"Tumurcuq dərdi çəkməyən ağac - odundur"  

 

AKADEMİK AKİF ƏLİZADƏ: "XOŞBƏXTƏM Kİ, ÇOX GÖZƏL İNSANLARLA BİR YERDƏ YAŞAYIB İŞLƏMİŞƏM, İNDİ DƏ "YORULDUM" DEMİRƏM"

Akademik Akif Əlizadə ilə onun 90 illiyi ərəfəsində yubiley müsahibəsi.

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadənin fevral ayının 25-də 90 yaşı tamam olur. Qaydadır ki, yubileyi qeyd olunan görkəmli şəxslər barədə məqalələr, müsahibələr, verilişlər... hazırlanır. Yubilyarlar isə özləri haqqında bu ərəfədə kifayət qədər danışıldığından yaşadıqları illərdən təvazö baxımından söz açmağı yersiz hesab edirlər. Akademik Akif Əlizadə də istisna olmadı. Amma bu materialın müəllifi onu müsahibənin təxmini istiqamətilə tanış etdikdən sonra o, bir qədər tərəddüddən sonra "gənclərə xatir" deyərək razılıq verdi. Həmin müsahibəni təqdim edirik.

- Akif müəllim, yubileyinizə cəmi bir neçə gün qalır. Əlamətlərə inanmırsınızsa, qoy Sizin doğum gününüzü qabaqcadan təbrik edim, möhkəm səhhət arzulayım, hazırkı enerjili fəaliyyətinizin davamlı olmasını arzulayım.

-  Çox sağ olun.

- Sovetlər dönəmində Elmlər Akademiyası sistemində çalışan bir gənc alim kimi yaşadığınız mühiti indi necə xatırlayırsınız?

- Biz, Azərbaycan Elmlər Akademiyasının gənc alimləri sovet dövründə elmdə yaradıcılığa və yeni axtarışlara can atırdıq. Ancaq getdiyimiz yol heç də hamar deyildi. Bu yol Azərbaycan geoloji və geofiziki elminin inkişaf istiqamətlərinin hərgünkü axtarışları yolu idi. Ötəri uğursuzluqlara baxmayaraq, irəliyə atdığımız hər addım inadlı və ciddi iş, dözüm, uğura möhkəm inam tələb edirdi. Biz gələcəyə çox inanırdıq.

- Yəni çətinliklər olmurdu?

- Olurdu. Bəzən dolaşıq çətinliklər bir neçə onilliklər boyu durmadan qarşımıza çıxırdı. Buna baxmayaraq, Azərbaycan geoloqları üçün bu zaman kəsiyi kifayət qədər dönüş dövrü oldu və iqtisadi çətinliklərə, ideoloji əyintilərə baxmayaraq, maneələr dəf edilirdi  və yaranan maraq bizə güc verirdi. Dünya elminin fundamental və tətbiqi sahələrində mühüm kəşflər də məhz o mühitdə edilmişdir. Bizim nəsil də Yer haqqında elmlərin sürətli inkişafının şahidi oldu.

- Bu gün o dövrü saf-çürük edirsiz?

- Bəli, saf-çürük etmirəm desəm, səmimi alınmaz. Düşünürəm ki, bir alim və elm təşkilatçısı kimi formalaşdığım şərait və hadisələr daxilində yəqin ki, Geologiya və Geofizika İnstitutunda çalışdığım dövr olduqca maraqlı olmuşdur.

Yaxşı məlumdur ki, hələ sovet dövründə Azərbaycanda geologiya elmində SSRİ miqyasında seçilən kifayət qədər güclü və nüfuzlu elmi məktəblər yaradılaraq fəaliyyət göstərmişdir. Bu gün mən bu məktəblərin banilərini və nümayəndələrini, müəllimlərim və ustadlarım olmuş, bizi təmənnasız olaraq elmi yaradıcılıq sənətinə yönəltmiş alimləri minnətdarlıq və hörmət hissilə xatırlayıram. Hər bir halda bu, mənim taleyimdir. Müəllimlərim arasında akademiklər  M.Əliyevi, Q.Əlizadəni, Ş.Əzizbəyovu, M.Qaşqayı, Ş.Mehdiyevi, Ə.Əlizadəni, Ə.Yaqubovu, H.Şıxəlibəylini, professor Ə.Xəlilovu xüsusi qeyd etmək istərdim. Onlar və bir çox başqa alimlər gərgin əməkləri ilə bu gün yüksək səviyyəyə çatmış Azərbaycan geologiya elminin əsasını qoyublar. Respublikamızın indiki müstəqillik dövründə, xüsusilə "Əsrin müqaviləsi" (1994) bağlandıqdan sonra ölkənin çiçəklənməsinin və xalqın rifahının mineral-xammal bazasını yaratmış geologiya elminin inkişaf imkanları xeyli genişlənmişdir.

