Məmməd Arif
Dadaşzadə: Ağayana ziyalılıq
Məmməd Arif
Dadaşzadə-120
Bu il görkəmli ədəbiyyatşünas alim, tənqidçi,
pedaqoq, mütərcim, ictimai xadim, akademik Məmməd Arif
Dadaşzadənin mövludunun 120-ci ildönümüdür.
O, 1904-cü il iyunun 10-da dünyaya göz
açmış, 1975-ci il
dekabrın 27-də isə dünyadan
köçmüşdür. Bu yazımın məqsədi -
həmişəyaşar irs qoyub getmiş alimin həyat yolunun
bəzi fraqmentləri barədə düşüncələrimi
bölüşmək, tarixin bir çox sınaqlarından
üzüağ çıxan, saf ziyalı əsilzadəliyini,
milli əqidəsini qoruyub saxlayan insanın obrazına xas bəzi
cizgiləri vurğulamaqdır.
Noyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində
Məmməd Arifə həsr olunan "Ədəbi
üfüqlərdə" bədii gecəsində (ssenari
müəllifi Qafar Əsgərzadə) akademik Rafael
Hüseynovun parlaq çıxışı maraqlı faktlarla
zəngin idi. R.Hüseynovun səsləndirdiyi həmin ibrətamiz
faktlar, fikirlər Məmməd Arifin bir alim və insan kimi
obrazını Zaman kontekstində
dəyərləndirmək baxımından olduqca əhəmiyyətli
idi. Ötən əsrin 30-cu illərinin xəbis ideoloji
mövhumatından qorxmayaraq, "Kitabi-Dədə Qorqud"
kimi ümumtürk ədəbiyyatının yeganə
yazılı eposunun əleyhdarlarına qarşı
M.A.Dadaşzadənin həmkarı Həmid Araslı ilə
bahəm tutduğu qəti mövqe haqqında Rafael müəllimin
dedikləri o illərdə milli musiqimizin iftixar zirvələrindən
biri - Üzeyir Hacıbəylinin "Koroğlu"
operasının yaranması ilə
bağlı apardığım araşdırmamın bəzi
məqamlarını yadıma saldı.
Məsləkdaşlar
XX əsrin birinci yarısında yaşayan Qərbi
Avropa ədəbiyyatının zəkalarından biri,
1936-sı ildə Franko rejimi tərəfindən güllələnən
ispan şairi Federiko Qarsia Lorkanın belə bir fikri var:
"Cahan artıq insan deyil, kainat qüvvələrinin
mübarizə meydanıdır. Hər dəfə yer
üzündə baş verənləri müşahidə edərkən,
özümə sual verirəm: "Mən nə
üçün yazıram, yaradıram?" Amma işləmək,
yenə də işləmək və şərəfli
insanları dəstəkləmək lazımdır.
Bütün səylərin əbəs olduğu qənaətinə
etiraz əlaməti olaraq yaradıb qurmaq eşqin sönməməlidir.
Çünki elə gün yoxdur ki, sən yaradıcı
ilhamının zirvəsindən haqsızlıqlar
dünyasına müraciətlə: "Mən etiraz edirəm,
etiraz edirəm, etiraz edirəm" deməyəsən..."
1937-1938-ci illərdə amansız Stalin repressiya dalğasının
axarında H.Cavidin, M.Müşfiqin, Ə.Cavadın,
S.Mümtazın, A.M.Şərifzadənin, neçə-neçə
başqa aydınların məhv
olunduğu zaman, Üzeyir bəy gec, ya tez haqqında
çıxan qiyabi hökmün əyani şəklə
keçəcəyini gözləyirdi. Azərbaycan Demokratik
Respublikası himninin musiqisinin müəllifi, ilk
addımlarını atmağa başlayan dövləti öz
beşiyində boğmaq üçün daxili və xarici
qüvvələri mövcud imkanlarla dəstəkləyən
bolşevik Rusiyasını tənqid edən məqalələr,
Fransada məcburi mühacirət həyatı yaşayan
qardaşı Ceyhun bəylə məktublaşma - bu "dəlillərin"
hər biri, Üzeyir bəyin həyatını məhv etmək
üçün kifayət qədər "ciddi ittiham
aktı" ola bilərdi. Başqa sözlə, bəstəkarın
boynuna atılan gözəgörünməz ilgək tədricən
sıxılaraq öz gerçək üzünü göstərməyə
başlamışdı.
