Müasir
bacarıqların inkişafına və tətbiqinə yol
açan təhsil: STEAM nələr aşılayır?
STEAM təhsili tənqidi düşüncə,
yaradıcılıq və əməkdaşlıq kimi
bacarıqları inkişaf etdirməklə şagirdləri
XXI əsrin çağırışlarına hazırlamaq məqsədi
daşıyır. O, bir çox real dünya
çağırışları və innovasiyaların fənlərarası
yanaşma tələb etdiyi reallığını əks
etdirərək dünyanın daha vahid və bir-biri ilə əlaqəli
dərkini təşviq edir. STEAM təhsil proqramı
şagirdlərin biliklərini praktiki şəkildə tətbiq
edə biləcəkləri layihəəsaslı öyrənmə
təcrübələrini ortaya qoyur. Bu yanaşma şagirdləri
öyrənməyə cəlb etməyə və öyrənmənin
onların həyatlarına, eləcə də gələcək
karyeralarına daha uyğun olmasına köməklik göstərir.
Azərbaycan Respublikası Təhsil İnstitutunun
(ARTİ) Metodik Dəstək və Peşəkar
İnkişaf Mərkəzinin Əlaqələndirmə
şöbəsinin əməkdaşı Səbinə Balayeva
deyir ki, STEAM təhsil proqramının məqsədi təhsilalanlarda
XXI əsr bacarıqlarını formalaşdırmaq və
inkişaf etdirməklə real həyat problemlərinin həllinə
nail olmaqdır. Bir parçası olduğumuz rəqəmsal əsrin
tələblərinə uyğunlaşa bilmək
üçün XXI əsr bacarıqlarını özündə
formalaşdırmış mütəxəssislərə
ehtiyac duyulur. İstənilən ölkə inkişaf etmək,
öz regionunda liderlik edə bilmək üçün məhz
vətəndaşlarının XXI əsr
bacarıqlarının inkişaf etdirilməsinə önəm
verir. Bu baxımdan inkişaf etmiş ölkələr təhsil
sistemlərində STEAM, proqramlaşdırma, robotiks və sair
kimi innovativ istiqamətlərə üstünlük verməkdədirlər.
STEAM metodikası təhsilalanlara bilikləri nəzəri
olaraq deyil, məhz tətbiqi xüsusiyyətlərini
aşkarlayaraq çatdırmağı hədəfləyir.
Bu zaman şagirdlər riyaziyyat və təbiət fənlərində
araşdıraraq və tədqiq edərək mənimsədikləri
müxtəlif məlumatları gündəlik həyatlarında
qarşılarına çıxan müxtəlif problemlərə,
müxtəlif layihələrdə tətbiq etməklə
öz yaradıcılıqlarını, komanda şəklində
işləmək bacarıqlarını, məntiqi təfəkkürlərini,
problem həlletmə bacarıqlarını inkişaf etdirirlər.
Eyni zamanda öyrəndikləri məlumatları tətbiq
etdikləri üçün daha yaxşı mənimsəyir,
məlumat daha uzun müddət onların yaddaşında
qalır. Seçilən problem və icra olunan layihələrin
real həyatla əlaqəliliyinə, həmçinin şagirdyönümlü
olmasına xüsusi diqqət edilir.
XXI əsr bacarıqları nədir? STEAM dərslərində
hansı XXI əsr bacarıqları formalaşır?
Səbinə Balayevanın dediyinə görə,
yaşadığımız əsrdə nəyisə bilməyin
artıq üstünlük yaratmadığı məlumdur.
Davamlı və sürətli dəyişikliklərin baş
verdiyi bu əsrdə üstünlük yaradacaq amillərin nəzəri
biliklərdən çox, bacarıqlar olduğu artıq bir
sıra beynəlxalq qurumlar tərəfindən də təsdiqlənir.
Bütün bunları nəzərə alaraq, şagirlərin
bacarıqlarını, xüsusilə "XXI əsr
bacarıqları" adlandırılan bacarıqlarını
inkişaf etdirir və onları gələcək rəqabətə
hazırlayırıq: "Dünya İqtisadi Forumu tərəfindən
bu bacarıqlar 3 kateqoriyada təsvir edilib: Təməl savadlar
- şagirdlərin əsas bacarıqlarını gündəlik
fəaliyyətlərində necə tətbiq edəcəklərini
əks etdirir. Bu bacarıqlar şagirdlərdə baza rolunu
oynayaraq daha təkmil, əhəmiyyətli kompetensiya və
şəxsi keyfiyyətləri formalaşdırmağa imkan
verir. Bu bacarıqlara təkcə oxumaq və hesablama aparmaq
yox, elmi savadlılıq, İKT savadlılığı,
maliyyə savadlılığı, mədəniyyət və
vətəndaşlıqla bağlı savadlılıq
daxildir. Ənənəvi təhsil əsasən bu
bacarıqların əldə edilməsinə fokuslanır,
lakin hal-hazırda bu bacarıqlar XXI əsr
bacarıqlarını inkişaf etdirmək üçün
baza hesab edilir. Kompetensiyalar - şagirdlərin qarşılaşdıqları
mürəkkəb çətinliklərə necə
yanaşacağını açıqlayır. Məsələn,
tənqidi düşünmə, qarşılaşılan
problemləri həll etmək üçün vəziyyəti,
ideyaları və məlumatları aydınlaşdırma, təhliletmə
və qiymətləndirmə bacarığıdır. Şəxsi
keyfiyyətlər - şagirdlərin dəyişən
mühitə necə yanaşdıqlarını ifadə edir.
