Böyük
yazıçının film kimi cinayəti
Şakir Paşa ailəsinin həzin sonu
Bu günlərdə Üsküdarda qəhvə
içərkən gözüm əsrarəngiz
memarlığı olan bir məscidə sataşdı. Milli
Saraylarda çalışan rəfiqəm tikilinin 1580-ci ildə
Osmanlı dövlət adamlarından olan Şəmsi Əhməd
Paşanın Memar Sinana inşa etdirdiyi "Şəmsi
Paşa məscidi" olduğunu dedi. Sonra elə bir hekayədən
bəhs elədi ki, tarix, memarlıq qaldı bir kənarda, rəfiqəmin
ağzından çıxan hekayəni həyəcanla dinləməyə
başladım. Doğrudur, məscidin dərin tarixi,
qüsursuz memarlığı var, bu, görünən tərəfidir.
Bir də sirr kimi küncə-bucağa ilişib qalan hekayələri
var. Onlardan biri böyük yazar Cavad Şakir
Kabaağaclının vaxtilə buraya
sığınmağıdır. Bir yazıçı məscidə
niyə sığınsın axı? Onu burada namaz
qılmağa, ibadət etməyə sövq edən hansı
çarəsizliyi imiş?
Yüksəliş və eniş
Kabaağaclızadələr dərin soykökü
olan ailələrdən idi. Dövlət işlərində
bir çox önəmli vəzifələrə təyin edilən
ailənin ən parlaq dönəmi Əhməd Cavad
Paşanın vəzir təyin edilməsi ilə
başlayır. Cavad Paşanın özündən yaşca kiçik
qardaşı Şakir Paşa da bir müddət onun yavəri
olur. Daha sonra mühüm vəzifələrə gətirilir.
Həmin önəmli vəzifələrindən biri də
Afina səfiri olması idi. Təyinatının ilk
vaxtlarında Paşanın oğlu dünyaya gəlir.
Uşağa qardaşı Cavadın və öz adını
qoyur. Atası ilə əmisinin adını daşıyan bu
uşaq Türk ədəbiyyatına damğasını vuran
Cavad Şakir Kabaağaclıdır. Digər adı ilə
Halikarnas Balıqçısıdır. Şakir Paşa
qardaşı Cavad Paşanın vəzifədən azad
edildikdən sonra dövlət qurumlarındakı bütün
vəzifələrindən istefa verərək
Böyükadaya köçür və sakit bir həyat
yaşamağa başlayır.
Ələ-ovuca sığmayan uşaq
Bu köçdən sonra oğlunu Robert kollecinə
göndərir. Cavad nizam-intizamdan uzaq, amma istedadlı
şagird imiş. Kollecdə Tevfik Fikrətlə tanış
olur və bu ünsiyyət onu kitablara daha da
yaxınlaşdırır. Ancaq çoxları
üçün əlçatmaz olan Robert kolleci bütün
üstünlüklərinə rəğmən, Cavad Şakir
üçün həbsxanadan fərqlənmir. Ruhu daralır,
heç yerə sığmır, divarlar üstünə gəlirdi.
Sonralar etiraf da etmişdi, kollecin uşaqlıq illərinə
kədərdən başqa heç nə
qatmadığını. Atası ilə araları gərgin
olan Cavadın həyatındakı ən önəmli hadisələrdən
biri də Oksford Universitetində oxumaq üçün
İngiltərəyə getməsi idi. Ancaq tələbəlik
dönəmində nizam-intizam, qayda-qanuna uymaq məsələləri
düzəlmək yerinə daha da betər olur. Ona görə
də, üç ildən sonra Oksfordda təhsilini
tamamlamamış ailəsinin yanına qayıdır.
Sonun başlanğıcı
Bu qayıdışla atası ilə münasibətləri
xeyli pisləşir. Vəziyyət o həddə
çatır ki, oğlan çarəni uzaqlaşmaqda,
çıxıb getməkdə görür. Bu dəfə
sevdiyi işi dərindən öyrənmək
üçün Romaya üz tutur və İncəsənət
Akademiyasında rəssamlıq üzrə təhsil alır. Həmin
ərəfələrdə həyatını yerlə-yeksan
edəcək qadınla tanış olur. Bu, italiyalı model
Aqnesia Kafiera idi. Cavad ilə Aqnesiyanın eşqi ehtiraslı,
çılğın və fırtınalı idi. Gah
dalaşır, gah hər tərəfi
qırıb-dağıdır, gah da heç nə
olmamış kimi barışır və həyata
qaldıqları yerdən davam edirdilər. Cavad 1912-ci ildə
İstanbula - ata ocağına qayıdır, ancaq bu dəfə
yanında həyat yoldaşı və bətnində körpəsi
olur.
Şakir Paşanın isə həmin vaxtlar nə
oğlunu görəcək gözü, nə də onun ailə
qurmağına söz deyəcək vaxtı vardı.
Çünki Paşa iflasın eşiyində idi. Salonikidə
qurduğu işlər müharibəyə görə
dayanmışdı, bu isə ailənin maddi olaraq
batmağı demək idi.
Şakir paşa bu böhranlı vəziyyəti
düzəltmək üçün ailəsi ilə birlikdə
Afyondakı fermasına köçür və oradakı evdə
yaşamağa başlayırlar. Fəqət, bundan sonra
başı açılır və Cavadla aralarındakı
davalar, mübahislər daha da şiddətlənir. Hər
cür aşağılanma, təhqir olan ata-oğul münasibəti
faciə ilə sonlanır. Gərgin günlərin birində
Cavad əczaxanadan aldığı dərmanı ilə
öncə evdəkiləri yuxuya verir. Ardınca Şakir
Paşanın otağının qarşısına gəlir.