Amma böyük sənətkar qaragüruhun təpkisindən
çəkinməyərək qibtə olunacaq iradəsi ilə,
bütün daxili imkanlarını səfərbər etməklə
"Koroğlu" kimi monumental operanı tamamlaya bilir. 1937-ci
il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında operanın ilk tamaşasının
yaratdığı qeyri-adi coşqu təkcə müəllifin
deyil, cəmiyyətin də böyük bir hissəsinin real
durumunun pərdəarxasını özündə əks
etdirirdi. 1938-ci il aprelin 5-də Moskvada "Bolşoy
Teatr"ın səhnəsində sərgilənən
"Koroğlu"nun misli görünməyən müvəffəqiyyəti
bəlli hadisədir.
Məhz həmin tarixdə, aprelin 5-də "Ədəbiyyat
qəzeti"ndə M.A.Dadaşzadənin "Koroğlu"
dastanı" adlı məqaləsi işıq üzü
görür. Düşünürəm, operanın Bakı və
Moskva premyeraları ilə məqalənin çapı tarixlərinin ardıcıllığı dəyərli
oxucuların diqqətindən yayınmaz. Yeri gəlmişkən,
onu da deyək ki, məqalənin rus versiyası Moskva
dekadası üçün nəşr olunan "Üzeyir
Hacıbəyov. "Koroğlu" bukletinin giriş məqaləsi
kimi çap olunmuşdu.
Həssas qəlbli alim, mövcud dönəmin
sarsıntılarını Üzeyir bəy kimi bütün
vücudu ilə yaşayanlardan idi. Bəstəkar operanın
musiqi dilində soy-kökümüzün genetik
yaddaşına hopan azadlıqsevərlik, qorxmazlıq, cəsarət,
ülvi məhəbbət kimi ali keyfiyyətləri
böyük ustalıqla təcəssüm etdirir. Bu
baxımdan yaradıcı yanğısı aşıb
daşan hər iki sənətkar arasında mənəvi
bağlılıq açıq-aşkar özünü
göstərirdi.
Məqalədə Məmməd Arifin Koroğlu xarakterinin səciyyəvi
cəhətləri barədə yazdıqlarına diqqət
yetirək: "...Koroğlu azadlığı sevir, köləliyə
nifrət edir ...Xalq maraqları uğrunda mübarizə aparan
Koroğlunun obrazında Azərbaycan xalqının ən
yaxşı xasiyyətləri təcəssüm
etdirilmişdir: mərdanəlik, qəhrəmanlıq,
zalımlara qarşı nifrət, azadlıq sevgisi,
hazırcavablıq, müdriklik və şairlik, sənətkarlıq
Koroğlunun əsas xasiyyətləridir..."
