Naxçıvandan dünyaya...
OĞULLAR
- CƏLAL VƏ ƏLİ NAXÇIVANİ QARDAŞLARI
(Əvvəli
qəzetin ötən şənbə sayında)
Hayfada
ümumi işə nə qədər fayda gətirsə də,
bəhai hərəkatının gələcək
intişarı, yayılması nöqteyi-nəzərindən
Mirzə Ələkbər Naxçıvaninin Qafqazda, Azərbaycanda
olması daha məqsədəuyğun
sayılmışdı. Odur ki, Əbdülbəhanın
xeyir-duası ilə 1914-cü ilin sonunda xanımı ilə
Bakıya qayıtmışdı. Şəhərdə bəhailərin
müvəqqəti İbadət evinin yerləşdiyi
Çadrovı küçəsində mənzil, Şüvəlanda
isə bağ evi almışdı. İqtisadi inkişaf bumu
yaşayan neft paytaxtında həyatlarının nisbətən
sakit, rahat dövrünə qədəm qoymuşdular. Yerli bəhai
icması ilə sıx əlaqələri vardı. Gənc ər-arvad
artıq bir Avropa şəhərinə çevrilmiş
Bakının mədəni həyatı ilə yaxından
maraqlanırdı. Oğlunun yazdığına görə,
tez-tez operaya gedir, teatr tamaşalarını
qaçırmamağa çalışırdılar.
Özü də bədii yaradıcılığa maraq
göstərən Mirzə Ələkbər ədəbiyyat
adamları ilə ünsiyyət saxlayırdı.
Lakin
bu idilliya uzun sürməmişdi. Birinci Dünya müharibəsi
nəticəsində hər yerdə olduğu kimi, Azərbaycanda
da yaşam şərtlərinin ağırlaşması, xaos
və anarxiyanın baş alıb getməsi, erməni terror dəstələrinin
əl-qol açması yüz minlərlə soydaşı ilə
bir sırada Mirzə Ələkbərin də həyatını
zəhərləmişdi. Üstəlik, Bakıya gələndən
az sonra ilk övladını - oğlu Hüseyni körpə
yaşda itirməsi, gəncliyindən əziyyət çəkdiyi
şəkərli diabet və ürək xəstəliyinin
günü-gündən şiddətlənməsi, müalicənin
səmərəsizliyi həyatlarını xeyli çətinləşdirmişdi.
Bakıda
ailənin daha iki oğlan övladı dünyaya gəlmişdi.
Afrika qitəsində bəhailiyin pionerlərindən biri kimi
tanınan Cəlal (1917-1982) və qırx il boyunca dünya bəhai
hərəkatının nüfuzlu liderlərindən olan
Əli (1919-2019) Naxçıvanilər Azərbaycan doğumlu
idilər. Ataları həyata gözünü yumanda
böyük qardaşın üç yaşı vardı.
Kiçiyinin isə bir yaşı yeni tamam olmuşdu.
Cəlil
Naxçıvani
İki
körpə uşaqla köməksiz vəziyyətdə qalan
Fatimə bir çıxış yolu tapmaq üçün
Əbdülbəhaya üz tutmuşdu. Az keçmədən
başsağlığı və
təsəlli sözləri ilə birlikdə ondan
övladlarını götürüb dərhal Hayfaya gəlmək
tapşırığı almışdı. Bakıda
bolşeviklərin hakimiyyəti qəsb etdiyi, hərc-mərcliyin
hökm sürdüyü şəraitdə belə uzaq səfərə
çıxmaq o qədər də asan iş deyildi.
Başçısını itirmiş ailə maddi və mənəvi
cəhətdən çıxılmaz vəziyyətə
düşmüşdü. Üstəlik, çətinliklə
yetişdikləri İstanbulda gözlənilmədən daha
bir bəd xəbər almışdılar - həyatının
son illərində müxtəlif xəstəliklərdən əziyyət
çəkən Əbdülbəhanın artıq haqqın
dərgahına qovuşduğunu eşitmişdilər.
