İbrahim
Yusifoğlu: Nisgil və əzmkarlıq
1986-cı ildə "Yazıçı" nəşriyyatı
İbrahim Yusifoğlunun kitab çap etdirmək
üçün nəşriyyata təqdim etdiyi şeirlərini
mənə gizli rəyə vermişdi. Nəşriyyat mənim
İbrahim Yusifoğlu ilə bir bölgədən və eyni kənddən
olduğumu bilirdimi? Bu, mənə qaranlıq idi. Aydın olan
bu idi ki, mən rəydə tərəfkeşliyə yol verməməli,
öz obyektivliyimi az-çox qorumalıyam. Həmin şərtə
mümkün qədər əməl edib rəyimi yazdım və
İbrahim Yusifoğlunun ilk kitabı bir neçə il sonra
"Yazıçı" nəşriyyatında o rəy əsasında
çap olundu. İndi İbrahim Yusifoğlunun 70 illiyi
münasibətilə yazı yazmaq istərkən 1986-cı il
tarixli rəyə yenidən baxıram. Bilmək istəyirəm
ki, o vaxt yazılanlar bu gün qüvvədə
qalırmı? Bu gündən dünənə, dünəndən
bu günə baxanda İbrahim Yusifoğlu şeirində dəyişən
nədir, dəyişməyən nə? Bu cür suallara
aydınlıq gətirmək üçün
xatırlatdığım rəydən bəzi məqamları
diqqətə çatdırmağa ehtiyac var: "İbrahim
Yusifoğlu Şərur rayonunda yaşayır. Onun şeir yaradıcılığı
haqqında fikir yürütmək istərkən bu faktın
xa-tırladılması iki cəhətdən mənə
lazımlı göründü. Birinci cəhət odur ki,
İbrahim Yusifoğlu Bakıda yaşamasa da, ədəbi
mühitlə gündəlik ünsiyyətdə olmasa da,
"məhəlləçilik"dən uzaqdır, daxilən
paytaxt ədəbi mühiti ilə bağlıdır. Bu, onun
şeirlərindən bəlli olur. İkinci cəhətsə
odur ki, İbrahim Yusifoğlu - əksər hallarda -
gördüyü, duyduğu, qəlbən
bağlandığı həyat hadisələrini qələmə
alır, yaşadığı mühitin koloritini əks etdirməyə
çalışır. Bu da onun şeirlərindən bəlli
olur.
İbrahim Yusifoğlunun "məhəlləçilik"dən
uzaqlığını onda görürəm ki, o, şəxsi
müşahidələrinə sosial məna verir, ucqar bir yerdə
yaşaya-yaşaya müasir dünyanın
qayğılarını təcəssüm etdir-məyə
çalışır. İbrahim Yusifoğlunun şeirləri
içərisində mühitdəki nöqsanların tənqidinə
həsr olunanları da var. Amma demək olar ki, onun heç bir
şeirində mühitdən bezmək, mühiti tərk edib
harasa başqa bir yerə can atmaq duyğusu öz əksini
tapmır və müəllif
"şair olmaq istəyirsən, köç şəhərə"
məsləhətini verənlərlə razılaşmır:
Ürəyim yana-yana göstərdim ona
Üzərində dayandığım
torpağı,
çəməni, çölü,
bağçanı, bağı.
Budur mənim şeirlərim, -
dedim.
Şeirlərimi burda qoyub
şair olmağa
necə gedim axı!
Üzərində addımladığı
torpağı, çəməni, çölü,
dağı, dərəni ürəkdən sevmək və
onlarda poeziya axtarmaq duyğusu İbrahim Yusifoğlunun bir
çox şeirləri üçün səciyyəvidir. O
da səciyyəvidir ki, təbiətin hər hansı bir
"məhəlli" guşəsinə müraciət edən
müəllif həmin guşəni bu və ya digər yolla
ümumiləşdirib Vətən timsalında, Vətənin
bir parçası şəklində təqdim edir. Təkcə
Vətən mövzusu yox, digər mövzuların da bədii
həlli İbrahim Yusifoğlu şeirində məhz
ümumsosiala doğru istiqamətləndirmə vasitəsilə
ortaya çıxır".
