Poeziyada avtobioqrafik məqamlar  

ASİM YADİGARIN YURD SEVGİSİ

 

Tarixin istənilən dövründə Naxçıvan ədəbi mühiti Azərbaycan ədəbiyyatının formalaşmasında özünəməxsus rol oynayıb. Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Məmməd Araz ədəbi irsinin ədəbiyyatımızda yeri danılmazdır. Müasir dövrdə də bu tendensiya davam etməkdədir. Çağdaş ədəbi prosesə nəzər yetirdikdə Naxçıvan ədəbi mühitinin yetirməsi olan Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigarın fəaliyyəti seçilir. Onun yaradıcılığı mövzu baxımından zəngin, rəngarəngdir. Bu rəngarənglik içərisində vətən həsrəti, sevgi lirikası, təbiətin ecazkar tərənnümü, mənəvi-əxlaqi motivlər, cəmiyyətdə baş verən hadisələrə müəllif yanaşması diqqəti cəlb etməkdədir. Şəxsi hisslərin və avtobioqrafik məqamların yer aldığı bədii nümunələrdə də müəllifin vətən sevgisi və yurda bağlılığı ön plandadır. O, avtobioqrafik şeirlərinin bir hissəsində qəlbinin həssas nöqtələrini göstərən duyğularını, bir hissəsində isə həyatının və fəaliyyətinin əsas məqamlarını qələmə alıb. "İlk xitabət kürsüm" şeirində "Şərurun səsi" qəzetindən başlayan yaradıcılıq yolunu həyata ilk qədəmlərini atan uşağın səsinə bənzədir. Dil açan körpənin "ana" sözü ilə mətbuatda çap olunan "Ana" şeiri arasında əlaqələndirmə aparılması və bunun şeirə köçürülməsi uğurlu bir təşbehdir:

 

Ən uca kürsülərdən şeir oxusam belə,

Hərdən dönüb gəldiyim cığırlara baxıram.

Hər nə qazanmışamsa şair kimi həyatda,

İlk xitabət kürsümün sinəsinə taxıram.

 

Bədii yaradıcılıq insan duyğuları üzərində qurulan, bu hissləri müəllif təxəyyülünün nəticəsi olaraq oxucuya çatdıran, mövcud fikirlərə yeni düşüncə müstəvisindən yanaşan qabiliyyətdir. Poeziyada bu hisslər müəyyən ölçü və qəlib çərçivəsində tərənnüm olunur ki, bu da yaradıcılıq istedadı tələb edir. Asim Yadigar da poeziyanın tələblərinə cavab verərək dövrünün tanınmış şəxsiyyətlərinə və yaradıcı irsin nümayəndələrinə sevgisini poetik dilin vasitəsilə dolğun şəkildə ifadə edə bilib. Bu şeirlər tarixi şəxsiyyətlərə rəğbət və hörmətdən yaranıb. Şair Məmməd Araz, Bəxtiyar Vahabzadə, Əli Kərim poeziyasının zirvə əsərlərindən ilhamlanaraq nəzirə yazıb. Bu yaradıcı şəxsiyyətlərin şeirinin təsir gücü müəllifin şeir dünyasını şəkilləndirib, yeni orijinal əsərlər ortaya gəlib. Asim Yadigar "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" deyən Məmməd Araza üzünü tutaraq, vətənin həsrətinə dözə bilməyib daşlaşmış insanlar kimi yaşamağı öyrətməyi sevimli şairindən tələb edir:

 

Şeirini güllə kimi tuşla yağılarına,

Sözünü məlhəm eylə yurdun ağrılarına,

İçini dərd qovurur, su səp yanğılarına,

Ovundur bu milləti, kirit, a Məmməd Araz.

 

Bəxtiyar Vahabzadənin "Bir salama dəymədi" şeiri ilə Asim Yadigarın "Salam" şeiri arasında bağlılıq unudulmayan eşqin zamanın sınağından necə keçməsi ilə əlaqədardır. Hər iki şairin sevdiyinə ünvanlanan suallarının fonunda gənclik məhəbbətinin həsrəti tərənnüm olunur. Bəxtiyar Vahabzadə "Bir salama dəyməyən eşqə ölüm yaraşır" deyirsə, Asim Yadigar şeirini belə yekunlaşdırır:

 

"Salam" - dedin, salamın yaman gecikdi, gülüm,

Sən anasan, mən ata... Qəlbim incikdi, gülüm.

