"Sevdiyim sənət mənə
xoşbəxtlik gətirib"
Aktyor Sənan Kazımov: "İşimi zövqlə,
sevərək görürəmsə, qazancım da bərəkətlı
olur"
Müsahibimiz "Soyuq günəş" filminin Yarmədi
- gənc aktyor Sənan Kazımovdur. O,
"Şelkunçik",
"Şeyx Sənan", "Müsyö Jordan və Dərviş
Məstəli şah", "Tanrıya 14 məktub",
"Dəli yığıncağı", "Hərə
bir qəhrəman oldu", "Teleskop", "Hamlet",
"Otello" və Şuşada keçirilən Vaqif Poeziya
Günləri üçün Nicat Kazımovun quruluş
verdiyi "Əsrlərin sədası"
kimi tamaşalarda uğurla çıxış edib.
- Sənan bəy, uşaq yaşlarından
teatrdasınız. İlk dəfə səhnəyə,
tamaşaçı qarşısına çıxanda
hansı hissləri yaşadınız? Aktyor övladı
olmağınız sizdə arxayınlıq, özünəinam
hissi yaratmışdımı?
- Mən o yaşda arxayınlıq, özünəinam
hissini dərk edə bilmirdim. Çünki ilk dəfə səhnəyə
çıxanda 9-10 yaşım olardı. O zaman daha çox həyəcan
hissi var idi. Çünki zaldan oturub baxdığım səhnədə
indi mən özüm oynayırdım. Təbii ki, uşaq
vaxtı bunu o qədər də anlamırdım. Yəni mənə
daha çox oyun kimi gəlirdi. "Çıx, sənə
verilmiş mətni öyrən, rolunu oyna" - bitdi. Amma mənim
üçün çox maraqlı idi. Bir dəfə
tamaşada deyəcəyim söz yadımdan
çıxmışdı. İlk tamaşam idi. Cəlil Məmmədquluzadənin
"Danabaş kəndinin əhvalatları" əsəri əsasında
hazırlanan "Məkkəyə gedən yol"
tamaşasında Əhməd obrazını
canlandırmışdım və ilk baş rolum oldu bu.
Yadımdadır, Nofəl Vəliyev və Gülər
xanımı 2 dəqiqə səhnədə gözlətdim.
Onlar da dayanmadan replikaları deyirlər, göz-qaş edirlər
ki, qorxma, çıx. Mən də uşağam. Qorxuram ki,
çıxıb sözləri səhv deyərəm. Nəhayət,
güc-bəla ilə məni səhnəyə gətirə
bildilər. Sonralar, yaşım artdıqca vəziyyət
yaxşıya doğru dəyişdi.
- Necə oldu ki, Xalq artisti Cənnət Səlimovanın
inamını qazandınız və o yaşınızda sizə
baş rol verdi?
- İncəsənət aləmində belə bir hal
var ki, əgər atan, ya da anan incəsənət
adamıdırsa, sənin də qabında mütləq nəsə
olmalıdır. Ona görə Cənnət xanım da,
qıraqdan uşaq gətirmək əvəzinə, baş
rolu mənə verdi. Çünki yad uşağı səhnəyə
çıxarmaq risk idi. Mənim isə həm atam, həm
xalam bu sənətdədirlər və tanınırlar. Buna
görə doğru seçim mən sayılmışam.
- "Şelkunçik" tamaşasında birdən
çox rolda çıxış etmək balaca Sənana
çətin olmurdu?
- Həmin tamaşada rolların bir qismi sözsüz,
kütləvi səhnələrdə idi. Orada 5-6 nəfər
uşaq da var idi. Tez paltarlarımızı dəyişib səhnəyə
qaçmalıydıq. Əynimizi dəyişəndə
çox çətinlik çəkirdim. Sözsüz rol
oynamaq çox çətindi. Biz uşaq idik deyə daha
çox əylənirdik. "Şelkunçik" mənim
xatirimdə çox gözəl tamaşa kimi qalıb. Hər
dəfə ortaya o cür uşaq tamaşaları
çıxmır. Ümumiyyətlə,
"Şelkunçik" çox uğurlu əsərdir. Səhnə
tərtibatı, geyimlər, aktyorlar çox uğurlu şəkildə
seçilmişdi. Uşaq tamaşası olmağına
baxmayaraq, bizim truppanın yarısı iştirak edirdi. Amma
"Məkkəyə gedən yol" tamaşasında mən
tək idim. Ümumiyyətlə, teatr həyatı
uşaqlıqdan mənim üçün çox maraqlı,
sehrli keçib.