Operanın libretto müəllifi yazıçı Məmməd
Səid Ordubadinin "Böyük sənətkar barəsindəki
xatiratım" məqaləsindən bir epizoda üz tutmaq
yerinə düşər: "...Böyük mübahisəyə
səbəb olan səhnələrdən birisi də
"Çənlibel" səhnəsi oldu. Mən, Koroğlu
kimi bir qəhrəmanın çox tez inanan və sadəürəkli
bir adam göstərilməsinə razı ola bilmirdim. Onun
keçəl Həmzəni (mehtərliyə) qəbul etməsini
yersiz hesab edirdim. Lakin Qıratı oğurlatdırmaq
üçün də başqa bir yol yox idi. Üzeyir bir
çox əsərlərdə göstərilən qəhrəmanların
sadəürəkli olmalarından misallar gətirib dedi:
- Qəhrəmanlarda tez inanmaq və sadəürəklilik
təbii bir xarakterdir, eyni zamanda bu hadisə əsərin
gedişi ilə üzvi surətdə bağlı
olduğundan, başqa cür göstərməyimiz
mümkün deyil". Yenidən M.A.Dadaşzadənin
"Koroğlu" dastanı" məqaləsinə dönsək,
bu sətirlər diqqətimizdən yayınmaz: "...Belə
qüvvət, cəsarət və igidlik sahibi olan Koroğlu
eyni zamanda sadə, təvazökar, şəfqətli, həssas
və diqqətlidir..."
2020-ci il sentyabrın 17-də Milli Musiqi Günü,
Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin 135
illiyi münasibətilə keçirilən beynəlxalq onlayn
konfransda Türkiyə, Rusiya, Çin və ABŞ, həmçinin
Azərbaycanı təmsil edən alim və mütəxəssislər
iştirak edirdilər. Tədbir iştirakçıları
arasında Məmməd Arif nəslinin layiqli nümayəndələrindən
biri musiqişünas Zümrüd xanım Dadaşzadə də var idi. O,
Üzeyir bəyin "Koroğlu" operasının
yaranmasına gətirən səbəblərə müasir
müstəvidən ətraflı baxış nümayiş
etdirərək: "..."Koroğlu" operası təkcə
qəhrəmani xalq dastanının musiqi təcəssümü
deyil, bütünlüklə türk dünyasının və
onun ayrılmaz parçası - Azərbaycanın şərlə mübarizə
simvolu kimi dəyərləndirilməlidir" fikri ilə
çıxışını yekunlaşdırdı. Necə
deyərlər, "ot kökü üstündə bitər".
Muğam Mərkəzindəki yubiley gecəsinin sonunda
söz alan Zümrüd xanımın
çıxışı da səciyyəvi idi. O, gecənin məhz
bu məkanda keçirilməsinin təsadüfi
olmadığını, Məmməd
Arifin 1930-cu ildə, milli irsə qarşı hücumların
vüsət aldığı dövrdə "Aprel
alovları" toplusunda dərc etdirdiyi "Tar
çalınır" hekayəsinin milli-mədəni dəyərlərin,
muğamın və tarın müdafiəsində nə kimi
rol oynadığına diqqət yetirdi. O zaman hələ
çox gənc olan Məmməd Arif Mikayıl Müşfiq,
Üzeyir Hacıbəyli, Əfrasiyab Bədəlbəylinin məsləkdaşı kimi
çıxış edirdi.
Məmməd Arif Dadaşzadə, məlum olduğu
kimi, XX əsr milli ədəbiyyatşünaslıq tarixinə
Cəfər Cabbarlı irsinin nüfuzlu
araşdırıcısı kimi daxil olmuşdur. 1941-ci ildə
SSRİ EA-nın Azərbaycan filialı "Azərbaycan ədəbiyyatında
xalq qəhrəmanları" adlı məqalələr
toplusu nəşr etdirir. Topluda yer alan "C.Cabbarlının
dramasında Babək obrazı" adlı məqaləsində
M.A.Dadaşzadə tədqiqatçı diqqətini C.Cabbarlının "Od gəlini"
tarixi faciəsinin əsas qəhrəmanı Babəkə
(Elxana) yönəldir: "Böyük qəhrəmanlar
öz ölümləri ilə belə düşməni
sarsıdır və məğlub edirlər. Babək də
belə qəhrəmanlardandır. Öz sevimli doğma
qardaşını, öz sevgilisini və nəhayət öz
həyatını cəsarət və dönməzliklə
böyük azadlıq və xoşbəxt vətən
idealına qurban verir. Bu dönməzlik və qətiyyət,
bu dəmir iradə Babək (Elxan) obrazını qüvvətli
xalq qəhrəmanı obrazı kimi yüksəyə
qaldırır. O, ölümü böyük mərdlik və
cəsarətlə qəbul edir. Bu fiziki ölüm - mənəvi
həyat və qalibiyyət timsalıdır..." Burada müəllif
yenə də xalqımızın azadlıq sevgisini, həmin azadlığa nail olmaq
naminə heyrətamiz fədakarlığını
vurğulayır.
