OĞLUNUN
GÖZLƏRİYLƏ ƏN BÖYÜK SEVGİSİNƏ
BAXAN
Yüz il əvvəlin, iyirminci əsrin
başlanğıcının Bakısının şəkillərinə
baxıb onları indinin Bakısı ilə tutuşduranda
görürsən ki, şəhər çox dəyişib.
Həm də bu dəyişməklik yalnız paytaxtın geninə
böyüməsi, boyunun hündürləşməsi, əhalisinin
çoxalması deyil. Ötüb-keçmiş yüz ildən
artıq zaman boyunca şəhərin ruhu da, xasiyyəti də,
təbiəti də oçağlardakına nisbətən
xeyli başqalaşıb.
Köhnə Bakının dəyişən dəyərlərindən
biri də Bakı həyətləridir. İrad tutan olar ki, həyət
həyətdir də, nə vaxtdan həyət dönüb dəyər
oldu? Deməyin! Əlbəttə, indi tikilən binaların da
bir çoxunun həyətləri var və bəlkə də
bir çoxu ərazicə keçmişdəki Bakı həyətlərindən
daha iridir, əyləncələri, rahatlığı
çoxdur. Amma indi əski foto və kinolentlərdə,
açıqcalarda, bir də xatirələrdəki Bakı həyətləri
sadəcə həyət deyildi, hərəsi bir dünya idi.
Köhnə Bakı həyətləri indilərin
“facebook”unu da, “youtube”unu da, hər çeşid telefonunu da,
televiziyasını da da əvəz edirdi, hətta onlardan da
artıq idi. Çünki köhnə Bakı həyətlərinin
indiki internetli çağlardan fərqli olan isti, simsar
mühiti də vardı. Zahirən o köhnə Bakı həyətlərinin
neçə qat yaxşısını indi olduğu kimi qurmağa,
hətta əvvəlkindən daha üstününü
yaratmağa nə var ki! Bəs o həyətləri
doldurmuş istiliyi, doğmalığı hardan tapasan?
Köhnə Bakı həyətlərindəki
xudmanilik, o həyətlərə xas mehribanlıq indi yoxdur. O
adamlar ki köhnə Bakı həyətlərinin həmin
qılıqlı mühitindən çıxıblar,
onların təzə həyətlərin ahənginə
uyğunlaşması mümkünsüzdür. Onlar indinin həyətlərində
ömürlərini sürməkdə davam etsələr də,
ürəkdə hələ oyanlardadırlar. Dəyişən
sürətli vaxt onların əksərini alıb aparıb
özü ilə. Qalanlarınsa köhnə həyətlərin
röyasından oyanmağa nə həvəsi var, nə də
niyyəti.
Köhnə Bakı həyətlərinə adətən
“həyət” deməzdilər, “məhəllə” söyləyərdilər,
yaxud daha çox “məhlə”, bir az da dəqiqləşdirib
Bakı ağzı ilə desək, “məələ”. “Məhəllə”
sözünün və anlayışının özündə
bir məhrəmlik, könüləyaxınlıq vardı.
Çünki Bakı həyətləri ailələri,
insanları bir-birinə doğru çəkirdi, o həyətlərdəki
insanlar bir evli kimi idilər. O qədər ki, məhəllə,
həyət “əvvəl evin içi” deyənlərçün
belə elə evin davamı deməkdi.
O cür köhnə Bakı həyətlərindən
biri ilə mən artıq 40 ilə yaxındır ki, sıx
bağlıyam. O həyətdə yaşamıram, ancaq elə
yaşayan kimiyəm. Çünki hər gün o həyətə
gəlirəm, gün boyu orda oluram, ömrüm də, taleyim
də ora ilə minbir tellə bağlıdır.
Ondoqquzuncu yüzilin ortalarından – həmin bina tikiləndən
bura həmişə adamlı-qaralı həyət olub, indi də
elədir. Amma XX yüzilliyin əvvəllərinin 18 ayı
boyunca bura ailələr yaşayan və hamının bir-biri
ilə bağlı, bütün sakinlərin simsar, can bir qəlbdə
olduğu həmin sevimli köhnə Bakı həyətlərindən
biri idi.
Və 1918-ci ilin sentyabrından 1920-ci ilin aprelinədək
bura Bakının ən xoşbəxt həyəti, Azərbaycanın
ən bəxtiyar məhəlləsi idi.
Bu həyəti bütün həyətlərdən
ayıraraq ona Bakının da, Azərbaycanın da ən məsud
həyəti adlandırmağım səbəbsiz deyil.
1918-ci ilin payızında, qışında, 1919-cu
ilin yazında, yayında, xəzanında bura həqiqətən
Bakının müstəsna bir yeri idi. 1918-ci ilin yazında –
mayın 28-də Azərbaycan, tarixinin ən bəxtəvər
gününə yetişərək istiqlalını elan
etmişdi, müsəlman Şərqində ilk Cümhuriyyət
qurulmuş, Azərbaycan müstəqil dövlətə
çevrilmişdi. Ancaq Bakı hələ yad qüvvələrin
nəzarəti altında olduğundan Azərbaycanın ilk
müstəqil hökuməti hələ Bakıya gələ
bilmirdi və qurucu babalar Gəncədə yerləşmişdilər.
