Qələm və maskalar
Qoldoni haqqında bir
neçə söz
Kütlədən intiqam almağın yeganə yolu,
həmin kütləni səni alqışlamağa məcbur
etməkdir.
Karlo Qoldoni
XVII-XVIII yüzil Avropa dramaturgiyası (Molyer, Rasin,
Bomarşe, Löpe de Veqa, Qotsi, Qoldoni, Şiller və b.) birdən-birə
Şekspirdən sonra yaranmış nisbi boşluğu
böyük istedad və enerji ilə doldurmağa
başladı və bu dramaturgiya Avropa maarifçiliyinin
mühüm göstəricilərindən birinə
çevrildi.
Mən enerji ifadəsini işlədərkən, o
dramaturqların yaradıcı və effektli məhsuldarlığını
nəzərdə tuturam: təsəvvür edin, Löpe de Veqa
2000-dən (iki mindən!) çox pyes yazıb və onlardan
yalnız (!) 427-si bizə gəlib çatıb, Karlo Qoldoni isə
"cəmi" 150-dən artıq pyes yazıb və onun
haqqında ədəbiyyatın dediyinə görə, bu əsərlərdən
yalnız 60 neçəsi bizə gəlib çatıb.
Sadaladığım o
adları xatırlayarkən, bəzən məndə elə
bir təsəvvür yaranır ki, elə bil, söhbət
müasir dövr, çağdaş dünya
dramaturqlarından gedir, çünki bu qələm sahiblərinin
yaradıcılığı dünya, o cümlədən də,
Azərbaycan teatrının repertuarlarında elə daimi bir
yer tutur, elə aktual səslənir, elə müxtəlif
modern estetika ilə tamaşaya qoyulur ki, 300-400 illik bir məsafədən
sonra da ədəbi davamçıları - XIX-XX əsr
dramaturqları ilə bədii-estetik baxımdan, hətta mənəvi-ideoloji
baxımdan da yarışa bilirlər.
Əgər dünya Şekspirin dediyi kimi,
teatrdırsa, epiqraf gətirdiyim fikirdəki kütlə məfhumu
Qoldoni üçün ancaq tamaşaçıları,
oxucuları ehtiva etmir, çünki onlar adi
tamaşaçılar, adı oxucular deyil və Qoldoni qələminin,
sözün əsl mənasında, düşmənçilik
etdiyi və bu düşmənçiliyin bədii ifadəsi
kimi gülüş mənbəyinə çevirdiyi kübar
cəmiyyətin mənəvi dayazlığının
daşıyıcıları - qraflar, milordlar, lordlar, madamlar,
madmuazellərdır.
Venesiyada Qoldoninin çox canlı bir heykəli
yadıma düşür: o, ayaq üstə, əlində əsa
şəstlə addımlayır və
addımlaya-addımlaya da artıq XXI əsrin birinci
rübünü keçmək ərəfəsindədir,
ancaq aradan keçən bu 300 il onun üçün yalnız
bir epizoddur - bu addımlar onu daimi bir gələcəyə
aparır, çünki Qoldoni həmişə bu günün
və gələcəyin müasiridir, Şekspir və Molyer
kimi, Qotsi və Şiller kimi, daha sonrakı dövrlərdə
İbsen və Çexov, Şou və Anuy kimi.
O heykəldəki Qoldoninin kefi yenə də
kökdür, gülür və bu gülüş də
heç vaxt onun sifətindən əskik olmayacaq,
çünki onun güldüyü həmin süni
(yalançı!) kübar cəmiyyətinin karetalarını
bu gün bahalı avtomobillər, şəxsi təyyarələr
əvəz edib, o təmtəraqlı (və saxta!) təzimləri
indi daha artıq bir ikiüzlülük, o sadəlövhlüyü
daha artıq bir riyakarlıq əvəz edib. Sabah olsun ki, o təyyarələri
də kosmik gəmilər, uçan avtomobillər əvəz
etsin, Qoldoni gülüşü isə yenə insanlarla bərabər
olacaq, çünki bu bədii-sosial gülüş - bəşəri
gülüşdür.
Mütəxəssislər Karlo Qoldonini (1707 - 1793)
Venesiya dramaturqu kimi təqdim edirlər, ancaq o, nə ayrıca
Venesiyaya, ya da yaşadığı Fransaya yox, bütün
Avropaya gülürdü, bu gün isə həmin
gülüşün hədəfi Avropa da daxil olmaqla,
ABŞ-dan tutmuş, Avstraliyayacan geniş bir coğrafiyanı əhatə
edir və dünya rəqəmsal bir mövqeyə gəlib
çıxıbsa da, ikili siyasi standartlar
ikiüzlüyündən tutmuş, mənəvi və ictimai
puçluqlar da elmi-texniki inkişafla addım-addım irəliləyib,
yəni mahiyyət dəyişməyib, eynidir.