Onun
ölümü ilə bəhai ierarxiyasında "dinin
üç sütununun" (Bab, Bəhaulla, Əbdülbəha)
liderlik dövrü başa çatmışdı. Oğlan
övladları kiçik yaşda öldüyündən
Əbdülbəha vəsiyyətnaməsində dinin
Mühafizi kimi bəhai İşini davam etdirməyi sevimli
qız nəvəsi Şövqü Əfəndinin (1897-1957)
öhdəsinə buraxmışdı. Həmin dövrdə
24 yaşlı Şövqü Böyük Britaniyada, Oksford
universitetində təhsil alırdı. Təbii ki, Hayfaya
qayıdıb vəziyyəti müəyyən qədər
qaydaya salandan sonra Mirzə Ələkbərin ailəsi ilə
bağlı babasının qərarına
sadiq qaldı. Başqa cür də ola bilməzdi. Fatimə
xanım iki oğlu ilə onun himayəsi altında
yaşamağa başladı.
Şövqü
Əfəndi həm də atasız uşaqların bir
çox qayğılarını üzərinə
götürdü. Onların yaxşı təhsil almaları,
zamanla bəhai iyerarxiyasında layiqli yer tutmaları
üçün əlindən gələn hər şeyi
etdi. Mirzə Ələkbərin xatirəsinə ehtiram
nümayişindən də heç vaxt geri çəkilmədi.
Çox səciyyəvidir ki, 1923-cü il yanvarın 9-da
Bakı bəhailərinin Ruhani Məclisinə
ünvanlandığı məktubda heç biri artıq həyatda
olmayan Əbdülbəha ilə Mirzə Ələkbərin
adlarını qoşa çəkmiş, "dinin
yayılması sahəsindəki xidmət və zəhmətləri
baxımından" azərbaycanlı bəhaini
babasının sadiq, həqiqi
dostu, silahdaşı kimi minnətdarlıqla
xatırlamışdı. Yerli bəhailəri çətinlik
və təqiblərə baxmadan onun işini davam etdirməyə
çağırmışdı.
Taleyin hökmü ilə
bütün həyatını vətəndən uzaqlarda
keçirən Məmmədxanov - Naxçıvanilər nəsli yalnız 70 illik fasilədən
sonra yenidən Bakı ilə əlaqələri bərpa edə
bilmişdi. Əli Naxçıvani bu barədə yazır:
"1991-ci ildə Sovet İttifaqının süqutu və Azərbaycanın
müstəqillik qazanması nəticəsində zövcəm
Violetta Naxçıvani Amatul Bəha Ruhiyyə xanımla
(1910-2000, Şövqü Əfəndinin zövcəsi, Kanada əsilli
bu amerikan qadının həqiqi ad və soyadı Meri Maksvell
idi - V.Q.) birlikdə ölkəyə gələ bilmişdi.
Bakıdakı bəhai icmasının üzvləri onlara
danışmışdılar ki, ailəmiz Azərbaycanı tərk
edərkən atamın kağızlarını özü ilə
apara bilməyən anam sonradan geri almaq şərti ilə onu
etibarlı dostlar arasında paylamışdı. Amma rejimə
təhlükə hiss edən sovet xüsusi xidmət
orqanlarının əməkdaşları həmin vaxtlar hər
yerdə, xüsusən də bəhailərin mənzillərində
fasiləsiz axtarışlar aparırdılar. Azərbaycanda vəziyyət
günü-gündən pisləşirdi. Bəhailər isə
daim hədəfdə idilər. Odur ki, atamın arxivini
qoruyub-saxlamağı vəd edən dost-tanış həbslərinə
əsas verə biləcək sənədlərin izini itirməyi
daha üstün tutmuşdu. Nəticədə atamdan qalan
kağızların çox hissəsi həmişəlik yoxa
çıxmışdı".
Əli
Naxçıvani
Atası
barədə bioqrafik əsər üzərində işləməyə
başlarkən fakt-sənəd qıtlığının
yaratdığı çətinlikləri daha kəskin şəkildə
hiss etmişdi. Bu baxımdan "Mirzə Ələkbər
Naxçıvani" kitabının giriş hissəsindəki
etirafı çox təbii görünür: "Mən daim
üzərimə götürdüyüm işin öhdəsindən
gələcəyimə ümid edir, buna can atırdım.
