Ad və şad
günün mübarək, Laçınım!
Laçın rayonu respublikamızın ən qədim
yaşayış ərazilərindəndir. Bunu ərazidə
olan Qafqaz Albaniyası dövrünə aid müxtəlif
memarlıq abidələri, kurqanlar və qalalar, qədimi qəbiristanlıqlar,
daşdan yonulmuş müxtəlif fiqurlar, məscidlər, məbədlər,
tağbənd körpülər bir daha sübut edir. Qədim
yaşayış ərazisi olan bu yerlərdə əhali əsasən
maldarlıq və əkinçiliklə məşğul
olurdu.
Laçın şəhəri 1924-cü ildə təşkil
olunub. Rayon mərkəzinin yeri və adını təyin etmək
üçün Azərbaycan MİK katibi Tağı
Şahbazi Simurqun rəhbərliyi ilə Bakıdan nümayəndə
heyəti gəlir. Rayon mərkəzi üçün müxtəlif
yerlər təklif olunsa da, nəticədə qədim
yaşayış yeri olan Abdallar məsləhət
görülür. Rayon mərkəzinin adına isə
Tağı Şahbazi Simurqun təklifi ilə Laçın
dağının adı verilir. Laçın şəhərində
görüləcək işlər əslən
şuşalı olan qəza nümayəndəsi Hüsü
Hacıyevə həvalə olunur. İlk növbədə
uzunluğu 600-700 metr olan bir küçə salınır.
Küçə "Kommunist" küçəsi
adlandırılır. Rayonun rəhbər, icraedici, inzibati
orqanları, poçt, səhiyyə, təhsil, mədəniyyət
şöbələri, məktəb, redaksiya, uşaq
bağçası, ticarət və iaşə obyektləri
bu küçədə cəmlənir. Eyni zamanda 2 mərtəbəli
14 mənzilli ilk yaşayış evi tikilir. 1930-cu ilə
artıq Laçın şəhəri inzibati rayon mərkəzi
kimi formalaşır. Keçirilən siyahıya alınmaya
görə əhalinin sayı təxminən 35 min nəfər
olur.
Laçın rayonu orta və yüksək
dağlıq zonada yerləşir. Sahəsi 1835 kvadratkilometr
olan rayonun ümumi sərhəd xəttinin uzunluğu 316
kvadratkilometr təşkil edib. Rayon ərazisində çoxlu
sayda çaylar, bulaqlar, mineral sular, şəlalələr
var. Ərazi zəngin flora və faunaya malikdir. Bunları nəzərə
alıb, rayonda 1961-ci ildə sahəsi 21,4 ha olan Laçın
yasaqlığı yaradılır. 1987-ci ildə "Qara
göl" Dövlət Qoruğu yaradılır və
yasaqlıq qoruğun tabeliyinə verilir. Rayon ərazisi
müxtəlif və məhsuldar torpaq örtüyünə
malikdir. Eyni zmanada Laçın rayonu bir çox faydalı
qazıntılarla zəngindir.
1992-ci ilədək Laçın respublikanın ən
böyük heyvandarlıq rayonlarından biri idi. 40 kolxoz və
sovxozda 110 min baş qoyun, 23 min baş qara mal bəslənirdi.
Yaylaqların ümumi sahəsi 74 min hektar idi. Respublikanın
10 rayonunun qoyun sürüləri bu yaylaqlara gəlirdi. Yay
otlaqları respublika qoyunçuluğunun yem bazasının əsas
mənbəyini təşkil edirdi. Rayonda müstəqil
arıçılıq sovxozu fəaliyyət göstərirdi.
Meşə təsərrüfatında və bir neçə
sovxozda yardımçı təsərrüfat kimi arı ailələri
saxlanılırdı.
