Naxçıvandan dünyaya...
ƏBDÜLBƏHANIN SAĞ ƏLİ - MİRZƏ
ƏLƏKBƏR NAXÇIVANİ
(Əvvəli qəzetin ötən şənbə
sayında)
1911-ci ilin yanvarında Misirdə din Mühafizi ilə
şəxsi tanışlıq, görüş və iki həftəlik
ünsiyyətdən sonra Mirzə Ələkbər Bakıya
dönsə də, yayda yenidən Hayfaya qayıtmalı
olmuşdu. Avqustda Fransa və
Böyük Britaniya bəhai icmalarının dəvəti ilə
Əbdülbəhanın Qərbi Avropaya ilk
tanışlıq turnesi təşkil ediləcəkdi. Bəhai
iyerarxiyasının seçkin təmsilçiləri ilə
birlikdə Mirzə Ələkbərin də həmin səfərdə
iştirakı nəzərdə tutulmuşdu. Təbii ki, bu,
Əbdülbəhanın istəyi, seçimi idi və
heç şübhəsiz, yüksək etimad
sayılırdı. Dörd aya yaxın sürən səfər
zamanı onlar İngiltərənin Bristol və London şəhərlərində,
Fransada isə Parisdə olmuşdular. Səfərdə məqsəd
yerli bəhai icmaları ilə tanışlıq, yeni təlimin
təbliği, ən başlıcası dünyanın maraq
göstərdiyi bəhai liderinin Avropaya təqdimatı idi.
Növbəti il isə Əbdülbəha Mirzə
Ələkbər Naxçıvani də daxil olmaqla (artıq
icmada bu soyadla tanınırdı) bir neçə nəfər
tanınmış bəhainin müşayiəti ilə yeddi
aydan çox çəkən Şimali Amerika və Kanada səyahətinə
yollanmışdı. Səfər Amerika bəhai
icmalarının xahişi və dəvəti əsasında həyata
keçirilmişdi. Yusif Vəzirin avtobioqrafik qəhrəmanı
Rüstəm bəyin iddiasının əksinə olaraq
amerikalılar bəhailiyə yetərincə fəal maraq
göstərirdilər. Əbdülbəha ilə həmkarları
Nyu-Yorka həyəcanlı bir
vaxtda - 1912-ci il aprelin 11-də gəlmişdilər.
Əslində mənzil başına çatmaya da bilərdilər.
Çünki "Titanik" transatlantik laynerinin sahibi
"White Star Line" şirkəti çox böyük
güzəştlər bahasına olsa da, mötəbər
qonaqları sərnişinləri arasında görmək istəyirdi.
Təbii ki, bu həm şirkətin özü, həm də
ilk səfərinə yollanan qeyri-adi gəmi üçün
yaxşı reklam rolunu oynaya bilərdi. Lakin bəhai lideri cəlbedici
təklifdən boyun qaçırmışdı. Səfər
yoldaşlarına rahatlıq, lüks xatirinə xərclənəcək
pulları xeyriyyə işləri üçün sərf etməyin
Allah dərgahında daha məqbul bir hərəkət
olduğunu deyib okeanda tələsmədən, uzun bir səyahətə
çıxmaq istədiyini bildirmişdi.
Nəticədə onlar dəbdəbəli
"Titanik" laynerini deyil,
nisbətən kiçik və daha asta hərəkət
edən "Sedrik" adlı sıradan bir sərnişin gəmisini
seçmişdilər. Atlantik okeanının sularına qərq
olmadan sağ-salamat Nyu-Yorka çatmışdılar. Nəhəng
aysberqlə toqquşan "Titanik" sərnişinlərinin
çoxu isə dəhşətli faciə
yaşamışdılar. Aprelin 16-da laynerin qəzaya
uğraması xəbərini eşidən Əbdülbəha
qəzetçilərlə söhbətində demişdi:
"Mənə də "Titanik"lə səfərə
çıxmağı təklif edirdilər, amma nə qədər
çalışdımsa, ürəyim buna razılıq vermədi".