Lakin atamın bioqrafiyasını yazmaq qərarım qətiləşəndə
onu şəxsən az-çox tanıyan yalnız bir neçə
nəfər insanın həyatda olduğu aşkara
çıxdı. Tarixi sənədlərin
kasadlığı və şəxsi məlumatların
yoxluğu üzləşdiyim ən böyük çətinlik
oldu. Təbii ki, atamla bağlı məsələlərdə
anamız bizdən ötrü həmişə çox qiymətli
məlumat mənbəyi idi. Üstəlik də, bildiklərini,
xatırladıqlarını həvəslə
bölüşürdü. Lakin o, sadəcə beş il
sürən birgə həyatdan sonra dul qalmış və bolşevik
inqilabı ərəfəsində (əslində inqilabdan
sonra - V.Q.) ölkəni tərk etməyə məcbur
olmuşdu. Nəticədə Bakı bəhailəri və
atamın Azərbaycanda qalan qohumları ilə bütün əlaqələr
kəsilmişdi. Bilirdim ki, anamın ərinə aid əksər
sənədləri orada qoyub gəlməkdən başqa bir
çıxış yolu olmamışdı. Həmin sənədlər
isə terror hakimiyyəti dövründə məhv
edilmişdi. Nəticədə atamın həyatının əhatəli,
dolğun və hərtərəfli təsvir imkanları həmişəlik
itirilmişdi. 1939-cu ildə anamız da vəfat edəndən
sonra artıq atam haqqında hansısa məlumata malik olan bir
kimsə qalmamışdı. Lakin Şövqü Əfəndi
özü dəfələrlə bizə atamın bəhai
İşinin yayılmasındakı fəaliyyətindən
söz açmış, qardaşımla məni daim
valideynimizin Amalımıza şərəfli xidmətini
öyrənməyə və davam etdirməyə
ruhlandırmışdı".
Mirzə
Ələkbər həqiqətən də şəxsi
nümunəsi ilə övladlarının həyat yoluna
işıq salmış, onların yalnız din və inanc
deyil, insanlıq, yüksək mənəvi keyfiyyətlər,
səmimilik, haqq-ədalət, dostluğa sədaqət
baxımından da oriyentiri olmuşdu.
***
Yuxarıda
atası haqqında kitabına sıx-sıx müraciət
etdiyim Əli (Əliullah) Naxçıvani 1919-cu il
sentyabrın 17-də Bakı yaxınlığındakı
Şüvəlan kəndində doğulmuşdu. Azərbaycanla,
kiçik vətəni Ordubadla
bağlılığını heç vaxt yaddan
çıxarmasa da, 2-3 yaşından etibarən bəhailərin
mərkəzi sayılan Hayfada, sonra isə dünyanın
çeşidli ölkələrində yaşayıb
ömrü boyu inancına xidmət etmişdi.
Yuxarıda
da qeyd olunduğu kimi, həm onun, həm də böyük
qardaşı Cəlalın uşaqlıq və yeniyetməlik
həyatı, təlim-tərbiyəsi bəhai mühitində,
Şövqü Əfəndinin
himayəsi altında keçmişdi. Hər iki
qardaş ilk təhsillərini Yezuitlər ordeninin Hayfada yerləşən,
dərslərin fransız və ərəb dillərində
aparıldığı College des Freres (Bab əl-Louk) adlı
məktəbində almışdılar. Beyrutda Amerikan
universiteti yanındakı orta məktəbi tamamladıqdan
sonra ikisi də eyni universitetdə ingilis dili və ədəbiyyatı
üzrə bakalavr kursunu parlaq uğurla başa vurmuşdu.
Əli
və Violetta Naxçıvanilər
1937-ci
ildə Şövqi Əfəndinin məsləhəti ilə
böyük qardaş Cəlal və
anası Fatimə İrana köçmüşdülər.
İki il sonra Fatimə xanım tarixi vətənində vəfat
etmişdi. Cəlal Naxçıvani isə orduda icbari hərbi
xidmətini başa vurub İran Milli Bankında işə qəbul
edilmişdi. Qısa müddətdə mənsəb pillələri
ilə sürətlə irəliləyib bankın Xarici Sərmayələr
Departamentinin rəisi vəzifəsinə yüksəlmişdi.
Afrika qitəsində bəhailiyi yaymaq məsələsi ortaya
çıxanda Şövqü Əfəndinin təşəbbüsünə
könüllülük şəkildə ilk qoşulanlardan
olmuşdu. 1950-ci ilin oktyabrında kiçik bəhai qrupunun tərkibində
Dar-əs-Salamda (indiki Tanzaniya) fəaliyyətə
başlamışdı. Bir neçə aydan sonra ailəsi -
xanımı ilə kiçik yaşlı qızları Mona və
Hoda da ona qoşulmuşdular. Oğlu Ramin isə Tanzaniyada
doğulmuşdu.
