Qarabağ
savaşı və çağdaş ədəbiyyatımız
Azərbaycan xalqı son 50 ildə iki böyük
müharibə yaşayıb və ağrılı nəticələrin
şahidi olub: 1988-1994-cü illərdə baş vermiş
Birinci Qarabağ müharibəsi və 2020-ci ildə Böyük
Zəfərlə nəticələnən İkinci Qarabağ
müharibəsi. Bu müharibələr xalqın həyatında
dərin izlər buraxmaqla yanaşı, həm sosial, həm də
psixoloji baxımdan əhəmiyyətli dəyişikliklərə
səbəb olub.
Müstəqilliyimizin ilk illərində Sabir Əhmədlinin
"İyirmi yanvar hekayələri", Xalidə
Hasilovanın "Kəşfiyyatçı", "Yollara
yağan qərənfillər", İsi Məlikzadənin
"Məndən nigaran qalmayın", Vidadi Babanlının "Ana
intiqamı", Əlabbasın "Halal qan", Mehriban Vəzirin
"Müsahibə" və sair əsərlərdə təkcə
dövrün qan yaddaşına çevrilmiş hadisələr,
məşəqqətli talelər
deyil, həm də insanın daxili gücü, itkilər
qarşısında göstərdiyi mübarizə əzmi təsvir
edilir. Elçin Hüseynbəylinin "Ağ. Qara",
"Gözünə gün düşür"
kitablarında Qarabağla bağlı silsilə hekayələri
və "Qurdun Şərqisi" povesti, Aqil Abbasın
"Dolu" romanı, Elçinin "Bayraqdar" povesti,
Əli Səmədlinin "Gəlin gəlir" hekayəsi,
Varisin "Qırmızı ləçəklər"
romanı, Mustafa Çəmənlinin "Üç
yaşlı əsir" povesti, Orxan Fikrətoğlunun "Tək"
romanı, Kamran Nəzirlinin "Dördüncü
möhür" tarixi-psixoloji romanı, Nüşabə Məmmədlinin
"Zəngulə", "Qondarma qız" romanları,
Seymur Baycanın "Quqark" romanı, Fazil Güneyin
"Qara qan" romanı, Sevindik Mehmanın
"İşğal" trilogiyası və onlarla digər nəsr
əsəri Qarabağ həqiqətlərinə fərqli
rakursdan baxışların təzahürü idi. Bu əsərlər,
Azərbaycan xalqının yaşadığı tarixi həqiqətləri
ədəbi kontekstdə yaşatmaqla yanaşı, gələcək
nəsillərə ötürülməsi baxımından da
böyük dəyərə malikdir.
I Qarabağ müharibəsi ərəfəsində Azərbaycan
ədəbiyyatı və poeziyası xalqın milli ruhunu
oyatmaq, baş verəcək hadisələrə hazırlamaq və
insanları həmrəyliyə səsləməkdə
mühüm rol oynadı. Şairlərimiz dövrün
çətinliklərini və qarşıda gözlənilən
fəlakətləri öncədən hiss edərək,
öz əsərləri vasitəsilə xalqı xəbərdar
edir və mənəvi cəhətdən gücləndirməyə
çalışırdılar.
Bu dövrdə şeir yalnız sənət
forması olaraq deyil, həm də milli mübarizənin və
birliyin ifadəsi kimi çıxış edirdi. Hüseyn
Arifin "Göyçəlilər, dağılmayın
Göyçədən!" nidası, vətənin dəyərini,
yurd itkisinin ağrısını və vətənpərvərlik
hissini tərənnüm edən güclü bir
çağırış idi. Nəbi Xəzri "Çəkin
Qarabağdan qara əlləri" şeiri ilə vətən
torpağına göz dikənlərə öz etiraz səsini
yüksəldir, bu torpağa, onun milli-mənəvi dəyərlərinə
olan bağlılığını dilə gətirirdi. Xəlil
Rza Ulutürk isə "Silahlan" şeirilə artıq
müdafiə mövqeyindən çıxaraq xalqı fəal
mübarizəyə səsləyirdi.
Şairlərimizin bu kimi əsərləri yalnız o
dövrün milli ruhunu əks etdirmir, həm də müharibə
zamanı xalqın mənəvi dirənişini təmin edən
mühüm faktorlardan biri rolunda çıxış edirdi.