- Bir elmi müəssisəyə 48 il  fasiləsiz rəhbərlik edən ikinci alim tanımıram. Bu fakt özlüyündə tarixi örnəkdir.

- Həyatımın 65 ilindən çox işlədiyim Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun (hazırda Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu) işgüzar, əlbir və səmimi kollektivinin ünvanına da bir neçə ürək sözümü çatdırmaq istərdim. Məhz burada mən laborantlıqdan İnstitut direktoruna qədər əmək yolu keçmişəm. Həmişə də diqqət, hörmət və qayğı ilə əhatə olunmuşam, uğurlarım məhz bu kollektivdə yaradılmış münbit elmi mühit sayəsində mümkün olmuşdur. Elmi uğurları təkcə ölkəmizdə deyil, onun sərhədlərindən uzaqlarda da tanıtmış məşhur geoloqlarla çiyin-çiyinə çalışmağımla daim fəxr etmişəm.  Düşünürəm ki, bir alim və elm təşkilatçısı kimi formalaşdığım dövr - XX yüzilliyin ikinci yarısı - haqlı olaraq elmin "qızıl dövrü" adlanır. Çünki elmin ən müxtəlif sahələrində əksər elmi nailiyyətlər (həmçinin geologiya sahəsində) bu illərdə qazanılmışdır. Ancaq bu dövr öz-özünə meydana çıxmamışdır, onu insanlar yaratmışlar. Gənclərin bütöv bir ağıllı, istedadlı nəsli qazanc xatirinə deyil, əqidəsinə görə elmə gəlmişdi. Deyirlər ki, o vaxt durğunluq dövrü idi. Amma o da var ki, durğunluq elmdə deyil, ideologiyada yer almışdı. O vaxtlar gələcəyə yönəlmiş çox fəal, savadlı bir biliklər cəmiyyəti meydana çıxdığından elm gəncləri maqnit kimi özünə çəkirdi. Yarım əsrdən çox bir keçmişə xəyalən dönüb baxarkən görürəm ki, "Elmlər Akademiyası" məfhumu milli sərvət kimi bu gün də sanballı və əhəmiyyətli səslənir. Məhz Akademiyada nəsildən-nəslə keçən xüsusi akademik ruh, böyük elmə, onun dəyərlərinə sədaqət duyğusu hökm sürmüşdür. Elmlər Akademiyası ölkədə elmin, təhsilin və sosial inkişafın göstəricisi olmuşdur.

XX əsrin ikinci yarısı Elmlər Akademiyası üçün dinamik inkişaf, elmi cəmiyyətlərin yaradılması və elmi məktəblərin formalaşması dövrü idi. Bu dövrdə görkəmli professor-akademiklərin bütöv bir nəsli (o sıradan mənim müəllimlərim) formalaşmışdı ki, onlar akademik fəaliyyətlə məhdudlaşmır, Azərbaycan elmində kadr əvəzlənməsini təmin etmək üçün fəal pedaqoji iş aparırdılar. Bunlar təkcə eyni bir işlə məşğul olan insan qrupları deyildi, Azərbaycan elminin yüksək əxlaqi və mənəvi nüfuzunu təmin edən insanlar idi. SSRİ adlı nəhəng ərazidə məhsuldar elmi əməkdaşlıq atmosferini və Azərbaycan Elmlər Akademiyası ilə sıx elmi və sırf insani əlaqələr yaratmış görkəmli sovet alimlərinin rolunu da danmaq və ya unutmaq olmaz. Bu cür əməkdaşlığın bəhrəsini biz gənc mütəxəssislər də, SSRİ-nin aparıcı elmi mərkəzlərində aspiranturada oxumaqla, birgə elmi araşdırmalar aparmaqla, elmi konfranslarda və i.a. iştirak etməklə görürdük. SSRİ-nin dağılması ilə bağlı məlum hadisələrdən sonra onlarla bir çox əlaqələr itirildi...