Qızı
Mona Bossi-Naxçıvaninin yazdığına görə,
ilk vaxtlar çox çətin idi: "İki il ərzində
Cəlalın heç bir rəsmi işi yox idi, heç yerdən
maaş almırdı. Ailəsini dolandırmaqdan ötrü
dar gün üçün yığdığı
pulları xərcləməli olmuşdu. Şərqi
Afrikanın istisi dəhşətli idi. Lakin belə şəraitdə
də hər gün onun söhbətlərini dinləməyə
xeyli adam gəlirdi və əla nəticələr
alınmışdı. Evimiz afrikalı dostlar
üçün bir yerə yığışmaq, Bəhaullanın
ürəkləri ehtizaza gətirən mesajlarını dinləyib
qəbul etmək baxımından bir əlaqələndirmə
mərkəzi idi. Cəlal sevimli Mühafizin (Şövqü
Əfəndi - V.Q.) təşəbbüsü ilə həyata
keçirilən "On illik səlib
yürüşünün" (bəhailiyin dünya
miqyasında yayılması planı - V.Q.) ilkin mərhələsində
Afrikaya gələn çoxsaylı bəhai
könüllülərini qarşılayıb yerbəyer etmək
işinin təşkilatçısı idi. Vəziyyətin
ağırlığına, ortaya çıxan çətinliklərə
baxmayaraq, hər cür şəraitə uyğunlaşmaq
bacarığı və həyatsevər
nikbinliyi ilə istənilən problemin öhdəsindən gəlməyi
bacarırdı. Allahın İşinin Şərqi Afrikada
yayılması üçün lazım olan hər şeyi
edirdi". Cəlal Naxçıvani Tanzaniyada ilk yerli bəhai
Ruhani Cəmiyyətinin qurucuları sırasında yer
almışdı. 1954-cü ildə isə Mərkəzi və
Şərqi Afrika Milli Ruhani Cəmiyyətinə
seçilmişdi. Bəhailiyi yaymaq işini Madaqaskar, Zənzibar, Konqo, Mavritaniya və Komor
adalarında da uğurla davam etdirmişdi.
Afrikada
17 illik fəaliyyətdən sonra 1967-ci ildə Qərbi
Almaniyaya köçmüşdü. 1978-ci ildən isə
xanımı ilə birlikdə Kanadada, qızının
yanında yaşamağa başlamışdı. Hər iki
ölkədə yerli bəhai icmasının liderlərindən
biri kimi tanınmışdı. Cəlal Naxçıvaninin vəfatı
(9 may 1982) münasibəti ilə yuxarıda adını
çəkdiyim qızı Mona "The Bahai World" illiyinin
XVIII cildində (səh.797-801) onun ömür yolu və xidmətlərindən söz
açan nekroloq-məqalə dərc etdirmişdi.
Atasının həyat hekayəsini oxucularla bölüşən
müəllif "həqiqi böyük insanlar Cəlal
Naxçıvani kimi özləri dünyada olmayanda da xatirələri
yaddaşlardan silinməyən şəxsiyyətlərdir"
- qənaətinə gəlmişdi. Nəslin
davamçıları hazırda Kanada, Almaniya, Fransa və Birləşmiş
Ştatlarda yaşamaqdadırlar.
Əli
Naxçıvani Ümumdünya Ədalət Evi Ali Şurasının
9 üzvü arasında (birinci sıra, sağdan birinci).
