Naxçıvan şivələri haqqında dəyərli
monoqrafiya
Qədim dil faktlarını qoruyub saxlayan, mühafizə
edən əsas amillərdən biri şivələrdir.
Ədəbi dildə işlənmə funksiyasını itirən
sözlərin, demək olar ki, böyük bir qismi şivələrdə
qorunub saxlanılır. Ona görə də şivələrdə
işlənən sözlərin toplanması, təhlil və
tədqiq edilməsi çox önəmli və vacib məsələlərdəndir.
Hər bölgənin özünə aid şivələri
olduğu kimi, Naxçıvan bölgəsinin də zəngin
şivə materialı vardır. Naxçıvan əhalisinin
dilindən süzülüb gələn bu xəzinə
filologiya elmləri doktoru, dosent Nuray Əliyeva tərəfindən
araşdırılaraq, bu günlərdə işıq
üzü görən "Naxçıvan şivələri"
adlı monoqrafiyada oxuculara təqdim olunub. İki cilddə
çap olunması nəzərdə tutulan monoqrafiyanın
birinci cildi Nuray Əliyevanın uzun illər çöl
ekspedisiyalarına verdiyi əməyin bəhrəsidir. Bu
baxımdan Nuray Əliyevanın oxuculara təqdim etdiyi
"Naxçıvan şivələri" adlı
monoqrafiyası çox dəyərli əsərdir.
Elmi redaktoru AMEA-nın müxbir üzvü, professor
Əbülfəz Quliyev, rəyçilər filologiya elmləri
doktoru, professor İbrahim Bayramov (ön sözün müəllifi),
filologiya elmlər doktoru, professor Məhərrəm Məmmədlinin
olduğu bu monoqrafiya giriş, 3 fəsil, nəticə və
istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
Müəllif birinci fəsildə Naxçıvan
şivələrinin fonetikasını 4 paraqrafa, hər
paraqrafı da bəndlərə bölərək tədqiqata
cəlb edib. Bu fəsildə Nuray Əliyeva çox maraqlı
dialekt faktlarını seçib və təhlilini verib. Bu
sıradan bizim də diqqətimizi - sö:pət (söhbət),
go:l (könül), Ə:z (Əziz), lə:z (ləziz), u:n
(onun) və digər sözlər çəkdi. Bu şivə
sözləri, ilk eşidəndə, təbii ki, ilkin mənasını
anlamaqda bir qədər çətinlik yaranır. Monoqrafiyada
yer alan bütün şivə sözlərinin
qarşısında ədəbi dil variantı verildiyinə
görə oxuyanda çətinlik çəkmirsən. Bu da
monoqrafiyanın müsbət cəhətlərindən biridir.
Məlumdur ki, dialekt və şivələri bir-birindən fərqləndirən
cəhətlərdən biri fonetik hadisələrin baş
verməsidir. Bunu nəzərə alan müəllif
monoqrafiyada Naxçıvan şivələrinin
fonetikasını - saitlər və samitlərə, fonetik
qanun və hadisələrə xas olan xüsusiyyətləri
çox orijinal şəkildə təhlil edərək,
nümunələri yerli-yerində göstərərək belə
nəticəyə gəlir ki, "Naxçıvan şivələri
özünəməxsus fonetik xüsusiyyətlərə
malikdir. Bu xüsusiyyətlərin bir qismi dilimizin digər
şivələrində də özünü göstərsə
də, böyük bir hissəsi bölgə şivələrinə
xasdır və Naxçıvan bölgəsinin əhalisinin
danışığını digər bölgələrin
danışığından fərqləndirməyə imkan
verir. Nəticədə isə eyni sözün hər bir
bölgə üçün fərqli fonetik variantları
meydana çıxır".
"Naxçıvan şivələri" adlı
monoqrafiyanın ikinci fəslində əsas və köməkçi
nitq hissələri araşdırılır. Bir neçə
paraqraf və bənddən ibarət olan bu fəsildə yeni və
maraqlı faktlara və nümunələrə rast gəldik.
Bu monoqrafiyanı oxuyanda elə dil faktları ilə
qarşılaşdıq ki, onlara, naxçıvanlı olub
Naxçıvanda yaşamağımıza baxmayaraq, ilk dəfə
rast gəlirdik. Ona görə bu monoqrafiyanı dönə-dönə
oxudum. İlk dəfə rastlaşdığım, şivələrimizdə
işlənən həmin sözlərdən bir neçəsini
oxucuların da diqqətinə çatdırmaq istəyirəm.