Onların yaradıcılığı ilə tarix yalnız
yazılmadı, həm də milli yaddaşda canlı şəkildə
yaşadıldı.
Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd
Araz, Nəbi Xəzri, Cabir Novruz, Sabir Rüstəmxanlı, Zəlimxan
Yaqub və başqaları ictimai-siyasi hadisələrə
öz münasibətlərini şeirlə ifadə edirdilər.
Qarabağ mövzusu Nəriman Həsənzadə, Fikrət
Qoca, Famil Mehdi, Vaqif Bəhmənli, Məmməd
İsmayıl, Məmməd Aslan, Hüseyn Kürdoğlu, İlyas Tapdıq, Ələmdar
Quluzadə, Vaqif Aslan, Adil Cəmil, Firuzə Məmmədli və
digər dəyərli qələm sahiblərimizin
yaradıcılığından həm bir vətən itkisi,
həm də mübarizə simvolu kimi əks olundu.
Zaman irəlilədikcə ədəbiyyatımızın
mövzu problematikası da zənginləşərək yeni qəhrəmanlıq
nümunələrini - 44 günlük Vətən müharibəsində
qazanılan tarixi Zəfəri işıqlandırmaq zərurətini
meydana gətirdi. 2020-ci ildə Azərbaycanın 44
günlük Vətən müharibəsi ilə əldə
etdiyi tarixi Zəfər, təkcə torpaqlarımızın
azadlığı deyil, xalqımız üçün milli
qürur və birlik nümunəsi oldu. 30 illik işğala,
yurdsuzluq ağrısına son qoyulması xalqımızın
əzmini, ruhunun sarsılmazlığını bütün
dünyaya nümayiş etdirdi. Bu Zəfər Ali Baş
Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və
rəşadətli Milli Ordumuzun şücaəti ilə
mümkün oldu. Əsgər və zabitlərimizin qəhrəmanlığı,
onların torpaqlarımız uğrunda göstərdiyi fədakarlıq
yalnız hərbi müstəvidə deyil, həm də milli
ruhun yüksəlməsi baxımından əbədi iz qoydu.
Bu mövzu gənc nəslin milli-mənəvi dəyərlər
ruhunda yetişməsində, vətənə
bağlılıq, mübarizə əzmi və qəhrəmanlıq
kimi keyfiyyətlərlə formalaşmasında mühüm
rol oynadı.
Müasir Azərbaycan ədəbiyyatında Vətən
müharibəsindən sonra qələbə sevincinin, milli
birliyin, Türkiyə-Azərbaycan
qardaşlığının, qəhrəman Azərbaycan əsgərinin
və şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsinin
poetik tərənnümünə geniş yer verilib.
"Qarabağ Azərbaycandır"
çağırışı isə həm siyasi, həm də
mədəni sahələrdə bir rəmz olaraq ədəbiyyatımızda
xüsusi yer alıb. Bu mövzu ətrafında qələmə
alınan şeirlərdə və nəsr əsərlərində
torpaq uğrunda döyüşən əsgərlərin qəhrəmanlığı,
xalqımızın birlik və əzmkarlığı poetik
dillə ifadə edilib. Bu əsərlər, həm
keçmişin ağrılarını unutmamağı, həm
də gələcək üçün böyük ümidlər
qurmağı təbliğ edir. Gənc şair Əli Bədirin
"Zəfər marşı", Vaqif Aslanın "Anam, mən şəhid
oldum...", Vahid Əzizin savaş sırasında qələmə
aldığı "Qara bulud, sonra ələn...",
Xanım İsmayılqızının əsgərlərə
xitabla yazdığı "Geri dön" şeiri, Vaqif Bəhmənlinin
"Vətən əsgəri", "Gözünə
dönüm", "Şairin sübh duası", Məmməd
İsmayılın "Azərbaycan əsgəri",
Elçin Mirzəbəylinin "Azərbaycan əsgəri",
Əyyub Qiyasın "Diriliş marşı" şeirləri
kimi əsərlər qəhrəman əsgərlərimizi
Böyük Zəfərə ruhlandırırdı.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan
ədəbiyyatı yeni bir dövrə qədəm qoydu. Vətən
mücadiləsinin, qazanılan Zəfərin və şəhidlərin
xatirəsinin əbədiləşdirilməsi məqsədilə
hissləri qısa mətnlərə sığmayan şairlərimiz
bu tarixi hadisələri daha geniş poetik ölçüdə
təsvir etməyə çalışdılar. Poema janrı
bu məqsədə ən çox xidmət edən vasitələrdən
biri oldu.
