Türkiyədə fikir adamlarından Əhməd Ağaoğlu

 

 

Professor Əhməd Mustafa əl-Xətib türk yazar Əhməd Ağaoğlunun "Azad insanlar ölkəsində" adlı kitabının tərcüməsini nəşr etdirir. Bu münasibətlə biz bu yazarın həyatı və mədəni dəyərləri haqqında etibarlı türk mənbələri əsasında oxuculara bir neçə kəlmə təqdim etmək qərarına gəldik.

Əhməd Ağaoğlu Türkiyədə mətbuat və təhsil sahəsində öndə gələn ziyalılardan sayılır. Bu sahədə önəmli bir simadır. Müsəlmanların müqəddəs fikirlərini və Şərqi Avropa mətbuatında tanıtmağa başladığı andan bəri Əhməd Ağaoğlunun ulduzu Qərbdə parlamağa başladı.

Fransız və rus dillərini yüksək səviyyədə bilən Ağaoğlu Şərqi, şərqliləri və İslamı müdafiə etmək məqsədilə Qərb mətbuatında bir-birindən dəyərli araşdırma məqalələri dərc etdirərək avropalılarda dərin izlər buraxdı. Bir ziyalı olaraq şəriət və Şərq məsələlərində də mütəxəssis idi. Hüquqşünas olaraq da Hüquq fakültəsində uzun müddət müəllimlik etdi, konstitusiya hüququ haqqında hər kəsin bəyəndiyi və təqdir etdiyi bir kitab yazdı.

Əhməd Ağaoğlunun fəaliyyəti təkcə bu sahə ilə məhdudlaşmadı. O, digər sahələrdə də uğur qazandı. İslama xidmət edərək, müsəlman cəmiyyətləri arasında məshəb ayrı-seçkiliyindən, sünni və şiəlikdən irəli gələn qarşıdurmalara son qoyulması üçün mübarizə apardı. Müsəlmanlar arasında kin, nifrət və düşmənçiliyə qarşı "döyüşdü". Müsəlmanları parçalanmaqdan uzaq durmağa, birləşməyə dəvət etdi. Ona bu mübarizəsində ərəb və fars dillərini bilməsi də yardımçı oldu. O, müsəlman cəmiyyətləri arasında mövcud olan bütün ictimai mövzuları bilmək bacarığına sahib idi.

Unutmayaq ki, Ağaoğlu həm də bir yazıçı olaraq yazdığı möhtəşəm hekayələri, insanları valeh edən üslubu ilə fərqlənirdi. O, mövzuları çox həssaslıqla seçirdi. Onun hekayələrini oxumağa başlayan insan oxuyub bitirmədən gözlərini yazıdan çəkə bilmirdi.

Ağaoğlu 1869-cu ildə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Şuşada doğulmuşdu. Atası Mirzə Həsən böyük alim idi. Ağaoğlu ilk təhsilini doğulub böyüdüyü şəhərdə aldı. Təhsilini davam etdirmək üçün Tiflisə, ali təhsil almaq üçünsə Peterburqa getdi. Mühəndislik İnstitutuna imtahan verərək qəbul edildi. Ancaq göz xəstəliyinə tutulduğu üçün öz vətəninə qayıtmaq məcburiyyətində qaldı.

1894-cü ildə Azərbaycana dönən Əhməd Ağaoğlu müəllim işləməyə başlayır. Azərbaycanda dostları İsmayıl Qasprinski, Hüseyn Zadə və Əli Mərdanla (İsmayıl Qaspralı, Əli bəy Hüseynzadə və Əlimərdan bəy Topçubaşov nəzərdə tutulur - O.İ) birlikdə millətçilik hərəkatını canlandırmağa və yaşatmağa başladı. Türk dilində iki jurnal çıxararaq, Azərbaycanda təhlükəli ictimai məsələlərin yayılmasının qarşısını aldı. Əslində, Ağaoğlunun məqsədi Azərbaycanda və Rusiyanın müxtəlif bölgələrində yaşayan müsəlmanlar arasında birlik, bərabərlik yaratmaq idi. Rusiya hökuməti Ağaoğluya qarşı çıxdı. Osmanlı inqilabından sonra 1908-ci ildə Türkiyəyə getdi. Türk hökuməti onu Maarif Nazirliyində müfəttiş vəzifəsinə təyin etdi. Ancaq İttihad və Tərəqqi partiyasının üzvü olduğu üçün bu vəzifədən imtina etdi.

