YAZI YAZANIN QORUDUĞU YAZI ƏHLİ
O vaxt dünya indikindən daha kiçikmiş. Əlbəttə,
min il əvvəl də, beş yüz il qabaq da, üç
yüz il öncə də Yer kürəsi elə həmin
böyüklükdə, həmin ölçülərdə
idi, ancaq min il əvvəl, beş yüz il qabaq, hətta
üç yüz il öncə insan dünyanı indiki kimi
tanımırdı və həmin səbəbdən də
dünya indikindən daha balaca idi.
Yer kürəsinin üzərindəki çox yerlər
insan üçün hələ naməlum idi və əsrlər
öncələrdən başlayaraq həmişə fədakar
başbilənlər tapıldı ki, dünyanı içəridən
böyütməyə çalışdılar, insanın
gözünü daha geniş açmağa, ona dünyanı
tanıtmağa səy göstərdilər.
Dünyanı yurddaşlarına da, məsləkdaşlarına
da, elə bütün dünyaya da daha artıq tanıtmaq
yolunda çalışanlardan biri də Hacı Zeynalabdin
Şirvani oldu ki, çox da uzun olmayan 58 illik
ömrünün 40 ilinə yaxınını yollarda
keçirdi. Bu şəhərdən o şəhərə,
bu məmləkətdən o məmləkətə, bu diyardan
o diyara yollandı, sadəcə baxıb keçmədi, sadə
bir insan kimi baxıb keçmədi, alim kimi baxıb
keçdi, gördüklərini qələmə aldı və
qələmə aldıqları, yaddaşına hopanlar zaman
keçdikcə bir-birindən qiymətli qalıcı kitablara
çevrildi. Ömrünü səfərlərdə, səyahətlərdə
keçirmiş, o səfərlərin, o səyahətlərin
bəhrəsi olan kitabları insanlara yadigar qoymuş şəxsiyyətlərin
bütün başqa insanlardan seçkin bir cəhəti də
var.
Hər insan ömrü boyu yaxın, ya uzaq hansısa səfərə
mütləq çıxır. Ancaq dünyaya,
insanlığa, içərisindəki səfərlər, səyahətlər
müdam davam edən kitablar yadigar qoyub getmiş Hacı
Zeynalabdin Şirvani kimi şəxsiyyətlərin özlərinin
tarix içərisində, insanlar arasındakı səfərləri
və səyahətləri də əbədiyyət boyu davam
edir. Köhnə zərbülməsəl deyir ki, çox
oxuyan çox bilməz, çox gəzən çox bilər.
Atalar sözlərinə, zərbülməsəllərə
gərək inanaq. Çünki atalar sözləri, zərbülməsəllər,
el hikmətləri tarixin, vaxtın sınaqlarından
keçib. Ancaq hər bir fikir, hər bir söz kimi, zərbülməsəllərə,
el hikmətlərinə, ata sözlərinə də daim
yoxlayıcı bir nəzərlə baxmaq lazımdır.
Həqiqətənmi çox gəzən çox
oxuyandan daha artıq biliyə malik olar? Əlbəttə ki,
insan çox gəzdikcə, gördükcə bilikləri də
artır, təcrübəsi də çoxalır. Ancaq
kitabların insanlara bağışladığı qədər
işığı, biliyi başqa hansı qaynaqdan almaq olar?
Tarixdə məşhur alimlər, filosoflar, mütəfəkkir
şairlər olub ki, heç doğulduqları,
yaşadıqları qəsəbədən, şəhərdən
kənara çıxmayıblar, ancaq mütaliənin
gücünə, kitablardan aldıqları biliklərin sayəsində
dünyanı gəzmiş, görmüş kimi olublar.
Çox gəzən çox bilər, amma kitablara
dalan insanın bilikləri həmişə daha dərin və
daha əhatəli olar.
Böyük Azərbaycan səyyahı və alimi
Hacı Zeynalabdin Şirvanini ondan əvvəl ömür
sürmüş, onun dövründə yaşayan, ondan sonra gəlib
getmiş neçə-neçə alimdən, səyyahdan fərqləndirən
vacib bir məziyyəti var idi.
O, həm çox gəzdi, həyatının
böyük hissəsini səfərlərə sərf etdi,
ömrünün 40 ilini yollarda keçirdi və təbii ki,
çox zəngin bir təcrübə qazandı, çox
gördü, o gördüklərindən çox biliklər əldə
etdi. Amma ömrü boyu da gecə-gündüz oxumaqdan,
öyrənməkdən usanmadı. Ona görə də nə
danışdısa, nə yazdısa, hamısı mükəmməl
oldu. Çünki o bilik də, bu bilik də Hacı Zeynalabdin
Şirvaninin bütün söylədiklərində və
yazdıqlarında görünməkdə, ziyasını
saçmaqda idi.
Onun üç məşhur səyahətnaməsini -
"Bustan us-siyahə"ni, "Riyaz üs-siyahə"ni,
"Hədaiq üs-siyahə"ni əvvəldən-sonacan
araşdırıblar. Bəlli olub ki, azı 500 mənbədən
istifadə edib.
Bu mənbələr türkcə, farsca, ərəbcə,
hind dilindədir. Ancaq bunlardan əlavə, Hacı Zeynalabdin
Şirvaninin istifadə etdiyi ayrı qaynaqlar, şifahi mənbələr
də vardı - insanlarla, kamil alimlərlə oturub-dururdu,
onların söylədiklərini yazıya alırdı.
Ayrı-ayrı xalq rəvayətlərini, söyləmələri,
əfsanələri toplayırdı, onlar da bir digər qaynaq
kimi yazdığı əsərlərə dayaq olurdu və
söz yox ki, bir də özünün şəxsən
gördükləri.