Yalnız 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və
Azərbaycan əsgəri Bakını qəsbkar ünsürlərdən
təmizləyərək azad edəndən sonra hökumətimiz
də Gəncədən Bakıya köçdü. Hökumət
üzvlərimizin – ilk Azərbaycan nazirlərinin bir çoxu
ayrı-ayrı bölgələrdən idilər və əksərinin
Bakıda yaşayacağı yerləri yoxdu. Hərəni bir
mehmanxanada yerləşdirməkdənsə daha kəsə və
məsləhətli çıxış yolu tapdılar. O
vaxtlar Bakının məşhur mehmanxanalarından sayılan
“Metropol” hoteli bütövlüklə hökumətin
ixtiyarına verilir. Qala divarlarından dışarıda
asta-asta çöhrəsini qazanmağa başlayan Bayır
şəhərin ilk qonaq-qaralı tikililərindən
olmuş bu bina əvvəlcə birmərtəbəli
karvansara idi. Burada 1915-ci ildə yenidənqurma işləri
aparılmış, ikinci qat əlavə edilmiş və bina
çevrilib olmuşdu Hachac ağanın – Bakı zəngini
Hacı Hacağa Dadaşovun mehmanxanası. Karvansara olduğu
zamanlarda da, “Metropol” hotelinə çevrilib qonaqlarını qəbul
etdiyi illərdə də buradakı həyət yerində
idi. Ancaq 1918-ci il sentyabrın ikinci yarısından 1920-ci il
aprelin sonlarınadək bina Azərbaycan Cümhuriyyəti
hökumətinin ixtiyarında idi – burda həm yaşayır,
həm işləyirdilər. Hamısı ailəli idi, hər
ailənin də uşaqları vardı. Hökumət
yuxarı qatlarda işini görürdü, gənc Azərbaycan
Cümhuriyyəti səhərdən gecə keçənədək
fəaliyyətdə idi. Amma həyat da davam edirdi. Uşaqlar,
evlərin xanımları hər gün həyətə
enirdilər. Balacalar bir tərəfdə oynayır,
deyib-gülür, xanımlardan hansısa paltar sərir,
hansılarısa bir kənarda əyləşib söhbətləşirdilər.
Həmin həyətdə atılıb-düşən
uşaqlar o aylar içində bu səbəbdən Azərbaycanın
ən xoşbəxti idilər ki, Azərbaycana müstəqillik
gətirmiş, xalqa istiqlalın şirinliyini
dadızdırmış, yenicə ayaq tutan Azərbaycanı
yeni dünyanın dövlətlərindən birinə
çevirərək addım-addım irəlilədən
şanlı ataların övladları idilər.
Hər gün Fətəli xan Xoyski, Nəsib bəy
Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Bağır bəy
Şıxzamanlı, Xudadat bəy Məlikaslanov və digər
nazirlərimiz, azacıq aralıda, elə eyni küçədəcə
yerləşən Məclis-i məbusanda – ilk parlamentimizdəki
millət vəkillərimiz bu binada müxtəlif toplantılarda,
görüşlərdə idilər.
Həyətdə uşaqlar oynayırdılar. Bu birgəlik
təkcə uşaqları deyil, onların ailələrini də
bir-birlərinə daha da yovuqlaşdırdı. O uşaqlar bəxtiyar
valideynlərin xoşbəxt balaları idilər. Həmin
uşaqlardan biri, o vaxtlar 6-7 yaşı olmuş
qızcığaz – müstəqil Azərbaycanın ilk səhiyyə
naziri Xudadat bəy Rəfibəylinin qızı, sonraların
məşhur şairi Nigar xanım fərəhlə daşan
günlərdən yarım əsr keçərkən də
ata-anası, qardaşı ilə o binada
yaşadığı günləri, həyətdəki
oyunları, hər gün qalxıb-endiyi pillələri
unutmamışdı, bu xatirələrini oğlu Anara
nağıl kimi söyləyirdi.
Ancaq 1920-ci ilin apreli gəldi və bağçalar
viran qaldı. Qəfil qopan bolşevik qasırğaları hər
şeyi alt-üst etdi. Siyasi təlatümlər Azərbaycan
Cümhuriyyətinin qurucularını da pərən-pərən
saldı. Onlardan hansılarısa həbslərə və
sürgünlərə məruz qaldı, kilmlərsə
güllələndi, bir qismi mühacirətə üz tutdu.
Qaçaraq canını qurtaran, xaricə
sığınanların bəziləri ailəsini apardı,
bir parası tək özü getməyə macal tapdı,
arvad-uşağı burda qaldı. O uşaqlar ki həyatlarının
iki ilə yaxın müddəti bu həyətdə
keçmişdi, onların bəziləri hələ körpə
idi, heç dil açmamışdı, qucaqdaydı və bəziləri
nisbətən böyük idi, məktəbə gedirdi, hər
şeyi anlayırdı, ömürlərinin sonunadək həmin
həyəti unuda bilmədilər.
Yalnız öz gördüklərindən, öz hafizələrinə
hopanlardan deyil, onlara böyüklərin, valideynlərin, qohum-əqrəbalarının
söylədiklərindən də hər şey hafizələrinə
biryolluq həkk olundu.
Millətə dövlət və istiqlal kimi misilsiz nemətlər
bağışlamış bahadırlar 1920-ci ilin aprelindən
sonra bolşevik siyasətinin əyri yazan qələmi ilə
“xalq düşməni” elan edilmişdilər. O uşaqlar ki
dünənəcən, millət fədailərinin, xalq
sevimlilərinin xoşbəxt balaları idilər, indi
artıq yeni dövlət və təzə məfkurənin
düşmənlərinin bədbəxt övladları idilər.
Təlatümlü illər bir-birini qovacaq. Tərcümeyi-halı
dəyişmək ki olmur. O uşaqlar o şanlı
babaların övladları olaraq qalacaqlar. 1920-ci ilin aprelinədək
daşıdıqları soyadlar, atalarının adları bu
uşaqlar üçün iftixar qaynağı, müəyyən
mənada yolaçan, arxa idisə, indi burulğanında
olduqları vahiməli, qaydaları son dərəcə sərt
gerçəklikdə şərəfli soyadları da, ləyaqətli
atalarının adları da onları hər an növbəti bəlalara
doğru sovuran kabusa çevrilmişdi.
Bu mənhus tarix kəsiyində nəfəsi kəsilməyən,
vaxt bataqlığından salamat qurtaran o uşaqlar, o yeniyetmələr,
o gənclər böyüyəcək, onların həmin
hadisələrə şahid olmamış, o dövrü
yaşamamış övladları dünyaya gələcək.
Ancaq sovetlər qaldıqca “xalq düşməni”
damğalı nəsillərin başının üstündəki
qılınc elə yerində olacaq, daşıdıqları
soyadlar onları da təqib edəcək. Valideynlərinin, əcdadlarının
ucbatından adları “qara siyahı”larda yer alacaq, onları
onillər boyu küncə sıxışdıracaqlar, həmişə
kəc nəzərlərlə baxacaq, ögey sayacaqlar.
