Qələmsiz yazılanlar
status-esselər
COP29-un uğurla başa çatması təbrikə,
təşəkkürə və minnətdarlığa
layiqdir. Bu qədər böhtanların, təzyiqlərin
qarşısında belə ağır bir tədbirin tarixi nəticələrlə
yekunlaşması cənab Prezidentin apardığı əzmkar,
təmkinli, ardıcıl siyasətin və bu siyasəti
reallaşdıran çevik komandanın böyük enerjisi
sayəsində mümkün oldu.
lll
Xalq yazıçısı Anar Prezident İlham Əliyevə
müraciət etdi və COP29-u Azərbaycanın
Üçüncü tarixi qələbəsi
adlandırdı:
"44 günlük Zəfər savaşından və
23 saatlıq antiterror əməliyyatından sonra COP29-un
Bakımızda belə möhtəşəm keçirilməsi
şəxsən Sizin, xalqımızın, müstəqil
dövlətimizin Üçüncü tarixi qələbəsidir".
lll
Azərbaycan mətbuatının və ictimai fikrinin
görkəmli simaları öz maarifçilik ideyaları və
əzmkar fəaliyyətləri ilə xalqımızın
taleyində misilsiz rol oynayıblar. Ən çətin şəraitdə
belə doğma xalqın maariflənməsi, cəhalət və
xurafatdan qurtulması yolunda onların fəaliyyətinin önəmi
misilsizdir. Müstəqil dövlətimizin qurulması yolunda həmin
şəxsiyyətlərin zehinlərə və qəlblərə
əkdikləri maarif toxumları vacib rol oynayıb. Möhkəm
zəmin, sağlam təməl üzərində pərvəriş
tapmış mətbuatımız bütün dövrlərdə
ana dilimizin saflığının qorunması naminə də
böyük xidmət göstərib.
"Azərsun Holdinq"in mətbuatımızın
150 illiyi ilə bağlı hazırladığı təqvim
son dərəcə gözəl təşəbbüsdür,
çox gərəkli işdir. Mətbuatımızın 150
illiyini bayram etdiyimiz 2025-ci ildə o fədakar insanların belə
bir orijinal təqvimlə xatırlanmasına, onların hər
ay, hər gün iftixarla yada salınmasına vəsilə
olmaq dərin minnətdarlığa layiq addımdır.
Çünki milli mətbuatımızın banisi, ilk anadilli
qəzetimizin redaktoru Həsən bəy Zərdabi başda
olmaqla, xalqımızın tarixi inkişafında müstəsna
rol oynamış böyük şəxsiyyətlərin bu təqvimdəki
simalarına baxdıqca insanı yenidən daxili rahatlıq,
güclü inam, haqlı qürur hissi bürüyür.
Şübhəsiz ki, bu dəyərli təqvim həm
bütün ilboyu, həm də sonralar ən müxtəlif
ünvanlarda vərəqlənəcək və onun səhifələrinə
diqqət yetirildikcə Azərbaycan mətbuatının və
ictimai fikrinin parlaq nümayəndələri dönə-dönə
qürurla, hörmətlə anılacaqlar. Beləliklə, o
görkəmli şəxsiyyətlərimizin çoxdan tarixdə
layiqli yerini almış şanlı fəaliyyət yolu,
işıqlı əməlləri bu təqvim sayəsində
bir daha yaddaşlara həkk olunacaq.
lll
Xeyirxah niyyətlə deyilən iradları qəzəblə
söyləməzlər.
lll
Susmaq da istedaddır, çoxlu keyfiyyətlər tələb
edir.
lll
Mərc oyunlarının hər aludəçisi
Dostoyevski olmur ki...
lll
Harınlıq haçansa cəzalandırılır...
lll
Payızın axırı bahar havası.
"Bakıda il ərzində 250-dən artıq
günəşli günün olmasında bizi suçlayanların"
acığına...
Günəşli günlərimiz bol olsun!
lll
Bu az inkişaf etmiş, kiçik ölkələr də
lap ağını çıxarıblar.
300 milyarda ağız büzürlər, trilyon istəyirlər.
Bəy verən atın dişinə baxmazlar.
lll
Havanın belə - bir saat soyuq, bir saat isti olması da
iqlim dəyişikliyinin fəsadlarıdır.
lll
Aldatmaq aldatmaqdır; istər İP naminə sərlövhəylə,
başlıqla aldat, istər çəkidə, qiymətdə
aldat, istərsə də məkrli niyyətlə
başqasına yalan deməklə.
lll
Lap cüzi şeylərlə də olsa insanları
sevindirmək mümkündürsə, buna
qızırqalanmayın.
lll
Gec, ya tez, dünyanın axırı gələcək.
lll
Bu günlərdə qardaş Türkiyə
Cümhuriyyətində səfərdə oldum, Elazığda
keçirilən ədəbi-ictimai tədbirlərdə
iştirak etdim. Elazığ Bələdiyyəsinin təşəbbüsü
ilə yaradılmış Harput Mətbuat Muzeyi məni
xüsusən təsirləndirdi. Bu muzey keçən il
açılıb və burada Türkiyənin mətbuat tarixi
ilə bağlı çoxlu sənədlər, maraqlı
eksponatlar toplanıb.
Elazığ Bələdiyyəsi 1750-ci ildə
inşa olunmuş, Harput bölgəsi
memarlığının ən gözəl örnəklərindən
biri sayılan Sağır Müftü malikanəsini Mətbuat
Muzeyinin ixtiyarına verib. Məlumdur ki, Harput qədim tarixə
malik şəhərdir və belə bir şəhərdə
bu muzeyin yaradılması mənə olduqca maraqlı gəldi.