Sürətlə dəyişən bazar şəraitində əzmkarlıq,
uyğunlaşma kimi şəxsi keyfiyyətlər, maneələr
qarşısında çeviklik və müvəffəqiyyəti
təmin edir".
Bu bacarıqlar STEAM dərslərində necə
formalaşdırılır?
Səbinə Balayeva bildirib ki, sadalalanan
kateqoriyaların hər biri üzrə müəyyən
bacarıqlar var ki, bu bacarıqların STEAM dərslərində,
eləcə də layihələrin hazırlanması
zamanı formalaşdırılması və inkişafı
prosesi həyata keçirilir. Tənqidi düşüncə,
problem həlli və analitik bacarıqlar - STEAM dərsləri
adətən praktik layihələr və real dünya problemlərinin
həlli fəaliyyətlərini əhatə edir. Bu,
şagirdləri tənqidi düşünməyə, məlumatları
təhlil etməyə və mürəkkəb problemlərin
effektiv həlli yollarını inkişaf etdirməyə təşviq
edir. STEAM dərsləri çox vaxt tənqidi
düşüncə və analitik bacarıqlar tələb edən
praktiki, layihəəsaslı öyrənməni əhatə
edir. Yaradıcılıq və innovasiya - İncəsənətin
STEAM-ə daxil edilməsi yaradıcılıq və
innovasiyaya təkan verir. Şagirdlər "dar çərçivə"
xaricində düşünməyə, müxtəlif
perspektivləri araşdırmağa və problemlərə
yaradıcı həll yolları tapmağa təşviq edilir.
Bu, sürətlə dəyişən dünyada çox vacib
olan innovativ təfəkkürün inkişafına kömək
edir. Bir çox STEAM layihələri ümumi məqsədlərə
nail olmaq üçün müxtəlif komandaların əməkdaşlıq
etdiyi real dünya problemlərini, əməkdaşlıq
bacarıqlarını inkişaf etdirərək effektiv
ünsiyyət qurmağı, fikirləri bölüşməyi
və birlikdə işləməyi öyrənir. Robotun layihələndirilməsi
və proqramlaşdırılmasını əhatə edən
qrup layihələri - hər komanda üzvü əməkdaşlıq
və komanda işini təşviq edən proqramçı,
mühəndis və ya layihə meneceri kimi xüsusi bir rol
alır.
Texnoloji savadlılıq və müasir texnologiyalara
inteqrasiya
Texnologiya STEAM-in əsas komponenti olduğundan
şagirdlər müxtəlif alətlər, proqram təminatı
və aparatlarla işləyərək texnoloji
savadlılığı inkişaf etdirirlər. Bu, onları
XXI əsrin rəqəmsal tələblərinə
hazırlayır. STEAM dərsləri xüsusən texnologiya və
kompüter elmlərini özündə birləşdirən dərslər
şagirdləri texnoloji savadlılıq, kodlaşdırma
bacarıqları, problemlərin həlli və
yaradıcılıq üçün texnologiyadan istifadə
etmək bacarığı ilə təchiz edir. Belə dərslərə
misal olaraq proqramlaşdırma dərslərini göstərə
bilərik.
Etik və sosial məsuliyyət
STEAM dərsləri texnologiya və elmi irəliləyişlərin
etik təsirlərinə toxunur. Bu, sosial məsuliyyət
hissini, elmi və texnoloji inkişaflarla bağlı etik
mülahizələrin dərk edilməsini təşviq edir.
Gen mühəndisliyi və ya süni intellekt kimi elmi nailiyyətlərin
sosial təsirləri və nəticələrinin müzakirəsi
şagirdlərin etik mülahizələri araşdıran
debatlar və ya layihələrdə iştirak etməsi buna
misal ola bilər.
Qlobal məlumatlılıq və perspektivlər
Bir çox STEAM layihələri şagirdləri
işlərinin daha geniş təsirini nəzərə
almağa təşviq edən qlobal perspektivə malikdir. Bu,
qlobal şüurun və bir-biri ilə əlaqəli problemlərin
anlaşılmasına kömək edir. Bir çox müasir
çağırışlar qlobal xarakter daşıyır.
