Boyuna sevgi biçilən şair
65 İLLİYİ BU GÜNLƏRDƏ QEYD
EDİLƏCƏK DAYANDUR SEVGİNİN POEPORTRETİNDƏN
CİZGİLƏR
Şair Dayandur Sevgin (Tağıyev Dayandur Mikayıl
oğlu) 65 yaşını yola salır... Dayandur Sevgin bu
yaşa əliboş gəlməyib, o, "Boyuma biçildi dərd"
(2000), "Mən bilmirəm ayrılmağın yolunu"
(2003), "Əllidən o yana yollar yoxuşdur" (2009),
"Xoş gəldin 55 yaşım" (şeirləri, məqalələri,
onunla müsahibələr və haqqında yazılanlar, 2014),
"İkinci addım" (2019) adlı kitabların müəllifidir...
Dayandur Sevgin adı gələndə
gözümün qabağında bu
çağımızın ziyalılar mühitində
cümləqayğı obrazı canlanır... Özü də,
möhtəşəm, boya-boy bir obraz!! Onu Azərbaycan
Yazıçılar Birliyinin (AYB) "qaraşuxası"
da, "haqqa dayanan, haqqa söykənən, könlünü
şeirə verən şair" də, adlandırırlar və
elə də var...
Bütün bunlar onun torpaq - Vətən oğlu
olmağından irəli gəlir... 1959-cu il fevralın 5-də
İmişlidə dünyaya gəlib, uşaqlığı,
ilk gəncliyi İmişlinin Ağamallar kəndinin bol-bəhrəli,
yovşan ətirli çöllərində keçib,
aranlı-yaylaqlı yamaclarda qoyun-quzu otarıb,
çiling-ağac oynayıb, tərəkəmə həyatı
yaşayıb... Elə onun səmimiliyi,
istiqanlılığı, şeirin vətəndaşlıq ətri
bu kənddən-kəsəkdən gəlir, illər boyu şəhərdə
yaşasa da, evi-eşiyi şəhərdə olsa da,
çoxumuz kimi şəhər onu şəhərli edə
bilməyib...
Bu xaotik şəhər mühitində bir kəndçi
balası qədərincə səmimiyyətini qoruyub
saxlayıb və yaxşı ki, bütün bunlar bir sərvət
kimi 1980-ci illərdən bu günə onun poetik
yaradıcılığına yansıyıb, hopub,
yaxşı-pis, az-çox nəyi var, özüdür,
özününküdür...
"Dayandur Sevginə təşəkkür
düşür" - misrası onun tale misralarından biridir.
Əslində düz deyilib, bizim hamımızın müxtəlif
məqamlarda ona təşəkkürümüz
düşüb və düşür... Dayandur Sevgin təpədən-dırnağa
azərbaycanlıdır, azərbaycançıdır. Buna
sübut onun poeziyasıdır, həyat tərzidir, elə təkcə
"Azərbaycan bayrağı" şeiridir:
Millətimin fəxridi, haqqa gedən yoludu,
Koroğlumun qılıncı, Babəkimin qoludu,
Müstəqillik günəşi, Azadlıq simvoludu,
Seyr elə, igid əsgər, dalğalanan
bayrağı.
Üçrəngli göy qurşağı, Azərbaycan
bayrağı!
...Könlümdə göyərəni Qarabağda
bitirsin,
Dalğalansın, arzumu Savalana yetirsin,
Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,
Düşmənlərin köksünü oda yaxan
bayrağı.
Üçrəngli göy qurşağı, Azərbaycan
bayrağı!
Azərbaycan bayrağına bir-birindən dəyərli,
gözəl, vüqar hissi doğuran şeirlər
yazılıb... Bu silsilə arasında Dayandur Sevginin "Azərbaycan
bayrağı" şeirinin öz məkanı, öz məqamı
var... Onun şeiri də, bir gözəl dilək kimi oxunur, hər
misrasında müəllifin doyumsuz duyğusu,
doğmadan-doğma ruhu, səmimiyyəti, sevinci, göynəyi,
vüqarı duyulur. Bu şeir dərsliklərə
düşməyə layiq şeirdir. Ümumiyyətlə, Vətən,
Millət və bu kimi keçmişə söykənən mənəvi
dəyərlər Dayandur Sevginin sevgi dolu poetik
yaradıcılığının, mənəviyyatının,
lirik "mən"inin əsas qayəsini, ana xəttini təşkil
edir. Onun poetik dünyasının dolanbaclarını gəzdikcə
görürük ki, bu axar-baxar boyunca bizim
özümüzün fikir və düşüncələrimiz,
gündəlik qayğılarımız, sevgilərimiz, istək
və arzularımız, bugünümüzüm özü sərgilənir.