Bələdçimiz bildirdi ki, bu, Türkiyədə mətbuatla
bağlı, sayca, 6-cı muzeydir və Harput bələdiyyəsi
sədrinin şəxsi təşəbbüsü ilə təşkil
edilib.
Türkiyə mətbuatının tarixi ilə
bağlı çox dəyərli məlumatlar öyrəndiyim
həmin məkanı qurub-ərsəyə gətirənlərə
minnətdarlıq duyğusu keçirə-keçirə
düşündüm ki, bizdə - zəngin mətbuat tarixinə
malik Azərbaycanda niyə belə bir muzey olmasın?
Qarşıdan Azərbaycan mətbuatının 150
illiyi gəlir. 19-cu yüzilliyin 70-ci illərindən etibarən,
Həsən bəy Zərdabi başda olmaqla, mətbuatımızın
fədakar nümayəndələri böyük əzmkarlıqla
çalışaraq, ən çətin dövrlərdə,
hətta sərt senzura zamanlarında da Azərbaycan mətbuatının
inkişafına nail olublar. Bilirik ki, bizdə mətbuatımızın
tarixi ilə bağlı son dərəcə qiymətli
materiallar, böyük bir dövrü əhatə edən
çeşidli araşdırmalar, mətbu orqanlarımıza
rəhbərlik etmiş şəxslər haqqında
sanballı tədqiqat əsərləri var.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin
üzvü, "Şərq" qəzetinin baş redaktoru
Akif Aşırlı artıq neçə illərdir ki, məhdud
imkanlarla, adıçəkilən qəzetin redaksiyasında
belə bir mətbuat muzeyi yaradıb və biz oranın
açılışında iştirak etmişik.
Yığcam otaqlarda Akif Aşırlının gərgin zəhməti
nəticəsində Azərbaycan mətbuat tarixinə dair
çoxlu sənədlər, eksponatlar nümayiş etdirilir.
Amma mətbuat tariximizlə bağlı bu cür eksponatlar
saysız-hesabsızdır və düşünürəm
ki, Azərbaycanda daha böyük, zəngin, milli mətbuat
tariximizə layiq muzeyin yaradılması tamamilə
mümkündür.
Harputda Mətbuat Muzeyini görəndən sonra ürəyimdən
keçdi ki, belə bir muzeyin məhz Azərbaycanın mədəniyyət
paytaxtı Şuşada, yaxud bizim gözəl şəhərimiz
Xankəndidə yaradılması yerinə düşər.
Fikrimcə, mətbuat ictimaiyyətimiz, tədqiqatçılarımız
bu muzeyin yaradılmasında həvəslə, fəal şəkildə
iştirak edərlər.
lll
Yaşamaq qəhrəmanlıqdır.
lll
Xoş təbəssüm yaratmaq istedad istəyir.
lll
Dünyanın başına nə gələcəyini
cəmi 5-10 adam bilir.
lll
Liftlərin harda dayandığını görə-görə
hər iki düyməni basan adamlar təhlükəli,
yalnız özünü düşünən,
başqalarını nəzərə almayanlardır.
lll
Elə edin ki, sizə həmişə inanaq.
Etibarınızı itirməyin.
lll
Adam var, on il görməsən də, yadına
düşməz.
lll
Ölkəmizə ziyan ola biləcək hansısa
hadisəyə o dəqiqə sevinən, çiçəyi
çırtlayan adamların cılızlığına,
yazıqlığına dərin təəssüf hissi
keçirib acımaqdan başqa bilmirsən nə edəsən.
lll
Xanım təyyarə kapitanının idarə etdiyi
təyyarədə də uçmaq qismət oldu.
lll
Tədbirlər ömrü didir.
lll
Telefonu söndürəndə elə bil qaranlıq
dünyaya düşürsən.
lll
Müdrik nəsihət: öz dənini özün
üyüt!
lll
Görürsən qatar gəlir, keçmə də!..
(Xalq artisti, kaman ustası Habil Əliyevdən iqtibas)
lll
Qazaxlar "sabahınız xeyir"ə
"xayırlı tan", "stop"a "toxta" deyir.
Daha qədim, daha anlamlı.
Türk birliyi həm də köhnə və gözəl
sözlərin dirilməsidir.
lll
Mənə "Kazaxstanın kurmetti
jazuşısı" adını verdilər...
Qazaxıstan Yazıçılar İttifaqının
sədri Mereke Kulkenova təşəkkür edirəm.
lll
İnformasiya burulğanı...
lll
Dua həmişə ürəkdən gəlir...
lll
"Arif adlı gənc sosial şəbəkələrdə
Nizami küçəsindən maraqlı kadr çəkib
paylaşıb".
Media savadlılığından danışdığımız
bir vaxtda, sosial medianın məsuliyyətsizliyini, qeyri-dəqiqliyini,
ona istinadın etibarsız olmasını təkrar-təkrar
söylədiyimiz bir zamanda bəzi media subyektlərinin Arif,
qeyri-Arif adlı naməlum bir gəncin yanlış xəbərini
tirajlaması təəccüb doğurur. "Arifin xəbəri"
təkzib olunsa da, başlığa bir sual işarəsi
qoymaqla məsuliyyətdən yayınmaq peşəkarlıqdırmı?
Ciddi mediaya yaraşarmı? Axı təmkinli və məsuliyyətli
olmaq daha çox etibar qazandırır.
Qeyri-dəqiqlik və məsuliyyətsizlik isə cameəni
hörmətdən salır, həmkarları utandırır.
lll
Fədakarlıq rəğbət yaradır, təsirləndirir,
gözləri yaşardır.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .- 2024.- 28 dekabr(№240).-S.9.