Məhəmməd
Əmin Rəsulzadənin
nəzərindəki Füzuli
irsi
Müsəlman Şərqində
ilk Cümhuriyyətin əsas
qurucularından olan, ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr verən,
bu yaxınlarda 140 illiyini qeyd etdiyimiz
böyük ictimai-siyasi
xadim Məhəmməd Əmin
Rəsulzadə həm
də görkəmli ədəbiyyatşünas idi.
Əsası M.F.Axundov tərəfindən
qoyulmuş Azərbaycan
peşəkar ədəbiyyatşünaslıq
elminin inkişafında
onun da böyük rolu olub. M.Əmin
mühacir ədəbiyyatşünaslığın
ən görkəmli nümayəndəsi sayılır.
Fəlsəfə doktoru
F.Ələkbərov hesab edir ki, "...ümumilikdə XX əsrdə
Azərbaycan ədəbiyyatına...
M.Ə.Rəsulzadə qədər
diqqət yetirən, bunları qələmə
alan, qiymətləndirən
ikinci bir mühacir mütəfəkkir
yoxdur".
Onun ədəbi-nəzəri
yaradıcılığının mühüm bir qolunu da klassik irslə bağlı araşdırmaları təşkil
edir. Gənc yaşlarından ədəbiyyat
və incəsənətlə
ciddi məşğul
olan görkəmli dövlət xadimi öz əsərlərində
XX əsr Azərbaycan
ədəbiyyatının, ədəbi mühitinin ümumi mənzərəsini
ətraflı və obyektiv canlandırmaqla, ədəbi prosesə, nəşr olunmuş bədii ədəbiyyat və ədəbiyyatşünaslıq
nümunələrinə, ayrı-ayrı
şair və yazıçıların yaradıcılığına
elmi qiymət verməklə yanaşı,
klassiklərin ədəbi
mövqeyinin müəyyənləşdirilməsində
də gərgin əmək sərf etmişdi.
Belə klassiklərdən
biri də 530 illiyini qeyd etməkdə
olduğumuz, "Azərbaycan
ədəbiyyatı və
mədəniyyəti tarixinin
iftixarı, anadilli poeziyanın mükəmməl
nümunələrini yaratmış...
Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmiş"
Məhəmməd Füzulidir.
Onu da qeyd etməyi lazım bilirik ki, mühacir dövlət xadimlərimiz və ədəbiyyatşünaslarımız içərisində Füzuli
sənəti haqqında
daha ardıcıl söz açan və dəyərli fikirlər söyləyən
də M.Ə.Rəsulzadə
olub. Ümumiyyətlə,
M.Ə.Rəsulzadənin
Füzuli ilə bağlı görüşləri
onun klassik irsə münasibətinin
yüksək səviyyəsini
əks etdirir.
O, "bütün türklüyün
dahi şairi" hesab etdiyi M.Füzuli haqqında
1923-cü ildə İstanbulda
nəşr edilmiş
"Azərbaycan Cümhuriyyəti"
əsərində yazır:
"Füzuli Azərbaycanda
hər yerdən ziyadə mərufdur. Azərbaycanlıların ən
çox oxuduğu və ən çox sevdiyi şair Füzulidir..."
Anadilli ədəbiyyatın
yaranması və formalaşması məsələlərinə
böyük diqqət
və həssaslıqla
yanaşan M.Ə.Rəsulzadə
1949-cu ildə çap
etdirdiyi "Azərbaycan
kültür gələnəkləri"
əsərində göstərir
ki, üç dildə
yazıb-yaradan dahi şairin türkcə şeir yazması anadilli Azərbaycan ədəbiyyatının inkişafına
əhəmiyyətli təsir
göstərib.
M.Ə.Rəsulzadə 1936-cı ildə
Parisdə nəşr
etdirdiyi "Çağdaş
Azərbaycan ədəbiyyatı"
əsərində yazır:
"Əgər diqqət
edilsə, ona qədər və ondan sonra bir
çox böyük klassiklər: Fələki
və Xaqani Şirvanilər, eləcə
də Nizami Gəncəvi
həqiqi Azərbaycan
şairi olsalar da, fars dilində yazırdılar, onda aydın olar ki, sözün milli mənasında
Füzuli hansı ədəbi inqilabi etmişdir".