Filologiya elmlər doktoru, professor Vaqif Yusifli onun
yaradıcılığını belə səciyyələndirir:
"Dünəni, keçmişi və bu günü
şeirlərində yaşadan şair... Səmimi şair...
Şeir dili axıcı, rəvan, poetik olan, ənənəyə
bağlı şair... Dayandur Sevgin öz ədəbi nəsli
içərisində seçilən, fərqlənən bir
şairdir. Onun özünəməxsus deyim tərzi, poetik
manerası var. Dayandur istənilən mövzuda yazır və
yaza bilər, amma hansı mövzuya əl atsa, o mövzuda
yazdığı şeirdə indiyədək
rastlaşmadığın ifadələrə, tapıntı
misralara tuş gələcəksən".
Sona Vəliyevanın, Qəşəm Nəcəfzadənin,
İsa Kayacanın, Fariz Çobanoğlunun və başqa qələm
dostlarımızın da Dayandur Sevgin haqqında, onun
poeziyası barədə maraqlı fikirləri var.
Və bu fikirləri birləşdirən ən vacib xətt
budur ki, o, vətənpərvər şairdir, xalqını,
yurdunu, el-obasını sevir və şeirlərində də
bunun inikasını görürük. Məsələ
bundadır ki, onun şeirlərindəki ilıq, isti, həlim
səmimiyyət dolu duyğular elə bil bizim öz
içimizdən axıb gələnlərdir, şeirin
ovqatı elə təbii, sözün ruhu elə doğma, əzizdir
ki, oxucunu özünə ahənrüba kimi cəzb edir... Və
"Keçir" qoşmasında olduğu kimi və bu bəndlərdəki
sevgi dolu duyğular onun qəlbinin misralara çevirilən
kardioqramıdır:
Yolun gözlədiyim baharın, yazın,
Dolanıb yüz ilin qışından keçir.
Dərdindən Məcnuna döndüyüm
qızın,
Eşqi bir üzüyün qaşından keçir.
Asılıb sinəmdən qara daş kimi,
Mənə doğmalaşıb dərd qardaş kimi,
Başımın üstündən sevinc quş kimi,
Kədər gözlərimin yaşından keçir.
İlahi, tək sənsən, tək sən, əlacım,
Səndən qeyri kimim var ki, əl açım,
Bir tikə çörəyim, nəfim, qazancım,
Dağların çınqıllı daşından
keçir.
Dayandurun bu şeirindən bir şah misra keçir və
bu misra onun şair şəxsiyyətinin kredosudur:
"Bütün bu dünyanın qəmi, kədəri,
Dayandur Sevginin başından keçir..." Bu misranın
şöləsində şairin "qəmi, kədəri"
major nota köklənir, qürura çevrilir.
Məlum həqiqətdir ki, Ali Baş Komandan, möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə
44 günlük müharibədə qazandığımız
Zəfər bizi dünyaya bir daha torpağına, Vətəninə
bağlı, qəhrəman millət kimi tanıtdı. Hər
bir soydaşımız qürur hissi keçirir ki,
üçrəngli bayrağımız işğaldan azad
edilmiş torpaqlarımızda dalğalanır. Dayandur Sevgin
"Ali Baş Komandanım" şeirində Vətən
savaşı günlərində yaşadığı həyəcanları,
qəlbindən keçən arzuları, Zəfər diləyini
poetik dillə ifadə edib:
Mənim doğma yurdumda bu hayların nə işi,
İçimdəki bu dərdlə haçanacan
utanım?
Dönüm sənin başına, dayandırma atəşi,
Şərəfi olmayanla sülh olmaz, Komandanım!
Ürəklərdə nalədi, qulaqlarda top səsi,
Qaramat zindan idi azad olan ruhumuz.
İndi-indi düzəlir belimizin əyrisi,
İçimizdə boy verib dikəlir qürurumuz.
Dayandur Sevgin şairliyin çəkisini, mahiyyətini
dərk edən qələm sahibidir və bütün
yaradıcılığı boyu, ən azı, bu
çağa qədər buna əməl edib. Nizami Gəncəviyə
həsr etdiyi şeirindəki bu misaralara - "Minbir sınaq
eylə, yüz çək şairi, Əyməz hər
imtahan, hər yük şairi..." olduğu qədərincə
şeirin, sənətin yükünün
ağırlığını bilən şairdir o. Mənə
elə gəlir ki, Dayandur Sevgin bir şair kimi taleynin onun
çiyninə qoyduğu yükü ləyaqətlə
daşımağı bacarır və bunu Tanrının istəyinə,
qüdrətinə bağlayır:
Vaxt öldürmə, qədrini bil hər anın,
Olmayacaq nə şöhrətin, nə şanın.
Halal yolla uğur tapan insanın
Tanrı adda çiynində bir əl olur.