Ana dilinin saflığı uğrunda
Məmməd Arif müəllimin milli təəssübkeşliyi
haqqında danışarkən, alimin ana dilinin qorunması, yad
kökənli tərkiblərdən uzaq olması
üçün apardığı maarifləndirici fəaliyyətindən
yan keçmək mümkün deyil. Çağdaş
dövrümüzdə müasir texnologiyaların tətbiqi
ilə inkişaf edən kütləvi informasiya vasitələrinin
cəmiyyətin bütün sahələrini ehtiva edən fəaliyyətinin
aktuallığı qaçılmaz reallıqdır. Amma bu
fonda ana dilimizin bir çox qrammatik normalarının
pozulması, dilə qeyri-peşəkar yanaşmadan doğan
problemlərin ifrat şəkil alması barədə çox
deyilir və yazılır. Gözəl və ibrətamiz
atalar sözü var: "Aşıq gördüyünü
çağırar". Başqa sözlə, KİV-in vəzifələrindən
biri də dilin bütün incəliklərinə həssas
yanaşmaq, saflığını qorumaq, onu ardıcıl
inkişaf etdirməkdir. Lakin həmin sahədə kəmiyyət və keyfiyyət
arasında qeyri-tarazlıq təəssüfləndirməyə
bilməz.
Dil problemlərinin müzakirəsi Məmməd Arif tədqiqatlarının
əsas leytmotividir. Məsələn, onun 1948-ci ildə qələmə
aldığı "Dil və üslub" adlı irihəcmli
məqaləsinə müraciət edək. Alim yazır ki,
"1905-ci ildən sonra xüsusilə şiddətlənən
dil mübahisələrində "Molla Nəsrəddin"
jurnalının daha düzgün bir yol tutduğu hamıya məlumdur.
Bu yolun əsas cəhəti onun xalq dilinə, canlı xalq şivələrinə, xalq
yaradıcılığına əsaslanması, dili sadələşdirməyə
çalışması idi... Deməli, mollanəsrəddinçilər
nəinki sadə dil tərəfdarı idilər, onlar həm
də sadə dilin qızğın təbliğatçıları
idilər. Xalqa xidmət etməyi ən şərəfli bir vəzifə
hesab edən bu demokrat yazıçılar dil sahəsində
də çox düzgün yol tutmuşdular".
Həmin məqalədə M.Arif söz axtarışlarında olana
yazıçıların işgəncə və əzablarından
danışır, münasib bir obraz yaratmaq üçün
yuxusuz gecələr keçirtdiklərini, bəzən qələmin acizliyindən,
hünərsizliyindən şikayət etdiklərini də qeyd edir. Bu da onların, alimin
təbirincə, sözə verdikləri əhəmiyyəti
göstərir. Eyni zamanda M.Arif dilə etinasız, bəzən
hətta hörmətsiz yanaşma hallarına etiraz səsini
ucaldır. "Dil bizim çoxumuz üçün ancaq qaba
bir material, inşaat ləvazimatı rolunu oynayır, biz dilə ancaq qara fəhlə kimi
baxırıq", - ifadəsində alimin həyəcanını
sezməmək qeyri-mümkündür.
Sözü ram etmək iqtidarında olan yazarlar isə
M.Arifi heyran edirdi. Onun Mikayıl Müşfiq haqqında
yazdıqlarında nə qədər sevgi var: "...Vəznlər,
misralar, qafiyələr, rədiflər onun əlində
çox itaətkar idi. Müşfiq mahir bir sehrbaz kimi
onları istədiyi şəklə sala bilir, istədiyi kimi
onlardan istifadə edirdi..."
