Unudulmaz Ceyran xanım
Mən onların - sevdiyim və hörmət etdiyim o
gözəl inasanların barəsində illər öncə,
yəni universitetdə oxuduğum dönəmlərdə də
yaza bilərdim. Özü də bundan da geniş, bundan da həvəslə
yazardım. Həm də yazılarım bundan da çox
oxunardı, bundan da populyar olardı...
Ancaq bəzi ağzıgöyçəklər var.
Niyəsə yazdığımı düşünərdilər.
Mən də çox qürurlu insanam. Bunu qəbul edə bilməzdim.
Öz xarakterimi bilirəm. Ona görə indiyə saxladım
ürək sözlərimi. Olsun, onların oxumağı
şərt deyil. Əsas odur ki, mən onları
unutmamışam və unutmaram. Daim sevgiylə,
sayğıyla, hörmətlə anıram, yad edirəm.
Həmişə xatirimdə olan insanların barəsində
ürək sözlərimi deməyi
düşünmüşəm. Mən nə o illəri unuda
bilərdim, nə də o insanları. Bəlkə də Allah
məni bu cəhətdən şanslı yaradıb. Heç
oxuduğum zamanda pis müəllimə rast gəlmədim.
Ən əzazil, ən çətin dedikləri müəllimlərdən
həmişə yaxşı qiymətlər aldım.
Hamısıyla da hörmətli, sayğılı oldum. Hər
zaman da bir fikri yadımdan çıxarmadım: zəhmət
çəkmək lazımdır, belə olanda, bəhrəsini
də görürsən...
Bəzən elə olub ki, gecə saat üçə
qədər oturub dərs hazırlamışam, kitabxanalardan
çıxmamışam. Bəzən ağlamışam da.
O qədər ədəbiyyat verirdilər ki, oxuyub
çatırmaq da olmurdu. Nə bilim, antik ədəbiyyat, Azərbaycan
ədəbiyyatı, rus ədəbiyyatı, dünya ədəbiyyatı,
daha nələr-nələr...
Hətta bəzən fikirləşmişəm: nədən
belə çətin yerdən yapışmışam,
çıxıb gedəcəyəm... Ancaq sonra yenə həmin
qaydada davam etmişəm. Bunun üçün də
ömrümün qızıl illərinin qızıl əyarlı
insanlarına borcluyam, ehtiramla, sayğıyla anıram hər
birini.
O gözəl insanlardan, gözəl müəllimlərdən,
qızıl əyarlı insanlardan biri də rəhmətlik
Ceyran xanımdır - çox tez dünyasını dəyişən
Ceyran xanım - Ceyran Əbdürrəhimova...
Qəribə xasiyyəti vardı Ceyran xanımın.
Elə ciddi qadındı, elə sakit dayanırdı ki, adamdan
razı olub-olmadığını bilmirdin. Sanki hər hərəkətini,
hər emosiyasını misqalla ölçürdü. Mən
onu anlayırdım, gözəl ürəyi olduğunu hiss
edirdim. Gözləri o qədər aydın və təmizdi
ki, onu başa düşmək olurdu... Bəzən xəfif
gülümsəyirdi. Diqqət etmişdim, belə olanda
bilirdim, razı qalıb...
Ceyran Əbdürrəhimova 1937-ci il oktyabr
ayının 3-də Bakıda ziyalı ailəsində
dünyaya göz açmışdı. Böyük
kimyaçı alimin yanında böyüsə də, onun
qanından olsa da, tərbiyəsini
alsa da, içində başqa arzular yuva salmışdı.
Bacısı, kimyaçı alim Heyran xanımdan fərqli
olaraq o, ədəbiyyata, jurnalistikaya vurğun idi. Söz sənəti,
söz dünyası onu da öz sehrinə salmışdı,
başqa səmtə üz çevirməsinə macal verməmişdi...
Orta məktəbi bitirən kimi Azərbaycan Dövlət
Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə
qəbul olunmuşdu. 1959-cu ildə universiteti əla qiymətlərlə
bitirəndən sonra "Azərbaycan qadını"
jurnalında işə başlamış, 1964-cü ildən
ADU-nun jurnalistika fakültəsinə gəlmiş,
laborantlıqdan professorluğa qədər yüksəlmişdi.
Onlarca elmi məqalənin, müxtəlif janrlı
yazıların müəllifi idi.
Son kurslarda bizim təcrübə rəhbərimizdi. O
qədər ciddi yanaşırdı ki, hər işimizə...
Hara getmişik, hansı qəzetdə təcrübə
keçmişik, həmin gün hansı işləri
görmüşük - hamısını bir-bir izləyirdi,
məsləhətlər verirdi.
Mən gündəlik tuturdum təcrübə günlərinə
gedəndə, etdiklərimi yazırdım. Bir az da bədiiləşdirirdim.
Bir gün gündəliyimə baxdı. Götürdü,
oxuyacam, dedi, çox maraqlıdı. Gərək bütün
tələbələr belə gündəlik yazalar, onda bilərik
nə işlər görürlər, hansı yazıları yazırlar...
Ondan bir neçə vaxt sonra məndən
aşağı kursda oxuyan qızlardan biri,
Böyükxanım Qasımova mənə
yaxınlaşdı. Olar sizinlə danışım, dedi.
Danışıqdan məlum oldu ki, məndən yazmaq istəyir.
Yazıq qızı danışmağa da qoymadım.
Sualları mən verirdim. Niyə yazırsınız, nədən
yazırsınız. Bilirsiniz də, jurnalistlər sual verməyi
çox sevirlər. Yəqin bu da bizim peşəmizlə
bağlıdır. Böyükxanım mənim gündəliyimi
Ceyran xanımın onlara nümunə kimi göstərdiyindən
söz açdı. Buna görə də bu həvəsə
düşdüyünü dedi. Bir həftə sonra onun
yazısı qəzetdə çap olundu.
Ceyran xanım belə insan idi. Yüksək tərbiyəli,
kübar qadındı. Çox danışmağı da sevməzdi.
Heç kimin nə iş gördüyünü, əməyini
unutmurdu. Hamının qiymətini doğru-düzgün
verirdi. Tale elə gətirdi ki, universiteti bitirəndən sonra
onu bir daha görmədim. Gündəliyimi də götürə
bilmədim. Oxuyan zamanı soruşdum, dedi ki, onu qəzetçilərə
nümunə kimi göstərirəm. Qoy bilsinlər, necə
həvəslə təcrübə keçmək
lazımdır yaxşı jurnalist olmaq üçün...
Universiteti bitirəndən iki il sonra Bakıya gedəndə
tələbə yoldaşlarımın biriylə
qarşılaşdım. Dedi ki: "O gün Ceyran
xanımı gördüm, səni soruşurdu. Deyirdi ki, nədənsə
imzasını görmürəm mətbuatda. Sənin Moskvada
yaşadığını dedim. Nədənsə, heyifsiləndi".
Bilmirəm, bəlkə də
yaradıcılığımla maraqlanıb, niyə
yazmamağım onu narahat edib. Bax, budur gözəl və həqiqi
olan, öyrətdiyi tələbəylə daima maraqlanmaq, izləmək.
Bu, bir vəfadır, insanlıq aktıdır.
Nəsə...
Mənsə onu həmişə xatırlayıram. Elə
bilirəm, fakültənin dəhliziylə sakit-sakit, qürurla
addımlayır. Və bizi görəndə,
salamlaşır, xəfifcə gülümsəyir...
Ulduz QASIM
Yazıçı-publisist, Moskva
525-ci qəzet .- 2024.- 25 dekabr(№237).-S.13.