SƏYYAHIN SON DAYANACAĞI
...Qoca Sədi Şirazi sonra yeddi əsr dizlər
üstündə olacaq, neçə nəsil uşaqların
mədrəsə, böyüklərin həyat dərsliyinə
çevriləcək kitabına "Gülüstan"
adı vermişdi. Halbuki o kitabda gül-çiçək,
bağ-bağça söhbəti getmirdi. Digər məşhur
kitabına da elə təqribən bənzər ad verdi:
"Bustan".
Hacı Zeynalabdin Şirvaninin də məşhur
üçlüyünün hər birinin adı eyni ahəngə
köklənib."Riyaz üs-siyahə" də, "Hədaiq
üs-siyahə" də, "Bustan us-siyahə" də
üç fərqli ad olsa da, mənaları eynidir. Bu sərlövhələrdə
"səyahət" sözündən əvvəlki kəlmələrin
üçünün də mənası elə
bağ-bağça, gülüstan, çiçəklər
məskəni deməkdir. Elə həmin əsərin içərisində
də fəsillərə ad verərkən həmin xətti
davam etdirir, bölmələrə bağ-bağata uyğun
başlıqlar qoyur. Hacı Zeynalabdindən əvvəl bu
cür adlandırmalar üslubunu seçənlər də,
Şirvani özü də, ondan sonra bu təhər edənlər
də haqlı imişlər. Çünki onların
sonrakı nəsillərə töhfəsi olan əsərlərinə
heç vaxt qışı, payızı gəlməyəcək
əbədi yaz ovqatı xasdır. Həmin kitabların səhifələrindən
onların bizə söyləyişləri də, o kitablardan
səsi gələn, surəti görünən insanlar da
gülüstanları bəzəyən yaz çiçəkləri
kimi həmişə təzə, həmişə təravətlidirlər...
...Hacı Zeynalabdin Şirvanini seçdirən bir
mühüm cəhət də şövq idi. Nədən
yazır-yazsın, nədən bəhs edir-etsin, bunu ürəklə,
sevgi ilə yerinə yetrirdi.Bir şəhəri, bir qəsəbəni,
bir dağı, bir çayı, bir ormanı hansı məhəbbətlə
tərənnüm edirdisə, rastlaşdığı,
oturub-durduğu və heyran qaldığı insanları da həmin
eşqlə öyürdü.
Ondan yadigar qalan kitablarda iki coğrafiya var: bir -
yer-yurda, ayrı-ayrı məskənlərə aid təsvirlər
ki, bu, digər bəlli çoxsaylı səyahətnamələr
kimi təbiətin coğrafiyasıdır; ikincisi də - təmasda
olduğu insanların özlərinin və sözlərinin təsvirindən
ibarət ibrətli lövhələr ki, bu da artıq insan
coğrafiyasıdır. Həm də Şirvani cildlərinin
gözəlliyi bundadır ki, həmin iki coğrafiya bu
kitablarda iç-içədir, birini tamamlayaraq
dolğunlaşdırır. Onun olub-keçdiyi yerləri
nişan verərək sözlə cızdığı mənzərələr,
təbii ki, vaxt ötdükcə dəyişib, vaxtın
gedişiylə hansısa çayla quruyub, bir vaxtlar meşələr
olmuş yerdə indi səhradır, hansısa şəhər
tarix gedişində itib-batıb, hansısa kənd indi
dönüb şəhər olub. Fəqət neçə
yüzil keçsə də, bütün əlvanlığı
ilə gələcəkdəkilərə göstərməyi
arzuladığı insan mənzərələri nə təhər
var elə də qalıb. Yəni haqqında yazdığı
insanlar ömrünü yaşayıb gedib, lakin onların
müdrik deyişləri məhz Hacı Zeynalabdinin nəcib
vasitəçiliyi sayəsində indiyə yetişib, sabaha
gedir, heç vaxt da əskiləşən, nimdaşlaşan
deyil.
Günlərin birində gəlib yetişmişdi əhalisinin
yarısının fars, digər hissəsinin türk olduğu
Bədəxşana və dağlarla əhatələnmiş,
daha çox səhra və çöllüklərdən ibarət
bu diyarın xoş havası, dadlı suyu, verimli
torpağından, göyçək xanımlarından söz
açandan sonra keçirdi oralarda görüb-eşitdiyi, bəzilərilə
görüşdüyü mühüm müasirləri təqdim
etməyə. Rastlaşdığı şəxsiyyətlərdən
biri yalnız məqamca çox yüksək deyildi, elə mənəviyyatca
da zəngin idi. İlk görüşdəncə bu onun, o
bunun ürəyinə yatmışdı. Hacı Zeynalabdini heyran
qoyan kişi Bədəxşanın hakimi Şeyx Məhəmməd
Sufi idi. Şirvani mənəvi kamilliklərin məcmusu kimi
qiymətləndirdiyi Bədəxşan hakimi ilə ilk dəfə
elə şəraitdə görüşmüşdü ki, Məhəmməd
Sufinin o yerə gəlib çıxmasının özü səyyaha
xeyli təsir etmişdi. Həmin görüşün
üstündən xeyli vaxt ötəndən sonra soyumayan rəğbətlə
yazırdı ki, Bədəxşan padşahı
özünü yoxsullardan uca tutmayan sadə rəftarlı, ədalətli,
qayğıkeş, inanclı bir adamdı və sonralar da
onunla bir neçə dəfə həmsöhbət oldum.