Rayon ərazisinin 20 faizi meşəlikdir. Bu
yaşıl örtük 37 min hektardır. Laçın
meşə təsərrüfatı 4 meşəçilikdən
(Hacısanlı, Piçənis, Qaladərəsi və
Alxaslı) ibarətdir. Meşələrdə 250 növdən
artıq ağac və kol bitirdi. Respublikamızda ancaq Piçənis
meşəçiliyində bitən qırmızı palıd
Çar Rusiyası dövründə Avropa ölkələrinə
satılırdı. Bir çox Avropa ölkələrinin
muzeylərinin qapı və pəncərələri
qırmızı palıddan hazırlanmışdır. O
dövrdə almanların Şəmkir, Göygöl və
Samuxda tikdikləri konyak və şərab zavodlarının
çəlləkləri də bu palıddan hazırlanıb.
1984-1985-ci illərdə Prezident Aparatının və DTK-nin
binasının tikintisində də qırmızı
palıddan istifadə olunub.
Qədim yaşayış məskəni olan
Laçında yüzlərlə tarixi abidə var. Ərazidə
olan qayaların hərəsi bir təbii tarixi abidədir.
Bunlara misal olaraq "Güm Güm" daşını
(dünyanın ən böyük bütöv daşı),
"Şiş" qayanı, "İlan
qayasını", "Qızılı qayanı",
"Nərdivan" qayanı, "Hoçaz"
qayasını göstərmək olar.
Bu rayondan çoxlu sayda tarixi şəxsiyyətlər,
həkimlər, müəllimlər, hərbçilər,
şairlər çıxıb: Sarı Aşıq, Seyid Mir Həmzə
Nigari, Həmzə Sultan, Sultan və Xosrov bəy
qardaşları, Nurməmməd bəy Şahsuvarov, Əvəz
Verdiyev, Mürsəl Həsənov, Muradxan Cabbarov, Şərqiyyə
Vəliyeva, Şahbaz Muradov və s.
İkinci Dünya müharibəsindən sonra
Laçın şəhəri daha da böyüməyə və
inkişaf etməyə başlayır. 1960-70-ci illərdə
rayon mərkəzində çoxlu sayda inzibati binalar tikilir, məhəllələr
küçə adları ilə əvəz olunur, yeni yollar
salınır, teleötürücü stansiya, zavodlar, sexlər
istifadəyə verilir, orta və internat məktəbi, musiqi məktəbi,
pedaqoji texnikum fəaliyyət göstərir.
Laçın rayonunun yüksəliş və
inkişaf dövrü Ulu öndər Heydər Əliyevin
respublikaya rəhbərlik etdiyi dövrə təsadüf edir.
1971-ci ildə H.Əliyev "Dağ rayonlarının
iqtisadiyyatını daha da inkişaf etdirmək haqqında"
qərar imzalanmışdı. 1974-cü ildə isə Azərbaycan
KP MK "Laçın şəhərinin 50 illiyi"
haqqında qərar qəbul etmişdi. Həmin günlərdə
rayonda böyük bayram tədbirləri keçirilmişdi.
Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri
Qurban Xəlilov tədbirdə iştirak etmişdi. O, rayonda
gedən quruculuq işləri ilə yaxından tanış
olmuş, Malıbəy kəndində kolxozçular və məktəblilər
ilə görüşmüşdü. Heydər Əliyev
Laçının inkişafını daim diqqət mərkəzində
saxlamışdı. Bu qayğı nəticəsində
rayonda çoxlu sayda məktəblər, mədəniyyət
evləri, xəstəxanalar tikilir, iaşə müəssisələri,
konserv zavodu, ATS istifadəyə verilir, ucqar kəndlərə
yeni yollar çəkilirdi.
Laçından respublikanın 10 şəhər və
rayonu, rayonun isə 20 böyük kəndinə avtobus
maşrutları açılmışdı. Şəhərətrafı
kəndlər "Laçınkənd" və
"Qarıkaha" kəndləri 1987-ci ildə şəhərə
birləşdirildi. Bununla da şəhərin əhalisi 10 min
nəfərə çatdı. 1500 metrə qədər
yüksəklikdə işləyənlərə əlavə
20, 2000 metrdən yuxarıda işləyənlərə isə
30 faiz əmək haqqı əlavə olundu. Rayon əhalisi
dövri mətbuatı helikopter vasitəsi ilə gündəlik
ala bilirdilər.