Kiçik
qardaş Əli Naxçıvani də Şövqi Əfəndinin
çağırışı ilə 1939-cu ildə İrana
köçüb təxminən 12 il ərzində Tehran, Təbriz,
Şiraz kimi böyük şəhərlərdə
yaşamışdı. Həmin dövrdə ölkədə
hələ nisbətən leqal fəaliyyət göstərmək
imkanına malik olan bəhai qurum və quruluşlarının
işində yaxından iştirak etmişdi. 1950-ci ildə
İran bəhailərinin ali orqanına - Milli Ruhani Məclisinə
üzv seçilmişdi. Bəhailiyi qəbul edən, sonralar
Ümumdünya Ədalət Evinə üzvü olan İraq yəhudisi
Musa Bananinin qızı Violetta (1928-2011) ilə ailə
qurması da həyatının İran dövründə
baş vermişdi. Bu nikahdan onların müasir ingilisdilli ədəbiyyatın
görkəmli nümayəndəsi kimi tanınan
feminist-yazıçı Bəhiyyə Naxçıvani (1948)
və Mehran Naxçıvani (1954) adlı iki övladı
doğulmuşdu. Yaradıcı fəaliyyətlə məşğul
olan və bir sıra kitabların müəllifi kimi tanınan
xanımı ilə müxtəlif ölkələrdə 60
ildən çox bəhai təliminin yayılması yolunda
birgə çalışmışdılar.
Onilliklər
boyunca davam edən marafon 1951-ci ildə Şərqi Afrikadan -
Uqandadan başlanmışdı. Nə üçün məhz
bu ölkə seçilmişdi? Həmin dövrdə Uqanda
Böyük Britaniya protektoratı idi. Oksford məzunu
Şövqü Əfəndinin Bukinqem sarayı ilə sıx
əlaqələri vardı. Nəticədə bəhai
emissarlarının Britaniya asılılığında olan
Afrika ölkələrində sərbəst fəaliyyətinə
şərait yaradılmışdı. Əslində bu,
ingilislər üçün də sərfəli idi.
Çünki afrikalılar arasında hətta dini zəmində
də olsa müəyyən yayındırıcı fəaliyyətin
təşkili onların mümkün birlik, konsolidasiya meyllərinin
qarşısını almaq baxımından müstəmləkə
siyasətinin maraqlarına cavab verirdi. Əli Naxçıvani
müəllim və mühazirəçi kimi Uqandada ciddi
maarifçilik işi ilə yadda qalmışdı. 1957-ci ildə
Afrika bəhailərinin ilk qara dərlili lideri, Bəhaullanın
Cəngavəri tituluna layiq görülən Enoh Odinqa ilə
(özü, arvadı və üç övladı 1979-cu ildə
Uqanda diktatoru İdi Aminin əmri ilə qətlə
yetirilmişdi - V.Q.) birlikdə Kampalada ilk bəhai İbadət
evinin təməlini qoymuşdu.
1953-cü
ildə isə o, xanımı Violetta və daha üç nəfər
afrikalı bəhai Uqanda-Kamerun sərhədini keçib bəhailiyi
qonşu ölkədə də yaymağa
başlamışdılar. Eyni zamanda Nigeriya, Britaniya və
Fransa Toqosu, Aşanti Protekratı kimi ərazilərdə
çalışan bəhai könüllülərinin fəaliyyətini
koordinasiya etmişdi. 2003-cü ildə artıq dünya
birliyinin tamhüquqlu üzvü kimi tanınan Kamerun ilk bəhai
icmaları yaranmasının 50 illiyini təntənəli
şəkildə qeyd edəndə Əli və Violetta
Naxçıvanilər şərəf qonağı kimi mərasimə
dəvət olunmuşdu. Minlərlə afrikalı
ardıcıllarının böyük coşqu ilə
qarşıladığı bəhai veteranı yarım əsrdə
keçilən yolun mühüm mərhələlərindən
danışmış, həyəcanlı xatirələrini
bölüşmüşdü.
Əli
Naxçıvani 1954-1961-si illərdə bəhailiyin Afrikada
Yayılmasına Yardım Fondunun üzvü olmuşdu.
1956-1961-ci illərdə də Mərkəzi və Şərqi
Afrika bəhailəri Milli Ruhani Cəmiyyətinə
seçilmiş, yerli idarəçilikdə fəal
iştirak etmişdi. Şövqü Əfəndinin
ölümündən sonra kollegial rəhbərlik sisteminin bərqərar
olması nəticəsində o, 1961-ci ildə Ümumdünya
Ədalət Evinin sələfi sayılan Beynəlxalq Bəhai
Şurasına gətirilmişdi. İki il boyu qurumda bir
sıra yüksək vəzifələr tutandan sonra
Ümumdünya Ədalət Evi Ali Şurasının doqquz
üzvündən biri olmuşdu. Beləliklə də,
planetin beş qitəsində, iki yüzdən artıq ölkədə
yayılan və ümumi sayları 5-8 milyon nəfər təxmin
edilən dünya bəhai icmasının liderlərindən
birinə çevrilmişdi. Dalbadal səkkiz dəfə eyni
yüksək vəzifəyə seçilərək qırx
il fasiləsiz Ali Şurada
çalışmışdı.