Əlavə edirdi ki, Bədəxşan əmiri səltənətlə
təriqəti birləşdirmişdi, ona görə də
adına "Sufi" kəlməsi əlavə edilmişdi,
kasıb-kusub adamı idi, daim fəqir-füqəranın
yanında idi, onlara kömək göstərirdi, bu səbəbdən
də bütün camaat ondan razı idi.
Şirvani dəqiqləşdirir ki, bir xanəgahda gecələyirdim,
günlərin birində Bədəxşan hökmdarı
Şeyx Məhəmməd Sufi sadə adamların
toplaşdığı o yerə təşrif gətirdi,
bir-bir hamıyla mehriban ünsiyyətə başladı, bir
çoxlarına qızıl-gümüş, hədiyyələr
verdi, günəşmənzər baxışlarını mənə
yönəldərək şəfqətlə soruşdu ki, sən
hansı diyardansan, hansı gülzarın gülüsən? Mən
fağır da söylədim ki, Şirvandanam. Dübarə
soruşdu ki, Şirvanın harasından? Dedim ki, dar ul-mulk -
paytaxt Şamaxıdanam. Ardınca xəbər aldı ki,
Şamaxı hansı iqlimdədir, onu kim qurub-tikib? Cavab verdim
ki, Şamaxı beşinci iqlimdədir, tarixdə yazırlar
ki, onu Ənuşirəvan Adil qurub-tikib.
Şirvani etiraf edir ki, sifətinin ifadəsindən bu
cavablarımın hökmdarın çox xoşuna gəldiyini
hiss etdim, o səbəbdən də cəsarətlənərək
sual vermək üçün icazə istədim. O,
"Buyur" söyləyincə qayıtdım ki, mən
Şirvan vilayətindən olan sadə bir müsafirəm, siz əlahəzrət
isə Bədəxşan hökmdarısınız və istər
məqam, istər məkanca bizim aramızda təfavüt
böyükdür. Əmirin mən fəqirə meyl və məhəbbət
göstərməsinin səbəbi nədir, şəhriyarın
bu xanəgaha gəlməsinin həqiqəti nədən ibarətdir,
axı sultanla dərvişin nə əlaqəsi, vaciblə
mümkünün nə nisbəti, dərya ilə damlanın
nə işi, mən yazıqla sizin kimi hökmdarın nə
haqq-hesabı? Şəhriyar inci saçan ağzını
açdı və belə bir şahanə cavab verdi ki, bizim
aramızda yaranan əlaqə və məhəbbətə
bais olan mənəvi birliyimiz və daxili uyğunluğumuzdur.
Ariflər və hikmət sahibləri məhəbbətin səbəbini
insanlıqda görmüşlər, könüllərin
yaxınlaşması ruhi keyfiyyətlərin
uyğunlaşmasından törəyir.
Və Sultan Məhəmməd Sufi başlayır məhəbbətin
mahiyyətini, fəlsəfəsini açmağa.
On doqquzuncu yüzilin başlanğıcı idi, səyyah
Şirvaninin nə videokamerası vardı, nə səsyazanı.
Bütün bu söylənənlərə sadəcə qulaq
asaraq elə yalnız həmin anda zövq alıb keçsəydi,
bu aqilanə söyləyişlər elə həmin
zamanın içərisində də əriyib itəcəkdi.
Ancaq o danışırdı, iti hafizəli Hacı Zeynalabdin
elə həmin axşam o söylənənləri
kağıza köçürürdü və iki əngin zəka
sahibinin indi də, gələcəkdə də qiyməti
üstündə qalan bu mükaliməsi tarixləşirdi.
Bu, hökmdarın ayaqüstü söhbəti
imiş, oxuyursan (əslində Şirvaninin qeydlərini
mütaliə etdikcə həmin səsi eşidirsən də)
və bunun da fikrini edirsən ki, o insan - Sultan Məhəmməd
Sufi yetkin filosofmuş, bu çaparaq dilə gətirdikləri
də onun bədahətən yaratdığı bir eşq
risaləsi imiş.
Şirvani olmasaydı, bu "eşq risaləsi"
yazıya alınmazdı, o Bədəxşan hökmdarı
da salnamələrdə iki-üç xəsis cümləylə
xatırlanar, elə yaddaşlarda taxt-tac sahibi, buyruqlar verən
hökmdar kimi qalarmış.