Füzulinin dilimizin
inkişafında etdiyi
"ədəbi inqilabın"
mahiyyətindən bəhs
edən Rəsulzadə,
"Nəzmi-nazik türk
ləfzilə ikən
düşvar olur,"
- deyən və "türk ləfzilə"
yazmağın çətin
olduğunu bildirən
böyük şairin
ana dilində yazmasını,
mümkün olmayanı
- "dikəndən bərgi-gül
izhar" etdiyini milli təəssübkeşlik kimi
qiymətləndirib. Onun
fikrincə, "Şərqin ən böyük liriki Füzuli yalnız Azərbaycan deyil, türkcə oxuyan bütün dünyanı həyəcanlandırır..."
"Azərbaycan Cümhuriyyəti"
əsərində M.Ə.Rəsulzadə Füzulinin
yaradıcılıq dilinin
inkişafı ilə
Azərbaycan ədəbiyyatının
inkişaf mərhələləri
arasında maraqlı bir uyğunluğu aşkar edib. O göstərir ki, Füzuli
ilk öncə farsca yazmış, sonra Azərbaycan şivəsi ilə türkcəyə başlamış, getdikcə
osmanlılaşmış, Şərq şivəsindən
uzaqlaşaraq Qərb şivəsinə yaxınlaşmışdı.
Füzulinin türkcə
"Divan" yaratması, "Leyli və Məcnun"u və məhərrəmlik
təziyədarlığının ana dilində icrası üçün zəmin yaratmaqdan ötrü "Hədiqətüssüəda"nı yazması, Ə.Caminin
"Hədisi-ərbəin" əsərini türkcəyə
çevirməsi türk
ədəbi dilinin və ədəbiyyatının
tarixində misilsiz hadisə, onun ana dilinin inkişafı sahəsində atdığı
məqsədyönlü addımlardan
idi. Bu, ədibin türk dili qarşısında övlad
və şair kimi ən böyük
xidmətidir. O, bütün
çətinliklərə qatlanaraq ərəb və fars şeir
dilləri ilə yarışa girə bilən Azərbaycan ədəbi dilinin nəzmi-nazik klassik şeir zirvəsini yaratmış, "türk
ruhlu fars dilli" ədəbiyyatın
"hökmranlığına" son qoymuşdu. Beləliklə,
müsəlman şərqində
ədəbiyyatda vahid
"türk dili məkanı" formalaşdırmış
və bu məkanın "şəriksiz
sahibi" olmuşdu.
Həqiqətən, dilə
münasibətdə Füzuli
şüurlu şəkildə
türk milliyyətçisi
kimi hərəkət
etmişdi. Bu mənada
M.Ə.Rəsulzadənin
azəri şerinin dahi ustadı Füzulinin ədəbi fəaliyyətində onun
milliyyətçiliyini xüsusilə
qabartması təbii idi. O, Ə.Qaraxanın
"Füzuli: mühiti,
həyatı və şəxsiyyəti" kitabına
həsr etdiyi resenziyada şairin milliyyətinin mübahisə
obyektinə çevrilməsini
lüzumsuz sayaraq qeyd edir ki, "...Klassik bir türk
şairinin milliyyətini
münaqişə konusu
yapmaq hər halda müsbət bir məşğuliyyət
sayılamaz... Füzulinin,
bizcə, bəlirdiləcək
və isbat olunacaq tərəfi onun türklüyü deyil, türkçülüyüdür:
müəllif, şairin
milliyyətindən ziyadə
milliyyətçiliyi üzərində
dursa idi, daha yerində hərəkət etmiş
olurdu". Bu məqsədlə
M.Ə.Rəsulzadə
resenziyada Füzulinin ədəbi fəaliyyətində
onun milliyyətçiliyini
xüsusilə əks
etdirən məqamları
xatırladır və
belə bir fikir söyləyir ki,
"irqən türk olmasa idi belə,
türkə xitab üçün can atan şair, bu sifətilə,
böyük bir türk şairi olmaqdan yenə məhrum qalmazdı".
M.Ə.Rəsulzadənin Füzulinin Azərbaycan, Şərq,
o cümlədən, bütün
dünya ədəbiyyatına
təsiri barədə
fikirləri də çox maraqlıdır.
"Azərbaycan kültür
gələnəkləri"ndə tanınmış filosof və dövlət xadimi, M.Füzulini
Şərqin "ən böyük
liriki" hesab edir. Yuxarıda da qeyd etdiyimiz kimi, o, Füzulini nəinki Azərbaycanı,
bütün türk dünyasını həyəcanlandırmaq
qabiliyyətinə malik şair
sayır. Türkiyədə
"Türk Ocaqları Heyəti"
tərəfindən çap
olunan "Türk dili"
adlı əsərdə
dərc olunmuş
"Qafqaz türkləri"
məqaləsində yazır:
"...Füzuli kibi ustadlar, yalnız Azərbaycan mühitinə
münhəsir olmayıb,
ləhcələrindəki xüsusiyyətə rəğmən,
təsir etibarı ilə bulunduqları məkanı aşa bildikləri kibi, kəndilərini təaqüb
edən zamanları da
aşmış və
onlardan böyük Füzuli bu günə qədər təsirini ibqa edərək, Kaşqardan Ədirnəyə qədər,
bütün türklərin
dəxi şairi olduğu kibi, Avropa münəqqidləri
tərəfindən dəxi
Şərqin ən həssas
və müstəsna şairləri zümrəsindən
ədd olunmuşdur".