Yalnız 2002-ci ilin noyabrında yeni seçkilərə
qatılmaq istəmədiyini bildirib öz istəyi ilə
istefaya çıxmışdı. Amma həmkarlarının
yekdil rəyi nəticəsində daha altı ay vəzifəsinin
icrasını davam etdirmişdi.
"Bahai
World News Service" bülleteni bu barədə 29 aprel
2003-cü il tarixli sayında qocaman üzvünün fəaliyyətindən
təqdirlə söz açan məlumat yaymışdı.
İstər Ümumdünya Ədalət Evində
çalışdığı dövrdə, istərsə də
həyatının son illərində lider və ictimai xadim
kimi mühüm işlər görmüşdü.
Çoxsaylı kitab və məqalələri ilə
yanaşı, youtube.com portalında Əli Naxçıvaninin
yalnız bəhailik deyil, bəşəriyyətin
qarşısında dayanan ümdə vəzifələr,
insanların birliyi, beynəlxalq sülh və s. mövzularda
biri-birindən maraqlı söhbətlərini dinləmək
mümkündür.
Əli
Naxçıvani 2006-cı ildə Azərbaycan Bəhai Mərkəzinin
təşkil etdiyi Bakı Forumunda çıxış edərkən
Nisbi
sərbəstlik qazandığı 2003-cü ildən sonra
Əli Naxçıvani əsasən elmi-bədii
yaradıcılıqla məşğul olmuş, müxtəlif
bəhai nəşrlərində məqalə və xatirələr
çap etdirmiş, aktual televiziya proqramlarına
qatılmışdı. 2005-ci ildə onun ingilis dilində
yazdığı fəlsəfi-siyasi məzmunlu "Dünya
nizamına doğru" (Bahai Publications, Australia), növbəti
ildə isə "Şövqü Əfəndi: Maarifləndirmə
planını müəllifi" (Casa Editrice, Bahai İtalia),
"Əhdin gücü" (orada), habelə
"Şövqü Əfəndi: Qələminin tutumu və
qüdrəti" (orada) kitabları çap olunmuşdu.
Adları çəkilən əsərlər sadəcə
missioner ədəbiyyatı nümunələri deyildi.
Yalnız bəhailər üçün nəzərdə
tutulmamışdı. Dünyanın sabahı, bəşəriyyətin
gələcəyi, insan nəslinin taleyi ilə bağlı
suallara cavab axtaran hər kəs onlara üz tuta bilərdi.
Müxtəlif
mənbələrdə adətən "Azərbaycan (Ordubad,
Naxçıvan) doğumlu İran bəhai lideri" kimi təqdim
edilən Əli Naxçıvani 85 illik ayrılıqdan sonra
tarixi vətəninə ilk və son dəfə 2006-cı ilin
noyabrında gəlmişdi. Azərbaycan Bəhailəri Dini Mərkəzinin
təşəbbüsü ilə keçirilən "Gələcək
dünya sivilizasiyası: Kiçik və Böyük
Sülh" adlı beynəlxalq görüşdə
geniş məruzə ilə çıxış etmişdi.
Bəhailiyin mənəvi-fəlsəfi aspektlərinə
toxunan bəhai veteranı bildirmişdi ki, mənsub olduğu
dini təmayülün nümayəndələri gerçəkliyə
münasibət baxımından həm praktik, həm də
müəyyən mənada utopistdirlər: "Onlar müxtəlif
fikir və xəyallarla yaşayırlar. Çünki bəşəriyyətin
gələcəyi barədə nikbin düşünürlər.
