Əmək kitabçaları ləğv edilir

 

 

ƏMƏK MÜQAVİLƏLƏRİNİN QEYDİYYATI ELEKTRON QAYDADA HƏYATA KEÇİRİLDİYİNDƏN KAĞIZ ƏMƏK KİTABÇALARI ÖZ ƏHƏMİYYƏTİNİ İTİRİR

Bu gün istər özəl, istərsə də dövlət müəssisələrində demək olar ki, bütün əməliyyatlar artıq elektron formada həyata keçirilir.  Elektronlaşdırılmış sistem həm də şəffaflığın təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Sənədlərin elektronlaşdırılması nə qədər sürətlə həyata keçirilsə, insanlar üçün, eyni zamanda şəffaflığın təmin olunması üçün, bürokratik əngəllərin aradan qaldırılması üçün, saxta sənədlərin yaradılmaması üçün elektron bazanın formalaşması bir o qədər müsbət addım olar. Məsələyə bu kontekstdən yanaşdıqda məhz əmək kitabçalarının da elektronlaşmasına çox böyük ehtiyac var. Saxta əmək kitabçalarının düzəldilməsinin qarşısının alınması, fiziki olaraq köhnəlmişlərin sonradan problemlər yaratmaması, yeni işə götürənə müraciət edərkən, işə düzəlmək istəyən şəxslər üçün əlavə problemlərin olmaması üçün bu çox vacibdir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyir ki, artıq əmək kitabçaları bütün funksiyalarını itirib. Hazırda əmək kitabçalarının yeganə rolu əmək stajını göstərməkdir: "Əmək kitabçası sovet dönəmində olan bütün funksiyalarını itirib. Onun yeganə rolu əmək stajını göstərməkdir, yəni CV rolunu oynayır. Hazırda pensiyalar sığorta stajına əsasən hesablanır. Bu baxımdan əmək kitabçaları ənənəvi mahiyyətini itirib. 2006-cı ildən başlayaraq hər kəs üçün fərdi sosial sığorta hesabları mövcuddur və bir daha demək istəyirəm ki, əmək pensiyasının bütün növləri, müavinətlər və digərləri təyin olunarkən hər bir şəxsin həmin hesabda toplanan vəsaitə uyğun hesablanır".

S.Məmmədov bildirib ki, çoxsaylı saxta əmək kitabçaları hazırda dövriyyədədir. Bu kimi səbəblərdən də əmək kitabçalarının ləğvi olduqca önəmlidir: "2006-cı ilə qədər işləyən və hələ əmək pensiyasına çıxmayanlar üçün müxtəlif təkliflər nəzərdə tutulur. Onlardan biri də əmək kitabçalarının surətinin notarial qaydada təsdiq edilərək elektron informasiya sistemində yerləşdirilməsindən ibarətdir. Buna lüzum görmürəm. Hesab edirəm ki, 2006-cı ilə qədər əmək pensiyasına çıxacaq şəxslər dəvət oluna bilərlər, onların əmək kitabçası yoxlanıldıqdan sonra onun əsasında məsələ həllini tapa bilər. 2014-cü ildən isə hər kəsin elektron əmək kitabçası informasiya sistemində yerləşdirilib. Yəni bundan sonra işə qəbul olunanlar özləri də sistemə daxil olub öz əmək kitabçalarını çap edib zəruri tələb olunan yerə təqdim etmək asan olacaq. Tələb olunan yerlərin də sayı kifayət qədər məhduddur. Məsələn, bəzi iş yerləri var ki, orada əmək stajı tələb olunur. Yaxud da şəxsin əvvəlki işinə uyğun CV təqdim etdikdə ola bilər ki, bu, uyğunsuz olsun, ondan əmək kitabçası istənilsin. Bu zaman əmək kitabçasının elektron versiyasını çap edib, həmin yerə təqdim etmək olar. Qeyd edim ki, ləğv olunsa belə, əmək kitabçası ciddi hesabat sənədi statusunu saxlayacaq. Necə ki, hər kəs hərbi biletini evində, üzərində saxlayır, əmək kitabçasını da saxlaya bilər".