Nə qədər üstün olsalar belə, irəli
çıxmaqlarına müdam əngəllər törədiləcək
– ta tarixin təkəri iblisin hökmündən
çıxanadək!
Gün yetişəcək ki, vaxtın
güzgüsü əyrini əyri, düzü düz göstərəcək,
həqiqətlər yazılmağa başlayacaq. Ancaq
haqqın, ədalətin təntənəsi əyyamlarınacan
nə qədər talelər şikəst olacaq, nə qədər
insan dünyanı nisgilli, nakam tərk edəcək, nurlu
valideynlərin nə qədər istedadlı balaları
açılmadan sönəcək.
Əslində övladlara ata-analarından da
müdhiş cəza kəsmişdilər – onların
qanadlarını qırdılar, onların haqq etdikləri
ucalmaq, parlamaq imkanlarını əllərindən aldılar,
onları əngin fəzalara dikəlmək imkanından məhrum
etdilər.
Tarix boyu və dünyanın ən müxtəlif yerlərində
insanlar mükafatlar, təltiflər, fəxri adlar, nişanlar,
orden-medallar düşünüblər. Mahiyyətcə bu,
xoş hadisədir. Çünki insanları sevindirmək,
ruhlandırmaq, ilhamlandırmaq məqsədi
daşıyır. Ancaq dünyanın hər yerində və
tarixin bütün dövrlərində bunun tam əksi də
olub. Şeytançı ehtiras və iştahla əzabvermənin,
işgəncənin ən müxtəlif çeşidlərini
da durmadan axtarıb tapıblar. Dar ağacından asmaq,
şaqqalamaq, güllələmək və bu qəbil
löyün-löyün cəzalar insan qiyafəli iblislərin
ürəyini soyutmayıb, güzəştsiz qəddarlıqla
daha müdhiş cövr üsulları arayıblar və
axtarışlarında inadlı olduqlarından tapıblar da.
İnsanı diri-diri öldürməyin cəzası,
gözü görə-görə dəqiqəbədəqiqə
həlak etməyin ən amansız cəzalarından biri onu Vətənə
həsrət qoymaqdır.
Bu millətə istiqlal bağışlayanların
önündə getmiş Məhəmməd Əmin Rəsulzadənin,
Əlimərdan bəy Topçubaşovun, Həsən bəy
Ağayevin, onların silahdaşlarının, məsləkdaşlarının,
fikirdaşlarının qohum-əqrəbasının taleyindən
qırmızı şeytanın – sovetin cəza cəbbəxanasındakı
cəzaların hər növü keçdi: həbs də
etdilər, sürgünlərə də yolladılar, gülləyə
də tutdular, cəzaların ən amansızı kimi vətən
tamarzısına da döndərdilər.
Məhəmməd Əmin Rəsulzadə ölüm
yatağında ikən, dünyadan köçəndə
qanı qaçan qurumuş dodaqlarından qopan son sözlər
həsrətlisi olduğu doğma yurdun üç dəfə
dilə gətirdiyi adı idi. “Azərbaycan! Azərbaycan! Azərbaycan!”
deyib Cənnətə uçdu.
Ömrü boyu “Azərbaycan” onun dilində,
düşüncəsində, ürəyində, qələmində
olmuşdu, ruhu bədənindən ayrılarkən, son nəfəsində
də “Azərbaycan! Azərbaycan! Azərbaycan!”
pıçıldayırdı ki, barı heç olmazsa vətəninə,
xalqına belə qovuşsun.
Hər kəs kimi, Məhəmməd Əmin Rəsulzadənin
də ailəsi, qohumları, yaxınları, dostları
vardı. Damarında Rəsulzadə qanı axmasının,
onunla eyni şəcərəyə mənsubluğun məşəqqətlərini
onun uruğundan olanların hamısı bütün sovet onilləri
boyu çəkdi. Şiddətlə davam edən sovet siyasi
repressiyalarının səngidiyi məqamlar da olmuşdu, bəraətlər
də elan edilmişdi, sovet həbs düşərgələrindən
onminlərlə insan azadlığa çıxaraq yenidən
həyatını qurmağa başlamışdı,
aralarında irəli çəkilənlər, yüksək vəzifələrə
dikələnlərə də rast gəlinmişdi. Fəqət
1991-ci ilə qədər – sovet dövləti çökənədək
rəsmi ideologiya və onun əzazil icra maşını KQB Rəsulzadə
qəbilindən olanları əfv etmədi, onları və
sülalələrini ən qatı düşmənləri cərgəsində
saxladı. Kreml Məhəmməd Əmin Rəsulzadə kimi
nəhənglərin ölüsündən də
caynaqlarını çəkmədi, onların xatirəsindən
də intiqam aldı. Hərdən o münasibətin nə
şəkildəsə təzahürlərini hiss edəndə
xoflanıram ki, bəlkə sovet heç sonacan gəbərməyib?!
Şura hökuməti Məhəmməd Əminin
özünü əbədi vətən ayrısına, yurd həsrətlisinə
çevirdi, əzizlərinə də vətəndə
yaşamaq fürsəti vermədi. Bir oğlunu – Rəsulunu elə
18 yaşında burdaca məhv elədilər. Unudulmaz rəssamımız
Oqtay Sadıqzadə mənə ailə faciəsinin ürək
dağlayan hekayətlərini danışırdı. Oqtay
ustadın anası, böyük yazıçımız Seyid
Hüseynin zövcəsi Umgülsümxanım Məhəmməd
Əmin Rəsulzadənin həyat yoldaşı
Ümmülbanunun doğmaca bacısı idi. Seyid Hüseyn
heç Məhəmməd Əminlə bacanaq olmasaydı da,
onsuz da sovet hökumətinin nəzərində Hüseyn
Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Hacıkərim
Sanılı və digər belə ulduzlarımız kimi
aradan götürülməli düşmənlər cərgəsində
idi. Yəni Məhəmməd Əmin Rəsulzadəyə
qohum olmasaydı da, özü biçimində olan digərləri
kimi, yəqin ki, gec-tez onu da ya həbsə atacaq,
yasürgünə göndərəcək, ya da güllələyəcəkdilər.