- Akif müəllim, bir alim, elm təşkilatçısı kimi şəxsi fəaliyyətiniz barədə danışmaqdan niyə yayınırsınız?

- Yaxşı, deyim. Əlaqələr itirildi və mən Geologiya İnstitutunun rəhbəri kimi həmin əlaqələri tədricən bərpa etməli oldum. Elə məqamlar da var ki, xüsusi qürur duyğusu ilə qeyd etməliyəm. Hər şeydən əvvəl, Geologiya və Geofizika İnstitutunda çoxillik elmi və elmi-təşkilati fəaliyyətim dövründə mən həmkarlarımın dəstəyini qazana bilmişəm, nəticədə bir çox elmi axtarışlarımız uğurla sona çatmışdır. Elmi karyerada qazandığım uğurun dərəcəsindən asılı olmayaraq Geologiya və Geofizka İnstitutunu təmsil edən əksər geoloq və geofiziklərlə birgə səfərlərdə olmuşam, gənclərlə elm sahəsində təcrübəmi daim bölüşmüşəm.

Müxtəlif vaxtlarda AMEA-da məsul vəzifələrdə - İnstitut direktoru, Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın vitse-prezidenti, nəhayət, AMEA-nın prezidenti kimi işləmək mənim səlahiyyətlərimi genişləndirmiş, bir alim kimi mənə lazım olan informasiyanı almaq və müəyyən dərəcədə Azərbaycan elmi sferasında mühüm qərarların hazırlanması prosesinə təsir göstərmək imkanı vermişdir.

Bu məsul işlərin nəticəsinə istinadən tam inamla deyə bilərik ki, Azərbaycan geologiya elmi zamanın sınağından uğurla çıxmışdır. Respublika həyatının 1990-cı illərin əvvəllərində başlanmış çətin, mürəkkəb və gərgin dövründə biz həmkarlarımızla bir sıra alim nəsillərinin fədakar əməyini təşkil edərək qarşıya qoyulan məqsədlərə nail olduq.

- Akif müəllim, haqqında fəxrlə danışdığınız AMEA bu gün iki hissəyə bölünüb, yəni artıq vahid təşkilat deyil.

- Mənim qəti qənaətimə görə, Azərbaycan Elmlər Akademiyası bu gün iki hissəyə bölünsə də, Respublikanın qüdrət simvolu, irəliyə doğru intensiv hərəkətində ümidi və dayağı olaraq qalır. Azərbaycan elminin istər sovet dövründə, istərsə də müstəqillik qazanıldıqdan sonra əldə etdiyi böyük uğurların əyani sübutu kimi Respublikanın iqtisadi və mədəni nailiyyətlərinin dinamizmini göstərmək olar. Tarixən elə alınmışdır ki, fundamental araşdırmalar Azərbaycan elmi potensialının əsasını və biliklərin başlıca istehsalçısını təşkil etmişdir. Məhz bu biliklərin bazasında prinsipcə yeni texnologiyalar yaradılmışdır.

- Ölkəmizdə fundamental araşdırmalara ayrılan vəsait, Sizcə, yetərlidir? 

- Təəssüf ki, bu gün Azərbaycanda fundamental araşdırmalara ÜDM-in 0,17 faizi sərf olunur. Aydındır ki, belə maliyyəşmə ilə prioritet istiqamətlərin bütün cəbhəsi boyu fundamental araşdırmalar aparmaq çətindir. Ən yaxşı halda elmi tədqiqatların yalnız 10 faizini əhatə etmək olar. Ancaq bu da ən başlıcası deyil. İş bundadır ki, bizim Respublikamız artıq elmi-texniki proqres fazasını keçərək texnoloji fazaya daxil olmuşdur ki, onun da həyata keçirilməsi üçün fundamental tədqiqatların, cihaz parkının kəskin şəkildə yenilənməsi və iri yatırımların qoyulması çox vacibdir. Hazırda isə biz elmi cəhətdən inkişaf etmiş ölkələrdən təqribən 15-20 il geri qalırıq. Buna görə də təkcə təkamül yolu ilə vəziyyəti düzəltmək çətin olacaq.

