"Tərcümə təcrübələri": ədəbi-mədəni
hüdudların ötəsinə körpü
SEYFƏDDİN HÜSEYNLİNİN BƏDİİ
TƏRCÜMƏ YARADICILIĞI HAQQINDA QEYDLƏR
Tanınmış ədəbiyyatşünas, tərcüməçi
və redaktor Seyfəddin Hüseynlinin yenicə işıq
üzü görmüş "Tərcümə təcrübələri"
kitabını müəllif imzası ilə əldə etmək
üçün bir axşamçağı yolumu "525-ci qəzet"in
redaksiyasından saldım. Əslində kitabdan ötrü
AYB-nin "Bayatı" kitab mağazasına, yaxud Tariyel
Əliyevin "Papillon" Kitab Evinə də müraciət
edə bilərdim. Amma jurnalistikadakı 18 illik iş təcrübəmin
tən yarısı bu doğma redaksiyanın payına
düşür deyə, məhz "525"in redaksiyasına
üz tutdum. Həmin illər ərzində qəzetin ədəbiyyat,
mədəniyyət və təhsil sahələri üzrə
redaktoru Seyfəddin Hüseynlinin mətnə də, müəllifə
də tələbkar, güzəştsiz yanaşması, amma
eyni zamanda gənc yazarlara, jurnalistlərə öyrədici
yöndə həssas, qayğıkeş münasibəti,
aramızda elə bir əsaslı yaş fərqi olmasa da, onu
həmişə özümə ustad bilməyimə, bir
çox yazarımız kimi, mənim də çox həvəslə,
minnətdarlıq və şükranlıq hissilə ondan bəhrələnməyimə
əsas olub.
Hərçənd, özü belə məsələlərdə
xeyli təvazökardır, dəfələrlə bu cür məqamları
dilə gətirənlərin söhbətinin
yönünü məharətlə ayrı axara
saldığının da şahidi olmuşam. Amma zənnimcə,
kiminsə üstün insani məziyyətlərini vəfa
hissi ilə xatırlayıb vaxtaşırı təqdir etmək,
dilə gətirmək də insanlığın
şanındandır, belə olmalıdır.
"Tərcümə təcrübələri"
kitabının titul vərəqini müəllifin şəxsim
barədə "Sözə bağlılığın
gözəl və dəyişilməz obrazı kimi
tanıyıb əziz tutduğu istedadlı həmkarı"
kimi üstün xarakterizə ilə imzalaması
sözügedən kitab haqqında yazmaq istəyimin məsuliyyət
yükünü bir pay da artırdı. "Tərcümə
təcrübələri"ni elə oradaca həvəslə
əlüstü vərəqləyib, tərcümə edilən
müəlliflərin adlarını görəndə, nağıl
dili ilə desək, "bu çəkidə yüngül, vəzndə
ağır" nəşri cümlə-cümlə oxumaq və
sonra kitabla bağlı düşüncələrimi mütləq
yazmaq fikrim qətiləşdi. Uşaqlar ləziz təamı
tez bitməməsi üçün necə yavaş-yavaş
yeyərlərsə, "Tərcümə təcrübələri"ni
elə o templə - çoxdandır axtardığım məhz
bu dadda mütaliənin verdiyi zövqün tələm-tələsik
bitməməsi arzusuyla oxudum...
"...Get-gedə ağırlaşan xatirə
yükü"nün bədii təs(v)iri ilə...
"Tərcümə təcrübələri"nə
keçməzdən əvvəl, fürsət
düşmüşkən, Seyfəddin Hüseynlinin yeni kitabının
"sələfi" sayılan, 2017-ci ildə işıq
üzü görmüş daha bir uğurlu işi - Culian
Barnsın Buker mükafatlı "The Sense of an Ending" əsərinin
ana dilimizdə "Aqibət duyğusu" adıyla son dərəcə
uğurlu tərcüməsi haqqında yığcam bəhs
etmək istəyirəm. Seyfəddin Hüseynlinin çoxillik
peşəkar tərcüməçi təcrübəsi ilə
doğma dilimizə qazandırdığı "Aqibət
duyğusu" "kor-koranə irəliləyib axının
səmtinə üzənlərin get-gedə
ağırlaşan xatirə yükü" haqqında
misilsiz mütaliə zövqü bəxş edən əsərdir.