Ancaq Məhəmməd Əmin Rəsulzadə ilə
qohumluğu Seyid Hüseynin də, ailəsinin də
başına müsibətləri iki-üç qat
artığı ilə əndərdi.
Yazıçı olaraq cəzalanmaqdan söz gedirsə,
gərək hesabla, miqyasına və açıq
türkçü baxışlarına görə Seyid
Hüseyndən daha ağır cəzaya Hüseyn Cavidi
mübtəla edəydilər. Ancaq Cavid güllələnmədi,
sadəcə sürgünə göndərildi, orda öz əcəli
ilə vəfat etdi, nə həyat yoldaşı Mişkinaz
xanıma, nə oğlu Ərtoğrola, nə qızı
Turana toxundular. Seyid Hüseynin özünü güllələdilər,
ailə üzvlərini də Məhəmməd Əmin Rəsulzadənin
əqrəbası olduqlarına görə həbsə
atdılar, sürgünə yolladılar.
Məhəmməd Əmin Rəsulzadənin həyatdakı
ən ülvi amalı, mübarizələrinin baş hədəfi
ilk gənclik illərindən bu yurd və bu xalq idi.
Ömrü boyu o, Azərbaycanın ali maraqları uğrunda
çalışmaları və mübarizələri həyatının
mənası saydı
Ömrünün ən ümdə qazancı,
çarpışmalarının məsud yekunu olan
istiqlalımızı itirəndən sonrakı aylar, 1920-ci
ilin yazı, yayı, payızı onunçün ömrün
dəhşət fəsli idi. Ancaq dünya təzadlar dünyasıdır.
O bədbəxt günlərin içərisində də hər
halda bir işıq vardı: oğlu dünyaya gəlmişdi,
ilk və son dəfə gördüyü körpəsini o, həyatının
ən əziz sözüylə adlandırmış,
oğluna Azər adı qoymuşdu.
Cümhuriyyət dönəminin qarşıdurmalarla ləbələb
günlərini bir zərrəbin sayaq vaxtın uzaqlarından
yaxına çəkən stenoqramlar, iclas protokolları bizə
indi o çağların həyəcanlı səslərini
eşitdirir. Həmin yığnaqların bir çoxunda
müsavatçı Məhəmməd Əmin Rəsulzadə
və kommunist Əliheydər Qarayev üzbəüzdürlər:
daim düşüncələri və baxışları
çəpləşir, höcətləşirlər.
Əliheydər Qarayevin kimliyini 1923-cü ildə
artıq mühacirətdə olarkən yazdığı “Azərbaycan
Cümhuriyyəti” kitabında Məhəmməd Əmin Rəsulzadə
ikrahla qələmə gətirir, vaxtilə “Füqəra
füyuzatı”nda dərc olunmuş və opponentinin
astarını üzə çıxaran ifşaçı
şeirdən misraları iqtibas edirdi:
Bax, şu Qarazadə Əliheydərə,
Töhfeyi-Şirvanə mələkmənzərə.
Bəhri-Xəzər, xittəyi-Azərbaycan
Görməmiş ömründə belə
hökmran.
Əslində “mələkmənzər” yox, iblismənzər
olan Əliheydəri bu deyişlə nişan verməklə
onun maviliyinə üstüörtülü işarə
edilirdisə, Azərbaycanın indiyədək belə bir
hökmran görmədiyini deyərkən açıqca dəqiqləşdirirdi
ki, bəli, Azərbaycan bunca amansız, qəddar, öz millətinin
qanına susamış birini görməyib.
Və 1920-ci ilin avqustudur. Məhəmməd Əmin Rəsulzadə
onu təqib edən bolşeviklərdən gizlənir, bir
müddət Lahıca sığınandan sonra Bakıya
qayıdıb ki, girəvə tapıb ailəsi ilə
görüşsün. Çünki ona xəbər
çatdırıbmışlar ki, 1920-ci ilin 15 iyununda
oğlu doğulub. Nəvəsi Rais Rəsulzadənin ailə
hekayətlərinə arxalanaraq söyləməsincə, Məhəmməd
Əminə zövcəsi ilə görüşmək
uşağın iki aylığında müyəssər
olur. Ümmülbanunun qucağındakı körpəsini
qolları üstünə alır, nəvazişkar ehtiyatla
sifətindəki örtüyü çəkərək
uşağa şəfqətlə baxır, soruşur ki, ona
hansı adı qoymusuz? Xanımı qayıdır ki,
Əliheydər.
Məhəmməd Əmin köküylə-əsliylə
ruhani ailədən olan bir insandı, böyük oğlunu da
Peyğəmbərin şərəfinə “Rəsul”
çağırmışdı. Əslində “Əliheydər”
də müqəddəslər zümrəsindən olan
addır, o dövrdə Azərbaycanda da geniş
yayılıbmış və Ümmülbanu zənn
edirmiş ki, bu adı əri də bəyənər.
Məhəmməd Əmin Rəsulzadə birinci və
axırıncı dəfə gördüyü körpəsinə
bir də baxır, sözünü uşağın
qulağına deyir, amma Ümmülbanuya eşitdirir: “Sənin
adını Azər qoydum”.
Rəsulzadələr ailəsində nəsil-nəsil
ötürülmüş bu adqoyma hekayətini mənə Məhəmməd
Əmin bəyin nəvəsi, həmin Azərin oğlu Rais Rəsulzadə
söyləyib.
Məhz bu atanın övladı olması, məhz bu
soyadı daşıması dünyaya gəldiyi ilk gündən
Azərin taleyinə çevriləcək. Az sonra bu körpə
hələ qundaqda ikən didərgin olmağın
ağrılarını yaşamağa başlayacaq. Təbii
ki, həmin ağrıları o vaxt duymadan. Ancaq bu
sızıltıları illər sonra həmin əhvalatlar ona
söyləndikcə gerçəkdən yaşayacaq.
