("Dirilən adamın düşüncələri" kitabından)
Ankaranın sakit guşələrinin birində öndərimiz
Məhəmməd Əmin Rəsulzadə
uyuyur. Hər dəfə məzarını
ziyarət edərkən,
onun bəlkə indi də torpağın
altından "Azərbaycan"
deyə inildəyən
sümüklərinin vətənə
köçürülmədiyinə min dəfə şükür
edirdim. Öndərin ruhunu məmləkətə
çoxdan daşımışıq.
Hər gün dostlar üçrəngli
bayrağımızın sevgisini,
düşmənlər xofunu
yaşamaqdadırlar! Hər
gün milli himnimizin sədaları dostların
ürəyinə axır,
düşmənlərin qulağını
dəlib keçir.
İndi milli dövlətimizin adının çəkilişinə
gözlərimiz yaşarır.
Yəni bunlar hamısı bütövlükdə
Rəsulzadənin yaşayan
ruhudur. Sümüklərini
isə hələlik rahatsız etməyin. Bu gün onun ruhunu
söyənlər, ətini
yeyənlər mütləq
sümüklərinə də
göz dikəcəklər.
Ötən yüzilin
80-ci illərində qərib
şəhid Hüseyn Cavidin
sümüklərini xoş
niyyətlə məmləkətə
gətirəndə də
içimdən belə
bir sızıltı keçmişdi: "Ruhu məmləkətimiz
üzərində dolaşan
şəxsiyyətlərin sümüklərinə toxunmamaq
da olar. Rusiyanın soyuq havasında Yusif Vəzirin heç sümükləri də tapılmadı. Sümükləri
boş verin, dolaşan ruhunu millət olaraq görməyimiz, duymağımız
yetərlidir".
***
Bu gün də bəzi siyasi liderlər iddia edirlər ki, biz Rəsulzadə
yolunu gedirik. Biz də onları tənqid edirik ki, Rəsulzadə yolunu şüar olaraq öyrənmək başqa
şeydir, onun nəzəri məktəbini
anlamaq, dərk etmək və o nöqteyi-nəzərdən çıxış
etmək tam başqa bir şey. Məsələn,
Rəsulzadənin tarixə
baxışını bu
gün demokratik cinahda olan insanların
böyük əksəriyyəti
inkar edir. Elçibəyin "Azərbaycandan
başlayan tarix" əsəri Rəsulzadənin
tariximizə konseptual baxışı ilə ziddiyyət təşkil edir. Fikrimcə, Rəsulzadənin tarix anlayışı daha obyektiv və əsaslı sayıla bilər. Biz bir çox hallarda Rəsulzadədən misal
gətiririk ki, irançılığa,
türkçülüyə, Azərbaycanın etnik mənzərəsinin formalaşmasına
baxışın məhz
belə olduğunu göstərək. Əzbərlədiklərinə
uyğun gəlmədiyindən,
deyirlər ki, bəs bu məsələdə
milli öndər yanılıb.
Biz indiyədək olan
düşüncəmizdə qalırıq. Sonra da durub
bağırırlar ki, guya
ki, Rəsulzadə yolu
gedirlər. Qərb düşünənlərindən Ted Turner bu cür zehniyyət
sahiblərinin qarşısına
maraqlı imperativ şərt qoyurdu: Ya bir yol açın,
ya bir yol
tapın, ya da yoldan çəkilin.
İndi sizlər, yəni
əzbərçilər, Məhəmməd
Əmin bəyin yolundan çəkilin ki, onun aydınladıcı işığı Azərbaycanın
üzünə düşə
bilsin!
***
Məhəmməd
Əmin bəy! Azərbaycan adını şərəfləndirən zəki
və nəcib insan! Bu millətə müstəqillik əxlaqını
mənimsətdin, müstəqilliyin
dəyərini canına
hopdurdun. Sadəcə
sənin şüarlarını
əzbərləyənlərin çoxluğu səni hər anımızın düşüncə kitabına
deyil, bir sevgi bütünə çevirməyi bacardı.
Siyasət əxlaqını,
tarixə baxışını,
düşüncə irsini
yetərincə öyrənmədilər.
