İncəsənət
mülkünün Süleymanı
ƏZİZ ŞUŞAMIZIN YETİRDİYİ
GÖRKƏMLİ BƏSTƏKAR SÜLEYMAN
ƏLƏSGƏROVUN 100 İLLİYİ TAMAM OLUR
Ləyaqətli ömrü boyu müxtəlif nəsillərdən
olan insanların xoşbəxt gələcəyi, musiqi mədəniyyətimizin
inkişafı naminə yorulmadan çalışmış
görkəmli bəstəkar Süleyman Əyyub oğlu
Ələsgərovun 100 illiyi tamamlanır. 22 fevral 1924-cü
ildə hər zaman canından artıq sevdiyi Şuşada
anadan olmuş Süleyman Ələsgərov
qadir Allahın xalqımıza bəxş etdiyi qənimət
insanlardan idi. Elcanlı, dostcanlı bu insanla ünsiyyətdə,
yaradıcılıq əlaqəsində olan hər kəs onu
dahi Üzeyir bəyin yadigarı kimi tanıyır, sevir, dəyərləndirir.
Bəri başdan deyək ki, dövlətimiz də hər
zaman onun nümunəvi əməyini, musiqi sənətimizin,
musiqi mədəniyyətimizin inkişafı naminə göstərdiyi
xidmətləri layiqincə qiymətləndirib.
O, 76 illik ömrünün, 50 ildən çoxunu həsr
etdiyi yaradıcılıq fəaliyyətinin müxtəlif mərhələlərində
respublikamızın Əməkdar incəsənət xadimi,
Xalq artisti fəxri adlarına, Dövlət Mükafatına
layiq görülüb. Bir vaxt Ü.Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasının professoru,
konservatoriyanın Şuşa filialının rektoru kimi elmi-ixtisas
kadrlarının hazırlanması sahəsində səmərəli
fəaliyyət göstərib. Yetirmələri Süleyman
müəllimi - nümunəvi şəxsiyyət zənginliyinə
malik olan bu böyük insanı məhəbbətlə
xatırlayır, yaradıcılıq irsini ləyaqətlə
davam etdirirlər.
Yarım əsrdən çox bir müddətdə
xalqına xidmət edən bəstəkar və dirijorun,
görkəmli musiqi pedaqoqunun ömür yolu haradan
başlanıb? Qarabağın dilbər guşəsi, gözəllik
tacı, Qafqazın konservatoriyası sayılan Şuşadan!
Saray ananın laylaları, əzizləmələri balaca
Süleymanın musiqi duyğularını körpəlik
yaşından daha da qüvvətləndirib.
Cıdır düzünün tar-qavallı məclisləri,
Şuşanın nəğməli-şikəstəli gecələri
onda elə bir hiss oyadıb ki, artıq 30-cu illərin əvvəllərində
musiqiçi olacağını qətiləşdirib. 1935-ci
ildə Şuşa Musiqi Texnikumunun tar sinfinə daxil olanda onun
11 yaşı var idi. Gənc Süleyman artıq 1939-cu ildə
texnikumda 50 nəfər istedadlı musiqiçini birləşdirən
xalq çalğı alətləri orkestri təşkil edir.
Çox keçmir ki, bir-birindən təravətli xalq
mahnıları və rəqs melodiyaları, Ü.Hacıbəylinin
"Koroğlu" operasından parçalar orkestrin
ifasında səslənərək
tamaşaçıların zövqünü oxşayır.
1940-cı ildə S.Ələsgərov musiqi təhsilini
davam etdirmək üçün Bakıya gəlir və Azərbaycan
Dövlət Konservatoriyasına daxil olur. Üzeyir bəyin
diqqəti, qayğısı sayəsində böyük sənət
yolunda uğurlu addımlar atır. 1941-ci ildə xalq
çalğı alətləri orkestri üçün ilk
"Rəqs" əsərini, müharibə mövzusunda
"Gözlə məni" mahnısını bəstələyir.
S.Ələsgərovun 1941-45-ci illərdə xalq
çalğı alətləri orkestri üçün bəstələdiyi
"Qaytağı", "Yallı", "Cəngi",
habelə simfonik orkestr üçün
"Süita"sı hərbi-vətənpərvərlik tərbiyəsi
baxımından böyük əhəmiyyət kəsb edir. O
dövrdə gənc bəstəkarın iki dəfə Sovet
İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya
general-mayoru Həzi Aslanovun böyük rəşadətini tərənnüm
edən simfonik poeması yüksək qiymətləndirildi.
"Naməlum əsgər haqqında ballada" da bəstəkarın
müharibə mövzusunda qələmə aldığı ən
dəyərli əsərlərindəndir.