Qapısında keşik çəkən iti
öldürdükdən sonra içəriyə daxil olur və
atasını bir mərmi ilə öldürür.
Qayınata ilə gəlinin eşq macərası
Əvvəlcə Cavadın bu cinayəti pul
üçün törətdiyini deyirlər. Sonra qətlin əsl
səbəbkarının Aqnesiya olduğu məlum olur. Sən
demə, Şakir paşanın gəlini ilə eşq
münasibəti varmış. Əslində verdiyi müsahibələrdə
atası ilə olan gərginliyin uşaqlıq dönəmlərindən
başladığına eyham vurur böyük yazar. Hətta bəzən
davaların dözülməz həddə
çatdığını deyir. Əslində atası sui-qəsddən
qorxduğu üçün yanında bir neçə silah gəzdirirmiş.
Həm zəngin, həm də siyasətçi olduğu
üçün özünü buna məcbur hiss edirmiş.
Həmin gecə aralarında münaqişə baş verdiyini
deyən Cavad, öncə atasının silah çəkdiyini,
sonra onun silahlarından birini götürüb Şakir
Paşanı vurduğunu söyləyir.
Açıqlamalarında atasından nifrət etdiyi,
açıq-aydın görünür. Hətta həbsxanada
ikən yuxuda uşaqlığını görəndə
oyanıb yuxu olduğunu anlayanda sevindiyini deyir. Burdan isə məlum
olur ki, yazıçının uşaqlığı
ağır travma altında keçib. Doğrudur, bu cür
açıqlamalar verir, ancaq atasını istəmədən
öldürdüyünü və peşman olduğunu da
söyləyir.
Cavadın atası ilə olan münasibətinə
oğlu Sinan Kabaağac yanaşması da maraqlıdır:
"Şakir paşa oğlunu Qərb kültürünə
yönləndirir. Başqa torpağa əkdiyi toxum orada
yetişib, qol-budaq olduqdan sonra onu Osmanlı adət-ənənəsinə
uyğun yaşamağa məcbur edir və bunda kəskin
davranışlar sərgiləyir. Burada belə bir sual
yaranır, azad düşüncə tərzi ilə qidalanaraq
inkişaf edən Qərbin bu "bitkisini", rəsmləri,
qeydləri, kəlmələri, dəyərləri, ingilis ədəbiyyatını
hansı Osmanlı dibçəyinə sığdıra bilərsən?
Əgər cəhd edərsən, həmin "bitki" ya
dibçəkdə solub gedər, ya da onu darmadağın edər
deyir və bu açıqlaması ilə atasını
suçlu olaraq görmədiyini isbat edir.
On beş illik cəza və Sultanın əfvi
Cavad Şakir, 15 il kürək cəzasına məhkum
edilərək həbs olunur. Sonra Fərid Paşa ümumi əfv
fərmanı imzalayır. Ancaq Cavadın həbsdən
çıxmağı sual altında olur. İçəridə
sağlamlığı ilə bağlı problemlər
yaşayan Cavad, əfv edilməyi üçün Fərid
Paşaya məktub yazır və onun mərhəmətinə
sığındığını bildirir. Xeyli davam edən
götür-qoydan sonra Sultan Vahdəddin Cavad Şakirin də əfv
edilməyinə dair əmr verir. 1920-ci ildə azadlığa
çıxır. Ailəsi və dostları ata qatili olan
Cavaddan üz çevirdiyi üçün İstanbulda tək
başına, maddi sıxıntılar içində,
ortalıqda qalır. O da bu dönəm dərgaha
sığınır və namaz qılaraq ruhunu
arındırmağa çalışır, vaxtının
çoxunu Üsküdarda Şəmsipaşa məscidində
keçirir, orda yatır, orda durur.
Bir müddət belə davam edir. Özünə gəldikdən
sonra Aqnesiyanı və qızını axtarmaq
üçün Avropaya gedir. Burada ispan qadına aşiq olur.
Bu münasibətdən bir oğlu dünyaya gəlir. Sonra
İstanbula qayıdır. Bu dəfə dayısının
qızı Həmidiyə xanımla ailə qurur. Bu evlilikdən
sonra həyatını az da olsa sahmana salan Cavad müxtəlif
qəzetlərdə hekayələr yazmağa başlayır.
Bu dəfə həmin hekayələrdən birinə görə
həbs edilərək Ankaraya aparılır. Edam cəzası
ilə yarğılanan Cavadın bəxti yenə üzünə
gülür və Bodruma sürgünə göndərilir.
Bu, bir möcüzə olur. Çünki məhkəmənin
hakimi qəddarlığı ilə tanınan Əli Çətinkaya
idi. Cavadın belə bir adamın əlindən necə
qurtulduğu müəmma olaraq qalır.
Cavad Şakir Kabaağaclı 1973-cü ildə vəfat
edir. Həyatı boyu ata qatili damğasını üzərində
daşıyır. Bəlkə də buna görə Halikarnas
Balıqçısı ləqəbinin altına
sığınır.
Yeri gəlmişkən, iki il əvvəl Cavad
Şakir Kabaağaclının Bodrumda məzarını ziyarət
etmiş, evini gəzmişdim. Bodrumun ən gözəl yerlərində
onun izi var. Hətta Bodrumu Bodrum edən Halikarnas
Balıqçısıdır desəm, daha doğru olar.
Yazıçının atasına məxsus
Böyükadada yerləşən Şakir Paşa
Yalısı isə təəssüf ki, iki gün əvvəl
yanıb kül oldu. Ancaq heç bir od bu hekayəni kül edə
bilməz. Çünki yaydan çıxan oxun geri qayıtma
şansı yoxdur.
Türkan TURAN
525-ci qəzet .- 2024.- 28 dekabr(№240).-S.21.