Amerika səyahətinin bir anı. Öndə
Əbdülbəha, arxada Mirzə Ələkbər
Naxçıvani.
Səyahət əvvəlcədən
razılaşdırılmış müfəssəl proqram
üzrə həyata keçirilirdi. Doğrudur, bəhai lideri
və onu müşayiət edən şəxslər əksər
vaxtlarını dindaşlarının daha çoxsaylı
icmalarının yerləşdiyi Nyu-Yorkla
tanışlığa həsr etmişdilər. Amma bununla
yanaşı, Çikaqo, Pitsburq, Klivlend, Vaşinqton və
Filadelfiyaya baş çəkməyə də imkan
tapmışdılar. Gözləri qarşısında
açılan mənzərə, Amerika reallıqları hər
kəsi heyrətləndirmişdi. Mirzə Ələkbər
isə vaxt itirmədən səfərin ilk günündən
intensiv şəkildə ingilis dilini öyrənməyə
başlamışdı. Və sonradan İzabella Qrinevskayaya məktublarından
birində etiraf etdiyinə görə bu işdə müəyyən
uğur qazana bilmişdi.
Avqust ayında o, Əbdülbəhanı Nyu-Hempşir
şəhərinə səfərdə müşayiət
etmişdi. Ardınca isə Men ştatında yeni dinin ilk
amerikan davamçısı Qrin Eykrin bəhai məktəbinin
fəaliyyəti ilə tanış olmuşdular. Səyahət
boyunca çəkilən çoxsaylı foto-şəkillərdə
Mirzə Ələkbəri həmişə mərkəzdə,
Əbdülbəhanın yanında görmək
mümkündür. Bunu adi təsadüf də saymaq olar.
Amma gəncliyinə və əgər
belə demək mümkündürsə, "periferiyadan"
olmasına baxmayaraq, azərbaycanlı həmin dövrdə
artıq müəyyən nüfuz qazanmışdı, bəhai
elitasında sayılıb-seçilirdi. Əbülbəhanın
səfər zamanı yazdığı məktubdan gətirəcəyim
aşağıdakı sətirlər onun digər bəhailərlə
müqayisədə Mirzə Ələkbəri yaxşı mənada
fərqləndirdiyini söyləməyə əsas verir. Əbdülbəha deyirdi: "Gərək
dostlar bilsinlər ki, məqsədimizə çatmaq
üçün göstərdiyimiz indiki xidmət əsnasında
yoldaşlarım və sirdaşlarım, yaxınlarım və
silahdaşlarım, xüsusən də Mirzə Ələkbər
Allahın qüdrəti və göylərin hökmü ilə
özlərini Rəbbin yolunda qurban verməyə həmişə
hazır görünürlər".
Kanadaya qısa müddətli səfər, habelə
Minneapolis, San-Fransisko, Stenford və Los-Anceleslə
tanışlıqdan sonra "yeni dünyaya" ilk səfərinə
çıxan heyət 1912-ci il dekabrın 5-də Avropaya
qayıtmışdı. İki ay Parisdə qalmış,
ardınca London, Ştutqard, Vyana, Budapeşt şəhərlərində
olmuşdular. Getdikləri hər yerdə bəhai icmalarının
nümayəndələri, yaxud yeni təlimlə maraqlanan
ziyalılar, ictimaiyyət və mətbuat təmsilçiləri,
dini konfessiyaların üzvləri, sıravi insanlarla
çoxsaylı görüşlər keçirmişdilər.
Mirzə Ələkbər uzun, lakin maraqlı, üstəlik də,
yeni tanışlıq və təəssüratlarla dolu səfərdən
yalnız növbəti ilin baharında geri dönə
bilmişdi.
Amerika gəzisi. Minniapolis ştatında. Mirzə
Ələkbər Naxçıvani. (Soldan ikinci).