Gecikmiş salamını aldım qəlbimdə təşviş,

Nə yaxşı ki, bu sevgim bir salama dəyirmiş!

 

Əli Kərimin nankor oğuldan təkidlə istədiyi ana borcu Asim Yadigarın şeirində başqa şəkildə təzahür edib. Ali məktəbə daxil olan oğulun anadan üz çevirməsi, oğulun ananın həsrətinə etinasız yanaşması, ananın oğluna məktub yazması mövzu baxımından eyni olsa da, Asim Yadigar Əli Kərim şeirindən fərqlənən təsirli səhnələrlə bədii nümunə ortaya qoyur. Asim Yadigar şeir daxilində ana ilə oğlu qarşılaşdırır, onların dialoqunu tərənnüm edir. Əli Kərimin oğlundan bir xəbər çıxmırsa, Asim Yadigarın oğlu anası öldükdən sonra geri qayıdır. Əli Kərim "Qaytar ana borcunu, o borc sənin özünsən, özünü qaytar geri" deyərək oğlu düzgün yola çağırırsa, Asim Yadigar oğulun qəlbində ana sevgisi oyadır. Son nəticədə, şair belə bir fikri təbliğ edir ki, bir övlad olaraq valideynlərimizin sağlığında onlara diqqət və qayğı ilə yanaşmalıyıq:

 

Bilirdim gələcəksən dostların görüşünə,

Demişdim bu məktubu qonşular versin sənə...

Son dəfə gözlərindən öpürəm, oğul, sənin,

Sözüm güldür, başına səpirəm, oğul, sənin.

Oğul necə gəlmişsə elə qayıtdı geri,

Ürəyinin başında yanıq yeri, köz yeri.

 

Şairin yaradıcılığında "mən" anlayışı ilk əvvəl diqqəti cəlb etsə də, bu məfhumun içərisində müəllifin hiss və həyəcanlarından əlavə cəmiyyət hadisələrinə açıq münasibəti, ifşa və tənqid hədəfi ifadə olunmaqdadır. Onun poeziya aləmi düşüncə müstəvisinin dərinliyi ilə səciyyələnməkdədir. Şairin "mən" anlayışının arxasında həyatının vacib tarixlərinin yer aldığı şeirlərlə yanaşı, vətən, xalq sevgisini, Qarabağ, Təbriz həsrətini, sevən qəlbin fəryadını görmək mümkündür. Deməli, birinci şəxsin dilindən ifadə olunmasının arxasında şəxsi istəklər deyil, xəlqi mahiyyət daşıyan amillər dayanır. "Ulu Heydərimin yurdu Naxçıvan" deyən şair bütöv Azərbaycan ideyasının təbliğatçısı kimi çıxış edir:

 

Alışdım bu yerdə odsuz-alovsuz,

Qəlbimin Araztək axdı al qanı.

Bu yerdən baxanda bütöv görürdüm

İkiyə bölünmüş Azərbaycanı.

("Araz sahilində düşüncələr")

 

Para - para bölünübdür Vətənim,

Parasının parasına baxın bir.

Qan süzürəm yüz illərdir torpağa,

Ürəyimin yarasına baxın bir.

 

("Baxın bir")

 

Asim Yadigarın tənqid hədəfləri və təsir dairəsinin gücünü nəzərə alaraq deyə bilərik ki, ədəbi düşüncə cəmiyyət hadisələrinə biganə deyildir. Vətəndaşlıq mövqeyindən yanaşaraq həyatdakı çatışmazlıqları satirik poeziya müstəvisindən dəyərləndirmək bacarığı şairin yaradıcılığının əsasını təşkil edir. Dövlət orqanlarında öz vəzifələrinə arxalanıb rüşvət alan, xalqın taleyinə laqeyd olan, millətin gələcəyini öz şəxsi mənafeyinə satan məmurlar onun tənqid atəşindən kənar qalmamışdır. Bu cəhətdən onu Vətəndaş-Şair adlandırmaq olar:

 

Nədənsə vəzifə kürsülərində

Gur çıxır "allah"ın sözü, səsi də,

Özü, qohumları hələ bir yana,

"Allah"lıq eyləyir katibəsi də.

