Dilin və nitqin fəlsəfəsi
qeyri-səlis məntiq işığında
Qeyri-səlis məntiq nəzəriyyəsinin sosial
elmlərə tətbiqi sahəsində son dövrlərdə
elmi cameədə geniş müzakirələr
aparılır, yeni akademik nəticələr əldə
edilir. Bu mənada Xalq yazıçısı, akademik Kamal
Abdulla ilə Akademiyanın müxbir üzvü, professor Rafiq
Əliyev tandeminin birgə fəaliyyəti nəticəsində
qeyri-səlis məntiq nəzəriyyəsinin humanitar və
sosial elmlərə uğurlu tətbiqini araşdıran əsərlərin
ərsəyə gəlməsi həm elmi, həm də ictimai
fikirdə yenilik kimi qəbul edilir, fərqli elmi-nəzəri
konsepsiya tərzində qiymətləndirilir. İlk cəhd
kimi müəlliflərin ərsəyə gətirdiyi
"Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq"
(Bakı, TEAS, 2023) əsərində bu məsələlərə
fundamental yanaşma sərgilənmiş, cümlə və
söz daxilində geniş yaradıcı məqamlar
aşkarlanmış, onun dərin təhlili və
araşdırılması aparılmışdır. Kitabda
yeni elmi-nəzəri sistem irəli sürülmüş, dildə
baş verən sinergetik məqamlara diqqət çəkilmişdir.
Beləliklə, ədəbiyyat və dilçilik elmində
yeni sistemin, fərqli düşüncə və akademik
yanaşmanın əsası qoyulmuşdur. Kitab elmi ictimaiyyət
və geniş oxucu kütləsi tərəfindən coşqu
ilə qarşılanmış, qısa müddətdə Azərbaycanda
üç dəfə təkrar nəşr edilmiş, eyni
zamanda Türkiyədə və Almaniyada nəşr edilərək
geniş yayılmışdır. Hal-hazırda ingilis dilində
çapı gözlənilir.
"Sim-Sim" nəşriyyatında 2024-cü ildə
işıq üzü görmüş bu kitabda qeyri-səlis
məntiq nəzəriyyəsi, ilk dəfə olaraq dilçilik
obyekti dilə-nitqə tətbiq edilmişdir. Kitabın ön
sözünün müəllifi Türkiyə Cümhuriyyəti
Dil və Sistem Fondunun sədri Rüştü Burak Ekedir. Nəşrin
elmi redaktorları - professorlar Lətafət Qardaşova, Azad Məmmədov,
Burak Eke, rəyçiləri isə Xalq şairi Ramiz
Rövşən, professor İsmayıl Məmmədov və
professor Hacan Hacıyevdir.
Bu kitab bizə xeyli nəsnələri
aşkarlayır, daim yaşadığımız və
yaşatdığımız, lakin fərqinə
varmadığımız mətləbləri
aydınlaşdırır. Bir az saf-çürük edəndə
görürük ki, bizim yaşadığımız həyat,
söykəndiyimiz prinsiplər, istifadə etdiyimiz maneralar,
tapındığımız dəyərlər
başdan-başa qeyri-səlis məntiq üzərində
qurulmuşdur. Ümumiyyətlə, həyat qeyri-səlis məntiq
üzərində binə tutur, daim bu vasitələrlə
idarə edilir. Xüsusən, dil və nitqin mizanı qeyri-səlis
məntiqin nəzəri əsaslarına söykənir. Bu da
dilimizin və nitqimizin genişliyinin, dərinliyinin, zənginliyinin
çoxçalarlığının, ən nəhayət,
demokratizminin üzə çıxarılmasını təmin
edir. Qeyri-səlis məntiq dilimizdəki demokratizmi
aydınlaşdırmaqla yanaşı, onun yaradıcı
imkanlarını aşkarlayır, dərin məna
çalarlarına elmi təminat verir. Bu barədə kitabda
oxuyuruq: "...Dil-nitq müstəvisində qeyri-səlislik
real olaraq geniş yayılmış bir haldır. Bu hal bizim
gündəlik "dil" həyatımızın
ayrılmaz tərkib hissəsidir desək, səhv etmərik.