Bu qaynaqları da onun istifadə etmiş olduğu 500-dən
artıq qaynağın üstünə gələndə, əlbəttə
ki, yüzlərin miqdarı daha da artacaq.
Onun əsərləri belə bir möhkəm bilik
bünövrəsinə dayandığından zamanlar
keçdikcə köhnəlmir, təzəliyini,
etibarlılığını,
inanımlılığını saxlayır və yeni
insanlara bilik verməkdə, yol açmaqda davam edir.
Aqil Hacı Zeynalabdin Şirvani özündən sonra
gələnlərə öyüd verirdi. Deyirdi ki, insan nə
qədər yüksəlir-yüksəlsin, daim onun yeni təcrübələrə
və biliklərə ehtiyacı olacaq. Çünki yeni təcrübələrin
və biliklərin sayəsində insan daha böyük
yüksəkliklərə çata biləcək. Ancaq o bilikləri
və təcrübələri qazanmaq üçün
insanın həmişə möhtac olduğu digər
böyük bilik sahibləri var. Ona görə söyləyirdi
ki, daim kitablara və bilik sahiblərinə üz tutun.
Belə nəsihət edirdi. Özü də daim
başqalarına verdiyi bu tövsiyəyə əməl etdi.
Daim bir əlində kitab oldu, üzünü də hər
zaman hikmət daşıyan insanlara, bilik sahiblərinə
tutdu.
Bütün yazdıqları möhkəm bilik
bünövrəsi üstündə ucalan Hacı Zeynalabdin
Şirvanini bizim milli elmi tarixçiliyimizin, milli elmi salnaməçiliyimizin
də banisi saymaq olar. Həm də Hacı Zeynalabdin Şirvani
yalnız sırf Azərbaycan milli elmi salnaməçiliyi, Azərbaycan
milli elmi səfərnaməçiliyinin banisi deyil.
Bu baxımdan o, Yaxın-Orta Şərqdə belə təməlqoyucu
olan tək-tək insanlardan biri, bəlkə də ən
öndə gedəndir. Çox oxuduğuna, çox bildiyinə,
çox gəzdiyinə, çox gördüyünə
görə o, mütaliə etdiyi mənbələrdəki
yanlışları da, sadəlövh yanaşmaları da dərhal
tuturdu.
Orta çağ müsəlman Şərqi
tarixçiliyinin mötəbər abidələrindən biri
olan "Tarix-i Vəssaf" əsərini Şəhabəddin
ibn Fəzlullah Şirazi yazıb. Həmin Şəhabəddin
Şirazi "Tarix-i Vəssaf"da qeyd edir ki, Dəməşq
bir cənnətdir, şəhərlərin ən gözəlidir.
Amma Hacı Zeynalabdin Şirvani "Tarix-i Vəssaf"dan bu
sözləri iqtibas gətirərək altında dərhal
öz iradını bildirir. Deyir ki, mən əsl cənnət
adlandırılacaq və Dəməşqdən qat-qat gözəl
olan çox şəhərlər görmüşəm.
Hacı Zeynalabdin Şirvani bəhs etdiyi mətləblər
haqqında çox bilsə də, həmişə fikirlərini
yığcam ifadə eləməyə
çalışıb və mülahizələrinin
arxasında da müdam mötəbər qaynaqlar dayanıb.
Hacı Zeynalabdin Şirvani hansı qaynaqlara üz
tutur, hansı mənbələrə söykənir? Tarixə,
coğrafiyaya, fəlsəfəyə, hikmətə dair ən
məşhur məxəzlərin, orta çağda elm aləmində
qəbul edilmişlərin, demək olar ki, hamısına. O
dövrdə elmi-mədəni mühitdə məşhur, ən
mötəbər sayılan bir silsilə kitablar vardı ki,
özünü alim, qabaqcıl ziyalı hesab edənlərin
onların oxuması vacib idi və Hacı Zeynalabdin Şirvani
də bütün bu zəruri kitablar dairəsini mütaliə
etmişdi. O mütaliələrinin əks-sədası da əsərlərindən
gəlməkdədir.
Təbərini oxumadan nə keçmiş haqqında
yaxşı yazmaq olardı, nə də Hacı Zeynalabdin
Şirvaninin içərisində olduğu XIX yüzilin tarixi
və coğrafiyası barədə. Çünki bu
gördüklərini təsvir eləmək üçün
onların arxasındakı tarixi də göstərməli idi
və köhnə kitabların hamısını oxumuş
olduğundan göstərir də.
X əsrin I yarısının məşhur ərəb
səyyahı və tarixçisi Əbu Hüseyn Məsudinin
"Murucu-z-zəhəb" əsəri də həmin
sıradan olan yan keçilməməli tarixi qaynaqlardandır.
Bugünün özündə də orta çağ tarixindən
bəhs edən elmi əsərlər yazan
araşdırmaçılar o kitabsız ötüşə
bilmir.
Hacı Zeynalabdin Şirvaninin əsərlərini
yazarkən 500-dən artıq yazılı mötəbər məxəzə
istinad etdiyi bildirilirsə və Məsudinin "Murucu-z-zəhəb"i
o 500 içərisində sadəcə elə bircə kitab
kimi nəzərdə tutulursa, bunu da nəzərə almaq
lazımdır ki, "Murucu-z-zəhəb" əslində 9
qalın cilddir. Beləcə, istifadə edildiyi təsdiqlənən
əslində sayca daha çox kitab deməkdir. Çünki
həmin mənbələrin neçəsi vahid adla birləşən
3, 5, 9, 10 cilddən ibarət idi, yəni üst-üstə
qoyanda Şirvaninin istinad etdiyi, yararlandığı məxəzlərin
miqdarı 500 deyil, bəlkə min civarında kitab edir.