Tərcüməçi zəngin fəlsəfi təfəkkürlə
yüklənmiş əsəri tərcümə edərkən,
yalnız dilin strukturunu deyil, həm də Barnsın bədii təfəkkürünü,
mürəkkəb düşüncə tərzini, onun ədəbi
potensialının ironik və mücərrəd incəliyini,
metaforik zənginliyini də ustalıqla Azərbaycan dilinə
çevirib. Beləliklə də, orijinal mətnin fəlsəfi
dərinliyini və postmodern mürəkkəbliyini qorumaqla
yanaşı, oxucunu hər bir qatında (səhifəsində)
yeni anlamların kəşfinə sövq edən bədii bir
aləm yaratmağa nail olub. "Aqibət duyğusu"nun
dilimizə tərcüməsində orijinal mətnin mənəvi
və fəlsəfi dərinliyini itirmədən, müxtəlif
ədəbi və dil səviyyələrini ustalıqla birləşdirilərək
əsərin intellektual yükü, duyğu tonu olduğu kimi
qorunub. Seyfəddin Hüseynli burada yalnız mətnin bədii-mənəvi
zənginliyini deyil, həm də Barnsın ədəbi
ustalığının incəliklərini Azərbaycan dilində
peşəkarlıqla "orijinal ritmlə təkrarlamağı"
bacarıb və tərcüməni həm fəlsəfi dərinlik,
həm də ədəbi incəliklə zənginləşdirərək,
iki fərqli dilin və düşüncə tərzinin
harmoniya içində təmasını təmin edib.
İnsanın keçmişlə, xatirələrlə və
həyatın mənası ilə qurduğu mürəkkəb
əlaqələri dərindən araşdıran, postmodern
estetikaya söykənən fəlsəfi-psixoloji bir əsər
yazmış Barns, zamanın gətirdiyi qırılmaları
təsvir edərək oxucunu insanın yaddaş təcrübəsinin
çoxqatlılığında səyahətə
çıxarır, hər kəsin öz aqibətini necə
formalaşdırdığına dair dərin bir
düşüncəyə dəvət edir.
Romanda xatirələrin qaranlıq kölgələrində
gizlənən anlamlar və süjetin qeyri-müəyyənliyi,
reallıq və xəyali olan arasındakı sərhədlərin
silinməsi ilə bir növ metafizik axtarışa
çevrilir. Və Seyfəddin Hüseynli bütün
bunları özündə ehtiva edən mətnin orijinal
ruhunu, doğma iqlimini qoruyaraq Culian Barnsın şah əsəri
sayılan romanı Azərbaycan oxucusuna həm bədii-estetik,
həm də intellektual ustalıqla təqdim edib...
Məxsusi zövqlə ərsəyə gətirilən
zəngin bədii tərcümə kolleksiyası
Seyfəddin Hüseynlinin həm ədəbiyyatşünas,
həm də redaktor kimi peşəkar mütəxəssis
olması çətin tərcümə prosesində
özünə qarşı son dərəcə tələbkar
və perfektsionist yanaşmasına zəmin yaradıb. Mətnləri
oxuduqca intuitiv hiss edirsən ki, tərcüməçi az
qala, hər bir sözün üzərində titrəyərək
tərcümənin mükəmməlliyinə diqqət
yetirib. Ümumiyyətlə, sözə dürüst, məsuliyyətli
və fədakar münasibət onun hər tərcüməsində
gözə çarpan məziyyətdir: bu fəaliyyət
yalnız dilin deyil, həm də mədəniyyətlərarası
əlaqələrin anlaşılıb
çatdırılmasına xidmət edir. Orijinal mətnin
ruhuna sadiq qalma prinsipi və doğma dildə mükəmməl
təqdimat bədii tərcümənin əvəzolunmaz
nümunələri kimi qarşımıza çıxır.
"Tərcümə təcrübələri"
dünya ədəbiyyatından mövzu və ədəbi
estetika baxımdan məxsusi həssaslıqla, zövqlə
seçilib dilimizə çevrilən hekayələr, esselər
və ədəbi söhbətlərdən ibarət zəngin
bədii tərcümə kolleksiyasıdır. Bu tərcümələr
yalnız fərqli mədəniyyətlərin və
ideologiyaların bədii dillə tərcüməsi deyil, həm
də insanların psixologiyasını, həyatını, cəmiyyətə
münasibətini müxtəlif baxış bucaqlarından təsvir
edən çoxsahəli oturuşmuş bir təcrübədir.