Biz öz dil-nitqimizdə birlikdə başdan-başa qeyri-səlis
münasibətlər torunun içindəyik. Eynən qədim
bir heykəltaraşlıq abidəsində təsvir edilən
Troyalı kahin Laokoonun və oğlanlarının vücuduna
sarmaşan ilanlar kimi qeyri-səlis məntiqin prinsipləri, məqamları,
elementləri də dil-nitq həyatımızın canına
"daraşmış" dərin potensiala malik elementlər
olaraq diqqəti cəlb edir".
Bütün bu məsələlər dekabrın 24-də
Azərbaycan Dillər Universitetində Xalq
yazıçısı, akademik Kamal Abdulla və AMEA-nın
müxbir üzvü, professor Rafiq Əliyevin müəllifi
olduqları "Qeyri-səlis məntiq və nitq-dil"
kitabınınn müzakirəsinə həsr olunmuş elmi
seminarda səsləndirilmişdir.
İlk öncə Kamal Abdulla tədbir
iştirakçılarını salamlayaraq, həmmüəllifi
olduğu "Qeyri-səlis məntiq və dil-nitq"
kitabının elmi əhəmiyyətindən söz
açmışdır.
Tədbirin aparıcısı, professor Qorxmaz İmanov
bildirmişdir ki, akademik Kamal Abdulla və professor Rafiq
Əliyev dünya şöhrətli azərbaycanlı alim
Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsinin
dərinliklərinə enərək, bu nəzəriyyəni
ictimai elm sahələrinə uğurla tətbiq etməkdədirlər.
AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev
qeyri-səlis məntiq nəzəriyyəsinin sosial elmlərə
tətbiqinin əhəmiyyətindən söz
açmış, bu nəzəriyyənin dilin
çoxqatlı məzmununu daha dəqiq ifadə etməyə
imkan verdiyini bildirmişdir. Qeyd etmişdir ki, "Qeyrı-səlis
məntiq və nitq-dil" kitabı qeyri-səlis məntiqin
klassik məntiq çərçivəsindən
çıxaraq, dilin təbii axarında necə təzahür
etdiyini göstərir.
Kitabın yazılma prosesindən bəhs edən
akademik Kamal Abdulla son illər professor Rafiq Əliyev ilə
birlikdə qeyri-səlis məntiq nəzəriyyəsini Azərbaycan
ədəbi və elm sahələrinə uğurla tətbiq
etdiklərindən danışmışdır. Bildirmişdir
ki, onlar dünya şöhrətli azərbaycanlı alim
Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsini
Dədə Qorqud boylarına tətbiq etməklə diqqətəlayiq
nəticələr əldə etmiş, r iki alimin birgə
yazdıqları "Kitabi-Dədə Qorqud" və qeyri-səlis
məntiq" kitabı oxucular tərəfindən rəğbətlə
qarşılanmışdır.
"Qeyri-səlis məntiq və nitq-dil"
kitabının yazılma məramından bəhs edən Kamal
Abdulla qeyd etmişdir ki, qeyri-səlis məntiqin dil-nitq
müstəvisində özünü göstərməsi indiyə
qədər hərtərəfli şəkildə öyrənilməmişdir.
Mövzunun sistemli öyrənilməsi isə onun bu
günümüz üçün kifayət dərəcədə
perspektivli və dərin məna daşımasından xəbər
verir. Qeyri-səlis məntiq nəzəriyyəsinin dilin
özünəməxsus çoxmənalılıq və
qeyri-xətti xüsusiyyətləri ilə
uzlaşdırılması qənaətləri müasir
dilçilik elmi üçün yeni üfüqlər
açı.
Tədbirdə çıxış edən akademik
Əli Abbasov bildirmişdir ki, qeyri-səlis məntiq nəzəriyyəsinin
dilə tətbiqi Azərbaycan elmi tarixində unikal bir hadisədir.
Dil və nitq arasındakı əlaqələrin belə incəliklə
öyrənilməsi dilçiliyin gələcək
inkişafında mühüm rol oynayacaqdır. Bu kitab yeni tədqiqat
sahələri, perspektivlər açır. Məhz buna
görə də bu fundamental tədqiqat təkcə elmi dairələrdə
deyil, həm də geniş oxucu kütləsi tərəfindən
böyük rəğbətlə qarşılanır.
"Qeyri-səlis məntiq və nitq-dil"
kitabının aktual məzmunu və novatorluğu ilə diqqət
çəkdiyini bildirən akademik Nizami Gəfərov
çıxışında qeyd etmişdir ki, təqdim olunan
yeni kitab həm Azərbaycan dilçiliyi, həm də digər
elm sahələr üçün mühüm töhfədir.
