"Nə buralar mənim
üçün qürbətdir, nə də mən qəribəm"
Nyu-Yorkda yaşayan pianoçu, professor Nərgiz Əliyarova:
"Tanrı mənə Azərbaycan musiqisini bir gün
anamın yurdunda - qərbi Azərbaycanda ifa etməyi nəsib
etsin"
Gəlib çatdıq ilin axırına...
Ömrün bir ilini də yola salmaq ərəfəsindəyik.
Hər ötən il mütləq ki nələrləsə
yaddaşlarda da qalır, tarixdə də. Gözləntisinə
çatan da oldu, gözləmədiklərilə
qarşılaşan da. Uğur qazanan sevindi, uduzan məyus
oldu. Bütün bunları yaşaya-yaşaya ili başa
vurduq. Yeni təqvim ilinin astanasından geriyə boylanaraq,
ayların bir göz qırpımında gəlib
keçdiyinin isə hamımız fərqindəyik. Lakin bir
millət, bir xalq olaraq Azərbaycan və azərbaycançılığımız
ən qürrələndiyimiz, öyündüyümüz
hisslər kimi bizimlə qoşa addımladı.
Dünyanın hansı nöqtəsində olursa olsun, azərbaycanlı
bu ada sahib çıxmağı bacardı, onu yaşatdı,
qorudu, xələl gəlməsinə imkan vermədi.
"Yersiz qərib olmaz, qəribsiz yer olmaz". Məntiqlə
yanaşsaq, həqiqətə söykənən kəlamdır. Həmişə
düşünmüşəm ki, Vətəndən kənarda
yaşamaq məcburiyyətində olanların təbii ki, əsaslı
və tutarlı səbəbləri var. Onlarla dəfələrlə
söhbətləşmək, fikirlərilə maraqlanmaq kimi
bir fürsətim olub. Və hər dəfə də "Vətən",
"Azərbaycan" kəlmələrini necə bir
yanğı ilə çəkdiklərini görmüşəm.
Bir təsadüf ilin son şənbə müsahibini
qarşıma çıxardı. Müəlliminə olan dərin
ehtiramı onu okeanın o tayından bircə həftəlik də
olsa, Vətənə gətirmişdi. Bu fürsəti
qaçırmaq istəmədiyimdən onunla söhbətləşmək
imkanı əldə edə bildim. 31 dekabr Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü ərəfəsində
müsahibimiz uzaq Nyu-Yorkda yaşayan pianoçu, beynəlxalq
müsabiqələr laureatı, Əməkdar artist, professor Nərgiz
Əliyarovadır.
- "Göz yaşında çimən dünya,
Üzün-gözün təmizdimi?" Ramiz Rövşənin
misralarıdır...
- Deməzdim ki, üzü-gözü təmizdir
dünyanın, çünki hamımız nələrin
baş verdiyinin şahidləriyik. Amma bütün bu hadisələrin
fonunda Azərbaycanın keçdiyi yola baxanda ürəyim
qürur hissilə dolur. Problemlər olsa da, bu
qarışıq dünyada Azərbaycanda sabitlik var, stabillik
var, ən başlıcası öz torpaqlarını azad edə
bildi. Bununla belə, qaynar qazana bənzəyən dünyaya
görə narahatçılıqım olsa da, pianoçuyam
deyə, ifa etdiyim musiqinin gözəlliyi, harmoniyası ilə
neqativliyi özümdən uzaqlaşdıra bilirəm.
- Deyirlər ki, insan düşdüyü mühitə
alışır. Yeddi ildir Vətəndən uzaqda
yaşayırsınız. Nə azdır, nə də
çox...
- Təbiət etibarilə hər şeyə tez
alışan adamam. İlk vaxtlar düşdüyüm şəhərin
nədənsə pis tərəflərini görürdüm və
bu, xoşuma gəlmirdi. Bir dəfə özümə belə
bir sual verdim: "Nərgiz, sevdiyin, yoxsa sevmədiyin bir şəhərdə
yaşamaq istəyirsən?" Təbii ki, cavabım sevdiyim
şəhər oldu. Yalnız bundan sonra Nyu-Yorkun yaxşı
tərəflərini izləməyə başladım, diqqətimi
o istiqamətə yönəltdim, müsbətlərə qiymət
verməyə çalışdım. Nəticədə
gördüm ki, çox maraqlı bir şəhərdə
yaşayıram və Nyu-Yorku artıq sevirəm.