Liqa sədri hesab edir ki, ən qısa zamanda əmək kitabçaları dövriyyədən çıxarıla bilər və çıxarılması həm biznesə, həm dövlətə xeyli mənfəət verəcək: "Məsələn, hesablamalara görə, Rusiyada biznes əmək kitabçalarının dövriyyədə olmasından 50 milyard rubl itirirdi. Dövlət üçün isə bu məbləğ 12 milyard rubl həcmində idi. İndi onlar bunu elektronlaşdırıblar və proses çox sürətlə davam edir. Əmək kitabçaları ilə məşğul olan şöbələr var, onların saxlanılması üçün xüsusi yerlər ayrılır. Artıq əmək kitabçalarının ləğv edilməsi ilə biznes bu kimi əlavə xərclərdən azad olacaq. Həmin işçilər isə başqa yerə keçiriləcəklər".

İqtisadçı, millət vəkili Vüqar Bayramov hesab edir ki, artıq əmək müqavilələrinin elektron qeydiyyatı həyata keçirildiyi üçün kağız əmək kitabçalarının olması xüsusi əhəmiyyət daşımır: "Əvvəla, işə götürərkən əmək müqaviləsi elektron bazaya daxil edilir. Bu imkan verir ki, bütövlükdə məşğulluq və əmək müqavilələrinin sayına dövlət nəzarəti olsun və onların elektron qeydiyyatı həyata keçirilsin. İşçinin hüquqlarının qorunması, onun iş stajı və xüsusilə də pensiya kapitalı ilə bağlı yığımlara nəzarətin gücləndirilməsi üçün də vacib hesab olunur. Bu baxımdan əmək müqavilələri elektronlaşdıqdan sonra əmək kitabçalarının da elektronlaşması, bütövlükdə bu sistemin inteqrasiyası müzakirə edilir. Elektron əmək kitabçalarının olması həmin məlumatların elektron olaraq bölüşdürülməsinə imkan verəcək. Bütün işə götürənlərin elektron bazası var. Bu bazada öz işçilərinin məlumatlarını yerləşdirirlər. Nəticədə elektron əmək kitabçası həmin baza vasitəsilə transfer oluna biləcək. Hər işçi ilə bağlı onun iş stajı, həmçinin digər məcburi ödənişi, pensiya yığımları ilə bağlı məlumatlar elektronlaşacaq. Bu, prosedurun asanlaşdırılması deməkdir".

Millət vəkili vurğulayıb ki, yenilik əmək kitabçalarında əmək fəaliyyəti ilə bağlı doğru məlumatların qeyd edilməsi baxımından da vacibdir: "Təqaüd yaşı tamam olan zaman bütün stajın dəqiqliklə nəzərə alınmasına da kömək edir. Bu baxımdan pozitiv addımdır. İnformasiya texnologiyalarının məşğulluq sahəsində daha geniş miqyasda istifadə edilməsinə imkan verəcək. Əmək münasibətlərində elektron xidmətlərdən daha çox istifadə edilməsinə imkan yaradacaq".