Sultan Məhəmməd Sufi mətləbini
xırdalaya-xırdalaya məntiqi silsilə qurur, məhəbbəti
beş qismə ayıraraq hər birinin necəliyini
açır, ən yuxarı mərtəbədəki
eşqin İlahinin Zatı ilə bağlı olduğunu
deyir, lap son qatda duran ehtirası da "şəhvətdir"
deyə qınayanlardan fərqli olaraq, sevgi çevrəsindən
kənarda qoymur, ona da Məhəmməd Peyğəmbərin
məşhur hədisinə arxalanaraq ("Mən sizin
dünyanızdan üç şeyi sevərəm -
qadınları, gözəl ətri və gözümün
işığı namazı") qənaətbəxş
cavab verir və bir eşq mühazirəsi sayılası şərhinin
sonunda gəlib yetişir Şirvaninin sualına, anladır ki,
insanlar arasındakı ülfət mənəvi və ilahi məhəbbətin
cilvəsidir, zahirdə ünsiyyətin yaranması və
birlikdə əyləşmək batini və mənəvi
sevginin təzahürüdür. Sultan ola-ola sıradan olan
insanlarla təmasa meyil etməsinin gizlincini belə
açır ki, meyllərin və məhəbbətin həqiqəti
Allahın bəxş etdiyi mənəvi sevgidən
qaynaqlanır.
Hacı Zeynalabdin Şirvaninin "Riyaz üs-siyahə"sini,
"Hədaiq üs-siyahə"sini, "Bustan us-siyahə"sini
vərəq-vərəq çevirdikcə bir qafilə belə
dərin düşüncə adamı ilə
qarşılaşırsan, onların nəql edilən
düşüncələri aləminə düşürsən
və bir coğrafiyaşünasın əsərləri hesab
edilən bu kitabların hər birinin həm də ayrıca
MƏRİFƏTNAMƏ olduğu, fəlsəfi risalə siqləti
daşıması qənaətində sabitləşirsən.
Hacı Zeynalabdin, təfəkkürünün əhatəsi
Şeyx Məhəmməd Sufi kimi olan aqillərlə mənəvi
birliyə müdam can atdığındandır ki, özü
də məhəbbət əhlinə çevrilmişdi,
getdiyi hər yerə sevgi aparırdı, qədəm
basdığı məkanlarda da istəklə
qarşılanırdı.
...Hacı Zeynalabdin Şirvani iradəli, mətin insan
idi. Əzab-əziyyətə qatlaşmaqdan qorxan deyildi.
Söz yox, yeniyetməlik illərindən tutub getdiyi yollar da
onu bərkə-boşa öyrəncəli və hazır
etmişdi. Qırx illik səyahətləri ərzində
bolluca sıxıntılarla da, sarsıntılarla da üzləşmişdi.
Ancaq onun həyatının bir böyük faciəsi və
göynəyi əsla səngiməyən bir yarası da
vardı ki, onu qarşılaşmış
olduğubütün ağrılardan daha artıq
yandırmışdı.
Və taleyin həvalə etdiyi başlıca
missiyası ötürücülük olan Şirvani bu sirri də
özü ilə haqq dünyasına aparmayıb, onu da
bölüşüb gedib.
Xəbər yetirir ki, 1241-ci ildə (miladi tarixlə
1825-də) Şirazdan Kərbəlaya gedirdim. Qumşə
şəhərinə gəlib çatanda oranın hakimi Məmmədqasım
Süleyman oğlu Qacar mənə olmazın zülm etdi,
bütün varımı-yoxumu, əmlakımı əlimdən
almaqla ürəyi soyumadı. Əhl i-əyalımı və
mənimlə oturub-durmuş bütün insanları həbsə
atdırdı. Ancaq bunlarla da sakitləşmədi. Mənim 25
illik zəhmətimi puça döndərdi. 25 il ərzində
apardığım bütün qeydlərin
toplandığı vərəqlərin hamısını
yandırtdı.
Təsəvvür edirsinizmi bu dərdin
böyüklüyünü?
Hacı Zeynalabdin Şirvaninin hafizəsi qüvvətli
idi, bu, öz yerində. Ancaq əvvələn, hər şeyi
yaddaşın fəal qatında saxlamaq olmur və sanki insan
özündən asılı olmayan bir fəhmlə
düşüncəsindəki müəyyən adları,
hadisələri, təfərrüatları nisbətən arxa
sıraya çəkməklə beynin yükünü
azaldır, qafasındakı ilahidən ona qismət yaddaş
diskində boş sahələr yaradır. Məqamı
çatanda hansısa bir işarə, xırdaca köhnə
qeyd, elə bil ki, qəfilcə dərinlərdəki
hansısa faylları açır və bu ipuclarının
köməyi ilə keçmişləri bərpa edirsən.
Hacı Zeynalabdinin də, görünür ki, həmin
yandırılmış vərəqlərdə əks
etdirdikləri məhz bu cür qeydlərmiş. Onlar yoxa
çıxanda çox mətləbləri, dəqiq
iqtibasları, adları, rəqəmləri, hekayətləri
təzədən diriltmək mümkünsüz idi. O qədər
mümkünsüz ki, hətta təzədən həmin 25
illik yolu bir də əvvəlindən bugününəcən
getsəydi, yenə həmin yaddaş və xatirələri bərpa
etmək macalı yoxdu. Olanlar olmuş, keçənlər
keçmişdi.
Və buna görə də Hacı Zeynalabdin
Şirvani o məşhur səyahətnamələrinin müqəddiməsində
oxucusundan üzr diləyir. Heyifsilənir ki,o
kağızlarım əlimin altında olsaydı, elə
yazardım, indi sizin oxuduqlarınızdan da qat-qat sanballı
alınardı.