Bu kitab tərcümə prosesini yalnız bir dilin
materialının başqa bir dilə ötürülməsi
şəklində yox, daha dərindən, mədəniyyətlərarası
əlaqələr, fərqli dövrlərin və estetik
baxışların qarşılıqlı təsiri kimi təqdim
edir. Əsərin nəinki hər səhifəsi, bəzən
hər bir cümləsi belə tərcümə prosesindəki
zəhməti xatırladaraq, eyni zamanda bədii dilin incəliklərinə
və insanın düşüncə dünyasının dərinliklərinə
səyahət etməyə imkan verir. Bu mətnlər sadəcə,
dilin deyil, eyni zamanda fərqli zaman və məkanların, dəyişkən
insan psixologiyalarının, müxtəlif mədəniyyətlərin
tərcüməsidir.
Kitabdakı hər bir mətn ölkə, müəllif,
mövzu və üslub baxımından fərqli
yanaşmaları əks etdirir. Tərcümə prosesinə
müstəsna həssaslıqla
yanaşıldığındandır ki, yalnız
yazıçıların ədəbi yaradıcılıq aləminə
deyil, onların şəxsi dünyalarına da pəncərə
açılıb.
Seyfəddin Hüseynli bu kitab vasitəsilə Azərbaycan
oxucusuna dünya ədəbiyyatının hüdudsuz ədəbi,
bədii, psixoloji üfüqlərini tanıdır və o
hüdudların ötəsinə körpü salır...
Kitabı istər oxucu kimi hər şeyi unudub
mütaliə edəndə də, istər filoloq kimi cümlələrin,
sözlərin arasında didinib dərinliklərinə varanda
bir daha əmin olursan ki, mübaliğəsiz, tərcümələrdəki
dilə, üsluba və peşəkarlığa söz ola
bilməz. Hekayədən-hekayəyə adladıqca, essedən-esseyə
keçdikcə, sanki ölkə-ölkə gəzirsən.
Amma bu, elə belə, məcburi bələdçi ardına
düşüb gedilən bir səyahət deyil, sanki hər
yeni ölkənin parıldayan paytaxtını da, gecəqondu
məhəllələrinin boz üzünü də bədii
sözün gücüylə "görüb"
keçirsən: hər ölkədən qiymətli nəsə
əldə edərək, "damaq zövqü"ndə bir
fərqli tam - dad, qəlbində bir başqa zövq, ruhunda bir
ayrı hissiyyatla əsl bədii söz bayramı
yaşayırsan...
Həyata, insana, ədəbiyyata, incəsənətə
münasibətdə maraqlı yanaşmaları, müxtəlif
tarixi, mədəni, ictimai məsələləri öz dilinə
hər baxımdan uyğunlaşdırmaq, xüsusilə də,
bədii tərcümə prosesində hər zaman ən
çətin məqamlardır. Seyfəddin Hüseynli məhz
bu çətinliyin öhdəsindən gələrək, hər
bir mətnin tərcüməsinə (hiss olunur ki, elə
redaktəsinə də) az qala, bir sənət əsəri
kimi yanaşaraq, həm dilin incəliklərini, həm də cəmiyyətin
içindəki sosial-siyasi dinamikanı nəzərə
alıb. Redaktə demişkən, kitabın redaktoru Südabə
Ağabalayevanın, korrektoru Gülzar Səfərovanın da
nəşrə son dərəcə məsuliyyətli
yanaşmasındandır ki, ən tələbkar oxucunun da
qarşısına filoloji-qrammatik cəhətdən "tərtəmiz"
şəkildə çıxması təmin edilib.
Fərqli bədii-estetik təmayüllərin ahəngdar
təqdimatı...
Kitab fərqli dövrlərin və istiqamətlərin
bədii dillərini, poetik xüsusiyyətlərini əks etdirir.
Modernizmdən-postmodernizmə, ekspressionizmdən-realizmə və
absurdizmə qədər - tərcümə zamanı diqqətəlayiq
xüsusiyyətlərdən biri və birincisi, Seyfəddin
Hüseynlinin orijinaldakı özünəməxsus dil və
üslub istifadəsini qoruyub saxlamaqla, eyni zamanda doğma
dilimizin ədəbi imkanlarından səxavətlə, amma məsuliyyət
hissini unutmadan istifadə etməsidir. O, hər bir cərəyanın
tərcüməsini mümkün qədər orijinal ruhda
qorumağa çalışıb, amma eyni zamanda həmin cərəyanın
özündəki bədii-estetik təmayülü də
dilimizin doğma ahəngi ilə oxucuya
çatdırmağı bacarıb.