- Bu maraqlı şəhərdə bir azərbaycanlı
öz ölkəsini tanıtmağı da bacarmalı idi...
- Vətəndən kənarda yaşayan hər bir azərbaycanlı
orada tutduğu mövqeyindən, hansı istiqamətdə, sahədə
çalışmağına baxmayaraq, ətrafında, əhatəsində
olanlara birmənalı şəkildə Azərbaycanı tanıdır.
Bir musiqiçi, daima ictimaiyyət arasında olduğumdan Azərbaycanı
təbliğ etmək mənə daha asandır. Biz daha
çox Azərbaycan haqqında konsertlər keçiririk. Amma
musiqi Azərbaycanın bir hissəsidir. Hər konsertdən əvvəl
Azərbaycan haqqında üç-dörd dəqiqəlik film
nümayiş etdiririk. Bundan əlavə, əgər konsertdə
hansı bəstəkarımızın əsərləri ifa
olunacaqsa, onun yaradıcılığı haqqında, Azərbaycanın
dünyada mədəni imzası sayılan muğam haqqında
məlumatlar verilir. Konsertə gələn əcnəbi də,
amerikalı da Azərbaycanı həm təsvirlərdə
görür, həm sənət əsərlərini dinləyir,
həm də informasiya almış olur. Dediyim həmin qısa
videoçarxlarda çalışırıq ki,
tamaşaçı Azərbaycanın mədəniyyətini,
arxitekturasını, milliyini, yaradıcı mühitini seyr edə
bilsin. Nəsiminin 650 illiyinə həsr edilmiş bir konsert
proqramı hazırlamışdıq. Musiqinin sədaları
altında Nəsiminin Azərbaycan dilində şeirləri səsləndi
həmin konsertdə. Tamaşaçı dili anlamasa da, musiqilə
poeziyanın vəhdətindən yaranan zərif harmoniya onu
duyğulandıra bildi. Yenə də deyirəm, kimliyindən
asılı olmayaraq, azərbaycanlı Azərbaycanı
mütləq tanıdır və təbliğ edir.
- Siz Vətəni tərk edəndə bizim hələ
həllini tapmayan Qarabağ problemimiz vardı və Amerika kimi
hegemon bir dövlət bundan xəbərdar idi...
- Ümumiyyətlə, amerikalılar qapalı həyat
tərzi sürməyə üstünlük verirlər. Onlara
öz ölkələrinin problemləri, qayğıları
daha maraqlıdır, nəinki dünyada baş verənlər.
Digər tərəfdən Amerikada qonşularımızın
diasporu çox güclüdür. Əgər bizim diasporun fəaliyyəti
hardasa otuz ilə söykənirsə, onlar bir əsrdən
artıq buralara yerləşməyə başlayıblar. Bu
baxımdan təbii ki, qonşu dediklərimizin diaspor fəaliyyəti
daha güclü və səsi daha çox eşidiləndir.
Ona görə də Amerikada onların mövqeyi daha çox
dəstəklənir.
- Dünya azərbaycanlıları və 44
gün...
- Mən 30 illik bir
ağrının-acısının 27 ilini Vətənimdə
çəkmişəm, çox hadisələrin şahidi
olmuşam. Amerika həyatımın üçüncü
ilində Ali Baş Komandanın əks-hücum əmri xəbəri
yayılanda ani olaraq "Olum, ya ölüm" sözlərini
xatırladım. Anladım ki, bıçaq artıq
sümüyə dayanıb və bu savaşda məğlubiyyət
ola bilməz. Mən bunu tək Amerikada deyil, bütün
dünyada yaşayan azərbaycanlılar haqqında əminliklə
deyirəm ki, bizlərin qarşısında bir məqsəd
vardı - bu çətin imtahanda bütün
varlığımızla Vətəndəyik kimi
düşünməli və hərəkət etməliyik.