Hacı Zeynalabdin Şirvani qüvvətli yaddaş
sahibi olub və oxuduğu həmin kitablardakı vacib məlumatların
əksəri daim hafizəsində, əzbərində idi.
Hacı Zeynalabdin Şirvani Fəzlullah Rəşidəddinin
"Cami ət-təvarix"ini oxumuşdu, Həmdullah Mustovfi
Qəzvininin "Tarix-e qozide"sini hafizəsinə
hopdurmuşdu. Mirxondun "Rövzətu-s-səfa"sı,
Xandəmirin bir neçə cildlik "Həbibü-s-siyər"i,
İsgəndər bəy Münşinin yenə bir neçə
cildlik "Tarix-i aləmara-yi Abbasi"si Hacı Zeynalabdin
Şirvaninin möhkəm hafizəsində idi. Ancaq Hacı Zeynalabdin
Şirvani üçün tarix bir vasitə idi. O, ən əvvəl
coğrafiya əsəri, səyahətnamə yazırdı.
Ona görə də məşhur
coğrafiyaşünasların da bəlli əsərlərinə
biganə qala bilməzdi. Burada da klassikadan
başlamışdı, eramızın II əsrində
yaşamış Ptolomeyin "Coğrafiya"sını əvvəldən-sonacan
diqqətlə araşdırmışdı, İstəxrinin
"Məsalik əl-məmalik" əsərini oxumuşdu,
Yaqut əl-Həməvinin "Mucəm əl-buldan"ını
öyrənmişdi, Həmdullah Qəzvininin "Nuzhət əl-qulub"unu
bitdə-bitdə mütaliə edərək qeydlər
götürmüşdü.
Orta çağın fəlsəfəyə, hikmətə,
məntiqə, təsəvvüfə aid oxunmalı olan ən
vacib qaynaqlarının hamısını mütaliə eləmişdi.
Təbii ki, təzkirələrdən də yan keçə
bilməzdi. Məhəmməd Oufinin "Lubabu-l-əlbab"ını
da oxumuşdu, Fəridəddin Əttarın "Təzkirətü-l-övliya"sini
da vərəq-vərəq çevirmişdi, Dövlətşah
Səmərqəndinin "Təzkire-yi Dövlətşahi"si
də, Əbdürrəhman Caminin "Məfahati-l-üns"ü
də, Lütfəli bəy Azərin "Təzkire-yi atəşgədə"si
də və neçə-neçə belə təzkirələr
onun gözünün qarşısından keçmişdi.
Hamısını oxumuşdu, öyrənmişdi, bilirdi. Ona
görə də həm keçmiş tarixçiliyin,
coğrafiyaşünaslığın yollarına yaxından
bələd idi, həm ədəbiyyatın bütöv mənzərəsini
görürdü, həm də fəlsəfənin ən
müxtəlif qatlarına enmək gücündə idi.
Çeşidli elm sahələrinə aid ən zəruri,
ən gərəkli bilgiləri qafasına cəmlədikdən,
o biliklərdən əsərlərində ən vacib məqamlarda
məhz öz yerində istifadə edə bildiyindən və
təbii ki, bunların üstünə gəzdiklərindən,
gördüklərindən ən maraqlı anları əlavə
etdiyindən, Hacı Zeynalabdin Şirvaninin yaratdığı
əsərlərin heç biri köhnələn deyil və
onların heç biri də heç vaxt yalnız səfərnamə,
səyahətnamə kimi qavranıla bilməz.
Bu əsərlərin hər biri bilik xəzinəsidir,
oxuduqca Hacı Zeynalabdin Şirvani ilə bir yerdə səyahət
edirsən, onun keçdiyi ölkələrdən,
ötdüyü yollardan ötürsən, amma eyni zamanda
maariflənirsən, içərin biliklə dolur.
Çünki həmin kitabları oxuduğun anlarda sən
böyük bir bilik sarayının içərisində
olmuş kimisən. Hacı Zeynalabdin Şirvani yazırdı
ki, çıraq insanlara çox lazımdır.
Çünki çıraq olmasa, biz zülməti yara bilmərik.
Qaranlıqda görməli olduqlarımızı
görə bilmərik. Amma bütün çıraqların ən
üstünü elmdir. Çünki elm elə bir
çıraqlar çırağıdır ki, yalnız
alatoran vaxtı, qaranlıqda, ya zülmət olanda deyil,
gündüzün günorta vaxtı, günəş
işıq saçanda da özü nurunu yaya bilir və sənə
hətta işıqlı bir gündüzün içərisində
də daha aydın yolu göstərməyi bacarır.
Belə düşündüyündən,
düşündüklərinə qəlbən
inandığından və ömrü boyu da biliyə sonsuz məhəbbət
bəslədiyindən o böyük Azərbaycan alimi, o
böyük Azərbaycan səyyahı Hacı Zeynalabdin
Şirvani bir-birindən üstün və hərəsi bir
çıraq olan əsərləri bu millətə və
insanlığa yadigar qoyub getdi.
Səyyah, alim Hacı Zeynalabdin Şirvani həm də
"Təmkin" idi, şair idi və ömrü boyu onun qələminin
bir səmti ədəbiyyat sarı yönəlmişdi.
Ömrü boyu şeirlər yazdı və təbii ki,
şair olaraq ən əvvəl öz hisslərini,
duyğularını, başından keçənləri
şeirlərində əks etdirdi.