Heyhat, tarixin ən çeşidli dönəmlərində,
dünyanın ən müxtəlif yerlərində mübarək
zəka sahiblərinə bu cür işgəncə verənlər,
bu cür əzazillik edənlər həmişə olub.
Etmişlərin və həmin rəzalətlərə
indi də rəvac verənlərin bu və o dünyada lənətləri
heç vaxt əskik olmasın!
...Yolunun lap başlanğıcından, illah da
şöhrətə çatandan sonra
böyür-başında paxıllar da, bədxahlar da, təqib
və təhdid edənlər də həmişə vardı,
riskli yollardakı hansısa təsadüfdənmi, ya kimlərinsə
məkrindənmi baş verə biləcək ölüm
qorxusu da həmişə duyulurdu. Ancaq Hacı Zeynalabdin
Şirvanini yollarda saxlayan, məsləkindən dönməyə
qoymayan, yeni yollara və təzə əsərlər
yazmağa səfərbər edən tükənməz
qüvvə də vardı ki, dostları çox idi, ona candan
məhəbbət bəsləyənlər də bəs deyincə
idi. Həm də onların hər biri cəmiyyət içərisində
ağır çəkisi olan azmanlardı. Elə biri Rzaqulu
xan Hidayət.
Rzaqulu xan Hidayət tarixdə çoxçalarlı
istedad və əməlləriylə qalan nadir bir şəxsiyyətdir
ki, ad-sanı daha çox təzkirəçi kimi
yayılıb.
XI əsrdən
başlayaraq XX əsrin əvvəllərinə qədər
Yaxın və Orta Şərqdə sıra-sıra təzkirələr
yaradılıb, əslində bir az başqa biçimdə
yenilərinin araya-ərsəyə gətirilməsi indi də
davam etməkdədir. Seçmələrinin miqdarı 800
civarında olan və orta çağ Şərq ədəbiyyatının
güzgüsü, yol xəritəsi adlandırıla biləcək
təzkirələr qatarında Rzaqulu xan Hidayətin (1800-1871)
layiqli yeri var və onun doğurduğu iki təzkirə -
"Məcməu-l-fusəha" və "Riyazu-l-arifin"
bu qəbil məcmuələrin ən sanballı və
etibarlıları cərgəsindədir.
Rzaqulu xan Hidayət ondoqquzuncu yüzildə İran cəmiyyətinin
maarif və mədəni həyatında ən nüfuzlu
simalardan idi və bir ara İran Darülfünununun rektoru da
olmuşdu. Çoxşaxəli biliklərə və üstəlik,
ədəbi istedada da malik olan, həm ədəbiyyat, həm
təhsil və elm aləmində mötəbər imza sahibi
Rzaqulu xan Hidayət özünü Hacı Zeynalabdinin
yanında bir şagird sayır, ondan həmişə öyrəndiyini
bəyan edir və ona "Hidayət" təxəllüsünü
də Şirvaninin verdiyini yazırdı.
Təzkirəsində Şirvanini Təmkin - sırf
şair olaraq nişan versə də, yığcam tərzdə
Hacı Zeynalabdinin tam səyahət xəritəsini də
açıqlayır: "Çağdaşı olan şeyxlərin
söhbətlərinin təsiri ilə axırı ki, təhsilini
tamam edərək, təhsildən əl çəkərək
səyahətlərə ayaq açdı. Bağdada, oradan
İraq i-Əcəmə, oradan Gilana, oradan Şirvan və
Muğana, Talış və Azərbaycana, Təbəristana, Qəhistana,
Xorasana, Zabulistan, Kabil və Hindistana getdi, uzun müddət Pəncabda,
Dehli, Allahabad, Qucarat və Dekəndə qaldı, hər tayfa
və qəbilə ilə ünsiyyətə girdi. Ondan sonra
Hindistan adalarına, Sudan və Maçinə getdi. Limanlarda
çox əziyyət çəkdi və Kəşmirə gəldi,
Müzəffərabad və Kabil yolu ilə Təxaristan, Turan,
Türküstan və Bədəxşan əyalətlərinə
varid oldu. Daha sonra Xorasan və İraq yolundan keçərək
Farsa, Omandan sonra Hicaz, Bətha, Şam və Rum vilayətlərinə
gedib, yenidən İrana qayıtdı. Əlqərəz, o,
düşünülmüş səyahət edib, müxtəlif
xalq və millətlərlə ünsiyyətdə oldu".
Rzaqulu xan böyük səyyahın təriqət rəhbəri
olması, ətrafına ardıcıllar
yığılması məsələsinə də toxunur və
baş verənlərin şahidi kimi Hacı Zeynalabdinin
yanındakı təriqətçilərin heç də
hamısının onunla sonacan həmfikir olmamasına da
işarə edir: "Bir dəstə etiraf edən və danan
şəxs onun ətrafına toplaşdı və hər biri
müxtəlif sözlər söylədi".
Bu həqiqəti elə Şirvani özü də
rübailərindən birində açıqca bildirir:
Kimlərsə bağlandı bizlərə qəlbən,
Kimsə inkar edib ayrıldı bizdən.
Baxan özün görür, biz bir güzgüyük,
Ağı ağ, qaranı qara göstərən.