Avropa və Amerikaya birgə
səfər Əbdülbəha ilə Ələkbər
Naxçıvanini daha da yaxınlaşdırmışdı.
Nəticədə, ordubadlı gənc din Mühafizinə
xüsusi yaxınlığı ilə seçilən bir
şəxs kimi 1914-cü ilin sonuna qədər müəyyən
fasilələrlə Akka və Hayfada yaşamalı
olmuşdu. Qısa zamanda bəhai liderinin sıx-sıx ehtiyac
duyduğu yaxın köməkçisinə, katibinə, tərcüməçisinə
çevrilmişdi. Belə bir cəhəti də ayrıca
qeyd etmək lazımdır ki, Əbdülbəha bəhai təliminə
beynəlmiləl xarakter vermək üçün yaxın
çevrəsində dünyanın əsas regionlarını
təmsil edən insanların olmasına böyük diqqət
yetirirdi. Bu mənada Mirzə Ələkbər bəhai qərargahında
yalnız Azərbaycanın deyil, Qafqazın təmsilçisi,
üstəlik də, Rusiya üzrə məlumatlı ekspert
sayılırdı.
Əbdülbəha onu Qafqazla bağlı gələcək
planlarının əsas icraçılarından biri hesab
etdiyini gizlətmirdi. Müjdə verərək niyyətini
yazılış tarixi göstərilməyən bir məktubunda
belə ifadə etmişdi: "Sözün qısası,
Allahın gözəgörünməz əli və köməyi
ilə sən günbəgün daha böyük xidmətlər
göstərəcəksən. İşində elə
sarsılmaz əzm və qətiyyət nümayiş etdirəcəksən
ki, Qafqazın əfsanəvi Səməndər quşunun
yuvasına çevrilməsi, Bakının müşk-ənbər
qoxusu verməsi, Tiflisin qiymətli daş-qaş mənziləsinə
yüksəlməsi, Gəncənin gerçək bir sərvət
xəzinəsi kimi tanınması, Şuşanın parlaq
büllur kimi bərq vurması imkanı yaranacaq".
Yəqin ki, Əbdülbəhanın təsəvvürünə
görə bütün bunlar adı çəkilən yerlərdə
bəhailiyin yayılması nəticəsində mümkün
ola bilərdi. Cənnət vədinə bənzər bir
şey deyildimi? Əslində bütün dinlər, məzhəblər
gerçək dünyadan daha gözəl, zəngin və adil
olan dünya vədi üzərində qurulur. Bu mənada bəhailik
də istisna deyildi. Sonralar Mirzə Ələkbərin oğlu
Əli Naxçıvani bir
çıxışında bəhailik
doktrinasında xəyal, fantaziya
ünsürlərinin həmişə çox mühüm
yer tutduğunu etiraf edəcəkdi.
Din Mühafizi Mirzə Ələkbərin Azərbaycan
türkcəsinin şirinliyi və məlahəti
qarışmış danışıq tərzini də
çox xoşlayırdı. Əli Naxçıvaninin
yazdığına görə boş vaxtı olanda Mirzə
Ələkbəri yanına çağırıb bəzən
saatlarla söhbət edir, qulağa xoş gələn
farscasını dinləməklə bir sırada ondan
yalnız Qafqaz deyil, Rusiya, rus
ziyalıları və mədəniyyəti, imperiyanın din
siyasəti barədə məlumatlar alırdı.
Ürək söhbətləri, bəhailiyin gələcəyi
ilə bağlı fikir və düşüncələr məktublarda
da davam etdirilirdi. "Mirzə Ələkbər
Naxçıvani" kitabında Əbdülbəhanın
müxtəlif vaxtlarda azərbaycanlı din qardaşına
ünvanlandığı, bəziləri müəyyən məsələlərlə
bağlı konkret təlimat, digərləri isə fikir
mübadiləsi xarakteri daşıyan 20-dən çox məktubu
yer alıb. Məktubları fars dilindən ingiliscəyə
Mark Hellaby tərcümə etmiş, eyni zamanda zəruri
saydığı məqamlarda barəsində rəmzlərlə,
işarələrlə, pərdəli şəkildə
söhbət gedən məqamlara aydınlıq gətirmişdi.