Əvvəlcə bu körpə anasının
qucağında digər ailə üzvləri ilə birgə
Gəncə həbsxanasına göndəriləcək. Bir ay
o dustaqxananın divarları arasında qalandan sonra başqa didərginlik
başlayacaq. Qara bəxti elə gətirəcək ki, Azər
ömrü boyu atası kimi Azərbaycanına həsrət
qalacaq. Ara-sıra buralara xəlvəti gələ, qıraq
gözlərdən yayınaraq oğurluq baş çəkəsi
olacaq.
Yaşadığı müddətcə
daşıdığı soyadın işığı da, o
soyadın gətirdiyi dərdlər də həmişə Azərlə
qalacaq.
Azər Rəsulzadə ömrünü qürbətdə,
Qazaxıstanda çürütdü. Əvvəlcə
Taldıkorqanda (o vaxtlar bu yerin adını rəsmən
Taldı-Kurqan kimi göstərirmişlər) yaşadı,
sonra Karaqandaya köçdü. Orda övladları dünyaya
gəldi.
Üzdən baxanda yaşadığı sanki hər
insanın həyatı kimi adi bir həyat idi – evi, işi,
yaxınları, dostları, qonşuları vardı. Ancaq
ömrü boyu bunu da hiss edirdi ki, onu həmişə kənardan
seyr edən, nəzarətdə saxlayan gözlər var. Həm
də bunu gizlətmədən edirdilər. Bu, xam
olduqlarından deyildi. O təhər edirdilər ki, Azər
özü də həmişə
güdüldüyünü, diqqətdə
saxlanıldığını anlasın və artıq-əskik
hərəkətlərə mail olmasın.
Ancaq güdükçülərinin belə həyasız
davranışları olmasa belə Azər hər şeyi
gözəl dərk edirdi. O, kimin oğlu olduğunu da,
atasına bu dövlətin hansı idbar münasibəti bəslədiyini
də bir an belə yadından çıxarmırdı. O,
sürgündə idi, hərəkət azadlığından
məhrum idi. Hərdən ürəyi darıxmaqdan partlamaq həddinə
çatanda oğrunca gözdən itərək Azərbaycana
gəlsə də, burda çox qərar tuta bilmirdi, bir
gün, iki gün, uzaqbaşı üç gün sonra yenə
qayıdıb getmək məcburiyyətində idi.
Çünki dustaqlıqda, həbs düşərgəsində
olan tərzdə – icazə verilmiş cızıqdan kənara
çıxmaması üçün mütəmadi qeydiyyat
aparırdılar. Hərdən düşünürsən ki,
onu niyə şərti də olsa azadlıqda saxlayıblar?! Hərçənd
elə sürgündə olmaq həbsin bir başqa şəkli
idi. Amma hər halda Azər sıradan olan insanlar kimi hər
gün işə gedirdi, işdən gəlirdi, ailəsi ilə
birlikdə idi. Bunun arxasında da xəfiyyə təfəkkürlü
sovetin ayrı bir məkri dayanırdı. Məhəmməd
Əmin Rəsulzadə mühacirətdə idi və
xüsusi xidmət orqanları da onun dinc dayanan insan
olmadığından agahdılar. Məhəmməd Əminin
qələmi işləyirdi, yazırdı-pozurdu, hərəkatını
davam etdirirdi, ətrafında həmfikirləri də az deyildi.
Vaxtilə mən Dövlət Təhlükəsizlik
Komitəsinin arxivində iki çoxcildlik işdən fraqmentlərlə
tanış olmuşam. Tanış olmam da ona görə
ayrı-ayrı parçalara əsasən idi ki, bu
qovluqların bütövləri ələ verilmirdi. Əslində
həmin işlərin əsli - özək Moskvada idi. Hərəsi
30 cild olan o işlərin mühüm hissəsini əməliyyat
məlumatları təşkil edirdi. İşlərdən
biri “Türkiyədəki Azərbaycan siyasi mühacirəti”,
digəri “Avropadakı Azərbaycan siyasi mühacirəti”
adlanırdı. O tikə-parçalar ki tanış
olmuşdum, onlar hər halda vəziyyət haqqında müəyyən
qənaətlər yaradırdı.
Aldığım təsəvvürlər nədən
ibarət idi? İstər Türkiyədə, istərsə də
Avropadakı görkəmli siyasi mühacirlərimizin
hamısı fasiləsiz diqqət altında imiş. Yüz
faizli nəzarət edə bilməsələr də, əlləri,
imkanları çatdığı qədər pusurmuşlar.
Mühacirlərin gördüyü işlər, dərc etdikləri
yazılar, keçirdikləri iclaslar, oturub-durduqları
insanlar, qurduqları planlar barədə az-çox məlumat
almağa çalışır, müxtəlif agentlər, elə
mühacirlərin öz içərisindən
tapdıqları çuğullar vasitəsilə həmin
bilgiləri toplayaraq Bakıya, Moskvaya
ötürürmüşlər.
Həmin cildlərin hamısına əlimiz yetərsə,
o xəzinə Məhəmməd Əmin Rəsulzadə və
məsləkdaşlarının da, Əlimərdan bəy
Topçubaşov və silahdaşlarının da
oçağkı fəaliyyəti haqqında mühüm və
doğruçu soraqlar əldə etməkçün müstəsna
qaynaq olar.
Həmin qaynaqlardan əldə olunan tikə-para bilgilər
və sonra illər boyu ayrı-ayrı siyasi mühacirlərin
övladlarıyla, ailə üzvləri ilə
apardığım saysız söhbətlərdən
çıxardığım bir nəticə də var – sovet
təhlükəsizlik orqanları Azər Rəsulzadə,
Üzeyir Hacıbəyli, Nigar Rəfibəyli və bu qəbil
tutulmalı “xalq düşməni” övladlarını
heç də humanistlikdən türməyə
atmırlarmış. Onların hər biri əslində girov
saxlanırmış, bu girovlardan da ordakılara qarşı təzyiq
vasitəsi kimi yeri gəldikcə istifadə edilirmiş. Belə
hadisələrdən bir neçəsi elə Azər Rəsulzadənin
də başına gəlmişdi.