Ömrü kədərli olmuşdu,
rastlaşdığı ağrı-acılar az deyildi. Ancaq
Hacı Zeynalabdin Şirvaninin qüssəli şeirlərinin,
qəmli misralarının bir çoxu heç də
yalnız onun şəxsi dərdini ifadə etmir. Gəzdiyi,
gördüyü yerlərdən, ayrı-ayrı şəhərlərdən
bəhs edir. Onları tərənnüm edir, bu, öz yerində.
Ancaq həmin şəhərlərin, həmin gəzdiyi yerlərin
uğradığı hansısa bəlalar varsa, onu da öz
şəxsi ağrısı kimi şeirlərinə gətirir.
Gəlib çıxmışdı Bəlx şəhərinə.
Bəlx şəhərinə yetənəcən bu qədim
şəhər haqqında çox oxumuşdu, çox
bilirdi. Ancaq gəldi və gördükləri onu çox
mütəəssir etdi. Gördü ki, tarixin içərisindən
ayrı-ayrı yazılı mənbələrdən bütün
möhtəşəmliyi, parlaqlığı ilə ucalan Bəlx
şəhəri necə miskin bir görkəm alıb. Səbəb
Çingiz xanın istilaları idi.
Monqol orduları buradan keçəndə belə
gözəl şəhəri yerlə-yeksan etmiş, viran
qoymuşdular və Hacı Zeynalabdin Şirvani
üçün artıq vətən anlayışının
coğrafiyası, sərhədləri də çox dəyişmişdi.
Ayrı-ayrı şəhərləri, kəndləri,
məmləkətləri gəzib dolaşdıqca, o yerin
insanları ilə təmasa girdikcə həmin məkanlar da
onunçün doğmalaşırdı, olurdu öz yeri-yurdu
kimi, öz doğma vətəni kimi. Ona görə də Bəlxin
düşdüyü miskin vəziyyətə öz yurdunun
başına gələn bəla kimi baxır,
özünün çəkdiyi şəxsi müsibət
kimi yanaşır və içərisini göynədən bu
ağrıların hamısı misralara çevrilir.
X-XI əsrlərdən başlayaraq ta XX yüzilədək
Yaxın-Orta Şərqdə çox şairlər
ayrı-ayrı şəhərlərə şeirlər həsr
ediblər. O yerlərin əsnafını, şəhər həyatını
təsvir ediblər. Ancaq o şairlərin heç birində
Yaxın-Orta Şərq şəhərlərinin ədəbi-tarixi
mənzərəsi Hacı Zeynalabdin Şirvanidə olan dəqiqlikdə,
həssaslıqda və genişlikdə deyil.
Hacı Zeynalabdin Şirvani ömrü boyu
yaratdığı ədəbi nümunələrdə bir tərəfdən
öz hisslərini, düşüncələrini ifadə
edirdisə, səyahətnamələrinə, səfərnamələrinə
illüstrasiya ola biləcək mənzərəli şeirlərini
yaradırdısa, digər tərəfdən də
müdrikliyini, alimliyini göstərirdi, nəsihətlərini
verirdi, oxucusunun başına ağıl qoyurdu, yollar göstərirdi.
Farsca yazdığı dördlüklərdən
birində insanları təvazöyə
çağırırdı, çox oxuyub, çox qulaq
asmağa, az danışmağa səsləyirdi:
Söz soruşan yoxsa, danışma heç sən,
Ürək sirlərini gizlə yad kəsdən.
İki qulağın var, dilinsə birdir,
İki dəfə dinlə, bir dəfə dillən.
Ya bir başqa şeirində ata balasına nəsihət
edən kimi oxucusuna öyüd verirdi. Onu daim hövsələli,
səbirli, yumşaq, mülayim olmağa
çağırırdı.
Ağlın hövsələtək xəzinəsi
var,
Qəzəb ürəkdəki divə oxşayar.
Həlimlik ram edər qorxunc divi də,
Mülayimlik hirsi zindanda saxlar.
Beləcə, Hacı Zeynalabdin Şirvani Təmkin
bütün yazdıqlarıyla - istər tarix əsərləri
olsun, istər coğrafi, istər elmi araşdırmalar, istər
şeirlər - bütün yazdıqlarının
hamısında yalnız sırf bir səyyah, yalnız bir
şair, yalnız bir alim deyildi, həm də müəllim
idi. Allah hərəyə bir cüt göz verib. Birinin
gözü çox qüvvətlidir, digərininki nisbətən
zəif, kimsə dünyaya eynəklə baxır ki, daha
yaxşı görsün. Ancaq Hacı Zeynalabdin Şirvaninin
gözləri sadə insanların gözlərindən qat-qat
aydın və iti görməyi bacarırdı. Onun gözlərinə
bu itiliyi verən biliklər idi. Gəlirdi çatırdı
hansısa elə, hansısa yurda, hansısa məmləkətə,
oel haqqında, o məmləkət barədə, o yerin
keçmişi ilə əlaqədar həmin yerdə məskən
salmış insanlara elə həqiqətləri
çatdırırdı ki, həmin insanlar mat-məəttəl
qalırdılar - illərlə bu yerdə
yaşamışıq, bu qərib qədər öz yurdumuzu
niyə tanımamışıq?
Şamaxı onun ata-baba yurdu idi. Cavan yaşlarında
yolunun bir istiqaməti də Şamaxıdan keçmişdi.
Oradan enmişdi Ağsuya və kitabında - "Bustan us-siyahə"sində
yazır ki, bura Şamaxı deyirlər. Və dərhal da izah
edir. Şamaxı Şamaxıdır, Ağsu Ağsudur. Bəs
niyə deyir ki, bu Ağsuya da Şamaxı deyirlər? Oxucusunu
yönəldir tarix sarı. Yazır ki, vaxtilə Nadir
şahın qoşunları Şamaxını yerlə-yeksan
elədilər. Əhalisini də köçlü-külfətli
sürgün etdilər bura - Ağsuya. Və Ağsuya da o vaxt
Şamaxı adı verdilər.
