KƏLƏKBAZ DUL
QADIN
(İkinci pərdə, iyirminci gəliş)
Don Alvaro gəzişir,
sonra ispan qiyafəsində
Arlekin peyda olur.
ALVARO. Ya Rozaura ədəb-ərkan qaydalarını
yaxşı bilmir, ya da Arlekin pis nökərdir. Məni bu qədər
intizarda qoymaq, heç də yaxşı şey deyil. Milyon
dublona versəydilər də, mən buna dözməzdim. Qoy
bir Arlekin gəlsin. Tapşıracağam, ona yüz çubuq
vursunlar! Mənim rütbəmdə olan bir adamla belə rəftar
eləmək olar? Ancaq... bəlkə... Rozaura mənim əcdadlarımla
tanış olur, ona görə məsələ bu qədər
ləngiyir. Axı söhbət düz iyirmi dörd qatlı
bir nəsildən gedir. Bu nəsil birbaşa kraldan
başlayır. Nəslimizdə o qədər adlı-sanlı
hersoqlar var ki!.. Məncə, üzrlü ləngiməkdir.
Arlekin gəlir. Don Alvaro əvvəlcə onu görməyərək,
eləcə var-gəl edir.
ARLEKİN. Mənim möhtərəm ağam!
ALVARO. Nə oldu? Nə gətirmisən?
ARLEKİN. Yaşasın bizim hökmdarımız
kral! (Şlyapasını çıxarır.)
Don Alvaro da şlyapasını çıxarır.
Donya Rozaura sizi çox sevir.
ALVARO. Bilirəm. O, mənim böyük şəcərəm
haqqında nə dedi?
ARLEKİN. Sizin şəcərənizi öpməkdən
doymurdu. Öp ki, öpəsən!.. Şəcərənin qədimliyi
onu elə heyran etmişdi ki, həddi-hüdudu yox idi.
ALVARO. Mənim sevgimi ona dəqiq yetirə bildin?
ARLEKİN. Necə demişdinizsə, elə o cür!
ALVARO. Bəs onun cavabı?
ARLEKİN. Buyurun, bu da möhtərəm donya
Rozauranın cavabı!
Arlekin şlyapasını çıxararaq, məktubu
ona təqdim edir.
ALVARO. Ah, ürəyim mənim! Böyük bir həzz
almağa hazırsanmı?! (Oxuyur.) "Mən göndərdiyiniz
portreti böyük bir məmnuniyyətlə qəbul
etdim..." (Arlekinə.) Bu nə portretdir belə?
ARLEKİN (kənara). Vay-vay! Yaxşı yerdə
axşamladım! Fransıza yazılmış cavabı səhv
salıb, buna vermişəm... Eybi yox, ağlımı gərək
işə salım
ALVARO. Niyə cavab vermirsən?
ARLEKİN. Sizin şəcərə
ağacınız elə sizin
böyüklüyünüzün, sizin nüfuzunuzun
portretidir, də!..
ALVARO. Hm... Hə, mən də belə fikirləşirəm.
(Oxuyur.) "Onun orijinalına hörmət bəsləyərək..."
(Arlekinə.) Hansı orijinaldan söhbət gedir?
ARLEKİN. Lütfən söyləyin: bu şəcərə
ağacında ilkin olan kimdir?
ALVARO. Kastiliyanın krallarından biri.
ARLEKİN. Baxın, xanım Rozauranın dərin dərrakəsi
burda hiss olunur də! O, sizin şəcərənin
bünövrəsini qoymuş Kastiliya kralını orijinal
hesab edir və ona ehtiramını ifadə edir.
ALVARO. Hə, mən də belə fikirləşirəm...
(Oxuyur.) "Öz portretimi sizə göndərə bilmirəm,
çünki yoxumdur."
ARLEKİN. Hə, onun belə bir şəcərə
ağacı yoxdur. Özünüz başa
düşürsüz də...
ALVARO. Hə, mən də belə fikirləşirəm...
(Oxuyur.) "Mən bu nadir zinəti çox qiymətləndirirəm..."
(Arlekinə.) Hansı zinəti?
ARLEKİN. Necə hansı zinəti? Sizin şəcərə
ağacınız bir xəzinədir də!..
ALVARO. Hə, mən də belə fikirləşirəm...
(Ardını oxuyur.) "...və istəyirəm onu
qızıl çərçivəyə salım. "Ay səni!
Mənim şəcərə ağacım çəkilmiş
kağızı qızıl çərçivəyə
salır!
