinin təsiri altında deyil, həm də cəmiyyətin
dəyişən şəraitinə uyğunlaşmaq məcburiyyətindədir.
Bu səhnə, Əlinin daha yetkinləşmiş və
müharibənin reallıqlarını dərk edən bir
obraz kimi inkişafına işarədir. Əlinin müharibə
haqqında baxışları əsərin tematik həcminə
dərinlik qatır. Burada Azərbaycan cəmiyyətinin ənənəvi
və müasir təsəvvürləri, müharibənin
sosial-iqtisadi və mədəni təsirləri geniş şəkildə
təsvir olunur. Müəllif bu səhnə vasitəsilə
oxucuya yalnız tarixi hadisələri deyil, həm də mədəniyyətlərarası
dialoqu və dəyişən cəmiyyətin problemlərini
dərindən anlamaq üçün bir yol təqdim edir.
Əli və Ninonun sevgi hekayəsi həm də fərqliliklərə
hörmət, dialoq və sülhün simvoludur. Müasir
dövrümüzdə də mədəni və dini fərqliliklərin
ziddiyyətlərə deyil, zənginliyə səbəb
olduğunu dərk etməyimizdir. Beynəlxalq münaqişələrin
artdığı bir dünyada, "Əli və Nino" əsərinin
bu mesajı sülh və qarşılıqlı hörmət
üçün bir yol xəritəsi təqdim edir.
"Əli və Nino" əsəri yalnız
keçmişin hekayəsi deyil, həm də bu
günümüzün və gələcəyimizin dərsləridir.
Şərq və Qərbin qovuşduğu bir ölkədə,
mədəni müxtəlifliyi qoruyub inkişaf etdirərək
milli kimliyimizi gücləndirmək üçün əsərin
bizə təqdim etdiyi mesajlar çox dəyərlidir. Əsərin
oxuculara çağırışı budur: fərqliliklərimizi
qəbul edərək, birlikdə daha güclü və
harmonik bir cəmiyyət qura bilərik.
Müəllif azərbaycanlı və erməni
münasibətlərində maraqlı bədii həllərlə
dövrün etnik münaqişə problemini də qoyur.
Bütün məqamlarda erməni obrazlarını
yalançı və xəyanətkar kimi təqdim edir. Bununla
da Əli və Naxararyan obrazlarını
qarşılaşdıraraq hər ikisini öz xalqının
ümumiləşdirilmiş obrazı kimi təqdim edir. Müəllif
Naxararyanı çirkin əməli ilə ölümə məhkum
edir. Şuşadakı erməni faytonçunun yalan və
uydurma fikirləri isə əslində erməni
xalqının sinfindən və yaşadığı məkandan
asılı olmayaraq uşaqlıqdan formalaşan xəstə
təfəkkürünün təcəssümüdür.
Bunu isə Əli xan qəbul etmir. Ninonu öz avtomabili ilə
qaçıran Naxararyana Qarabağ atı ilə
çatır. "Bu kilsənin 5 min illik tarixi var", - deyən
erməniyə isə "Xristianlığın heç 2 min
illik tarixi yoxdur", - deyərək cavabını verir. Elmli,
ayıq və güclü olmağın həll yolu olduğu
mesajını ötürür. Şuşada baş verən
erməni faytonçunun Əli ilə olan dialoqu, əsərin
mədəni və siyasi təhlilini, həmçinin tarixi
şəraitin fərdlərin münasibətlərinə necə
təsir etdiyini göstərir. Bu səhnə Azərbaycan və
erməni xalqları arasındakı əlaqələrin
mürəkkəbliyini əks etdirir.
Naxararyanın Ninonu qaçırarkən söylədiyi:
"Prinses, Şərq və Qərb arasında heç bir
körpü, hətta məhəbbət körpüsü də
yoxdur... Osmanlı qılıncının təhlükəsi
altında olan bizlər gərək birləşək, əl-ələ
verək. Biz Avropanın Asiyadakı elçiləriyik", -
fikri Cənubi Qafqazın bütün tarixi dövrlərində
ermənilərin missiyasını açır, bədii həllini
də çox gözəl tapır. Əli xanın əli ilə
alt-üst edilir.
Əli xan özünü Demokratik Cümhuriyyətin
qurulmasında tapır. Onun yaşaması üçün əlindən
gələni edir, yeni bir Vətən qurur, Şərq və Qərbin
harmoniyasından doğulan övladının gələcəyini
düşünür. Vətən sevgisini bütün sevgilərdən
üstün tutur. Cümhuriyyətin doğuşu ilə
doğulub, süqutu ilə bərabər, şəhidliyə
qovuşur. Son məqamda Cümhuriyyətin rəmzi təsiri
bağışlayır. Təlatümlərin, ziddiyyətlərin
içindən doğub qürub edən Vətən simvolu.
Beləcə, XX əsrin əvvəllərində
yazılan bədii əsərlə XXI əsrə nəzər
yetirməyə çalışdıq. "Əli və
Nino" bu gün də gəncliyin milli kimlik dərsi olaraq
üz tutacağı mütləq əsərdir", - deyə
bilərik. Dönəcəyimiz
və hələ çox mətləbləri təhlillərlə
təqdim edəcəyimiz mütləq əsər. Bu
günü dünənlə görəcəyimiz əsər.
Mehriban VƏLİYEVA
Filologiya üzrə fəlsəfə doktoru, Milli Məclisin
deputatı
525-ci qəzet .- 2024.- 21 dekabr(№235).-S.14;15.