Rzaqulu xanın ustaddan örnək gətirdiyi şeirlərin
sırasında daha bir neçə rübai var ki, elə onlar
da Hacı Zeynalabdinin Nemətullahi təriqəti istiqamətindəki
mülahizələrini əks etdirməkdədir:
Biz şahdan artığıq, çox da fəqirik,
Eşqin qəmi içrə bulduq vaqiflik.
Gördük çox təriqət, neçə
silsilə,
Nemətullah yolun ən doğru bildik.
Təmkin, çox şeyləri gördün və
bitdi,
Getdin, çatdın, çox yol axıra yetdi.
Zahid sənə desə "kafir", qəm etmə,
Yaxşı ki, bunu da eşitdin, ötdü.
Rzaqulu xanın məlumatlarından bu da
görünür ki, vaxtaşırı görüşüb
söhbətləşirmişlər və o vaxt hələ
heç "Riyaz üs-siyahə" də
tamamlanmayıbmış, yazılmaqdaymış: "Mən
fağır dəfələrlə onun söhbətinə
qulaq asdım və qismətimə onunla həmməclis olmaq
düşdü. Həqiqətən, bilikli və məlumatlı
bir adam, aliməqam və dünyagörmüş fazil şəxs
idi. O, qədim iqlimlərin, dinlərin və ölkələrin
tarixi haqqında "Riyaz üs-siyahə" adlı bir kitab
yazır ki, son dərəcə yenidir və bütün
müasir şeyxləri də orada diqqətdə
saxlayır".
Görünür, Rzaqulu xan Hidayətin təzkirəsində
Hacı Zeynalabdindən peşəkar şairlər cərgəsində
söz açması, onun qəzəl, qitə və
rübailərindən nümunələr gətirməsi ədəbi-mədəni
mühiti onun istedadının bu tərəfinə də biganə
qalmamağa bir çağırış, dəvət
imiş. Heyiflər olsun ki, nə Hacı Zeynalabdin Şirvani
özü ayrıca şeirlər "Divan"ını tərtib
edib (hər halda onun belə bir təşəbbüsünün
ola biləcəyi haqda nə özü, nə də
müasirləri soraq verir), nə də bir başqası həmin
əslində görülməli olan işi yerinə yetirməyə
həvəs göstərib. Heyiflər ki, həmin boşluq bugünədək
doldurulmamışdır. Hacı Zeynalabdinin öz coğrafi əsərlərinin
ayrı-ayrı fəsilləri boyunca səpilmiş mənzumələri,
digər təzkirələrin, cünglərin səhifələrində
uyuyub qalan şeirləri hələ Azərbaycan oxucusuna
tanış deyil. Şirvaninin səyahətnamələri ilə
yanaşı, şeirlərini də ayrıca toplu kimi farscadan
çevirərək ədəbi dövriyyəyə qatmaq sadəcə
arzulanan deyil, daha artıq - vacibdir.
Təmkin, sənə vətən olsa da Şirvan,
Sən özün ruhunla bütöv bir cahan.
Hər kəs bildiyitək danışır səndən,
Sən o təsəvvürdən daha ucasan.
Hacı Zeynalabdin Şirvani də kim olduğunu
yaxşı dərk edirdi. Ancaq onun ətrafındakı Rzaqulu
xan Hidayət kimi insanlar da onun kimliyini elə
yaşadığı günlərin içərisində
anlayırdılar, böyüklüyünü dərk edirdilər.
Bu böyüklük hələ bir qədər zaman keçəndən
sonra daha artıq dərk ediləcək və onları da
söyləməyə ehtiyac var.
Təmkinin "Riyaz ül-aşiqin"də yer alan
şeirlərinin arasında misraları bu cür məhəbbətlə
çağlayanları da var:
O nigar ki sorağıyla dolaşardım cahanı,
Görmürəmmiş lap əzəldən mənə
yoldaş olanı.
Gün saçar nurunu, sərgərdan olar hər
şölə,
Mənəm ol zərrə ki, daim Günəşin
heyranı.
Aşiqəm, dost yolunda dözərəmmi sonacan?
Ümidim çox ki, Xuda kəsməyəcək dərmanı.
Üzləşdiyi güzəran nahamvarlıqlarından
şikayətnamələri kimi səslənən belələri
də:
Divara çəkilmiş rəsmtək lalam,
Həsrət içindəyəm, tapmıram aram.
Komamdan çıxarmaq istərsən məni,
Nə qəm, dünya özü mənimçün
bir dam.
Bu sətirlərindəsə yollar yorğunu Hacı
Zeynalabdinin gözləri yenə sonsuz səmalara dikilib, o yenə
Pərvərdigarla dərdləşməkdədir:
Çox gəzib dünyanı mən gördümsə
də hər cür məkan,
Baxdım hər yerdə Sənə bir yol gedər
aşkar, nihan.
Hər nə gördüm, ismdir, dünyadakı insan
cisim,
Cismidir hər var olan, Sənsən fəqət hər
cismə can.
Hey dolaşdım dünyanı, gördüm əcaib
nəsnələr,
Anladım axırda, yox Səndən daha məchul olan.
Mən insan aradım dünya boyunca,
Aradım, axtardım lap qocalınca.