İkinci Dünya müharibəsi illərində
Taldıkorqanda yaşayan Azər Rəsulzadəni də hərbi
xidmətə çağıraraq əsgər aparırlar. O,
“xalq düşməni”nin oğlu idi. Yazılmamış (kim
bilir, bəlkə də yazılmış məxfi) qaydaya
uyğun olaraq belələrini adətən cərimə
batalyonlarında ölümün ağzına
atırdılar. Ancaq nədirsə, Azəri Tehrana göndərirlər.
Sən demə, pərdəli mətləb varmış. Həmin
məqsədi də Azərə açıq deyirlər. O da
illərcə gizli saxladığı, hətta ailə
üzvlərinə də açmadığı bu sirri, nəhayət
ki, günlərin birində, ömrünün bitər-bitməzində
oğlu Raisə söyləmişdi.
Bir tərəfdən baxırmış ki, artıq
Rais dünyanı dərk edir, hansı siyasi mühitdə
yaşadığını yaxşı anlayır, nəslin
aqibətindən də bütün yaxşı-yamanı ilə
xəbərdardır, ağzından söz qaçmaz, qoy ailənin
bu gizlinindən də xəbəri olsun. Digər tərəfdən
də, yəqin düşünürmüş ki, bu, sadəcə
ailənin sirri deyil, həm də tarixdir, elə Məhəmməd
Əminin haçansa tamlığı ilə yazılacaq
bioqrafiyasının bir ştrixidir, itib-batmasın. Ona görə
də Tehranda başına gələni yerli-yataqlı oğlu
Raisə nağıl eləmişdi, o da elə atası kimi
düz fikirləşərək mənimlə
bölüşdü ki, bu əhvalatın yazıya
alınacağı, unudulmayacağı lap qətiləşsin.
Adətən siyasi dustaqları və o qəbildən
olanları 1941-1945 müharibəsində Şura hökuməti
qurbanlıq ət parçası kimi istifadə etmiş, cərimə
batalyonlarına, mina sahələrinə, sağ qurtarmaq
ağlasığmaz olan döyüş meydanlarına yönəltmişdi.
Azər Rəsulzadə də istisna olmayıb.
“Atamı Çin sərhədindəki Tekele şəhərində
olan cərimə batalyonuna göndəriblərmiş. O vaxt
artıq anamla evlənibmiş. Lakin 1943-cü ildə onu hərbi
komissarlıq təkrar çağırır, ezamiyyə vərəqi
verirlər ki, hazırlaş, İrana gedirsən. Tehran
konfransı ərəfəsində orda sovet qoşunları
meşədə yerləşdirilmişdi, gözləmə
mövqeyində idi. Atam danışırdı ki, əmr
gözləyirdik ki, hücum edəcəyik, ya yox. Hələ
sakitlik idi, arada bizə şəhərə
çıxmağa icazə verirdilər. Deyirdi ki, bir gün
çıxdım şəhərə, gəzirdim, təsadüfən
elə vaxtilə Bakıda bizimlə eyni küçədə
yaşamış iranlı məhəllə
uşaqlarından biri ilə rastlaşdım,
qucaqlaşdıq, görüşdük, növbəti dəfə
şəhərə çıxanda onlara qonaq gəlməyimi
xahiş etdi.
Atam da bir neçə gün sonra hərbi hissədən
çıxmağa növbəti dəfə izin veriləndə
keçmiş qonşumuz olan, onu qonaq dəvət etmiş həmin
İran azərbaycanlısıgilə yollanır,
yeyib-içirlər, atam özü ilə apardığı
tarını çalaraq onları feyziyab edir.
Danışırdı ki, arada siqaret çəkmək
üçün evdən çölə
çıxmışdım, bir nəfər
yaxınlaşdı, “Sən Məhəmməd Əminin
oğlusan, eləmi?” – soruşdu. Təsdiq etdim. Həmin adam
dübarə qayıtdı ki, istəyirsən səni atanla
görüşdürək? Mən də tutuldum, fikirləşdim,
dedim yox, istəmirəm. Ehtiyat etdim ki, sonra
çatdırarlar”.
Rais Rəsulzadə İrandan 1946-cı ilin əvvəllərində
qayıdır. Qazaxıstana yola düşməzdən əvvəl
Bakıya gəlir, birbaşa Seyid Hüseynin evinə,
cavanlıqda tez-tez yığışdıqları mənzilə
tələsir. Xalası uşaqları ilə
görüşür, elə içəri təzəcə
giribmiş ki, qapı döyülür, “kimsiniz?”
soruşurlar, cavab gəlir ki, pasport yoxlayırıq.
Bunu da Rais müəllim danışır: “O vaxt Seyid
Hüseyngilin evi indiki kimi deyildi. Onda arxa qapı da vardı,
indi Xan sarayı, divar həmin yeri tutub. Atam icazəsiz gəldiyinə
görə təşvişə düşür, ələ
keçməməkçün arxa qapıdan çıxaraq
qaçır. Sonra 1959-cu ildə arada bir dəfə də gəlir.
Onda da yoxlayırlar”.
Milis idarəsindən pasportları yoxlamağa gələnlər,
yəqin ki, elə təsadüfən gəlib
çıxmırlarmış. Gözləri mütəmadi
olaraq Azərin üstündəymiş, hardan gəlib, hara
getdiyini bilirlərmiş.
1955-ci ildə bir hadisə də olubmuş: həmin il
martın 6-da Ankarada Məhəmməd Əmin Rəsulzadə
gözlərini əbədilik yumur. Təbii ki, bundan Azərin
xəbəri ola bilməzdi. Taldıkorqanda onu
çağırırlar, xəbər verirlər ki, atanız
vəfat edib, istəsəniz sizi dəfnə göndərə
bilərik.
“Atam deyir ki, nəhayət, siz bizi rahat
buraxarsınız. Tərəddüdsüz imtina edir ki, xeyr, mən
getmək istəmirəm. Ancaq atamın ehtimalı düz
çıxmır. Babamın ölümündən sonra da
onu sakit buraxmadılar”.
...Hər iki yandan – həm ata, həm ana tərəfdən
Pərvərdigar bu nəslə yaradıcı istedad nəsib
etmişdi.