- Uzun müddət Nicat Kazımovun oğlu
olduğunuzu gizlətmisiniz. Sizi buna nə məcbur edirdi?
- Mən uşaqlıqdan öz hesabıma edə biləcəyim
bir işi kiminsə köməkliyi ilə etməyə
razı olmamışam. Əgər özüm edə bilirəmsə,
edəcəm, yox, əgər edə bilmirəmsə, o iş
ümumiyyətlə, baş tutmayacaq. Mən uşaqlıqdan
belə öyrənmişəm. Sənətdə atamın dəstəyini
ona görə istəmədim ki, nə qədər
istedadlı oluramsa, olum, əgər başlanğıcda
atamın köməkliyindən, onun adından istifadə eləmişəmsə,
bu, ömürlük məni izləyəcək. Deyəcəklər,
Nicat Kazımovun oğludur deyə qabağa gedir, tamaşalarda
oynayır, onun oğludur deyə seriallara çəkilir. Deyənlər
də var və həmişə olacaq. Bu, qaçılmaz bir
şeydir. İnsan xislətidir və onu dəyişmək
mümkün deyil. Amma bacardığım qədər bu sənətdə
öz hesabıma irəliləmək istəyirəm. "Gənc
Tamaşaçılar" uşaqlıqdan işlədiyim
teatrdır. 40 günlüyümdən teatrdayam. Camaat o
vaxtı uşağını qohumlarına belə göstərmir,
amma mən Milli Dram Teatrında, "Gənc
Tamaşaçılar"daydım. Çünki hamı
işdə olurdu, mən də qalırdım ortalıqda.
Üçüncü kursda oxuyanda teatrda kastinq keçirildi və
həmin kastinqdən uğurla keçdim. Bizim
üçün studiya yaradıldı, 6-7 nəfər idik.
Onlardan təkcə mən, Nurlan Süleymanlı, Hilal Dəmir
qaldıq. Əvvəlcə yarım ştatla, daha sonra praktika
keçə-keçə tam ştatla işə
götürdülər. Yəni istəsəydim, vaxtında
atamın adından istifadəylə çox şey əldə
edə bilərdim. Amma bunu istəmədim. Qoy Nicat Kazımovun
oğlu Sənan Kazımov yox, Sənan Kazımovun atası
Nicat Kazımov desinlər.
- Amma Cənnət Səlimova atanıza görə sizə
baş rol verib...
- O, uşaq vaxtı olan bir iş idi. Bilirsiniz, incəsənət
adamları insanların gözünə baxanda bilirlər ki,
qarşısındakı kimdir, necədir. İşimiz
psixoloqluğa çox yaxındır. Tamaşalarda, filmlərdə,
seriallarda o qədər obraz, xarakter görürük ki, insan
sərrafına çevrilirik. Yəqin Cənnət xanım
da illərin rejissoru olduğuna görə məndə nəsə
görüb, hiss edib. Artıq yeniyetməlik dövrünə
gələndə mən qərar verməli idim ki, hansı
yolu seçəcəm, hansı peşəyə yiyələnəcəm.
Çünki ömrümün yarıdan çoxunu həmin
peşə tutacaq. Seçdiyin iş sevdiyin iş
olmalıdır. İşi pula görə seçmək
lazım deyil. Düzdür, yaxşı evin, imkanın ola, ailən
yaxşı şəraitdə yaşaya bilər, amma işini
sevməsən, yavaş-yavaş səni depressiyaya gətirib
çıxara bilər bu. Vaxt olub ki, mən çox cüzi
maaşa işləmişəm, maddi cəhətdən
çətin günlərim olub, amma sevdiyim sənətlə
məşğul olmağım mənə xoşbəxtlik gətirib.
Qəpiyi qəpiyin üstünə qoyub bir ay
dolanırdım. İşləməyə başlayandan ailəmdən
maddi dəstək almaqdan imtina etmişəm. Əgər
işimi zövqlə, sevərək görürəmsə,
qazancım da bərəkətli olur. Çünki neqativə
köklənmirəm, hər zaman müsbət
düşünürəm.
- "Soyuq günəş" filmindən sonra həyatınızda
nələr dəyişdi?