Poetikliyi, obrazlılığı, duyğu və
düşüncələrin dərinliyi, nəhayət bəzən
bəlağətli ifadə tərzi ilə seçilən bu
insani sənədlər səmimiyyət, hiss-həyəcan,
çağırış və dəvət notları üzərində
köklənib.
Amerika gəzisi. Nyu-York.
Mirzə Ələkbər Naxçıvani (sağdan
dördüncü, mərkəzdə)
Məsələn, bir hissəsini aşağıda
misal gətirdiyim həsbi-hal xarakterli məktubda olduğu kimi:
"Uzun müddət yanımda qaldın. Yəqin ki, bu səbəbdən
sənə olan məhəbbətim xeyli artdı. Çevrəmdəki
adamları sevəndə, xətirlərini istəyəndə
bunu heç vaxt üzlərinə demirəm. Məlumundur ki,
Mirzə Əbülfəzlin, Hacı Mirzə Heydərəlinin
xatirini nə qədər əziz tuturam. Amma indiyə qədər
bu barədə özlərinə heç nə deməmişəm.
Bilirəm, səni çox uzaqlara göndərmişəm.
Amma tək deyilsən. Ali Toplumun (bəhailiyin -V.Q.)
mehmandarları səninlədir.
Onlar köməkçin olacaq, ehtiyac duyulan hər təsadüfdə
güc və qüvvənin artmasına yardım göstərəcəklər.
Həkimlər məsləhət görürlər ki, səhhətimə
tam bərpa etmək üçün bu arada gərək
özümə daha yaxşı baxım. Dinimizə iman gətirənlərdən
xoş xəbərlər eşidəndə ürəyim aram
tapır, yüksək əhval-ruhiyyəyə
qovuşduğumu hiss edirəm. Əgər məni uzun müddət
belə vəziyyətdə görmək istəyirsənsə,
o zaman daim insanların arasında ol, İşimizə xidmət
elə. Ürəklərə məlhəm qoy, qəlblərə
şəfa ver. Mənəvi zəfərlərinlə
bağlı xəbərlər mənim də qəlb
rahatlığıma bir müjdə olacaq. Yolun
düşdüyü hər yerdə şəfqət dolu bəhai
salamlarını dinimizin təəssübkeşlərinə
çatdır, mənim adımdan onlara söylə:
"İşimizin davamlı irəliləyişi, tərəqqisi
üçün bütün məsuliyyət sizin üzərinizdədir.
Siz bəşər nəslinin xəstə cismini müalicə
etmək üçün göndərilmiş həkimlərisiniz.
Həyatınızın sonuna qədər harada olursunuz olun,
İşimizdən bir an da kənarda qalmağı
ağlınıza gətirməyin. Kilsə Həvariləri
kimi ölkə-ölkə gəzin, torpaq-torpaq dolaşın,
Abha səltənətinin (Abha Səudiyyə Ərəbistanının
təbii gözəlliyi ilə seçilən dağlıq ərazisindəki
bir şəhərin adıdır; bəhai leksikonunda təxminən
"behişt, cənnət" anlayışlarına
yaxın bir mənanı ifadə edir. Bəhailər
arasında Allahu Abha təxminən islamdakı Allahu Əkbər
kəlamının qarşılığı kimi istifadə
olunur - V.Q.) xoş xəbərlərini dünyanın ən
uzaq guşələrinə çatdırın.
Niyə susmusan? DANIŞ! Niyə oturmusan?
HƏRƏKƏT ELƏ! Niyə sakitsən? TUFAN QOPAR!
İndi istirahətə dalmaq, rahatlıq aramaq vaxtı deyil.