Seyfəddin Hüseynli tərcümə prosesinə həm
bədii, həm də psixoloji və fəlsəfi aspektdən
yanaşaraq oxucunu dünyaya fərqli bir pəncərədən
baxmağa dəvət edir, beləliklə, mütərcim təkcə
"Tərcümə təcrübələri"ni deyil,
özünün yüksək ədəbi zövq
anlayışını da oxucularla comərdliklə
bölüşür. Bu tərcümələr həm də
mədəniyyətlərarası əlaqələrin daha
sağlam qurulması üçün dayanıqlı
körpülərdir. Sözügedən kitab hər bir ədəbiyyatsevər
üçün yalnız bir mütaliə vasitə-təcrübəsi
deyil, həm də ədəbiyyat və tərcümə
haqqında yeni düşüncə tərzinin
formalaşmasına yol açan qiymətli nəşrdir.
"Tərcümə təcrübələri" -
bədii tərcümə sənətinin yalnız dil zəminində
ötürülməsi deyil, həm də mədəniyyətlərarası
düşüncə və incəsənət mübadiləsinin
təcəssümüdür. Seyfəddin Hüseynli tərcümə
təcrübələri ilə oxucuya yalnız müəllifin
ədəbi potensialını tanıtmayıb, həm də hər
bir əsərin daxilindəki psixoloji, fəlsəfi və
estetik qatları da təqdim edə bilib.
Tərcüməçi bu əsərləri
yalnız konkret cəmiyyətin tələblərinə
uyğunlaşdırmaqla kifayətlənmir, həm də sənətin
estetik funksiyasını qorumağa çalışır.
Kitabdakı hekayələr, esselər və ədəbi
söhbətlər, insanın həyatı anlamağa
çalışarkən üzləşdiyi paradoksları,
çətinlikləri ön plana çıxarır. Bu tərcümələrdə
yalnız yazıçının şəxsi
baxışları deyil, həm də həmin dövrün
sosial-siyasi şəraiti də aydın nəzərə
çarpır. Hekayələr, esselər və ədəbi
söhbətlər hər bir dövrün ideoloji təsirlərini
və onların bədii dildə necə əks olunduğunu
göstərir.
"Tərcümə təcrübələri"
sanballı müəlliflərə xitab etməsi ilə həm
də gələcəyin ədəbiyyatının tərcüməsidir.
Bu əsərlər bədii tərcümənin insan həyatını,
düşüncəsini və
dünyagörüşünü necə dəyişdirdiyini,
necə bir sənət formasına çevrildiyini də
göstərir. Seyfəddin Hüseynli hər bir əsərlə
yalnız mədəniyyətlərarası əlaqə
qurmaqla kifayətlənmir, həm də ədəbiyyatın
saflaşdırıcı gücünə, əsl söz sənətinin
gələcəyinə olan inamı oxucuya ötürür...
Doğma dil kontekstində "sərhədləri
aşan" mozaik prozaika
"Tərcümə təcrübələri"nin
"Hekayələr" bölümü kitabın
böyük hissəsini təşkil edir: burada yer alan tərcümələr
öz orijinal mahiyyətlərini tam mənada saxlayaraq və
eyni zamanda doğma dil kontekstində dərin bir təsir
yaratmaqla "sərhədləri aşır".
