Nüsrət Kəsəmənlinin
Qarabağ dünyası
"Biri vardı, biri yox" ön sözüylə
nağıl danışmağa başlayan adamlar çoxdu,
kaş həmişə olsun. Ancaq "Biri vardı, biri
yox" adlı şeiri ilk dəfə yazan bir şair var. Və
onun həyatını Tanrı böyük qüdrəti ilə
yaradıb. Hər hadisə gözlənilməz, təzadlı,
süjeti maraqlı, sözün sanbalı, səadəti,
torpağın, elin sınağı ilə dolu, kulminasiya və
finalı ağır yüklü zəngin əsər -
İlahinin düzüb-qoşduğu qüsursuz harmoniyalı
"Şair nağılı".
Anadan, atadan erkən ayrılıq, ehtiyac, evsizlik,
rahatsızlıq və sonucda bir çarə - istedad. Bəxt
üzünə gülməyəndə dünyadan küsmək,
uğursuzluğa tabe olmaq yox, özünüaxtarışa
çıxmaq lazımdı.
Şair olacaq kişinin dadına çatan poetik, lirik
duyğuların sönməz işığı, zəhmətlə,
ilhamla yazılan misralar kitablara köçür, poeziyanın
qədrini bilənlərlə görüşməyə tələsir.
Sənətkara təbii hisslərlə yanaşı,
həyat təcrübəsi, dərketmə qabiliyyəti, ədəbiyyata
ciddi münasibət böyük yardımçı olur. O,
zamanı və məkanı dəyərləndirə biləndə
ədəbi ömrünü uzadır.
Şimşəkdən qanad al, yolun uzaqdı,
Hələ neyləmisən, ömür yarıdı.
Səni gedəcəyin son mənzilə də,
Şeirin qanadında aparmalıdı.
Zaman-məkan məsələsi bu yazımın əsas
notudur.
Lirikasının şöhrəti onu
arxayınlaşdırmadı, artıq duyğuları dağ
boyda olanda daha geniş üfüqlər göründü.
Nüsrət Kəsəmənli böyük həcmli
əsərlər yazmağa qərarlıydı. "Yaddan
çıxmaz Qarabağ" epik-dramatik poeması belə
yarandı. Əsər 1983-cü ildə (yanvar-iyul) qələmə
alınıb. O zaman Qarabağımızın ən sakit,
gözəl çağları idi. Topxana meşəsində
münaqişə baş verməmişdi. Heç müharibə
təhlükəsi də gözlənilmirdi. Bəs niyə
şair Qarabağ üçün narahat olmuşdu?!. Ürəyinə
nə danmışdı, nədən yadına xarıbülbülün
həsrətli keçmişi düşmüşdü? Bu vəhy
torpaq enerjisimi, azadlıq yanğısıydımı?!. Siyasətdən
uzaq şairin intuisiyası zamanı uzaqgörənliklə
yaxınlaşdırmışdı:
Vətən bir budaqdır, yaşıl bir budaq,
Ümiddən asılan yarpağıq biz də.
Ayağımız altda çırpınır torpaq,
Yeriyən, düşünən torpağıq biz də.
Bilirik ki, Şuşanı İran işğalından
qorumaq naminə Qarabağ xanının Tehrana, Fətəli
şaha kəniz göndərdiyi Ağabəyim ağa N.Kəsəmənlinin
yaratdığı ən mükəmməl qadın
obrazıdır. Bu real qəhrəmanı şair olduğu
kimi (istədiyi kimi yox) canlandırır. Şuşada
"xarıbülbül" rəmzinin "anası" olan
Ağabəyim ağanı (Xurşidbanu Natəvanının
bibisi) tarix yaxşı tanıyır. Onun xeyirxah əməlləri,
elmi, mədəniyyəti haqqında çox yazılıb.
Nüsrət Kəsəmənli Qarabağı dünyaya
tanıtmaq, bizim floramızda, Şuşada bitən bir
gülün vasitəsilə kübar Ağabəyim
ağanın qürbətdəki həsrətini ədəbiyyatda
yaşatmaq üçün fundamental bir nümunə
yaratmışdır:
Bir dürr idim, düşdüm itdim,
Ağlayıb nəğmələr ötdüm.
Bu torpaqda nə mən bitdim,
Nə vəfalı xarıbülbül.
Şair o zaman heç bilmirdi ki, vaxt gələcək,
xarıbülbül zəfər talismanımız olacaq. Sənətkar
intuisiyası hadisələri qabaqlayır, hamıdan əvvəl
duyur, hiss edir.
"Xarıbülbül" nişanını sinəsində
gəzdirənlər bilsinlər ki, 1983-cü ildə onu
ürəyində daşıyan, qoruyan bir şair
yaşayırdı - bu nadir çiçəyin gələcəyini
görən, onu əsirlikdən qurtarmaq üçün 37 il
əvvəl
Ay "Qarabağ şikəstəsi", sən ucal,
Harayıma yetənim ol, yetənim!
oxuyan, bu torpağı əzizləyib şəhidsayağı
"öləndə gözümün üstünə
qoyun" vəsiyyətini əsərində yazan bir şair.