Buna görə də Qoldoni, dediyim kimi, bu günün
və sabahın müasiridir. Onun pyesləri dünya
teatrlarında, o cümlədən, Azərbaycan teatrlarında
tamaşaya qoyulur, ekranlaşdırılır,
düşündürür, gülür və
güldürür.
Qoldoninin "İki ağanın bir nökəri",
"Mehmanxana sahibəsi" kimi əsərləri bizim
teatrlarımızda dəfələrlə tamaşaya qoyulub və
yadıma gəlir, 1978-ci ildə Azərbaycan televiziyası
"Mehmanxana sahibəsi"ni teletamaşa kimi
hazırlamışdı. Aradan az qala, əlli il keçsə
də, o tamaşanın yeniliyi, aktuallığı (300 il davam edən aktuallıq!),
oradakı şövq indiyə qədər mənim hafizəmdə
qalıb.
Bu günlərdə internetdə axtarıb o
tamaşaya bir daha baxdım (rejissorlar Lütfi Məmmədbəyov,
Ədalət Ziyadxanov, Tariyel Vəliyev) və oradakı dediyim
həmin yenilik, aktuallıq və şövq solub-saralmayıb,
təzə və təravətlidir. İstərdim ki, oxucular
vaxt tapıb bizim ən yaxşı
tele-tamaşalarımızdan biri olan "Mehmanxana sahibəsi"ni
axtapıb, baxsınlar və güman edirəm ki, Rəfael
Dadaşov, İlham Namiq Kamal, Hamlet Qurbanov, Sadıq
İbrahimov kimi o zamanın gənc aktyorlarının
ifalarının emossional təsiri ilə məxsusi Qoldoni bədiiliyini
yaxşı hiss edəcəklər. Rəhmətlik Zərnigar
Ağakişiyeva o tamaşada Mirandolina rolunu ifa edir və mənə
görə onun ifasındakı
canlılıq, təbiilik, şuxluq, təəssüf ki, bu
aktrisanın axıracan istifadə edilməyən, axıracan
üzə çıxarılmayan istedadının ən
görümlü ifadəsidir.
Mən bu sətirləri sübh tezdən yazıram və
birdən-birə uzun illər bundan əvvəl
baxdığım İtaliya filmində Adriano Çelentanonun
Kavaleri yadıma düşdü. "Mehmanxana sahibəsi"
əsasında 1980-ci ildə çəkilmiş o filmə də
(rejissor Paolo Kavara) yenidən baxdım və deyə bilmərəm
ki, söhbət ən yaxşı İtaliya filmlərinin
birindən gedir, ancaq Çelentanonun (Kavaler) və real həyatda
onun xanımı Mori Klaudiyanın (Mirandolina) yüksək koloritli
ifaları tamaşaçını Qoldoni
gülüşü ilə güldürə bilir.
Qoldoninin əsərləri çox
ekranlaşdırılıb, televiziya filmləri,
tamaşaları çəkilib və onlar təbii ki, eyni bədii-estetik
səviyyədə deyil, ancaq əsas məsələ budur ki,
Qoldoni 300 ildən sonra da Sabirin bu misralarını yada
salır:
Şairəm, çünki vəzifəm budur əşar
yazım,
Gördüyüm niku bəd eləyim izhar yazım.
Günü parlaq, gündüzü ağ, gecəni
tar yazım,
Pisi pis, əyrini əyri, düzü həmvar
yazım.
Niyə bəs, böylə bərəldirsən, a
qare gözünü?
Yoxsa, bu ayinədə əyri görürsən
özünü?
Böyük sənət və o cümlədən də,
Qoldoni sənəti (eləcə də Sabir sənəti!) əbədi
olduğu kimi, bu misraların ünvanladığı
"qare"lər də əbədidir, sadəcə
libaslarını dəyişirlər.
2
Bilmirəm, "nostalji" ifadəsi burda yerinə
düşür, ya yox, ancaq hərdən adamda uzun illər əvvəl
oxuduğu hansısa bir müəllif, ya hansısa bir əsər
ilə bağlı nostalji hisslər yaranır və belə
bir hisslə də mən Qoldoninin pyeslərini yenidən
varaqladım, hətta xoşuma gələn komediyalarından
birini - "Kələkbaz dul
qadın" pyesini rus dilindən tərcümə etməyə
başladım.
Niyə "Kələkbaz dul qadın"?