Həqiqətən də, tarixdə belə bir hadisə
olub və Şamaxının öz əvvəlki yerinə
qayıtması XIX əsrin əvvəllərində
Şirvanın Rusiyaya ilhaq edilməsindən sonra yenidən
başlayıb. Və həmin dövrdə
Şamaxının Ağsuya
köçürüldüyü əyyamlarda məşhur
şair Zülali buralarda yoxmuş, səfərdəymiş, səyahətdən
qayıdandan sonra Şamaxıya gəlib görür ki,
yer-yurd bomboşdur. Soraqlaşır, xəbər verirlər
ki, Şamaxını Ağsuya köçürdülər.
Gəlir, qohum-əqrəbasını tapır, ürəyi
qubar bağlaya-bağlaya sonralar dillərdə əzbər
olacaq bu məşhur misraları deyir:
Qürbətdə deyirdin ki, Zülali, vətənin
var,
Ensin gözünə qarə su, Ağsu vətən
oldu.
Gəlib çıxmışdı Bakıya,
görmüşdü ki, evlərin hamısının
üstü yastıdır, ümumən damı yoxdur,
hamısının da üstü qırlanıb. Dərhal
qeyri-adi olan hər şeyi görürdü. Səbəbini
anlatmışdılar və öyrəndiklərini də
kitabında yazmışdı ki, gələcəkdə kiminsə
yolu bura düşərsə, bu həqiqətdən agah olsun.
Yazırdı ki, bu şəhərə el arasında bəzən
"Badi-kubə" də deyirlər, yəni "küləyin
döyəclədiyi yer". Elə şiddətli küləklər,
qasırğalar ki, həyət-bacadakı heyvana, toyuq-cücəyə
də, ev-eşiyə də ziyan vurur. Evlərin damını
qoparıb aparır. Ona görə o vaxtdan bəri evlərin
damını yastı edirlər, üstünü də
qırlayırlar.
Qəbələyə gəlib
çıxmışdı. Bəs burada onun iti gözləri
başqalarının görə bilmədiyi nələri
sezmişdi, nələri müşahidə etmişdi?
Təbii ki, Hacı Zeynalabdin Şirvani Qəbələyə
gəlib çatanacan bu şəhərin tarix içərisində
keçdiyi uzun yol haqqındakı çox həqiqətlərdən
agah idi. Ptolomeydə oxumuşdu ki, vaxtilə burada,
Qaraçayın sağ sahilində qədim bir şəhər
olub. Soraq-sorağa gedib həmin yeri tapır. Camaat da heyrətlənir
ki, o xarabazarlıqda bu kişinin nə işi var? Ancaq Hacı
Zeynalabdin Şirvani həmin xarabazarlıqda gördüklərini
də qələmə alır, tarixə salır ki, gələcəkdə
Qəbələnin keçmişini öyrənmək istəyənlər,
indiki şəhərin yerində haçansa olmuş əski
şəhərin harada olduğunu arayanlar o yeri dəqiq bilsinlər.
İtmiş məkanın izini onun kitabından taparaq
arasınlar və torpağın altından bu şəhərin
dünəni ilə bağlı çox həqiqətləri,
olsun ki, gələcək zamanların içərisində
üzə çıxara bilsinlər.
Bu gün Azərbaycan boyu ərəb istilası
dövründən yadigar qalan neçə-neçə yer
adları var: Ərəbmehdibəyli, Ərəbqədim,
Ərəbşalbaş, Ərəbli, Ərəbsarvan, Ərəbuşağı,
Çöl ərəb, Ərəbxana və neçə-neçə
başqaları. Təbii ki, hər yer adının
arxasında bir tarixçə dayanır.
Hacı Zeynalabdin Şirvani Qubadan bəhs edirdi. Qubaya
özü gedib çatmamışdı. Onu Şirvanın
şəhərlərindən biri kimi təqdim edir. Ancaq Qubaya
gedib çatmasa da, Qubadan olan bir çox məlumatlı,
bilgin adamlarla müfəssəl söhbətlər eləmişdi.
O ətraflı söhbətləri və digər mənbələrdən
oxuduqlarını birləşdirərək Quba haqqında elə
bilgilər verir ki, həmin gerçəklərin müəyyən
hissəsi bu gün də karımıza gəlir. Məsələn,
Aranda ərəblərdən qalan yer adlarından biri Ərəbqubalı
kəndidir. Ərəbqubalı kəndinin adı haradan
yaranıbmış?
Cavab Hacı Zeynalabdin Şirvanidədir. Yazır ki,
vaxtilə bir neçə ərəb tayfası gəlib Qubada
məskun olmuşdu. Sonra o ailələrdən bəziləri
ayrılaraq Azərbaycanın ayrı-ayrı yerlərinə təşrif
apardılar. Qubadan köç edən həmin ərəb ailələrindən
bir neçəsi də gəlir Aran bölgəsinə, orada
sonralar Ərəbqubalı adlanacaq kəndi yaradırlar.
Beləcə, Hacı Zeynalabdin Şirvaninin həssas
eşidən qulaqları, iti görən gözləri
çox həqiqətləri görüb, eşidib və sərrast
yazan qələmi də bunların hamısını əks
etdirib.
Və o böyük insandan xatirə qalan bu yazılar
indi də əlimizdən tutur, gözlərimizi həqiqətlərə
açır.