Əhməd Ağaoğlu İstanbulda olduğu müddətdə böyük ideoloq Ziya Gökalp başda olmaqla bir çox ziyalı və yazıçılarla tanış oldu. Nəticədə milli və ictimai məsələlərdə olan problemləri həll etmək üçün "Türk Yurdu" jurnalını nəşr etməyə başladı.

1910-cu ildə İstanbul Sənət evində müəllim olaraq işə başladı. Rus və türk dillərindən dərs dedi. Eyni zamanda "Tərcümani-Həqiqət" jurnalının redaktoru kimi fəaliyyət göstərdi.

Birinci Dünya müharibəsi zamanında, 1915-ci ildə Afyon şəhərindən millət vəkili seçildi. Dolayısı ilə İttihad və Tərəqqi partiyasının mərkəzi idarə heyətinin üzvü seçildi.

1917-ci ildə Qafqaz cəbhəsində döyüşən Türk ordusuna siyasi müşavir təyin edildi. Müharibədən sonra İstanbula qayıdan Ağaoğlunu ingilislər Malta adasına sürgün etdilər. Sürgündə qaldığı 3 il ərzində "Üç mədəniyyət" kitabını yazdı. Azad olunandan sonra Mətbuat (Mətbuat və İstihbarat Müdiriyyəti-Ümumi - O.İ.) müdiri təyin edildi.

Atatürkün məlum inqilabından sonra Cümhuriyyət Haqq Partiyasına üzv olan Ağaoğlu Rusiya sərhədlərinə yaxın Qars şəhərindən millət vəkilliyinə namizəd olur və iki dəfə millət vəkili seçilir. Əhməd Ağaoğlu həmin dönəm də Ankara Universitetində Hüquq fakültəsində vəzifə sahibi idi və ayrıca olaraq "Hakimiyyət və Milliyət" qəzetinin də baş redaktoru kimi çalışırdı.

Əhməd Ağaoğlu Atatürkün müxalifətə yaratdığı imkan nəticəsində Müstəqil Müxaliflər Partiyasının yaradıcıları sırasında yer alır. Türkiyə Böyük Millət Məclisindəki çəkişmələr və anlaşılmazlıqlar nəticəsində ortaya çıxan parçalanma səbəbilə Atatürk başa düşür ki, Türkiyədə siyasi düşüncə formalaşmadığı müddətdə ölkədə demokratik sistem tətbiq etmək çətindir. Nəticədə Atatürk Müstəqil Müxaliflər Partiyasının ləğv edilməsinə dair qərar qəbul edir. Bu hadisələrdən sonra Əhməd Ağaoğlu siyasətdən uzaqlaşaraq universitetdə müəllimlik peşəsinə davam etmək istəyir. Daha sonra İstanbul Sənət Evində vəzifəyə təyin edilir. 1933-cü ilə qədər orada dərs deyir və həmin ildə təqaüdə çıxır. Ağaoğlu eyni ildə "Akın" qəzetini çıxararaq mətbuat və yazıçılıq həyatının son illərini yaşayır. Əhməd Ağaoğlu 19 may 1939-cu ildə vəfat edir.

Qeyd: Məqalədə qeyd olunan əsərlərin adında və nəşr olunma illərində səhvlərin olduğunu istisna etmirik.

 

Əta TƏRZİBAŞI

525-ci qəzet.-   2024.- 15 fevral, ¹29.- S.14.