Çoxu vəzifədə "allah"dır bu gün,

Asar da, kəsər də - ha de, ha çığır.

O qədər "allahlar" görürəm, vallah,

Allahın özü də yadımdan çıxır.

 

"Allahlıq" iddiasında olan, insanlığını itirən müqəvva adamların əksi olan xeyirxah insanları gördükdə isə şair qəlbi sevinir, ona yaxşılıq edən, həyatının sınaqlarından uğurla çıxmasına köməklik göstərən insanlara minnətdarlığını bildirir. Akademik İsa Həbibbəyliyə həsr olunan "Yaxşılar" şeiri buna sübutdur.

Nağılla başlayan həyatında öz qələmi, öz sözü ilə iz qoymağı arzulayan şairin yaradıcılığı da nağıllar aləminə bir səyahəti xatırladır. Bu səyahətdə şairin ürək ağrılarını, sevinc göz yaşlarını, qəlbinin sirli məqamlarını görmək mümkündür. Asim Yadigar "O mənim ürəyim deyil" şeirində "ürəyində heç nə yoxdur" deyən həkimə müraciətində qəlbinin ağrılarını, Vətən sevgisini ifadə ediblər:

 

Həkim, o ürəyi sən bir də yoxla,

Çatlamış torpaqtək olmalıydı o.

Ağrıdan, acıdan şələ bağlayıb

Yanıqlı muğamat çalmalıydı o.

 

Onun şeirlərinin bir qismində müraciət hədəfi nəvələridir. Dostluqda vəfalı olmağı, insanlara yaxşılıq etməyi nəvələrinə məsləhət görən şairin şeirləri vəsiyyət xarakteri daşıyır. Bu öyüd-nəsihətlərin təsviri fonunda Təbriz həsrəti, vətən məhəbbəti aydın hiss olunmaqdadır. Təbriz həsrətinə son qoyan şairin əsas arzusu nəvələri ilə Şuşaya getmək idi. Vaxtilə Şuşa dərdi ilə incinən şair qəlbi müasir dövrdə vətən torpağının işğaldan azad olunması nəticəsində öz rahatlığını tapıb:

Bir arzum var ürəyimdə

 

Bir gün nəvələrimlə

əl-ələ tutub

Şuşanı gəzə biləydim.

Ürəyimi üzən dərdin

Özünü üzə biləydim.

Onda ürəyimdə qalmazdı

Bir nisgilim, bir dərdim.

 

Nəticədə, Asim Yadigarın kədəri də, sevinci də şəxsi motivlərdən uzaqlaşıb milli zəminə köklənir. Onun yaradıcılığının ana xəttini təşkil edən əsas mövzu aşağıdakı şeirdə öz əksini dolğunluğu ilə tapmışdır:

 

Vətəndir dünyada hər şeydən əzəl,

İlk sevgim, son sevgim bu yurd, bu torpaq.

Məndən inciməsin sevdiyim gözəl,

Vətəni sevmişəm mən ondan qabaq.

 

Bu poeziyanın sehrində vətəni sevməyə çağırış motivi güclüdür. Asim Yadigar Azərbaycan poeziyasında Vətən və sevgi anlayışlarını birləşdirən şairlərdəndir. "Vətən şairi" və "Vətəndaş şair" anlayışlarını öz şəxsiyyətində cəmləşdirən Asim Yadigarın şəxsi hisslərinin mayasında xalqa məhəbbət dayanır.

"Çox yaşamaq istəmirəm" deyən şairin ömür yolu 70-ci pilləsindədir. Nəvələrinin gözündə həmişə şux qalmaq arzusunda olan Asim Yadigarın həyat kitabının yeni səhifələrində də qələminin eyni həvəslə cəmiyyət problemlərini işıqlandırmağa davam edəcəyini yəqinliklə deyə bilərik.

 

Nurlanə MƏMMƏDOVA

Filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet.-   2024.- 15 fevral, ¹29.- S.11.