Təmkin, kimə açım qəlbin qəmini,
Bildim bircə Yar var, görünməz, uca!
Zahid, mənim davam səninlə deyil,
Eşqə laqeydsən, artıq özün bil.
Kamillik aradım, çox yollar keçdim,
Gördüm tək sevgidir dünyada kamil.
Hacı Zeynalabdin dünya görmüşdü,
ağıl sahibi idi, yollar onu içəridən sərbəst,
azadfikirli etmişdi, qəliblərə
sığmırdı, zəmanənin kələkötürlüklərini
görəndə səbrini basa bilmirdi, barışmaz etiraz səsini
qaldırırdı:
Dövr-i kəcrəftar rəzilliklə
dolubdurbəs qədər,
Bəxt yatmışdır, zaman
çaşmış,
tamam tərs dövr edər.
Yaxşılar çökmüş,
sönübdür ulduzu seçkinlərin,
Qaldırıb baş, üstdədir indi
yararsız kimsələr.
Kimdə cahillik daha çoxdursa,
meydan ondadır,
İndi onlardan gəlir dəblər,
əmrlər sərbəsər.
Kim ki alçaqdır,
onun hər bir işi sahmandadır,
Dik gəzib meydanda miskinlər
təkəbbür göstərər.
Kim bilirsə din nədir,
iman nədir, - mağmun qalıb,
İşləri hər gün olar keçmiş
günündən beşbətər.
...Qələmindən çıxan hər səyahətnamənin
öz gözəlliyi olsa da, "Riyaz üs-siyahə"yə
Hacı Zeynalabdin Şirvaninin "şah əsər"i desək,
yanılmarıq. Bu abidənin bütövlüyü ilə
üzə çıxarılması yolunda son əsr
yarımda zəhmətə qatlaşmalar az olmayıb.
Yaxın və Orta Şərqin ən dərin bilicilərindən
olmuş şərqşünas alim Bernhard Dorn (1805-1881) əvvəlcə
Almaniyada, daha sonra İngiltərədə fəaliyyət
göstərmişdi və sonra köçüb
Sankt-Peterburqa gəldi və 45 il burada çalışdı.
Onun fəaliyyəti əsasən akademiya, universitet, bir də
imperator kitabxanası ilə bağlı idi və imperator
kitabxanasının dünyanın zəngin əlyazma xəzinələrindən
birinə çevrilməsinin əsas səbəbkarlarından
birincisi elə Bernhard Dorndır. Onunla XIX əsrin digər məşhur
şərqşünası Nikolay Xanıkov (1819-1878)
arasında davamlı yazışmalar və fikir mübadilələri
vardı. Günlərin birində Dorn Xanıkova məktub
yazaraq Təbəristan haqqında soruşmuşdu və
Xanıkov da ona Təbəristan haqqında Hacı Zeynalabdin
Şirvaninin "Riyaz üs-siyahə"sindən
tapdığı bilgiləri göndərmişdi. Dorn təkrar
məktub yazmışdı ki, o əsərin özünü
tapaq, nəşr etdirək, tərcüməsini gerçəkləşdirək.
Xanıkov da necə axtarmağın yollarını göstərmiş,
olsa-olsa əlyazmanın İranda tapıla biləcəyini
ehtimal etmişdi. Bu güman Dornun ağlına batmış,
Qafqaz canişini, eyni zamanda Rusiya Coğrafiya Cəmiyyətinin
hamisi Mixail Vorontsova (1782-1856) müraciət eləmişdi.
Vorontsov da öz növbəsində Xanıkova, onun adından
Rusiyanın İrandakı səfiri K.Dolqorukiyə məktub
yollayaraq həmin əlyazmanın axtarılıb
tapılmasını xahiş etməyi
tapşırmışdı. Səfir Dolqoruki də çox
axtarandan sonra əlyazmanı tapmışdı. Bütün
İranda o əlyazma bircə nüsxə imiş. Bu,
"Riyaz üs-siyahə"nin Hacı Zeynalabdin Şirvaninin
öz əlindən çıxmış orijinal nüsxəsi
idi ki, Fətəli şaha pay veribmiş. Fətəli
şahdan da həmin əlyazma vəliəhdə - oğlu,
şahzadə Məhəmməd Rza Mirzəyə
keçibmiş.
Səfir Dolqoruki Rusiya hökuməti adından
müraciət edərək əlyazmanı istəyirsə də,
Məhəmməd Rza Mirzə bunun yeganə nüsxə
olmasını səbəb gətirərəkəsərin
ölkənin sərvəti olduğunu, həmin səbəbdən
də hədiyyə edə bilməyəcəyini söyləyir.
Ancaq bunu da deyir ki, üzünün köçürülməsinə
etirazım yoxdur.
Beləcə, o nüsxə
köçürülür və əlyazma gəlib Dornun əlinə
çatır. Ancaq burada "Riyaz üs-siyahə"nin
yalnız birinci hissəsi idi.
"Riyaz üs-siyahə"ni Azərbaycan alimlərindən
ilkin oxuyub araşdıran Abbasqulu ağa Bakıxanov idi.