- Onda təbii ki, belə bir sual yaranır: mövcud vəziyyətlə bağlı nə etmək lazımdır?

- İstər yatırımlar siyasətində, istərsə də elmin təşkili təcrübəsində kəskin sıçrayış həyata keçirilməlidir.

Geokimya, geotektonika, geodinamika, stratiqrafiya və paleontologiya, litologiya, metallogeniya, Yer fizikası sahələrində fundamental tədqiqatları fənlərarası xarakteri təmin etməklə davam etdirmək vacibdir. Bu zaman Geologiya və Geofizika İnstitunun Respublikanın mineral-xammal bazasının artırılmasında bu istiqamətlərdə oynadığı lider vəziyyətini qorumaq vacibdir. Cihazların alınması üçün maliyyə artımı tempini təxminən 5-10 dəfə çoxaltmaq zəruridir. Eyni nisbətdə fundamental tədqiqatlar üçün cihazların xaricdən alışını artırmaq lazımdır.

Biz yeni elmi istiqamətlər yaratmalı, Azərbaycan alimlərinin iri Avropa və beynəlxalq proqramlarda - geoloji-geofiziki, geoekoloji, informasiya və s. proqramlarda iştirakını daha sanballı şəkildə elan etməliyik. Sonra da elm ilə təhsilin əlaqəsini daha da gücləndirmək vəzifəsi durur. Elm və təhsilin inteqrasiyası haqqında deklarasiyaları ölkənin uyğun elmi müəssisələrində Respublika ali məktəblərinin baza kafedralarının yaradılması haqqında qanunvericilik normalarına transfer etmək gərəkdir.

Elmdə ekstensiv kadr siyasətindən imtina etmək vaxtı çatmışdır. Qənaətbəxş təqaüdün olmaması şəraitində kadrların qocalması baş verdiyinə rəğmən, elmi işçilərə ləyaqətli təqaüd təyin etmək məsələsi öz həllini tapmalıdır.

- Səhv etmirəmsə, Sizin  "Perspektiv tədqiqatların elmi-təhsil mərkəzləri" adlanan ideyanız da var.

- Bəli, "Perspektiv tədqiqatların elmi-təhsil mərkəzləri" yaradılması haqqında ciddi düşünməyin vaxtı çatmışdır. Bu mərkəzlərdə Azərbaycan elminin yoxa çıxmaqda olan az miqdarda insan resursunu bir yerə yığmaq olar.

- Bəs uzun müddət Yer elmləri sahəsində çalışmış alim kimi bu faydalı tövsiyələrinizin Yer Elmləri sahəsində tətbiqini necə görürsünüz?

- Mənim mövqeyim belədir: Yerin təkamülünün fundamental proseslərinin öyrənilməsi və faydalı qazıntı axtarışlarının çağdaş metodlarının işlənib hazırlanması vacib istiqamət olaraq qalır. Bu, büdcə maliyyələşməsi ilə təmin edilmiş dövlət proqramlarıdır. İnformasiya texnologiyaları bazasında geologiya və geofizika sahəsində çağdaş verilənlərin sistemləşdirilməsinə ciddi diqqət ayırmaq lazımdır. Bundan sonra da Yer qabığının dərin quruluşunu öyrənmək sahəsində tədqiqatları dərinləşdirmək, struktur-əmələgəlmə proseslərində flüid axınlarının fəal iştirakını müəyyən etmək zəruridir. Başqa sözlə, Yerin flüid-dinamik sistemini daha dərindən öyrənmək gərəkdir.

- Azərbaycanda geoloji-geofiziki elmlərin sonrakı inkişaf yolları haqqında qısa görüşlərinizlə tanış olmaq çox maraqlı olardı.