Dayandur bir şeirində elani-ərz edir ki, "Mən
dərd padişahıyam!", amma "Gündə çəkilirəm
dara, görmürsən?" Qeyri-adi obrazdır. Klassik kəlamlar
və müasir deyim tərzi var burada. Dayandurun poeziyasında
aforizm səviyyəsində bu cür yeniliklər, klassik kəlamlara
təzə həyat vermək bacarığı yetərincədir...
Müdiriklik, əqidəyə, haqqa, ədalətə
bağlılıq onun şeirinin ümdə
atributlarındandır. Tanrıya xitab etdiyi bu şeirindəki
kimi:
Tanrım hara gedim, hara dalınca,
Düşürəm getdikcə dara dalınca,
Qara göndərirsən, qara dalınca,
Bircə yol demirsən: "Baxt verim sənə".
Dayandur öz yaradıcılıq nəslinin taleyini
belə xarakterizə edir və burada haqlı məqamlar var:
"Bilirsiniz, bizim nəsli - 80-ci illərin ədəbi nəslini
bir az bəxti gətirməyən nəsil hesab etmək olar.
Bu nəsil bir sıra problemlərlə üzləşdi.
Yaradıclığımızın əsas dövrü
müharibə illərinə, ölkəmizin problemlərinin
artdığı bir dövrə təsadüf etdi və
bütün bunların nəticəsində bizim nəsil
çox şey itirdi. Bir də baxıb gördük ki,
artıq 50 yaşımız var. Eyni zamanda onu da deyim ki, bizim nəsildən
olan tənqidçilər də bizdən yazmadılar. Onlar da
bizdən əvvəlki və sonrakı nəsillərdən
yazdılar. Bu da 80-ci illər nəslinin digər nəsillərlə
müqayisədə daha az uğur əldə etməsinin bir səbəbi
sayıla bilər". Haqlı gileydir və anlaşılan məsələdir.
Bütün bunlar bir yana, gerçək budur ki,
şair kimi də, insan kimi də Dayandur Sevgin hamıya
doğmadır. Onun bir şeirindəki bu misra xəyalımın
səmasında qəfil şimşək təkin
çaxır: "Dayandur, şeir də dövlətdi,
vardı!" Bəli, Dayandur Sevgin şeirinə belə
yanaşıb, şeiri belə qəbul edib. Onun varı,
dövləti, varlığı, məsləki, eşqi, məhəbbəti
şeirdir, poeziyadır. O, sevgi şairidir, sevgi dolu ürək
daşıyan şairdir, belədir ki, deyir: "Əllərin
üzündə qalar, İlahi, Adam gözlərilə baxsan rəngimə".
Və arxasınca İlahidən bu təmənnada bulunur:
Sən bizi sevgidən yaratdın axı,
Ən ülvi sevgilər adından çıxıb.
Tanrın bu gözələ hər şey vermisən,
Bircə ürək vermək yadından
çıxıb.
Dayandur Sevginlə ünsiyyət Vətən, xalq, millət
və cəmiyyət, eyni zamanda bütün doğmaların,
ailənin qarşısında məsuliyyət hissini
bütün qapsamıyla dərk etmək, paklaşmaq
üçün dəyərli məqamdır. Onun xarakteri,
düşüncəsi, rəftarı buna münbit zəmin
yaradır. Söhbətlərində də,
yazdıqlarında da Dayandurun yalnız özü var.
Canıyananlıq, sadəlik, səmimiyyət, nəciblik onun
gündəlik həyat tərzidir. Onu tanıyanların
hamısı Dayandurdan "torpaq ətirli, dağ
vüqarlı, çay kimi coşqun, dost-tanışa sədaqətli,
bütöv xarakterli, əqidəli, dar günün həmdəmi
olan" bir insan kimi söz açır. Çünki Dayandur
həm sözə, poeziyaya, həm də əmələ,
kişiliyə, mərdliyə könül vermiş
insandır. Təsadüfi deyil ki, o, irfani şeirlər
yazır, irfan düşüncəsinin onda oyatdığı
intibaları şeirlərində əks etdirir. Nədən
söz açırsa, insaniyyətlə, saflıqla, sevgi ilə
süsləyir. Bir vaxt "Söz sorağında" adlı
ədəbi birlik yaratmış Dayandur, bu gün də,
üz-üzə dayandığı 65 yaşında da xas
sözün, xoş sözün axtarışında,
sorağındadır. Bu axtarışda Dayandur Sevginə yeni
uğurlar, parlaq tapıntılar diləyir, "65
yaşın mübarək olsun və yeni yubileylərində
görüşək!" deyirəm.
Qurban BAYRAMOV
Tənqidçi-ədəbiyyatşünas
525-ci qəzet.- 2024.- 2 fevral, №20.- S.13.