Bilik insana qanad verəndir. Biliklərin sayəsində
həqiqətlərə çox yüksəklərdən
baxa bilirsən. Çox hündürdən seyr edəndə
isə içərisində olanda, yaxından baxanda görmədiyin
çox xırdalıqları bütün
ayrıntıları ilə görüb dərk edirsən. Və
Hacı Zeynalabdin Şirvani çox hündürdən
baxmağa qadir idi. Həm çox oxuması, öyrənməsi
səbəbindən, həm də çox gəzdiyindən,
gördüyündən və əksər salnaməçilərdən,
səyyahlardan çox bildiyinə, həqiqətlərə
xeyli hündürdən nəzər salmağa qadir olduğuna
görə o, zərbülməsəllər də yaradıb.
Coğrafi zərbülməsəllər! Ata sözləri
kimi səslənən elə hikmətlər ki, nüvəsində
elm də, ibrət də var.
Ayrı-ayrı vaxtlarda gəzdiyi, seyr etdiyi,
araşdırdığı şəhərlərin
üçünü birləşdirərək bir zərbülməsəl
yaradırdı. Yazırdı ki, Xarəzmin suyu,
İsfahanın torpağı, Heratın havası -
üçü bir yerdə olsa, adam o yerdə ölməz.
Heratı, Əfqanıstanın digər şəhərlərini,
kənd-kəsəyini gəzəndən sonra çoxdan
arzusunda olduğu Hindiquş dağlarına
qalxmışdı. Məqsədi Bamiyan şəhərini
görmək idi. Daha doğrusu, Bamiyan şəhərindəki
məşhur Budda heykəllərini.
Bamiyan şəhəri dəniz səviyyəsindən
6.143 metr hündürlükdə yerləşir. Yəni
Bamiyan Qafqazın ən hündür yerləri olan Elbrusdan,
Kazbekdən də daha yüksəkdədir. Çox əziyyətlə,
amma bu əziyyətdən ləzzət ala-ala gedib
çatmışdı Budda heykəllərinin yanına.
Onları təsvir edirdi. Yazırdı ki, o heykəllərə
insanlar rahat tamaşa eləsin deyə burada qayaları
çaparaq bir meydança kimi düzəltmişlər.
İnsanlar gəlib seyr edir, dərhal da çıxıb
getmir, miladın VI əsrindən yadigar qalan o heykəlləri
seyr edərək düşüncələrə dalırlar.
Hacı Zeynalabdin Şirvani o sal qayalarda
yaradılmış iki heykəli dəqiq təsvir edir. Birinin
hündürlüyü 55 metr, digərinin
hündürlüyü 37 metr. Və Hacı Zeynalabdin
Şirvani son dərəcə maraqlı bir təfərrüatı
da diqqətə çatdırır. Yazır ki, yerli camaatla
söhbət elədim, bu camaatın dilində o iki heykəlin
hər birinin öz adı var: birinin adı Səlsal, digərinin
adı Şəmamə.
Bamiyandakı o iki məşhur heykəl Qəndəhar-Hind
mədəniyyətinin saxlancı idi. VI əsrdən XX əsr
bitənə qədər - 1400 ildən artıq bir müddətdə
o heykəllər qayaların üstündə ucaldılar.
Ancaq 2001-ci ilin martında həmin heykəlləri
darmadağın elədilər. Əfqanıstanda Taliban
qüvvələri bu heykəlləri bütpərəstliyin
nişanəsi olaraq dağıdacaqlarını bəyan elədilər.
Biri 55, biri 37 metr hündürlüyündə olan, eni,
Hacı Zeynalabdin Şirvaninin yazdığı kimi, 16
arşın, yəni 71 santimetrdən də artıq olan heykəlləri
qırıb dağıtmaq elə sadə iş deyildi. Əvvəlcə
raketlə vurub dağıtmaq istədilər, dinamit qoyub
partlatmağa cəhd etdilər. Bu həmlə sal qayalara təsir
etmədi. Sonra mina qoyaraq həmin heykəlləri partladıb
dağıtdılar. O heykəllər dağıdılanda
bütün dünya səsini qaldırdı, həmin heykəllərin
müdafiəsinə qalxdı. Çünki heykəllərin
dağıdılmasına gedən yol hələ bir müddət
çəkdi. Amerika, Fransa, İtaliya, dünyanın neçə
mədəni ölkəsi, YUNESKO, eləcə də müsəlman
dövlətləri çağırış etdilər ki,
etməyin, dayanın, qıymayın o heykəllərə.
Ancaq onlara - Talibana səs verən bir qüvvə oldu - "əl-Qaidə".
Beləcə, 1400 yaşı olan, Əfqanıstanda, Bamiyanda
yerləşsə də, əfqan mədəni irsinin, hind mədəni
irsinin nümunələri olsa da, əslində bəşəriyyətə
aid iki inci məhv edildi.
Və Hacı Zeynalabdin Şirvaninin səyahətnaməsində
o heykəllər barədə yazdıqları indi bizə
ikiqat əzizdir. Çünki həmin heykəllərlə
bağlı elə təfərrüatları, insanların
dillərində o çağlarda dolaşan elə söhbətləri
bizlərə çatdırır ki, daha onları heç bir
qaynaqda tapmaq mümkün deyil. Beləcə, Hacı Zeynalabdin
Şirvaninin qələmindən qopmuş hər sətir, hər
təsvir bir bələdçidir. Bizi mənəviyyatımızın,
tariximizin dünəni ilə bağlayan mötəbər
ötürücüdür.
...Yeniyetməliyi, cavanlığı yollarda keçən
Hacı Zeynalabdin Şirvani yalnız 40 yaşına
çatanda ailə həyatı qurmağı qət etdi.