Məsələn, keşir (kök), lopa (içərisinə
duz doldurulub yumrulanmış və benzinə
batırılmış, kürəyə banka salmaq
üçün istifadə olunan əski), ayanat (köməklik,
yardım), sağanax (ələyin kənarının dairəvi
taxta hissəsi), çəxməduz (çəkməçi),
gözdəx (aşırım) və s.
Lopa sözünü oxuyanda ilk ağıla gələn
mənası qar olur. Çünki qar iri-iri yağanda deyirik
lopa-lopa qar yağır. Bu monoqrafiyaya görə lopa
sözünün şivələrdə fərqli mənada
işlənməsini də müşahidə etdik. Bölgələrimizi
qarış-qarış gəzmədən də bu əsər
vasitəsi ilə o bölgələrin şivəsi ilə
yaxından tanış olmaq mümkündür. Burada eyni
zamanda Naxçıvan şivələrinin özünəməxsus
xüsusiyyətlərinin olduğunu da görürük. Tədqiqatçı
bu xüsusiyyətləri belə izah edir: "Leksik şəkilçilərdə,
kəmiyyət, mənsubiyyət, hal, xəbərlik
kateqoriyalarının şəkilçilərində, mənsubiyyət
şəkilçisi qəbul etmiş isimlərin
hallanmasında, əvəzliklərin hallanmasında, sıra
saylarında, sifətin dərəcələrində, feillərin
təsriflənməsində, köməkçi nitq hissələrində
özünü göstərir.
Üçüncü fəsildə Naxçıvan
şivələrinin sintaksisi təhlil edilir. Bu fəsildə
sintaksisin tədqiqat obyektlərindən olan söz birləşmələri
diqqəti daha çox cəlb edir. Məsələn, ət
torpaq (qeyri-məhsuldar torpaq), naxır əyağı
(axşam çağı), it sarımsağı (yabanı
bitki), tərs gün (üçüncü gün) və s.
Naxçıvanın hər guşəsindən toplanan bu kimi
qiymətli dialek faktları xalqın tarixi inkişaf mərhələlərini
özündə yaşadır.
Bu əsəri daha əhəmiyyətli edən cəhətlərdən
biri də Naxçıvan şivələrinin "Kitabi-Dədə Qorqud" və
"Dastani-Əhməd Hərami", Ş.İ.Xətai,
İ.Nəsimi, M.Füzuli, Kişvəri, M.P.Vaqif və b.
şairlərin dilindən örnəklər göstərilməklə
dil tariximizlə-müqayisəli şəkildə izah edilməsidir.
Məsələn, müəllif şivələrdə
sözlərin birləşməsi nəticəsində səslərin
düşümünü (necoldu-necə oldu, nolsun-nə
olsun, nəşim var-nə işim var və s.) izah edərkən
klassik ədəbiyyatımızın görkəmli nümayəndələrinin
əsərlərindən nümunələr göstərərək
bu hadisənin tarixən də dilimizdə geniş şəkildə
işlənməsini göstərməyə
çalışır:
Gözünə netdim mən, ey arami-can,
Durmadan qaşına yavuzlar məni (İ.Nəsimi)
Ey Füzuli, nola gər saxlar isəm canı əziz,
Vəqt ola kim, ola ol şuxi-sitəmkarə fəda
(M.Füzuli)
Şah Xətayim aydır: - Sən qulun nedər?
Gözəl dünyasını tərk edər, gedər (Ş.İ.Xətai)
Monoqrafiyanın digər müsbət yönlərindən
biri də tədqiqat zamanı müəllifin həm Azərbaycanın
digər bölgələrinin, həm də türk
xalqlarının şivələrindən də gətirdiyi
nümunələrlə müqayisələr
aparmasıdır.
Maraqlı, orijinal və qiymətli nümunələrlə
zəngin olan bu monoqrafiya Azərbaycanın, o cümlədən
də, türk dillərinin, onların dialekt və şivələrinin
öyrənilməsi baxımından çox əhəmiyyətlidir.
Bu münasibətlə müəllifi, filologiya elmləri
doktoru Nuray Əliyevanı təbrik edir, ona elmi fəaliyyətində
uğurlar arzulayır, monoqrafiyanın ikinci cildini də səbirsizliklə
gözlədiyimizi bildirmək istəyirik.
Çinarə RZAYEVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet .- 2024.- 24 dekabr(№236).-S.14.