Məmməd Arif müəllimin doğma dilin
qorunması yolunda, milli ədəbiyyatın yad ünsürlərdən
uzaqlaşdırılması məqsədi güdən fəaliyyəti
barədə daha bir faktı
Zümrüd xanımın dilindən eşidək:
"40-cı illərdə M.C.Bağırovun Azərbaycan ədəbiyyatına
dair iradlarından təngə gələn M.Arif onun Azərbaycan
dilində məruzə etmək istədiyini eşidib, ehtiyatsızlıq edib: "Kişi
(el içində Bağırovu belə
adlandırırdılar) heç azərbaycanca düz-əməlli
danışa bilir ki, hələ bir bu dildə məruzə
etsin?" - deyə bir qədər istehza ilə gileylənmişdi.
Həmin söhbət əlüstü rəhbərə
çatdırılmışdı. Növbəti
müşavirədə Bağırov: "Hə, Məmməd
Arif, nə deyirsən, deməli, mən azərbaycanca
danışa bilmirəm?" - deyə tənə ilə
söyləmişdi..." Təbii, o illərdə belə
bir fikri dilə gətirmək son dərəcə təhlükəli
idi. Amma xatırlanan epizod Arif müəllimin əqidəsi
haqqında çox şey deyir.
Görkəmli alimin doğma ana dilinə, ədəbiyyatına,
ümumən milli mənəviyyata sayğısı nəsil
şəcərəsinin nümayəndələrinin fəaliyyətinə
sirayət etmişdir. Akademikin oğlu, uzun illər Azərbaycan
Sovet Ensiklopediyasının Baş redaksiyasında baş
redaktorun birinci müavini, son iki ildə elə baş redaktoru
kimi işləmiş Araz Dadaşzadənin: "Qoy mənim
xalqımın da Ensiklopediyası olsun! Qoy mənim xalqım da
bütün dünya haqqında öz doğma dilində
oxusun!" amalı necə də səciyyəvidir. Onu da deyək
ki, Araz müəllimin məhz azərbaycandilli ədəbiyyatın,
XVIII əsr poeziyasının, əsasən də Molla Pənah
Vaqif yaradıcılığının tədqiqində
müstəsna xidmətləri var ki, bu da heç də təsadüfi
deyil.
Araz müəllimin yadigarlarından biri olan
Zümrüd xanımdan eşitdiyim xatirə də çox
şey deyir: "Hələ Bülbül adına məktəbdə
oxuyarkən, bizim ailəni tanıyanlar mənim Məmməd
Arifin nəvəsi, Araz müəllimin qızı ola-ola niyə
rus bölməsində deyil, Azərbaycan bölməsində
təhsil aldığıma təəccüblənirdilər.
Həmin zamanlarda özlərini ziyalı sayan şəxslər
ana dilinə biganə yanaşır, övladlarının
rusdilli məktəblərdə oxutdurulmasına
üstünlük verirdilər. Səbəbini isə belə əsaslandırırdılar
ki, rus bölməsində təhsilin səviyyəsi daha
yüksəkdir. Atamı bəzi həmkarlarının belə
öz övladlarını rus şöbəsində
oxutdurması ələlxüsus narahat edirdi. O deyirdi: "Biz,
ədəbiyyat adamları da
doğma dilimizə xor baxsaq, onda yazdıqlarımız
kimə lazımdır?"