Halbuki Azərbaycan adı Vətən dediyimiz bir tarixi
coğrafiyanı birləşdirdiyi
kimi, sənin də adın bu coğrafiyada yaşayan bütün istiqlalsevər insanları
birləşdirən məqamdır.
Sənin doğuşun
həm də bu gün Azərbaycan
ruhunu canında yaşadan hər kəsin doğuşudur. Sənin müstəqillik yolunu izləyənlər,
kaş ki, siyasi nəcibliyini, düşüncə
aydınlığını da anlasaydılar. O zaman bambaşqa aydınlıq
dolu bir Azərbaycan olardıq.
Ruhu sözüylə, yazısıyla,
Azərbaycan adlı kəşfiylə anılan
tək insan!
***
Böyük fransız
yazıçısı Viktor Hüqo dahi filosof Volterin ölümünün yüzüncü
ildönümündəki çıxışında
qeyd edirdi ki, Volterdən sonra daha iki böyük
filosof Russo
və Didro öz əsərləri ilə insanlara doğru düşünməyi
öyrətdilər və
nəticədə, doğru
davranışlar ortaya
çıxdı. Bugünkü
Avropa məhz bu doğru düşüncə
ilə texnoloji üstünlüyə sahib olub.
Bizim ədəbiyyatda doğru
düşüncəni təqdim
edən əsərlər
ortaya çıxdı,
dində və fəlsəfədə isə
tam bir boşluq qaldı. Hamının nümunə olaraq göstərdiyi ilk modern filosofumuz
Axundov cəhalətin üzərinə
getsə də, bütövlükdə İslamı
hədəf aldı, Peyğəmbərin əxlaqını
müzakirəyə açdı.
Halbuki Axundovu iyrəndirən şey
İslam deyil, İslam adı
ilə yüzilliklər
boyu yaşanan mövhumat, xurafat və mənəviyyatsızlıq
idi. Həqiqətən
də, Azərbaycan coğrafiyasında ömür
sürən bizlər
bu günədək
İslam tarixinin intriqalarından
başqa bir şey yaşamadıq, indi-indi tərcümə olunan kitablar hesabına özümüz
oxuyaraq İslam haqqında
sağlam təsəvvürlər
əldə edə bildik, İslam Peyğəmbərinin
məntiqdən kənar
olan hansısa davranışını müşahidə
etmədik. Siyasətdə
isə tək bircə Məhəmməd Əmin
Rəsulzadə doğru
tarix və din şüurunun daşıyıcısı
oldu və modern Azərbaycan dövlətini
məhz antiiran modelində qurulmasının
vacibliyinə cəmiyyəti
inandıra bildi. Böyük əksəriyyət
Rəsulzadənin "Bir kərə
yüksələn bayraq
bir daha enməz!" şüarının
ədəbiyyat pafosundan
uzağa gedə bilmədi, halbuki bir dəfə yüksələn bayrağın
bir daha enməsinin mümkünlüyünə
tarixdən onlarla nümunə gətirə
bilərik. Milli öndər
Rəsulzadədən əxz
olunan məhz üç məqam vardır: doğru tarix şüuru doğru
din şüuru
antiiran dövlət
modeli.
***
Məhəmməd
Əmin Rəsulzadə
öz siyasi yaşamı boyu haradasa beş düşüncə sistemi
daxilində dəyişim
edibdir. Onun həyatını araşdıranlar
bir-bir baxar ki, bu şəxsiyyətdə
sosial-demokratlıqdan tutmuş
milliyyətçiliyə, milliyyətçilikdən
tutmuş türk-konfederasiya
fikrinə, milli təsanüdə
qədər gələn
bir anlayış vardı. Məhəmməd Əmin
Rəsulzadə qədər
siyasi düşüncə
baxımından dinamik
şəxs tapmaq çətindir. Bilirsinizmi,
"Mən əqidəmdə
qalıram, Azərbaycan
harada qalırsa-qalsın",
kimi anlayışla siyasət həyata keçirilməz! "Azərbaycan
harada olmalıdırsa,
mən də ona uyğun siyasət formalaşdırmalıyam",
söyləyən zəkalara
salam olsun!