ARLEKİN. Əlbəttə! Bu şəcərə
qızıl ramkaya layiqdir!
ALVARO. Hə, mən də belə fikirləşirəm...
(Oxumağa davam edir.) "Mən onu öz sinəmdə gəzdirəcəyəm."
Necə? O boyda çərçivəni sinəsində gəzdirəcək?
ARLEKİN. Ah, siz niyə başa
düşmürsüz? Bu, poetik bir ifadədir. Bu o deməkdir
ki, sizin şəcərə ağacınızı daima
ürəyində gəzdirəcək.
ALVARO. Hə, əlbəttə... Mən də belə
fikirləşirəm. Hələlik. (Getmək istəyir.)
ARLEKİN. Sinyor!
ALVARO. Nə istəyirsən?
ARLEKİN. Axı, sizin yaddaşınız
yaxşıdır, elə deyilmi?
ALVARO. Bu nə səfeh sualdı belə?
ARLEKİN. Sizin kimi bir cənab, nə söz verirsə,
onu da edir.
ALVARO. Hə, düz deyirsən. Unutmuşam. Sən
yaxşı xidmət etmisən, mən də bunu qiymətləndirməliyəm.
Sən donya Rozauraya böyük bir xəzinə aparmısan.
Bu da sənə kiçik bir xəzinə. (Cibindən
qatlanmış bir kağız çıxarıb, ona verir.)
ARLEKİN. Bu nədi belə?
ALVARO. Mənim lakeyim olmağın barədə şəhadətnamə.
(Gedir.)
ARLEKİN. Ay səni, xəsisin, simicin biri! Bunun xəzinəsinə
bax! Mənim kimi vicdanlı, amma kasıb adama gör, necə
istehza edir!.. Eybi yox, mən də bilərəm, nə edim!
Ooo, baxın, mənim fransızım da burdadı! Tez, tez ol
ki, o məni bu qiyafədə görməsin. İspan məni ələ
saldı, bəlkə bu fransızdan nəsə qoparda bildim.
(Gedir.)
İyirmi birinci gəliş
Leblo güzgüyə baxır. Sonra fransız qiyafəsində
Arlekin gəlir.
LEBLO. Yox, bu parik yaxşı görünmür.
Başımda düz-əməlli dayanmır. Sağ tərəfi
də sol tərəfindən uzundur. Yox, bu bərbər
heç nə bacarmır, gərək Parisdən
başqasını dəvət edim. Burda pariki daraya bilmirlər.
Burda heç pinəçilər də bir şey edə
bilmirlər. Bunlar ayaqqabını o qədər gen edirlər
ki, gəl, görəsən! Başa düşmürlər
ki, ayaqqabı gərək adamın ayağını bir az
sıxsın. Ah, Paris!.. Gözəl Paris!..
Ona tərəf gələn Arlekini görür. Arlekin
gülməli tərzdə bir neçə dəfə təzim
edir.
Əhsən! Əla! Yaxşı təzim etməyi
bacarırsan. Xanımın yanında oldun?
ARLEKİN. Əlbəttə. Əgər mən getməsəydim,
dəhşət olardı.
LEBLO. Dəhşət niyə?
ARLEKİN. Necə bir gözəllik!.. Necə bir zəriflik!..
Gözlər, burun, dodaqlar!.. Hələ sinəsini demirəm!..
LEBLO (kənara). Elə bil, Parisdən gəlib. Bizim
nökərlərin həmişəki xəstəliyidi də!..
Gözəl görən kimi, aşiq olurlar.
ARLEKİN. Hədiyyənizi verdim. Bilirsiz, hansı bir
məhəbbətlə sinəsinə sıxdı?!.
LEBLO. Bəsdir! Yoxsa, xoşbəxtlikdən birtəhər
olarsan!
ARLEKİN. Elə bil, portretinizə baxmaqdan doymurdu.
Öp ki, öpəsən!..
LEBLO. Ah, mənim əzizim Rozaura!.. (Arlekinə.) Sənə
dediklərimin hamısını ona çatdıra bildin?
ARLEKİN. Əlbəttə! Hətta bir-iki dəfə
gözlərim də yaşardı.
LEBLO. Əhsən! Deyirdim də, sən belə işlər
üçün doğulmusan! (Onu öpür.)
ARLEKİN. Ah, sinyor!.. Sevinin! Rozaura!.. O-o-o!.. Aman Tanrım!..
LEBLO. Nə, əzizim Arlekin? O nə etdi? Mənim
Rozauram!..