Mənə elə gəlir ki, Qoldoni qələminin
öldürücü, eyni zamanda da gülməli, şux
satirası bu komediyada çox ciddi (!) bədii təcəssümünü
tapıb və geyimindən, təzimindən tutmuş,
danışıq tərzinə qədər Avropa kübar cəmiyyəti
təmtəraqının başdan-başa saxta, qəlp
olduğu bu əsərdə yaxşı və dəqiq təsvir
olunub, buna görə də təsirli və təravətlidir.
Qoldoninin məşhur deyimlərindən biri də belədir:
"Qadınlar nifrət bəsləməyə daha artıq
sadiqdirlər (sədaqətlidirlər), nəinki məhəbbətə"
(yəqin bu cür də tərcümə etmək olar:
"Qadınlar məhəbbətdən daha artıq dərəcədə
nifrət bəsləməyə sadiqdirlər") və bu
baxımdan kələkbaz dul qadın - komediyanın qəhrəmanı
Rozauranın nifrətə sadiqliyi barədə bir söz deyə
bilmərəm, ancaq məhəbbətə, sevgiyə sədaqəti
barədə söz söyləsək, deyəsən,
Qoldoninin deyimi ilə şərik olacağıq.
Əsərdə təsvir edilən dörd surət -
dörd "aşiq" Lord Runbif də, müsyö Deblo, don
Alvaro de Kastilya, qraf di Bosko Nero da hansı cəmiyyətin
nümunəvi yetirmələridirsə, Rozaura da, onun
bacısı Eleonora da həmin cəmiyyətin xanım yetirmələridir
və əslində Qoldoninin bütün
yaradıcılığına sosrealizmdən qalmış
süni "müsbət obraz" - "mənfi obraz" təsnifatı
ilə yanaşmaq mümkün deyil. Qoldoni üçün kələkbaz,
hiyləgər Rozaura da daxil olmaqla, "Kələkbaz dul
qadın"dakı bütün surətlər
gülüş hədəfidir və bu, bütün
Avropanı ehtiva edir - Runbif ingilis, Leblo fransız, Alvaro ispan,
qraf isə italyandır.
Əgər Mirzə Cəlilin "Anamın
kitabı"ndakı qardaşların hərəsi həyat
yolu ilə bağlı istiqaməti bir tərəfə
çəkirsə və bu acı Məmmədquluzadə
gülüşündə söhbət xalqın gələcəyi
ilə bağlı milli-mənəvi və ictimai bir təhlükədən
gedirsə, Qoldonidə heç bir milli-ictimai mətləb
yoxdur, çünki inkişaf etmiş kübar Avropa cəmiyyətindəki
(bəlkə "zümrəsindəki" desək, daha dəqiq
olar) təmtəraq parıltısı, varlı və
havayı güzəran aktuallığı milli-ictimai mətləbi,
problemləri xeyli dərəcədə üstələyib -
bu, artıq xalqın yox, zümrənin gələcəyinə
aid düşüncələrin, bəlkə də təhtəlşüur
bir nigarançılığın bədii ifadəsidir.
Fikir verin, "aşiq" don Alvaro Rozaura ilə belə bir dillə
danışır: "Mən görürdüm ki, sizin
gözləriniz necə gözqamaşdıran bir ülviliklə
işıldayır və mənim
qəlbimi səcdə, ehtiram, heyrət bürüyür. Mənə
elə gəlir siz bizim o xanımlarımızdan birisiniz ki,
gözləri ilə heyrətləndirə, nəzərlərini
adamın qəlbinə sancmaq qüdrətinə malikdirlər."
Yaxud bu da ikinci bir "aşiq" müsyö Leblonun Rozaura
ilə görüşündə danışıq tərzinə
baxın: "Aman, Yaradan! Əgər Apelles Veneranın şəkilini
indi çəkmək istəsəydi, o, yalnız sizin
portretinizi çəkərdi... Sizin saçlarınız da
qeyri-adi bir zövqlə elə düzülüb ki, təbii
gözəlliyinizi tamamlayır. Sizə baxanda, elə bil, mən
Floranı görürəm..." Elə həmin
müsyö Leblo Rozauranın bacısı Eleonora ilə ilk
görüşdə də (ancaq artıq başqa bir sevda ilə!)
bu cür bir əda ilə məhəbbətini izhar edir:
"Madmuazel, icazə verin, sizin gözəlliyinizə valeh
olmuş bir ürəyi pərəstiş əlaməti olaraq
ayaqlarınızın altına atım..."