Lirik haşiyə
Məmməd Arifin Muğam Mərkəzindəki
yubiley gecəsində tanınmış jurnalist, Əməkdar
mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə
doktoru, "Humay" və H.Zərdabi mükafatları
laureatı Zöhrə xanım Əliyeva ilə söhbətləşmək
fürsətini qaçırmadım. Zöhrə xanımın
atası - ünlü filoloq Qulamhüseyn Əliyev
M.A.Dadaşzadənin aspirantlarından biri olmuşdur. O zamandan
bəri ailələr
arasında möhkəm dostluq bağları
yaranmışdır. Zöhrə xanımın M.A.Dadaşzadəni
müdrik ustad və nurlu şəxsiyyət kimi səciyyələndirən
xatirələrindən birini təqdim
edirəm: "Hər bir insanın həyatında elə bir
şəxsiyyət olur ki, ömrünə sönməz məsəl
kimi işıq salır. Mənim atam Qulamhüseyn Əliyevin
alim və şəxsiyyət kimi formalaşmasında Məmməd
Arif müəllimin rolu heç bir müqayisəyə gəlməz.
Atam filoloq kimi elmi tədqiqat aləminə Azərbaycan
Dövlət Universitetini (indiki BDU) bitirdikdən və bir
çox məsul vəzifələrdə
çalışdıqdan sonra gəlmişdi. Bakıya
qayıdıb aspiranturaya qəbul olunanda, məhz Məmməd
Arif müəllimin təklifi ilə "Azərbaycan-özbək
ədəbi əlaqələri (1920-1960-cı illər)"
adlı dissertasiya mövzusu üzərində işə
başladı.
Atam Məmməd Arif müəllimin alicənablığı,
mükəmməl elmi zəkası, ensiklopedik biliklərini
yüksək dəyərləndirirdi. Odur elmi rəhbər
qismində ancaq ustadı A.M.Dadaşzadəni
görürdü. Ata dissertasiya üzərində işlədiyi
əsnada özbək dilini
mükəmməl öyrənmiş, dəfələrlə
Özbəkistanda uzunmüddətli
yaradıcılıq ezamiyyətlərində olmuşdu: yerli ədəbiyyatın
bir çox görkəmli nümayəndələrinin
yaradıcılığına da, təbii, yaxından bələd
idi. O dönəmdə Bakıya qayıdaraq elm sahəsində
kimliyini göstərmək, öz mövqeyini təsdiqləmək
heç də asan deyildi. Məhz Məmməd Arif müəllimin
müdrik məsləhətləri və təmənnasız
dəstəyi atama böyük dayaq olmuşdu. Təsadüfi
deyil ki, Qulamhüseyn müəllim dissertasiyanın müdafiə
gününü
özünün ikinci mövludu hesab edirdi. "Azərbaycan-özbək
ədəbi əlaqələri (1920-1960-cı illər)"
dissertasiyası bu mövzuda yazılan ilk monumental tədqiqat
işi idi. İndi isə çoxları üçün bu
araşdırma bir mənbə rolunu oynayır.
Yeri gəlmişkən, illər keçdikdən
sonra, həmin dissertasiyanın yenidən redaktə və
çapa ehtiyacı yarananda biz, övladlar bu missiyanı
öz üzərimizə götürdük. 2019-cu ildə isə
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin layihəsi ilə Azərbaycan və özbək
dillərində çap olunan "Azərbaycan-özbək ədəbi
əlaqələri (1920-1960-cı illər)"
kitabının təqdimatı keçirildi. Təqdimatda Azərbaycan-özbək
ədəbi əlaqələrini araşdıran hər iki
ölkənin tədqiqatçıları, ədəbiyyatşünasları
üçün elmi-nəzəri mənbə olan bu nəşrin
faktiki materiallarla, əsaslı təhlillərlə zəngin
olduğu nəzər-diqqətə çatdırıldı.
Atamla Məmməd Arif müəllimin elmi rəhbər
- aspirant münasibətləri tədricən ailələrimiz
arasında dostluq körpüsünün yaranmasına gətirib
çıxardı. Onun oğlu, görkəmli ədəbiyyatşünas
və tənqidçi Araz Dadaşzadə, həyat
yoldaşı Aida xanım və iki gözəl
övladları - Aqşin və Zümrüdün ailəmizin
həyatında xüsusi yeri vardı və bu indi də belədir.