***
Böyük öndər
M.Ə.Rəsulzadə
o vaxt "Əsrimizin
Siyavuşu" əsərində
iddia edirdi ki, Turan və İran mədəniyyət
qütblərinin sintezi
ilə ideal azərbaycanlı
obrazını yaratmaq
mümkündür. Zaman isə
başqa gerçəkliyi
önümüzə qoydu:
iranlı dinçi kimliyindən qurtulmayan azərbaycanlı tədricən
avropalaşmış obrazını
da itirəcəkdir. Yəni
bu gün azərbaycanlının vücudunda,
əslində, bir tərəfini mədəniyyət
baxımından avropalaşmağa
yönəldən 50 faizlə,
digər tərəfini
iranlı olmağa qaytarmaq istəyən 50 faiz vardır və bu cür
ikiqütblülük müstəqillik
dövrünün ən
ciddi təhlükəsinə
çevrilməkdədir.
***
Heykəl siyasi liderləri, tarixi simaları insan təsəvvürlərində donuqlaşdıran, gözlərində
daşa çevirən
subyektiv bir əsərdir. Təsəvvür
edin ki, bir insan eyni hərəkətsizlik
obrazında yaddaşlara
köçürülür, yaddaşlarda dondurulur. Ancaq Məhəmməd Əmin
bəy dondurulan insan tipi deyil, zaman-zaman açılan və ruhlara, qəlblərə yayılan bir insan obrazıdır. Bir az da mistik tərəfdən
bu heykələ necə birləşdirəcəksiniz
onun daşıdığı
Azərbaycanı? Bəlkə
də buna görə
onun qəbrinin Ankaradan Bakıya köçürülməsini lüzumsuz bir addım sayıram. Məhəmməd
Əmin bəy dost-doğmaca Vətən torpağımız olan Anadoludakı qəbrinə
görə qürbətdə
deyil ki? Zira cəmiyyətin
və ayrıca Azərbaycan insanının
ona münasibətinə
görə qürbətdə
sayıla bilər.
İndi doğumunun 140 illiyinin
rəsmi qeyd olunması özlüyündə
müsbət təmayül
olsa da, əsas olan azərbaycanlıların
Məhəmməd Əmin bəyin
doğru düşüncə
sistemini anlamasıdır.
Bu vacib amili anlayıb-anlamamaq bəsit
bir yanaşma məhsulu olan Rəsulzadə-Elçibəy yolunu
gedib-getməmək üzərində
siyasi cinahları müəyyənləşdirməklə olmaz. Burada onun
düşüncə kodunun
doğru açılışından
söhbət gedir.
***
Azərbaycanın etnik və dini strukturunun,
siyasi gələcəyinin
dəqiq təyinatını
vermiş Məhəmməd Əmin bəylə bağlı bircə istəyim var: onun Azərbaycan sevgisinin və Azərbaycanı tam
anlamıyla tarixdən
bu günə dəqiq tanıyan təfəkkürünün, düşüncə
tərzinin Azərbaycan
insanına, konkret Azərbaycan siyasətçilərinə
köçürülməsini istərdim. Bu köçürülmənin
maddiləşmiş izahı
necə ola bilər? Onun hər bir
hadisəyə, tarixə,
etnik sistemimizə, dini düşüncəmizə,
xarakterimizə baxışını
sadə dillə açaraq məktəblimizə,
tələbəmizə, aydınımıza,
düşünmək, öyrənmək
istəyən hər kəsimizə çatdırmaq
vacib bir çağırışdır. Çünki o, haçansa
müasirliyini itirməyəcək,
onun siyasət əxlaqı hər zaman örnək olacaq, onun ən ağır
şərtlərdə belə
çalışqanlığına heyran qalınacaq.
***
Azərbaycan çağdaş
siyasi düşüncə
sisteminin yaradıcısı
və qoruyucusu Məhəmməd
Əmin bəy, Azərbaycan xalqının,
buradakı Türk etnosunun
varlığının qoruyucusu
isə Nuru Paşadır.
Nə yazıq ki, bir xalq olaraq
hər ikisinə verdiyimiz dəyər, halallıq qazanmaq əmsalına uyğun gələcək səviyyədə
deyil. Bu iki nəhəng simanı bizlər qoşa qanad kimi həmişə
yüksək məqamlarda,
qəlbimizin baş köşəsində tutmağa
yalnız borclu deyil, həm də məhkumuq.