Biz yox kəlməsini dilimizdən çıxardıq.
Düşüncəmizdə yalnız bu olmalıdır və
bunu etməliyik fikirləri vardı. Biz yuxunu belə, unutduq
ki, uzaqda Vətənin bir parçasıyıq, hər an bizə
ehtiyac ola bilər. Sosial şəbəkələrə, mətbuata,
informasiya agentliklərinə, senatorlara, konqreslərə
bütün həqiqəti dayanmadan
çatdırırdıq. BMT-nin baş qərargahının
qarşısında dəfələrlə mitinqlər təşkil
elədik. Bilirsiniz, yad bir yerdə, yad insanlara öz həqiqətini
çatdırmaq çox çətindir. Amma biz düşünmədən hər
bir mümkün imkandan istifadə etməkdən
dayanmırdıq. Qarşı tərəfin güclü və
yalançı təbliğatından sonra bizim həqiqətlərə
çox inamsız, bəzən qınayıcı
baxırdılar. Bir neçə dəfə böyük təşkilatlarda
Azərbaycan həqiqətləri haqqında prezentasiyalar
keçirdim. Dünyada bir əsrdir
fəaliyyət göstərən "Zonta" Beynəlxalq
Qadınlar Təşkilatı var və onun 42 min klubu var. Mən
bu təşkilatın Nyu-York klubunun iki il prezidenti olmuşam və
müharibə zamanı bütün mümkün imkanlardan
istifadə edərək təbliğatımı, Azərbaycanın
öz haqqı uğrunda müharibə
apardığını, üstəlik, bu müharibənin
öz torpaqlarında getdiyini bəyan etməkdən
dayanmadım. Hətta BMT-nin dörd qərarını
sübut kimi ortaya qoyanda belə, bizə olan şübhələrin
davam etdiyini görürdük. Bu da yenə deyirəm, düşmənimizin
güclü lobbisinin və diasporunun
fəaliyyətinin nəticəsidir.
- İstər-istəməz yəqin ki,
qonşularımızla rastlaşmalı olursunuz...
- Hərdən rastlaşmışam, lakin ciddi bir
ünsiyyətimiz olmayıb. Nyu-Yorkda onların sayı o qədər
də çox deyil, lakin buna rəğmən, şəhərin
tam mərkəzində çox böyük bir erməni kilsəsi
var. Bir neçə addım sonra ondan kiçik daha bir kilsə
yerləşir. Səbəbini bilməsən də, bu iki kilsə
arasında ziddiyyətlər var. Yəni burada sayları az olsa
belə, Nyu-Yorkun mərkəzində öz kilsələrini
yerləşdirə biliblər. Bu da ona bir sübutdur ki, illərlə
onlar yerlərini möhkəmlətməyi bacarıblar.
- Amma Qarabağ problemində haqlı tərəf olsaq
da, dünyanı hələ də qarşımızda
görürük...
- Düzü, o qədər də asan sual olmadı.
Amma mən bunun səbəbini həm din
ayrılığında, həm qonşularımızın
dünyanın çox hissəsində böyük güc
sahibi və çoxluq təşkil etməsində
görürəm. Burada senator öz seçicilərinə
qulluq edir. Onun seçilməyi səs çoxluğundan
asılıdır və düşmənlərimizin də
sayı burada hər şeyə qalib gəlmək dərəcəsindədir.
Belə olan halda senator təbii ki, səsçoxluğunun tərəfindən
çıxış edəcək, onların mövqeyini
müdafiə edəcək və bizim qarşımızda
olacaq. Bilirsiniz, bizim 30 il gözləməyimiz sanki dünyada
artıq bir rahatçılıq yaratmışdı,
heç kəs belə bir revanş gözləmirdi. Bu illər
fırtınadan əvvəlki sakitliyə bənzəməklə
yanaşı, həm də bizim problemi sülh yolu ilə həll
etmək istəyimizdən irəli gəlirdi. Lakin
görünən o oldu ki, düşmən öz
ab-havasında qalmaqda israrlı oldu və nəticədə
bir göz qırpımında nöqtə qoyuldu. Bəli, 30
ilin yanında 44 gün bir göz qırpımıdır.