Sabir Rüstəmxanlı İkinci Qarabağ
müharibəsinə həsr olunmuş ilk poemanı yazaraq bu ədəbi
cəbhədə öncül müəlliflərdən biri
kimi yadda qaldı. Onun "Qarabağa dönüş"
poemasının tərkib hissəsi olan və Vətən
müharibəsinin davam etdiyi günlərdə
yazılmış "Qələbə tvitləri"
şeirində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə aparılan müharibənin şanlı qəhrəmanları
tərənnüm olunub:
Bu bizim haqq işimiz, ədalət savaşımız,
İntiqam ala-ala dikələcək başımız.
Vur, əsgərim, vur! - deyə əmr eləyir
Komandan,
Qoy bir də yurdumuza tökülməsin nahaq qan.
Qayıtsın Qarabağa yenə xoşbəxt
çağımız,
Başımızın üstündə üçrəngli
bayrağımız!
44 günlük Vətən müharibəsi ilə ədəbiyyatımızda
ilk dəfə "Qalib Rəhbər" obrazı bədii təsvir
vasitəsi ilə geniş şəkildə əks olundu.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Zəfər
yolundakı qətiyyəti, sarsılmaz iradəsi və
xalqı bir araya gətirən liderlik keyfiyyətləri ədəbi
əsərlərdə böyük ruh yüksəkliyi ilə
təsvir edildi.
Müharibə dönəmində Azərbaycanın
yanında olan qardaş Türkiyə və onun prezidenti Rəcəb
Tayyib Ərdoğan da bu əsərlərdə dərin minnətdarlıqla
xatırlandı. Türkiyə-Azərbaycan
qardaşlığı, "Bir millət, iki dövlət"
şüarının həqiqi mənasının 44
günlük müharibədə özünü göstərməsi
və iki ölkənin liderlərinin birlik nümayişi
şeirlərdə və digər ədəbi nümunələrdə
məmnuniyyətlə tərənnüm olundu.
Vahid Əzizin "Heyrət səcdəsi", Abuzər
Turanın "Müqəddəs
Qalib Üçlük "Zəfər nəğməsi",
Zahid Xəlilin "Dəmir yumruq dastanı" Azərbaycan-Türkiyə
birliyinə həsr olunmuş poemalardır. Elxan Zal
Qaraxanlının "Azərbaycan simfoniyası", Əsəd
Cahangirin "Xarıgülnar", Balayar Sadiqin "Zəfər
simfoniyası", Ramiz Duyğunun "Bir oğul istəyir Vətən",
Güneyli şair Rəsul Qədirinin
"Xarıbülbül" poeması da bütövlükdə
II Qarabağ döyüşlərindən sonra yazılan
nümunələrdir.
Böyük Zəfər deyəndə
yaşadığımız qürur və sevinc hissi ilə
yanaşı, itirdiyimiz üç minə yaxın şəhidin
ağrısı da qəlbimizi göynədir. 44 günlük
Vətən müharibəsi zamanı əldə edilən bu
möhtəşəm qələbə, şəhidlərimizin
fədakarlığı sayəsində mümkün oldu.
Onların adı tariximizdə əbədi olaraq yazıldı
və bu müqəddəs mövzu Azərbaycan ədəbiyyatında
həm ilham mənbəyi, həm də bir borc olaraq işlənməkdədir.
Şəhidlik mövzusu 90-cı illərdən bu yana
Azərbaycan poeziyasında geniş yer tutub və
günümüzdə də bu ənənə davam edir. Şairlərimiz
şəhidlərin obrazını yalnız bir itki kimi deyil, həm
də fəxarət simvolu olaraq poetikləşdirirlər.