Azər Rəsulzadənin atası da, babası da, ulu
babası da dərin zəka sahibi, yaradıcılıq
damarı olan insanlardılar. Anası Ümmülbanunun da qələmi
vardı, xalası Umgülsüm də incə ruhlu şairə
idi. Xalası uşaqları Oqtay, Toğrul rəssam oldular,
Qumralın da yazı-pozusu vardı. Azər Məhəmməd
Əmin Rəsulzadənin oğlu idi. Bəlkə onun da
cövhərində şairlik, nasirlik istedadı
varmış. Ancaq qəzavü qədər onu elə qəliz
zəmanədə yaşatdı ki, belə
qatmaqarışıq dövrdə yazı-pozu ilə məşğul
olmaq artıq xəta idi. Nədən yazır-yazsın,
soyadına görə xəbis sovet rejimi eşələyib-eşələyib
hər sözünün içərisindən bir başqa tərs
söz, dövlət əleyhinə bir ayrı məna
çıxara bilərdi. Ancaq bəxti bu sarıdan gətirmişdi
ki, onda rəssamlıq istedadı da vardı. Rəssamlıq
Azər üçün yalnız bir parça çörək
qazanmaq, ailəsini dolandırmaq vasitəsinə çevrilmədi,
həm də ürəyini boşaltmaq üçün ona bir
dayaq oldu.
Bakıda rəssamlıq məktəbində
oxumuşdu. Onunla eyni vaxtda təhsil alanlar, sənət yolunu
onunla eyni illərdə başlayanlar sonralar Azərbaycanın
məşhur rəssamlarına çevrildilər. Yəqin ki,
tale bu cür yox, başqa cür cərəyan etsəydi, elə
Azərin də adı Azərbaycanın tanınan rəssamlarının
cərgəsində yer alardı, bu gün sərgi
salonlarımızda, muzeylərimizdə onun da tabloları
sıralanardı. Ancaq qismət deyilmiş. Dövran elə gətirdi
ki, onun yaratdığı ayrı-ayrı lövhələr
yalnız müəyyən dostların, yaxınların evlərinin
divarlarından asıla bildi. Hər dəfə
fırçanı, rəngləri götürəndə,
molbert qabağına gələndə o, dünyanı unudurdu,
ayrı bir aləmə düşürdü. Həmin əsrarəngiz
dünyada, o duyğular və rənglər aləmində
söz sahibi Azərin özü idi. Orda onu güdən, izləyən,
nəzarət edən heç kəs yox idi. Fırça və
rənglərlə baş-başa qaldığı dəqiqələr
ondan ötrü yükdən azad olmaq, ürəyini boşaltmaq
imkanı idi.
Və Azər Rəsulzadədən yadigar qalan, onun
emalatxanasında ən görünən yerdən asılan bir
şəkildə olub: bir tərəfdə alışıb
yanan ocaq, şahə qalxan alov dilimləri, o biri tərəfdə
bir ovuc kül.
Bu sadə rəsmdəki rəmzlərdə həssas
mənalar gizlədilibmiş. Bu odla kül, rəssamın fəlsəfəsinə
görə, Məhəmməd Əmin Rəsulzadə ilə
oğlunun timsalı imiş.
Hansı quruluşda, hansı cəmiyyətdə
yaşadığına ayrıntıları ilə bələd
olduğundan Azər sovetin sözdən söz
çıxarmağa necə pərgar olduğundan da xəbərsiz
deyildi.
Azər Rəsulzadə
çalışırmış elə rəsmlər
yaratsın ki, heç vaxt onları tərsə yozmağa əlyeri
qalmasın. Ancaq bu tablo başdan-axıracan rəmz idi, onu da
özlərindən başqa heç kəs
görmürdü.
Azər şəklin rəmzi mənasını
özü kimi rəssam olan oğlu Raisə də
açmışdı, söyləmişdi ki, bu ocaq, bu alov
dilimləri atam Məhəmməd Əmindir. Bu bir ovuc külsə
mənəm – Azər Rəsulzadə, onun oğlu.
Rəsmin mənasını, rəmzlərin mahiyyətini
Azər Rəsulzadə özü buracan açırdı.
Ardını mən yozuram. Qətiyyən güman etmirəm
ki, Azər bu rəsmi ilə oddan kül törəməsi həqiqətini
çatdırmaq istəyirdi. Yox, o, Məhəmməd Əmin
ocağından qalan kül deyildi, atasının pak ruhunu da,
istiqlal eşqini də, Azərbaycan sevgisini də öz
varlığında həyatının sonuna qədər
daşıyan odlu vətənpərvər idi.
Ömrü boyu nə qədər barılar, çəpərlər,
maneələr yaradılsa da, heç vaxt sınmadı, əyilmədi,
heç vaxt Məhəmməd Əmin Rəsulzadənin
oğlu olmaq məsuliyyətini unutmadı. Bu müşahidəsi
gerçək idi – həqiqətən, Məhəmməd
Əmin Rəsulzadə və məsləkdaşlarının
hərəsi bir od topası idi, bir gur ocaq idi. Onlar bu millətin
içərisində azadlıq alovunu, hürriyyət
ocağını elə çatdılar ki, o şəfəq
heç vaxt sönməyəcək.
Azər bütöv bir ömrü Məhəmməd
Əmin Rəsulzadənin oğlu kimi yaşadı, sovet
quruluşunun özünə düşmən hesab etdiyi, həm
də sadəcə düşmən yox, bir nömrəli
düşmən saydığı Məhəmməd Əmin
Rəsulzadənin alovu Azəri həmişə qarsdı,
kül edənəcən yandırdı.
Yanmaq istedadı ona Məhəmməd Əmin Rəsulzadədən
– atasından qanla, iliklə nəsib olmuşdu. Ancaq zalım
dövrün bəd siyasətləri yol vermədi ki, Azər
bir rəssam olaraq layiq olduğu parlaqlığıyla ortaya
çıxa bilsin. Onu Məhəmməd Əmin alovu
yandırıb külə döndərdi.
...İlk gəncliyindən daim Azər Rəsulzadə
ilə olan bir başqa sadiq yol yoldaşı da vardı. Bu vəfalı
sirdaşı onun üçün bir parça vətən
idi. Harda o yol yoldaşı onun yanındaydısa, demək, Azərbaycanla
birgə idi, elə Azərbaycanın içindəydi. Həmin
yol yoldaşı Azərin özündən üç
yaş böyük idi.
