Müasir roman, yoxsa fəlsəfi
traktat?!
“SOKRATLA ÇAYXANA SÖHBƏTLƏRİM” HAQQINDA
QEYDLƏR
Tural Cəfərlinin bir neçə hekayəsini
oxumuşam. Əvvəl mənə elə gəlirdi ki, Tural
hekayələrində gizlənməyə
çalışır və bununla da oxucuları
özünün axtarışlarına cəlb etmək istəyir.
Lakin sonra düşüncələrim dəyişdi və mən
belə qənaətə gəldim ki, əslində, müəllif
kimi Tural hekayələrində gizlənmir, əksinə, o,
bütün varlığı ilə mövcüdluğunu bəyan
etmək istəyir... Çünki onun hekayələrindəki
qəhrəmanlar cəmiyyət üçün
anlaşılmaz, qəribə bir əhvalla yaşayır, bu
da özündə “varlıq” problemini ortaya qoymuş olur.
“Sokratla çayxana söhbətlərim”
romanını oxuyandan sonra yenidən düşüncələrimə
düzəliş etməli olduğumu anladım. Belə ki,
Tural Cəfərlinin “Sokratla çayxana söhbətlərim”
öncə adı, oxuduqdan sonra isə bədii məziyyətləri
ilə diqqətimi çəkdi. Baş verən hadisələrin
bir-biri ilə qarşılıqlı əlaqəsi, həmçinin
sosial mesajların düşüncə gücünün
imkanları hesabına ötürülməsi romanın əsas
qayəsini təşkil edir. Oxucu kimi anladım ki, Turalın
ilk romanı olan “Sokratla çayxana söhbətlərim”
ideya, süjet baxımdan fərqli və özünəməxsus
olması ilə müəllifin uğurlu işindən xəbər
verir.
Niyə məhz Sokrat? Və niyə məhz
çayxana? Bu sualların cavabı əslində məlumdur.
Müəllif çayxananın fəlsəfi tərəflərini
romanda əks etdirir. Sokratı isə daha çox mübahisə
və fəlsəfi söhbətlərin ustadı kimi hadisələrin
içində təbii, dolğun və inandırıcı
elementlərlə tanıda bilir. Bu da önəmli amildir. Nəzərə
alsaq ki, müəllif fəlsəfə məzunudur və
ixtisasından irəli gələn biliklərdən faydalanmaq
xüsusiyyətinə malikdir, bu da romanın strukturuna və
gedişatına təsirsiz ötüşmür.
“Bəxtsizlər” qəsəbəsi Sokrat kimi
filosofların yetişməsi, cəmiyyətin eybəcərliklərini
nümayiş etdirməsi baxımından əlverişli
imkanlara malikdir. Bura cahil və inadcıl adamların məskunlaşdığı
yerdir, elmə, biliyə əhəmiyyət verməyən,
ömrünü mənasız və boş keçirən
sakinlərin çayxanada necə müdrik, ağıllı və
xoşbəxt olmasını göstərən müəllif
Sokratı qaranlığın içinə doğan
işıq kimi təqdim edir. Sokrat yeni düşüncə və
yaşam fəlsəfəsini təlqin edərək, diqqətləri
özünə çəkir. Bu da yeniliyə hazır olmayan
kütlənin qəzəbinə səbəb olur. Sokratla
dostluq edən yeganə qəsəbə sakini də filosof kimi
düşünür, yaşayır və digərlərindən
insani keyfiyyətlərinə görə seçilir.
“Sokratla çayxana söhbətlərim”, məncə,
Azərbaycan intellektual nəsrinin növbəti nümünələrindəndir.
Tural Cəfərli ədəbi-bədii, fəlsəfi nəsr
texnikalarından uğurla istifadə edə bilib.