STEAM təhsili qarşılıqlı əlaqəyə
vurğu edərək şagirdləri qlobal perspektivləri və
həll yollarını nəzərdən keçirməyə
təşviq edir. Bu da XXI əsrdə fərdləri qlobal vətəndaş
olmağa hazırlamaq üçün vacibdir. Fərqli region
və ya ölkələrdən olan şagirdlərlə ortaq
bir layihədə əməkdaşlıq etmək, şagirdləri
müxtəlif perspektivlərlə tanış etmək və
qlobal düşüncə tərzini inkişaf etdirmək buna
misal göstərilə bilər.
Ömürboyu öyrənmə
STEAM təhsili öyrənmə sevgisini və öyrənmənin
davamlı, ömürboyu davam edən bir proses olduğunu
başa düşməyi təşviq edir. Şagirdlər həyatları
boyunca yeni informasiya və texnologiyalara uyğunlaşmaq
üçün lazımi bacarıq və düşüncə
tərzini inkişaf etdirirlər".
Səbinə Balayevanın söylədiyinə görə,
fənlərarası öyrənmə və problemlərin həlli
- STEAM təhsili mahiyyət etibarilə fənlərarası əlaqəni
qurmaq, təfəkkürün inkişafi və problemlərin
həllini təşviq edir. Bu yanaşma şagirdləri real
dünya problemlərini həll etmək üçün
müxtəlif sahələrdən biliklərdən istifadə
etməyə təşviq edir, mürəkkəb məsələlərin
vahid anlayışını gücləndirir. Məsələn,
günəş enerjisi ilə işləyən suvenir və
ya stolüstü lampaların, heykəllərin
hazırlanması, küçə işıqlandırma
sistemləri və yol hərəkəti nişanlarının
layihələndirilməsi, qurulması, problemin həllinə
fənlərarası yanaşmanın təşviq edilməsi
buna misal ola bilər: "Real dünya tətbiqləri və
real həyata adaptasiyanın vacib olduğu STEAM təhsili bilik
və bacarıqların sürətlə yenilənən
hazırkı dünyada tətbiqinin vacibliyini
vurğulayır. Şagirdlər gələcək
karyeralarında qarşılaşa biləcəkləri
çətinlikləri əks etdirən praktik layihələrlə
məşğul olurlar və bu, öyrənmə təcrübəsini
daha mənalı və praktik edir.
Layihəəsaslı öyrənmə
STEAM dərsləri müxtəlif sahələri birləşdirən
təcrübə təmin edir və şagirdlərə
müxtəlif bacarıqların inkişaf etdirilməsinə
imkan verir. Bu sahədə layihəəsaslı öyrənmə,
şagirdlərin müstəqil işləmə və ya əməkdaşlıqla
öyrənmə təcrübəsi əldə etmələrinə
nail olmağa nail olur".
Mütəxəssis qeyd edib ki, STEAM təhsili
şagirdləri imkanları müəyyən etməyə,
risk götürməyə və innovativ düşünməyə
həvəsləndirərək sahibkarlıq təfəkkürünü
inkişaf etdirir. Bu bacarıqlar təkcə sahibkarlıqla
maraqlananlar üçün deyil, həm də müxtəlif
peşə fəaliyyətlərində uğur qazanmaq
üçün dəyərlidir. "İnnovativ
texnologiyaların istifadəsi ilə sosial problemlərin həlli"
adlı layihənin şagirdlərə təqdim olunması
zamanı onlar layihə kimi bu mövzunu araşdırırlar.
Bu zaman şagirdlər texnologiya sahəsində inkişaf
etmiş texnologiyalar haqqında məlumat toplayır, real sosial
problemlərə hansı təsirlərin göstərəcəyini
nəzərdən keçirərək müstəqil tədqiqat
aparırlar. Burada onlar optimal, mövcud və potensial təhlükələri
nəzərdən keçirir və məsələyə
yaradıcı həllər təklif edirlər. Bu nümunələr
STEAM dərslərinin ənənəvi tədris
metodlarından necə kənara
çıxdığını nümayiş etdirir və
şagirdləri müasir dünyada uğur üçün
vacib olan XXI əsrin müxtəlif bacarıqlarını
inkişaf etdirərək tədris prosesində fəal
iştiraka təşviq edir. Beləliklə, STEAM dərsləri
müxtəlif fənləri birləşdirən və XXI əsrdə
uğur üçün vacib olan bacarıqların
inkişafına təkan verən təhsilə vahid yanaşma
təmin edir. STEAM təhsilinin praktiki, fənlərarası
xarakteri şagirdləri müasir dünyanın
çağırışları və imkanları ilə
üzləşməyə hazırlayır".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2024.- 17 fevral, ¹31.- S.23.