Ruhaniyyətsizlik, mənəviyyatsızlıq neqativ prosesin
ünsürləridir. Bəhailiyin yaradıcısı Həzrət
Bəhaulla çağdaş dünyada mənəvi
aşınmanın kökünü iki səbəbdə
görürdü: birincisi, bəşəriyyət dindən,
Allahdan üz döndərib. İnsanların bir qismi Allahdan
uzaqlaşıb, digərləri isə dini radikalizm, fanatizm, hətta
terrorçuluqla eyniləşdirirlər. Fikirləşirlər
ki, bütün bunlar dinin tərkib hissəsidir. Həzrət
Bəhaullanın gələcəklə bağlı
baxışına görə, indi içərisində
olduğumuz proses hələ bir müddət də davam edərək
dünyada hərc-mərclik və çaşqınlıq
yaradacaq. Hərc-mərcliyin kökləri o qədər dərinə
işləyəcək ki, insanlar daha bu şəraitə tab gətirə
bilməyəcəklər. Yalnız o zaman bəşəriyyət
problemləri ruhaniyyətin köməyi ilə həll etmək
yolunu seçəcək. Təəssüf ki, biz hələ də həmin nöqtəyə
çatmamışıq".
Bakıda
olarkən Əli Naxçıvani atası Mirzə Ələkbərin
məzarını ziyarət etmiş, görüş və
söhbətlər zamanı valideyni barəsində kitab yazmaq
niyyətində olduğunu bildirmişdi. Lakin bütün səylərinə
baxmayaraq, yuxarıda da qeyd etdiyim kimi, tarixi vətənində
mövzu ilə əlaqədar lazımi sənəd və
materiallar tapa bilməmişdi. Nə qədər kədərli
olsa da, dünya bəhai dairələrində Əbdülbəhanın
yaxın silahdaşlarından biri kimi məşhurlaşan
atasının doğma vətəni Azərbaycanda
tanınmadığı və artıq çoxdan unudulduğu qənaətinə
gəlmişdi.
Lakin
istənilən halda kitab yazmaq fikrindən
daşınmamışdı. 2012-ci ildə, tərkibində
Mirzə Ələkbərin də olduğu ilk bəhai heyətinin
Şimali Amerika səfərinin 100-cü ildönümündə
Birləşmiş Ştatları ziyarət etməsi niyyətini
yenidən gündəliyə gətirmişdi. Həyatının
son illərində üzərində işlədiyi "Mirzə
Ələkbər Naxçıvani" kitabı
ölümündən bir il əvvəl - 2018-ci ildə
çapdan çıxmışdı. Həmin vaxt Əli
Naxçıvaninin artıq 99 yaşı vardı və
çox ehtimal ki, bu yaşda əsər yazıb nəşr
etdirən müəllif kimi Ginnesin məşhur Rekordlar
kitabına da düşə bilərdi.
Əli
və Violetta Naxçıvanilər hələ Hayfada
yaşadıqları 1999-cu ildə Lüksemburq vətəndaşlığını
qəbul etmişdilər. Xanımını itirəndən
(2006) sonra isə bəhai lideri ömrünün son illərini
Fransada, Strasburq yaxınlığındakı kiçik
Molsheym şəhərində keçirmişdi. Ailə
mühitində, yaxınlarının və
doğmalarının çevrəsində
qutladığı 100 yaşının tamamından
üç həftə sonra - 2019-cu il oktyabrın 11-də vəfat
etmişdi. Ölümü münasibəti ilə dünya bəhai
icmasının rəsmi xəbər bülleteni sayılan
"Bahai World News Service" jurnalı elə həmin gün
Ümumdünya Ədalət Evinin nekroloqunu
yaymışdı. "Biz Allahın İşinə fasiləsiz
xidmət sayəsində özündən sonra böyük
irs qoyub gedən qeyri-adi şəxsiyyətin itkisindən
doğan dərin kədər hissini yaşayırıq" -
sözləri ilə başlayan vida yazısında Əli
Naxçıvaninin ömür yoluna nəzər
salınmış, şəxsiyyətinə və çoxcəhətli
fəaliyyətinə, elmi və ruhani irsinə hərtərəfli
qiymət verilmişdi. Dostlarının xahişi və
Ümumdünya Ədalət Evinin tövsiyəsi ilə
dünyanın beş qitəsində yerləşən
bütün bəhai İbadət evlərində Əli
Naxçıvaninin xatirəsi yad edilmişdi.
Həmkarı,
xanım Noemi Robiati "The Bahai World" jurnalında və
"Bahai blog"da dərc olunan "Əli
Naxçıvanınin xatirəsinə" adlı başdan
başa rəğbət və səmimiyyətlə
yoğrulmuş məqaləsində yazırdı: "Cənab
Naxçıvani heç vaxt sevimli valideynlərinin və əziz
qardaşı Cəlalın adları çəkilmədən
özünün də xatırlanmasını istəmirdi.