***
Məhəmməd
Əmin bəyi necə sevmək
dən danışmıram.
İnsan duyğularının
içinə girmək
bizim həddimiz deyil. Onu necə anlamaqdan, anlatmaqdan danışıram. Azərbaycanı
onun qədər sevmək, doğru düşünmək, düşündüklərini
yılmadan, usanmadan yazmaq, hərəkət etmək və bütün bunların axarında da insan dürüstlüyünü itirməmək
yetərlidir Rəsulzadəyə
bənzəmək üçün.
Hər bir doğru düşünən
azərbaycanlının öz
Məhəmməd Əmin Rəsulzadəsi
olmalıdır. Çünki
doğru düşünən
azərbaycanlı həm
də Məhəmməd Əmin
Rəsulzadəni öz
obrazında yaşadan
azərbaycanlıdır.
***
Rəsulzadə qan, vicdan və əməl anlayışlarının
sintezini bayrağa köçürə bildi.
Bu dövlətin əsas
məsuliyyətinin aparıcı
etnos olan türklərin üzərində
olduğunu, türklərin
isə digər xalqların hüquq və azadlıqlarının
demokratik və unitar dövlət çatısı altında
qorunmasında məsuliyyət
daşıdığını vurğuladı. Müasirliyə
birləşdirici çalar
gətirərək, milli obrazda,
İslam inanc dəyərləri
ilə çağdaş
əməllə yaşamağın
qaçılmaz olduğunu
söylədi. İmansız
bir cəmiyyətin sağlam dövlət düşüncəsini bünyəsində
daşıya bilməyəcəyini
üçüncü rəngdə
əks etdirdi. Elə bir real sintez yaratdı ki, bununla Azərbaycan dövlətinin, Azərbaycan
vətəndaşının ideal kimi götürüləcək
xarakterinin qalıcı
forması müəyyənləşmiş
oldu. Bu üç mənanı içində
birləşdirməyən kimsənin Azərbaycan təsəvvürlərində bir natamamlıq olacağının işarəsini
verdi.
***
Rəsulzadə fikir adamıydı, hər bir problemə öz baxışı vardı, Atatürk isə
praktik bir zəkaya sahibdi, tezislərinin çoxunu
Ziya Gökalpdan, Əhməd
Ağaoğlundan götürmüşdü.
Sadəcə, bir çox nadanların Əhməd Ağaoğlunun
"İran və inqilabı"
əsərini oxuması
yetərlidir ki, doğru
yanaşmanın necə
olduğunu öyrənsin.
Burada problem inanc və ya inancsızlıq
məsələsi deyil,
çünki modern dünyada
hər bir kəsin hürr seçimi vardır. Söhbət din adı altında elə minaların işə düşməsindən gedir
ki, bunlar az-çox qazandığımız modern dəyərləri
ilk fürsətdəcə darmadağın edə bilər. Ona görə də bütün düşünən insanların
fikir, düşüncə
fərqliliyini bir tərəfə buraxıb,
cəhalətə qarşı
vahid cəbhədə
yer alması qaçılmazdır.
***
Məhəmməd
Əmin Rəsulzadə
Azərbaycan xalqının
mahiyyətidir. Mahiyyəti
dərk etmək üçün isə uzun müddət vaxt tələb olunur. Biz xalq olaraq, mahiyyətə yox, epizoda bağlı
millətik. Epizodlara daha çox dəyər veririk. Dində də epizoda dəyər veririk, siyasətdə də, hər bir şeydə rahatlıqla görə bildiyimizə dəyər veririk. Ümumiyyətlə,
gözümüz qarşısında
olan hadisələri dəyərləndirmək bizim
üçün çox
asan olur. Lakin düşünərək dərk
etdiklərimiz çox
çətin olur. Məhəmməd
Əmin Rəsulzadəni
dərk etmək üçün isə düşünərək dəyər
vermək lazımdır
və bir şəxsiyyəti düşünmədən
dəyərləndirəndə nəticələr heç
də ürəkaçan
olmur. Anlaşılır
ki, biz hələ də
mahiyyəti dərk etmirik. Əsrlərdir biz böyük şairi öldürüb, ortabab şairə dahi deyirik. Hinduların məşhur bir deyimi var: "Ölülər
güc və bilgilərini özləri
ilə götürməzlər,
yaşayanlara əlavə
edərlər". Məhəmməd Əmin bəy və o nəslin başqa təmsilçilərinin
bizə miras qoyduğu əlavələrin
nə olduğunu kaş ki, oxuya biləydik...