Kitabın ilk səhifələrindən mütərcim
Beat cərəyanının inkarçı ədəbi
bütü sayılan Riçard Brotiqanın "Birinci
Dünya müharibəsi... "Los Anceles" təyyarəsi"
və "Qocalar avtobusu" hekayələrini təqdim edərək,
ənənəvi mənada deyil, sayğılı metaforik
anlamda "Amerika açıb". İndiyədək
Riçard Brotiqanın "Qarpız şəkərində"
əsərini türk dilində oxumuşdum, orada
yazıçının absurd distopiyasından sonra, indi də
bu hekayələrdə konkret hadisələrdən daha
çox, onların yaratdığı atmosferə və
duyğulara fokuslayan bəzən şairanə, hərdən də
minimalist müəllif təhkiyəsinə yenidən heyran
qaldım: "...Hamımız naqolay narahat durumdaydıq. Bu
necə olmuşdu? Niyə biz qəflətən qəddar
taleyin əlində oyuncağa çevrilmişdik, niyə
bir-birimizdən gözümüzü çəkə
bilmirdik?.." Təbii ki, bu təhkiyənin dilimizə
yüksək səviyyədə "transfer"ində tərcüməçinin
müstəsna məsuliyyətli, yaradıcı və peşəkar
yanaşmasını da yenidən xatırla(t)maq yerinə
düşərdi. Bu xatırlatdığım məqam
sonunacan kitabın ruhuna hakimdir. Mütaliə zamanı hər
mətndən zövq aldıqca kitabda üç hekayəsi
ilə yer alan Çexiya yazıçısı İvan Kraus
kimi hər kəsə demək istəyirdim ki: "Oxuyun, ay
millət!" Yazıçının eyniadlı hekayəsində
və eynən bizdə keçirilən kitab təqdimatlarını
"bəzəyən" maraqlı tipajlarla zəngin "Təqdimat
mərasimi" əsərində yumorun ironiyaya, bəzən
sarkazmın da bunların hər ikisinə qarışıb
insanı güldürən və düşündürən
ab-havası var. Bu ab-havadan söz düşmüşkən,
qeyd eləmək istərdim ki, ümumiyyətlə "Tərcümə
təcrübələri" kitabının, demək olar ki,
bütün ruhuna intellektual yumorun və ironiyanın hər
tonu hopub... Haradasa oxucu intuisiyası ilə hiss edirəm ki,
Seyfəddin Hüseynli sanki məhz o tonların ədəbi
ifadəsinin öz əksini tapdığı mətnlərin
tərcüməsinə daha meyillidir və tərcümə
seçiciliyində mütləq bu xüsusiyyəti də nəzərə
alır...
Və bu intellektual, sarkastik mühitdən tərcüməçi
sanki oxucunun diqqətini götürüb qəfildən əski
Çin nəsrinə doğru qanadlandırır. Qədim
dövrün (I-X yüzilliklər arasında
yaşamış) Çin ədibləri Li Fu-Yanın
"Qabaqcadan bilinən evlilik"dəki fatalizm
inancını sorğuladıqdan sonra, Xuanfu Şinin "Səfehlər
kəndi"nə düşürük - həm də doyunca
güldürən "Alt çənə əhvalatı"
ilə...
"Əcnəbilərin niyə sevilmədiyini"
isə İngiltərə yazıçısı Cerom Klapka
Ceromun ingilislərə məxsus özünükiçiltmə
(self-deprecating) yumoru ilə yazdığı hekayəsindən
anlamaq olar...
Kitabda hekayələri verilən italyan nəsrinin
üç usta ismi - İtalo Kalvino, Luici Pirandello və Canni
Rodarinin fərqli üslublarda yazdıqları, amma ümumilikdə
absurdizm, cəmiyyət və fərdin qarşıdurması
fonunda daxili ziddiyyətləri təsvir edən hekayələri
bədii ədəbiyyatda psixoloji və paradoksal dərinlik həvəskarlarının
doyunca zövq alacağı qəbildəndir. Bu
üçünün arasından sevimli yazıçım isə
daha çox Luici Pirandellodur, çünki: "Bəzi
öhdəliklər" mütləq olmalıdır,
labüddür bu. Olmasa yaxşıydı, ancaq var bunlar".
Və ardınca da "Qatar fit verdi" - belə
"fit"lər bizi "miskin məişətdən,
çəkdiyimiz əzab-əziyyətdən qoparmaq"
üçündür...