Onun atasına, xüsusən də anasına olan böyük
məhəbbəti həqiqətən də təsvirə gəlməz
idi. Göstərdiyi heç bir xidməti, qazandığı
heç bir nailiyyəti, əldə etdiyi heç bir uğuru
onlardan kənarda təsəvvürünə gətirmirdi. Hər
təsadüfdə valideynlərinin xeyir-duasını yada
salırdı, göstərdikləri qayğı və sevgi
üçün ürəyi daim onlara şükranla dolu idi.
Uzun ayrılıqdan sonra axirət dünyasında yenidən
bir araya gəlmələrinin sevincini xəyalımda
canlandıra bilərəm".
Noemi
Robiati daha sonra həmkarının mənəvi və ruhani
keyfiyyətlərindən bəhs edərək onun əzm və
iradəsini, səmimiyyət və
işgüzarlığını, əqidəsinə
bağlılığını yüksək qiymətləndirmişdi:
"Cənab Naxçıvani yorulmaq bilməyən insan, məğlubedilməz
güc sahibi idi. Acutoda (İtaliyada, Florensiya yaxınlığında
kiçik şəhər, bəhai Yay məktəbinin məşğələləri
adərən burada keçirilir - V.Q.) qaldığı
müddət ərzində o, günbəgün gəncləri
Müqəddəs mətnləri öyrənməyə, daim
birlikdə olmağa, İşimizi müdafiə etməyə,
dostlarına yardım əli uzatmağa, öyrəndiklərinin
təfərrüatına varmağa, dinimizlə bağlı
bilik dənizinin dərinliklərinə baş vurmağa
ruhlandırırdı. O, günün və gecənin istənilən
vaxtında istənilən suala cavab verməyə, mübahisəyə
qoşulmağa, ortaya çıxan şübhə və tərəddüdləri
dağıtmağa hazır idi. Həm də bütün bunları
bir məqsədlə edirdi ki, gənc nəsillər
İnamımızın kökünü gələcəyə
daha böyük əminlik və ləyaqətlə
daşısınlar".
Məqalə
müəllifi Konqoda binasını qoyduğu təhsil müəssisələrindən birinin qurucusunun şərəfinə
"Naxçıvani məktəbi"
adlandırıldığını, hətta
"Naxçıvani" soyadlı afrikalıların
olduğunu da diqqətə çatdırmışdı:
"Afrikada onun adını daşıyan uşaqlar da yetərincə
çox idi. Çünki yerli ənənəyə görə,
əgər bir adamın həyatında müəyyən rolun
olubsa, o, öz övladına mütləq sənin
adını verir. Odur ki, burada soyadı Naxçıvani olan
çox adama rast gəlmək mümkündür. Ən
başlıcası isə adamlar onun ruhunu - bütün bu illər
ərzində işinə sonsuz sədaqət və yorulmaz
xidmətlə yadda qalan ruhunu yaşadırlar. Ona Konqoda,
xüsusilə də adını daşıyan məktəbdə
yüzlərlə balaca "Naxçıvaninin"
olduğunu deyəndə gülümsəyir, bəzən də
ucadan gülürdü. Bu məktəb qurucusunun xatirəsini
yaşatmaq üçün "Naxçıvani
günü" təsis etmişdi. Mən onun müxtəlif
Afrika ölkələrində yaşayan, üzlərini
heç vaxt görmədiyi dostlarından çoxlu sayda məktublar
alıram. Onların hamısını əsl həyata,
yaşamağa və çalışmağa ruhlandıran
Əli Naxçıvani olub"
Əli
Naxçıvaninin youtube.com kanalında yayılan çoxlu
sayda video proqramları, mühazirələri, görüş
və söhbətləri onu yüksək intellekt və dərin
məntiqə malik, humanist, alicənab, dini və dünyəvi
məsələləri dərindən bilən və ilahi həqiqət
mövqeyindən qiymətləndirən filosof-ziyalı,
göründüyü kimi olan və olduğu kimi
görünən insan adlandırmağa tam əsas verir.
(Davamı
qəzetin gələn şənbə sayında)
Vilayət
QULİYEV
525-ci qəzet .- 2024.- 28 dekabr(№240).-S.10-11.