Bu rəyin yazıldığı 1986-cı ildən
indiyə qədərki uzun vaxt ərzində İbrahim
Yusifoğlunun şəxsi həyatında dəyişikliyin
biri budur ki, o, artıq Şərurda yox, Bakıda
yaşayır. Paytaxtda yaşamaq onun
yaradıcılığında əsaslı bir dəyişikliyə
səbəb olubmu? Məncə, yox. Əlbəttə, get-gedə
qələm daha da püxtələşib. Amma həyat hadisələrini
seçmək, qiymətləndirmək və qələmə
almaqda yol əvvəlki yol olaraq qalıb. İbrahim
Yusifoğlunun sadiq qaldığı yaradıcılıq
yolunda ən başlıca amil budur ki, o, yenə də əvvəlki
kimi dərindən duyub, yaxından bələd olduğu hadisələrə
daha çox üz tutur, həyatda
qarşılaşdığı çətinlikləri
mövzuya çevirib qələmə almağı diqqət
mərkəzində saxlayır. O çətinliklərin bir
çoxundan mən də xəbərdaram. Necə xəbərdar
olmaya bilərəm ki, İbrahim Yusifoğlu ilə nəinki
eyni kənddə, hətta eyni məhəllədə
doğulub boya-başa çatmışıq, o kənddə,
o məhəllədə baş verən əhvalatlardan bəzisinin
iştirakçısı, bəzisinin şahidi olmuşuq.
Şahidi olduğum iki sarsıdıcı əhvalat
İbrahimgilin ailəsi ilə bağlıdır.
Sarsıdıcı və ömür boyu yaddaşda dərin
iz buraxan iki əhvalatdan biri budur ki, İbrahimlə mən 8-9
yaşlarında olanda İbrahimin böyük qardaşı
Əli qayadan yıxılıb ölümcül
yaralanmışdı. Rəhmətlik Yusif dayı
(İbrahimin atası) yaralı oğlunu kürəyinə
alıb göz yaşı içində evə
aparırdı... Əli bir neçə gündən sonra
dünyasını dəyişdi. Bir neçə il sonra isə
Allah Yusif dayıya bir oğul da verdi və ona rəhmətlik
Əlinin adını qoydular. Ailə yavaş-yavaş
özünə gəlməyə başlayanda ikinci bir
müsibət baş verdi: Yusif dayı dünyasını dəyişdi,
yeddi uşaq tək ananın ümidinə qaldı. Bu hadisələr
və bu hadisələrin ailədə doğurduğu
ağrı-acılar İbrahim Yusifoğlunun
yaradıcılığına təsirsiz qala bilməzdi və
təbii ki, təsirsiz qalmadı da. O,
atasızlığın əzab-əziyyətindən
yazdı, bu əzab-əziyyətə sinə gərən
ananı silsilə şeirlərin baş qəhrəmanına
çevirdi:
Davadan atası geri dönmədi,
Anası dözmədi göz yaşlarına.
Qəlbində çəkərək əzabı, dərdi
Ata-ana oldu qardaşlarına.
Taleyi üzünə gülən anamın
Sındı yarı yolda qəlbinin simi.
O ağır günləri, de, necə anım,
Bizi də böyütdü atalı kimi.
Atası İkinci Dünya müharibəsindən geri
dönməyən, bu azmış kimi anasını da
vaxtsız itirən Zəhra adlı bir qız
uşağının - evin yaşca böyük
övladının qardaş-bacı dərdinə qalması;
qardaşlarını yerbəyer edəndən sonra ailə
qurub oğul-uşaq sahibi olan Zəhra xanımın ər
itkisi ilə üzləşməsi və dərdə əyilmədən yeddi
uşağı böyüdüb boya-başa
çatdırması... Bu cür acı xatirələr
İbrahim Yusifoğlunun şeirdən-şeirə keçən
ana obrazında aparıcı notlara çevrilir. Qəm-qüssə
və nisgil dolu notlar anadakı əzmkarlığı
qabarıq ifadə etməyə mane olmur.
Əzmkarlığın qabarıq ifadəsi isə İbrahim
Yusifoğlu şeirinə həyatsevərlik ovqatı gətirir.
Heç kimin xüsusi himayədarlığı olmadan həyatda
özünə mövqe tutan və pillə-pillə irəli
getməyi bacaran müəllif sevgi-məhəbbətdən
güc alır.
Ata-anaya, ömür-gün yoldaşına,
övladlara məhəbbət İbrahim Yusifoğlu şeirində
ümumiləşdirilib Vətənə məhəbbət məzmun
və mahiyyəti qazanır. Ata-ananın əkib-becərdiyi
torpaq, min bir əziyyətinə qatlaşdığı
bağ-bağça, ömür-gün yoldaşının və
övladların bağlandığı gül-çiçək
İbrahim Yusifoğludan ötrü doğma kənddən, Vətənin
könül oxşayan təbiətindən söhbət
açmağın başlanğıc nöqtəsidir.
Qabaqlı adlı bir dərədə yerləşən,
"boyu uzun, eni bir qarış" olan kəndin dağı-daşı,
gülü-çiçəyi şair üçün həm
də ona görə əzizdir ki, onların hər birində
(təbiətin hər guşəsində) doğma adamlardan
nişanələr var. Müəllif dan yerinin
qızarmasında utancaq qız çöhrəsi
görür; çəmənlər, çiçəklər
o qızı səsləyir, arılar o qızın
dodaqlarında bal axtarır:
Bu yaz gözəllikdə sənə bənzəyir,
Lalələr açıbdı yanaqlarında,
Çəmənlər, çiçəklər səni
səsləyir,
Arılar bal duyub dodaqlarında.