Özünü işinə həsr edən, vurğunu
olduğu peşənin xatirinə çox dünya ləzzətlərindən
imtina edənlər Hacı Zeynalabdinin evlənməyi niyə
bunca təxirə salmasının mənasını
yaxşı anlayar. Tək canı idi, keçdiyi yollar boyunca
hər cür sıxıntılarla rastlaşsa da, tab gətirirdi,
hər cür maneəni adlaya bilirdi. Amma yanında
arvad-uşaq olsaydı, əli-qolu bağlanardı, bu cür
asudəcə səyahətlərə çıxmaq
imkanından məhrum olardı. Odur ki, nə qədər cavan
idi, güclü idi, səfərlərini etmişdi və indi
bütün bunları təfərrüatı ilə
yazıya da köçürmək, kitablaşdırmaq da
lazım idi. Digər tərəfdən də, uzun illərin
yol yorğunluğunun candan çıxması
üçün xudmani bir ailə həyatına da ehtiyacı
vardı.
Əlbəttə ki, səyahətləri davam etdirmək
fikrində də qalırdı, elə etdirəcək də,
amma artıq ailə qarşısındakı məsuliyyəti
onu əvvəlki riskli səfərlərdən fərqli olaraq
daha qorxu-hürküsüz yolları tutub getməyə
yönəldəcək.
Gəlib İrana yetişir. Buraya təzə gəldiyi
vaxtlarda sorağını alınca Fətəli şah onu iki
dəfə sarayına dəvət etmişdi. Fətəli
şah Hacı Zeynalabdin Şirvani haqqında uzaqdan çox
eşitmişdi, ancaq oturub söhbət edincə görür
ki, eşitdiyindən də üstün imiş. Tövsiyə
edir ki, kifayət qədər səyahət eləmisən,
görmədiyin ölkə yoxdur, indi bir az dincəl, gəl
sarayımda sənə vəzifə də verim,
müşavirim ol.
Bütün bunları "Riyaz üs-siyahə"sində
Hacı Zeynalabdin özü xəbər verir.
Ancaq nə qədər imtiyazlı olsa da, belə bir
iş, həyatın bu şəkildə davamı çərçivələrə
sığmayan, azad həyat tərzinə
alışmış Hacı Zeynalabdin Şirvaninin təbiətinə
uyğun deyildi. Ona görə də bacardığı qədər
xətrə dəyməyəcək yumşaqlıqla təklifdən
boyun qaçırır. Ancaq imtinanı nə qədər mədəni
şəkildə edirsən-et, sözünü yerə
saldığın adətən bir sözü iki edilməyən
şahdırsa, bunu itaətsizlik kimi qavrayacaq. Əlbəttə
ki, Hacı Zeynalabdinin Fətəli şahın təklifinə
"hə" deməməsi hökmdarda müəyyən
inciklik yaradır. Üstəlik də, qarayaxanlar, Hacı
Zeynalabdinə hökmdarın hüsn-rəğbətini hiss
edənlər dərhal əlhaya düşmüşdülər,
onlara rəqib ola biləcək, saraydakı yerlərini dar edəcək
qüdrətli zəka və nüfuz sahibinin dərbardan iraq
düşməsi üçün əlləşməyə
başlamışdılar, Fətəli şahın da
qulağını doldurmağa elə nail olmuşdular ki, o da
Şirvaninin ümumən Tehranda qalmamasını istəmişdi.
Hacı Zeynalabdin Fars əyalətinə
yollanmışdı, bu əyalətin baş şəhəri
Şiraz tərəfə üz tutmuş, şəhərin ətəyindəki,
dağlıq yerdəki "BabaKuhi" deyilən yerdə qərar
tutmuşdu.
Niyə məhz həmin məskəni seçməsində
də sanki vətənin cazibəsi var. Hacı Zeynalabdindən
səkkiz əsr öncə buralara ayaq basmış Baba Kuhi də,
elə onun kimi, əslən Şirvandan idi. Həmin o Baba
dağı ki bu gün də ucalmaqdadır, bu şair və
filosofun şərəfinə o cür adlanıb. Amma əslən
Şamaxıdan olsa da, bir müddət Bakıya bağlansa da,
XI əsrin böyük düşüncə və söz
adamı Baba Kuhi həyatının böyük hissəsini
Şirazda keçirdi, elə son olaraq orada da torpağa
tapşırıldı. Bu səbəbdən bəzən nisbəsini
elə "Şirazi" də yazdılar.
Hacı Zeynalabdin qısa müddət həmin Baba Kuhi
məntəqəsində yaşayandan sonra məsləhət
görürlər ki, belə ucqardansa Şiraza
köçsün.
Hacı Zeynalabdin Şirazda yerləşir, bura
köçəndən lap az sonra - 41 yaşının
tamamında ailə həyatı da qurur. Ümid edir ki,
ömrünün nahamvar parçaları arxada qalıb, indi
nisbətən rahat yaşaya bilər. Lakin
yanılırmış və onun
qarşılaşacağı müsibətlər, nigaran
günlər hələ qarşıda imiş. Hacı
Zeynalabdin Şirvani gələn vaxtlarda Fars əyalətinin mərkəzi
olan Şirazda beş min ev varmış. Tezliklə zəlzələ
qopur, o evlərin əksəriyyətini uçurub
dağıdır. Ancaq zəlzələdən sonra da Hacı
Zeynalabdin Şirvani Şirazda qalmaqda davam edir. İşin tərsliyindən
bu dəfə zəlzələdən də betər ev
yıxan vəba Şirazı cənginə alır.
Zəlzələ də, vəba da Allahın bəlası
idi, hərəsi özünə görə bir cür təbiət
fəlakəti idi və Pərvərdigar insaflıdır, dərd
göndərəndə dərmanı da uzaqda saxlamır,
kiçicik də olsa çıxış yolları
saxlayır. O, insandır ki, birinə qarşı əzazillik
edəndə nə ölçü gözləyir, nə hədd
bilir, baltanı dibindən çalır.