"Riyaz üs-siyahə"nin ikinci hissəsi Qüdsinin
şəxsi kitabxanasında olmuşdu və əsər
onun"Gülüstan i-İrəm"i işləyərkən
topladığı mənbələrdən biri idi.
Bakıxanovun vəfatından sonra həmin əlyazmanı həyat
yoldaşı Səkinə xanım 1852-ci ildə
Sankt-Peterburqdakı Asiya muzeyinə
bağışlamışdı. Elə həmin il bu dəyərli
hədiyyə haqqında Rusiya Xalq Təhsili Nazirliyinin
jurnalında dərc edilən xəbər şərqşünasların
diqqətini həm Hacı Zeynalabdin Şirvaninin özünə,
həm də bu əsərə daha da artırır.
Beləliklə, Səkinə xanım "Riyaz
üs-siyahə"nin kinci hissəsini Rusiya imperator
kitabxanasına hədiyyə edəndən sonra şərqşünas
alimlərin əlində bu əsər artıq
bütövlüyü ilə vardı.
Həyatından əsib keçmiş bütün dəli
rüzgarlara rəğmən, Hacı Zeynalabdin Şirvani xoşbəxtmiş
ki, sağlığında olduğu kimi, onun əsərlərini
vəfatından sonra da həssaslıqla arayırdılar və
onun başlıca əsərlərindən heç biri
itib-batmadı.
"Riyaz üs-siyahə"nin birinci hissəsi
İranda bir neçə dəfə nəşr edilmişsə
də, təəssüf ki, Azərbaycanda hələ bu istiqamətdə
addım atılmamışdır. Halbuki bunu çoxdan etmək
mümkün, həm də lazım idi.
1974-cü ildə şirvanişünas alim Ağamir
Quliyevin tərtibində "Riyaz üs-siyahə"nin 3
kitabdan ibarət ikinci hissəsini SSRİ Elmlər
Akademiyası Şərqşünaslıq İnstitutu Moskvada
nəşr etdi.
Həmin əsər yalnız yarım əsr sonra Azərbaycan
Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun təşəbbüsü
ilə Ələddin Məlikov və Şahin Yəhyayevin tərcüməsində
işıq üzü gördü. "Riyaz üs-siyahə"nin
birinci hissəsi isə tərcüməsi başa
çatdırılsa da, hələ ki nəşr edilməyib
və klassik irsimizə belə soyuq münasibət qəlb
ağrıdır.
İş ondadır ki, Hacı Zeynalabdin Şirvaninin
elmi və ədəbi mirası bizim yeganə böyük
coğrafiyaşünasımızın yadigarıdır və
sayı yüzlərlə ölçülən
keçmiş şairlərimizdən fərqli olaraq, bu
yaradıcılıqla bağlı nəşr və tərcümə
işləri həm də ona görə ilk növbədə
və təxirə salınmadan həyata keçirilməli
idi ki, mükəmməl məzmunundan savayı həm də təkdir,
ikincisi yoxdur.
Şirvaninin "Bustan üs-siyahə"si də,
"Hədaiq üs-siyahə"si də indiyədək Azərbaycanda
nəşr və tərcümə edilməyib, tədqiqatlarda
da yüyrək bir şəkildə xatırlanıb. Halbuki hər
iki əsərin elmimiz üçün misilsiz əhəmiyyəti
var. Özü də yalnız tarix və coğrafiya
baxımından yox. Hacı Zeynalabdin irsi həm də fəlsəfə
tariximiz, etika elmimiz baxımından xüsusi dəyər
daşıyır.
Hacı Zeynalabdin əslən Xorasandan
çıxmış, uzun ömür sürmüş və
bütün həyatı boyu da hakimiyyətdə olmuş
Rizvan Paşa adlı aqil bir insanla söhbətlərini qələmə
alıb. Söhbət günah və savab əməllərdən
gedir. Həmin müdrik kişi böyük günahların
sayı 700-ə qədərdir söyləyərək
bunlardan heç olmazsa 50-ni etməsən, özünü
kifayət qədər qorumuş olarsan deyincə, özü də
dünyanın və insanın çox sirlərinə vaqif
olan Hacı Zeynalabdin dərhal qələm-kağızını
hazır edir, başlayır əzəmətli əmirin dediklərini
bircə-bircə yazmağa. Hamısı bugünümüzdə
kara gələn, millət tərbiyəsinə yardım edə
biləcək hikmətlərdir.
Hacı Zeynalabdinin adı da, sözləri də orta məktəb
dərsliklərində olmalıdır. Övladlar
babalarını tanımasa, onların qocalmaz sözləri ilə
böyüməsə, tarix yollarındakı büdrəmələr
çox olar. Hacı Zeynalabdin övliyalardan saxlanc olan bir zərbülməsəli
iqtibas edirdi: "Xidmət edənə xidmət edilər".
Şirvani özü millətə xidmət etmiş, xidmətini
davam etdirməkdə qalan ulularımızdandır. Azərbaycana
xidmət etmişə xidmət göstərməkdə
heç vaxt soyuqluq göstərməyək!
...Hacı Zeynalabdin Şirvani gec evlənsə,
yalnız 41 yaşında ailə sahibi olsa da, onu ailəlik
ömründə daha bir gecikmə də gözləyirmiş.
