Əta Tərzibaşı
Əhməd Ağaoğlu haqqında
Bu il anadan olmasının 100 ili tamam olan Əta Tərzibaşı
İraqda yaşayan türkman soydaşlarımızın ən
görkəmli alimlərindəndir. İxtisasca
hüquqşünas olan Ə.Tərzibaşı uzun illər
türkmanların dili, folkloru, ədəbiyyatı, tarixi,
musiqisi ilə bağlı elmi-tədqiqatlar aparıb, əsərləri
İraqla yanaşı, Türkiyədə, Azərbaycanda,
İranda və bir çox ərəb ölkələrində
nəşr olunub. Əta Tərzibaşı hələ XX əsrin
ortalarında etnik cəhətdən bağlı olduğu Azərbaycanla
daim maraqlanıb, öz əsərlərində
türkmanların Azərbaycan türkləri ilə eyni
soy-kökə malik olması faktını dönə-dönə
vurğulamaqla yanaşı, Azərbaycan folklor nümunələrini
tədqiq edib, klassik İraq-türkman ədəbiyyatını
Azərbaycan ədəbiyyatının bir qolu kimi
araşdırıb. Təsadüfi deyil ki, alim klassik Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndələri
olan Qazi Bürhanəddini, İmadəddin Nəsimini,
Cahanşah Həqiqini, Əbdülqədir Marağayini, Məhəmməd
Füzulini, Ruhi Bağdadini, Şah İsmayıl Xətaini həm
də İraq-türkman ədəbiyyatına aid edib. Alimin
uzun illər dahi Azərbaycan şairi Məhəmməd
Füzuli ilə bağlı apardığı tədqiqatlar
ona füzulişünas kimi də şöhrət
qazandırıb. Əta Tərzibaşı təkcə klassik
Azərbaycan şairlərini deyil, XX əsrdə
yazıb-yaradan azərbaycanlı fikir adamlarını da tədqiq
edib, onların həyat və yaradıcılığına
yaxından bələd olub. Görkəmli tədqiqatçı
1964-cü ildə "Qardaşlıq" dərgisində Məhəmmədhüseyn
Şəhriyarla bağlı geniş məqalə dərc
etdirib. Bundan əlavə, onun "Şimali Azərbaycanda
türkmanoloji araşdırmalar", "Kitablar arasında Təbrizdən
gələn yanğılı bir səs", "Məktublaşma
ədəbiyyatı və Füzulinin bir qəzəli",
"İraq-türkman ədəbiyyatına toplu bir
baxış" və s. məqalələrində Azərbaycanla
bağlı fikirlərinə rast gəlirik. Tərzibaşı
azərbaycanlı alimlərin də tədqiqatları ilə
yaxından maraqlanıb, Xalq şairi Rəsul Rza, Qəzənfər
Paşayev, Mirzağa Quluzadə, Abbas Zamanov, Məhəmmədhüseyn
Təhmasib, Ayaz Vəfalı kimi elm adamları ilə dostluq
münasibətində olub.
Əta Tərzibaşının haqqında məqalə
yazdığı Azərbaycanın görkəmli şəxsiyyətlərindən
biri də Əhməd bəy Ağaoğludur. Ərəb
dilində yazılan məqalə Misirin "əl-Risalə"
dərgisində 1952-ci ildə işıq üzü
görüb. Uzun müddət alimlərimiz belə bir məqalənin
varlığından xəbərsiz olublar. Əhməd bəy
Ağaoğlu haqqında biblioqrafiyada da Əta bəyin bu məqaləsi
yer almayıb. Maraqlıdır ki, Əta Tərzibaşı ilə
bağlı İraqda və Türkiyədə yazılan
yazılarda da bu məqalənin üstündən sükutla
keçilib. Əta Tərzibaşının "Türkiyədə
fikir adamlarından Əhməd Ağaoğlu" məqaləsini
Azərbaycan dilinə dr.Şəmsəddin Kuzəçi
çevirib.
Məqaləni oxuculara təqdim edirik.
Orxan İSAYEV
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun elmi işçisi
525-ci qəzet.- 2024.- 15 fevral, ¹29.- S.14.