Hüquqşünas Pərvin Soltanovun fikrincə, əmək kitabçalarının dövriyyədən çıxarılması olduqca mütərəqqi addım olardı: "Əmək kitabçalarının kağız daşıyıcıda olması işçilərin və işəgötürənlərin sui-istifadəsinə səbəb olur. Bəzən işçilər əmək kitabçasında özlərinə sərf etməyən qeydlərin silinməsini həyata keçirərək bəzən onları saxtalaşdırır, işəgötürənlər isə işçi işdən çıxanda, onu necə deyərlər, "get-gələ" salmaq, başqa işə düzəlməsinin qarşısını almaq, incitmək üçün əmək kitabçasını təqdim etmirlər və ya gec təqdim edirlər. Artıq əmək kitabçalarının vahid elektron informasiya sisteminə keçirilməsi işəgötürənlərin işçilərə qarşı süründürməçiliyin və şəxslər tərəfindən saxta qeydlərin aparılmasının, habelə əmək kitabçası itirildiyi hallarda əmək stajının hesablanmasında müxtəlif problemlərin yaranmasının qarşısını alacaq. Üstəlik, əməliyyatların elektron formada həyata keçirilməsi həm dövlət hakimiyyət orqanlarının, həm digər özəl təşkilatların, həm də işəgötürənlərin işinin operativ həyata keçirilməsinə, əmək münasibətləri ilə bağlı məlumatların çatımlılığına öz töhfəsini verəcəkdir. İnkişaf etmiş və etməkdə olan ölkələrin əksəriyyəti artıq bütün fəaliyyət sahələri üzrə elektron sistemə keçirlər. Bu, günümüzün tələbidir. Düşünürəm ki, vahid elektron informasiya sisteminə kompleks şəkildə bütün fəaliyyət sahələri üzrə keçid etmək müxtəlif kənar təsirlərin və süründürməçiliyin qarşısını alacaq, qeyri-prosessual münasibətləri və korrupsiya hallarını minimum endirərək daha mütərəqqi, dayanıqlı və inkişaf etmiş bir cəmiyyətin yaranmasına vəsilə olacaqdır".

Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin direktoru Mais Musayev son illərdə "Rəqəmsal məşğulluq" şüarı ilə məşğulluq xidmətlərinin, ümumilikdə məşğulluq sahəsində idarəçiliyin elektronlaşdırılması üçün bir sıra layihələr icra olunduğunu bildirib: "Əmək və məşğulluq" altsisteminin (ƏMAS) istifadəyə verilməsi ilə Azərbaycanda əmək və məşğulluq sahəsində islahatların yeni və mühüm bir mərhələsinə keçildi. Bu sistem əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsini, eləcə də insan resursları ilə işin təşkilini təmin edir. Eyni zamanda, bu sahədə şəffaflığın təmin edilməsinə zəmin yaradan elektron platformadır. "Əmək və məşğulluq" altsisteminin tətbiqi ilə kağız üzərində kadr inzibatçılığının elektron müstəviyə keçirilməsi və ümumilikdə əmək bazarının rəqəmsallaşdırılması təmin edilir. Bu sistem ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, eyni zamanda kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq. Sözügedən sistem bizə imkan verəcək ki, mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv edək, eyni zamanda əmək kitabçalarının dövriyyədən çıxarılmasını həyata keçirək. Bundan əlavə, ezamiyyə vərəqələrini, kağız üzərində əmirləri, ştat cədvəllərini, digər kağız daşıyıcılarını ləğv edərək elektron müstəviyə çəkməyi nəzərdə tuturuq".

O, əmək kitabçalarının dövriyyədən çıxarılması prosesinin mərhələli şəkildə həyata keçirilməli olduğunu vurğulayıb: "Bu proses ƏMAS üzərindən tədricən aparılacaq. İlk növbədə isə Əmək Məcəlləsində rəqəmsallaşma ilə bağlı qanunvericiliyə dəyişiklər edilməlidir. Mövzu ilə bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib".

Departament direktoru, ləğv olunma prosesinin vaxtını və qaydalarını da açıqlayıb: "İlk mərhələ kimi, 2014-cü ilin iyunun 1-dən sonra əmək fəaliyyəti olan şəxslərin əmək kitabçalarının ləğvi nəzərdə tutulub. Çünki həmin şəxslərin əmək tarixçəsi artıq ƏMAS-da mövcuddur və zamanla əmək kitabçalarının dövriyyədən çıxarılması baş tutacaq. Bu tarixdən əvvəl əmək fəaliyyətinə başlayan şəxslərin isə stajını müəyyənləşdirmək yenə də əmək kitabçaları üzərindən aparılacaq".

 

Sevinc QARAYEVA

525-ci qəzet.-   2024.- 13 fevral, ¹27.- S.7.