Düzdür, müəllifin ilk romanı olduğu
üçün qüsurlar da var. Məsələn, romanda
hadisələrin zamanla uzlaşması bir qədər zəif
təsvir olunub. Sanki yaşanan və baş verən hadisələr
bir gündə, bir vaxtda cərəyan edir. Bəzən
keçmişlə bağlı təsvirlərdə məkan
pozulmalarına da rast gəlmək olar. Bu da
anlaşılandır. Çünki müəllif hələ
ilk romanının cazibəsindən çıxa bilməyib.
Bu işdə redaktorun da üzərinə böyük iş
düşür. Təəssüf ki, romanın redaktəsinin
uğurlu olduğunu deyə bilməyəcəm. Əgər
belə olsaydı, daha püxtələşmiş və
oturuşmuş nəsr nümünəsindən danışa
bilərdik...
“Sokratla çayxana söhbətlərim”də zamanda səyahət
edən Sokrat müasir dövrdə peyda olmaqla, dövrün
aktual məsələlərini mövcud duruma uyğun şəkildə
təhlil etməyə çalışır. Romanda qədim
yunan fəlsəfi mühiti az da olsa əks olunsa da, bu, məlumatlılıq
baxımında kafi deyil. Düzdür, müəllif antik
dövr fəlsəfi mühitini Sokratın dili ilə təsvir
etməyə çalışıb, ancaq təhkiyə istənilən
effekti vermir. Ola bilsin müəllif burada tələskənliyə
yol verib. Zamanla bu kimi məsələlərin təcrübə
və müşahidə vasitəsilə həll
olunacağına inanıram.
“Sokratla çayxana söhbətlərim”
romanının ümumi inkişaf xəttində oxucu
üçün əlavə “bonus” kimi verilən xırda
detallara da rast gəlmək olar. Sanki müəllif oxucu
üçün “intellektual” bir məlumatı ötürməklə,
həm də ədəbi yüksək ədəbi
zövqü, seçim keyfiyyətinə malik oxucu
formalaşdırmaq istəyir. Bu ədəbi priomlara dünya
romançılığında tez-tez rast gəlinsə də,
Azərbaycan nəsrində bu kimi vəziyyətlərlə az
hallarda qarşılaşmaq olar. Tural bu mənada həm də
intellektual oxucu üçün
dünyagörüşünün zənginləşməsi
funksiyasını yerinə yetirmək istəyir.
Romanda adi məişət qayğıları ilə
çarpışan tipik obraz olan “Bəxtsizlər” qəsəbəsinin
sakini üçün Sokrat müəllim yox, daha çox dost
kimi qəbul olunur. Çünki “Bəxtsizlər” qəsəbəsində
hamı bir-birinə nifrət edir və belə olan halda
“dostluğa”, “səmimi münasibətə” ehtiyac duyan qəsəbə
sakini Sokratla dostluq edərək, həm də qəsəbənin
prinsiplərinə qarşı çıxmış olur.
Mənə elə gəlir ki, Tural Cəfərli
“Sokratla çayxana söhbətlərim” romanını
yazmaqla yeni ideya və mövzu axtarışında olan həmkarları
üçün ipucu vermiş oldu. Əgər bundan sonra məhz
bu səpkidə roman və romanlara rast gəlsəm, təəccüblənmərəm.
Çünki son dövrlərdə oxuduğum romanların
böyük əksəriyyəti eyni mövzuda və səpkidə
yazılan romanlardır. Bunu xüsusən də gənc
yazıçılar arasında oxuduğum romanlara nəzərən
qeyd edə bilərəm. Bu mənada da Tural Cəfərli
çağdaş Azərbaycan nəsri üçün yeni
ovqat yaratmış oldu. İnanıram ki, müəllif
növbəti romanlarında da oxucuların diqqətini çəkməyi
bacaracaq.
Mirkazım ABDULLAYEV
ADU-nun əməkdaşı, şərqşünas
525-ci qəzet .- 2024.- 30 dekabr(№242).-S.13.