Daim səyahətlərə çıx, Allahın Təlimini
yaxında və uzaqda olan hər yerdə yay! Səmadakı
ulduzlar kimi hər səhər üfüqdən parla!
Bülbül kimi hər gün bir gülün budağına
qonub cəh-cəh vur! Səhər mehi kimi hər səhər
bağlardan, bağçalardan əs!
Heç vaxt uzun-uzadı bir yerdə
mənzil salmağa, qərar tutmağa çalışma.
Elə et ki, dünya sözlərindən fayda
götürsün, nümunəndən ibrət alsın. Mənim
səhhətim İşimizin irəliləməsinə
bağlıdır. İşimizin irəliləməsi isə
onu həyata keçirən qasidlərimizin hərəkətlilik
və müdrikliyindən asılıdır".
Yenə də Əli Naxçıvaninin atası
haqqındakı kitabına müraciət edək. Onun
yazdığına görə, qısa müddət ərzində
Mirzə Ələkbər XX əsrin əvvəllərindəki
nəqliyyat şərtləri baxımından kifayət qədər
böyük məsafə sayılan 20 000 mildən çox yol
keçmişdi. Parisdə (Fransa), Vyanada (Avstriya-Macarıstan
imperiyası), Odessada (Rusiya) Batum və Tiflisdə
(Gürcüstan), Gəncə və Bakıda (Azərbaycan),
Aşqabad, Marı və Tecanda (Türkmənistan), Səmərqənddə
(Özbəkistan) olmuş, İrəvana baş çəkmiş,
sonda isə Culfa, Mərənd, Təbriz yolu ilə Tehrana
qayıtmışdı.
Mirzə Ələkbər (birinci sırada soldan ikinci)
Aşqabad bəhailəri arasında.
Avrasiya miqyasında geniş coğrafiyanı əhatə
edən səfərdən, onun nəticələrinin ümumən
uğurlu olmasından xəbər tutan Əbdülbəha
demişdi: "Düşmənlər bizi Tehrandan qovanda
sevindikərindən çırtıq çalıb
oynayırdılar. Yəqin fikirləşirdilər ki,
artıq İşimizin sonu çatıb. O zaman Tehranla
Bağdad arasında axtarsan, bəlkə də bir-iki nəfər
bəhai tapmaq olardı. İran şahı
öyünürdü ki, artıq bəhai ağacını
kökünü birdəfəlik qurudub. İndi özün
fikirləş, gör oralarda nə qədər bəhai
varmış!"
Əbdülbəhanın Mirzə Ələkbər
Naxçıvani və Bakı bəhai icmasının
üzvlərinə göndərdiyi məktublarda Azərbaycan
mədəni-mənəvi səviyyəsi, yetkin
ziyalıları ilə bəhai təliminin yayılması
baxımından regionun əhəmiyyətli məntəqəsi
kimi qiymətləndirilirdi. Yerli icmanın böyük maddi
imkanlara malik təmsilçisi, məşhur neft milyonçusu
və xeyriyyəçi Musa Nağıyevin adı xüsusən
tez-tez çəkilirdi. Məktubların birində bildirilirdi
ki, bakılı zəngin Əbdülbəhaya müraciət
edərək Aşqabaddakı möhtəşəm bəhai
İbadət evinin eynisini Bakıda ucaltmasına icazə istəmişdi.
Lakin Birinci Dünya müharibəsinin yaratdığı
iqtisadi tənəzzül, yaşı və xəstəliyi
ona öz arzusunu həyata keçirməyə imkan verməmişdi.
Əli Naxçıvani kitabında Əbdülbəha
və atasının dostu, bəhai təliminin xeyirxahı kimi
Musa Nağıyevi ingilis dilli oxuculara daha yaxından
tanıtmaq məqsədi ilə onun xeyriyyəçi-metsenat
portretini yaratmışdı: "Nağıyev Bakının
böyük torpaq sahiblərindən idi. Eyni zamanda xeyriyyəçi
və sənət himayəçisi kimi tanınırdı.