Onların həyat yolunu, göstərdikləri qəhrəmanlığı,
azadlıq uğrunda verdikləri mübarizəni təsvir etməklə,
həm şəhidlərin xatirəsinə hörmət
göstərilir, həm də gələcək nəsillər
üçün vətənpərvərlik örnəyi
yaradılır.
Zəfər poeziyasında təkcə ümumi qəhrəmanlıq
deyil, konkret şəhərlərə, qəhrəman əsgərlərə
və yüksək hərbi rütbəli zabitlərə həsr
olunmuş şeirlər də xüsusi yer tutur. Bu əsərlərdə
döyüş səhnələri, qəhrəmanların
igidliyi və xalqın birliyi detallı şəkildə təsvir
olunur.
Bu prosesdə poeziya ilə bərabər, nəsr və
dramaturgiya sahələrində də Qarabağ müharibəsinin
qəhrəmanları və xalqımızın Zəfər
ruhu əsas ilham mənbəyinə çevrilib. Gənclərin
bu əsərləri oxuyaraq həm öz tarixlərini, həm
də milli kimliklərini dərk etmələri ədəbiyyatın
ən böyük təsir gücünə malik
olmasının göstəricisidir.
Müharibənin təsiri ilə yazılan ilk nəsr
əsərləri xalqımızın keçdiyi ağır
yolun, qəhrəmanlıq salnaməsinin və Zəfərin
yaratdığı qürur hissinin ədəbi təcəssümüdür.
Elçin Hüseynbəylinin Qarabağ mövzulu
yaradıcılığı bu dövrdə yeni məzmun kəsb
etmişdir. Onun "Sükutda hıçqırtı"
(2020), "Əsgər barmağını əmən körpə"
(2021), "Arxadan vuracağını gözləyirmiş
kimi" (2021) əsərləri müharibənin insan talelərinə
təsirini, döyüş səhnələrinin dramatizmini və
müasir qəhrəmanlıq hekayələrini əks etdirir.
Azad Qaradərəlinin "Cəbrayıl əfsanəsi"
romanı və onun son bir ildə qələmə
aldığı hekayələr, Kənan Hacının
"Qarabağ hekayələri" silsiləsi, Yunus Oğuzun
"Cığır" romanı, Etibar Muradxanlının
"İlin beşinci fəsli" romanı, Nazilə
Gültacın "Şəhid atası" povesti II
Qarabağ müharibəsi dövründə və ondan sonra
yazılan nəsr nümunələridir.
Azərbaycan dramaturgiyasında Vətən müharibəsinin
mövzu kimi işlənməsi ədəbi mühitə yeni
bir nəfəs gətirdi. Qəşəm Nəcəfzadənin
"Ölüm qaldı o dünyada" əsəri Azərbaycanın
Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun qəhrəmanlıq
hekayəsinə həsr olunaraq, qəhrəmanlıq, vətənpərvərlik
və millətlərarası birlik mövzularını dramaturji
bir nümunə kimi təqdim edir. Albert Aqarunovun xatirəsi bu əsərdə
yalnız bir şəxsiyyət olaraq deyil, həm də
xalqımızın hər kəsə açıq ürəyinin,
multikultural dəyərlərinin və əsl vətənpərvərliyin
simvolu kimi canlandırılır.
Aybəniz Əliyarın "Xarıbülbül"
pyesi isə Qarabağın simvolik çiçəyi olan
xarıbülbülü və onun mənəvi
gücünü təsvir edir. Bu əsər müharibənin
yalnız fiziki zəfər deyil, həm də milli mədəniyyətin,
dəyərlərin və mənəvi yüksəlişin bədii
ifadəsidir. Pyes, həmçinin Qarabağın azadlıq
mücadiləsinin dərin emosional qatlarını və
torpağın ruhunu əks etdirən bədii gücə
malikdir.
Bu əsərlər Vətən müharibəsi
dövrünün dramaturgiya sahəsindəki ilk
addımlarıdır və gələcəkdə
yazılacaq daha genişmiqyaslı və monumental əsərlərə
zəmin yaradır.
Heyran AMANOVA
Azərbaycan Dillər Universitetinin "Azərbaycan ədəbiyyatı"
kafedrasının baş müəllimi
525-ci qəzet .- 2024.- 29 dekabr(№241).-S.12.