Dünya isə bunu həzm edə bilmədiyindən
qarşımızdadır, çünki biz tarixə yeni bir səhifə
yazmağı bacardıq.
- 30 il qısa bir müddət də deyil...
- Bir insan ömrü üçün çox olsa da,
tarix üçün azdır. Çünki vaxtın,
zamanın da yetişməyi lazım idi. Dildə müharibə
demək asandır, lakin ölkə başçısı
çox gözəl bir fikir söylədi: "Nəyi necə,
nə vaxt etmək lazımdır, bunu mən bilirəm".
Müharibədə təkcə silahın gücü kifayət
deyil, siyasi gedişatın da böyük əhəmiyyəti
var. Bu, mənim bir vətəndaş kimi fikrimdir.
- Bir az da Nərgiz Əliyarovanın okeanın o
tayında gördüyü işlərdən
danışaq...
- Nərgiz Əliyarova harada olursa olsun onun həyat
kredosu musiqi və Azərbaycandır. Bunların hər ikisini
məndən almaq mümkün deyil. Amma okeanın o tayında
bu, daha çox lazımdır. Deyərdim ki, Nyu-York
dünyanın mərkəzidir. Burada keçirilən
müsabiqə, konsert daha populyardır. Niyə? Ona görə
ki, gənc bəstəkar bilir ki, o dünyanın ən
möhtəşəm zallarından biri olan Linkoln Mərkəzində
çıxış edəcək, əsəri orada səslənəcək.
Daha sonra biz on ən yaxşı əsəri Nyu-Yorkda nəşr
etdiyimiz jurnala daxil edirik və bu jurnal Konqreslər
kitabxanasının qeydiyyatından keçiririk. Bütün
bu işləri mən yalnız Azərbaycan adının naminə
görürəm və istəyirəm ki, hər işin təşkili
yüksək səviyyədə olsun, çünki Vətənim
buna layiqdir.
- Amerikalı azərbaycanlı olmaq yəqin ki,
çox da asan deyil...
- Deməzdim ki, çətindir. Əgər
amerikalısansa, yeganə tələb odur ki, qanunlara riayət
edəsən və onlardan kənara çıxmayasan. Milliyətindən,
irqindən asılı olmayaraq, Amerika vətəndaşdan
bunu istəyir. Nyu-York çoxmillətli şəhərdir və
burada yaşayıb gördüklərimə əsasən bu
fikri bildirirəm. Yəni qanuna riayət sənin həyatının
qarantıdır.
- "Qürbət" və "qərib"
sözlərinə alışmağı bacarmaq
lazımdır...
- Alışmamışam, çünki nə bura mənim
üçün qürbətdir, nə də mən qəribəm.
Fikrimə bir qədər aydınlıq gətirim. Mən
artıq Nyu-Yorkda yaşayıram və buranı sevirəm. Mənim
düşüncəmdə insan yaşadığı yeri
sevməlidir, başqa cürə mümkün deyil. Qərib də
ona görə deyiləm ki, yaşadığım yerin əhalisindən
biriyəm. Bundan əlavə, istədiyim zaman Bakıya gəlirəm,
Vətənimlə bağlı bütün istəklərimə
çata bilirəm. Ona görə də özümü
qürbətdə yaşayan qərib kimi hiss etmirəm...
- Uzaqdan görünən Vətən...
- Vətən uzaqdan daha əziz, daha doğma, daha
şirin görünür. İstər-istəməz
müqayisələr edirsən. Bu bizdə daha
yaxşıdır, bu meyvə və ya tərəvəz daha
dadlıdır, bişirdiyimiz milli bir yeməyin tamı daha fərqlidir.
Bəzən mənə sual verirlər ki, Azərbaycansız
yaşaya bilirsən? Bu suala heç vaxt cavab tapa bilmirəm,
ona görə ki, Azərbaycan mənim içimdədir. Mən
bir an da olsa onsuz yaşamıram axı, deyə bilim ki, çətindir,
ya yox... Yuxudan ayılan kimi ilk olaraq Azərbaycan xəbərlərinə
baxıram. Dediyiniz kimi okeanın o tayında da olsam, Azərbaycan
musiqisi və onun təbliğilə məşğulam. Bu
baxımdan mən özümü Vətəndən uzaqda
deyil, Nyu-Yorkda Azərbaycanın bir hissəsi kimi hiss edirəm.
