"Pambıqçı
qadın"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Səbinə
Qarayevadır. Onunla Əməkdar incəsənət xadimi Vəcihə
Səmədovanın "Pambıqçı qadın" əsəri
haqqında danışmışıq.
Azərbaycan incəsənətində özünəməxsus
yer tutan xanım rəssamlarımızdan biri də Vəcihə
Səmədovadır. Azərbaycan Dövlət Rəssamlıq
məktəbinin və V.İ.Surikov adına Moskva Dövlət
Rəssamlıq İnstitutunun məzunu olan Vəcihə Səmədova
özündən sonra dəyərli irs qoyub. Həmkarı və
həyat yoldaşı Lətif Feyzullayevlə birgə
yaradıcılıq ezamiyyətlərinə çıxaraq
Azərbaycanı qarış-qarış gəzən Vəcihə
xanım "Kür qırağında",
"Mahnı",
"İntizarda", "Toya hazırlıq" tematik
tablolarını yaradıb. Portret janrı da rəssamın
yaradıcılığında xüsusi yer tutur. Vəcihə
Səmədovanın portret janrındakı əsərlərinə
nümunə olaraq, "Leyla Bədirbəylinin portreti",
"Pambıqçı qadın", "Şamama Həsənovanın
portreti", "Avtoportret", "Söhbət
İbrahimovun portreti", "Gənc
skripkaçı" və digərlərini
qeyd edə bilərik.
- Səbinə xanım, "Pambıqçı
qadın" tablosu rəssamın
yaradıcılığının hansı dövrünə
təsadüf edir?
- Əsər 1961-1964-cü illərdə kətan
üzərində yağlı boya ilə işlənib. Rəssam
bu əsərdə qadınların yalnız ev işlərində
yox, həmçinin müxtəlif sahələrdə
çalışmaq bacarığını göstərməyə
çalışıb. "Lənkəranda toy", "Toya
hazırlıq", "Mahnı" kimi əsərlərinin
yarandığı 1957-1963-cü illər rəssamın
yaradıcılıq fəaliyyətinin ən məhsuldar
dövrüdür.
- Əsərin rəng həlli haqqında nə deyə
bilərsiniz?
- Digər portretlərdən fərqli olaraq rəssam
burada daha solğun və açıq rəng tonlarından
istifadə edib. Bununla o, obrazın geyindiyi geyim və
yanaqlarının rəng tonlarını
tamaşaçılara dəqiqliklə göstərməyə
çalışıb. Pambıq sahəsində
çalışan qadının üzərindəki tünd
mavi və göy rəngli koftası, boğaz hissəsindən
asılmış tünd sarı rəngli saç örpəyi,
belinə bağladığı qırmızı rəngli
yaylıq və çəhrayı rəngli ətəyin
üzərində müxtəlif rəng tonlarından istifadə
olunub. Qadının əziyyətlə
yığdığı pambıqların üzərini
örtmüş xalça da diqqətdən yayınmır.
Tamaşaçıların diqqətini çəkmək
üçün açıq yox, daha çox tünd rəng
tonlarından istifadə edilib. Yığılan
pambıqların yaxınlığında yerə
uzadılmış nərdivan görürük. Sarı və
qəhvəyi rəng tonlarında olan nərdivanın ayaq hissəsinin
ucuna qırmızı rəngli yaylıq bağlanıb.
Ümumilikdə, belə qənaətə gələ bilərik
ki, obrazı daha aydın və dəqiqliklə göstərmək
üçün rəssam tünd sarı, tünd
qırmızı, yaşıl və mavi, qəhvəyi və
çəhrayı rəng tonlarından istifadə edib,
obrazın geyimini, simasını və ətrafı isə
açıq rənglərlə təsvir edib. Məlumdur ki, hər
bir rəssamın özünəməxsus xüsusiyyətləri
və əsəri canlandırma forması fərqlidir. Rəssam
Vəcihə Səmədovanın əsərlərinə diqqətlə
baxsaq, daha sakit rəng tonlarında və incə şəkildə
işlədiyini görə bilərik.
- Tablo hazırda harada saxlanılır?
- "Pambıqçı qadın" əsəri
Milli İncəsənət Muzeyində qorunub saxlanır və
sərgilənir. Tablo muzeyə ziyarətə gələn
qonaqların diqqətini cəlb edən əsərlər
siyahısına daxildir.
- Əsərin kompozisiya quruluşu necədir?
- "Pambıqçı qadın" tablosu kompozisiya
həlli ilə maraq doğuran əsərlərdəndir.
Palazla örtülmüş pambıq təpəsinin
üstündə oturmuş gənc kəndli qadın həyəcanla
uzaqlara baxır. Şəffaf çəhrayı-ağ fonda
onun bir anlıq donub qalmış bədəninin mükəmməl
plastikaya malik dəqiq silueti görünür. Qadının
geyimi Təbriz miniatürlərinin ecazkar kolorit ahəngini
xatırladır. Mürəkkəb, incə nüanslardan ibarət
ağ boyanın bütün səthi doldurduğu tablonun
fonunda pambıqçı qadınların kiçik siluetləri
təsvir olunub. Göydə uçuşan
qağayıların yaratdıqları mənzərə isə
əsəri daha canlı və dinamik formada göstərir.
- Sizcə, bu əsər bizə nə deyir?
- "Pambıqçı qadın" əsəri ilə
rəssam kənd təsərrüfatı ilə məşğul
olan xanımlarımızın çəkdiyi əziyyəti
göstərir. Tabloda ön planda təsvir edilən obrazla
yanaşı, arxa planda pambıq yığımı ilə
dayanmadan məşğul olan xanımları da
görürük. Bu nüans həmin dövrün həyatı
haqqında bizə çox şey deyir.
Aytac SAHƏD
525-ci qəzet .- 2024.- 25 dekabr(№237).-S.13.