M.Ə.Rəsulzadənin
tədqiqatlarına yüksək
qiymət verdiyi F.Köçərli də
haqlı olaraq Füzulini "bütün
türk şairlərinin
babası" adlandırırdı.
Təsadüfi deyil
ki, XX əsrin sonlarında
Ümummilli Liderimiz H.Əliyev də
bu fikri təsdiq edərək deyirdi: "Füzulinin humanizm və ümumbəşəri dəyərlərlə
mayalanmış yaradıcılığı
bütün bəşəriyyət
üçün böyük
mənəvi qidadır.
Füzuli Azərbaycanın
böyük milli sənətkarı
olmaqla yanaşı, bütün müsəlman
aləminin qəlb şairidir".
Orta əsrlər Azərbaycan ədəbiyyatı öz
inkişafının zirvəsinə,
şübhəsiz ki, Füzuli
sənətində çatır.
Lakin M.Füzuli XIX əsrin axırlarına kimi Azərbaycan ədəbiyyatında hakimi-mütləq
olmuşdu. "Azərbaycan
Cümhuriyyəti" əsərində
Rəsulzadə qeyd edirdi ki, "milli poeziyamız
son zamanlara qədər
Füzulini tənzirdən
(ona bənzəməkdən
- İ.V.) ibarət" olmuş
və Azərbaycan türk ədəbiyyatının
müstəqil bir cərəyan şəkli
almasında onun türkcə yazması mühüm rol oynamışdır.
M.Əmin deyirdi:
"Yalnız Azərbaycanın
deyil, bütün türklüyün dahi şairlərindən, Əbü
Şüəra künyəsini
daşıyan Füzulinin
dərin bir nüfuzu, böyük bir mürşüdlüyü
vardır". "Məhəmməd Füzuli istedadlı nümayəndələri ilə
tanınan bütöv
bir ədəbi məktəb formalaşdırmışdır.
Öz müasirlərindən
başlayaraq, sonrakı
dövrlərdə Füzuli
ənənələrinin davamçısı
olmuş bütün görkəmli sənətkarlar
bu nəhəng söz ustasının adını hər zaman ehtiramla yad etmişlər".
Böyük yazıçımız
C.Məmmədquluzadə
1925-ci ildə haqlı
olaraq yazırdı
ki, "Hansı şeirə
baxsanız, görəcəksiniz
ki, onda Füzulidən
bir duz vardır".
Onu da qeyd edək ki, nəinki Azərbaycan və Osmanlı şairləri, bütün
türk poeziyası Füzulinin təsiri altında olub. Təsadüfi deyil ki, ingilis yazıçısı
və şərqşünası
E.J.Vilkinson Gibb "Osmanlı poeziyası tarixi" adlı əsərində onun
"türk şeirinin
bayrağını əlçatmaz
yüksəkliklərə qaldırdığını"
göstərmişdi.
M.Ə.Rəsulzadə proletkultçuların,
kommunist-bolşeviklərin Füzuliyə,
o cümlədən, klassik
ədəbiyyatın digər
görkəmli nümayəndələrinə
neqativ yanaşmasına
da öz münasibətini
bildirib. O, sovet dövründə məktəblərdə
böyük şairin
həyat və fəaliyyətinin öyrədilməsinə
laqeyd olan, "Rusiyadakı inqilabi ədəbiyyat ilə hesablaşmaq lüzumunu"
irəli sürən
"bolşevik firqəçiləri
və sovet münəqqidlərini" kəskin
tənqid edirdi.
"Yeni Qafqasiya" jurnalında
çap olunmuş
"Türk harsı və
millətçiliyi əleyhində
bir nümayiş"
adlı məqaləsində
belələrinə cavab
verərək yazırdı:
"Onlar istərlər,
fəqət istədikləri
olmaz. İnqilab və
proletar şairlərini
bəkləyib dururlar.
Halbuki həyat kəndi müqtəziyatını
görür". Tarixin
sonrakı gedişi də böyük mütəfəkkirin haqlı
olduğunu sübut etdi.