N.Kəsəmənlinin Vətən sevdasına mən
o zaman Azadlıq meydanındakı alovlu nitqlərində
inanmışam. Milli azadlıq hərəkatında ona güvənən
gənclərin vətənpərvərliyini görmüşəm.
Şair yeri gələndə inqilabçı olduğunu da
sübut etmişdi.
Onun qadınlara münasibəti də çox kövrəkdi.
Bu zərif cinsə şəfqətlə yanaşması var,
onlar nə qədər ağıllı və mərhəmətlidirlərsə,
o qədər də köməksizdirlər.
Həyatda bacısı və qızı olmasa da,
şair qadın qəhrəmanlarına həssasdır, elə
bil onlara sahib çıxmaq lazım olduğunu oxucu ilə
bölüşür:
Səsim karvan dayandırar,
Min xatirə oyandırar.
Ah çəksəm, səni yandırar,
Bir az gendən oxu, bülbül.
Bir "Etiraf" şeiri də var şairin. Nadir
mövzudu, az kişilərə xas xüsusiyyətdi. Etiraf -
riyakarlığın, yalanın düşmənidi, ədalət
və dəyərin ölçüsüdü. N.Kəsəmənli
poetik düşüncələri ilə xəyanəti
etirafdan asan bilən "güclü kişilər"in
kürəyini yerə vurur.
Şair "Yaddan çıxmaz Qarabağ" ilə
eyni ildə "Boş beşiyin laylası"
poemasını da yaradıb. Nüsrət Kəsəmənli
incə duyğulu romantik şairdi. Bu xüsusiyyət onun
qadın obrazlarının koloritini artırır. Öz
şeirlərini bədii qiraət ustaları kimi o qədər
duyğulu və gözəl oxucularına
çatdırırdı ki. Boş beşiyə layla deyən
də, Ağabəyim ağanın dilindən hüznlü
bayatı söyləyən də onun özüdür.
"Boş beşiyin laylası"nda da qadına
yazığı gəlir, ürək ağrısı ilə
müharibədə itmiş uşağını tapa bilməyən
ana ilə birlikdə doluxsunur:
Tapdığı hər tikədən payını
saxlayardı,
Gecə durub min kərə beşiyi yoxlayardı.
Balamın ətri deyib yorğanı qoxlayardı,
Beşik boş idi yenə.
Poema şairin yazdığı ana laylaları ilə
zəngindir. Ümumiyyətlə, oxşamalar və laylalara
onun əsərlərində tez-tez rast gəlinir. "Dəli
Domrul"da da həm qadınların və həm də
kişilərin dilindən laylalar eşidirik.
Şair anaların timsalında dünyaya sulh
ismarışı göndərir. İndi də planetimizin bir
çox sakinləri savaşlarda vaxtsız həlak olur,
uşaqların gözləri qarşısında qanlı faciələr
törədilir.
Laylalar uçulu evlərin divarlarına dəyirdi,
Laylalar dizlərinə döyürdü,
Dünənə, bu günə nifrətlə
gülümsəyirdi...
Dağılmışdı zaman arasındakı o körpülər,
Bir anda yüz il qocalmışdı körpələr.
Xocalı müsibətimizi ədəbiyyata yazmaq, onu
sözlərlə ifadə etmək çox ağır olsa
da, borcumuzdur.
Müharibə keçmişin xatirələrinə
çəkilən qara pərdə olsa da, şair
oxucularını o günləri unutmağa qoymur:
"Cıdır düzündə dedik:
Qayalara yazaq adımızı.
Qırmızı bir rənglə qoyduq
avtoqrafımızı.
Yazdıq, təbəssümlə baxdıq bir-birimizə.
Nə duymuşdusa, xəcalətdən adımız
qızardı.Bizim yerimizə -
illər
ötdü..."
Bəli, illər keçdi. "Hələ bu
dünyayla işim var mənim" deyən şair o qayalara
dırmaşıb Şuşanı fəth edən igidlərin
Cıdır düzünə yetişdiyini görmədi.
Görəcəkdi, onlar haqqında şeirlər, poemalar
yazacaqdı, Vaqifin, Natəvanın, Üzeyir bəyin ziyarətinə
gedəcəkdi, Şuşada, xarıbülbülün
yanında oxucuları ilə şəkil çəkdirəcəkdi.