İbrahim Yusifoğlunun ata, ana, ömür-gün
yoldaşı, övlad, ana torpaq, doğma kənd, gözəl
təbiət və s. kimi müxtəlif obrazları
sırasında diqqəti cəlb edən müəllif
obrazı da var. Maraqlıdır ki, bu obraz heç də əksər
şairlərdə gördüyümüz müsbətlik
mücəssəməsi deyil. İbrahim Yusifoğlunun müəllif
obrazı özünə kənardan baxmağı bacaran bir
insanın obrazıdır:
Səni ovsunlayıb kövrək duruşum,
Məni dərdli bilib halıma yanma.
Uç get öz bağçana, Səməndər
quşum,
Mən zalım adamam, mənə inanma!
"Mənə inanma" motivi İbrahim
Yusifoğlunun məhəbbət mövzulu bir neçə
başqa şeirindən də keçir. Bir şeirində
"Çıxart ürəyindən, çıxart at məni"
deyən müəllif başqa bir şeirində "Unut məni"
deyir:
Mənə gələn yolun bağlı,
Sağın uçurum, solun bağlı.
Əlin açıq, qolun bağlı,
Unut məni...
Məni unut...
Qucaqlayıb dizlərini,
Göyə dikmə gözlərini,
Eşit şair sözlərini,
Unut məni...
Məni unut...
Özünə yad adam gözü ilə baxıb
günahkarlıq hissi keçirmək! Çağdaş
şeirimiz üçün çox da səciyyəvi olmayan
bu motivə İbrahim Yusifoğlunun məhəbbət
mövzulu şeirləri ilə yanaşı, ictimai məzmunlu
şeirlərində də rast gəlirik:
Məni yola salan yolu unutdum,
Boynuma sarılan qolu unutdum,
Sağımı qorudum, solu unutdum,
Məni günahıma bağışla, Allah!
Getdi əlimizdən Vətən torpağı,
Geymədim əynimə kəfən torpağı,
Gücüm yox qaytaram gedən torpağı,
Məni günahıma bağışla, Allah!
Yar-yoldaşa münasibətdə özünü
qınamaq və Vətən torpağının itirilməsində
özünü günahkar bilmək! Heç şübhəsiz,
bunlar şeirdə bir-birinə bağlı məsələlərdir.
Birincisi, ona görə ki, hər iki halda özünü
qınaq hədəfinə çevirən eyni şəxsdir.
İkincisi isə, həmin şəxsin timsalında ictimai
mövqe nümayiş etdirmək öz mayasını fərdi
aləmi ortaya qoymaqdan götürür. Fərdi və ictimai
məsələlərə münasibətdə
özünü təvazökarcasına günahkar saymaqla
İbrahim Yusifoğlu müəllif obrazının diqqəti
cəlb edən bir nümunəsini yaradır.
İbrahim Yusifoğlunun ara-sıra ölüm-itimdən
də söhbət açmasının şahidi oluruq.
Ölüm motivi müəllifin hətta uşaqlar
üçün yazdığı şeirlərdə də
özünü göstərir.
Qızlarımın biri sağ əlimdən tutub, biri
sol,
Biri deyir: "Mənim atamsan",
O biri deyir: "Mənim atam ol".
Gözlərimi də yarı bölürlər,
Sözlərimi də!
Bölürlər qələmlərimi,
kitablarımı,
Gülə-gülə, küsə-küsə,
Uşaq ərköyünlüyü ilə.
Elə bu vaxt gözlərim dikilir
Anamız Yerə!
Deyirəm: arzumu, istəyimi,
Məhəbbəti
mi bölsəm də iki,
Bütövlüklə səninkiyəm, səninki.
"Ölüm haqdır" kimi məlum fikri
özünəməxsus şəkildə şeirə gətirən
İbrahim Yusifoğlu ömrün qısalığı və
uzunluğu barədə də Öz sözünü deməyə
çalışır:
Atdıq son vergülü, bu da ki, nöqtə,
İllər saçımıza səpdi ağ dəni.
Nə qədər uzatmaq olarmış görən,
Bir sözdən ibarət olan cümləni?!
"Ömür" kimi bir sözdən ibarət olan
cümləni çox uzatmaq olar. Çünki ortada ürəkdən
xəbər verən şeirlər var. Şeirlər
yaşadıqca şair də yaşayır. Və şair
ömrü yetmişə, səksənə, doxsana
sığmır.
Muxtar KAZIMOĞLU
525-ci qəzet.- 2024.- 17 fevral, ¹31.- S.20.