İlk övladının yolunu 12 il gözləyəsi oldu.
53-54 yaşı olanda ilk uşağı Cəlaləddin Məhəmməd
dünyaya gəldi. Ahıl çağında oğul
atası olmasını sonsuz sevinclə
qarşılamışdı və bunu əsərlərində
də əks elətdirmişdi.
Üstündən iki il keçir, daha bir oğlu -
Hüsaməddin Əli dünyaya gəlir. Ancaq bu
uşaqların bəxtində doyunca ata üzü görmək
yoxmuş. O çağlar idi ki, Hacı Zeynalabdin Şirvani,
yenə əvvəlki kimi, kasıbyana həyat
sürürdü. Onu bezməyə, sınmağa, ruhdan
düşməyə qoymayan yeganə qalxanı daxili zənginliyi
idi.
...Orta əsrlərdə Mərkəzi Asiyada təriqətlər
çox olub. Nemətullahi təriqəti onlardan biri idi, amma əksərindən
fərqlənirdi. Çünki bu təriqətin məqsədi,
təbliğ etdiyi fikirlər ilk növbədə
insanların rifahına yönəlmişdi.
Nemətullahi təriqəti təbliğ və təlqin
edirdi ki, ən əvvəl bir-birinizə arxa durun, dayaq olun.
Amma harada bir köməksiz insan, köməyə ehtiyacı
olan bir şəxs də görsəniz, onun yanına tələsin,
ehtiyaclarını ödəyin. Həm də yalnız maddi tələbatlarını
yox. Onların mənəvi ehtiyacını da ödəyin.
Nemətullahi təriqəti öyrədirdi ki,
çalışın insanların biliyi daha geniş olsun,
savadı artsın, bu yolda nə qədər çətinliklərlə
üzləşsəniz də, geri dönməyin.
XV yüzildən, Hacı Nemətullah Vəlidən gələn
bu təriqət elə XIX yüzildə də ayaq üstə
idi və təriqətlər arasında ən öndəgedənlərdən
idi. Yeni zaman içərisində bu təriqətin öndəri
Hacı Zeynalabdin Şirvaninin həm ustadı, həm yaxın
dostu Məczübəli Şah idi.
Məczübəli Şah günlərin birində
sonun lap astanada durduğunu hiss edəndə təriqətə
rəhbərlik etməyi də Hacı Zeynalabdin Şirvaniyə
tapşırdı.
Bu, sadə bir məsələ deyil. Hacı Zeynalabdin
Şirvani böyük səyyah, güclüalim,görkəmli
şair idi, çağının ziyalıları arasında
yüksək hörməti olan insan idi. Amma təriqət
başçısı keçəndən sonra o həm də
müqəddəs şəxsiyyət kimi
qavranılırdı.
Və onun ardınca gedən qatar-qatar məsləkdaşları
vardı.
...1838-ci il idi və 58 illik ömrünün 40 ilə
yaxın bir müddətini səyahətlərdə keçirmiş
Hacı Zeynalabdin Şirvani ömrünün növbəti səfərinə
çıxırdı. Həyat yoldaşını da
götürmüşdü, Məkkə ziyarətinə
gedirdi. Ancaq bu, onun son səfəri imiş. Ölüm onu Ciddə
şəhərində yaxalayır. Ciddə Həvva nənənin
şəhəridir deyirlər və Şirvanini orada torpağa
tapşırırlar.
Hacı Zeynalabdin Şirvaninin hələ 58
yaşı vardı. Hələ dünyaya borcları çox
idi. Yazacağı əsərləri vardı.
Övladlarının birinin 5 yaşı vardı, birinin 3,
onları böyütməli idi. Ailəsi üçün
heç bir təminat qoyub getmirdi. Sonradan yaxınları, dostları
bir-birinə məktublarında (o məktublar da qalır)
yazacaqlar ki, Hacının uşaqları çox kasıb,
naçar vəziyyətdədirlər, onlara nə şəkildəsə
kömək etmək lazımdır.
Hər dövrdə və hər yerdə olduğu
kimi, yenə aqil insana zaman sərt üzünü göstərirdi.
Yerinə yetirməli olduğu çox işlər, hələ
boynunda çox yüklər varkən Hacı Zeynalabdin
Şirvani həyatdan gedirdi.
Və onun həyatdan bu cür gedişində də
bir rəmzilik vardı.
7 yaşı olanda həyatının ilk uzun səfərinə
çıxmışdı. Yox, onun 40 il dediyimiz səyahətlərinin
tarixini oradan başlamırıq. Amma hər halda bu, bir müqəddimə
idi, bir nişanə idi, onun balacalıq həyatı səfərdən,
səyahətdən başlanırdı.
Və bu həyat gərək elə səfərdə,
səyahətdə də tamamlanaydı. Səfərdə, səyahətdə
və müqəddəs bir yerdə tamamlandı.
Saf ömür yaşayan, o ömür içərisində
də insanlarla həmişəlik qalacaq gələcəkli
işlər görən şəxsiyyətlərin bir
alın yazısı da beləcə həmişə müqəddəsliklə
həmnəfəs olmaqdır.
25 dekabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 28 dekabr(№240).-S.14-15.