M.Əmin Füzulidən
bəhs edərkən
şairin nəinki Şərqdə, bütün
dünyada tanındığını
fəxrlə bildirir,
"Azərbaycan kültür
gələnəkləri" əsərində Şərqi
yaxşı bilən avropalıların onun lirizminə heyranlığını
xüsusi qeyd edirdi. Ona görə də öz araşdırmalarında dünya
miqyasında tanınmış
alimlərin fikirlərini
də xatırladır
və onlara istinad edirdi.
Məsələn, o, Füzulinin
qərbdə öyrənilməsinin
təməlini qoyan
Gibbin "...duyumunun səmimiliyi
ilə ifadələrindəki
şairanə şəkil
baxımından bütün
Şərqdə Füzuliyə
bərabər ikinci bir şair yoxdur..."
fikrini qürur hissi ilə xatırladırdı.
"Füzulinin yaradıcılığının
bütün bəşəriyyət
üçün böyük
mənəvi qida olması" (H.Əliyev),
onun "Şərq poeziyasının günəşi"
(Gibb) sayılması, XIX əsrin
axırlarına kimi Şərq və Azərbaycan ədəbiyyatında
hakimi-mütləq olması,
bu gün dünya kitabxanalarının
bir çoxunda əsərlərinin əlyazma
və çap nüsxələrinə rast
gəlinməsi, əsərlərinin
dünyanın müxtəlif
dillərinə (ingilis,
rus, alman, ispan, polyak və s.) tərcümə edilməsi,
qərb universitetlərindən
hansında Türkologiya,
Şərqşünaslıq və Şərq dilləri fakültələri
varsa, istisnasız orada haqqında ayrıca dərslərin keçirilməsi, barəsində
tədqiqatların aparılması,
dissertasiya işlərinin
yazılması, əsərlərinin
Şekspir, Dostoyevski,
Con Don, Qotfrild, Keller kimi
dünya ədəbiyyatının
tanınmış simalarının
əsərləri ilə
müqayisə edilməsi,
müxtəlif ölkələrdə
və müxtəlif dillərdə haqqında kitabların yazılması
və çap edilməsi, əsərlərinin
Azərbaycan Respublikasında
dövlət varidatı
elan edilən müəlliflərin
siyahısına daxil edilməsi də M.Ə.Rəsulzadənin M.Füzuli
haqqında məntiqi mülahizələrinə haqq
qazandırır.
1959-cu ildə şah əsəri "Leyli və
Məcnun"un ingiliscəyə
tərcüməsi ilə
UNESCO tərəfindən yayımlanması
və alman, ispan və rus dillərinə
də çevrilməsi,
ABŞ-ın populyar
"All Poetry" və "PoetrySoup" ədəbiyyat
portalları tərəfindən
Dövlət Tərcümə
Mərkəzinin "Azərbaycan
ədəbiyyatı beynəlxalq
virtual aləmdə" layihəsi
çərçivəsində M.Füzulinin ingilis dilinə tərcümə
edilmiş əsərlərinin
yayımı, müxtəlif
dillərdə yazılmış
ensiklopediyalarda ona sərf olunan səhifələrin digər
klassik şairlərimizə
həsr olunduğundan
çox olması,
internet resurslarında haqqında
beş yüz mindən çox başlıqda link açılması
(təkcə Wikipedi saytında şair haqqında 50-dən çox
dildə bilgi verilir), haqqındakı məqalənin "Vikipediya"nın
ingilis dili bölməsində ana səhifəyə
çıxması (həmin
səhifəyə hər
gün milyonlarla oxucu daxil olur),
1994-cü ildə UNESCO tərəfindən
"500-cü ildönümündə Füzuli" adlı beynəlxalq tədbirin keçirməsi, "Dahi Azərbaycan
şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
Sərəncamı da, dolayısı
ilə, M.Ə.Rəsulzadənin
şair haqqındakı
qənaətlərinin təntənəsi,
M.Füzulinin yalnız
Azərbaycan ədəbiyyatının
deyil, bütün dünya ədəbiyyatının
görkəmli nümayəndəsi
olmasının sübutudur.
Bu gün M.Ə.Rəsulzadənin
M.Füzuliyə həsr
olunmuş elmi və publisistik irsinin daha geniş
təbliğinə və
yeni elmi dəlillər
və baxışlar əsasında daha dərindən təhlil olunub öyrənilməsinə
ciddi ehtiyac hiss edilir.
İmran
VERDİYEV,
Əməkdar müəllim
525-ci qəzet.-
2024.- 15 fevral, № 29.- S.10.