Bizə "20 il sonra" şeirində qoca şairi şirin-şirin
anlatmışdı. Sevimli şairimiz Zəfər günü
"Bu həmin payız deyil", "Qəhrəman şəhər",
"Görürdüm bu günü" deyəcəkdi."Mənim
bu ağaca yazığım gəlir", "Gecikdi bu
yağış", "Yarpaq tökümü", "Səbr
ver, Allahım", "Çox şey itirmişəm",
"Əlvida demirəm, görüşərik", "Xəyalım
göylərdən yerə enib", "Gələcəyəm",
"Görüşərik", "Başlamaq olarmı
ömrü yenidən" yazmışdı. 1995-ci ildə
quşlarla Bakıdan İsa bulağına "Ağlama,
bacım" xitabı ilə məktub göndərmişdi:
Gördün, başımıza gələn oyunu?
Bir gün alacaqdır hər kəs payını.
Hələlik zəhərə döndər suyunu,
Ağlama, ağlama, İsa bulağı.
İndi nəğmə olmasını, bəstələnməyi
gözləyən bu şırıltılı,
görüntülü namələr ümidlə nota
çevrilməyini gözləyir.
Sən könül nəğməmsən,
Şuşam, baş tacım,
Səndə yuyulacaq hər ağrım, acım.
Suyunu buz kimi sərin tut, bacım,
Ağlama, ağlama, İsa bulağı.
Nüsrət Kəsəmənli uzunömürlü
olmasa da, uzaqgörənliklə yaratdığı əsərlər
yüz illər ədəbiyyatda anılacaq, yaddaşlara həkk
olunacaq.
Şair öz işini yaxşı bilirdi, həyatının
quru nəfəslə bitməyəcəyini, sənəti ilə
yaşayacağını hiss etmişdi:
Desələr dəfn etdik dünən biz onu,
O da hamı kimi yaşadı, öldü.
Bilməzdik bu qədər yaxınmış yolu
Qayıdıb dünyaya təzədən gəldi -
Sən inan, əzizim, sən inan buna.
Tanrının yazdığı "Şair
nağılı"nda Araz çayının adı
keçir. İlk, çox gənc misralarında atadan, anadan
ayrı yaşamağını "bir evdə ana yad, bir evdə
ata, Araz körpüsüyəm, keçmək olmayır"
söyləmişdi. Sonra oğluna Araz adını
vermişdi:
Mən Araz qoydum ki, adını sənin,
Evimdə Arazı çağırım hər
gün.
Arazın çayının o tayında yaşayan dili
bir, sevgisi, nisgili bir xalqımızın dərdini gah sovet
senzurasından gizlətmək üçün yazıb
saxlamış, gah da açıq-aşkar tüğyan
etmişdi. İçində həmişə Təbriz dərdi
gəzdirirdi.
Yenə taleyin qisməti ilə üzü Təbrizə
idi. Bu dəfə canının ağrısına əlac
tapmaq üçün o taya yollandı. Təəssüf ki, həkimlər
alın yazısını dəyişdirə bilmədilər.
Şair sevimli şəhərində haqq dünyasına
köçdü. Ağısını çoxdan - 1977-ci ildə
yazmışdı: "Ağlama, Təbrizim, ağlama".
Təbriz onun bu dünyada son səyahətinə
şahid oldu.
Ruhu sərhəd tanımadan Araz
çayınının üstündən Vətənə
uçdu. Bu, Tanrının gözəl əsərinin
finalı olsa da, şairin yazdıqları yadigar qaldı,
şeirləri, nəğmələri sevilə-sevilə həmişə
oxundu, unudulmadı: "Görəcəyəm, Araz axır
gül ilə".
Həmişə anamı düşünəndə
özüm özümə oxuduğum "İsti
yağışlar yağır" şeiri ilə həm də
şairin ruhunu şad edirəm:
Külək əsir, budaqlar
Əriyir yarpaq-yarpaq.
Dağlara duman çökür,
Sürünür ağır-ağır.
Nə bu göylər toxdayır,
Nə doyur qara torpaq.
Görürsənmi, hələ də
İsti yağışlar yağır.
N.Kəsəmənli keçən əsrin sevgi
şairi kimi məşhurlaşsa da, onun
yaradıcılığının xalqımızın, Vətənimizin
müqəddaratındakı xidmətlərini təkrar
xatırladım, yenidən araşdırdım. Rahat və
narahat səslərini dinləyib oxuculara eşitdirmək istədim.
Kitabxanada çox oxunmaqdan köhnəlmiş "Kimə
inanasan" (1995) kitabını vərəqləyəndə
şairin özünəxas, səliqəli xətlə
yazılmış orijinal misralarına, qələm izlərinə
antik nüsxə kimi baxdım:
"Və beləcə bir görüşün də
sonuna gəldik. Bu sətir - cığırları bura qədər
birlikdə keçdik. İndi mən ayrılıram və bu
kitabı sizə əmanət edirəm.
Təkrar oxuyacağınız şeirlər
üçün əvvəlcədən minnətdarlığımı
bildirirəm. Sağ olun.
Nüsrət Kəsəmənli".
Noyabr 2024
Tamella HƏMİDQIZI
525-ci qəzet .- 2024.- 29 dekabr(№241).-S.11.