- Kino sektorunda fəaliyyətim az olub. Bu sahədə
debüt işim "Soyuq günəş" filmidir. Mənə
baş rol təklifi gələndə, nə yalan deyim, bir az həyəcanlandım.
Çünki onda hələ teatrda işləmirdim, 3-cü
kursda oxuyurdum. Təklif gələndən bir-iki həftə
sonra teatrda işə başladım. Bu, ləzgilər
haqqında çəkilmiş ilk film idi. Belə bir film
çəkilir və baş rolu Sənan Kazımov oynayır!
Bu, artıq, tarix kitabına düşəcək hadisədir.
Təəssüflər olsun ki, filmin kinoteatrda təqdimatına
6 gün qalmış ölkədə karantin elan olundu. Film
bir ildən sonra, dekabr ayında, ləzgi dilində, yutuba yerləşdirildi.
Növbəti ilin mart-aprel aylarında Azərbaycan dilində
qoyuldu və bir müddət sonra "partlayış
etdi". Artıq filmin üç dildə - ana dilimizdə,
rusca və ləzgicə 17-18 milyon izlənməsi var. Bu, bizim
kino statistikasında çox yüksək göstəricidir.
Ölkədə ən çox izlənən filmdir. "Soyuq
günəş" mənə çox məşhurluq gətirdi.
Ondan əvvəl də film və seriallarda rol
almışdım. Müəyyən qədər tanınırdım,
amma bu filmdən sonra daha çox tanınmağa
başladım. Sosial şəbəkələrdə mesajlar
alırdım. Bəziləri yazırdılar ki, ailəm
sevdiyim insanla evlənməyimə razı deyildi, amma o filmə
baxandan sonra fikirləri dəyişdi. Bu, məni çox
sevindirirdi. Demək ki, bunu təkcə film adına çəkməmişik,
insanlara bir mesaj ötürə bilmişik. Mən elə
geridönüşlər alandan sonra başa düşdüm
ki, missiyamızı tamamladıq. Əsas məqsədimiz
insanlara nəsə ötürməkdir. Biz sanki bir
güzgü rolunu oynayırıq. İnsanlar bizə baxanda
özlərini görməlidirlər.
- Bir çox gənc müəyyən qədər
uğur əldə etdikdən sonra daha da inkişaf
üçün xaricə gedir, fəaliyyətini orada davam
etdirməyi planlaşdırır. Siz bu barədə nə
düşünürsünüz?
- Mənə də böyüklərim çox vaxt
deyirlər ki, xaricə niyə getmirsən, orda daha çox
inkişaf edə bilərsən. Deyirəm ki, niyə öz
ölkəmdə birinci olmağı qoyub, xaricdə onuncu
olmağa qaçım?! Elə burda birinci olum, öz ölkəm
üçün nəsə edim. Xaricə gedənlərin əli
bala batıb? Sıfırdan gedənləri yox, universiteti
bitirib gedənləri deyirəm. Götürək elə ən
yaxına - Türkiyəyə gedənləri. Hansı biri
uğur qazanıb? Mən bir nəfərin belə
adını çəkə bilmərəm ki, filankəs
getdi, orda uğur, ad-san qazandı. Elə şey yoxdur. Niyə
öz millətimin aktyoru qala-qala, başqa millətin aktyorunu gətirim
filmimdə rol verim? Ola bilər ki, mənim baş qəhrəmanım
xarici obraz olsun. Burda o tip birini tapa bilməsəm, məcbur
qalıb həmin millətdən bir aktyoru dəvət edərəm.
Amma əgər bu vacib deyilsə, elə öz millətimin
aktyorun çəkim də. Qazanırsa,
özümüzünkü qazansın. Mənə elə gəlir
ki, bütün millətlər belə düşünür.
İngilis öz aktyorunu qoyub, heç vaxt italyanı çəkməz.
Əgər xaricdən təklif gəlsə, gedərəm,
filmə çəkilərəm, amma sonra yenidən öz vətənimə
qayıdaram. Ömürlük çıxıb getmərəm.
Burda daha xoşbəxtəm. Həm də artıq burda öz
yerimi tutmuşam.
- Son olaraq: Mirsənan, yoxsa Sənan?
- Sənəddə Mirsənan, sənətdə Sənan.
Ləman İLKİN
525-ci qəzet .- 2024.- 28 dekabr(№240).-S.17.