Dirsəklənib
dağlara nəhəng-nəhəng buludlar
Dirsəklənib dağlara nəhəng-nəhəng
buludlar,
Günə verir özünü qəşəng-qəşəng
buludlar!
Baba-dağ, nəvə-bulud, biri yumşaq, biri sərt,
Verdiyi əhval ilə dağlara dəng buludlar!
Dağ, ətəyində göl var, göldə
onların əksi:
Gör tapıbdır nə gözəl uyum-ahəng,
buludlar!
Təxribat peşindədir şimşəklər,
ildırımlar
Topasına atacaq indi fişəng, buludlar.
Elə ki, üzü dönür, suyu belə
"sındırır",
Qəzəb ilə yağanda, edəndə cəng
buludlar.
Bəzən küləklər qovur, ipini qırıb
qaçır,
Başımızın üstündən bu çərpələng
buludlar.
Ağı hüzur, qarası narahatlıq doğurur,
Hüzn verir qəlblərə narıncı rəng
buludlar...
Yeddibaşlı əjdaha, div kimi də
görünür,
Şəkil-şəkil dəyişir "aslan, pələng"
buludlar.
Bəzən tülə bənzəyər,
yağıb boşalan kimi,
Mavi fona çəkilən bir qat əhəng -
buludlar.
İlıq yaz gecəsində aşiq olmamaq çətin,
Dövrəyə alıb Ayı halə-çələng
buludlar.
Ayrılmaz dostlar kimi birdən verir əl-ələ,
Dövrə vurub "yallı" da gedir pərsəng
buludlar.
Hərdən "çoban aldadır",
gah "gizlənpaç", gah da ki
"Dava-dava" oynayır, atır tüfəng
buludlar.
Oğlanlar istər yumşaq, yüngül buluda
dönə
Qızların çiynindəki güyüm, səhəng,
buludlar.
Yaz vaxtı cavan çoban çöldən
yığıb gətirər,
"Ağzı tamsız" gəlinə yemlik,
turşəng, buludlar.
Sezgilərim deyir ki: bu, bir doğuş öncəsi -
Ağırayaqlı gəzir göydə ləng-ləng
buludlar.
Tufandan əvvəl səma göy geyib-qara bağlar,
Yan-yan gedir qorxudan
yenə "xərçəng" buludlar.
Sinoptiklər car çəkir: "Leysan
yağış yağacaq!"
Nə zaman elədiniz onlara zəng, buludlar?
Yağdınız, hamı çöldən
yığdı əlin-ayağın,
Yaxşı bir çay yeri var, isti, pürrəng,
buludlar!
Ehtiyat yaraşıqdır, yağın ki,
dolub-daşsın
"Mingəçevir", "Yenikənd",
"Araz",
"Sərsəng", buludlar!
lll
Bir ay gözə görünmürsən,
Maraqlanan, soran olmur.
Hər şey yazılıb, oynanır,
Və heç bir şey zorən olmur!..
Min cür din var, günah bitmir,
Niyə göylərə ah çatmır?
- Adam çoxdur... Allah çatmır?!
Tək-tək olmur... Xornan olmur...
Səhv elədik, yazar olduq,
Aldıq, satdıq - bazar olduq...
Yalvarmaqdan bezar olduq,
Yağnan olan şornan olmur!..
Ümidlərim çilik-çilik,
Qəlbim desən - dəlik-dəlik,
Dərdə çıxıram gündəlik,
Yoxnan olur, varnan olmur!
Qapı varsa, açanı var!
Dəlikdən də keçəni var!
Yəni baxtdan qaçanı var?
Tale korsa... Kornan olmur...
lll
Qaçan illəri qova-qova
sanballı bir rəqəm haqlamısan...
Səssizcə "qocalırsan..." deyən
doğma baxışlara etimadın tam...
Gör işin harasıdı,
təbriklərə də cavab verməyə həvəs
yoxdu...
Tortun üstündə bir şam dikəlir -
söndürməkdən qorxduğun...
"Doğmalar meşəsi"ndən
"ağaclar" qırılır -
dostlar, yaşıdlar seyrəlir...
Heç anlaşmadığın, sevmədiyin həmtayın
da
dünyadan köçəndə qəlbin kövrəlir...
Növbəti kim?..
Mahnı oxuyur hansısa yetim:
- Saçın ucun hörməzlər, hörməzlər,
Gülü sulu dərməzlər, dərməzlər...
Ölümə söz veriblər,
Məni sənə verməzlər,
verməzlər, hey, verməzlər...
Nübar ELDARQIZI
525-ci qəzet.- 2024.- 2 fevral, №20.- S.14.