Yer üzündə göz işlədikcə uzanan
ucsuz-bucaqsız əraziyə malik Rusiya, bu kitabın da
böyük hissəsini - doğulduğum yerləri andıran
doğma təhkiyə ilə yazmış - bir çox ədibin
hekayə və esseləri ilə, sözün yaxşı mənasında,
"zəbt" edib: Mixail Bulqakov, Fazil İskəndər,
Sergey Lukyanenko, Yuri Mamleyev, Oleq Pavlov, Zaxar Prilepin, Roman
Sençin, Aleksey Varlamov, Gözəl Yaxina, Mixail Yelizarov,
Mixail Zoşşenko, Dmitri Merejkovski, Aleksandr Soljenitsın,
Vladimir Krupin, İqor Yevdokimov və Larisa Obaniçeva... Fərqli
ədəbi cərəyanların təmsilçiləri
olsalar da, ümumiləşdirici yanaşsaq, bu
yazıçılar həm fərdi, həm də sosial təcrübələrinə
söykənərək əsərlərində müxtəlif
dövrlərin və şəraitin təsirini, insanın
daxili dünyasını, mənəvi və fəlsəfi
dilemmasını dərin şəkildə qələmə
alıblar. Əslində könül istərdi ki, kitabda yer
alan hər bir əsərin bədii-fəlsəfi məziyyətləri
və ədəbi tərcümə keyfiyyəti haqqında
ayrıca fikir bildirəsən, amma bu, elə ən azı
"Tərcümə təcrübələri" həcmində
bir kitab demək olardı. Ona görə də oxuculara
kitabı bütünlüklə oxumağı tövsiyə
edib sadəcə, konkret qısa misallarla aldığım
mütaliə zövqünün təfərrüatlarını
da dardoymaz anlada bilirəm.
Təfsilatlı, təsirli təsvirlər və təfsirlər
Mixail Yelizarovun "başmetsifət"
"Maşa"sı haqqında isə ayrıca yazmaqdan
özümü saxlaya bilmədim. Evli-uşaqlı kişinin
sevgilisindən ayrılandan sonra çəkdiyi ironik eşq
acısı fonunda həyatındakı o boşluğa girməyə
icazə verdiyi, "təsəlli payı"
adlandırdığı fırıldaqçı, manipulyator
Maşa haqqında yazılan bu hekayədə pelevinvari bir hava
da əsir sanki. Yelizarovun özünəməxsus zəngin dil
oyunları, həmçinin "estetik" biədəb ifadələri,
göndərmələri və qara yumoru da öz yerində...
Ayrılıq acısını belə fizioloji proseslərin
vasitəsilə bədii şəkildə işləyən
yazıçının qəhrəmanı
yağışdan çıxıb yağmura
düşür. "Sarışın pupida"sının
yerini həm emosional, həm də, psixoloji cəhətdən,
əsərin qəhrəmanı üçün çətin
bir sınağa çevrilən Maşa tutur. Müvəqqəti
də olsa. Ehtimal ki, bu hekayə tərcüməçinin təkcə
bədii tərcümə baxımından deyil, həm də
müəllifin çoxsaylı, rəngarəng göndərmələrinə
dair (Çexovdan başlamış, slavyan, yunan
mifologiyasına, Merilin Monronun məşhur mahnısından
Korney Çukovskinin məşhur "Aybolit"inə, rus
folklorundan fin rəqsinə, Qusar balladasınacan...) təfsilatlı
təfsirinə görə, üzərində ən çox
işlədiyi, zəhmət çəkdiyi əsərlərdəndir.
Bununla da Seyfəddin Hüseynli sanki oxucunu müasir rus nəsrinin
bu ziddiyyətli, maraqlı və intellektual prozasına
"hazırlıqlı vəziyyətə gətirir". Və
təkcə bu hekayədə deyil...
...Kitabda yer alan yeganə Suriya yazıçısı
İbrahim Samuelin "Öhö-öhö" hekayəsini
oxuyanda sarsıldım. Təxmin edin: hekayədə nədən
söz açılır? Həbsxana dəhşətlərindən!
Tərcüməçinin sanki xüsusi intuitiv ədəbi,
həm də tarixi bəsirətlə müraciət edib illər
öncə dilimizə çevirdiyi bu hekayənin məzmunu
indi daha da aktualdır. Hekayəni oxumağımdan bir neçə
gün sonra ortalıqdan yox olan Suriya diktatoru Bəşər
Əsədin ağlagəlməz edam və işgəncələrinin
yeraltı "dünya"sından - Sednaya həbsxanasının
varlığından dünya ictimaiyyəti böyük
üzüntüylə xəbər tutdu... İnsanları
canlı-canlı presləyən alətlərin göstərildiyi
tükürpədən kadrları televiziyada izləyəndə
İbrahim Samuelin hekayəsinin son cümlələrini - qorxunc
həyatın ədəbiyyatdakı uğurlu bədii təsvirini
bütün sarsıdıcı və qorxunc təsiri ilə
yenidən xatırladım: "Elə bil yuxarıdan nəhəng
bir qapaq düşdü, altında qaldım: kamerama burum-burum
sızan işıq qeybə çəkildi. Zindan buz kimi soyuq
vücudumun üstünə örtdü
divarlarını..."