Azərbaycanın və Laçının belə
dinamik inkişafını görən mənfur qonşular əsrlər
boyu ürəklərində gizli saxladıqları məkrli
planlarını üzə çıxartdılar. Arxalı
düşmən həmin dövrdə idarəetmə qabiliyyəti
olmayan respublika rəhbərlərinin ciddi səhvləri
ucbatından 1992-ci ilin may ayının 8-də
Şuşanı, ayın 18-də isə Laçını
işğal etdi. Nəticədə DQMV Ermənistanla birləşdi.
Rayona "Qarabağın qara qapısı",
"Laçın koridoru", şəhərə isə
"Berdzor" adı verdilər. I Qarabağ müharibəsində
Laçın 264 şəhid verdi. İşğal
dövründə Laçına 10 milyard ABŞ dolları qədərində
ziyan vuruldu.
Belə bir çətin gündə Heydər
Əliyev xalqın tələbi və dəvəti ilə
Bakıya gəlir və respublikaya rəhbərlik edir.
H.Əliyev öz qətiyyətli
çıxışları, uzaqgörən siyasəti ilə
bizi inandırırdı ki, biz Şuşaya da, Laçına
da qayıdacağıq. Ulu öndərin laçınlı məcburi
köçkünlərlə görüşü zamanı
söylədiyi sözləri ömrümüz boyu
xatırlayacağıq: "Laçından Azərbaycanın
nə qədər görkəmli elm, mədəniyyət,
dövlət xadimləri çıxıblar. Bu baxımdan
Laçın rayonu həm təbiətinə, həm də
insanlarına görə Azərbaycanın dəyərli
güşələrindən biridir".
44 günlük müharibədə
qazandığımız qələbə işğal tarixini
zəfər müjdəli azadlıq günləri ilə əvəz
etdi. Laçının Güləbird, Səfiyan və
Türklər kəndlərini də Azərbaycan Silahlı
Qüvvələri işğaldan azad etdilər. Biz bir
güllə belə atmadan ordumuz Laçın rayonunu
düşməndən geri aldı. Qalib sərkərdə cənab
Prezident İ.Əliyev həm Ulu öndərə verdiyi
sözlərə sahib oldu, sadiq çıxdı, həm də
biz məcburi köçkünlərə verdiyi sözə əməl
etdi.
Bu gün Qarabağ dirçəlir, Zəngəzur
dirçəlir, biz də doğma torpaqlarımıza
qayıdır, məskunlaşır və qurub
yaradırıq.
Müzəffər Ali Baş komandan İlham
Əliyevin rəhbərliyi, şəhidlərimizin
qanı-canı bahasına, qazilərimizin qəhrəmanlığı
nəticəsində biz bu gün "Qara göl"də,
"Həmzə Sultan" sarayında,
"Qırxqız" yaylağında sərbəst gəzir,
buz bulaqlardan su içir, təmiz dağ havasını uduruq.
10 noyabr 2020-ci ildə Azərbaycan-Rusiya-Ermənistan
arasında imzalanmış üçtərəfli bəyannaməyə
əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu
Azərbaycana təhvil verildi. Həmin gündən müxtəlif
qəzetlərdə nəşr olunan məqalə və
televiziya kanallarına verdiyim müsahibələrdə həmişə
demişəm: "Bu gündən biz
laçınlıların bir doğum tarixi var - 1 dekabr 2020-ci
il".
Artıq Laçında Azərbaycanın
bayrağı dalğalanır. Laçın şəhərində,
Zabux və Susda həyat yenidən canlanır. Qələbədən
sonra Böyük Qayıdışın ünvanlarından
biri də Laçın oldu. Laçına həyat yenidən
qayıtdı. İşıq, qaz, su xətləri çəkilir,
asfalt yollar salınır, yeni evlər və ticarət obyektləri
tikilir. Əhalinin rahat yaşaması üçün
infrastruktur yaradılır. Məskunlaşan ailələr
münasib işlərlə təmin olunurlar. Artıq
Laçın özünün sevincli günlərini
yaşayır.