ARLEKİN. O, sizin dediyiniz sözləri eşidəndə,
bayıldı.
LEBLO. Sən məni dünyanın ən varlı insanı
edirsən! Sən məni xoşbəxtliyin zirvəsinə
qaldırırsan! De görüm, cavab yazdımı?
ARLEKİN (kənara). Lənət şeytana! Cavabı
axı mən ispana verdim. (Bərkdən.) Yazdı, əlbəttə...
Ancaq...
LEBLO. Nə ancaq? Ancaq nə?
ARLEKİN. Mən o cavabı itirdim.
LEBLO. Ah, alçağın biri, alçaq! Bu cür
qiymətsiz bir şeyi itirmək olar?! Göylərə and
olsun ki, mən bu şpaqanı sənin ürəyinə
soxacağam! (Şpaqasını sıyırır.)
ARLEKİN. Yox, yox. Bu saat onu tapacağam! Budur!
Tapdım! (Kənara.) Yaxşısı budu, ispana
yazılmış məktubu buna təqdim edim, yoxsa,
doğrudan da, məni o biri dünyaya göndərər. (Bərkdən.)
Budur, alın!
LEBLO. Ah, mənim əziz Arlekinim! Mənim dərdlərimin
dərmanı! Mənim bəxtəvər günlərimin
carçısı! (Arlekini qucaqlayır.)
ARLEKİN (kənara). İndicə məni o dünyaya
göndərmək istəyirdi, indi bağrına basır.
LEBLO (məktuba baxaraq). Mənim ürəyimin məcunu!
Səni açıb oxumaq istədikcə, bilsəydin ürəyim
necə döyünür! Oxuyaq! (Oxumağa başlayır.)
"Mən sizin şəcərə ağacınızın
qədimliyinə heyran olmuşam..." (Arlekinə.) Bu nə
deməkdi? Necə yəni mənim şəcərə
ağacımın qədimliyi? Bu nədi belə?
ARLEKİN (kənara). Buyur də!.. Hər şey təzədən
başlayır. (Bərkdən.) Doğrudan, başa
düşmədiz?
LEBLO. Hə, başa düşmədim.
ARLEKİN. Bu saat sizə deyim. Siz bəyəm, öz nəslinizin
yeganə nümayəndəsi deyilsiz?
LEBLO. Hə. Nə olsun ki?
ARLEKİN. Bəyəm, siz evlənmək istəmirsiz?
LEBLO. Hə. Nə olsun?
ARLEKİN. Bəyəm, evlilik öz bəhrəsini
vermir?
LEBLO. Verir.
ARLEKİN. Bəs bu, qollu-budaqlı bir ağacdan xəbər
vermir?
LEBLO. Hə, elədir.
ARLEKİN. Deməli, siz öz nəslinizin
qollu-budaqlı bir şəcərə
ağacısınız.
LEBLO. Ah, xanım Rozaura necə də incə br təfəkkür
sahibidir.
ARLEKİN. İncədən də incə!..
LEBLO. Necə də ağıllıdır!..
(Oxumağa davam edir.) "...və mən gördüm ki, sizin
şəcərəniz krallardan, hersoqlardan
başlayır..." (Arlekinə.) Necə? Bu nə deməkdir?
ARLEKİN. Baxın e!.. Axı, siz fransızlar həssas
bir xalqsınız, ancaq bu sadə sözləri
anlamırsız.
LEBLO. Hə, etiraf edirəm ki, başa düşmədim.
ARLEKİN. Sizin portretə baxarkən, o, gözəl və
dərin ehtirama layiq bir obraz görür. Ona görə də
inanır ki, siz kralların, hersoqların sələfisiniz.
LEBLO. Arlekin, sən böyük bir insansan! (Onu
öpür və oxumağa davam edir.) "...Əgər mən
bu cür yüksək cəmiyyət xanımların
sırasına daxil olsam..." (Arlekinə.) Yüksək cəmiyyət
xanımları? Hansı xanımlar?
ARLEKİN. O xanımlar ki, sizi sevirlər.
LEBLO. Hə, doğrudur, o xanımlar az deyil.
(Oxumağa davam edir.) "...mənim də şəcərə
ağacım zənginləşəcək..." (Arlekinə.)
Bəs bunu necə başa düşmək lazımdır?
ARLEKİN. Yəni onun özü də, öz şəcərələrinin
son nümayəndəsi olan qoca atası da şərəflənəcəklər.
LEBLO. Böyük Arlekinə eşq olsun! Sən
böyük də minnətdarlığa layiqsən.