Bunu gəlişi gözəl söz xatirinə demirəm.
- Məşhur bayatımızdan bir misra: "Ölməyə
Vətən yaxşı..."
- Cavabını bilmədiyim suallardan biridir.
Çünki hələ özümə bu sualı verməmişəm.
Mən hələ Azərbaycan naminə yaşamaq istəyirəm.
Onun adının, mədəniyyətinin, musiqisinin təbliği
istiqamətində dayanmadan çalışmaq istəyirəm.
Bir sözlə yaşamaq, yaratmaq və Azərbaycana olan sonsuz
məhəbbətimi uzaq yerdə yaymaq əzmi məndə
daha güclüdür.
- Azərbaycan mətbuatında imzası ilə
tanınan və sevilən Əməkdar jurnalist Svetlana Nəcəfovanın
qızısınız və bu mühitə kifayət qədər
bələdsiniz. Azərbaycanın bugünkü mediası...
- Düzü, mətbuat haqqında ümumi bir fikir
bildirməyə çətinlik çəkərəm. Lakin
zənnimcə, cəmiyyətin inkişafı
üçün media və televiziya insanların səviyyəsinə
xidmət etməməlidir. Əksinə, hər ikisi yönəldici
qüvvə olaraq insanları öz səviyyələrinə
çatdırmalıdır. Öz sahəm üzrə deyə
bilərəm ki, efirlərdə səslənən, xitə
çevrilən bayağı musiqini qəbul edə bilmirəm.
Azərbaycan efirində klassik musiqi demək olar ki, yer
almır. Klassik musiqi zövqdür,
dünyagörüşüdür, mədəni tərbiyədir.
Yaşadığım yerdən bir nümunə çəkim.
Nyu-Yorka dünyanın ən məşhur musiqiçiləri
gəlir. Onların arasında ən yüksək liqada yer
alanlar sırasında gürcü də var, erməni də. Azərbaycanlı
isə yoxdur. Yüksək səviyyədə bir neçə
vokalçımız var, lakin pianoçu, ya bir
instrumentalistimiz yoxdur. Ona görə də klassik musiqi çərçivəsindən
baxsaq, Azərbaycan daha çox inteqrasiya olunmalıdır. Buna
çox təəssüf edirəm.
- Ürəyinizdən keçəni eşidək...
- İllər öncə bir arzum vardı -
Şuşada bir musiqi nömrəsi ifa etmək. Bu arzum bir xəyal
kimi gəlirdi mənə. 2022-ci ildə Dünya Azərbaycanlılarının
V qurultayının nümayəndəsi idim. Şuşada hələ
quruculuq işləri davam edirdi. Orada bir royal vardı. Onu
görəndə arzuma çatdığımı hiss etdim.
Royalın arxasına keçdim və Azərbaycan
mahnılarını ifa etməyə başladım. Unudulmaz
bir xatirə kimi tez-tez yada salıram həmin günü.
İndi daha bir arzum da var. Hamı bilir ki, ana tərəfim irəvanlıdır.
Əsla müharibə tərəfdarı deyiləm. Amma o
gün olsun ki, anamın yurdunu, onun ata-babasının
ocağını görə bilim və Azərbaycan musiqisini
bir gün orada ifa etməyi Tanrı mənə nəsib etsin.
SÖZARDI: Hər zülmət gecənin bir nurlu səhəri
var. Dörd il əvvələ qədər zəfər
adlı nurlu bir səhərin açılacağını
çoxumuz xəyal belə etmirdik. İndi isə məqsədimiz
də, istəyimiz də illərdir sakinlərini gözləyən
Qərbi Azərbaycandır. Və bilirik ki, nəyi necə, nə
vaxt etmək lazım olduğunu bilən sərkərdə o
qapıları yurd-yuva həsrətində olanların
üzünə mütləq açacaq.
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2024.- 28 dekabr(№240).-S.12;13.