Bakının mərkəzində indi Azərbaycan Elmlər
Akademiyası Rəyasət Heyətinin yerləşdiyi ən
gözəl saraylarından birini tikdirib Müsəlman Xeyriyyə
Cəmiyyətinə hədiyyə edən də o idi.
Nağıyevin doğma şəhərinə digər
töhfəsi inşasına 1912-ci ildə
başladığı, hazırda Səhiyyə Nazirliyinin sərəncamında
olan və dövrü üçün ən böyük
sayılan xəstəxana idi. Sonralar Azərbaycan Dövlət
İqtisad Universiteti kimi istifadə edilən realni məktəb
binasının inşasının da əsas sponsor və himayədarlarından
biri də o olmuşdu".
Əbdülbəha Musa Nağıyevlə şəxsən
heç vaxt görüşməsə də, Mirzə Ələkbər
vasitəsi ilə on beş ildən çox sıx əlaqə
saxlamışdı. Din Mühafizi onu ilk növbədə əqidəsinə
bağlı insan, inanclı bəhai kimi qiymətləndirirdi.
Hətta yaxın çevrəsindəki şəxslərdən
biri Bakı zəngininin icmaya verdiyi ianələrinin
azlığından şikayət edəndə Əbdülbəha
demişdi: "Bizə Musa Nağıyevin özü
lazımdır, pulu yox!"
Fatimə Təbrizi - Mirzə Ələkbər
Naxçıvaninin xanımı.
Səmimi münasibətlər isə bir qədər
mifik görünən epizoddan başlamışdı. Guya
milyonçunun qazma işlərinin nəticəsini səbirsizliklə
gözlədiyi, hətta uğurlu nəticədən əl
üzdüyü neft quyusu yalnız din Mühafizinin dua-sənasından
sonra fontan vurmuşdu. Başqa bir məktubdan isə Birinci
Dünya müharibəsi dövründə Musa
Nağıyevin ABŞ-a mühacirət etmək niyyəti və məsələdən
xəbər tutan Əbdülbəhanın ona uzaq səfərə
yolu mütləq "müqəddəs torpaqdan" salmaq təklifi
haqda öyrənirik. Məktublarda ara-sıra Bakıda bəhai
İbadət evinin tikilməsi və bu məsələdə
Musa Nağıyevin maddi iştirakı mövzusuna toxunulur.
Rusiyada bəhaliyin geniş çapda bərqərar
olması naminə milyonlarla insanın ağlına və
hissinə təsir göstərmək qüdrətində olan
qraf Tolstoy, yaxud İzabella Qrinevskaya kimi ədəbi şəxsiyyətlərlə
əlaqə və əməkdaşlığın
qurulması ilə bağlı məsləhətlər, təlimatlar
verilir, yol göstərilir. Ümumiyyətlə bəhailərin
bu məsələdə ağıllı, uzaqgörən
siyasət yürütmələri danılmaz faktdır. Nəticədə
ictimai fikri formalaşdıran bir sıra qabaqcıl
insanların diqqətini cəlb edə bilmişdilər. Bu mənada
Mirzə Ələkbər Naxçıvaninin də xidmətləri
az olmamışdı.
Orijinalı farsca yazılmış məktublar
"yüksək" üslubu, bəlağətli və
ritorik ifadə tərzi, təşbeh və bənzətmələrin
bolluğu ilə seçilir. Bəzən hətta klassik Şərq
poeziyası nümunələrini xatırladır. Eyni zamanda
burada fərqli bəhai terminologiyası formalaşdırmaq,
xüsusi ifadə modeli yaratmaq təşəbbüsləri də
aydın nəzərə çarpır.