ARLEKİN (kənara). Əla!
LEBLO. Mən fikirləşirəm ki,
tapşırığımı bu cür parlaqcasına yerinə
yetirdiyinə görə sənə nə verim?
ARLEKİN. Bir ingilis onun
tapşırığını bu cür yerinə yetirdiyimə
görə, mənə dolu bir kisə verdi.
LEBLO. Dolu bir kisə? Yox, bu azdır. Onun
tapşırığını görünür, bu dərəcədə
parlaq yerinə yetirməmisən. Sən elə bir mükafata,
elə bir hədiyyəyə layiqsən ki, qeyri-adi olsun! Bəli,
qeyri-adi! Aha! Mən bilirəm sənin parlaq xidmətini necə
qiymətləndirim! (Məktubu ona göstərərək.)
Ala, bax, bu misilsiz məktub yazılmış
kağızın bir qırığını ən
böyük mükafat kimi sənə verirəm!
(Kağızın qırağından bir qırıq kəsib,
ona verərək, gedir.)
İyirmi ikinci gəliş
Arlekin, sonra evdən
çıxan Marionett a. Əlində kağız
qırığı tutmuş Arlekin
şaşırmış bir vəziyyətdə dayanıb və
Leblonun ardınca baxır.
MARİONETTA. Müsyö Arlekin, siz burda nə edirsiz?
ARLEKİN. Burda dayanıb düşünürəm
ki, bir fransız nə qədər əliaçıq imiş!
MARİONETTA. Söhbət müsyö Leblodan gedir?
ARLEKİN. Özüdür ki, var.
MARİONETTA. Sizə nəsə
bağışlayıb?
ARLEKİN. Bəli! Əgər bilsəydiniz ki, nədir?!
MARİONETTA. Mənə qulaq asın. Siz istəyirsiz
ki, parissayağı bir nökər olasız. Buna görə
də gərək Paris ənənələrini öyrənəsiniz.
Nökər ağasının məktubunu sevilən xanıma
təqdim edir, bu xidmətə görə ona pul verirlər.
Nökər nə etməlidr? Həmin pulu xanımın kənizi
ilə bölüşməlidir. Bildin? Axı, hər şeyi
kəniz təşkil edir ki, işlər yağ kimi getsin.
Hamı da məmnun qalsın.
ARLEKİN. Düzdü, Marionetta. Sən də ən
böyük hədiyyəyə layiqsən.
MARİONETTA. Hə. Mən sənin ağana çox
kömək etdim.
ARLEKİN. İndi mən fikirləşirəm ki, bu
cür gözəl fəaliyyətin üçün sənə
nə qədər verim?
MARİONETTA. On skudo mənim xidmətlərim
üçün elə də çox bir məbləğ
deyil.
ARLEKİN. On skudo? Sən daha artıq bir hörmətə
layiqsən. Mən sənə... hə, əlbəttə... bu
elə bir şey olmalıdır ki, sənin zəhmətinə
layiq olsun. Əlini uzat, görüm. (Əlindəki
kağız qırığını ona göstərərək.)
Bax, bu kağızın bir qırığını sənə
verirəm! Bu, dünyadakı bütün daş-qaşlardan
da artıqdır! (Qrafın verdiyi kağız
qırığından bir az da cırıb, Marionettanın əlinin
içinə basır və gedir.)
İyirmi üçüncü gəliş
Marionetta təkdir.
MARİONETTA. Ay səni, yaramaz İtaliya dələduzu!
Mən bilirdim ki, sən elə beləsisən! Mənə bir
qırıq kağız verir! Mənə belə münasibət
bəsləmək olar? Marionettanı bu cür gülünc vəziyyətə
salmaq olar?! Mən mən olmaram, sənin başına oyun
açmasam, alçağın biri alçaq! Sən bilirsən
mən kiməm? Mən Marionettayam! Mənim anam bilirsən
kimdir? Kraliçanın dayəsinin kənizi! Bildin! Mən
qadınam, qadın da tələb etməyin, əmr verməyin
qaydasını yaxşı bilir! Əgər mən tələb
eləsəm, əmr versəm ki, səni taxta ilə kötəkləsinlər,
min nəfər aşiqim növbəyə düzülər!
Çünki sən mənim yox e, mənim fransız
xalqımın şərəfinə toxunmusan, məni təhqir
etmisən, dəyyus! (Gedir.)
QOLDONİ
525-ci qəzet .- 2024.- 27 dekabr(№239).-S.13.