***
Bizdə dövlətçilik
duyğuları az-çox
mövcuddur. Amma bu duyğular sağlam olmalıdır. Səfəvilər
iki milyon kvadratkilometrlik bir ərazini ələ keçirmələrindən fəxrlə
danışırlar. Bu gün
o ərazilərlə kəmiyyət
müqayisəsində qat-qat kiçik görünən
Qarabağı böyük
bir əzab və fədakarlıqla ancaq azad edə
bilmişik. Bu baxımdan,
iki milyon kvadratkilometrlik bir ərazinin geri qaytarılması hoqqabazlığı
ilə xalqı yazıq günə qoymağın mənası
yoxdur. Cənubi Azərbaycanda olan soydaşlarımız öz
elementar təhsil haqlarını belə əldə edə bilməmişdir. İdealları
yaşatmaq yaxşı
şeydir. Amma buna aludə
olub mövcud dövlətimizi də itirə bilərik. Qəbul etməliyik ki, Azərbaycanda istinad edəcəyimiz ən böyük tarixi şəxsiyyət Rəsulzadədir.
Onun modern düşüncəsini
Azərbaycan doğru yerinə yetirərsə, ölkəmiz daha qüdrətli bir dövlətə çevrilə
bilər. Nadanlar, cahillər hansı ölkədə yaşamalarından
asılı olmayaraq, maraqlıdır ki, eyni hədəfə gəlirlər.
Biz öz ölkəmizə
bağlı insan tipinin üzərində düşünməliyik. Əminəm
ki, Azərbaycanda sağlam
düşüncəli insanların
istinad mənbəyi Rəsulzadədir. Hansısa
bir feodal dövrünün ərazi
ələ keçirməsi
faktı bizim dəyərimiz ola bilməz.
Feodal qafamızı yaşadan deyil, məhz müasirlik obrazımızı yaşadan
dəyərlərə istinad
etmək lazımdır.
***
Məhəmməd
Əmin Rəsulzadə
tarixdə ilk demokratik
Azərbaycan dövlətinin
qurucularından biri kimi tanınır. Ancaq düşünürəm
ki, onun bu qədər fərqli xatırlanmasının, dəyərləndirilməsinin
səbəbi yalnız
dövlət quruculuğunda
böyük rolu ilə bağlı deyildir. Dəyərləndirmədə
əsas meyar odur ki, Rəsulzadə XX əsrin əvvəllərində
Azərbaycan problemini bütöv görə bilmiş yeganə siyasi şəxsiyyət olaraq tanınır. Onun Azərbaycan cəmiyyətinin siyasi modeli üzərində düşüncələri bəlkə
də bizlərin daha çox məlumatlı olduğumuz
bir sahədir. Ancaq Azərbaycanın tarixi, ədəbiyyatı,
mədəniyyəti , etnoqrafiyası, dünya arenasında yerinin müəyyən olunması, Azərbaycanın
bütünlüyü , Qafqaz
birliyi modeli, Türk birliyi modeli və başqa problemli məsələlərə
kompleks baxışı
Rəsulzadə irsinin
nə qədər zəngin olduğunu göstərir.
***
Hərdən düşünürəm:
Ötən əsrin başlarında doğulsaydım,
siyasətdə, ədəbiyyatda
kimin yerində olmağı arzulayardım.
Yerində olmağı
düşündüyüm xüsusi bir obraz axtarışım hələ də davam etməkdədir.
Ədəbiyyatda heç tərəddüdsüz
Mirzə Cəlil obrazı
dərhal gözümün
önünə gəlir,
siyasətdə isə
daha çox Məhəmməd
Əmin Rəsulzadə
obrazının yerində
olmaq daha cazibəli görünür.