Tarix təkrar olunur. Aradan düz 50 il keçəndən
sonra S.Ələsgərov digər sənət dostları kimi
müharibə mövzusuna yenidən müraciət edir. Nəfəsli
orkestr üçün "Yürüş marşı",
solist, xor və orkestr üçün "Birliyə
çağırış" əsəri Vətən
oğullarını, igid əsgərlərimizi qələbəyə
səsləyir.
Bəstəkarın yaradıcılıq diapazonu
çox geniş idi. O, demək olar ki, musiqinin bütün
janrlarında qələmini sınamış və hər
yeni əsəri ilə sənətsevərlərin rəğbətini
qazanmışdı. Yüzdən çox mahnı bəstələmişdi.
Bu mahnılarda doğma Azərbaycanımızın bənzərsiz
təbiəti, gözəl guşələri, xalqın həyatı,
qurub-yaradan adamlarımızın fədakar əməyi tərənnüm
olunub. Bəstəkarın "Göy göl",
"Şuşa", "Mingəçevir",
"Naftalandadır" mahnıları Azərbaycan təbiətinin
bənzərsiz gözəlliyini, ülviliyini tərənnüm
edən çox qiymətli vokal əsərlərindəndir.
O, professional musiqimizdə mahnı-romans janrını
yaradıcılıqla inkişaf etdirən sənətkarlarımızdandır.
"Yada düşdü", "Vətənimdir",
"Sərvi-xuramanım mənim", "Qafqaz",
"Ata", "Küsmərəm", "Bilmirəm",
"Neylərəm" romansları forma əlvanlığına,
ifadə vasitələrinə görə böyük maraq
doğurur.
S.Ələsgərov Azərbaycan professional musiqisində
"Sözsüz mahnı" janrının əsasını
qoyan və bu janrı daha da zənginləşdirən yeganə
bəstəkardır. Müxtəlif illərdə bu janrda
böyük həvəslə qələmə
aldığı 21 əsər bir-birindən dəyərli, əlvan
melodiya çalarlarına malikdir.
Xalq musiqi xəzinəsindən bəhrələnən
S.Ələsgərov tar ilə xalq çalğı alətləri
orkestri üçün 1 və 2 nömrəli konsertləri
ilə Azərbaycan tarının necə geniş ifa
imkanlarına malik olduğunu nümayiş etdirdi. Onun tar,
kamança, qanun, balaban, fortepiano üçün bəstələdiyi
pyeslər, sonatalar, sonatinalar, kvartetlər də gənc
ifaçılarımızın repertuarında möhkəm
yer tutur.
Bəstəkarın irihəcmli vokal-simfonik əsərləri
- "Bayram", "Dostluq" süitaları, "Bahar təranələri",
"Azərbaycanım mənim" kantataları, Nizaminin 850
illiyinə həsr etdiyi vokal-simfonik poeması, opera və
operettaları musiqi mədəniyyətinin ən dəyərli
inciləri kimi səciyyələnir. C.Cabbarlının
eyniadlı əsəri əsasında yazdığı
"Solğun çiçəklər" operası isə
bu janrı sevənlərə layiqli töhfədir.
S.Ələsgərov Azərbaycanda operetta
janrının inkişafı sahəsində çox məhsuldar
fəaliyyət göstərmiş, Ü.Hacıbəyli ənənələrini
ləyaqətlə davam etdirmişdi. O, ilk operettasını -
"Məhəbbət günü"nü 1945-ci ildə bəstələyib.
Müxtəlif illərdə qələmə aldiğı
"Ulduz", "Özümüz bilərik",
"Olmadı elə, oldu belə", "Milyonçunun dilənçi
oğlu", "Sevindik qız axtarır", "Hardasan, ay
subaylıq", "Həmişəxanım",
"Gurultulu məhəbbət", "Hərənin öz
ulduzu", "Subaylarınızdan görəsiniz"
operettalarının hər biri uğurlu yaradıcılıq
axtarışlarının nəticəsidir.
S.Ələsgərov müxtəlif vaxtlarda
Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya
Teatrında dirijor, baş dirijor, direktor, M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında bədii rəhbər,
A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində
direktor, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyində incəsənət işləri idarəsinin rəisi,
Respublika Radio və Televiziya Verilişləri Komitəsində
bədii rəhbər, Ü.Hacıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyasında kafedra müdiri vəzifələrində
çalışarkən
böyük insanlıq, idarəetmə mədəniyyəti,
orijinal iş üslubu, yaradıcılıq nümunəsı
göstərib.
S.Ələsgərovun həyatı,
yaradıcılığı, pedaqoji fəaliyyəti ilə
yaxından tanış olanlar yaxşı bilirlər ki, o,
günün bir saatını belə hədər keçirməz,
xalqına, elinə-obasına daha böyük xidmət
üçün yeni yollar, imkanlar axtarar, qarşıya
qoyduğu aydın məqsəd yolunda inamla addımlayardı.