Mən bu cümlələri hələ bir az (imkan
daxilində) sadələşdirmişəm, ancaq tərcümə
zamanı danışıqdakı o
təmtəraqı, dəbdəbəni, təntənəni
tamam sadələşdirsək, bizim danışıq dilimizə
çevirsək, XVII əsr Avropa zadəganlığının,
həmin zümrə əsilzadəliyinin koloritini itirmiş
olarıq - bu da artıq tərcümə yox (Qoldoni yox!), təbdil,
ən yaxşı halda, "sərbəst tərcümə"
olacaq və buna görə də mən qəhrəmanların
dilindəki cəlalı (yenə də imkan daxilində)
saxlamağa çalışmışam.
Kübar hesab olunan o dörd vropalı əsilzadə gənclər
üçün eşq, sevda, məhəbbət adi (və sadə,
bəlkə də sadəlövh) gündəlik həyat hadisəsidir:
bu gün onu sevirsən, sabah başqasını; oğlan
tanımadığı bir qızdan: "- Siz məni
sevirsiz?" - deyə soruşa bilər, qız da: "- Dəlicəsinə!.." - deyər
və hər ikisi bir saatdan sonra
fikrini (zövqünü, sevgisini) dəyişə də bilər.
Bu qəhrəmanlar bir-birləri ilə söhbətdə,
mənsub olduqları cəmiyyətin cürbəcür əyləncələrində
- səhərəcən çəkən rəqs gecələrində,
ballarda, karnavallarda nə qədər nəzakətlidirlərsə,
lazım gələndə nökərlərə,
qulluqçulara kimin kim olduğunu göstərməyi də
bacarırlar və göstərirlər. Rozaura "çox da
zərif" olmadığını deyir və düz də
deyir. Baxın, qulluqçu Marionetta ilə az qala rəfiqəlik
edir, ancaq görəndə ki, qulluqçu bir az sərbəstliyə
yol verir, "xanım-qulluqçu" sərhədindən
bir az kənara çıxmağa yol verir, dərhal ona
çımxırır: "Yerini bil!.."
Arlekin, yaxud Marionetta kimi nökər və
qulluqçular ağalarından xeyli dərəcədə
canlı personajlardır, çünki maskasızdırlar və
onların maska taxmağa mənəvi ehtiyacları yoxdur.
Onların zarafatları da, hiddətləri, yalanları da təbiidir
və bu təbiiliyin müqabilində isə həmin milord və
qrafların, madam və madmuazellərin daxili
dayazlıqları, hiss və həyəcanlarının səthiliyi
daha aydın görünür, yəni Qoldoni bu ziddiyyətdən,
siniflər uçurumundan bədii məharətlə istifadə
edir.
"Kələkbaz dul qadın"da belə bir dialoqa
fikir verin:
"ROZAURA. Bəs İspaniyada sadə insanlar necə
yaşayırlar?
ALVARO. İspaniyada sadə insanlar yoxdur."
Alvaro Qoldoninin həmin "Avropa
kübarlığı"nın tipik nümayəndəsidir
və bu qısa qeydlərdə mənim onun sözlərini
uzun-uzadı təkzib etməyimə ehtiyac yoxdur,
çünki onun dahiyanə cavabını Alvarodan yüz il əvvəl
"Don Kixot"da həmyerlisi Servantesin qələmi verib: İspaniyada sadə insanlar yoxdursa,
eşşəyin belində Lamançalı Don Kixotu
müşayiət edən Sanço Pansa kimdir?
3
XVII-XVIII yüzil (elə sonralar da) kübarlar maska
taxıb, karnavallar keçirirdi və bu maskalar əsas etibarilə
guya şərəf və nəcabəti, mərdlik və sədaqəti
bildirmək üçün bir vasitə idi. Bu
yalançı maskaları onlar özləri taxmırdı,
bunu cəmiyyət onların sifətinə taxırdı və
özlərinin də bundan xəbərləri yox idi.
Karlo Qoldoninin qələmi o maskaları
çıxarırdı.
Tədqiqatçılar belə bir faktı qeyd edirlər:
Fransa kralı XVI Lüdovik nəhayət ki, Qoldoni
üçün 1200 frank məbləğində pensiya təyin
edir, ancaq 1793-cü il fransız inqilabı zamanı
inqlabın qioltinası XVI Lüdovikin başını bədənindən
ayırır və Qoldoninin pensiyası da ləğv edilir.
Pensiyasız Karlo Qoldoni 1793-cü il fevralın 6-da 85
yaşında vəfat edir. Bir gün əvvəl isə, yəni
fevralın 5-də onun pensiyası bərpa edilmişdi.
Qoldoni bu pulu xərcləyə bilmədi, ancaq
güman edirəm ki, heç olmasa, onun ruhu şad oldu ki,
xanımı bu 1200 franklıq pensiyanı axıracan ala bildi.
20 dekabr 2024.
Bakı.
ELÇİN
525-ci qəzet .- 2024.- 27 dekabr(№239).-S.12.