Xüsusilə siyasətdə
Məhəmməd Əmin bəyin
yerinə düşünərdim
ki, dövrün şərtlərinə
uyğun daha nələri etmək mümkündür? Yenə
də o qənaətə
gələrdim ki, Məhəmməd Əmin bəyin etdiklərinə əlavə
heç nə edə bilməyəcəyəm.
Çünki onun uzaqgörənliyinə, onun
təfəkkürünə yetişmək mənim üçün əlçatmaz
bir şeydir. Adamın həm təqdim etdiyi siyasətçi modeli, həm də bütün tarixi şərtlərdə dəyişməyən
ziyalı obrazı çox nadir bir şəxsiyyətdən bəhs
etdiyimizi göstərir.
Hərdən öz xarakterimi çək-çevir
edəndə görürəm
ki, kiməsə əsəbiləşəndə
söyüş söyə
bilərəm, kimisə
yerində oturtmaq üçün hansısa
bir sərt üslub seçə bilərəm. Ancaq Məhəmməd
Əmin Rəsulzadənin
hansısa məqamdakı
davranışlarında bunu
görmürəm. Rəsulzadə
bütün situasiyalarda
ziyalılığından uzaqlaşa bilməyən bir şəxsiyyətdir. Onun səbri, bir hədəfə doğru soyuqqanlı addımlaması çox tarixi obrazlar içində nadir hallarda
rast gəldiyim cəhətlərdir.
***
Bizim üçün hər şeydən öncə intellekti ilə nəyisə dəyişə
biləcək insanlar qəhrəman obrazına daha uyğundur. Məhz bu səbəbdən
də Rəsulzadənin
kəşf etdiyi bayrağın rəmzlərinə
möcüzə kimi baxıram! Rəsulzadənin
kəşf etdiyi Azərbaycan dövlətinə
möcüzə kimi baxıram! Heyrətlə anlamağa çalışıram
ki, ortada oxumuş, təhsilli, yetkin bir xalq olmadığı
halda, belə bir kəşfə necə imza atmaq mümkün olmuşdur? Bunu yüz cəngavər, yüz qılınc vura bilən adam da edə bilməzdi. Bu baxımdan
da tarixdə qəhrəman
obrazını düşüncə
insanlarının sırasında
axtarmağa daha artıq maraq göstərirəm. Düşünürəm
ki, əsasən həlledici
tarixi anlarda millətimizin taleyi üçün daha
optimal qərarların alınması
məsələsində onun
yerinə olub, nələrisə əlavə
edə bilərdim, ancaq yenə də bu əlavələri
tapmaqda çətinlik
çəkirəm. Rəsulzadənin
mükəmməlliyi, dahiliyi
məhz bu məqamda axtarılmalıdır.
Onun əvəzolunmazlığında,
əvəzolunmaz yerində...
***
Rəsulzadə bayraqlaşmış şəxsiyyətdir. Hər dəfə üçrəngli bayrağımız dalğalandıqca Rəsulzadə xatırlanırsa, başqa atributları bu dərəcədə inadla tələb etməyə nə gərək var? Əsas iş Rəsulzadə irsini öyrənmək və öyrətməkdir. Onun məfkurə yolunu ardıcıl, sapmadan getməkdir. Budur Rəsulzadənin heykəli, şəkli, küçəsi. Məzarını da buraya daşıyıb bütxanaya çevirməyə gərək yox. Anadolu da bizim vətənimiz. Orada rahatca uyumuş. Gətirsəniz, onun yoluna yox, məzarına ibadətə aludə olacaqlar. Şəhidlərimizə münasibətdə eyni şeyi illərdir görmürükmü? Yüz dəfə gedib oraya əklil qoyan kimsələr Azərbaycanın azadlığı və gələcəyi üçün bir iş görməyəcəklərsə, bu addımlar Vətən üçün şəhid olmuşların ruhuna hörmət sayılmaz. Məhəmməd Əmin bəyi məzar kimi görməyə deyil, bayraq kimi görməyə alışdırın özünüzü. Bir rəngdə deyil, üç rəngdə olan bayraq kimi...
Fazil MUSTAFA
Böyük Quruluş
Partiyasının başqanı,
millət vəkili
525-ci qəzet.-
2024.- 10 fevral, № 26.- S.18, 19.