Görkəmli bəstəkar, gözəl, xeyirxah
insan, alovlu vətənpərvər Süleyman Ələsgərovun
haqq dünyasına qovuşduğu vaxtdan 24 il ötür.
Şuşa dərdi, Şuşa həsrəti əzizimiz
Süleyman müəllimi sıramızdan nisgilli apardı.
O, doğma yurdu Şuşayla fəxr edirdi.
Şuşa adına hər an musiqi çələngi hörməyə
çalışırdı. Sənət dostu, unudulmaz
Şıxəli Qurbanovun sözlərinə özünün
və dinləyicilərin ürəyincə olan bir mahnı bəstələmişdi:
Səni hər görəndə tanımaq olmur, a
Şuşam,
İldə bir qərinə cavanlaşırsan.
Sən cavan hüsnünə qoca dağların,
Mehriban şəhərim, çox yaraşırsan.
Şuşa ilə nəfəs alırdı
Süleyman müəllim. Nəinki yayda, elə
qışın oğlan çağında da Şuşaya
baş çəkirdi. Günlərlə orada qalır,
yazıb-yaradırdı. Üst-üstə hesablayanda, demək
olar ki, ilin 5-6 ayını Şuşada keçirirdi.
Şuşa onun ilham mənbəyi idi.
Sən demə, Şuşada keçirdiyi bəxtəvər
günlərin də sonu varmış. Aman Allah!
Şuşanın işğal olunması xəbərini
eşidəndə o nə hala düşdü?! Ürəyi
sıxıldı, bir anlığa nəfəsi kəsildi.
Ancaq Allah səbir də verdi. Onsuz da 1988-ci ilin fevralından -
Qarabağın qara günləri başlanandan bəri dincliyi
yox idi. Tez-tez camaat arasında olur, hərbi hissələrə
gedir, əsgərlərlə görüşür, hərbi və
simfonik orkestr üçün marşlar yazır, yeni
mahnılar bəstələyirdi.
Şuşa həsrəti, Şuşa dərdi
Süleyman müəllimin həyat tərzini də dəyişmişdi.
70-75 illik yubileylərini geniş şəkildə qeyd etmək
istəyənlərə qısaca belə cavab verirdi:
- Qalsın Şuşaya, orada qeyd edərik...
Bir gün, bir saat da yadından
çıxmırdı Şuşa. Bu həsrəti, bu
möhnəti doğma yurdunun acnacaqlı taleyinə həsr
etdiyi əsərlərlə ovudurdu. Sənət dostu, görkəmli
şair Zəlimxan Yaqubun "Bu gecə yuxuma girmişdi
Şuşa" şeiri yaman təsirləndirmişdi onu:
Gözündə yaş gördüm, yanağında
qan,
Cıdır düzündəki
xarıbülbülün.
Dərdin sinəsində dağlandı sinəm,
Didərgin olmuşdu yarı bülbülün!..
Bu ağrılı misralara musiqi qoşduqca
için-için yanır, qovrulurdu bəstəkar. 75 illiyinin
tamamına bir neçə gün qalmış yenə də
kəskin ürək ağrıları, ürək
sıxıntıları keçirdi. Hiss edirdik ki, bu
sıxıntılar, bu ağrı-acılar Şuşayla
bağlıdır. Yubiley günündə qohumlar, dostlar
başına yığışmışdıq.
Televiziyanın "Xəbərlər" proqramında
respublikamızın rəhbəri Prezident Heydər Əliyevin
bəstəkara ünvanlanan təbrik məktubu və onun
"Şöhrət" ordeni ilə təltif olunması
haqqında imzaladığı fərman oxunanda eyni
açıldı, məmnun oldu.
Hər gün, hər saat Şuşa deyəndə qəlbi
göynəyirdi. Təskinlik verəni ömür-gün
yoldaşı Ağgül xanım idi. Ağgül
xanımın qəfil vəfatı onun dərdini daha da
artırdı. Ürəyi dözmədi bu əvəzsiz itkilərə.
20 yanvar 2000-ci ildə dünyasını dəyişdi.
Ölüm sözünü unudulmaz Süleyman müəllimin
adı ilə yanaşı deməyə dilim gəlmir. Ancaq nə
edəsən? Dünyanın belə işlərinə nə
deyəsən? Nə qədər ağır da olsa, etiraf etməliyik
ki, insanlığa yaraşıq, əməlləri, şəxsi
həyatı ilə hamıya
nümunə olan o böyük insan aramızda yoxdur. Ancaq ruhu
bizimlədir, həmişə də bizimlə olacaq!
Vidadi XƏLİLOV
Əməkdar müəllim, pedaqogika üzrə elmlər
doktoru, professor
525-ci qəzet.- 2024.- 15 fevral, ¹29.- S.12.