Bu bir tardı ki, 1917-ci ildə
bağlanmışdı. Həmin tarix elə
çanağında da ovulub. Bu ehtimal da var ki, o tarı Azərdən
daha əvvəl Məhəmməd Əmin Rəsulzadə sinəsinə
götürübmüş. NKVD bayquşları Rəsulzadələr
ocağında axtarışlar aparıb hər şeyi
sümürəndən sonra tək salamat qalan həmin tar
olmuşdu. O tar Azərlə şəhər-şəhər
gəzdi. Qazaxıstanın Taldıkorqanı
şaxtalı-sazaqlı bir məkan idi. Ancaq Azər hər dəfə
tarını köksünə sıxanda zəlo-zəlo soyuq
da yaddan çıxırdı, soyuğu adamı
qılınc kimi kəsən Taldıkorqan dönüb olurdu günəş şaxıyan, qumu
qaynar, dənizi ilıq Abşeron...
Dünyanın çox qart sifətlərini, həyatın
çox sərt üzlərini görmüş Azərin
ürəyi sözlərlə dolu idi. Ancaq ürəyindəkiləri,
düşüncələrini ən xəsis sözlərlə
belə ifadə eləmək xatalı idi. Zaman belə zaman
idi. Ona görə ürəyini yalnız rənglərlə,
bir də tarıyla boşalda bilirdi. Ancaq qocaman tarı Azər
üçün vətəndən uzaqlarda yalnız bir hayan
olaraq da qalmırdı, tar Azərçün həm də vətəndən
min kilometrlərlə aralıda Azərbaycanı göstərmək,
Azərbaycanı tanıtmaq, Azərbaycanı sevdirmək
üçün bir körpü idi.
Bunlar Məhəmməd Əmin yadigarı unudulmaz Azər
Rəsulzadənin sözləridir: “1927-ci ildə, yeddi
yaşım olanda Türkiyədən, atamdan bağlama
aldım.
Özüm açmışdım, bu, yaxşı
yadımdadır. Bağlamada iki cüt çəkmə
vardı, bir cütü qardaşım, bir cütü mənimçün.
O vaxt Seyid Hüseyn tövsiyə elədi ki, ordan yenə
bağlama gəlsə, götürməyin. Çünki
bunun uşaqlara ziyanı dəyər. Elə bu,
axırıncı oldu. Sonra daha bağlama gəlmədi. Ya bəlkə
də atam yollayırmış, bizimkilər qorxudan qəbul
etmirlərmiş?”
...Azər Rəsulzadə ilə həyatının
son parçasında Bakıya gəlişlərində
görüşmüşdüm, ona “Vaxtdan uca” kitabımı
da hədiyyə etmişdim. Az danışırdı, ancaq hər
cümləsi mənə bir istiqlal ayəsi kimi gəlirdi.
Deyirdi ki, mən qismətə inanıram. Ona inanıram ki,
qaranlıq günlərin açıq günləri də
olmalıdır. Mən onu arzu edirəm ki, Azərbaycanın
layiqli oğlanlarına, qızlarına atamın
ideyasını yerinə yetirmək üçün Allah
sağlam can, güc versin.
Azərin atası Məhəmməd Əmin Rəsulzadə
həyatının bütün məhrumiyyətlərinə,
bütün sarsıntılarına baxmayaraq, bəxtiyar insan
idi. “Bir kərə yüksələn bayraq bir daha enməz”
sözlərini adı kimi əminliklə söyləmişdi.
Çünki inanırdı ki, ürəklərdə istiqlal
ocağı yanırsa, o ocaq heç vaxt sönməyəcək.
O ocaq sönmədikcə də bayrağımız ən
ucalarda dalğalanacaq. Məhəmməd Əmin Rəsulzadənin
yadigarı Azər də həyatının bütün
çətinliklərinə, əzab-əziyyətlərinə
rəğmən, xoşbəxtlərin xoşbəxti idi.
Çünki o, şərəfli bir atanın övladı
idi. Çünki o, şanlı bir soyadı
daşıyırdı. Çünki o, bütün
ömrü boyu vətəndən uzaqlarda yaşasa da, nəhayətdə
öz ana torpağına qovuşa bildi. Ancaq bunların
hamısından daha vacib ona həyatının ən
böyük səadətini nəsib eləyən başqa bir
nemət oldu. Atası yüksəlmiş bayrağın endiriləbilməzliyini
demişdi və 1980-ci illərin sonlarında hələ
Şura hökuməti bütün qüvvəti və zoru ilə
yerindəykən Azərə bir milyonluq insan dənizinin
başı üzərində Bakıda, Azərbaycanda
üçrəngli bayrağın
dalğalandığını görmək qismət oldu.
1991-ci ilin oktyabrında o, Azərbaycanın müstəqilliyinin
bərpasına, hürriyyətimizin qayıdışına
da şahid oldu.
Bu yurdun və bu millətin başı üzərində
bir zamanlar onun atasının və atasının fədakar
amal qardaşlarının qaldırdığı bayraq yenə
dikəlirdi. Üçrəngli bayraq yenə ucalardaydı.
Tarix onun atasının – Məhəmməd Əmin Rəsulzadənin
onillər əvvəl elə bu gələcəklərə
baxaraq inamla söylədiyi sözləri gerçəyə
çevirmişdi. Millətin başı üzərində
hürriyyətimizin, istiqlalımızın simgəsi, rəmzi
olan üçrəngli bayraq dalğalanırdı.
1990-cı illər başlanırdı. Azər Rəsulzadə
vətənindəydi, Azərbaycandaydı, bütün
bunları görürdü. Ancaq o dalğalanan bayrağı
seyr edərək kövrələn yalnız Azər Rəsulzadə
deyildi. Onun gözləri ilə millətin, Azərbaycanın
başı üzərində dalğalanan müqəddəs
üçrəngli bayrağa atası Məhəmməd
Əmin Rəsulzadə də baxırdı...
27 dekabr 2024
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2024.- 30 dekabr(№242).-S.10-11;12.