Ev-eşiyi dağılmış, bu yandan da
tüğyan edən vəbanın vahiməsi ilə
tıncıxan Hacı Zeynalabdinə qarşı işin ikiqat
tərsliyindən Tehranda tələlər qurulmağa
başlanır. Fətəli şahın yan-yörəsindəki
paxıl saray adamları və ruhanilər hiss edirlər ki,
hökmdarın Hacı Zeynalabdin Şirvaniyə rəğbəti
aşkardır, dəvətini qəbul etməməsinə
görə inciksə də, gec-tez onu yenə mütləq
saraya gətirdəcək, vəzifə də verəcək.
Ona görə də Hacı Zeynalabdini gözdən salmaqdan
ötrü haqqında müxtəlif çirkin şayiələr
uydurmağa başlayırlar. Söz çıxarırlar ki,
yolunu azmışın birisidir, təriqətçidir. Bəziləri
boyaları lap tündləşdirərək ona "kafir"
damğası vurur. Uydururlar ki, Hindistanda gəzib-dolaşdığı
vaxtlarda bizim dinimizin əleyhinə olan cərəyanlara da
qoşulub.
O biri tərəfdənsə Hacı Zeynalabdin
Şirvaniyə ayrı bir təhlükə yönəlmişdi.
İngilislər də onu aradan götürmək istəyirdilər.
Hindistanda yaşayarkən onun ingilis siyasətinə
qarşı apardığı təbliğat əks acı bəhrəsini
vermişdi - Hacı Zeynalabdin Şirvaninin İrana gəldiyini,
Şirazda yerləşdiyini biləndən sonra ingilislər bu
ölkədəki Böyük Britaniya səfirinə təlimat
vermişdilər ki, o adamı aradan götürməyin yollarını
arayın.
Hacı Zeynalabdinin üç istiqamətli təqibli
günləri başlanır. Təqibçilərdən
birindən qurtulmaq nisbətən asandı - Şirazdakı vəbadan
nicatın yolu buralardan aralanıb canını qurtarmaq idi,
Hacı da tələm-tələsik Qumşə qəsəbəsinə
köçür. Orada olduğu vaxtlarda həyat
yoldaşı da ağır xəstə imiş və bu
qayğılarla başı qatışıqkən xəbərsizmiş
ki, artıq aradan götürülməsi haqqında göstəriş
verilib.
Şirvani özü "Riyaz üs-siyahə"sində
vəbanın əsirinə çevrilmiş Şirazdan
baş götürüb Qumşə qəsəbəsinə
gələndən sonra burada bir il səkkiz ay
yaşadığını hekayət edir, digər mənbələrsə
ayrı bir gizlinci açır. Qumşədə İraq-i
Ərəb səfərinə hazırlaşarkən bir karvansarada
gecələməliymiş. Onunla çoxdan ədavət
aparan Qasım xansa Şirvaninin yerini-yurdunu biləndən sonra
əmr edir ki, fürsətdir, elə gecəylə onun
axırına çıxın.
Şirvaninin ağsaqqalı, müəllimi, yolgöstərəni,
nemətullahi təriqətindəki öndəri Məczübəli
şah bundan xəbər tutunca lap arxayınlıq olsun deyə
inanılmış bir çaparla - Hacı Zeynalabdinin
yaxın dostu Rəhmətəli şah Şirazinin vasitəsilə
həmin karvansaraya Hacının adına təcili məktub
yollayır ki, ləngimə, bu kağızı alınca dərhal
aradan çıx, mənə xəbər çatıb, sənə
elə bu gecə qəsd etmək istəyirlər.
Məktub əlinə yetişincə Hacı Zeynalabdin
Kirmana pənah aparır. Ancaq Kirmana yetişməsindən bir
neçə gün sonra bədxahları onun burada
olduğundan duyuq düşüb ardınca atlılar göndərirlər.
Bu minvalla, İrana gəlib yetişdiyi, yerləşdiyi
ilk aylardan, ilk illərdən Hacı Zeynalabdin Şirvanini daim
təhdidlər, təqiblər, ölüm təhlükələri
qarabaqara izlədi, uzaq qürbətlərdən sonra onun
öz evi kimi baxacağı yerlər həyatının
qorxulu yuxusuna çevrildi.
Onun həyatı kürəyinəmi, ürəyinəmi
saplanan qatil xəncəriylə elə Şirazda, Qumşədə,
Kirmanda olduğu günlərdən hansındasa tamamlana bilərdi.
Onun ömrü Şirazı vəba silkələyəndə
bitə bilərdi. Əslində o da yoluxmuşdu. Özü
"Hədiqət üs-siyahə"sində nağıl
edir ki, hətta elə haldaymış ki, simsarları,
yaxınları ondan əllərini üzüblərmiş, dəfninə
tədarük görürlərmiş.
Ancaq Allah qıymır, Şirvani bu dəfə də
labüd ölümün caynağından sıyrılıb
çıxır. Taleyindən keçənləri, hələ
bundan sonra gəzib-görəcəyi yerlərin əhvalatlarını
qələmə almaqçün İlahinin ona
ayırdığı ömür möhləti hələ
tükənməyibmiş. Hacı Zeynalabdin bu dünyaya gəzib-görmək,
görüb-yazmaq, gözlər açıb-düşüncələr
işıqlandırmaq vəzifəsi ilə ezam edilmişdi.
Dövrün gərdişi ha cəhd edə, bəndə ha
çarpışıb tədbirlər tökə, hiylələr
qura, Yazı Yazanın iradəsiylə yaşayıb-yaradana
neyləyə bilər?!
21 dekabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 25 dekabr(№237).-S.10-11.