Türkiyə yazıçılarının bu kitabda
mütaliə zövqümüzü artıran hekayələri
və esseləri də çox dəyərli ədəbi
örnəklərdir. Xüsusilə də, Ercan Kesalın
melanxolik türk filmləri ruhunu ehtiva edən, qorxuları ilə
üzləşməyə çəkinən insanların
psixoloji yaşantılarını anladan "Qorxma, burax əllərimi..."
hekayəsi və Semih Gümüşün söz(l)ə
işləyənlərin hərtərəfli
müşküllərindən bəhs edən "Redaktorluq qəliz
peşədir" essesi...
Ən sevdiyim janr olan esselər haqqında
danışarkən, Aleksandr Soljenitsın, Tomas Bernhard, Kurt
Vonnequt, Mario Varqas Lyosa, Mario Benedettinin "Tərcümə təcrübələri"ndəki
ayrıca "Esselər" bölməsində təqdim edilən
qiymətli əsərlərini xüsusilə vurğulamaq
olar. Uğurlu tərcümə ilə dilimizə bəxş
edilən bu esse örnəklərini, yazmaqdan və oxumaqdan
zövq alanlar üçün, dil, üslubiyyat, mövzu
baxımından ədəbi məktəb rolunu oynayan nümunələr
hesab etmək olar.
Kitabın "Söhbətlər"
bölümündə Mario Varqas Lyosa ilə Qabriel Qarsia Markesin
roman haqqında söhbəti, israilli yazıçı Edqar
Keret, macarıstanlı ədib İmre Kertes, türkiyəli
yazıçı İskəndər Palanın müxtəlif
vaxtlarda verdikləri müsahibələr bədii təfəkkürün
daha rahat və informativ bir şəkildə oxucuya
çatdırılmasına imkan verir. Bu söhbətlər ədəbiyyatın
gələcəyi, sənətin rolu və
yazıçıların cəmiyyətdəki mövqeyi ilə
bağlı oxucunu dərindən düşünməyə dəvət
edir.
"Tərcümə təcrübələri"nin
dil və ifadə zənginliyi baxımından da oxucu rəğbətini
qazanacağını düşünürəm. Seyfəddin
Hüseynli tərcümə zamanı orijinal mətni
naşı tərzdə "azərbaycanlılaşdırmadan"
(bizim bədii tərcümə sahəsində bu lüzumsuz
tendensiyaya da çox rast gəlinir), amma Azərbaycan dilinin
mümkün metaforik qatlarından, çoxçalarlı təsvir-ifadə
üsullarından, frazeoloji birləşmələrdən,
idiomatik vahidlərdən, bəzən hafizəmizin qaranlıq
küncündə gizlənən, lakin tərcüməçinin
ustalığı ilə yaddaşımızdan boy göstərən
sözlərdən yerində istifadə edərək (naqolay;
çovumaq; ələngə; səydərəş; ötərgi;
ciyərparam; pasternaksayağı döy-sındır;
hönkürtüqarışıq cikkə; durduğu yerdə
uçalanmaq, "qırdıqaçdı naşirlik" və
s.) xarici müəllifləri azərbaycanlı oxucuya daha da
doğmalaşdırıb. Amma yerbəyer: şəhərə
xas, urbanistik düşüncəli nəsri öz dilində,
kənddən bəhs edən, hardasa idillik məzmunlu nəsri
də məxsusi ifadə vahidlərilə.
...Kitabda Mario Varqas Lyosa ilə Latın Amerikasında
roman mövzusunda söhbəti verilmiş Qabriel Qarsia Markes
deyir: "Mənim aləmimdə, istənilən böyük
ədəbiyyat nümunəsi konkret gerçəkliyə əsaslanmalıdır..."
Sonda, dahi Markesin bu cümləsinə söykənərək,
demək istədiyim yekun fikir budur ki, "Tərcümə təcrübələri"
bütövlükdə - istər müraciət edilən
müəlliflər və mövzular baxımından, istərsə
də bədii tərcümənin uğurlu ifadəsi aspektindən
- həm konkret gerçəkliyə əsaslanan, həm də
onu böyük ustalıqla təcəssüm etdirən əsl
ədəbiyyat hadisəsidir.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2024.- 28 dekabr(№240).-S.18-19