Əbdülbəhanın azərbaycanlı
silahdaşına bəlli bir kədər ab-havasının da
yer aldığı sonuncu məktubu 1919-cu ilin payızına
təsadüf edir. Həmin ərəfədə hər ikisi
artıq ağır xəstəliklərlə mübarizə
aparırdı. Qədərin hökmü ilə Şüvəlan
guşənişini olmuş Mirzə Ələkbər
ara-sıra yenidən Hayfanı ziyarət etmək, Ustadla
görüşmək, bəlkə həmişəlik
vidalaşmaq haqqında düşünsə də, səhhətinin
və maddi durumunun buna imkan vermədiyinin fərqində
idi...
lll
Ümumdünya bəhai hərəkatındakı fəaliyyəti
və Əbdülbənın istəyi ilə əlaqədar
Mirzə Ələkbər 1914-cü ilin sonlarına qədər
yeni təlimin mənzil-qərargahının yerləşdiyi
indiki İsrail ərazisində - Hayfa şəhərində
yaşamışdı. Amma Bakı ilə, Azərbaycanla əlaqələrini
də kəsməmişdi. Çox güman, Bakı bəhailərindən
Molla Əbutalibin mahir bənna kimi tanınan iki oğlunun -
Usta Əliəşrəflə Usta Balanın Əbdülbəhanın
təşəbbüsü ilə Hayfa
yaxınlığındakı Karmel dağında Baba
ucaldılan ilk məqbərəsinin tikintisinə dəvət
olunmalarında da onun rolu vardı. Mirzə Ələkbərə
bəslənən yüksək diqqət və ehtiram
soydaşlarına, həmvətənlərinə olan
münasibətə də təsirsiz qalmamışdı.
Tikinti işləri başa çatandan sonra Əbdülbəhanın
iradəsi ilə Bab məqbərəsinin iki qapısı
bakılı bənna qardaşların şərəfinə
müvafiq şəkildə Usta Ələşrəf və
Usta Bala qapıları adlandırılmışdı.
Qapı isə bildiyimiz kimi, bəhai rəmzləri arasında
mühüm yer tuturdu.
Dinin Mühafizi özünə yaxın
saydığı seçkin davamçılarının -
doktor Ziya Bağdadi ilə Mirzə Ələkbərin şəxsi
həyatlarının nizama salınması, evlənib ailə
sahibi olmaları vəzifəsini də öz üzərinə
götürmüşdü. Əli Naxçıvaninin
yazdığına görə, Əbdülbəha Amerika səfərindən
qayıdandan bir müddət sonra səfərdə onu
müşayiət etmiş hər iki dostu yanına çağırıb
"özünün iki qızı ilə" evləndirmək
niyyətində olduğunu bildirmişdi. Bu zaman farsca həm
ümumən "qız, qız uşağı", həm
də "qızım"
anlamını verən "doxtər" kəlməsindən
istifadə etmişdi.
Söhbət Hayfada yaşayan Azərbaycan əsilli iki
bacıdan - Fatimə və Zinət xanımdan gedirdi. Hər
iki gənc qız Əbdülbəha ailəsinə kiçik
yaşlarından bağlı idi. Bəhiyyə xanımın
xidmətində dayansalar da, ailə onlara xidmətçi
gözü ilə baxmır, öz övladlarından
seçmirdi. Bəzi qaynaqlarda bir əsas gətirmədən,
mənbə göstərmədən Mirzə Ələkbərin
xanımının fələstinli bəhai olduğunu iddia
edilir. Və təbii ki, burada yalnız formal komponent -
yaşayış yeri amili əsas götürülür.
Əslində isə həm Fatimə, həm də
bacısı Zinət təbrizli Hüseyn ağanın
qızı, ilk bəhailərdən Ələsgər Təbrizinin
nəvələri idi. Hələ Bab üsyanı zamanı
yeni təlimin tərəfdarları sırasında yer alan ailə
Ədirnə sürgünü dövründə Bəhaullaha
qoşulmuş, bütün məhrumiyyətləri
paylaşaraq bir də heç vaxt ayrılmamışdı.