Həmişə də belə olacaq. Zaman amansızdır: təəssüf,
nə Məmməd Arif müəllim, nə mənim atam, nə
anam, nə Araz dayı ilə Aida xala artıq həyatda
yoxdurlar.
Amma biz, varislərin yaddaşına həmin günlərin
xatirələri əbədi həkk olunub. Hər dəfə
Zümrüd və ya Aqşinlə görüşərkən
yaşadığımız o qayğısız günləri
dönə-dönə yadımıza salır, ən xırda
incəlikləri xatırlayırıq. Mən Azərbaycan
televiziyasında çalışarkən Məmməd Arifin
xatirəsinə həsr olunan bir proqram hazırladım: mərhum Gülrux Əlibəyli, Cabir
Novruzun iştirakı ilə. Aida xala da həyatda idi, bizi bir
süfrə ətrafına topladı. Hər kəs öz
kövrək xatirəsinə dönüb Məmməd Arifi
sevgi ilə yad etdi, onun müstəsna keyfiyyətlərindən
- intellektinin zənginliyindən, nadir saflığından,
haqsızlığa, qeyri-peşəkarlığa
qarşı dözümsüzlüyündən
danışdı. Gülrux xanım M.Arifi özünün
"ən amansız və ən xoşniyyət müəllimi"
adlandırıb, elmdəki həyatının çox
ağır məqamında ona dəstək olduğunu səmimi
minnətdarlıqla qeyd etdi.
Daha sonra Aqşin və Zümrüdlə bərabər
Fəxri xiyabana - Məmməd Arifin məzarını ziyarətə
getdik. Verilişin son kadrarxası müəllif cümlələri belə idi:
"Atam Bakıda dəfn olunmayıb. Tez-tez gedə bilmirəm
məzarının üstünə, amma Fəxri xiyabanda Məmməd
Arif müəllimi ziyarət edərkən, həmişə mənə
elə gəlir ki, atamı da ziyarət etmiş oluram. Nə
yaxşı ki, bizim həyatımızda məhz Məmməd
Arif Dadaşzadə kimi son dərəcə şərəfli
və işıqlı bir şəxsiyyət olub".
Akademik M.A.Dadaşzadə əsl ziyalı örnəyi
idi. Bəstəkar Fikrət Əmirovun qeyd etdiyi kimi, "o,
öz ədəbi vicdanı qarşısında heç zaman
qeyri-səmimilik etməmiş, necə deyərlər,
"gözü kölgəli" olmamışdır..."
Böyük bəstəkarın olduqca sərrast
müşahidəsi Üzeyir bəyin "Koroğlu"sunun əsl
məna yükünün vurğulanmasında, ana dili və
milli ədəbiyyatın paklığının
qorunmasında, hətta vəzifə və partiya
sıralarından xaric ediləcəyindən (partiyadan
çıxarılmağın o zalım zamanda nə demək
olduğunu artıq dəfə izah etməyə ehtiyac
yoxdur) qorxmayaraq həmkarı, məsləkdaşı
filosof Heydər Hüseynovu qaralamaqdan imtina etməsində və
bir məqalə çərçivəsinə
sığmayan daha neçə-neçə fədakarlıq
nümunələrində öz inandırıcı təsdiqini
tapır.
Sözügedən yubiley gecəsində Rafael
Hüseynov yazıçı Elçinin Arif müəllimi səciyyələndirərkən
"ağayanalıq" sözünü
vurğuladığını nəzər-diqqətə
çatdırdı. Həqiqətən də, bu söz Məmməd
Arifin obrazını necə də
dəqiq, dolğun əks etdirir!
Ruhun şad olsun, sevərək yaşayan və sevilərək
haqqa qovuşan Məmməd Arif Dadaşzadə!
Yavər NEYMƏTLİ
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru
525-ci qəzet .- 2024.- 27 dekabr(№239).-S.10-11.