Hər iki müəllifin elmi
yaradıcılığının zirvəsi olan bu unikal əsər
Azərbaycan dilçiliyində məntiq və dil
arasındakı əlaqələrin təhlilində yeni
istiqamətlərə yol açır. Kitabın müasir
dilçilik və məntiq sahələrində
açdığı yeni üfüqlər qeyri-səlis məntiqin
sosial elmlərə geniş şəkildə tətbiq
olunmasının vacibliyini ön plana çıxarır.
Akademik Vaqif Abbasov qeyd etmişdir ki, Lütfi Zadənin
məşhur nəzəriyyəsindən bəhrələnən
Kamal Abdulla və Rafıq Əliyev yeni nəşrdə qeyri-səlis
məntiqin nitqdə necə təzahür etdiyini, dilin
özünəməxsus xüsusiyyətlərini üzə
çıxardığını izah etməyə
çalışıblar. "Qeyri-səlis məntiq və
nitq-dil" kitabının elmi əhəmiyyəti yalnız
bu nəzəriyyənin tətbiqi ilə məhdudlaşmır,
eyni zamanda, yeni geniş tədqiqat sahələrini
işıqlandırır, dilçilik və məntiqi sintez
edən yeni üfüqlər formalaşdırır.
Tədbirdə akademik Muxtar İmanov, professor Məsud
Əfəndiyev, professor İsmayıl Məmmədov, dosent Fəridə
Hüseynova, professor Adil Babayev çıxış edərək
bildirdilər ki, "Qeyri-səlis məntiq və dil-nitq"
kitabı müəlliflərin dərin fəlsəfi
düşüncələrinin və qeyri-səlis məntiqə
söykənən yaradıcılıq
axtarışlarının bəhrəsidir. Bu fundamental tədqiqat
həm elmi cameələr, həm də geniş oxucu kütləsi
üçün intellektual fəlsəfi təcrübə təqdim
edir.
Bu nəzəriyyənin kəşfində dilimizin zənginliyi
böyük rol oynamış və bu da dəyərli
akademikimiz Kamal Abdullanı "Dədə-Qorqud"dan yola
çıxaraq görünməyən düşüncələrə
və bu düşüncələr də onu axtarış
yollarına sövq etmişdir.
Müəlliflərin kəşf etdiyi bu yanaşma
metodu, bəlkə də, dilimizin bütün sahələrinin
inkişafı yolunda yeni-yeni tapıntıları əldə
etmək baxımından gələcəyə verdiyi
mirasdır. Gələcəkdə bu düşüncə
sistemini istifadə edəcək aydınlarımız dilin daha
da dərinliklərinə getdikcə yeni-yeni əsərlər
və yeni-yeni kəşflər ortaya çıxaracaqlar. Bu
axtarışlar isə özü ilə sonu bitməyən
yeni düşüncələri, yeni ideyaları və yeni kəşfləri
gətirəcəkdir. Akademik Kamal müəllim və
AMEA-nın müxbir üzvü Rafiq Əliyevin birgə fəalliyyəti
nəticəsində dilçiliyə gətirilən bu yenilik
bizləri yerimizdə addımlamaqdan qurtarmaq cəhdidir,
düşüncələrimizə qeyri-səlis məntiqlə
yanaşma metodunun göstəricisidir. Qeyri-səlis məntiq
böyük həyat təcrübəsinin,
araşdırmaların, dərin düşüncələrin
və hisslərin ortaya qoyduğu bir kəşfdir...
Qeyri-səlis məntiq insan düşüncəsinin
arayışlarda olduğu və bu arayışları səlis
məntiqlə axtardığı görünən və
görünməyən bir fəlsəfi yanaşmadır,
koqnotiv çalışdırma sistemidir. Bu yeni akademik
düşüncə tərzi elmin qarşısında
geniş üfüqlər açır.
Cəlal İBRAHİMLİ
Türk Dünyası Araşdırmaları Mərkəzinin
müdiri
Sadıq ZAMAN
Azərbaycan Dillər Universiteti "Poliqlot" qəzetinin
baş redaktoru
525-ci qəzet .- 2024.- 29 dekabr(№241).-S.8.