Onunla, sonra isə oğlu Əbdülbəha ilə birlikdə
Akka və Hayfada yeni icma qurulmasına böyük töhfə
vermişdi. Dinin Mühafizi Fatiməni yalnız nəslinə,
babasına və atasına deyil, həm də özünün yüksək mənəvi
keyfiyyətlərinə, inancına sadiqliyinə görə
qiymətləndirirdi. Gözü qarşısında
böyüdüyü üçün hansı ağıl, mərifət
və xarakterə sahibləndiyini yaxşı bilirdi.
Gələcək valideynlərinin həyatında
baş verən mühüm dəyişiklikdən bəhs edən
Əli Naxçıvani yazır: "Unudulmaz Amerika səfərindən
il yarım sonra Əbdülbəha Mirzə Ələkbərlə
Hayfada, artıq qərarını verdiyi toy mərasimindən
bir müddət əvvəl görüşdü. Bacısı
Bəhiyyə xanımdan Fatiməyə qonağın
Ustadın seçimi olduğunu
və onu istəməyə gəldiyini söyləməyi
xahiş etmişdi. Həmin dövrdə şərqli
qızla oğlanın təklikdə görüşüb
danışması caiz sayılmadığından Bəhiyyə
xanım anamı kişilərin oturduğu salona bitişik
otağa aparmış və gələcək ərinə
açar deşiyindən baxmağı
tapşırmışdı. Valideynlərimin ilk
tanışlığı belə baş tutmuşdu".
"Əlbəttə, bir əsrdən sonra bu adət
bizə çox qəribə gəlir, - deyə Əli
Naxçıvani sonra müasir oxucuya qəribə
görünə biləcək məsələnin
detallarına varır: - Düşünürük ki, bəs
iki gəncin fikri ilə maraqlanan oldumu? Onlar gələcək
ailə ittifaqı haqqında düşünüb
danışa bildilərmi? Valideyn xeyir-duası,
dost-tanış məsləhəti harada qaldı? Amma bir məsələ
vardı: Əbdülbəha inandığı hər kəsi
cani-könüldən sevdiyi üçün öz istəyinin
onların da istəyi olacağına tam əmin idi. Əmin
idi ki, təklifini ən düzgün seçim, ən adil qərar
hesab edəcəklər. Çünki yaşadıqları cəmiyyət
məsləhətli nikahlara əsaslanırdı. Bu vəziyyətdə
isə Əbdülbəha hər iki tərəfin
böyüklük, valideynlik vəzifəsini öz üzərinə
götürmüşdü. Beləliklə, təbrizli Fatimə
ilə əslən Ordubaddan olan Mirzə Ələkbərin
toy məclisi 1914-cü ilin Novruz bayramı günlərində
Hayfada, din Mühafizinin evində baş tutmuşdu. Sıradan
olan bəhai üçün bu, çox böyük şərəf,
ağlagəlməz səadət sayıla bilərdi".
Bir müddət kirayə mənzildə yaşayan gənc
ailə Əbdülbəhanın kürəkəni Mirzə
Möhsün Əfnanın vasitəçiliyi ilə Hayfada
4000 rus rubluna torpaq sahəsi almışdı. Lakin həmişəlik vətənə
dönmək niyyəti qətiləşdiyi üçün
burada yurd sala bilməmişdilər. Sonradan varisləri həmin
ərazini təmənnasız olaraq bəhai icmasına hədiyyə
etdilər. Ərazi hazırda Ümumdünya Ədalət
Evinin mülkiyyətidir.
Nüfuzlu bəhai xadimi kimi vətənə
qayıdan Mirzə Ələkbərin həyatının yeni
və son səhifəsi isə gənclik illərinin şəhərində
- Bakıda başlanıb sona yetəcəkdi.
(Davamı qəzetin gələn şənbə
sayında)
Vilayət QULİYEV
525-ci qəzet .- 2024.- 21 dekabr(№235).-S.10-11.