- Yer Fizikası sahəsində tədqiqatların inkişaf etdirilməsinə xüsusi diqqət ayırılmalıdır. Geofiziki sahələrin, geodinamikanın və informasiya texnologiyalarının öyrənilməsində mütəxəssislərin qüvvələrini birləşdirməyin yeri var. Yerin istilik axınının və istilik sahəsinin dinamikasının öyrənilməsi də prioritetlərdən biri olaraq qalır. Filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının petrologiyası və geokimyası sahəsində tədqiqatlar da perspektivdə çox vacibdir. Ətraf mühitin geologiyası intensiv şəkildə öyrənilməlidr. O, Yer haqqında bir sıra elmlərin - mühəndis texnologiyalarının, hidrogeologiyanın, geokimyanın, geomorfologiyanın və başqa elmlərin qovşağında meydana gəlmişdir. Bu yöndə fundamental tədqiqatlar apriori fənlərarası xarakter daşımalıdır. Beləliklə, Azərbaycanda geoloji-geofiziki elmlərin sonrakı inkişaf yolları haqqında çox qısa görüşlərimi təqdim etdim. Təbii ki, dediklərim mənim sırf subyektiv yanaşmamdır. Bu gün Azərbaycanda Yer Elmləri sahəsində bir çox görkəmli alimlər yetişib və onlar şübhəsiz ki, elmimizin tərəqqisində və rəqabətqabiliyyətliyin təmin edilməsində öz paylarını əsirgəməyəcəklər.

- Belə anladım ki, yeni minillikdən gözləntiləriniz çoxdur.

- Əlbəttə, yeni minillik, şübhəsiz ki, elm üçün inqilabi dövr olacaq. Buna heç bir şübhə ola bilməz. Onun əsası artıq XX yüzildə qoyulmuşdur. XXI yüzil, yəqin ki, bütün dünyanı dəyişdirəcək yeni kəşflər və elmi uğurlar əsri olacaqdır. Tərəqqi və texnika məkanı və zamanı daha çox fəth etdikcə, insanlar isə planetdə bir-birlərinə daha çox yaxınlaşdıqca  hər bir ayrıca ölkənin sərhədləri daxilində alim toplumları bütün dünyadakı alim toplumlarına birləşmək meylindən qaça bilməyəcək. Bu gün elmin inkişafının və gələcəyinin taleyüklü məsələləri milli deyil, beynəlxalq miqyasda həll olunur.

- Onda fundamental biliklərin siyahısında dəyişiklik gözlənilir, eləmi?

- Fundamental biliklərin liderləri arasında, böyük ehtimalla, riyaziyyat, fizika, kimya, informatika və biologiya olacaq. Geoloji və geofiziki elmdə liderliyi bu elmi istiqamətlərlə əzəmətli simbioz təmin edə bilər.

 - Akif müəllim, xoşbəxtsiniz?

 - Bəli, xoşbəxtəm ki, Azərbaycan adlı cənnət ölkədə doğulmuşam və fəxr edirəm ki, Azərbaycan xalqının bir nümayəndəsiyəm. Nəhayət,   mən xoşbəxtəm ki, çox gözəl insanlarla bir yerdə yaşayıb işləmişəm, indi də "yoruldum" demirəm. Elm yolu yolçularından bəziləri Azərbaycan elminin şanlı ənənələrini yaratmış, başqaları isə  bu ənənələri gələcək nəsillərə ötürmək üçün onu göz bəbəyi kimi qorumuşlar. Şəxsən mən gənclərin elm sahəsində bilik və təcrübələrini vaxt itirmədən artırsınlar deyə səylərimdən usanmıram. Fəaliyyətimdə elmi, təşkilati yollardan, tədris və təcrübə vasitəsilərindən, bir neçə dil öyrənməyə təkidlə, rəğbətləndirmə və s. üsullardan istifadə etməyim artıq hamıya bəllidir. Son məqsədim də odur ki, necə deyərlər, estafeti ölkəmizin və xalqımızın gələcəyi olan gənclərə etibar edə bilək. Məşhur türk şairi, filosofu, tədqiqatçısı Nəcib Fazil Qısakürək demişkən, "Tumurcuq dərdi çəkməyən ağac - odundur"

- Çox maraqlı müsahibə üçün minnətdaram. Yubileyiniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edirəm.

 

Şirməmməd NƏZƏRLİ

525-ci qəzet.-   2024.- 17 fevral, ¹31.- S.16;17.