2023-cü ilin aprel ayında Laçında olarkən
şəhəri tanımadım. Sovetlər Birliyində, 80-ci
illərdə əsrin ən nəhəng tikintisi sayılan
BAM yadıma düşdü. Böyük bir imperiyanın illər
ərzində gördüyü işləri Bakı
Abadlıq təşkilatı bir ilə yaxın bir müddətdə
görmüşdür. Aylar ötdükcə Laçın
dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilir.
Bakıdan 420 km olan bu məsafəni 5-6 saata getmək
olur. Güləbird kəndindən şəhərə qədər
olan yolda körpülər tikilir, asfalt salınır,
suötürücü kanallar və tunellər salınır.
Yollar bəzən adamı yorur. Amma şəhər
bulvarından mərkəzə doğru qalxdıqca sağ və
soldakı mənzərələr bu yorğunluğu tamamən
unutdurur. Görülən işləri saymaqla qurtarmaz. Həkərinin
sağ və sol sahilində bulvar, restoranlar, kottejlər,
keramika sexi, məscid, bulaq, seyrangah, "Kapital bank", ticarət
cərgəsi, aptek, 1000 cür xırdavat, meyvə-tərəvəz
mağazası, gözəllik salonu, məktəb, kino-teatr,
kitabxana, Bayraq meydanı, "Rahat", "Araz",
"Oba" mağazaları, iki yanacaqdoldurma məntəqəsi,
"Hoçazfilm" kinostudiyası, Agro və Sənayə
parkı və sairə şəhərdə əhalinin
yaşayışı üçün zəruri olan hər
cür şərait yaradılmışdır.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı
ilə Azərbaycan Respublikasının işğaldan azad
edilmiş əraziləri üzrə şəhər günləri
təsis edilmişdir. Bu sərəncama əsasən 26 avqust
Laçın şəhəri günüdür. Artıq iki
ildir ki, həmin gün təntənəli şəkildə
qeyd olunur.
Bütün bu görülən işlərdə
Laçın rayonu üzrə Prezidentin xüsusi nümayəndəsi
M.Məmmədovun, Bakı Abadlıq xidmətinin direktoru
B.Qasımovun xidmətləri böyük, əməkləri
danılmazdır. Bərpa və quruculuq işlərində
yerli mütəxəssislərin məsləhətlərinə
üstünlük verilir.
Cənab Prezident İlham Əliyevin Laçın
rayonuna hər bir səfəri Böyük Qayıdış
Proqramının sürətlənməsinə xidmət edən
mühüm addımlardır.
Füsünkar gözəlliyini özünə
qaytaran, qonaqpərvərliyi ilə həmişə seçilən
Laçın keçmişdə olduğu kimi, indi də
çoxlu sayda qonaqlara qucaq açır və böyük tədbirlərə
yenidən ev sahibliyi edir. MDB Humanitar Əməkdaşlıq
Şurasının qərarına əsasən Laçın
şəhəri 2025-ci ildə MDB-nin Mədəniyyət Mərkəzi
elan edilib.
2025-ci ildə doğma Laçın şəhərini
çoxlu sayda tədbirlər gözləyir. Minlərlə
sakin həmin ildə öz yurd-yuvalarına qayıdacaqlar.
Bütün bunlar Laçının ad gününə, 100
illik yubileyinə və eyni zamanda şad gününə-işğaldan
azad olunma gününə böyük töhfə və hədiyyə
olacaqdır. Laçınlılar bu xoşbəxtlikləri
onlara yaşadan Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyevə ömürləri boyu minnətdardırlar.
Ad və şad günlərin mübarək olsun,
Laçınım!
Nəriman ZEYNALLI
Laçın şəhər sakini
525-ci qəzet .- 2024.- 29 dekabr(№241).-S.10.